Qazax: Qəlbə fərəh dolur onu görəndə...

 

Qazaxın sakinləri də, qonaq-qara da etiraf edir ki, son 5-6 ildə bu sərhəd rayonu öz görkəmini çox dəyişib. Yeni obyektlər inşa olunub, xeyli abadlıq, yenidənqurma işləri aparılıb, park və xiyabanlar, yollar salınıb, körpülər tikilib. Adamların əhval-ruhiyyəsi də başqalaşıb. İndi istənilən qazaxlını danışdır, ölkə rəhbərliyinin onlara göstərdiyi diqqət və qayğıdan söhbət açacaq, işindən-gücündən, bol məhsul götürməsindən söz salacaq, rayon icra hakimiyyəti, digər strukturların nümayəndələri ilə sıx ünsiyyət qurmasını dilə gətirəcək...

 

Ötən yazılarımızda Qazaxda həyata keçirilən irimiqyaslı abadlıq, quruculuq işlərindən söhbət açmışıq. Müalicə-Diaqnostika Mərkəzi, Elm Mərkəzi, əsaslı təmir edilərək “Barokko” üslubunda yenidən qurulub istifadəyə verilən Dövlət Rəsm Qalareyası, çoxlu sayda bir-birindən yaraşıqlı, milli memarlıq ənənələri ruhunda inşa olunmuş müxtəlif inzibati binalar, parklar, təmir olunmuş abidələr haqqında yazmışıq, təhsilin, səhiyyənin, idmanın inkişafını qeyd etmişik.

Ona görə bir daha həmin işlər barədə söhbət açmağa ehtiyac yoxdur. Təkcə 2009-cu ildə Qazaxda həyata keçirilən işlərin miqyası o qədər böyükdür ki, bir qəzet yazısında onların hamısı barədə danışmaq mümkün deyil.

 

Eviniz istidirmi?

 

Sirr deyil ki, bir neçə il qabaq hər adama yarım sərlövhəyə çıxardığımız bu sualı vermək olmazdı. Qaz, işıq, su problemləri adamları çox narahat edirdi. Xüsusilə qış aylarında vəziyyət daha acınacaqlı olurdu. Amma artıq 2004-cü ildən başlayaraq Qazaxda əhaliyə fasiləsiz olaraq 24 saat elektrik enerjisi verilir. Hansı kənddə və ya qəsəbədə bir-iki saat işığın olmaması qeyri-adi bir hadisə kimi qarşılanır.

Hava xətləri vaxtlı-vaxtında cari və əsaslı təmir olunur, qabaqlayıcı tədbirlər görülür. Transformator yarımstansiyaları, o cümlədən Xramçay giriş yarımstansiyası təmir edilmişdir. Kəmərli, Abbasbəyli hava xətlərinin vaxtında təmir olunması fasiləsiz elektrik enerjisi verilişinə imkan yaratmışdır.

Qazaxın bir sıra kəndlərinə qazın verilişi əhalinin böyük razılığına səbəb olmuşdur. Bu il Aşağı Salahlı, Cəfərli, Xanlıqlar və Qazaxbəyli kəndlərinə təbii qazın verilişini bərpa etmək məqsədilə 62 min 454 paqonometr uzunluğunda orta təzyiqli daşıyıcı, kənddaxili orta və aşağı təzyiqli qaz kəməri çəkilmiş, min ədədə yaxın məişət qaz sayğacı, çoxlu qaz tənzimləyici qurğu quraşdırılmışdır. Artıq adları çəkilən kəndlərin sakinləri təbii qazla təmin olunurlar.

Əhalinin poçt, rabitə xidmətini qaydaya salmaq üçün rayonda çox iş görülür. Hazırda rayon üzrə 20 minə yaxın telefon xidmət göstərir. Təkcə bu il 3000-dən çox yeni telefon çəkilmişdir. Çaylıqda 150, Daş Salahlıda 50, Quşçu Ayrımda 48 nömrə daxili xətt şəbəkələri artırılmışdır. Böyük tutumu, yəni, 2048 nömrəsi olan Daş Salahlı Elektron Avtomat Telefon Stansiyasının dayanıqlı işləməsi üçün əlavə olaraq 1 ədəd dizel generator quraşdırılmışdır.

Rayonda istər suvarma, istərsə də içməli su problemləri mərhələli şəkildə həll olunur. Bu ilin ötən ayları da istisna deyil. Rayon su-kanal idarəsi tərəfindən əhaliyə göstərilən xidmətin səviyyəsi xeyli yüksəlmişdir. Magistral və abonent su xətləri əsaslı şəkildə təmir olunaraq yenisi ilə əvəz edilmişdir. İkinci Şıxlı kəndinin əhalisini su ilə təmin etmək məqsədilə “Azərsu” SC, “Birləşmiş Su Kanal” MMC tərəfindən 500 kubmetr tutumu olan su anbarı, 1 ədəd nasos stansiyası və su xətti çəkilərək istifadəyə verilmişdir. Abonentlərin sayı keçən illə müqayisədə bu il 500 nəfərdən çox artmış, toplanmış vəsait 45 min 210 manat çox olmuşdur.

Qazax Mənzil-İstismar Sahəsinin balansında olan yaşayış binalarının 1500-ə yaxın mənzilində müntəzəm aparılan cari və əsaslı təmir işləri nəticəsində şikayətlərin sayı ilbəil azalır. Təkcə bu il 40 binada əsaslı və cari təmir işləri aparılmışdır. Sakinlərin müraciəti əsasında bəzi binaların mənzillərində dolmuş ventilyasiya kanalları təmizlənərək istifadəyə yararlı vəziyyətə gətirilmiş, su-kanalizasiya sistemində və dam örtüklərində olan qüsurlar aradan qaldırılmışdır.

 

Yaşıllıq, təmizlik olan yerdə...

 

Son vaxtlar Qazaxın istər mərkəzi, istərsə də ətraf kənd və qəsəbələri öz təmizliyinə, yaşıllığına, səliqə-sahmanına görə diqqəti cəlb edir. Əvvəllər bu iş başlı-başına buraxlmışdı. Bəzən şəhərin mərkəzində günlərlə yığışdırılmayan məişət tullantıları qarşına çıxırdı. Yaşıllıq, təbii meşə sərvətləri lazımınca qorunmurdu. İndi bu iş əlaqədar strukturların, ilk növbədə rayon icra hakimiyyətinin gündəlik nəzarətindədir. Rayon kommunal müəssisələri kombinatının fəaliyyətini daha da gücləndirmək üçün icra hakimiyyəti tərəfindən “MAN” markalı məişət tullantısı götürən müasir nəqliyyat vasitəsi, tutumu 3,5 ton olan suçiləyici və yükqaldırıcı maşınlar alınıb müəssisəyə verilmişdir. Nəticədə istər xidmət haqlarının yığılmasında, istərsə də digər sahələrdə nəzərəçarpacaq irəliləyişlər var.

Yeni park və xiyabanların salınması, meşələrin qorunub saxlanması yaşıllığın daha da çoxaldılmasına şərait yaratmışdır. Bu ilin ötən dövrləri ərzində təkcə Qazax Meşə Mühafizəsi və Bərpası Müəssisəsi tərəfindən 30 hektar sahədə 99 min ədəd müxtəlif növ ağac cinsindən meşə əkin sahələri salınmışdır. Bundan əlavə 58 hektar sahədə 53 min ədəd ting əkilmiş, 15 hektar sahədə səpin üsulu ilə meşə əkin işləri aparılmış, 1 hektar sahədə tinglik şöbəsi yaradılmış, ona xidmət göstərilmiş və suvarılmışdır. Meşə sahələrinin suvarılması məqsədilə 7 kilometr təzə arx əkilmiş, 10 kilometr köhnə arx təmir edilmişdir. Bütövlükdə 740 hektar meşə əkinləri və səpinləri suvarılıb.

 

Çörək də ucuzdur, yağ da, qənd də...

 

Rayon icra hakimiyyətinin başçısı Rauf Hüseynov Qazaxın ən ucqar kəndində belə baş verə bilən hadisədən xəbəri olan adamdır. O, bütün kənd və qəsəbələrlə demək olar ki, hər gün əlaqə saxlayır, adamların problemlərini soruşur, lazım gəldikdə operativ müdaxilə edir, məsələləri yerində araşdırır, konkret köməklik göstərir. Ayrı-ayrı icra nümayəndəliklərindəki veb kameralar daim açıqdır, başçı istənilən vaxt istənilən işçiyə özü birbaşa tapşırıq verir, vəziyyətə nəzarət edir, nəticə ilə maraqlanır.

Yadınızdadırsa, bir ara bəzi işbazlar çörəyin, yağın və digər ərzaq məhsullarının qiymətini süni şəkildə qaldırmağa cəhd göstərdilər. Qazaxda isə buna yol verilirdi. Başqa sözlə, başçının əhalinin günü-güzəranı ilə bağlı vacib məsələlərə birbaşa müdaxiləsi öz səmərəsini göstərdi. İndinin özündə də çörək, yağ və digər bəzi ərzaq məhsulları başqa yerlərdən nisbətən ucuzdur. Çörəyin çəkisindən tutmuş onun keyfiyyətinədək ciddi nəzarət var.

Ayrı-ayrı iş adamları ilə söhbətdən öyrəndik ki,Qazaxda onlara çox əlverişli şərait yaradılıb. Hətta çörək bişirən sexlərdən birinin rəhbəri bizimlə söhbətdə dedi:

— Hazır un kisələri ucuz qiymətə, yəni 15 manat 20 qəpiyə birbaşa sexə gətirilir. Mən çörəyin qiymətini necə qaldıra bilərəm və ya çəkisini azaldaram? Buna nə vicdanım yol verməz, nə də rayon icra hakimiyyəti. Sağ olsunlar, bizə belə şərait yaradıblar.

...Qazaxda son vaxtlar ərzaq məhsulu bolluğu yaratmaq üçün bütün imkanlardan maksimum istifadə olunur. Torpaq əkib-becərənlərə hərtərəfli köməklik göstərilir, xüsusilə “Kənd təsərrüfatı məhsullarının istehsalçılarına dövlət dəstəyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2007-ci il tarixli sərəncamının icrası ilə əlaqədar az iş görülməyib. Həyata keçirilən bu kimi tədbirlər nəticəsində bu il rayonda bitkiçiliyin əsasını təşkil edən taxıl istehsalında ilk dəfə olaraq 34 min tondan çox məhsul tədarük olunmuşdur. Bu, əvvəlki ildəkindən 12 min 546 ton artıqdır.

Maraqlı, həm də diqqətçəkən məqamlardan biri budur ki, 2009-cu ildə istehsalçılara işlətdikləri yanacaq və mühərrik yağlarına görə dövlət tərəfindən 850 min manatlıqdan çox yardım verilmişdir.

Heyvandarlıq sahəsi də xeyli inkişaf etmişdir. Ət, süd, yun, yumurta istehsalı nəzərəçarpacaq dərəcədə artmışdır. Rəqəmlərlə oxucunu yormaq istəmirik. Amma bu bir faktdır ki, Qazaxda adamların günü-güzəranı ilbəil, aybaay yaxşılaşır. Belə bir faktı nəzərdən qaçırmaya bilmərik ki, vaxtilə rayon mərkəzinə, kəndlərin müvafiq yerlərinə işsiz-gücsüz yüzlərlə adam yığışdığı halda, indi belə mənzərələr demək olar yox dərəcəsindədir. Çünki hamı işlə-güclə, əkinlə-biçinlə məşğuldur.

 

İdeoloji iş ön sırada

 

Qazaxda diqqətçəkən məqamlardan biri də hər cür mütərəqqi yeniliyin bu sərhəd rayonunda tətbiq edilməsinə hədsiz meyl göstərilməsidir. İstedadlı gənclər daim diqqət və qayğı ilə əhatə olunurlar. Çoxları bunu rayon icra hakimiyyətinin başçısı Rauf Hüseynovun özünün həddindən artıq yenilikçiliyə maraq göstərməsi, zövqlü olması ilə əlaqələndirir. Amma R.Hüseynov bu mövzuda söhbət düşərkən dedi:

— Bu, təkcə məndən asılı deyil. Görün Qazaxdan neçə-neçə görkəmli adamlar — şairlər, alimlər, mütəfəkkirlər, generallar çıxıb! Qazaxda istedadlı adamlar çoxdur. Sadəcə onlara şərait yaratmaq, tapıb üzə çıxarmaq, maddi və mənəvi köməklik göstərmək lazımdır. Müasir texnologiyaya yiyələnməyə istiqamət vermək lazımdır. Təsadüfi deyil ki, cənab İlham Əliyev prezidentliyinin elə ilk dövrlərində, 2004-cü ilin avqustunda “Azərbaycan Respublikasının ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı” Proqramının qəbul olunması haqqında sərəncam imzalayıb. Bu proqramın icrası nəticəsində Azərbaycanda, o cümlədən Qazaxda çox iş görülüb.

Qazaxda hazırda 38 şagirdə bir kompyuter düşür. Bu, təbii ki, azdır. Amma bu rəqəm hər il, hər ay yaxşılığa doğru dəyişir.

İlin ən yaxşı müəllimi, məktəbi, şagirdi və sair müsabiqələrin keçirilməsi, qaliblərin rayon icra hakimiyyətinin pul mükafatı və digər qiymətli hədiyyələrlə təltif edilməsi müsbət səmərə verir.

Rayon tarix və diyarşünaslıq mərkəzi,dövlət rəsm qalereyası, digər təşkilatlar ideoloji işin daha yaxşı təşkil olunmasına böyük təsir göstərir.

Turizmin inkişaf etdirilməsi də ideoloji işin qırılmaz qollarından biri kimi qəbul olunur. Rayonda turizm potensialını özündə əks etdirəcək “Bələdçi” kitabı və dünya əhəmiyyətli 3 abidənin – Sınıq körpü, Baba Dərviş və Damcılı mağara düşərgəsi haqqında bukletlərin çapı yaxın vaxtlarda başa çatdırılacaqdır.

İdmanın inkişafı da göz qabağındadır. Xüsusilə rayon Olimpiya İdman Kompleksinin istifadəyə verilməsi bu işi nəzərə çarpacaq dərəcədə canlandırmışdır. Artıq Avropa birinciliyində mükafat alan Qazax idmançıları da var.

 

2013-cü ilə kimi...

 

Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2009-cu il tarixli fərmanı ilə təsdiq edilmiş 2009-2013-cü illər üçün Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramında Qazaxda görüləcək işlərin miqyası böyükdür. Hiss olunur ki, sərhəd rayonumuz Qazax yaxın 4-5 il ərzində daha gözəl, daha əsrarəngiz olacaqdır.

Rayon ərazisində taxılçılıq, üzümçülük, heyvandarlıq və meyvə-tərəvəz məhsullarının istehsalının və emalının genişləndirilməsi, rayonda tikinti materialları yataqlarının axtarışı və kəşfiyyatı, rayon mərkəzi ilə kəndləri birləşdirən və kəndarası avtomobil yollarının asfaltlaşdırılması, şəhərdaxili yolların asfaltlaşdırılması, rayonun yaşayış məntəqələrində yolların işıqlandırılması, istehlakçıların etibarlı elektrik təchizatı üçün rayonun elektrik şəbəkəsində yenidənqurma işlərinin aparılması, hava elektrik verilişi xətlərinin izolyasiyalı naqillərlə əvəz olunması, Qazax şəhərində səhiyyə və təhsil müəssisələrinin istilik təchizatı sisteminin bərpası, yaşayış məntəqələrinin qaz təchizatının yaxşılaşdırılması kimi vacib məsələlər öz əksini tapmışdır.

...Qazaxın bugünkü siması fərəh doğurur. Sabahı daha işıqlı, daha nurludur.

 

 

Hamlet QASIMOV,

“Xalq qəzeti”nin bölgə müxbiri

 

Xalq qəzeti.- 2009.- 16 dekabr.- S. 5.