Ulu öndər Azərbaycan gəncliyinə
həmişə böyük qayğı ilə
yanaşırdı
Bu gün müstəqil Azərbaycan
dövləti tarixinin ən böyük yüksəliş
dövrünü yaşayır. Ölkəmiz artıq Cənubi
Qafqazda deyil, Qərbə inteqrasiyaya can atan postsovet məkanının
aparıcı dövlətlərindən birinə
çevrilmişdir. Qeyri-neft sektorunun inkişafı, regionlarda
iqtisadi fəallığın və təşəbbüskarlığın
artırılması, yeni iş yerlərinin
açılması və yoxsulluğun səviyyəsinin
azaldılması istiqamətində həyata keçirilən
ardıcıl tədbirlər ölkədə öz müsbət
nəticələrini verməkdədir. Təsadüfi deyildir
ki, indi Azərbaycanın adı iqtisadi artım tempinə
görə dünyanın lider dövlətləri
sırasında çəkilir. Bu yaxınlarda daha bir
sevindirici xəbər eşitdik: MDB Dövlətlərarası
Statistika Komitəsinin məlumatına görə, Azərbaycan
ÜDM və sənaye məhsullarının cari ilin on
aylıq artımı üzrə MDB məkanında birinci yeri
tutub.
Bu, hər şeydən əvvəl,
ölkədə aparılan düzgün sosial-iqtisadi siyasətin,
böyük uğurla həyata keçirilən islahatların
məntiqi nəticəsidir. Xalqımızın ümummilli
lideri Heydər Əliyevin hələ ötən əsrin 70-ci
illərində başladığı islahatlar müstəqillik
illərində də uğurla davam etdirilmiş, gənc Azərbaycan
dövlətinin demokratik, hüquqi və dünyəvi
dövlət kimi möhkəm təməllər üzərində
inkişafına səbəb olmuşdur.
Ulu öndər ölkəmizə
rəhbərlik etdiyi müxtəlif illərdə hər bir
işdə gənclərə arxalanmış və
onların coşub-daşan enerjisini düzgün istiqamətləndirməyə
çalışmışdır. O, böyüməkdə
olan gənc nəslə qayğı həmişə ön
plana çəkmişdir. Azərbaycanı gənclər
ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi
adlandıran ulu öndər gənclər siyasətini ölkədə
həyata keçirilən ümumi prioritet istiqamətlərdən
biri kimi müəyyənləşdirmişdir. Əslində
ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə
görülən işlərin hər birinə gəncliyin
maraqları baxımından yanaşmaq lazımdır. Çünki
ulu öndərin rəhbərliyi altında görülən
bütün işlər bu torpağın inkişafına,
xalqımızın bugününün və sabahının
tərəqqisinə yönəlmişdi. Heydər Əliyev
xalqın təkidli tələbi ilə ikinci dəfə
hakimiyyətə qayıdandan sonra digər vacib məsələlərlə
yanaşı, gənclərlə işi də diqqət mərkəzində
saxlamış, dövlət gənclər siyasətinin
ayrı-ayrı istiqamətləri üzrə çox
mühüm sənədlərə imza atmışdır.
Bu gün ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kurs, o cümlədən, dövlət gənclər siyasəti ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Gənclərin fəal iştirakı ilə əhalinin daha firavan həyatı üçün müxtəlif sahələri əhatə edən dövlət proqramları uğurla reallaşdırılır. Dövlətimizin başçısı çıxışlarının birində demişdir: “Biz həm gündəlik həyatda, həm uzunmüddətli strategiyamızda bir məqsədi qarşımıza məqsəd qoymuşuq: Azərbaycanın güclənməsi, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, Azərbaycanın iqtisadi potensialının gücləndirilməsi, Azərbaycan xalqının daha da yaxşı yaşaması. Qısaca desəm, əsas istiqamətlər bunlardır. Bu yolda bütün addımlar Azərbaycanın maraqlarına cavab verir, bütün qərarlar vaxtında icra edilir. Belə olan halda Azərbaycanın inkişafı uzunmüddətli və dayanıqlı olacaqdır”.
Bəli, Azərbaycanın inkişafı uzunmüddətli və dayanıqlıdır. Bunu 2009-cu ildə dünyanı bürüyən iqtisadi böhran da əyani şəkildə göstərdi. Dünyanın ən inkişaf etmiş ölkələrində istehsalın həcmi kəskin şəkildə azalsa da, Azərbaycan iqtisadiyyatı artım tempini saxladı, milli valyutanın sabitliyi qorundu. Ölkədə qeyri-neft sektorunun inkişafı, sahibkarlıq üçün əlverişli mühitin formalaşdırılması və sosialyönümlü layihələrin reallaşdırılması istiqamətində başlanan işlər uğurla davam etdirildi. İndi ən ucqar kəndlərimizə belə yeni yollar, qaz, elektrik və su xətləri çəkilir. Ölkəmizin hər yerində sağlamlıq ocaqları, diaqnostika mərkəzləri, xəstəxanalar istifadəyə verilir. Yenə də əhalinin sağlamlığının qorunması dövlətimizin prioritet vəzifəsi olaraq qalır. Bütün bunlar bir həkim kimi məni ürəkdən sevindirir.
Heydər Əliyev hər bir Azərbaycan vətəndaşının yaddaşında qüdrətli şəxsiyyət, səmimi, təcrübəli rəhbər kimi yaşayır. Şəxsən mən ulu öndəri orta məktəbdə oxuduğum illərdə tez-tez görmüşəm və dəfələrlə onun yüksək qayğıkeşliyinin şahidi olurdum. Dahi şəxsiyyət qayğıkeş olduğu qədər də tələbkar bir valideyn idi. Ötən əsrin 70-ci illərində Heydər Əliyev vaxtaşırı Bakının 6 nömrəli məktəbinə baş çəkər, hazırda dövlətimizə rəhbərlik edən oğlu İlham Əliyevin dərsləri ilə ciddi maraqlanardı. Bəzən Zərifə xanımla birlikdə gələrdi, müəllimlərin fəaliyyəti ilə maraqlanar, siniflərə baş çəkər, hər bir şagirdlə şirin-şirin söhbətləşər, hal-əhval tutardılar. Azərbaycan Respublikasına rəhbərlik edən nüfuzlu dövlət xadiminin böyük səmimiyyəti biz şagirdlərin qəlbində heç vaxt unudulmayacaq təəssürat yaradırdı. 1977-ci ilin 25 may gününü yaxşı xatırlayıram. Məktəbimizdə keçirilən buraxılış gecəsinə gələnlər arasında Heydər Əliyevlə Zərifə xanımı görəndə həm həyəcanlandıq, həm də hədsiz dərəcədə sevindik. Həmin günün unudulmaz söhbətləri indi də bütün təfsilatı ilə hafizəmdədir. İndi o illəri yada salanda Heydər Əliyev əzəməti, Heydər Əliyev böyüklüyü, Heydər Əliyev sadəliyi bir daha gözlərimin qarşısında canlanır.
İllər keçdi, Heydər Əliyev Moskvada Sovet İttifaqı rəhbərliyinin böyük postunda çalışdı. Yenidən vətənə döndü. Müstəqil Azərbaycana rəhbərlik etməyə başladı. Dahi insan öz xarakteri, ənənələrinə sadiqliyi ilə milyonlarla insana nümunə olduğunu bir daha sübut etdi. Ölkədə həyata keçirilən radikal islahatların başlıca məqsədi kimi insanların sağlamlığını, rahat həyat tərzini ortaya qoydu. Bütün bu addımlar böyük insanın bütün azərbaycanlılara, balalarımıza olan hədsiz məhəbbət və sevgisindən qaynaqlanırdı. O, hamını sağlam, gümrah, sonsuz həyat eşqli görmək istəyirdi.
Çox şükürlər olsun ki, ümummilli liderin arzuları bu gün sürətlə reallaşmaqdadır. Azərbaycanın hər yerində istifadəyə verilən sağlamlıq, istirahət və idman kompleksləri gənc nəslin xoşbəxt gələcəyinə xidmət edir. Ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət proqramları da bir qayda olaraq məhz Azərbaycanın gələcəyini yaradan, ölkəmizin inkişafını sürətləndirən gənc oğlan və qızların sosial rifahının yüksəldilməsinə yönəldilmişdir.
Azad RƏŞTİYEV,
həkim
Xalq qəzeti.- 2009.- 13 dekabr.- S. 6.