Dövlət İdarəçilik Akademiyasında anım mərasimi keçirilmişdir

 

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilmişdir.

 

Mərasim iştirakçıları ulu öndər Heydər Əliyevin büstü önünə əklil qoymuş, onun xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

Anım mərasimini akademiyanın rektoru, əməkdar elm xalimi, professor Seyfəddin Qəndilov açaraq, xalqımızın böyük oğlu, müdrik siyasətçi, ümummilli lider Heydər Əliyevin böyük xidmətlərini xatırlatmış, onun gördüyü işlərdən, Azərbaycanın adını beynəlxalq aləmdə yüksəkliklərə qaldırmasından danışmışdır. Rektor ulu öndər Heydər Əliyevin adının tarixə müstəqil Azərbaycan dövlətçiliyinin memarı, ümummilli lider, xalqın güvənc yeri və müdrik şəxsiyyət kimi əbədi həkk olunduğunu vurğulamışdır. Dahi öndərin milli dövlətçilik ənənələrinin yaranmasında xidmətləri həqiqətən də ölçüyəgəlməz dərəcədə çoxdur. Hələ sovetlər dövründə ulu öndər Heydər Əliyev çoxcəhətli fəaliyyəti ilə bugünkü müstəqilliyimizin atributlarını yaratdı. Onun mənalı həyatının hər bir səhifəsi Azərbaycan naminə şərəfli mücadilədən ibarətdir. Heydər Əliyev Azərbaycanın müstəqilliyinin əbədiliyi uğrunda, sözün tam mənasında döyüşürdü və bu müqəddəs mübarizəni son nəfəsinədək davam etdirdi. Ümummilli liler respublikamızda sabitliyin və davamlı inkişafın təminatçısı kimi onun müəyyən etdiyi strategiyanın davam etdirilməsinə ən layiqli siyasi xadim olaraq cənab İlham Əliyevi görürdü.

Rektor daha sonra qeyd etdi ki, Heydər Əliyevin Azərbaycan xalqına olan sevgisini bütün varlığı ilə hiss edən Prezident İlham Əliyev bu gün ulu öndərin siyasi kursunu uğurla davam etdirir və xalqımıza çox böyük töhfələr verir. Azərbaycanın son altı ildəki coşqun inkişafı bunu aydın göstərir. Bütün bunlar ulu öndər Heydər Əliyev yolunun davamlı və uzunömürlü olmasının məntiqi nəticəsidir. Azərbaycan xalqı Heydər Əliyevi daim yad edəcək və əbədi olaraq ürəklərdə yaşayacaqdır.

Anım mərasimi digər natiqlərin ulu öndər Heydər Əliyevlə bağlı söylədikləri xatirələrlə davam etdirildi.

Sonda Yeni Azərbaycan Partiyasına qəbul olunan gənclərə üzvlük biletləri təqdim olundu.

 

 

Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti.- 2009.- 15 dekabr.- S. 4.