Bakıda II Beynəlxalq
Nəsimi elmi konfransı işə başlamışdır
“Bakı - İslam Mədəniyyətinin
Paytaxtı-2009" Mədəniyyət ili çərçivəsində
dekabrın 14-də Mədəniyyət və Turizm Nazirliyinin
və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birgə
təşkilatçılığı ilə Bakıda Azərbaycanın
görkəmli şairi və mütəfəkkiri İmadəddin
Nəsiminin yaradıcılığına həsr olunmuş
II Beynəlxalq elmi konfrans işə başlamışdır.
AMEA Rəyasət Heyətinin
böyük zalında təşkil olunan konfransda İmadəddin
Nəsiminin əsərlərindən və onun haqqında
yazılmış kitablardan ibarət sərgi
açılmışdır.
Tədbiri AMEA-nın
Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik Bəkir
Nəbiyev açaraq demişdir ki, İmadəddin Nəsimi
bizim anadilli fəlsəfi şeirimizin əsasını qoyan,
yaradılmışların ən şərəflisi - insanı,
onun azadlığını, kamilliyini, gözəlliyini,
ülvi sevgi duyğularını əsərlərində
usanmaq bilmədən tərənnüm edən böyük və
bənzərsiz şairdir. Orta əsrlərdə Yaxın
Şərqdə böyük şairlərin
yaradıcılıq rəşadətini parlaq surətdə
nümayiş etdirməsi üçün bir növ sınaq
meydanı sayılan fars, ərəb və türk dillərini
Nəsimi yaxşı bilmiş, öz sənətkarlığını
cilalamış, yaradıcılıq imkanlarını
genişləndirmişdir. Məhz bu zəmində o, Allah
vergisi olan çox nadir istedadına güvənərək,
ustad bir şair kimi təkcə Azərbaycan şeirinə deyil,
bütün türkdilli xalqların poetik
yaradıcılığına yeni bir istiqamət vermişdir.
Böyük şair xüsusən qəzəl janrına yeni
ictimai, fəlsəfi məzmun gətirmiş, poeziyanın
üzünü insana, şəxsiyyətin azadlığı
probleminə yönəltmişdir.
Bildirilmişdir ki,
konfransda İmadəddin Nəsiminin Hələb şəhərindəki
türbəsində yenidənqurma və genişləndirmə
işlərinin, əməkdaşlıq məsələlərinin
müzakirəsi də planlaşdırılmışdır.
Akademik vurğulamışdır ki, 2008-ci ilin noyabrında İmadəddin Nəsiminin uyuduğu Hələb şəhərində böyük şairin həyat və yaradıcılığına həsr olunmuş I elmi konfrans keçirilmiş, Hələb vilayətinin müvafiq dövlət orqanlarında Nəsiminin məqbərəsinin bərpası istiqamətində azərbaycanlı və suriyalı mütəxəssislərin iştirakı ilə Hələb şəhərinin memarlıq üslubu nəzərə alınmaqla, kompleksdə Azərbaycan memarlıq elementlərindən istifadə etməklə yenidənqurma və genişləndirmə işlərinin aparılmasına dair ilkin razılıq əldə edilmişdir.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev demişdir ki, bu il 640 illik yubileyi qeyd olunan Nəsiminin xatirəsinə həsr edilən tədbirlər, onun məqbərəsinin yenidən qurulması ilə bağlı görülən işlər Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi tapşırığı ilə həyata keçirilir. Əsası ulu öndər Heydər Əliyev və Suriya Prezidenti Hafiz Əsəd tərəfindən qoyulmuş Azərbaycan-Suriya əlaqələri son dövrlər daha yüksək səviyyəyə qalxmış, ikitərəfli münasibətlərin sürətli inkişafı üçün münbit şərait yaranmışdır.
Böyük şairin 600 il ərzində qorunub saxlanılmış qəbrinin hər iki xalq üçün əziz olduğunu, bu birləşdirici amilin xalqlarımız və dövlətlərimiz arasında münasibətlərin möhkəmlənməsinə təkan verə biləcəyini nəzərə alaraq, Mədəniyyət və Turizm Nazirliyi İmadəddin Nəsiminin türbəsinin bərpası, yenidən qurulması, orada Azərbaycan Mədəniyyət Mərkəzinin yaradılması ilə bağlı təkliflər hazırlamışdır.
Konfransda AMEA-nın prezidenti Mahmud Kərimov bildirmişdir ki, yaradıcılığa aşiqanə şeirlərlə başlayan Nəsimi sonralar dövrün siyasi, ictimai, əxlaqi mövzularında əsərlər yazmış, Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus yer tutmuşdur. Nəsimi üçün ən əsas məsələ insan idi. Onun sevdiyi və güvəndiyi insan kamil insandır. Bu səbəbdən də insana sevgi onun əsərlərinin əsas ana xəttini təşkil edir.
Tədbirdə Hələb vilayəti qubernatorunun mədəniyyət məsələləri üzrə müavini Məhəmməd Qacca “Sufiliyin şəhidi”, “Varlıq” jurnalının redaktoru professor Cavad Heyət “Nəsimi yaradıcılığında sənətkarlıq məsələləri”, Hələb vilayətinin müftisi doktor Mahmud Ökkəm “Nəsimi həqiqət şəhididir” mövzularında məruzələrlə çıxış edərək şairin yaradıcılıq yolundan, özünəməxsus poeziyasından, ana dilimizin inkişafına verdiyi töhfələrdən danışmışlar.
Qafqaz Müsəlmanları İdarəsini sədri Şeyxülislam hacı Allahşükür Paşazadə bildirmişdir ki, İmadəddin Nəsiminin adını daşıyan bu tədbirin gündən-günə gözəlləşən Bakı şəhərində belə geniş və yüksək səviyyədə təşkil edilməsi bizi sevindirir. Arzu edirik ki, Azərbaycanın hüdudlarından kənarda yaşayıb-yaratmış digər mütəfəkkirlərimizlə bağlı belə silsilə tədbirlər təşkil edilsin və onların da məqbərəsinin bərpa və yenidənqurulması məsələləri öz həllini tapsın.
Günün ikinci yarısında davam edən konfransda görkəmli Azərbaycan və Suriya alimlərinin “Nəsiminin dövrü”, “Nəsimi qəzəllərindəki bir qədim qafiyə yuvasının izi ilə”, “Eşq yolunda ölüm, Nəsimi Azərbaycanın Mənsur Həllacıdır”, “Nəsiminin elmi tərcümeyi-halının yazılması zərurəti və nəsimişünaslığın bəzi problemləri”, “Nəsiminin ərəbcə qəzəllərinin ideya-məzmun və bədii-estetik xüsusiyyətləri”, “İslam şərqində və Nəsimi şeirində musiqi” mövzularında məruzələri dinlənilmişdir.
Konfransa dekabrın 16-da yekun vurulacaqdır.
Xalq qəzeti.- 2009.- 15 dekabr.- S. 3.