Ulu öndərin xatirəsi Sumqayıtda böyük ehtiramla yad edilib

 

Müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın ümummilli lideri, unudulmaz böyük şəxsiyyət Heydər Əliyevin vəfatının altıncı ildönümü ilə bağlı dekabrın 12-də ölkəmizin hər yerində olduğu kimi, Sumqayıt şəhərində də anım tədbirləri keçirilib.

 

Sumqayıt ictimaiyyətinin nümayəndələri şəhərin Heydər Əliyev prospektində ucaldılmış ulu öndərin abidəsini ziyarət ediblər. Anım mərasimində şəhər icra hakimiyyətinin başçısı Vaqif Əliyev ümummilli liderin abidəsi qarşısına tər çiçək dəstələri düzüb və tədbir iştirakçıları qarşısında çıxış edib. Natiq bildirib ki, Azərbaycanı çətin sınaqlardan çıxaran, məhvolma təhlükəsindən qurtaran və sivil dünyaya qovuşduran ulu öndərin xalqımızın qarşısında misilsiz xidmətləri vardır. Heydər Əliyev onun ideyalarının şəhəri sayılan Sumqayıtın da inkişafına daim müstəsna əhəmiyyət vermiş, hakimiyyətdə olduğu dövrlərdə gənclik şəhərinə 16 dəfə səfər etmişdir. Ulu öndərin Sumqayıta hər səfəri şəhərin həyatinda əsl tarixi hadisəyə çevrilmiş və inkişafa güclü təkan verən mühüm tədbirlərlə əlamətdar olmuşdur. 2003-cü il aprelin 3-də reallaşdırılan son səfər isə Sumqayıtın mənəvi-psixoloji iqliminin saflaşmasını, şəhərin idarəetməsində mövcud olan neqativ halların aradan qaldırılmasını təmin etmişdir.

İcra hakimiyyətinin başçısı həmin vaxtdan ötən altı ildə şəhərin sosial-iqtisadi həyatında baş verən yeniliklərdən ətraflı bəhs edib. Dahi şəxsiyyətin layiqli varisi və davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısı ilə Sumqayıtın Cənubi Qafqazda sürətlə inkişaf edən ən müasir şəhərə çevrildiyini konkret dəlillər əsasında mərasim iştirakçılarının diqqətinə catdırıb. O bildirib ki, elə ötən ay Sumqayıtın 60 illik yubileyi ölkəmizdə geniş qeyd olunmuşdur. Dövlət başçısının imzaladığı sərəncamlarla şəhərin sosial-iqtisadi inkişafında xidmətləri olan 65 nəfərə yüksək dövlət mükafatları və müxtəlif fəxri adlar verilmişdir. Noyabrın 19-da Sumqayıta növbəti səfər edən Prezident İlham Əliyev 525 meqavat gücündə yeni, modern elektrik stansiyasının açılışında iştirak etmiş və gündən-günə çiçəklənən Sumqayıtın sakinlərini bu münasibətlə təbrik edərək şəhərin sürətli inkişafından razı qaldığını bildirmişdir.

Sonra Sumqayıt ictimaiyyətinin nümayəndələri ümummilli lider Heydər Əliyevə olan dərin məhəbbətlərini bildirib və abidə önünə gül dəstələri düzüblər.

Ziyarət davam edən saatlarda prospektdə quraşdırılmış monitorda ulu öndərin nəsillərə örnək olan həyatına həsr olunmuş videofilmdən fraqmentlər göstərilib. Həmin gün Sumqayıtın müxtəlif mədəniyyət ocaqlarında, məktəblərində, idarə və müəssisələrində də anma mərasimləri keçirilib, ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib. H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının aktyorları ulu öndərə həsr olunmuş şeirlər səsləndiriblər.

Ulu öndərin anım tədbirlərində müsahibə aldığımız sumqayıtlılar duyğu və düşüncələrini bizimlə bölüşüblər.

Dadaş DADAŞOV, tanınmış kimyaçı, Sosialist Əməyi Qəhrəmanı:

-Mən ulu öndərin şəhərimizə səfərlərinin hamısının canlı şahidiyəm. Xoşbəxtəm ki, məhz Heydər Əliyevin hakimiyyətdə olduğu ilk dönəmdə sadə zəhmətim yüksək qiymətləndirilib, zirvəyə yüksəlmişəm. Mən ulu öndərin müasiri olmağımla fəxr edirəm. Onun layiqli varisi, dövlətimizin başçısı İlham Əliyev isə məni Prezidentin fərdi təqaüdünə layiq görüb. Heydər Əliyevin qurub möhkəmləndirdiyi, İlham Əliyevin dünyada ən sürətlə inkişaf edən dövlətə çevirdiyi Azərbaycanın vətəndaşı olmaq böyük şərəfdir.

İbrahim İLYASLI, “Poeziya” klubunun direktoru, şair:

– Xalqımızın ümummilli lideri Heydər Əliyev ölkə həyatının bütün sahələri kimi, Azərbaycan mədəniyyəti və incəsənətinin, ədəbiyyatımızın inkişafına da daim böyük qayğı göstərmişdir. O istəyirdi ki, Azərbaycan ədəbiyyatının inciləri dünyada tanınsın, səsimiz-sorağımız bütün qitələrdən gəlsin, milli-mənəvi dəyərlərimiz geniş təbliğ olunsun və gənclərimiz də məhz həmin ruhda tərbiyə alsınlar. Bu istiqamətdə ulu öndərin müdrikcəsinə atdığı addımlar öz bəhrəsini vermişdir. Hazırda Azərbaycanda, ölkəmizi dünya çapında tanıtmağa qadir olan, yüksək intellektə malik güclü və sağlam nəsil formalaşmışdır. On il öncə Sumqayıtda yaşayan yaradıcı gənclərin arasında Prezident təqaüdünə layiq görülən ilk şair olmağım mənim həyatımda baş vermiş ən unudulmaz hadisədir. Fərəh doğuran haldır ki, indi də sumqayıtlılar arasında bu şərəfə layiq görülənlər vardır.Hər bir müasir azərbaycanlının həyatında ulu öndərin izi var və bu, onun necə dahi bir şəxsiyyət olduğunu sübut edən fenomenal bir faktdır. Biz Heydər Əliyev yolu ilə gedirik, yolumuzu Heydər Əliyev günəşi nurlandırır!..

Gənclik şəhərində ümummilli lideri anma mərasimləri axşam saatlarına kimi davam edib.

 

 

Əli NƏCƏFXANLI,

“Xalq qəzeti”nin bölgə müxbiri 

 

Xalq qəzeti.- 2009.- 15 dekabr.- S. 4.