Bərdə dövlət proqramlarından güc alır, sabaha inamla addımlayır

 

3 min illik tarixini qeyd etməyə hazırlaşan Bərdə bu gün yeniləşmə, gəncləşmə dövrünü yaşayır. Azərbaycanın bu qədim şəhəri son bir neçə ildə simasını tamamilə dəyişmiş, abadlaşmış, böyümüş, gözəlləşmişdir. Ötən onilliklərdə tikilmiş binalar, salınmış küçələr əsaslı surətdə yeniləşdirilmişdir. Müasir obyektlər Bərdəyə təzə bir görkəm gətirmişdir. Tikinti-quruculuq işləri rayonun bütün yaşayış məntəqələrini əhatə etmişdir.

 

Aqrar islahatlar, sahibkarlığın inkişafı, yeni sənaye, xidmət müəssisələrinin yaradılması, çoxsaylı sosial obyektlərin tikilməsi nəticəsində sosial-iqtisadi inkişafın miqyası və sürəti artmış, həyatın məzmunu dəyişmişdir. Bərdə rayonu yüksəliş və tərəqqi yolunda yeni bir mərhələyə gəlib çatmışdır. Ardıcıl həyata keçirilən dövlət proqramları, rayon rəhbərliyinin təşəbbüskar fəaliyyəti, əhalinin maraqlarının stimullaşdırılması, məşğulluğun artması həyatın bütün sahələrinə dinamizm gətirmişdir. Nəticədə, adamların rifahı əsaslı surətdə yaxşılaşmış, mənəvi-siyasi ab-hava sağlamlaşmış, sabaha inam artmışdır.

Bütün bunlar barədə ətraflı söz açan Bərdə rayon İcra hakimiyyətinin başçısı İlham Ağayev bu yeniləşmənin təməlində sosial-iqtisadi nailiyyətlərin dayandığını vurğuladı:

— İlin əvvəlindən rayonda görülmüş işlər və əldə olunmuş bəzi göstəricilər üzərində xüsusi dayanmaq istəyirəm. Bilirsiniz ki, Bərdə kənd təsərrüfatı rayonudur. İqtisadiyyatın əsasını kənd təsərrüfatı təşkil edir. İl başa çatmasa da müəyyən yekunlarından danışmaq, nəticə çıxarmaq olar. Bütövlükdə, 2009-cu il rayonumuz üçün uğurlu olmuşdur. Kənd təsərrüfatı üzrə artım 6,9 faizdir. Əkinçilər dövlətin yaratdığı əlverişli şəraitdən istifadə etmiş, qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlmişlər. Rayonun tarixində ilk dəfə olaraq 95,2 min tondan çox taxıl istehsal edilmişdir. Buğda istehsalı 24 min ton, ümumi dənli bitkilər 33,5 faiz çoxalmışdır. Hər hektardan 34,6 sentner buğda götürülmüşdür ki, bu da əvvəlki ildəkindən 2 sentner çoxdur.

Buğda əkini sahələri cari ildə 25,7 faiz artırılmışdır. Bu, təqdirəlayiq nəticədir. Biz ərazidə yaşayan əhalinin taxıla olan tələbatını artıqlaması ilə ödəyirik. Əkinçilər bu il mövcud imkanlardan səmərəli istifadə etmişlər. Söhbət məhsuldar toxum sortlarının seçilməsindən, aqrotexniki tədbirlərin vaxtlı- vaxtında və yüksək səviyyədə həyata keçirilməsindən, elmi-texniki tərəqqinin nailiyyətlərinin tətbiqindən gedir.

Əkinçiliyin inkişafında dövlət dəstəyi də mühüm rol oynayır. Yanacağın, sürtkü yağlarının, mineral gübrələrin güzəştli satışı, kreditlər, yarmarkaların təşkili və digər istiqamətlərlə dövlət yardımları sahibkarların fəaliyyətinə ciddi təkan vermişdir. Ölkə Prezidenti İlham Əliyevin sərəncamı əsasında aqrolizinqlərin Kənd Təsərrüfatı Nazirliyinin tabeliyinə keçirilməsindən sonra əkinçilərimiz bu xidmətdən daha geniş istifadə edə bilirlər.

Rayonda əkinçilik üzrə kifayət qədər toxumçuluq təsərrüfatları yaradılmışdır. Onların fəaliyyəti daim nəzarətdə saxlanılır və istehsalın artımı elmi nailiyyətlər əsasında təmin edilir. Rayonun daxili potensialı əkin sahələrinin məhsuldarlığını xeyli artırmağa imkan verir və biz bundan bacarıqla istifadə etməliyik. Digər əkinçilik sahələrində də bu il nəticələr uğurludur. İndiyə qədər 4 min 600 tondan çox kartof, 30 min ton tərəvəz, 22 min tonadək bostan məhsulları, 5,3 min tondan artıq meyvə və s. istehsal edilmişdir.

İqtisadi artıma heyvandarlıq sahəsində də nail olmuşuq. Rayonda 79 min baş mal-qara, 127,2 min baş qoyun və keçi bəslənir. İlin əvvəlindən mal-qara 2,2 faiz, qoyun və keçilər 2,7 faiz artmışdır. Diri çəkidə ət istehsalı 1,3 faiz, süd 2,5 faiz, yumurta 5,5 faiz, yun 10,2 faiz çoxalmışdır.

Aqrar sahədən danışarkən, pambıq istehsalında yaranmış tənəzzüldən yan keçmək olmaz. Ötən əsrin 80-ci illərində Bərdə keçmiş SSRİ-nin ən çox pambıq istehsal edən rayonu idi. 2009—2013-cü illəri əhatə edən Dövlət Proqramında pambıqçılığın fəal dəstəklənməsi nəzərdə tutulur. Pambıq əkilən sahələrin son illərdə azalması narahatlıq doğurmaya bilməz. Başlıca əngəl əməyin düzgün stimullaşdırılmamasıdır. Başqa heç bir problem yoxdur. Əkinçi gəlir götürə bilmir, xərc borcu ödəmir. Respublikanın aidiyyati orqanları müvafiq tədbirlər görərsə, əlverişli şərtlər olarsa, bərdəlilər pambıq istehsalını kifayət qədər artıra bilərlər. Kənd təsərrüfatı məhsullarının, o cümlədən taxılın, tərəvəzin, meyvənin saxlanması, qiymətlərinin süni şəkildə artırılıb-azaldılmaması üçün də şərait yaradılmalıdır.

İlin əvvəlindən rayonda sənaye məhsulu istehsalı 134 faiz artmışdır. Artım dövlət sektorunda 27 faiz olmuşdur. Sənayedə çalışan işçilərin orta aylıq əmək haqları dövlət bölməsində 181,9 manat olmaqla, 26 faiz artmışdır. Rayonda sənayenin inkişafına, xüsusilə yeni sahələrin yaranmasına ciddi önəm verilir. Əhalinin ehtiyac duyduğu bəzi sahələr sahibkarların iqtisadi marağından hələ ki, kənarda qalır. Biz onları belə fəaliyyətə çağırırıq. Sahibkarlar xidmət sahələrinə daha çox maraq göstərirlər. Lakin xidmətlə bərabər, istehsal da artmalıdır. Bunun mümkün vasitələrindən biri də müxtəlif səbəblərdə dayanmış müəssisələrin işə salınmasıdır. İş adamlarımızı belə imkanlardan istifadəyə təşviq edirik.

Müsahibimiz daha sonra bildirdi ki, nəqliyyat, rabitə, istehlak, əmlak bazarı və s. istiqamətlərdə də ilin əvvəlindən əsaslı artım müşahidə olunmuşdur. Yük dövriyyəsi 5,4 faiz, sərnişin daşınması 4,6 faiz, rabitə xidməti 13,8 faiz, pərakəndə satış 14,6 faiz, ticarət müəssisələri 13,6 faiz, fərdi sahibkarların sayı 14,4 faiz artmışdır. Sosial-iqtisadi inkişafın artımı əhalinin məşğulluğuna da yaxşı şərait yaratmışdır. Bu il 600-dən çox yeni iş yeri açılmışdır ki, bunun da 400-dən çoxu daimi iş yeridir.

Rayonun sosial-iqtisadi inkişafı qarşıdakı dövrdə daha geniş artmalıdır. 2004—2008-ci illəri əhatə edən regional proqramın birinci mərhələsi rayonumuzda böyük uğurla yekunlaşdırıldı. Bu illər Bərdənin tarixində yeni yüksəliş dövrü kimi xarakterizə olunur. Biz az vaxtda çox işlər görmüşük. Bərdə əsaslı şəkildə yenidən qurulmuşdur. Uzun illər ərzində yığılıb qalmış bir çox problemlər həllini tapmışdır. Lakin vacib məsələlər hələ çoxdur. Artıq regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının 2009—2013-cü illəri əhatə edən ikinci mərhələsində Bərdə rayonu üzrə də bir sıra ciddi işlərin görülməsi nəzərdə tutulmuşdur. Eyni zamanda, daxili imkanlar hesabına görüləcək işləri müəyyənləşdirmişik və qüvvələr bu istiqamətdə səfərbərliyə alınmışdır. Bütün diqqət çatışmazlıqların aradan qaldırılmasına, əmək ehtiyatlarından, maliyyə mənbələrindən təyinatı üzrə, peşəkarlıqla istifadə olunmasına yönəldilmişdir.

Bərdə gündən-günə böyüyür, genişlənir. Təzə küçələr, yaşayış və xidmət massivləri salınır. Şəhərin müxtəlif yerlərindəki primitivlik, səliqəsizlik, pintilik aradan götürülür. Biz bunları doğma Bərdəmiz üçün eləyirik.

Sonda rayon rəhbəri narahatlıqla qeyd etdi ki, rayonda əhalinin hələ böyük əksəriyyəti təbii qazdan istifadə edə bilmir. Bəzi yerlərdə isə verilən qaz normadan azdır. Xidmət haqlarının yığılmasına gəlincə, həm elektrik enerjisindən, həm təbii qazdan, həm də içməli sudan istifadə üzrə göstəricilər aydan-aya artmaqdadır. Elektrik enerjisi də, təbii qaz da, su da normal qaydada verilməlidir. Sərf olunan xidmət haqları isə vaxtında ödənilməlidir. Ölkə rəhbərliyinin bu tələbinə əməl etməkdə ən yaxşı vasitə kartla işləyən sayğacların tətbiqidir. Ölkədə belə təcrübə var. Artıq rayonda da bu işə başlanılmışdır. Türkmən kəndində iş gedir. Ən yaxın müddətdə Bərdə şəhərində və 14 kənddə elektron sayğacların tətbiqi planlaşdırılmışdır. Bunun müsbət təcrübəsi tezliklə özünü göstərəcəkdir.

Rayonda olarkən, həyatın digər sahələrində əldə olunmuş nailiyyətlərlə, əhalinin rifahının yaxşılaşdırılması ilə bağlı həyata keçirilən tədbirlərlə də maraqlandıq. Qazla təminatı yaxşılaşdırmaq məqsədilə Qarağacı, Mirzəcəfərli, Hacallı, Mehdixanlı, Cicimli, Nağılar və Qayalı kəndlərinə 14 kilometr, Betonzavod qəsəbəsinə və I yaşayış massivinə 1,2 kilometr, Zöhrabbəyov küçəsinə 1,8 kilometr, Bərdə şəhərində 10 beşmərtəbəli yaşayış evinə xətt çəkilmişdir. Gərənə və Seyid Yusifli kəndlərinə qaz çəkilişi davam edir. Son dövrdə Bərdə şəhərində doğum evinin əsaslı təmiri, Meşə Mühafizə və bərpa İşləri İdarəsi üçün inzibati binanın və Mehdixanlı kənd baytarlıq məntəqəsinin inşası, şəhərin Koroğlu küçəsində hasar çəkilişi, Ü.Hacıbəyov küçəsində səkilərə tamet plitələrin döşənməsi, Bakı və Zöhrabbəyov küçələrində yeni ticarət mərkəzində mağazaların tikintisi işləri sürətlə aparılmışdır.

İlin əvvəlindən Qaradırnaq kəndində 480, Kətəlparaq kəndində isə 640 şagird yerlik yeni məktəb binası tikilib istifadəyə verilmişdir. Xəsilli kənd orta və Piyadalar kənd əsas məktəbləri əsaslı, Şirvanlı, Çələbilər, Mehdixanlı, Kələntərli, Xanqaraqoyunlu, Kürdborakı kənd və şəhər 4 saylı orta məktəbləri cari təmir olunmuşdur.

Öyrəndik ki, rayonda pensiyaçıların ümumi sayı 20583 nəfərdir. Onların hamısı pensiyalarını plastik kart vasitəsilə alır. Məşğulluq mərkəzi vətəndaşların işlə təmin olunması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl iş aparır. Mərkəzə bu il 415 nəfər müraciət etmiş, 209 nəfər münasib işlə təmin olunmuşdur. Bu il keçirilən “Əmək yarmarkası”na 37 idarə və müəssisədən 223 boş iş yeri təqdim olunmuş və 74 nəfərə münasib iş verilmişdir.

“Aqrarkredit” Səhmdar Kredit Təşkilatının Bərdə filialı hüquqi və fiziki şəxslərə üç layihə üzrə kredit xidməti göstərir. Birinci layihə aqrar sahəni əhatə edir. Həmin kreditləşməyə 1998-ci ildən başlanılmışdır. “Kənd yerlərinin kreditləşməsi” layihəsi üzrə kreditləşməyə isə 2004-cü ildən başlanılmışdır. Bu il 224 nəfərə 247 min manat kredit verilmişdir. Üçüncü layihə Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına verilir. İlin əvvəlindən 17 nəfər 95 min manat kredit almışdır.

Keçən illə müqayisədə ticarətin ümumi dövriyyəsi 15648,5 min manat və ya 16,7 faiz artmışdır. Əhaliyə 13846,3 min manatlıq pullu xidmət göstərilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2678,7 min manat və ya 23,9 faiz çoxdur.

Rayonda sosial-iqtisadi inkişafın bütün istiqamətində işlər ardıcıl davam etdirilir. Bərdə öz qədim tarixinə daha bir uğurlu ili əlavə etməyə hazırlaşır. 2009-cu il, həqiqətən, quruculuğun geniş miqyasda davam etdirilməsi, sosial-iqtisadi göstəricilərin yüksəlməsi ilə əlamətdardır. Həyata keçirilən əsaslı tədbirlər, nəzərdə tutulan yeni planlar, müəyyənləşdirilmiş vəzifələr isə rayonu yeni uğurlara doğru aparır.

 

 

Ziyəddin SULTANOV,

“Xalq qəzeti”nin bölgə müxbiri 

 

Xalq qəzeti.- 2009.- 15 dekabr.- S. 5.