Ulu öndər Azərbaycan gəncliyinə həmişə böyük qayğı ilə yanaşırdı

 

Bu gün müstəqil Azərbaycan dövləti tarixinin ən böyük yüksəliş dövrünü yaşayır. Ölkəmiz artıq Cənubi Qafqazda deyil, Qərbə inteqrasiyaya can atan postsovet məkanının aparıcı dövlətlərindən birinə çevrilmişdir. Qeyri-neft sektorunun inkişafı, regionlarda iqtisadi fəallığın və təşəbbüskarlığın artırılması, yeni iş yerlərinin açılması və yoxsulluğun səviyyəsinin azaldılması istiqamətində həyata keçirilən ardıcıl tədbirlər ölkədə öz müsbət nəticələrini verməkdədir. Təsadüfi deyildir ki, indi Azərbaycanın adı iqtisadi artım tempinə görə dünyanın lider dövlətləri sırasında çəkilir. Bu yaxınlarda daha bir sevindirici xəbər eşitdik: MDB Dövlətlərarası Statistika Komitəsinin məlumatına görə, Azərbaycan ÜDM və sənaye məhsullarının cari ilin on aylıq artımı üzrə MDB məkanında birinci yeri tutub.

 

Bu, hər şeydən əvvəl, ölkədə aparılan düzgün sosial-iqtisadi siyasətin, böyük uğurla həyata keçirilən islahatların məntiqi nəticəsidir. Xalqımızın ümummilli lideri Heydər Əliyevin hələ ötən əsrin 70-ci illərində başladığı islahatlar müstəqillik illərində də uğurla davam etdirilmiş, gənc Azərbaycan dövlətinin demokratik, hüquqi və dünyəvi dövlət kimi möhkəm təməllər üzərində inkişafına səbəb olmuşdur.

Ulu öndər ölkəmizə rəhbərlik etdiyi müxtəlif illərdə hər bir işdə gənclərə arxalanmış və onların coşub-daşan enerjisini düzgün istiqamətləndirməyə çalışmışdır. O, böyüməkdə olan gənc nəslə qayğı həmişə ön plana çəkmişdir. Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran ulu öndər gənclər siyasətini ölkədə həyata keçirilən ümumi prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirmişdir. Əslində ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə görülən işlərin hər birinə gəncliyin maraqları baxımından yanaşmaq lazımdır. Çünki ulu öndərin rəhbərliyi altında görülən bütün işlər bu torpağın inkişafına, xalqımızın bugününün və sabahının tərəqqisinə yönəlmişdi. Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdandan sonra digər vacib məsələlərlə yanaşı, gənclərlə işi də diqqət mərkəzində saxlamış, dövlət gənclər siyasətinin ayrı-ayrı istiqamətləri üzrə çox mühüm sənədlərə imza atmışdır.

Bu gün ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kurs, o cümlədən, dövlət gənclər siyasəti ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Gənclərin fəal iştirakı ilə əhalinin daha firavan həyatı üçün müxtəlif sahələri əhatə edən dövlət proqramları uğurla reallaşdırılır. Dövlətimizin başçısı çıxışlarının birində demişdir: “Biz həm gündəlik həyatda, həm uzunmüddətli strategiyamızda bir məqsədi qarşımıza məqsəd qoymuşuq: Azərbaycanın güclənməsi, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, Azərbaycanın iqtisadi potensialının gücləndirilməsi, Azərbaycan xalqının daha da yaxşı yaşaması. Qısaca desəm, əsas istiqamətlər bunlardır. Bu yolda bütün addımlar Azərbaycanın maraqlarına cavab verir, bütün qərarlar vaxtında icra edilir. Belə olan halda Azərbaycanın inkişafı uzunmüddətli və dayanıqlı olacaqdır”.

Bəli, Azərbaycanın inkişafı uzunmüddətli və dayanıqlıdır. Bunu 2009-cu ildə dünyanı bürüyən iqtisadi böhran da əyani şəkildə göstərdi. Dünyanın ən inkişaf etmiş ölkələrində istehsalın həcmi kəskin şəkildə azalsa da, Azərbaycan iqtisadiyyatı artım tempini saxladı, milli valyutanın sabitliyi qorundu. Ölkədə qeyri-neft sektorunun inkişafı, sahibkarlıq üçün əlverişli mühitin formalaşdırılması və sosialyönümlü layihələrin reallaşdırılması istiqamətində başlanan işlər uğurla davam etdirildi. İndi ən ucqar kəndlərimizə belə yeni yollar, qaz, elektrik və su xətləri çəkilir. Ölkəmizin hər yerində sağlamlıq ocaqları, diaqnostika mərkəzləri, xəstəxanalar istifadəyə verilir. Yenə də əhalinin sağlamlığının qorunması dövlətimizin prioritet vəzifəsi olaraq qalır. Bütün bunlar bir həkim kimi məni ürəkdən sevindirir.

Heydər Əliyev hər bir Azərbaycan vətəndaşının yaddaşında qüdrətli şəxsiyyət, səmimi, təcrübəli rəhbər kimi yaşayır. Şəxsən mən ulu öndəri orta məktəbdə oxuduğum illərdə tez-tez görmüşəm və dəfələrlə onun yüksək qayğıkeşliyinin şahidi olurdum. Dahi şəxsiyyət qayğıkeş olduğu qədər də tələbkar bir valideyn idi. Ötən əsrin 70-ci illərində Heydər Əliyev vaxtaşırı Bakının 6 nömrəli məktəbinə baş çəkər, hazırda dövlətimizə rəhbərlik edən oğlu İlham Əliyevin dərsləri ilə ciddi maraqlanardı. Bəzən Zərifə xanımla birlikdə gələrdi, müəllimlərin fəaliyyəti ilə maraqlanar, siniflərə baş çəkər, hər bir şagirdlə şirin-şirin söhbətləşər, hal-əhval tutardılar. Azərbaycan Respublikasına rəhbərlik edən nüfuzlu dövlət xadiminin böyük səmimiyyəti biz şagirdlərin qəlbində heç vaxt unudulmayacaq təəssürat yaradırdı. 1977-ci ilin 25 may gününü yaxşı xatırlayıram. Məktəbimizdə keçirilən buraxılış gecəsinə gələnlər arasında Heydər Əliyevlə Zərifə xanımı görəndə həm həyəcanlandıq, həm də hədsiz dərəcədə sevindik. Həmin günün unudulmaz söhbətləri indi də bütün təfsilatı ilə hafizəmdədir. İndi o illəri yada salanda Heydər Əliyev əzəməti, Heydər Əliyev böyüklüyü, Heydər Əliyev sadəliyi bir daha gözlərimin qarşısında canlanır.

İllər keçdi, Heydər Əliyev Moskvada Sovet İttifaqı rəhbərliyinin böyük postunda çalışdı. Yenidən vətənə döndü. Müstəqil Azərbaycana rəhbərlik etməyə başladı. Dahi insan öz xarakteri, ənənələrinə sadiqliyi ilə milyonlarla insana nümunə olduğunu bir daha sübut etdi. Ölkədə həyata keçirilən radikal islahatların başlıca məqsədi kimi insanların sağlamlığını, rahat həyat tərzini ortaya qoydu. Bütün bu addımlar böyük insanın bütün azərbaycanlılara, balalarımıza olan hədsiz məhəbbət və sevgisindən qaynaqlanırdı. O, hamını sağlam, gümrah, sonsuz həyat eşqli görmək istəyirdi.

Çox şükürlər olsun ki, ümummilli liderin arzuları bu gün sürətlə reallaşmaqdadır. Azərbaycanın hər yerində istifadəyə verilən sağlamlıq, istirahət və idman kompleksləri gənc nəslin xoşbəxt gələcəyinə xidmət edir. Ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət proqramları da bir qayda olaraq məhz Azərbaycanın gələcəyini yaradan, ölkəmizin inkişafını sürətləndirən gənc oğlan və qızların sosial rifahının yüksəldilməsinə yönəldilmişdir.

 

 

Azad RƏŞTİYEV,

həkim

 

Xalq qəzeti.- 2009.- 13 dekabr.- S. 6.