Nəsillərə nümunə olan həyat yolu

 

Xətai Rayon Polis İdarəsinin şəxsi heyətinin ümummilli lider Heydər Əliyevin anım mərasimi ulu öndərin adını daşıyan parkda onun əzəmətli qranit abidəsinin önünə tər-çiçək dəstələrinin qoyulması ilə başladı. Elə buradaca rayon polis idarəsinin rəisi polis polkovniki Həsən Əliyev şəxsi heyət qarşısında çıxış edərək ulu öndər Heydər Əliyevin nəsillərə nümunə olan həyat və fəaliyyəti barədə düşüncələrini bölüşdü. Natiq dedi:

 

– Müstəqil Azərbaycan dövlətinin ustad memarı və əzmkar qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından altı il keçir... Ötən bu illər ərzində bu böyük dahiyə olan ümumxalq məhəbbəti və sevgisi tükənmək bilmir, əksinə, gündən-günə artmaqda davam edir.

Çünki tarixi çox minilliklərlə ölçülən xalqımızın bəşəriyyətə bəxş etdiyi şəxsiyyət — ümummilli liderimiz Heydər Əliyev müasir dövlətimizin ideoloji-siyasi əsaslarını milli, mənəvi-əxlaqi və demokratik dəyərlər zəminində yaradaraq əməli surətdə gerçəkləşdirdi və xalqımızın əbədi, sonsuz sevgisini qazandı.

Ən böyük ehtiramla qələmə alınan istənilən xoş sözlər, ifadələr, xatirələr, fikir və mülahizələr belə ulu öndərimiz Heydər Əliyevin vətəndaş, şəxsiyyət və lider kimi böyüklüyünü təsvir etməkdə acizdir, — deyən, natiq çıxışında daha sonra dedi:

— Ulu Tanrı, məhz, Heydər Əliyevin əlləri ilə Azərbaycan xalqının tarixində şanlı səhifələr yazdı. Bu gün Heydər Əliyevin adı — həyatın mənasını xalqa və dövlətə təmənnasız xidmətdə görən, bu müqəddəs amal uğrunda ən böyük əzablara mərdliklə sinə gərən millət atası kimi hər bir azərbaycanlının qəlbində yaşayır və dərin rəğbətlə yad edilir.

Heydər Əliyev tarixin ən çətin məqamlarında Azərbaycanın üzülməkdə olan ruhuna bir nəfəs kimi qayıtdı, onun ən böyük azərbaycanlı olduğunu təsdiqlədi. “Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam” deyən ulu öndər Azərbaycana və xalqımıza xas olan ən gözəl nə varsa, onların hamısını özünün parlaq şəxsiyyətində əks etdirdi.

Daha böyük ölkələrə rəhbərlik etmək iqtidarında olan bu nadir tarixi şəxsiyyət Azərbaycanımızı başdan-başa gəzərək, rəhbər kimi onun hər bir qarışına silinməz izlər saldı, hələ sağlığında xalqımız üçün görldüyü nəhəng işlərlə adını əbədiləşdirdi.

Ulu öndərimiz bütün siyasi fəaliyyəti boyu təzyiqlərlə, təqiblərlə üzləşsə də, heç nədən çəkinməyərək, əzmkar fəaliyyəti ilə xalqının tarixi keçmişi, milli mənliyi, dili, mədəniyyəti, adət-ənənəsi və düşüncəsi barədə dolğun təsəvvürlər formalaşdırdı.

Hələ keçmiş sovetlər imperiyası daxilində hansı qlobal proseslərin getdiyini daha dərindən müşahidə etmək imkanına malik olan Heydər Əliyev Azərbaycanın nə vaxtsa müstəqillik əldə edəcəyini öncədən görürdü. 1991-ci ilin dekabr ayında Türkiyənin “Zaman” qəzetinə verdiyi müsahibəsində açıqladığı fikirlər bunu bir daha təsdiqləyir: “Mən, SSRİ respublikalarının nə vaxtsa müstəqillik əldə edəcəklərini düşünmüşdüm. O illərdə Azərbaycanın da müstəqil bir müsəlman dövləti olmasını arzu edirdim. Məni istefaya getməyə məcbur edənlərin əsas məqsədləri də Azərbaycanın müstəqillik qazanmasının qarşısını almaq idi”.

Ulu öndərimizin diqqəti çəkən fitri idarəçilik keyfiyyətləri sırasında onun ən ekstremal, çətin və millətin taleyi baxımından məsuliyyətli dönəmlərdə qətiyyətli, eyni zamanda, yaranmış şərait üçün ən optimal qərarlar qəbul etmək məharəti heç zaman xatirələrdən silinməyəcək. Tale 1993-cü ildə Azərbaycanı növbəti dəfə çətin sınaqlarla üz-üzə qoyanda xalqın yeganə xilaskar kimi Heydər Əliyevi hakimiyyətdə görmək istəyi də məhz bu gerçəklikdən qaynaqlanırdı.

1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra irəli sürdüyü dövlətçilik konsepsiyası mahiyyət etibarı ilə Azərbaycanın tarixi ənənələrini və müasir Avropa dəyərlərini birləşdirən yeni bir inkişaf modeli kimi özünü doğrultdu. İctimai-siyasi sabitliyi və sosial-iqtisadi inkişafı bu modelin əsas dayağına çevirən Heydər Əliyev cəmiyyətdə dayanıqlı milli birliyə nail olmaq üçün hər şeydən öncə insan hüquq və azadlıqlarının təminatına xüsusi diqqət yetirirdi.

Ulu öndərimiz özünəməxsus müdrikliklə bəyan etdi ki, siyasi sabitliyə nail olmadan yeni idarəetmə sisteminə keçidi reallaşdırmaq, bazar iqtisadiyyatı və demokratiya kimi, fundamental prinsiplərin tətbiqinə nail olmaq mümkün deyildir.

Özünün zəngin bilik və təcrübəsi əsasında, o, Azərbaycanın yeni dövr üçün iqtisadi inkişaf istiqamətlərini müəyyənləşdirdi, bu sahədə mövcud problemlərin həlli yollarını elmi-nəzəri və praktiki əsaslarda incəliyinə qədər açıqladı. Azərbaycanın güclü və qüdrətli dövlətə çevrilməsi üçün ölkənin malik olduğu zəngin karbohidrogen ehtiyatlarından səmərəli istifadəni son dərəcə vacib sayaraq ilk gündən yeni neft strategiyasının işlənib hazırlanması, uğurla həyata keçirilməsi üçün əzmlə çalışdı, “Əsrin müqaviləsi”nin imzalanmasına və həyata keçməsinə nail oldu.

1993-cü ildən etibarən respublikada həyata keçirilən hüquqi-siyasi islahatlardan, vətəndaş cəmiyyəti qurucuğuğu sahəsində əldə olunmuş uğurlardan ayrıca danışmaq lazım gəlir. Heydər Əliyev müdrik rəhbər kimi hər bir fərdin azad, təhlükəsiz şəraitdə yaşaması naminə, ilk növbədə, respublikada qanunçuluğun və hüquq qaydalarının bərpasına nail oldu.

1995-ci il noyabrın 12-də müstəqil Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi ilə ölkəmiz hüquqi və demokratik dövlət quruculuğu yolunda inamla addımladığını bir daha nümayiş etdirdi. Sonrakı mərhələdə birbaşa Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış Hüquq İslahatları Komissiyası tərəfindən bir çox qanunlar hazırlandı. Bu qanunların sırasında “Polis haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” və sair bu kimi Daxili İşlər orqanlarının və polisin xidmətini tənzimləyən bir çox son dərəcə əhəmiyyətli qanunlar da var idi.

Ulu öndər Azərbaycan polisinə xüsusi diqqət və qayğı göstərirdi. “Polis peşəsi ağır peşədir, o bir tərəfdən cəsarət, şəxsi mətanət, ikinci tərəfdən bilik, dərrakə, elm, təhsil, təcrübə tələb edir” deyən Heydər Əliyev polis əməkdaşlarının sosial rifahının və maddi durumunun daha da yaxşılaşdırılması üçün bir çox fərman və sərəncamlar imzalamışdır.

Ümummilli liderimiz Heydər Əliyev bu gün cismən aramızda olmasa da, onun müəyyənləşdirdiyi müqəddəs yol daim müdrik xalqımızın yeganə ümid istinadgah mənbəyi olaraq qalacaqdır. Hazırda biz böyük qürur hissi keçiririk ki, bu uğurlu yolda Azərbaycana ulu öndərimizin layiqli siyasi davamçısı — prezident İlham Əliyev kimi vətənpərvər, qətiyyətli, peşəkar, yeni dünya siyasətinin incəliklərinə dərindən bələd olan, islahatçı və çevik, praqmatik lider rəhbərlik edir.

Polis rəisi çıxışını bu sözlərlə tamamladı:

— Xalqımızın milli sərvətinə çevrilən Heydər Əliyevin qeyri-adi irsi olduqca zəngin və əhatəlidir. İllər keçdikcə artıq bəşəri sərvətə çevrilən bu irsin əhəmiyyəti daha çox duyulur, Vətəni necə sevmək, xalqa necə xidmət etmək nümunəsi əsl örnək kimi qəbul edilir.

 

 

İlqar RÜSTƏMOV

 

Xalq qəzeti.- 2009.- 15 dekabr.- S. 4.