Seyid İmaməddin Nəsimi Şirvani – 640

 

NəsimininBəhrül-əsrarqəsidəsi

 

(Şairin XVIII-XIX yüzillikdə Azərbaycan mədrəsələrində tədris edilən bir əsəri haqqında)

 

XIV yüzillikdə yazıbyaradan dahi Azərbaycan şairi Seyid İmaməddin Nəsiminin (1369-1417) əsərləri öz bədii keyfiyyətləri ilə bərabər fəlsəfi məzmunu, humanizmi ilə seçilir.

 

Nəsimi haqqında Azərbaycanda, eləcə də xaricdə bir çox elmi-tədqiqat əsərləri yazılmış, əsərlərinin dəyəri, məzmunu, forma və bədii xüsusiyyətləri lazımi dərəcədə açıqlanmış, əsərləri təkrar-təkrar nəşr edilib geniş oxucu kütləsinə çatdırılmışdır. Bununla belə, yazılı abidələrin araşdırılması bir çox yeni-yeni cəhətlərin aşkarlanmasına səbəb olduğu artıq sübut edilmiş həqiqətdir.

Əlyazmalar üzərində aparılan son illərin araşdırmaları nəticəsində dahi İmaməddin Nəsimi Şirvani haqqında da müəyyən cəhətlər aşkarlandı. Şairin fars “Divan”ına daxil olan dəyərli əsərlərdən biri də onun Əmir Xosrov Dəhləvinin “Dəryayi-əbrar”ına cavab olaraq yazdığı “Bəhrül-əsrar” qəsidəsidir. Dəhləvinin həmin “Dəryayi-əbrar” qəsidəsinə bir çox dahi söz sənətkarları, o cümlədən fars-tacik şairi Əbdürrəhman Cami, özbək şairi Mir Əlişir Nəvai və başqaları tərəfindən cavab yazdığı da məlumdur.

Nəsiminin Əmir Xosrovun qəsidəsinə cavab olaraq yazdığı “Bəhrül-əsrar”ı haqqında da şairin yaradıcılığı ilə məşğul olan bütün tədqiqatçılar öz müsbət fikirlərini söyləmiş, dəyərini lazımi şəkildə açıqlamışlar. Şairin qəsidəsinin dəyərli bir əlyazma nüsxəsi haqqında bu sətirlərin müəllifi də “İslam dünyası” (11 və 25 dekabr 1993) qəzetində çap olunmuş məqaləsində məlumat vermiş, əlyazmanın dəyərini göstərmişdir.

Son illərin tədqiqatları bu dəyərli “Bəhrül-əsrar” qəsidəsinin daha ona yaxın əlyazma nüsxəsini də aşkarlamışdır ki, bunlardan biri də bu vaxta kimi məlum olmayan bəzi cəhətləri, o cümlədən xalqın, savadlı təbəqələrin əsərə münasibətini göstərməsindən ibarətdir. Belə ki, araşdırma nəticəsində “Bəhrül-əsrar” qəsidəsinin XVIII-XIX yüzilliklərdə Azərbaycanda fəaliyyət göstərən məktəb-mədrəsələrində bir dərs vəsaiti kimi geniş istifadə edildiyi açıqlandı. Əlbəttə ki, daxilində Məhəmməd (s) peyğəmbərin, on iki imamın tərifi verilən, zülm və özbaşınalıq tənqid, insanpərvərlik isə təbliğ edilən, xalqa zülm edənlər insan deyil, div adlandırılan və s. kimi cəhətlər verilən əsərləri dövrün tələbi baxımından gənc nəslə çatdırmaq şübhəsiz ki, lazım görülmüşdür.

“Bəhrül-əsrar”ın aşkarlanmış əlyazmaları əsasən məktəb-mədrəsələrdə hazırlanan məcmuə daxilində verilmişdir. Bu məcmuələrdə həmin göstərilən dövrlərdə məktəb və mədrəsələrdə tədris edilən əsərlər – Xaqani Şirvaninin, Əmir Xosrov Dəhləvinin, Əbdürrəhman Caminin qəsidələri, eləcə də mədrəsələrdə tədris edilən başqa əsərlərdən nümunələr daxildir. Eyni formatda hazırlanan həmin məcmuələrdə verilən əsərlərin əlyazmalarının bir çoxunda da müəyyən sətiraltı tərcümə və şərhlər də vardır ki, bunların da əksərən müdərris, yaxud tələbələr tərəfindən edildiyi müəyyənləşdirilmişdir.

“Bəhrül-əsrar”ın əlyazmalarından biri haqqında, əvvəldə deyildiyi kimi, fikir söylənmişdir. Digər bir əlyazma məcmuə vasitəsilə bir çox başqa müəlliflərlə bərabər iki dahi Şirvan şairi – Xaqani Şirvani və Nəsimi Şirvaninin Azərbaycanın məktəb-mədrəsələrində tədris edilən və gənc nəslin tərbiyəsində əhəmiyətli olan qəsidələri aşkarlanmışdır (Məcmuə (əlyazması), AMEA Füzuli adına Əlyazmalar İnstitutu, şifr: B-2525). Digər bir məcmuədə isə yenə məktəb-mədrəsələrdə ədəbiyyat, tərcümə və xəttatlıq dərslərində tədris edilən əsərlərlə bir sırada Nəsimi qəsidəsi də verilmişdir (Məcmuə (əlyazması), AMEA Füzuli adına Əlyazmalar İnstitutu, şifr: B-3982).

Nəsimi Şirvaninin “Bəhrül-əsrar” qəsidəsinin məktəb-mədrəsələrdə tədris proqramına daxil olduğunu təsdiqləyən əlyazma məcmuələrdən biri də Ərəb* (*-ehtimala görə kənd adıdır) sakini Səməd ibn Nuri ibn Məhəmmədəli tərəfindən Diyalı sakini Hacı Əbdülməcid Əfəndi mədrəsəsində, Qobustan mahalı, Təklə sakini Molla Şamil xidmətində hicri 1294 (təxminən 1877)-ci ildə köçürülən məcmuədir (Məcmuə (əlyazması), AMEA Füzuli adına Əlyamalar İnstitutu, şifr: B-5207/6832). 156 vərəqdən ibarət həmin məcmuədə Xaqani Şirvani, Əmir Xosrov Dəhləvi, Əbdürrəhman Cami, Fəridəddin Əttar və başqalarının tədris edilən əsərləri ilə yanaşı Nəsimi Şirvaninin də “Bəhrül-əsrar”ı daxil edilmişdir. Məcmuədə digər əsərlərə, ən çox da Cami və Xaqani əsərlərinə yer ayrılsa da, Nəsiminin yalnız bir qəsidəsi belə onun məktəb-mədrəsələrdə tədris edildiyinin sübutu üçün çox əhəmiyyətli qaynaq olduğu inkaredilməzdir.

“Bəhrül-əsrar” qəsidəsinin maraqlı və qiymətli əlyazma nüsxələrindən biri də hicri 1302 (təxminən 1814)-ci ildə İsa ibn Əbdürrəhman əfəndi ibn Hacı Məhəmmədkərim əfəndi tərəfindən köçürülən məcmuədə verilən nüsxəsidir. Məcmuəyə daxil edilən bəzi əsərlərin sətiraltı tərcümələrinin verilməsi, eləcə də məktəb-mədrəsələrdə tədris edilən əsərlərin oraya daxil edilməsi qəsidənin mədrəsədə tədris edildiyinə dəlalət edir. Müqayisə nəticəsində “Bəhrül-əsrar”ın həmin əlyazması qəsidəsinin B-580 şifrli nüsxəsində verilən əlyazması ilə eynilik təşkil edir. Xüsusilə, şairin həmin qəsidəsinin tərcüməsində, eləcə də bir sıra başqa nüsxələrdə olmayan – on iki imama qail olduğu verilən hissələrdə uyğunluq çoxdur. Misalların miqdarını artırmaq da olar. Bizcə, bu bir neçə misal deyilənləri, “Bəhrül-əsrar”ın XVIII-XIX yüzillikdə fəaliyyət göstərən məktəb-mədrəsələrdə tədris olunduğunu təsdiqləmək üçün kifayət edər. Həmin göstərilən cəhətlərlə bərabər məktəb-mədrəsə istehsalı olan əlyazmalar qəsidənin mətnini öyrənmək üçün də tutarlı qaynaqlardandır. Elə yalnız qəsidənin həcmi əlyazmalarında çap nüsxəsinə nisbətən artıq verilməsi onlar arasındakı müxtəlifliyi aşkarlayır. Misal üçün, Nəsiminin Həmid Məmmədzadə tərəfindən 1972-ci ildə nəşrə hazırlanan farsca “Divan” nüsxəsində** (**-S.İ.Nəsimi. Divan (farsca) Bakı, 1972, səh.364-369) “Bəhrül-əsrar” 61 beytdə verilmişsə, əlyazmalarda bu müxtəlif həcmdədir, əksəriyyətində artıq beytdə verilmişdir. Hətta A-433 şirfli əlyazmada qəsidə 70 beytdən ibarətdir.

Öz dəyərli məzmunu ilə seçilən həmin “Bəhrül-əsrar” qəsidəsinin əlyazmalarının yalnız A-433, B-5969, B-2092 və başqa şifrə altında Əlyazmalar İnstitutunda saxlanan nüsxələri “Divan”ın 1972-ci ildəki nəşrində gedən variantı ilə müqayisədə bunlar arasında həddindən artıq mətn fərqləri olduğu da aşkarlandı. Mədrəsə istehsalı olan əlyazmalara bəzən birtərəfli yanaşılsa da, onlar şübhəsiz ki, müəyyən əhəmiyyət kəsb edir.

“Bəhrül-əsrar”ın mədrəsələrdə köçürülmüş əlyazmalarını, eləcə də onun nəşr variantlarını cəlb etməklə qəsidənin ayrıca elmi-tənqidi mətnini hazırlamaq, ədəbiyyat tarixində xüsusi mövqe qazanmış dahi şairə ehtiram əlaməti olmaqla bərabər Nəsimi irsini xalqa olduğu kimi çatdırmaq qarşıda duran əsas vəzifələrdən biridir.

 

 

Cənnət NAĞIYEVA,

filologiya elmləri doktoru

 

Xalq qəzeti.- 2009.- 16 dekabr.- S. 7.