Xalqların da insan kimi bəxti olur...
Heydər Əliyev həqiqətən
də tarixi, hətta, əfsanəvi bir şəxsiyyətdir.
Bu, sovet dövründə də belə idi, bugünkü MDB
məkanında, xeyli çətinləşmiş müasir
dünya şəraitində də belədir. Heydər Əliyev
hər zaman xalqının xidmətində olmuşdur.
Çingiz AYTMATOV,
yazıçı
Mən bir dəfə mərhum xalq şairimiz Bəxtiyar
Vahabzadənin ümummilli liderimiz Heydər Əliyev barədə
söylədiyi fikirləri şairin öz dilindən
eşitmişdim. Eşitmişdim və hansı hissləri
keçirdiyimi anlaya bilməmişdim. Jurnalist Bəxtiyar
müəllimə müraciət etdi: — Bəxtiyar müəllim,
istərdim ki, ulu öndərimiz barədə fikirlərinizi
şeirlə başlayasınız. Ömrü boyu şeiri
Tanrının dərgahına açılan qapı kimi qiymətləndirən,
əziz tutan Bəxtiyar Vahabzadə bir an susdu... və
danışdı: — Heydər Əliyev elə dahi siyasətçi,
elə ali rəhbər, elə parlaq lider, elə görkəmli
sərkərdədir ki, onun haqqında danışarkən
söhbətə şeirlə başlamaq...mən bilən
mümkün deyil. Heydər Əliyev barədə
danışanda ən böyük azərbaycanlı
haqqında danışmağın məsuliyyətini hiss etməliyik.
Ulu şair ulu öndər
barədə fikirlərinə şeirlə başlamadı.
Ancaq mən belə bir istəklə yaşayıram.
Çünki bu yaxınlarda Türkiyənin televiziya
kanallarından birində qardaş ölkənin telejurnalistindən
bir ifadə eşitdim: “Azərbaycanın necə ölkə,
azərbaycanlıların necə xalq olduğunu bilmək
üçün Heydər Əliyev şəxsiyyətini
öyrənmək yetər”. Məhz həmin məqamda Rəfiq
Zəka Xəndanın ulu öndərimizə həsr etdiyi dəyərli
bir şeirin bəndləri yadıma düşdü:
“Bizi görmək diləyənlər
ona baxsın ancaq,
O bizim öndərimizdir, o
bizi qurtaracaq.
O bizim
varlığımızdır, o bizim mənliyimiz,
Əzəli qüdrətimizdir,
əbədi şənliyimiz”.
Ancaq Rəfiq Zəka Xəndanın
ulu öndər haqqında yazdığı həmin geniş
və səmimi ürək sözlərindən ibarət olan
şeiri oxuyanda nə zamansa belə bir yazı qələmə
alacağımı düşünmüşdüm. Sadəcə
indi yazmaq qismət imiş.
Qismət, tale, bəxt. Sən
demə, bu ifadələr tamamilə həqiqət imiş, O
da həqiqət imiş ki, xalqların da insanlar kimi bəxti
olur. Əgər xalqların bəxti olmasaydı və
Tanrı bizim xalqın bəxtinə Heydər Əliyev kimi
xilaskarı göndərməsəydi bizim dövlət
müstəqilliyimiz indi hansı taleyini yaşayırdı?
Ötən əsrin əvvəllərində dövlət
müstəqilliyinə qovuşan, lakin onu saxlaya bilməyən
Azərbaycan xalqı bir əsrdə iki dəfə dövlət
müstəqilliyini itirmiş olsaydı, bir də belə bir səadətə
nə zaman qovuşa bilərdi? Yaxud belə bir şansın nə
zamansa yenidən ələ düşəcəyi nə dərəcədə
ağlabatan idi? Üstəlik dövlət müstəqilliyimizin
ikinci dəfə əldən getməsinə cəmi
iki-üç addım qalırdı. Heydər Əliyevi
Naxçıvandan Bakıya gətirən təyyarə həmin
iki-üç addımı ləngitdi və ... Azərbaycanın
dövlət müstəqilliyi əbədiləşdirildi. Əlbəttə,
bu möhtəşəm nəticə siyasət dahisinin
qüdrətinin təsdiqi idi. Ancaq bu dahinin yetişməsi...
Mən bəxtə inanıram.
Türk dünyasının
görkəmli şəxsiyyətlərindən olan
Çingiz Aytmatov yazırdı ki, Heydər Əliyev həm
sovet dönəmində, həm də müstəqillik
dövründə öz xalqının xidmətində
olmuşdur. Diqqət yetirin, xalqın arasında, xalqın
yanında yox, məhz xalqın xidmətində. Bu, çox
böyük xoşbəxtlikdir. Mustafa Kamal Atatürk yazırdı
ki, millətə əfəndilik etmək yoxdur, millətə
xidmət etmək vardır. Heydər Əliyev hələ gənc
yaşlarından etibarən öz xalqına şərəflə,
ləyaqətlə xidmət etmişdir. O, Sovet Azərbaycanının
həyatında mühüm rol oynayan Dövlət Təhlükəsizliyi
Komitəsində çalışarkən bu qurumda milli
kadrların çoxaldılmasına, həmin insanların
peşəkarlığının artırılmasına nail
olmuşdusa, bu, millət qarşısında xidmət deyil, bəs
nədir? Üstəlik, son 15-16 ildə onlarca qəzet-jurnal məqaləsində,
radio-televiziya verilişlərində Heydər Əliyevin DTK-ya
işi düşmüş azərbaycanlılara kömək
etdiyi barədə faktlar sadalanıb, xatırlanıb.
Yazıçı, şair, alim, incəsənət xadimi və
digər peşə sahibləri ulu öndərin həmin illərdə
atdığı elə addımlar barədə söz
açırlar ki, adam bir insanda bu qədər cəsarətin
toplandığına heyran olur. Dünyanın istənilən
guşəsində sovet ideologiyasını həyata
keçirmək iqtidarında olan Dövlət Təhlükəsizliyi
Komitəsinin adi zabiti belə addımları necə
atırdı? Görünür, ulu öndərin ölkədə
DTK rəhbəri vəzifəsinədək yüksəlməsinin
əsas səbəblərindən biri də məhz həmin cəsarət
imiş.
Əgər Heydər Əliyevin
Azərbaycanda DTK rəhbəri kimi mühüm vəzifəyə
yüksəlməsini onun cəsarəti, qətiyyəti,
peşəkarlığı təmin etmişdisə, bəs
onda onun Azərbaycan rəhbəri vəzifəsinə yüksəlməsinin
təməlində hansı cəhətlər dururdu? Əlbəttə,
gələcəkdə müstəqil Azərbaycan dövlətini
qoruyub saxlaya biləcək zəmin yaratmaqdan ötrü
yazılmış tale yazısı. Bəli, xalqın tale
yazısı. Belə olmasaydı, Heydər Əliyev də
ölkəmizə rəhbərlik etmiş digər siyasətçilər
və SSRİ dövrünün başqa rəhbərləri
kimi sadəcə tapşırıqları yerinə yetirər,
qurultaydan qurultaya hesabat hazırlamaqla fəaliyyətini
başa çatmış hesab edərdi. Ancaq belə
olmadı. 1969-1982-ci illər Sovet Azərbaycanının
tarixində misli görünməmiş bir inkişaf mərhələsi
oldu. Sonralar ulu öndər həmin dövrü belə
xatırlayırdı: “1970-1985-ci illər Azərbaycanın
quruculuq salnaməsinə ən parlaq səhifələr kimi
daxil olmuşdur. Baş verən dəyişikliklərin
miqyasına, iqtisadi və sosial sahələrdə aparılan
dərin struktur islahatlarının xarakterinə, xalqın
maddi rifah halının keyfiyyətcə yeni mərhələyə
keçirilməsinə görə doqquzuncu, onuncu və
onbirinci beşilliklər Azərbaycanın yeni tarixində ən
mühüm yerləri tutur”.
1970-85-ci illərdə, tarixən
qısa bir dövr ərzində Azərbaycanda yüzlərlə
zavod, fabrik, istehsalat sahələri yaradıldı, 213 iri sənaye
müəssisəsi işə salındı. Bir çox
mühüm istehsalat sahələrinə görə Azərbaycan
Sovet İttifaqında aparıcı yerlərdən birini
tuturdu. Respublikamızda istehsal olunan 350 adda məhsul
dünyanın 65 ölkəsinə ixrac olunurdu. Bu illərdə
istehsal olunan sənaye məhsulları öz həcminə
görə əvvəlki 50 ildəkinə bərabər idi. Həmin
illərin Azərbaycanı nəhəng bir tikinti
meydanını xatırladırdı. Bakının və
respublika rayonlarının siması büs-bütün dəyişmişdi.
Bütün bunlar qeyd edilən dövrün üzdə olan nailiyyətləri idi. Ancaq yuxarıda qeyd etdiyimiz kimi, Heydər Əliyev özündən əvvəlki və sonrakı rəhbərlər kimi ancaq plan və tapşırıqların yerinə yetirilməsi üçün işləmir, uzaq gələcəyi nəzərdə tutan siyasi fəaliyyətlə məşğul olurdu. Həmin dövrün tarixi nailiyyətlərindən biri də məhz xalqın uzaq gələcəyini nəzərdə tutaraq güclü kadr potensialının yetişdirilməsi idi. Heydər Əliyev Kreml rəhbərliyi yanındakı nüfuzundan istifadə edərək Azərbaycan üçün nadir ixtisaslar üzrə böyük bir mütəxəssislər ordusu yetişdirə bilmişdi. Belə ki, həmin illərdə iqtisadiyyatın sürətli və çoxşaxəli inkişafına uyğun olaraq respublikanın orta və ali ixtisas təhsili şəbəkəsi xeyli genişləndirilmişdi. SSRİ-nin 170 qabaqcıl ali məktəbinə 3500 azərbaycanlı gənc göndərilmişdi. Hər il təhsil almaq üçün respublikadan kənara yola salınan gənclərlə şəxsən görüşən Heydər Əliyev onlara “Siz Azərbaycanın sabahını quracaqsınız!” deyirdi. Sən demə, həmin sabahı onun özü, öz əlləriylə qururmuş. Biz onun mütəxəssislər ordusu yaratdığını qeyd edirik. Ancaq ulu öndər sözün həqiqi mənasında 70-80-ci illərdə Azərbaycanın bugünkü ordusunu formalaşdırırdı. Həm Azərbaycandakı hərbi məktəblərin müdavimləri arasında milli gənclərin ildən-ilə artmasını tələb edir, həm də SSRİ-nin digər ali məktəblərində azərbaycanlı gənclərin hərbi təhsil almasına nail olurdu. Beləliklə, Heydər Əliyev hələ o zaman müstəqil yaşadığımız bu günləri görür, doğma vətənini bu günlər üçün hazırlayırdı. Tarixçilər qətiyyətlə yazırlar ki, böyük düha sahibi olan Heydər Əliyev yeni Azərbaycanı – bugünkü Azərbaycanı hələ o illərdən etibarən qurmağa başlamışdı.
Ulu öndərin ömrünün Moskva illəri onun SSRİ məkanında yaşayan bütün türk xalqlarının dayağı funksiyasını yerinə yetirməsi ilə xarakterizə edilirdisə, 1990-cı ilin yayından etibarən başlanan Naxçıvan dövrü başqa bir eranın başlanğıcı demək idi. Heydər Əliyev Naxçıvana rəhbərlik etdiyi dövrdə muxtar respublikanın adından sovet, sosialist sözlərinin çıxarılmasına, üç rəngli dövlət bayrağımızın ilk dəfə rəsmi olaraq qaldırılmasına, Türkiyə və İranla əməkdaşlıq yaradaraq Naxçıvanın sonu görünməyən böhranlardan çıxarılmasına nail olmuşdu. Ulu öndərin xalqın çoxsaylı təkid və tələbləri, o zamankı Azərbaycan rəhbərliyinin yalvarışlı xahişləri nəticəsində Naxçıvandan Bakıya gəlməsi isə sözün həqiqi mənasında tarixi bir qayıdış idi. Möhtəşəm qurtuluşa aparan qayıdış!
Xalqın və dövlətin bu qayıdışa çox böyük ehtiyacı var idi. Çünki ölkə dağılıb gedir, xaos və anarxiya cəmiyyəti məhvə aparırdı. Cəbhədəki uğursuzluqlar, düşmənin hər gün bir kəndi, rayonu işğal etməsi, ordudakı pərakəndəlik, iqtisadiyyatdakı tənəzzül, mənəviyyatdakı aşınmalar, daxili sabitliyin sıfır dərəcəsində olması ağrılı Azərbaycan həqiqətləri idi. Bir tərəfdən də dövlət müstəqilliyimizə qənim kəsilən qüvvələr respublikanın gah şimaldan, gah da cənubdan parçalanmasına çalışırdılar. Belə bir ağır vəziyyətə üsyankar polkovniklər Surət Hüseynov və Əlikram Hümbətovla bacarmayan AXC-Müsavat iqtidarının Heydər Əliyevi köməyə çağırmaqdan başqa yolu yox idi. Çünki ölkə iki ağır nəticənin – vətəndaş müharibəsinin və müstəqilliyin əldən getməsinin bir addımlığında idi. Vətəndaş müharibəsi başlasaydı o zamankı ölkə rəhbərliyi rüsvay olacaqdı, dövlət müstəqilliyi əldən getsəydi, 50 milyonluq Azərbaycan xalqı, Heydər Əliyev dühası həm ölkə rəhbərliyini, həm də xalqımızı həmin rüsvayçılıqlardan xilas etdi. Vətəndaş müharibəsinin də qarşısı alındı, müstəqilliyin əldən getməsinin də. Özü də heç bir güc tətbiq etmədən, siyasi yolla. Sonra isə...
Sonra müasir, qüdrətli Azərbaycan dövlətinin qurulmasına start verildi. Ölkədə daxili sabitlik yaradıldı, müxtəlif siyasi partiya rəhbərlərinin və ayrı-ayrı adamların tabeçiliyində olan silahlı dəstələr vahid komandanlıq altında birləşdirildi, güclü ordunun formalaşdırılmasına başlanıldı, cəbhədə düşmənə layiqli cavab verildi və nəhayət, Azərbaycan-Ermənistan cəbhəsində atəşkəs əldə edildi. Bu isə artıq Azərbaycanın inkişafına zəmin yaradılması demək idi. Həmin zəmindən maksimum bəhrələnən Azərbaycan Prezidenti əsas qüvvələri üç istiqamətdə paylaşdırdı: məqamdan istifadə edərək ordunun təkmilləşdirilməsinə nail olmaq, beynəlxalq aləmlə zəruri olan əlaqələri qurmaq və nəhayət, yeni neft strategiyasını işləyib hazırlamaq. Böyük dövlət qurucusu və idarəetmə ustası olan Heydər Əliyev bu istiqamətlərin hər üçündə böyük uğurlara imza ata bildi. Nəticədə atəşkəsdən cəmi dörd ay sonra – 1994-cü il sentyabrın 20-də Bakıda “Əsrin müqaviləsi” adlanan möhtəşəm neft sazişi imzalandı. Xəzərin Azərbaycan sektorundakı karbohidrogen ehtiyatlarının birgə işlənilməsi üçün dünyanın aparıcı neft şirkətlərinin yaratdığı konsorsiumla Azərbaycan Dövlət Neft Şirkəti arasında imzalanan həmin saziş ölkəmizə on milyardlarla dollar xarici sərmayə gətirilməsi demək idi. Bu isə o demək idi ki, artıq bütün ölkələr Azərbaycanda sabitliyin qorunmasına çalışacaq, Azərbaycan rəhbərliyinin mövqelərini müdafiə edəcəkdir. Bu strategiya özünü tamamilə doğrultdu və Azərbaycan “Əsrin müqaviləsi”ndən sonra həqiqi inkişaf yoluna qədəm qlydu.
İndi növbə ölkədə götürülmüş hüquqi, dünyəvi və demokratik dövlət quruculuğu kursunun hüquqi bazasının yaradılmasına çatmışdı. Bunun üçün ölkənin konstitusiyası qəbul edilməli idi. Ulu öndərin təşəbbüsü, müəllifliyi və bilavasitə iştirakı ilə hazırlanan yeni Konstitusiya layihəsi 1995-ci il noyabrın 12-də, ilk milli parlament seçkisi ilə eyni gündə, ümumxalq səsverməsi – referendum vasitəsiylə qəbul edildi. Dövlət müstəqilliyinin mühüm atributlarından olan bu Konstitusiyanın qəbul edilməsi Azərbaycana beynəlxalq aləmdə yeni nüfuz qazandırdı və ölkəmizə inam, etimad artdı. Çünki bu Konstitusiyanın qəbul edilməsinədək bir çox əcnəbi siyasətçilər və beynəlxalq təşkilatlar Azərbaycanda sivil, demokratik dövlət quruculuğu kursu götürüləcəyinə inanmırdılar. Məhz bu sənədin qəbulundan sonra Azərbaycana olan münasibət kökündən dəyişdi. Çünki Heydər Əliyev Konstitusiyası bir çox Avropa ölkələrinin əsas qanunlarına nisbətən daha demokratik və daha mükəmməldir.
Daha sonra ölkədə
köklü islahatlara start verildi. Həmin islahatlar nəticəsində
1996-cı ilin ikinci yarısından etibarən ölkə
iqtisadiyyatında dirçəliş meyilləri
göründü və tədricən respublikamız iqtisadi
inkişaf mərhələsinə qədəm qoydu. Bir
çox tarixçilər müstəqil Azərbaycan dövlətini
Heydər Əliyevin “Şah əsəri” adlandırırlar.
Prezident İlham Əliyevin siyasi təfəkkürünün
nəticəsidir ki, son 6 ildə dünyanın aparıcı
beynəlxalq təşkilatları hər il Azərbaycanı
bir göstərici üzrə lider ölkə elan edirlər.
Biz məmnunuq ki, ölkəmizi bəlalardan,
xalqımızı məhrumiyyətlərdən xilas etmiş
ulu öndər Heydər Əliyevin siyasi kursu bu gün
respublikamızda uğurla davam etdirilir, bütün dünyada
öz həqiqi və layiqli qiymətini alır. Bu siyasət
Azərbaycanın dövlət müstəqilliyi kimi əbədi
olacaqdır.
Tovuz EMİNLİ,
Azərbaycan Müəllimlər
İnstitutu Zaqatala filialının direktoru
Xalq qəzeti.- 2009.- 13 dekabr.- S. 6.