Heydər Əliyevin sahibkarlığın inkişafı üçün həyata keçirdiyi iqtisadi strategiya bu gün uğurla davam etdirilir

 

Ermənistan silahlı qüvvələrinin Azərbaycana hərbi təcavüzü, ictimai-siyasi sabitliyin pozulması, ölkədə rəhbərliyin tez-tez dəyişməsi nəticəsində 90-cı illərin əvvəllərindən etibarən iqtisadiyyatın əksər sahələrində istehsalın tənəzzülü başlamış və bu proses getdikcə dərinləşərək xroniki səciyyə almışdı. İkinci dəfə hakimiyyətə qayıdışı zamanı ulu öndər bu vəziyyəti təhlil edərək deyirdi: “Respublika iqtisadiyyatı, demək olar ki, tamamilə dağıdılıb, xalqın rifah halı aşağı düşüb. Lakin respublikanın böyük sosial-iqtisadi, elmi-texniki potensialı var. Azərbaycanın coğrafi-siyasi vəziyyəti, onun təbii sərvətləri, uzun illər boyu yaranmış əsas fondları respublikanı bu ağır böhrandan çıxarmağa imkan verir. Digər tərəfdən yeni islahatlar aparmaq yolu ilə bazar iqtisadiyyatına keçmək istiqamətində hərəkət etməliyik”.

 

Dahi şəxsiyyətin rəhbərliyi ilə aparılan ardıcıl və məqsədyönlü siyasət nəticəsində ictimai-siyasi sabitliyin təmin olunması, istehsalda yaranmış geriləmə proseslərinin qarşısının alınması və digər tədbirlərdən sonra iqtisadiyyatda tənəzzül tədricən aradan qaldırıldı və bununla da iqtisadi inkişafın mahiyyətcə yeni mərhələsinin təməli qoyuldu. Əldə olunan makroiqtisadi sabitlik, sənayedə və digər sahələrdə iqtisadi göstəricilərin artımı, həyata keçirilən genişmiqyaslı iqtisadi islahatların ilkin nəticələri ulu öndərin siyasətinin düzgünlüyünü və Azərbaycanın bazar iqtisadiyyatı yolunda inamlı addımlarını təsdiq edirdi.

O dövrdə iqtisadi islahatların mühüm istiqaməti olan özəlləşdirmə uğurla həyata keçirilmişdir. Bu proses başlayandan 2003-cü il yanvarın 1-dək ümumi dəyəri 549,8 milyard manat olan 36,9 min kiçik müəssisə və obyekt, o cümlədən 711 sənaye, 120 kənd təsərrüfatı müəssisəsi, 351 tikinti təşkilatı, 2911 ticarət, 9641 məişət xidməti, 576 yanacaqdoldurma məntəqəsi, 16,5 min nəqliyyat müəssisəsi və nəqliyyat vasitələri, 92 kommunal təsərrüfatı obyekti və 5,2 min digər obyekt və avadanlıq özəlləşdirilmişdir. 2003-cü ilin əvvəlinədək nizamnamə kapitalı 5331,3 milyard manat olan 1486 dövlət müəssisəsi səhmdar cəmiyyətinə çevrilmişdir.

1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” Azərbaycan Respublikasının siyasi, iqtisadi və informasiya blokadası şəraitində olan bir vaxtda imzalandı. Həmin dövrdə Azərbaycan haqqında dünyada təsəvvür ya ümumiyyətlə yox idi, yaxud da ki, respublikamız barəsində yalnız mənfi rəy formalaşmışdı. Heydər Əliyev belə bir gərgin şəraitdə dünyanın 7 inkişaf etmiş qüdrətli dövlətini təmsil edən 11 neft şirkəti ilə “Əsrin müqaviləsi”ni imzalamağa müvəffəq oldu. Azərbaycan üçün həyati əhəmiyyəti olan bu müqavilə həm respublikanın daxilində sabitliyin bərqərar olunmasında, həm də xarici siyasətdə uğurların əldə edilməsində müstəsna rol oynadı. “Əsrin müqaviləsi”nin imzalanmasından 3 il sonra, 1997-ci ilin noyabrında həmin müqavilənin iştirakçılarından ibarət Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti “Çıraq” yatağının ilk quyusundan neftin fontan vurmasına nail oldu və bu vaxtdan başlayaraq, 2002-ci ilin sonunadək həmin yataqdan 24,5 milyon ton neft və 3,5 milyard kubmetr qaz hasil edildi. Ümumiyyətlə, 2002-ci ildə Azərbaycanda 15,3 milyon ton neft hasil edilərək son iyirmi dörd ildə ən yüksək göstərici əldə olundu.

“Əsrin müqaviləsi”nin imzalanması ilə yanaşı hasil olunacaq neftin dünya bazarına çıxarılması üçün əlverişli marşrutun axtarılıb tapılması da mühüm əhəmiyyət kəsb edirdi. Layihə çərçivəsində ilkin neftin hasil olunmağa başladığı dövrdə onun Bakı-Novorossiysk kəməri vasitəsiylə nəqli həyata keçirilirdisə, artıq tezliklə neft hasilatının 50 milyon ton və ondan daha artıq səviyyəyə çıxarılması planlaşdırıldığından alternativ neft kəməri layihələri tələb olunurdu. Digər tərəfdən neftin nəqli məsələsi həm də siyasi səciyyə daşıdığından marşrutun seçilməsində maraqlı dövlətlərin də rəylərinin nəzərə alınması vacib idi. Məhz belə bir vəziyyətdə Heydər Əliyev Azərbaycan neft kəmərinin çoxvariantlılığı ideyası ilə çıxış etdi. Beləliklə, o vaxt Bakı-Supsa kəməri işə salındı, eyni zamanda “Əsrin müqaviləsi” çərçivəsində hasil olunacaq əsas neftin nəqli üçün Bakı-Tbilisi-Ceyhan neft kəmərinin inşa edilməsi üzrə danışıqlar intensivləşdirildi. 1999-cu ilin noyabrında ATƏT-in İstanbul zirvə toplantısının sammiti çərçivəsində Azərbaycan, Gürcüstan və Türkiyə prezidentləri ABŞ-ın dövlət başçısının iştirakı ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin inşa edilməsinə dair hökumətlərarası saziş imzaladılar. Bu kəmərin çəkilməsi yolunda yaradılan çoxsaylı əngəllərə baxmayaraq ulu öndər Heydər Əliyevin siyasi iradəsi və uzaqgörənliyi sayəsində maneələr dəf edilərək sözügedən layihənin gerçəkləşməsi reallığa çevrildi, 2003-cü ildə kəmərin tikintisinə başlanıldı. 1993-cü ildə Heydər Əliyev hakimiyyətə gələrkən respublikada ümumi daxili məhsul istehsalında orta hesabla 20-23 faiz geriləmə müşahidə edilirdi. Lakin ulu öndərin rəhbərliyi ilə respublikada görülən təxirəsalınmaz tədbirlər nəticəsində iqtisadiyyatda tənəzzülün qarşısı alındı və beləliklə, 1994-1995-ci illərdə bugünkü nailiyyətlərin əldə olunmasının təməli qoyuldu. Hazırda həmin tarixi dövrü təhlil etdikdə onu sabitləşmə dövrü kimi səciyyələndirmək olar. Məhz həmin illərdə geriləmənin qarşısı alındı və 1996-cı ildən etibarən dirçəliş dövrü başlandı.

Statistikaya nəzər salsaq görərik ki, 1996-cı ildə ümumi daxili məhsul istehsalı 1,3 faiz artmış, 1997-ci ildə həmin rəqəm 5,8 faiz, 1998-ci ildə isə 10 faiz təşkil etmişdir. Məqsədyönlü şəkildə həyata keçirilən səmərəli tədbirlər nəticəsində ölkədə ümumi daxili məhsul 2002-ci ildə 29,6 trilyon manata çatdı ki, onun da 59,8 faizi istehsal, 32,4 faizi xidmət sahələrində baş vemişdir.

1997-2002-ci illərdə sənaye məhsulu istehsalı 23,6 faiz, yaxud orta hesabla ildə 3,6 faiz artmışdır. Hasilat sənayesi ilə yanaşı, qeyri-neft sektoru - emal sənayesi də inkişaf etmişdir. Həmin dövrdə emal sənayesi sahələrində məhsul istehsalı 24 faiz, o cümlədən yeyinti sənayesində 22 faiz, taxta məmulatı istehsalında 3,5 dəfə, metallurgiya sənayesində 2,5 dəfə artmışdır.

Yaxın keçmişdə əsas kənd təsərrüfatı məhsullarını müxtəlif xarici ölkələrdən alan Azərbaycan ulu öndərin rəhbərliyi ilə reallaşdırılan islahatlar nəticəsində xaricə məhsul ixrac etməyə başladı. Bu da sözsüz ki, məhsul istehsalının intensiv artımı nəticəsində mümkün olmuşdur. Təkcə 2002-ci ildə kəndli-fermer təsərrüfatları, digər özəl aqrar qurumlar 2,2 milyon ton taxıl, 973,4 min ton tərəvəz, 329,3 min ton bostan, 694,4 min ton kartof, 511,6 min ton meyvə, 80,2 min ton tütün, 1440 ton çay yarpağı, 223,6 min ton ət (diri çəkidə), 1 milyon 198,6 min ton süd, 561,6 milyon ədəd yumurta, 11,8 min ton yun, 148,3 ton barama istehsal etmişlər. 2001-ci ilə nisbətən 2002-ci ildə məhsul istehsalı 6,4 faiz çox olmuşdur.

1993-cü ildə xarici ölkələrdən respublikamıza 628,8 milyon ABŞ dolları məbləğində mal gətirildiyi halda, Azərbaycandan kənara 724,7 milyon dollarlıq mal göndərilmiş və 95,9 milyon dollarlıq müsbət xarici ticarət saldosu yaranmışdı. Sonrakı illərdə bu proses davam edərək 2002-ci ildə xarici ölkələrlə ticarət dövriyyəsi 3833,1 milyon ABŞ dolları olmuş və 1993-cü illə müqayisədə 2,8 dəfə artmışdır. O cümlədən bu müddətdə ixrac 2167,5 milyon, idxal isə 1665,6 milyon dollar təşkil etmiş, ölkə üzrə 501,9 milyon müsbət xarici ticarət saldosu yaranmışdır. İxracın həcmi ümumi dövriyyənin 56,5 faizini təşkil etmiş və idxalı 30,1 faiz üstələmişdir. İqtisadiyyatda aparılan islahatlar ölkənin maliyyə vəziyyətinin yaxşılaşmasını, dövlət büdcəsinin gəlirlərinin ildən-ilə artmasını təmin etmişdir. 2002-ci ildə dövlət büdcəsinin bütün mənbələrdən daxil olan gəlirləri 1993-cü ilə nisbətən 85 dəfə artaraq 4,6 trilyon manata çatmış, xərcləri isə 72 dəfə artaraq 4,7 trilyon manat olmuşdur. Beləliklə, tam əminliklə demək olar ki, 1993-2003-cü illərdə Azərbaycan iqtisadiyyatı böhran və tənəzzül məngənəsindən çıxaraq, iqtisadi inkişaf və yüksəliş yoluna qədəm qoymuşdur.

Ulu öndərimiz bütün fəaliyyəti dövründə elmə, təhsilə xüsusi diqqət yetirmiş, qayğı göstərmişdir. Bu dahi şəxsiyyətin respublikamıza rəhbərliyinin birinci mərhələsində minlərlə gənc təhsil almaq üçün ölkənin ən yaxşı məktəblərinə - Moskvaya, Leninqrada, Kiyevə, Xarkova, Minskə, Voronejə göndərilirdi. Bu nəslin üzərinə Azərbaycan Respublikasının daxil olacağı yeni dövrün problem və məsələlərini həll etmək vəzifəsi düşürdü. Heydər Əliyevin bəyan etdiyi “Qoy ədalət zəfər çalsın” şüarı həmin günlərin mənəvi-psixoloji mühitini müəyyənləşdirirdi. SSRİ-də ilk dəfə məhz Azərbaycanda korrupsiyaya, mafiyaya, tayfabazlığa qarşı genişmiqyaslı müharibə elan edilmişdi. Bütün bunlar həyat tərzini, standart əxlaq, davranış qaydalarını, ünsiyyət, qarşılıqlı münasibətlərin keyfiyyətini son dərəcə dəyişdirdi. 70-80-ci illər Azərbaycan tarixində hərtərəfli, köklü yeniləşdirmə dövrü, dinamiklik, işgüzarlıq, düzlük, doğruluq, xalqın ideallarına sədaqət kimi keyfiyyətlərin formalaşma dövrüdür. Liderin taleyi və xarakteri sanki millətin taleyi və xarakterinə də sirayət etmişdi.

Ümumiyyətlə, milli təhsilimizin dirçəlişi məhz Heydər Əliyevin adı ilə bağlıdır. Onun respublikamıza rəhbərliyinin birinci dövründə ölkəmizdə elm və təhsilin inkişafı üçün zəruri elmi baza yaradılmış, insanların təhsil hüququ, icbari ümumi orta təhsil, istedadlı uşaq və gənclərin aşkara çıxarılaraq onların potensial imkanlarının inkişaf etdirilməsi və səmərəli təhsil almaları üçün lazımi şəraitin yaradılması Konstitusiya səviyyəsində təsbit olunmuşdur.

Ulu öndərimizin Azərbaycana rəhbərliyinin ikinci dövründə xarici siyasət sahəsində də uğurlar əldə edilmişdir. Məhz onun təşəbbüsü və rəhbərliyi altında bu siyasət özünün mahiyyəti və məzmunu etibarilə elmi əsasda dərindən düşünülmüş konsepsiyaya söykənərək hazırlanmaqla bərabər, həm də səliqə-sahmanla, siyasi səriştə ilə ardıcıl olaraq həyata keçirilməyə başlandı. Yəni əvvəllər məqsədi, məramı, başlanğıcı, sonu bəlli olmayan, səriştəsiz aparılan, konkret şəraiti, reallığı, qüvvələr nisbətini nəzərə almayan və xalqın, respublikanın milli mənafelərinə ziyan verərək nəticə etibarı ilə yenicə müstəqillik qazanan və ağır müharibə şəraitində olan respublikanın beynəlxalq aləmdə təklənməsinə gətirib çıxaran kortəbii xarici siyasətdən qətiyyətlə imtina edildi. Çox düzgün olaraq və həm də böyük uzaqgörənliklə həyata keçirilən bu yeni yanaşma xarici siyasətimizin sonrakı gedişləri üçün zəruri bir başlanğıc kimi müəyyən olundu. Lakin nə qədər yaxşı hazırlanmış bir konsepsiya olsa da, həyata keçirilməsinin dəqiq mexanizmi işlənilməzsə, onun həyata keçirilməsi üçün əlverişli lazımi şərait yaradılmazsa, həmin konsepsiya kağız üzərində qalar. Odur ki, hər şeydən əvvəl yeni xarici siyasət xətti üçün dinc şərait təmin edilməli idi. Bunun üçün müharibəni dayandırmaq və daxildə sabitlik yaratmaq lazım idi. Bu məqsədlə də 1994-cü ilin mayında Ermənistanla atəşkəsə nail olunması, qanunsuz hərbi birləşmələrin buraxılması və ölkə daxilində sabitlik yaratmaq yolunda atılan addımlar sayəsində yeni xarici siyasət xəttinin ardıcıllıqla həyata keçirilməsi üçün lazım olan əlverişli dinc şərait yarandı.

Heydər Əliyev bütün amilləri nəzərə alaraq əqlin, zəkanın, zəngin təcrübənin gücünə arxalanaraq Azərbaycanın yeni xarici siyasət kursunun əsas istiqamətlərini müəyyən etdi. Bu yeniləşmiş xarici siyasət xətti ilk növbədə bir sıra ən mühüm təxirəsalınmaz vəzifələri yerinə yetirməli idi. Həmin vəzifələrdən biri Azərbaycanı beynəlxalq aləmdəki təcrid vəziyyətindən çıxarmaq, haqq işimizi dünya dövlətləri və dünya ictimaiyyətinə olduğu kimi çatdıraraq respublikamız ətrafındakı informasiya blokadasını yarmaqdan ibarət idi. Digər vəzifələrdən biri də bəzi dövlətlərlə münasibətlərdə əsassız yaradılmış gərginliyi aradan götürməkdən, xarici ölkələrlə münasibətdə tarazlaşdırılmış xarici siyasət xəttini təmin etməkdən, qonşu ölkələrlə münasibətlərə daha çox diqqət yetirməklə qarşılıqlı səmərəli əməkdaşlıq və mehriban qonşuluq əlaqələrinin qorunmasına nail olmaqdan ibarət idi. Qarşıda duran mühüm vəzifələrdən biri də dünyada mövcud olan müxtəlif beynəlxalq və regional təşkilatlara qoşulmaq və orada fəal iştirak etməkdən, beləliklə də müstəqil Azərbaycanın böyük dünya siyasətində lazımınca iştirakını, müxtəlif dünya ölkələri ilə səmərəli əməkdaşlığını təmin etməkdən ibarət idi.

Heydər Əliyev son dərəcə təcrübəli dövlət başçısı kimi bu çətin və mürəkkəb vəzifələrin öhdəsindən müvəffəqiyyətlə gəlmək bacarığı nümayiş etdirdi. Bu, Azərbaycana beynəlxalq aləmdə nüfuz və şöhrət qazandırdı, Heydər Əliyevin müəyyən etdiyi yeni xarici siyasət xəttinə və mövqeyinə inam yaratdı. Bunun nəticəsi olaraq Azərbaycan dünyanın bütün aparıcı ölkələrinin maraq mərkəzinə çevrildi, beynəlxalq və regional əməkdaşlıq sahəsində mühüm rol oynamağa başladı...

Heydər Əliyevin gərgin fəaliyyəti sayəsində Azərbaycan Respublikası Avropa Şurasına bərabərhüquqlu üzv qəbul edilərək ümumavropa ailəsinə qovuşdu və burada layiqli yerini tutdu. Ulu öndər nəinki Azərbaycan Respublikasının yeni siyasət xəttini müəyyən etdi, həmçinin bu siyasətin həyata keçirilməsinin yollarını, vasitələrini, üsul və metodlarını da böyük məharətlə düşünüb hazırladı.

Ulu öndərimizin respublikaya rəhbərliyinin ikinci dövründə dayanıqlı iqtisadi inkişaf və maliyyə sabitliyi əhalinin həyat səviyyəsinin yüksəlməsinə şərait yaratmış, dövlətin sosial yönümlü siyasət aparmaq imkanlarını genişləndirmişdir. Ardıcıl həyata keçirilən islahatlar iqtisadi artımla yanaşı, əhalinin gəlirlərinin artmasına da kömək etmişdir.

Xatırladaq ki, Heydər Əliyevin təşəbbüsü ilə əmək haqqı sahəsində aparılan islahatlar və həyata keçirilən tədbirlər nəticəsində 1994-2001-ci illərdə səhiyyə, mədəniyyət, incəsənət, kütləvi informasiya vasitələri, idman və sosial təminat sahələrində maaşlar bir neçə dəfə artmışdır. Pedaqoji işçilərin əmək haqları orta hesabla 8,1 dəfə, elmi işçilərin aylıq maaşları 6,6 dəfə çoxalmışdır. 2001-ci ilin nəticələrinə görə, Azərbaycan Respublikasında orta aylıq əmək haqqı 55 ABŞ dollarına bərabər olmuşdur ki, bu da Qırğızıstan, Gürcüstan, Moldova, Ukrayna, Tacikistan və Ermənistan kimi ölkələrlə müqayisədə kifayət qədər yüksək idi. Həyata keçirilən əmək haqqı islahatları və sosial müdafiə tədbirləri aztəminatlı əhalinin rifahının yaxşılaşmasında xüsusilə böyük rol oynamışdır...

Ümummilli liderimiz haqqında söhbət açarkən iş adamı olaraq diqqəti bir məqama da yönəltməyi zəruri sayıram. Bu böyük şəxsiyyət yenidən Azərbaycana hakimiyyətə qayıtdıqdan sonra sahibkarlığın inkişafına xüsusi diqqət yetirdi. Bunun üçün ilk növbədə özəl bölmənin formalaşmasına, tərəqqisinə əlverişli şəraitin yaradılması məqsədilə onun hüquqi bazası hazırlanmalı idi. Ona görə də ulu öndərin tövsiyəsi ilə bazar münasibətləri əsasında iqtisadiyyatın inkişafına şərait yaradılması, sahibkarlığa hüquqi təminatın verilməsi və rəqabət mexanizminin formalaşması, həmçinin rəqabətin qorunması ilə bağlı bir sıra qanunvericilik aktları hazırlanaraq qəbul edildi. Eyni zamanda sahibkarlığın inkişafı sahəsində 1993-1995 və 1997-2000-ci illəri əhatə edən iki dövlət proqramının imzalanması da bu sahənin formalaşmasına öz müsbət təsirini göstərdi, kiçik və orta sahibkarlığın inkişafını Azərbaycan dövlətinin iqtisadi siyasətinin prioritet istiqamətlərindən birinə çevirdi.

Sözügedən dövlət proqramları çərçivəsində iqtisadiyyatımızın və sahibkarlığın tənzimlənməsi sahəsində əhəmiyyətli tədbirlər həyata keçirildi, sahibkarlara dövlət maliyyə yardımı sistemi formalaşdırıldı. Eyni zamanda sahibkarlara zəruri texniki yardım — məsləhət, informasiya və s. xidmətlər göstərən strukturlar formalaşdırıldı. Sahibkarların vergi yükünün azaldılması istiqamətində dövlət səviyyəsində müəyyən tədbirlər görüldü. Belə ki, mənfəət və əlavə dəyər vergisi dərəcələri, məcburi sığorta haqqı aşağı salındı, kiçik sahibkarlıq subyektlərinin bir qisminə vahid vergi tətbiq edilməyə başlanıldı.

Ümummilli liderimiz Heydər Əliyev 2002-ci ilin aprel-may aylarında yerli və xarici iş adamları ilə görüşlər keçirdi. Ulu öndərimiz yerli sahibkarlarla görüşündə yekun nitqində dedi ki, siz bilməlisiniz ki, biz lazım olan qayğını göstərəcəyik. İnanıram ki, siz də sahibkarlıq xüsusiyyətlərini daha da dərindən mənimsəyəcəksiniz, sağlam, öz xalqına, vətəninə sədaqətlə xidmət edən sahibkarlar kimi inkişaf edəcəksiniz. Bunlar hamısı Azərbaycanda iqtisadiyyatın sürətlənməsini təmin edəcəkdir... Bilin ki, Azərbaycan Prezidenti bütün sahibkarların himayədarı və dayağıdır.

Sahibkarlara dövlət qayğısının ən yüksək səviyyədə bir daha təsdiqi olan bu görüşlər və onların nəticəsi kimi 2002-ci ilin avqust-sentyabr aylarında imzalanmış çox mühüm fərman və sərəncamlar ölkədə sahibkarlığın inkişafında yeni bir mərhələnin əsasını qoydu.

Ulu öndərimiz yaxşı bilirdi ki, ölkə iqtisadiyyatının yenidən qurulması sahəsində qarşıda duran vəzifələrin yerinə yetirilməsi sahibkarlığın inkişafını sürətləndirməkdən, ölkənin sosial-iqtisadi problemlərinin həllində onun rolunu gücləndirməkdən və fəaliyyətini iqtisadiyyatın inkişafı tələblərinə daha da uyğunlaşdırmaqdan, bu istiqamətdə dövlət köməyini genişləndirməkdən, regionlarda sahibkarlığın inkişafı sahəsində mövcud potensialın reallaşdırılmasından asılıdır. Ona görə də ümummilli liderimizin 17 avqust 2002-ci il tarixli fərmanı ilə imzaladığı “Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafının Dövlət Proqramı (2002-2005-ci illər)” bu istiqamətdə həyata keçirilməli olan dövlət tədbirlərinin sistemliliyinin təmin edilməsində mühüm rol oynayaraq ölkədə sahibkarlığın inkişafına böyük təkan verdi. Xatırlatmaq yerinə düşər ki, qəbul edilmiş həmin sənəd özəl bölmədə ölkə iqtisadiyyatı potensialının daha da səmərəli reallaşdırılması baxımından struktur dəyişikliklərinin həyata keçirilməsinə, sahibkarlığın inkişafı mexanizmlərinin yaradılmasına yönəldilmişdi.

Ulu öndərimiz Heydər Əliyev sahibkarlığın regional inkişafının sürətləndirilməsinə xüsusi diqqət yetirirdi. Məhz yuxarıda adı çəkilən Dövlət Proqramı da sahibkarlığın inkişafının prioritet istiqamətinin reallaşması baxımından kompleks tədbirləri əhatə edirdi. Həmin proqram çərçivəsində nəzərdə tutulan müddətdə ölkə regionlarının investisiya xəritələri hazırlandı, regional təşviq mexanizmləri müəyyənləşdirildi və reallaşdırıldı. Bundan başqa, regional infrastrukturun yaradılması və inkişafı istiqamətində bir sıra ciddi tədbirlər həyata keçirildi ki, bunun da nəticəsində yerlərdə özəl bölmənin inkişafı sürətləndi, sahibkarlıq üçün əlverişli şərait yarandı.

Ulu öndərimizin özəl bölmədə diqqət yetirdiyi məsələlərdən biri də sahibkarlığa maliyyə dəstəyinin gücləndirilməsi idi. Bu məqsədlə 27 avqust 2002-ci il tarixdə “Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu haqqında Əsasnamənin təsdiq edilməsi barədə” fərman imzaladı. Bu fərman dövlət büdcəsi vəsaiti hesabına kiçik və orta sahibkarların etibarlı maliyyə müdafiəsi sistemi yaradılmasını reallaşdırdı. Adı çəkilən sənədin icrası nəticəsində eyni zamanda investisiya layihələrinin güzəştli şərtlərlə maliyyələşdirilməsi mexanizmi təkmilləşdirildi.

O illərdə sahibkarlığın dövlət tənzimlənməsinə də xüsusi fikir verilirdi. Kiçik və orta sahibkarlıq subyektlərinin müəyyən edilməsi meyarlarının təkmilləşdirilməsi ilə əlaqədar müvafiq normativ-hüquqi sənədlər hazırlandı. Bununla da sahibkarlıq sektoruna dövlət köməyinin ünvanlılığı daha da artırıldı. Kiçik sahibkarlıq subyektləri üçün səmərəli vergi sisteminin formalaşdırılması məqsədilə sadələşdirilmiş sistem üzrə verginin tətbiqi təcrübəsi geniş təhlil olundu və bu sistem təkmilləşdirildi. Həmin dəyişikliklər sadələşdirilmiş sistem üzrə vergi ödəyicilərinin bazasının genişlənməsinə, regionlarda kiçik sahibkarlığın inkişafının stimullaşdırılmasına müsbət təsir göstərdi.

“Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” ulu öndərimizin 2002-ci il 2 sentyabr tarixli fərmanı ilə təsdiq edilmiş sənədlərlə ölkədəki mövcud lisenziyalaşdırma sistemi köklü surətdə təkmilləşdirildi. Lisenziyalaşdırılan fəaliyyət növlərinin sayı 240-dan 30-a endirildi, sahibkarların lisenziya almaq mexanizmi xeyli sadələşdirildi, lisenziyanın müddəti 2 ildən 5 ilə qədər uzadıldı.

Yeni lisenziyalaşdırma sisteminin tətbiqi, şübhəsiz ki, azad rəqabətin inkişafına, istehsal olunan məhsulun və göstərilən xidmətin keyfiyyətinin yüksəlməsinə səbəb oldu. Bu sistemin tətbiqi məqsədilə fəaliyyət növlərinin xüsusiyyətlərindən asılı olaraq lisenziya verilməsi üçün tələb olunan əlavə şərtlər hazırlandı və Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edildi. Tələb olunan əlavə sənədlərin sayı minimuma endirildi və lisenziyalaşdırma sistemində şəffaf mexanizmin yaradılması təmin edildi. Bununla yanaşı, xüsusi razılıq (lisenziya) verilməsinə görə ödənilən dövlət rüsumunun məbləği Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edildi. Bu sənəddə kütləvi xarakter daşıyan fəaliyyət növləri üzrə dövlət rüsumunun məbləği minimal həddə müəyyənləşdirildi.

Ulu öndərimizin “Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında” 28 sentyabr 2002-ci il tarixli fərmanı ölkədə sahibkarların hüquqlarının qorunması sahəsində xüsusi əhəmiyyət kəsb etmişdir. “Yoxlama və nəzarət funksiyalarını həyata keçirən dövlət orqanları ilə sahibkarlıq subyektləri arasında partnyorluq sazişinin nümunəvi forması” hazırlanaraq Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmişdir. Bu sənəd sahibkarlarla dövlət tənzimləmə və nəzarət orqanları arasında sıx əməkdaşlığı, anlaşma münasibətlərinin qurulması istiqamətlərini müəyyənləşdirmişdir...

 

***

 

...Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və ciddi elmi əsaslara söykənən sosial-iqtisadi siyasət son yeddi ildə onun layiqli davamçısı — Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilmiş, respublikamız bütün sahələrdə sürətli inkişaf yoluna çıxmışdır. Ölkəmizdə həyata keçirilən səmərəli iqtisadi islahatlar kursunu inamla davam etdirərək dövrün tələblərinə uyğun yeni çalarlarla zənginləşdirən dövlət başçısı cənab İlham Əliyev özünün birinci və ikinci prezident seçkiləri ərəfəsində verdiyi bütün vədləri böyük səylə, ardıcıl və sistemli şəkildə yerinə yetirir. Dövlət başçısının ölkədə sahibkarlığın inkişafı istiqamətində atdığı addımlar sistemli və ardıcıl fəaliyyət konsepsiyasına əsaslanır. Azərbaycan Prezidenti hesab edir ki, bazar mexanizminin hərəkətverici qüvvəsi hesab edilən sahibkarlığın inkişafı keçid iqtisadiyyatlı ölkələrin siyasi, sosial-iqtisadi sisteminin yenidən qurulmasında, sosialyönümlü problemlərin kompleks həllində mühüm rol oynayır. Sahibkarlığın inkişafı, orta burjuaziyanın formalaşması cəmiyyətdə kəskin təbəqələşmənin qarşısını alır, inkişaf prosesində harmoniya yaradır.

Azərbaycandakı yerli və xarici sahibkarların etibarlı himayədarına çevrilmiş dövlət başçısının həyata keçirdiyi məqsədyönlü siyasət hesabına özəl sektor yeni inkişaf dönəminə qədəm qoymuş, sahibkarlığın inkişafına diqqət daha da artırılmışdır. Kiçik və orta sahibkarlığın güzəştli kreditlərlə maliyyələşdirilməsi, sahibkarların fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, özəl sektorda inkişafa mane olan problemlərin həlli istiqamətində mühüm addımlar atılmışdır.

Azərbaycan Prezidenti hələ 1 fevral 2004-cü il tarixdə yerli sahibkarlarla keçirdiyi görüşdə bu sahədə mövcud problemlərin həlli ilə bağlı konkret tapşırıqlar vermiş, sonrakı mərhələdə bu məqsədlə imzaladığı bütün fərman və sərəncamların icrasını daim diqqət mərkəzində saxlamışdır. Bu tarixi görüşdən cəmi bir neçə gün sonra 11 fevral 2004-cü ildə imzalanaraq qüvvəyə minmiş Azərbaycan Respublikası regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı regionların tarazlı, davamlı inkişafını, onların potensialının bir-birinə kömək mexanizmi üzərində qurulmasını, qeyri-neft sektorunun möhkəmlənməsini, iqtisadiyyatın neftdən asılılıq dərəcəsinin azaldılmasını, infrastrukturun yeniləşdirilməsini təmin edən kompleks sənəd olmaqla yanaşı, bölgələrdə özəl sektorun və sahibkarlığın inkişafına xüsusi diqqət ayırır...

Dövlət başçısı cənab İlham Əliyev prezidentlik fəaliyyəti dövründə inhisarçılığı, sahibkarlara süni maneələrin yaradılması hallarının yolverilməz olduğunu bəyan etmiş, bu cür neqativ təzahürlərin dərhal aradan qaldırılması üçün qətiyyətli addımlar atmışdır və bu gün də sözügedən istiqamətdə mühüm tədbirlər həyata keçirilir. Ötən müddət ərzində antiinhisar fəaliyyətinin gücləndirilməsi, inflyasiyanın qarşısının alınması üçün əsaslı işlər görülməsi, biznes subyektlərinin qeydiyyat, lisenziya sisteminin sadələşdirilməsi, yerlərdə regional iqtisad məhkəmələrinin yaradılması və digər tədbirlər bu istiqamətdə atılmış ciddi addımlardır.

Ölkə başçısının sahibkarlığa diqqət və qayğısı sayəsində dövlət büdcəsindən özəl sektorun inkişafı məqsədilə ayrılan vəsaitlərin həcmi də ildən-ilə artırılır. Aqrar sektorda çalışan iş adamları zəruri texnika, gübrə, toxum və digər bu kimi vasitələrlə təmin edilir. Ötən illər ərzində sahibkarlığın hüquqi bazasının sistem halına gətirilməsini təmin edən qanunlar və bir sıra digər mühüm normativ sənədlər qəbul edilmişdir. Sahibkarların vergi yükü azaldılmış, bu sistem xeyli dərəcədə sadələşdirilmişdir. Eyni zamanda, mərkəzdə və regionlarda infrastrukturun yeniləşdirilməsinin, respublikanın ən müxtəlif bölgələrində modul tipli elektrik stansiyaların qurulmasının, əyalətlərin mavi yanacaqla təchizatının özü də dövlətin özəl sektora dəstəyinin real təzahürüdür.

Bəli, bütün bunlara görədir ki, sahibkarlar, iş adamları gələcəyə bu gün də nikbin baxırlar. Bu inamın əsasında isə ilk növbədə ölkədə sosial-iqtisadi həyatın bütün sahələrində inkişaf üçün möhkəm təməl, əlverişli şərait, sabitlik yaradılması, ən başlıcası başlanılan işin qətiyyətlə davam etdirilməsi dayanır. Sevindirici haldır ki, məhz böyük öndərimizin uzaqgörən, işıqlı ideyaları, tövsiyələri bu gün Heydər Əliyev siyasi məktəbinin layiqli yetirməsi Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla yerinə yetirilir.

 

 

Elşad ABBASOV,

EMBAWOOD şirkətinin prezidenti

 

Xalq qəzeti.- 2009.- 12 dekabr.- S. 5.