Əbədiyaşar lider Zaqatalada da anıldı

 

Zaqataladakı Heydər Əliyev muzeyində ümummilli liderimiz Heydər Əliyevin anım günü münasibəti ilə elmi-praktiki konfrans keçirilmişdir. Rayon fəallarının iştirak etdiyi tədbirdə ilk öncə ulu öndərə həsr olunmuş film nümayiş etdirilmişdir.

 

Konfransda Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin “Heydər Əliyev — Əbədiyaşar lider” mövzusunda geniş məruzəsi dinlənilmişdir. Məruzədə rayon rəhbəri müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın müdrik rəhbəri, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu Heydər Əliyevin müasir Azərbaycanın tarixindəki rolu, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu siyasət barədə ətraflı məlumat vermişdir. Daha sonra natiq şərəfli və mənalı ömür yolunun 40 ilini ölkəmizin rəhbəri kimi xalqının tərəqqisinə həsr etmiş ulu öndərimiz Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi əsaslarını yaratdığını, xalqı həqiqi müstəqilliyə qovuşduraraq ictimai şüurda əbədiyaşarlıq hüququ qazandığını xüsusi vurğulamışdır. Rayon rəhbəri ümummilli liderimiz Heydər Əliyevin dahiliyi, siyasi idarəçilik təcrübəsi, klassik və çağdaş mənada dövlətçiliyin təməl prinsiplərinə dərindən bələd olması və siyasi fəaliyyəti boyu həmin prinsiplərə istinad etməsi bu fenomen şəxsiyyətin uzaqgörənliyini, müdrikliyini, ən ekstremal vəziyyətlərdə yeganə doğru qərar qəbul etmək bacarığını və qələbələrini şərtləndirən amillərdən olduğunu qeyd etmiş, ulu öndər, müdrik və dahi şəxsiyyət Heydər Əliyevin əziz və işıqlı xatirəsinin qədirbilən Azərbaycan xalqının qəlbində ədəbi yaşayacağını xüsusi vurğulamışdır.

Rayon polis şöbəsinin rəisi polis polkovniki Faiq Şabanov, Heydər Əliyev muzeyinin direktoru Könül Abdulova və YAP rayon təşkilatının sədri Habil Qurbanovun “Azərbaycan tarixinin Heydər Əliyev erası”, “Əbədilik simvolu”, “Siyasət dünyasının nəhəngi” mövzularında etdikləri məruzələrdə ulu öndərin xalqımız qarşısındakı əvəzsiz xidmətləri bir daha xatırlanmış, onun zəngin həyat yolu və çoxsahəli fəaliyyətinin ən önəmli məqamlarına toxunulmuşdur.

Konfrans dahi şəxsiyyətə həsr olunmuş ədəbi-bədii kompozisiya ilə yekunlaşmışdır.

 

 

İ.MUSAOĞLU

 

Xalq qəzeti.- 2009.- 12 dekabr.- S. 8.