Şərəfli ömür yolu
Azərbaycan Respublikası Prezidenti yanında Ali
Attestasiya Komissiyasının eksperti, Təhsil Nazirliyinin “Hərbi,
fiziki hazırlıq və həyat fəaliyyətinin təhlükəsizliyi”
elmi-metodik bölməsinin sədri, Azərbaycan Memarlıq və
İnşaat Unversitetinin “Fövqəladə hallar və həyat
fəaliyyətinin təhlükəsizliyi” kafedrasının
müdiri, bir neçə ixtisaslaşdırılmış
Elmi Şuranın, eləcə də Fövqəladə Hallar
Nazirliyi, Meliorasiya və Su Təsərrüfatı
Açıq Səhmdar Cəmiyyəti texniki
şuralarının üzvü, texnika elmləri doktoru,
professor Həbib Osman oğlu Ocaqovun 70 yaşı tamam olur.
H.Ocaqov 1939-cu il
dekabrın 15-də İsmayıllı rayonunun Buynuz kəndində
anadan olmuşdur. 1958-1961-ci illərdə hərbi xidmətini
başa vurduqdan sonra 1961-1963-cü illərdə Azərbaycan
Politexnik İnstitutunda ali təhsil almış, 1963-cü ildən
isə öz arzusu ilə təhsilini Qırmızı Əmək
Bayrağı Ordenli Xəzər Ali Hərbi Dənizçilik
Məktəbində davam etdirmişdir. 1966-cı ildə ali təhsilini
“Hərbi kimyaçı mühəndis” ixtisası üzrə
bitirmiş H.Ocaqov təhsilini başa vurduqdan sonra 1966-1970-ci
illərdə Kamçatka vilayətinin Petropavlovsk şəhərində
N saylı hərbi hissədə böyük mühəndis
kimi qulluq etmişdir.
Ümumiyyətlə, Həbib
müəllimin fəaliyyətinin əksər hissəsini hərbi
işlər təşkil etsə də, bütün dövrlərdə
o, paralel olaraq elmi tədqiqatlarını da davam etdirmiş,
çalışdığı yerlərdə müxtəlif
elmi və elmi-publisistik nəşrlərdə maraqlı məqalələrlə
çıxışlar etmişdir. Bütün fəaliyyəti
dövründə gənclərə, eləcə də
müxtəlif yaş qrupuna aid olan digər insanlara təhlükələrdən
qorunmağın yollarını öyrədən professor
H.Ocaqov 1970-1973-cü illərdə fəaliyyətini Xəzər
Ali Hərbi Dənizçilik Məktəbində kurs rəisi
kimi davam etdirmişdir. Onun öz sözləri ilə desək,
1973-1995-ci illər onun həyatında çox keşməkeşli
bir dövr olmuşdur. Bir tərəfdən müxtəlif vəzifələrdə
çalışmaqla bağlı olsa da, digər tərəfdən
Həbib müəllimin bir sıra xilasetmə işlərində,
öz həyatını təhlükəyə ataraq,
yaxından iştirakı ilə bağlı idi. Məsələn,
“məşhur” Çernobıl hadisələrinin nəticələrinin
aradan qaldırılmasında, onun zərərli təsirlərinin
məhdudlaşdırılmasında H.Ocaqov fəal iştirak
etmişdir.
Qeyd edildiyi kimi, Həbib Ocaqov həm də müxtəlif xidmət göstərmişdir. Belə ki, o, 1973-1977-ci illərdə Azərbaycan Mülki Müdafiə Qərargahında laboratoriya rəisi, 1977-1990-cı illərdə şöbə rəisi, 1990-1995-ci illərdə idarə rəisi və qərargah rəisinin müavini vəzifələrində fəaliyyət göstərmiş, eləcə də nümunəvi fəaliyyəti ilə birinci dərəcəli kapitan rütbəsinə qədər yüksəlmişdir. Belə məsuliyyətli və çətin vəzifələrdə uğurla çalışan H.Ocaqov 1990-1995-ci illər ərzində həm də, erməni daşnaklarının sovet ordusundan olan havadarlarının köməyi ilə Azərbaycan ərazisinə etdiyi təcavüzə qarşı da cəsarətlə mübarizə aparmış, xüsusilə hadisələr zamanı dinc əhalinin zərər çəkməməsi və təhlükəsiz yerlərə köçürülməsi istiqamətində çox böyük xidmətlər göstərmişdir. O, Cəbrayıl və Füzuli rayonlarından olan dinc əhalinin köçürülməsində və yerləşdirilməsində birbaşa iştirak etmişdir.
1973-1995-ci illər professor H.Ocaqovun həyatında, həm də ona görə əlamətdardır ki, bu dövrdə o, elmi araşdırmalarını bir sistem halına salmaq və daha da konkretləşdirərək 1984-1988-ci illərdə Su Problemləri Elmi-Tədqiqat İnstitutunun məqsədli qiyabi aspiranturasına daxil olmuşdur. Beləliklə, texnika elmləri doktoru, professor H.Ocaqov 1988-ci ildə Moskva şəhərində “Su təchizatı sistemində suyun radioaktiv çirklənmələrdən təmizlənməsi üçün yerli təbii sorbentlərdən istifadə edilməsi” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi almışdır. Sonrakı dövrlərdə də elmi və pedaqoji fəaliyyətini davam etdirən Həbib müəllim 1997-ci ildə “Fövqəladə hallar zamanı radioaktiv, yanğın və kimyəvi təhlükəli obyektlərin yerləşdiyi rayonlarda əhalinin həyat təminatı və vaxtında mühafizə sisteminin hazırlanması üzrə tədbirlərin işlənməsi və vəziyyətin proqnozlaşdırılmasının metodoloji əsasları” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək texnika elmləri doktoru alimlik dərəcəsi almışdır.
Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi sahəsində nəinki Azərbaycanda, o cümlədən Qafqazda ilk elmlər doktoru olan Həbib Ocaqov 1998-ci ildə professor elmi adına layiq görülmüşdür. Hazırda Azərbaycan Memarlıq və İnşaat Universitetində “Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi” kafedrasının müdiri kimi elmi-pedaqoji fəaliyyətini davam etdirən professor Həbib Ocaqov 230-dan çox elmi əsərin, 4 monoqrafiyanın, 3 ixtiranın, 2 patentin, ali məktəblər üçün 5 dərsliyin, 3 dərs vəsaitinin, 6 metodik vəsaitin, 4 əyani dərs vəsaitinin, o cümlədən orta məktəblər üçün 6 dərsliyin müəllifidir. Həbib müəllimin rəhbərliyi ilə 4 nəfər elmlər namizədi yertişmişdir ki, onlardan da biri Türkiyə vətəndaşıdır.
Hər zaman təhsilə və elmə xüsusi qayğı ilə yanaşan Azərbaycan hökuməti tərəfindən Həbib müəllimin fəaliyyəti yüksək qiymətləndirilmiş, o, müxtəlif orden və medallarla təltif olunmuşdur. Bir hərbçi kimi daim insanları təhlükələrdən qorumağa çalışan Həbib müəllim, həm də Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşmasında yaxından iştirak edir, qeyri-hökumət təşkilatlarının işində öz fəallığı ilə seçilir. O, fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi problemləri üzrə mütəxəssisləri özündə cəmləşdirən “Fövqəl” assosiasiyasının rəhbəri kimi, eyni adlı elmi-nəzəri və metodik jurnalın təsisçisi və baş redaktorudur.
Ümumiyyətlə, Həbib müəllim məhsuldar və məsuliyyətli alim kimi fövqəladə hallarda iqtisadiyyat obyektlərinin dayanıqlığı, ekoloji təhlükəsizliyi, fövqəladə halların idarə olunması, monitorinqi və proqnozu, həyat fəaliyyətinin təhlükəsizliyi, radiasiya və kimya təhlükəsizliyi, su təchizatı problemləri və s. istiqamətlərdə geniş əhatəli araşdırmalar apararaq, İsveç, Pakistan, Fransa, Türkiyə, Macarıstan, Rusiya, Ukrayna, Gürcüstan və s. ölkələrdə keçirilən beynəlxalq konfrans və simpoziumlarda ölkəmizi layiqincə təmsil etmişdir.
Texnika elmləri doktoru, professor Həbib Osman oğlu Ocaqov elmi, elmi-təşkilati və pedaqoji fəaliyyətinin ən parlaq dövrünü yaşayır. Azərbaycan elminin nüfuzlu simalarından olan görkəmli alim və nəcib insan H.Ocaqovu 70 illik yubileyi münasibəti ilə tədrik edir, səmərəli elmi-təşkilati fəaliyyətində ona yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.
Aqil ƏSƏDOV,
AMEA İqtisadiyyat
İnstitutunun
aparıcı elmi işçisi, iqtisad elmləri namizədi
Xalq qəzeti.- 2009.- 16 dekabr.- S. 7.