Mingəçevirdə ümummilli lider anılmışdır

 

Mincəçevir Şəhər İcra Hakimiyyətində YAP şəhər təşkilatı ilə birlikdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım gününə həsr edilmiş “Heydər Əliyev: tarixi şəxsiyyət, əbədiyaşar lider” mövzusunda elmi-nəzəri konfrans keçirilmişdir. Konfransı giriş sözü ilə Mingəçevir şəhər İH başçısı Mübariz Ağayev açmış və məruzələr dinlənilmişdir. “Heydər Əliyev müstəqilliyimizi dönməz və əbədi edən şəxsiyyətdir” mövzusunda Mingəçevir Turizm kollecinin müəllimi Samirə Hacıyeva, “Heydər Əliyev milli inkişaf strategiyamızn müəllifidir” mövzusunda AMİ Mingəçevir filialının dekanı Namaz Manafov, “Heydər Əliyev — ideyaları əbədi yaşayan ümummilli liderdir” mövzusunda Mingəçevir tibb məktəbinin müəllimi Zaur Museyibov məruzələrlə çıxış etmişlər.

Şəhər İH başçısı M.Ağayev yekun nitqi söyləyərək, qeyd etmişdir ki, energetiklər şəhəri olan Mingəçevirin günü-gündən abadlaşması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Şəhərimiz məhz onun dövründə böyük sənaye şəhərinə çevrilmiş, İstilik Elektrik Stansiyasının tikilişi onun dövründə olmuşdur. Bu gün Mingəçevirimizin inkişafı onun ideyalarının təzahürüdür. Onun əbədi xatirəsi hər bir mingəçevirlinin ürəyində daimi yaşayacaqdır.

Anım günü münasibətilə şəhərin idarə, müəssisə və təşkilatlarında, ali və orta ümumtəhsil müəssisələrində tədbirlər keçirilmiş, şəhərin idarə, müəssisə və təşkilatlarının kollektivləri, 10 minlərlə şəhər sakini Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoymuş, onun xatirəsinə öz ehtiramlarını bildirmişlər.

 

 

İ.MUSAOĞLU

 

Xalq qəzeti.- 2009.- 12 dekabr.- S. 11.