Əbədiyaşar insan
Xalqımızın iftixarı
Heydər Əliyev Azərbaycanın rəmzinə
çevrilmişdir. Şərəfli ömrünü
doğma xalqına həsr etmiş bu dahi şəxsiyyət
Azərbaycanın müstəqilliyinin və milli dövlətçiliyinin
qurucusudur. Ulu öndərimiz dünya azərbaycanlılarının,
türk dünyasının əbədiyaşar lideridir.
Heydər Əliyevin 1969 — 1982-ci illərdə ölkəmizə ilk dəfə rəhbərlik etdiyi dövr Azərbaycanın intibah dövrüdür. Həmin vaxta qədər keçmiş SSRİ-nin geridə qalmış əyalətlərindən biri hesab edilən Azərbaycan məhz ulu öndərimizin gərgin zəhməti, uzaqgörənliyi, zəngin biliyi sayəsində bütün sahələrdə böyük inkişafa nail olaraq qabaqcıllar sırasına yüksəldi.
Bu illər ərzində Azərbaycanda iqtisadiyyat, sosial, elm və mədəniyyət sahələrində böyük uğurlar əldə edildi, ölkəmiz böyük quruculuq məkanına çevrildi. Ulu öndərimiz öz bacarığı ilə aqrar respublika olan Azərbaycanı böyük sənaye respublikasına çevirməyə nail oldu. Həmin illər ərzində Azərbaycanda bütün sahələrdə görünməmiş uğurlar əldə edildi.
Hələ həmin dövrdə doğma Azərbaycanı müstəqil dövlət kimi görmək arzusu ulu öndərin amalına çevrilmiş və o, bütün titanik fəaliyyətini bu istiqamətdə qurmuşdur. Keçmiş sovet dövlətinin bütün qadağa və nəzarətlərinə, qoyulan məhdudiyyətlərə baxmayaraq o, xalqının xoşbəxt gələcəyi üçün əlindən gələni əsirgəməmiş və bu yolda bütün çətinliklərə özünəməxsus mərdlik və dözümlə sinə gərmişdir.
1969-1982-ci illərdə Azərbaycanda 250-yə yaxın iri sənaye müəssisəsi inşa edilərək istifadəyə verildi və ölkəmiz keçmiş SSRİ-nin geridə qalmış xammal əyalətindən iri sənaye respublikasına çevrildi. Həmin dövrdə Azərbaycan dünyanın 65 ölkəsinə 350 adda məhsul ixrac edirdi. Azərbaycan inkişaf sürətinə görə SSRİ-nin ən qabaqcıl respublikasına çevrilir və xalqımızın həyat səviyyəsi daha da yaxşılaşırdı. Əminliklə deyə bilərik ki, bugünkü müstəqil dövlətçiliyimiz üçün zəruri olan elmi, iqtisadi, sosial-mədəni potensialın təməli Heydər Əliyevin əzmkarlığı, böyük təşkilatçılıq qabiliyyəti, zəngin təcrübəsi və qətiyyəti sayəsində məhz o dövrdə qoyulmuşdur.
Ümummilli liderimiz gələcək müstəqil Azərbaycanın elmi-texniki və kadr potensialını həmin illərdə formalaşdırmışdır. Onun şəxsi təşəbbüsü və qayğısı ilə SSRİ-nin 170-dən çox aparıcı ali məktəbinə 3500 azərbaycanlı gənc təhsil almağa göndərilmişdir. Məhz bu uzaqgörən və müdrik siyasətin nəticəsi idi ki, Azərbaycan müstəqil olduqdan sonra həyatımızın heç bir sahəsində kadr çatışmazlığı problemi ilə üzləşmədik.
Ulu öndərin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri 1993-cü ilin ağır günlərində xilaskarlıq missiyasını üzərinə götürərək canından artıq sevdiyi Vətənini, sözün əsl mənasında, məhvdən xilas etməsi oldu. Özbaşınalıq, xaos, iqtisadi tənəzzül içərisində çabalayan, vətəndaş müharibəsinə sürüklənən Azərbaycan yalnız Heydər Əliyev dühası və əzmkarlığı sayəsində müstəqilliyini itirərək dünya xəritəsindən silinmək təhlükəsindən qurtuldu.
Ulu öndərimiz hakimiyyətə qayıdandan sonra qısa bir müddət ərzində ölkədə ictimai-siyasi sabitlik əldə edildi, iqtisadiyyatda islahatlara başlanıldı, ordu quruculuğu sahəsində köklü dəyişikliklər baş verdi, həyatımızın bütün sahələrində tərəqqi və inkişaf başlandı.
1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi” adı ilə dünyada tanınan ilk neft müqaviləsinin imzalanması və həyata keçirilməsi Heydər Əliyev tərəfindən hazırlanmış və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasının tərkib hissəsi olan neft strategiyasının uğurla həyata keçirilməsinin parlaq təzahürüdür.
Ümummilli liderimizin təşəbbüsü ilə iqitsadi islahatlar nəticəsində artıq 1996-cı ildə ölkə iqtisadiyyatında sabitlik təmin edildi. Özəlləşdirmə prosesi sərbəst bazar rəqabəti prinsiplərinin bərqərar olmasına, milli iqtisadiyyatımızın dünya iqtisadi sisteminə inteqrasiyasına səbəb oldu. Ulu öndərimizin rəhbərliyi altında həyata keçirilmiş struktur islahatları Azərbaycan iqtisadiyyatının bütün sahələrinin sürətli inkişafına, o cümlədən rəqabətədavamlı məhsul istehsal edən müəssisələrin yaradılmasına, infrastrukturun yeniləşməsinə, yeni iş yerlərinin açılmasına şərait yaratmışdır.
Dövlət quruculuğu məsələləri də ulu öndərimizin daim diqqətdə saxladığı prioritet vəzifələrdən olub. Həmin dövrdə yeni Konstitusiyanın yaradılmasına böyük ehtiyac duyulurdu. 1995-ci ildə Konstitusiya komissiyası yaradıldı və Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə müstəqil Azərbaycanın ilk Əsas Qanunu qəbul edildi. Dünya standartlarına uyğun şəkildə hazırlanmış Konstitusiyanın qəbulu ilə ölkəmizdə mülki dövlət və açıq cəmiyyət quruculuğu üçün möhkəm zəmin yaradıldı.
Bu gün ulu öndərimiz, Azərbaycanın xilaskarı və Azərbaycan dövlətçiliyinin memarı Heydər Əliyev siyasi kursunu və onun ölkəmizi qüdrətli dövlətə çevirən siyasətini möhtərəm Prezidentimiz İlham Əliyev uğurla davam etdirir.
Prezident seçildikdən sonra cənab İlham Əliyev Azərbaycanın hərtərəfli inkişafı naminə əzəmətli işlər həyata keçirməyə başlamış və ölkəmiz hazırda bütün istiqamətlərdə böyük tərəqqi yolundadır. Azərbaycan böyük infrastruktur layihələrinin, nəhəng tikinti-quruculuq işlərinin həyata keçirildiyi çiçəklənən bir diyara çevrilib. Sosial siyasətdə, elm, mədəniyyət, təhsil, səhiyyə, idman sahələrində böyük uğurlar əldə edilir. Xalqın maddi-rifah halının daim yaxşılaşması yönündə zəruri tədbirlər həyata keçirilir. Hərbi quruculuq, ölkəmizin müdafiə potensialının gücləndirilməsi istiqamətində görülən tədbirlər nəticəsində Azərbaycanın Silahlı Qüvvələri regionun ən güclü ordusuna çevrilmişdir.
Bu gün Azərbaycan Avropanın nəqliyyat-kommunikasiya, yükdaşımaları və enerji təhlükəsizliyində mühüm rol oynayır. Ümummilli lider Heydər Əliyevin yeni neft, nəqliyyat-kommunikasiya və enerji dəhlizlərinə dair strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyevin diplomatik səyləri nəticəsində Azərbaycan regionda heç bir ölkədən enerji asılılığı olmayan, öz tələbatını özü ödəməyə qadir olan ölkədir.
Artıq bütün dünya möhtərəm Prezidentimizin “Azərbaycanın iştirakı olmadan regionda heç bir ciddi layihə gerçəkləşdirilə bilməz!” fikrini sübuta ehtiyacı olmayan fakt kimi qəbul edir.
Möhtərəm İlham Əliyev 2003-cü ildə prezident seçkiləri dövründə dediyi “Mən hər bir azərbaycanlının Prezidenti olacağam!” ifadəsini öz gündəlik fəaliyyəti, gördüyü əzəmətli işləri ilə, doğma Vətənimiz Azərbaycanı zəngin, qüdrətli, çiçəklənən ölkəyə çevirməsi ilə sübut edib.
Müstəqil Azərbaycan dövlətinin xoşbəxt gələcəyi və xalqımızın firavanlığı yalnız Heydər Əliyev siyasi kursunun təntənəsi ilə bağlıdır. Ulu öndərimizin layiqli davamçısı olan möhtərəm Prezidentimiz İlham Əliyev bu kursu daha da inkişaf etdirir. Hər bir azərbaycanlı bugünkü inkişafa, firavanlığa, əmin-amanlığa, ictimai-siyasi sabitliyə, ölkəmizin dünyadakı nüfuzunun artmasına görə ümummilli liderimiz Heydər Əliyevə və onun siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevə borcludur.
Azərbaycanın xilaskarı, Azərbaycan dövlətinin memarı və qurucusu ümummilli liderimiz Heydər Əliyev dünya azərbaycanlılarının qəlbində, tariximizdə və türk dünyasında əbədi yaşayacaqdır.
Hikmət ŞİKAROV,
Nəsimi Rayon İcra Hakimiyyətinin
ərazi idarəetmə orqanları ilə iş
şöbəsinin müdiri
Xalq qəzeti.- 2009.- 13 dekabr.- S. 7.