O, insanları xoşbəxt
görmək istəyirdi
Xalq artisti Həsən Seyidbəylinin əziz xatirəsinə
Doğrudan da Həsən müəllim
xoşbəxtlik qayğıları ilə yaşayan bir insan
idi. O, istəyirdi ki, yaşadığı cəmiyyətdə
hamı bu və ya digər cəhətdən xoşbəxt
olsun. Bəlkə elə ömrünün sonuna yaxın
“Xoşbəxtlik qayğıları” filmini çəkməsi
də bununla bağlı idi.
Həsən Seyidbəyli sənət aləminə yazıçı kimi gəlmişdi. Gözəl hekayələr, povestlər müəllifidir. Ancaq sonradan onun yaradıcı taleyində yazıçılıqla rejissorluğu möhkəm vəhdətdə birləşdi. Ssenarist kimi yaratdığı obrazların taleyini kinoda görmək istəyirdi. Doğrudur, ilkin olaraq o, kinoya ssenarist kimi gəlmişdi. “Uzaq sahillərdə” povestini o, İmran Qasımovla birgə yazmışdı. Bu sifarişi isə onlara ulu öndər Heydər Əliyev vermişdi. Elə povestin kino versiyasının yaradılması təşəbbüsü də ulu öndərə məxsus idi. Filmin ssenarisini də İmran Qasımovla birgə hazırlayan Həsən Seyidbəyli onun çox gözəl bir ekran əsəri olacağına inanırdı. Çünki Adriatik dənizi sahillərində ölməz qəhrəmanlıq nümayiş etdirən Mehdi Hüseynzadənin həyatı dramatik hadisələr fonunda keçmişdi və bu, povestdə də öz əksini tapmışdı. Beləliklə, filmin çəkilişləri gənc kinorejissor Tofiq Tağızadəyə həvalə olundu. 1958-ci ildə ekranlara çıxarılan “Uzaq sahillərdə” filmi dünyanın əksər ölkələrinin ekranlarında müvəffəqiyyətlə nümayiş etdirildi, müəlliflərinə əsl şöhrət qazandırdı.
Qeyd edək ki, Həsən Seyidbəylinin ədəbi yaradıcılığında “Kür sahillərində” (1953), “Telefonçu qız” (1960) povestləri, “Cəbhədən-cəbhəyə” (1961), “İllər keçir” (1973, İ. Qasımovla birgə"), “Çiçək” (1978) romanları, “Dəniz cəsurları sevir” (1954, İ. Qasımovla birgə) “Sən niyə yaşayırsan” (1959, İ.Qasımovla birgə) pyesləri əhəmiyyətli yer tutur. Bu əsərlərin əksəriyyətini o sonralar rejissor kimi ekrana gətirmişdir.
Həsən müəllim tarixdən də, müasir dövrdən də əsər yazanda, yaxud film çəkəndə Azərbaycan xalqının mənəvi dəyərlərini həmişə meyar kimi əsas götürmüşdür. Həsən Seyidbəylinin əsərlərində həmişə milli ruh, milli qeyrət hakim olmuş, bu torpağa, bu təbiətə vurğunluq onun əsərlərini də səmimi və təbii etmişdi. Bu əsərlərdə zahirən adi görünən hadisələrdəki gizli mətləblərin, dövrün, zamanın nisgilli ağrılarının onun poetik zəkasının, təxəyyülünün süzgəcindən keçdiyini aydın hiss edirsən. Seyidbəylinin əsərlərində elə aydın notlar, elə səmimi deyimlər var ki, bunu yalnız onun yaradıcılığına xas olan keyfiyyətlər kimi qiymətləndirmək lazımdır.
Həsən müəllim kinoya kiçik oçerklər müəllifi kimi gəlmişdi. “Böyük yol” (1947), “Bakıdan-Göygölədək” (1948) film- oçerkləri kinematoqrafımıza istedadlı bir gəncin qədəm basdığından xəbər verirdi. Böyük sənət yolunun başlanğıcında duran bu əsərlərdə ilk istedad qığılcımları, Vətənə ülvi məhəbbət duyğuları, təbiətə vurğunluq hissləri çox məharətlə tərənnüm olunmuşdu.
Həmişə onun həm ssenarisini yazdığı, həm də rejissor kimi quruluş verdiyi “Telefonçu qız”, “Möcüzələr adası”, “Cazibə qüvvəsi”, “Kimi daha çox sevirik” və s. bu kimi filmləri birləşdirən ümumi cəhəti tapmağa çalışmışam. Və qənaətim bundan ibarətdir ki, Həsən Seyidbəylinin bu filmlərində ümumi bir cəhət var. O da qəhrəmanların milli xarakteri, hadisələrə poetik ahəng vermək bacarığıdır. Onun yaratdığı personajlar adi adamlar idi. Onların əksəriyyəti həyatda öz yerini axtaran və bu yolda çətinliklərlə qarşılaşan gənclərdir. O, gənclərin taleyini tədqiq edir, bəzən bədii ümumiləşdirmə vasitəsilə müxtəlif xarakterlərə məxsus adamları ekrana gətirir, onları həyatın sınaqlarından keçirir. Bu filmlərə tamaşa etdikcə mənən saflaşırsan, sabaha nikbin nəzərlərlə baxırsan.
Həsən müəllim Azərbaycan kinosunda çox yeniliklərin müəllifidir. O, kinoya yeni aktyorlar gətirdi. Onlar heç də məşhur adamlar deyildilər, əslində bu ifaçılar arasında aktyor olmayanlar da var. Bunu bəzən rejissora irad tutanlar da olurdu. O isə buna cavab olaraq deyirdi: “Əvvəla, aktyor olmayanların tipaj, yaxud əsərin baş qəhrəmanı kimi çəkilməsi yeni məsələ deyil, özü də kino sənətinin yaranma tarixinin başlanğıcına təsadüf edir... Yeni mövzu, yeni konflikt, yeni insan obrazı və bu obrazın bütün gerçəkliyi ilə verilməsi həvəsi bəzi rejissorları ekrana yeni adamlar gətirməyə təlqin edir. Elə məni də”.
Həsən Seyidbəylinin qəhrəmanlarının mənəviyyatında ülvi bir təmizlik var, bu keyfiyyət onları yaddaşımıza həkk edir, bizi, cəmiyyəti təmizliyə, paklığa səsləyir. “Sən niyə susursan?” (1966) filmi onun öz ssenarisi əsasında çəkdiyi filmlərdəndir. Burada insanların təmiz mənəvi duyğuları əks olunur. Amma müharibə mövzusunda lentə aldığı “Bizim Cəbiş müəllim” daha çox diqqəti çəkir. Hər dəfə bu filmə tamaşa edəndə yeni bir keyfiyyət tapırsan. Cəbiş müəllim təmiz, saf duyğularla yaşayan, cəmiyyətin ağrılarını öz içərisindən keçirən humanist bir insandır. Hətta, o dərəcədə sadəlövhdür ki, bəzən onun belə münasibətləri ətrafındakılara qəribə görünür.
“Bizim Cəbiş müəllim” bəlkə də o dövrdə humanist prinsipləri əks etdirən ən yaxşı filmlərdən idi. Film Maqsud İbrahimbəyovun “Müharibənin 1001-ci gecəsi” ssenarisi əsasında ekranlaşdırılmışdı. Xalq artisti Süleyman Ələsgərov əslində kino aktyoru deyildi. Amma Həsən müəllim onu kinoya gətirdi və milli kinomuzun ən uğurlu qəhrəmanlarından birinə çevirdi. Süleyman Ələsgərovun Həsən müəllim haqqında dediyi sözləri diqqətə çatdırmaq istərdim: “Həsən müəllimin iş üslubu çox fərqli idi. O, sınaq çəkilişlərindən əvvəl məşq proseslərinə başlar, çəkiliş prosesində isə heç kimə bir söz deməzdi... Yalnız Həsən Seyidbəylinin yaradıcılığına yaxından bələd olanlar, onunla çalışanlar bilirdilər ki, o, zərgər dəqiqliyi ilə çalışırdı. Onun iş üslubuna təəccüblənənlər də çox idi”.
Həsən Seyidbəylinin aktyor axtarışları həmişə dəqiq və cəlbedici olmuşdur. Elə çəkdiyi “Nəsimi”də olduğu kimi. Bu böyük bir imtahan idi. Ziddiyyətli tarixi dövrün materiallarını ilk dəfə bədii kinoya gətirmək, doğrudan da, riskli bir iş idi və Həsən müəllim belə bir risk etdi. Film çox səviyyəli alınmışdı və Nəsiminin dövrü, onun həm şair, həm də yüksək duyğulara malik insan kimi kinoportreti tamaşaçıları, həqiqətən, valeh etmişdi. Baş rola gənc aktyor Rasim Balayevi çəkmişdi. O, Rasimi kinomuz üçün kəşf etdi.
Həsən müəllim milli kinomuza Nəsiminin bədii obrazını gətirməklə kino tariximizi zənginləşdirdi. İlk dəfə kinomuzda Nəiminin, Teymurləngin, Şirvanşah İbrahimin bədii obrazlarını yaratdı. Film mükafat da aldı, festivallarda da uğurla nümayiş etdirildi.
Həsən müəllim gözəl təşkilatçı idi. Azərbaycan Kinematoqrafçılar İttifaqına uzun müddət rəhbərlik etmişdi. Məhz onun dövründə bu təşkilat kino sənətimizin əsl yaradıcılıq mərkəzinə çevrilmişdi. Burada tez-tez görüşlər keçirilərdi, kino işçilərinin problemləri burada çözülərdi. Onun sədrliyi dövründə ittifaqın bir neçə qurultayı da olmuşdu. O, kino işçilərini səfərbər etməyi bacarırdı. Bununla yanaşı, Həsən müəllim yaradıcılığını da davam etdirirdi. Yeni filmlər çəkir, ssenarilər üzərində işləyirdi. Həm də gənclərin kinoya cəlb olunması üçün əlindən gələni əsirgəmirdi. Ömrünün son vaxtlarında Həsən müəllim “Xoşbəxtlik qayğıları”nı çəkdi. Bilmirəm, niyə xoşbəxtlik qayğıları ömrünün bu yaşında onu narahat etmişdi? Ssenarini də özü yazmışdı. O, insanları xoşbəxt görmək istəyirdi. İstəyirdi ki, yaşadığımız cəmiyyətdə inkişafımıza mane olan hər şey aradan götürülsün. Bu filmdə onun qəhrəmanları köhnəliyin qalıqlarına qarşı çıxırlar, hər şeyi yenidən başlamaq istəyirlər. Yeniliklər isə həmişə təzyiqlərlə qarşılanır. Həsən Seyidbəylinin ömür yolu mədəniyyətimizlə, incəsənətimizlə, ədəbiyyatımızla sıx şəkildə bağlıdır. Onun bədii əsərləri, filmləri tariximizin əsl bədii salnaməsidir. Bu əsərlərdə təlqin olunan ideyalar ömür yolumuza işıq saçır, bizi mənəvi dəyərlərimizə daha həssas yanaşmağa səsləyir.
Yaxşı ki, kinematoqrafçılarımız “Həsən Seyidbəyli” sənədli filmini yaratmışlar. Bu filmdə onun xatirəsi ilə bağlı çox şeylər var. Filmə baxarkən bir daha hiss edirsən ki, Həsən müəllimin taleyi Azərbaycanımızın taleyi ilə sıx bağlı olmuşdur. Ona görə Azərbaycan xalqı onun xatirəsini heç zaman unutmayacaq.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2009.- 15 dekabr.- S. 7.