Ulu öndər Heydər Əliyevin dövlət, millət qarşısındakı xidmətləri zaman keçdikcə daha aydın görünür

 

Ötən əsrin əvvəlləri kimi, sonları da Azərbaycan üçün mürəkkəb və ziddiyyətli, dinamik və taleyüklü proseslərlə səciyyələnən zəngin dövlət quruculuğu dövrü kimi tarixə qovuşmuşdur. Təbiidir ki, tarixə qovuşma prosesi müəyyən zaman daxilində baş verir və bu zamandan maksimum səmərəli yararlanma, onu xalqın, millətin inkişafına, gələcəyinə, dövlətin möhkəmləndirilməsinə yönəltmək missiyası şəxsiyyətlərin fəaliyyəti, adı ilə bağlı olur. Heydər Əliyev şəxsiyyət kimi tarixi hadisədir. Tarix şəxsiyyəti, bu cür şəxsiyyətlər isə tarixi yaradır. Müdriklər demişlər ki, şəxsiyyəti mühit və hadisələr yetirir, ancaq hadisələri də şəxsiyyətlər idarə edir və hadisələr özü də onların izini daşıyır.

 

Deyildiyi kimi, boş zaman yoxdur, boşa keçən zaman var. Məhz fəaliyyətinin hər dövründə zamanı boşa keçirməyən, əksinə, zamanı əməlləri ilə zənginləşdirən ulu öndər Heydər Əliyevin ən əsas, müqəddəs istəyi xalqın birliyinə, dünya azərbaycanlılarının həmrəyliyinə söykənən güclü, möhtəşəm, qüdrətli müasir dövlətin yaradılması olmuşdur. Ümumbəşəri xüsusiyyətləri özündə cəmləşdirən milli lider Heydər Əliyev milli dövlətçiliyi və azərbaycançılıq ideyalarını hər şeydən üstün tutmuşdur və o, xalqın öz Vətəninə ürəkdən bağlı olan nadir şəxsiyyətlərindəndir. Belə şəxsiyyətlər tarixin ən çətin və keşməkeşli dövrlərində milli ruhun enerjisindən, xalqın tarixi-siyasi tələbatından və genetik potensialından doğulur.

Heydər Əliyev öz parlaq siyasi zəkası və istedadı sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaratmış və gələcəyə aparan yolları müəyyən etmişdir. Məhz buna görə də Azərbaycan tarixinin 1969-cu ildən bəri yaşanan dövrü Heydər Əliyevin adı ilə sıx bağlıdır və tariximizə Heydər Əliyev dövrü kimi həkk olunmuşdur. Bu dövrün Azərbaycanın gələcək tarixi taleyi baxımından başlıca məzmunu isə azərbaycançılıqdır. Heydər Əliyevin dövlətçilik strateji proqramında azərbaycançılıq məfkurəsi xüsusi yer tutmuşdur. Heydər Əliyevin 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq tutduğu vəzifələrdən istefa verməsi, 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etməsi, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını qətiyyətlə tərk etməsi vətənpərvərliklə, azərbaycançılıq məfkurəsi ilə bağlı idi. Bu, əsl vətənpərvərlik mövqeyinin nümayişi idi.

Azərbaycanda dövlətçilik ənənələrinin XX əsrin sonlarında bərpa edilib zənginləşdirilməsi, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, onun beynəlxalq nüfuzunun sürətlə artması Heydər Əliyevin səmərəli fəaliyyəti sayəsində mümkün olmuşdur. Heydər Əliyev öz müdrik rəhbərliyi, siyasi uzaqgörənliyi, qətiyyəti və əzmkarlığı ilə zəmanəmizin görkəmli siyasi xadimi kimi tanınmış, Azərbaycan xalqının ümummilli liderinə çevrilmişdir. Azərbaycan ziyalısını keçən yüzilliklərdə ən ciddi bir şəkildə düşündürən milli dirçəliş problemləri bütöv şəkildə Heydər Əliyevin fəaliyyəti ilə strateji dövlət siyasəti müstəvisinə keçmişdir. Azərbaycanın hərtərəfli inkişafı üçün onun hazırladığı strateji istiqamətlər hələ uzun illər müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsi və gücləndirilməsi, iqtisadi qüdrətinin artırılması, xalqımızın layiq olduğu xoşbəxt həyata qovuşması işinə xidmət edəcəkdir.

Azərbaycanın müasir dövlətçiliyi tarixində müstəqillik dövrünün arxada qalan hər ilinin öz yeri vardır. Müstəqil Azərbaycanın keçdiyi sınaqlar, dövlətçiliyimizin ən ağır günlərində Heydər Əliyev qətiyyəti və müdrikliyi xalqımızı və Azərbaycanımızı həmişə xilas etmişdir. Ümummilli liderimiz keçilməsi mümkün olmayan maneələri dahiyanə yanaşması ilə böyük əzm və səylə qət etmişdir. Ulu öndər Heydər Əliyev demişdir: “Ağıl olan yerdə zora ehtiyac yoxdur. Tarix həmişə hər şeyi öz yerinə qoyur”.

Azərbaycan xalqının dahilik rəmzi olan Heydər Əliyevin dövlət, millət qarşısında tarixi xidmətləri zaman keçdikcə daha aydın görünür. Aydın görünür ki, Heydər Əliyev rəhbərliyinin bütün dövrlərində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarmışdır. O, böyük siyasi və dövlət xadimi, xalqın şəksiz lideri olaraq hələ sağlığında canlı əfsanəyə çevrilmiş, buna görə də Heydər Əliyev fenomeni həmişə diqqətləri cəlb etmiş, heyranlıq doğuracaq dərəcədə coşğun siyasi fəaliyyəti istər ölkə, istərsə də dünya miqyasında kök atmışdır.

Ulu öndərin uzaqgörən müdrik siyasəti nəticəsində müstəqil Azərbaycan dünya xalqları içərisində inkişaf etmiş dövlətlər birliyində öz layiqli yerini tutmaq, tərəqqi etmiş ölkələr sırasına qoşulmaq yolunda böyük inam və qətiyyətlə irəliləmişdir. Qısa müddətdə Azərbaycanın beynəlxalq imici dəyişmiş, ölkəmiz dünyanın siyasi və iqtisadi arenasının fəal subyektlərindən birinə çevrilmişdir. Bütün ölkədaxili, regional və coğrafi-siyasi maneələrə baxmayaraq, Azərbaycan dövlət quruculuğu və iqtisadi inkişaf sahəsində böyük nailiyyətlər əldə etmişdir. Məhz Heydər Əliyevin hakimiyyəti dövründə ölkədə siyasi plüralizm yaranmış, cəmiyyət əsl demokratiya yolu ilə inkişaf yoluna çıxmışdır.

Heydər Əliyevin dövlət və xalq qarşısındakı tarixi xidmətlərini heç kim inkar edə bilməz. Onun ölkədə vətəndaş həmrəyliyinə nail olunması, sabitlik yaradılması, müstəqil dövlət qurulması, iqtisadi-sosial sahədə, neft strategiyasında tarixi addımlar atılması, bütün sahələrdə mühüm islahatlar həyata keçirilməsi, beynəlxalq aləmdə respublikanın mövqeyinin möhkəmləndirilməsi sahəsində gördüyü işlər unudulmazdır. Ulu öndər ölkədə bazar iqtisadiyyatının təşəkkül tapmasında, Azərbaycana xarici investisiyaların cəlb olunmasında, beynəlxalq iqtisadi əlaqələrin genişləndirilməsində, xalqın rifah halının yüksəldilməsində çox böyük işlər görmüşdür. Məhz Heydər Əliyevin sayəsində Azərbaycan inkişaf etmiş və sivil dövlətlər sırasına çatmışdır. Ümumiyyətlə, siyasi, iqtisadi, sosial, mədəni həyatda, beynəlxalq sahədə kifayət qədər nailiyyətlər qazanılmışdırsa, dövlətçiliyin gücləndirilməsində, ölkənin tərəqqisində nə qədər yeniliklər, uğurlar əldə edilmişdirsə – bunlar Heydər Əliyevin sayəsində mümkün olmuşdur.

Müdrik şəxsiyyət Heydər Əliyevin rəhbərliyi ilə aparılmış məqsədyönlü siyasət nəticəsində ölkənin iqtisadi həyatında qazanılmış ən mühüm uğurlardan biri də dünyanın inkişaf etmiş nüfuzlu şirkətləri ilə bağlanmış neft müqavilələri olmuşdur. Bu müqavilələr Azərbaycan iqtisadiyyatının gələcək inkişafı üçün geniş perspektivlər açmışdır. Heydər Əliyevin neft strategiyası dövlətimizin müstəqilliyinin qarantına çevrilməklə yanaşı, azad iqtisadi münasibətlər mexanizmlərini də hərəkətə gətirmiş, ölkəmizin dünya iqtisadi məkanına dinamik inteqrasiyasını, xalqımızın rifahının artması üçün çox önəmli olan xarici sərmayələrin cəlb edilməsini təmin etmişdir. Bütün bunlar dövlətimizin daxili qüdrəti ilə yanaşı, beynəlxalq nüfuzunun artırılmasına xidmət edir. Xəzərin Azərbaycan hissəsində dünyanın tanınmış neft şirkətləri ilə yataqların birgə işlənməsi üzrə ilk sazişlərin, “Əsrin müqaviləsi”nin imzalanması, ölkəmizin parlaq gələcəyinə stimul yaradan yeni neft strategiyası Heydər Əliyev müdrikliyinin bariz nümunəsi idi. Siyasi və iqtisadi böhran keçirən bir ölkədə qısa zamanda sabitlik yaratmaq, dünyanın nəhəng şirkətlərini regiona cəlb etmək, konkret olaraq milyard dollarla ölçülən sazişləri imzalamaq, sözsüz ki, uzaqgörən siyasət və müdriklik tələb edirdi. “Əsrin müqaviləsi”nin Azərbaycanın parlaq inkişafı üçün nə demək olduğunu hamı anlamalıdır”. Bu sözlər məhz ümummilli lider Heydər Əliyevə məxsusdur.

Xüsusi vurğulanmalıdır ki, müstəqil Vətənimizin sosial, iqtisadi, siyasi inkişafı, Cənubi Qafqaz bölgəsində sülhün və əmin-amanlığın bərqərar olması istiqamətində Heydər Əliyev dühasının yeritdiyi siyasi kurs - Azərbaycanın beynəlxalq aləmə geniş inteqrasiyasına rəvac verən bu tərəqqi yolu ölkəmizin sayılıb-seçilən dövlətlər arasında öz layiqli yerini tutmasına, ən əsası isə xalqımızın firavan və xoşbəxt gələcəyinə tam təminat vermişdir.

Təbii ki, 2003-cü ilə qədərki tarixi nailiyyət bu dövrə qədər keçən son on ildə hüquqi dövlət quruculuğu, iqtisadi, sosial, humanitar və xarici siyasət sahəsində aparılan müdrik siyasi xəttin məntiqi nəticəsində qzanılmışdır. Azərbaycanın müharibə şəraitində yaşamasına və keçid dövrünün mahiyyətindən doğan çətinliklərə baxmayaraq, bu müddət ərzində Heydər Əliyevin gərgin və yorulmaz fəaliyyəti demokratik təsisatların, vətəndaş cəmiyyətinin formalaşması prosesinə, ictimai-siyasi sabitliyin və güclü iqtisadi potensialın yaranmasına gətirib çıxarmışdır. Bərqərar olmuş ictimai-siyasi sabitlik, əlverişli iqtisadi mühit xarici sərmayələrin həcminin artmasına səbəb olmuşdur. Neft strategiyasının uğurla həyata keçirilməsi sosial-iqtisadi inkişafa təkan vermiş, əhalinin sosial həyat şəraiti yaxşılaşdırılmış, yoxsulluğun səviyyəsinin azaldılması üçün mühüm işlər görülmüşdür. Milli-mənəvi dəyərlərin qorunub saxlanılması, zənginləşməsi və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi dövlətin prioritet vəzifələrindən birinə çevrilmişdir. Siyasi sistemin demokratik prinsiplər əsasında inkişafı, cəmiyyətimizdə ümumbəşəri dəyərlərin dərin kök salması Azərbycanın beynəlxalq aləmə sıx inteqrasiyasına və formalaşmaqda olan demokratik dövlət kimi tanınmasına yol açmışdır. Azərbaycanın dövlət müstəqilliyinin qorunması və təhlükəsizliyinin möhkəmləndirilməsi, dövlətlərarası əlaqələrin inkişaf etdirilməsi, beynəlxalq və regional təşkilatlarla səmərəli əməkdaşlıq ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli yer tutmasını təmin etmişdir. Beləliklə, ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi 1993-2003-cü illərdə müstəqil dövlətimizin tərəqqisi üçün möhkəm təməl yaradılmışdır. Bu dahi insan var qüvvəsi və bacarığını Azərbaycanımızın yüksəlişinə və böyük zirvələri qət etməsinə sərf etmişdir. Ulu öndər öz həyatının uğurlarını xalqına arxalanmaqda görərək demişdir: “Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi-siyasi, mənəvi inkişafına xidmət edir. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da, mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib”.

Xilaskarlıq missiyasının banisi kimi tanınan Heydər Əliyev XX əsrin son dərəcə mürəkkəb və ziddiyyətli tarixi şəraitində fəaliyyət göstərmişdir. Artıq qeyd etdiyimiz kimi, Azərbaycanın ən yeni tarixinin bütöv bir qərinəsi Heydər Əliyev şəxsiyyəti ilə, onun mübarizə yolu, böyük quruculuq fəaliyyəti ilə sıx bağlıdır. Məhz dahi şəxsiyyət Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə gəlməsi Azərbaycanın müstəqillik tarixində yeni bir mərhələnin başlanğıcını qoymuşdur. O dövrü bir anlığa xatırlayanda göz önünə, ilk növbədə, ölkədə hökm sürən anarxiya və xaos, hərc-mərclik və dərəbəylik gəlir. Bütün bunlara son qoymaq, ictimai-siyasi prosesləri normal məcraya yönəltmək hər kəsin işi deyildi və bu missiyanı öz Liderlik və Xilaskarlıq səyi və bacarığı sayəsində əbədiyaşar Prezident Heydər Əliyev üzərinə götürdü, bu dövləti əbədi, sarsılmaz və qüdrətli dövlətə, Azərbaycanın müstəqilliyini dünya müstəvisində reallığa çevirdi. Bəli, əsl həqiqətdir ki, bu böyük şəxsiyyət öz dərin zəkası, iti ağlı və mətin iradəsi ilə Azərbaycanımızı yüksəltdi, qorudu, müstəqilliyini yaşatdı və əbədiləşdirdi. İndi Azərbaycan adı Heydər Əliyevin adı ilə qoşa çəkilir. Beləliklə. “Bu və ya digər xalqın böyüklüyü onun sayca çoxluğu ilə deyil, bəşəriyyətə bəxş etdiyi dühalarla ölçülür” - müdrik kəlamı təsdiqini tapır.

Məhz ulu öndərin tarixi şəxsiyyət kimi meydana çıxması Azərbaycanda yeni günəşin doğmasına, ölkəmizin parlaq gələcəyinin bərqərar olmasına təkan verdi. Azərbaycanın inkişaf yolunu müəyyən edən Heydər Əliyevin səyləri nəticəsində ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında ciddi dönüş mərhələsinin başlanğıcı qoyuldu. Dövlətin əsası olan suverenlik, dövlətçilik, ədalət, demokratiya, milli yüksəliş, dünyəvi dövlət və liberal iqtisadiyyat kimi ümumbəşəri dəyərlərin sintezini təmin edən milli ideologiya formalaşdırıldı. Azərbaycanlıları dünyaya sivil dəyərlərin daşıyıcısı kimi tanıdan, dünya azərbaycanlılarını vətənə bağlayan azərbaycançılıq fəlsəfəsinin əsasları yarandı. Dünya xəritəsində suveren və müstəqil Azərbaycan adlı tarixi həqiqət ünvanı hər kəsə bəlli oldu. Heydər Əliyev sübut etdi ki, siyasət naşıların zənn etdiyi kimi asan məsələ deyildir. Hətta ən kəşməkəşli zamanlarda belə, Azərbaycan xalqının müstəqil olmaq hüququnu təmin edə bilmək böyük sənətdir.

Fransanın “Kuryer İnternasional” jurnalının 2003-cü ilin may nömrəsində nəşrin baş redaktoru Aleksandr Adler ulu öndər Heydər Əliyevə həsr etdiyi məqaləsində yazırdı: “Nə sülh, nə də firavanlıq gətirən tufanların tüğyan etdiyi müasir dünyada Heydər Əliyev kimi dövlət xadimləri həmişəkindən daha çox gərəkdir. Tanrı bu şəxsiyyəti təkcə öz xalqına deyil, həm də başqa xalqlara son dərəcə mürəkkəb tarixi bir məqamda göndərmişdir. O, bir sıra ciddi böhranlar keçirmiş və onları dəf etmişdir. O, bunların hamısına mətanətlə sinə gərmiş və onu mənən və cismən məhv etmək üçün göstərilmiş bütün cəhdlərə baxmayaraq, daha yüksəklərə qalxmışdır”.

Bu gün də Heydər Əliyevin müəyyən etdiyi yol davam etdirilir. Azərbaycan inkişaf edir, ən uca zirvələrə qalxır, beynəlxalq almədə öz nüfuzunu daha da gücləndirir. İndi Heydər Əliyev ideyaları Azərbaycan dövlətinin strateji inkişaf xəttinin ideoloji əsaslarını təşkil edir. Onun xalqımız, Vətənizmiz qarşısında ən böyük və müqəddəs borcu onun məmləkətimizin nailiyyətlərini gələcəkdə yaşatmaq və daha da təkmilləşdirmək iqtidarında olan layiqli, ləyaqətli bir varisi - İlham Əliyevi yetişdirməsidir. Belə ki, İlham Əliyev türk dünyasının ən qüdrətli sərkərdəsinin, Heydər Əliyev kimi azman siyasi liderin, qüdrətli zəka sahibinin yanında, siyasi kürəsində bərkimiş, yetkin dövlət başçısı olduğunu məsuliyyətli fəaliyyətində təsdiqləmişdir. Əgər indi ulu öndərin siyasi varisi, layiqli davamçisı İlham Əliyev bütün varlığı ilə müstəqil Azərbaycanımızın siyasi, iqtisadi və mədəni inkişafı istiqamətində həlledici əhəmiyyətə malik işlər görürsə, deməli, Heydər Əliyev ideyalarının həyata keçirilməsi başlıca vəzifə kimi öz aktuallığını saxlayır və xalq da öz Prezidentinin həyata keçirdiyi məqsədyönlü siyasəti dəstəkləyir. Artıq bu bir reallıqdır ki, Azərbaycan ümummilli liderimizin müəyyən etdiyi strateji və alternativi olmayan siyasi xətt ilə inamla irəliləyir, dövlətimiz gənc və dərin zəkaya malik liderlə daha sürətlə inkişaf edir. Azərbaycan getdikcə qüdrətli və dayanıqlı ölkəyə çevrilməklə dünya miqyasında öz mövqeyini və yerini möhkəmləndirir. Ölkə Prezidenti İlham Əliyev demişdir: “Mənim məqsədim budur ki, Azərbaycan xalqı daha da yaxşı yaşasın, əmin-amanlıq olsun, inkişaf olsun. Ölkəmiz daha da inkişaf etsin, güclənsin və Azərbaycan dünyada daha da möhkəm bir dövlətə çevrilsin”.

Artıq fəxrlə deyə bilərik ki, Azərbaycan möhkəm və qüdrətli dövlətə çevrilib və bu böyük şəxsiyyətlərin reallaşdırdıqları inkişaf konsepsiyası sayəsində əldə olunan uğurlar ölkəmizin nurlu sabahının təminatçısıdır.

Əsl rəhbər kimi məhz Heydər Əliyev Azərbaycan həqiqətlərini qətiyyətlə bütün dünyaya tanıda bilmişdir. Dünya siyasət meydanında cərəyan edən proseslərə təsir baxımından Azərbaycan rəhbəri həmişə öz sözü, öz çəkisi, öz sanbalı ilə seçilmişdir. Ümumxalq məhəbbəti qazanan Heydər Əliyevin bitməz-tükənməz enerjisi xalqı yaradıcılıq uğurlarına ruhlandırmışdır.

1993-cü ilin yayında xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev öz böyük siyasi təcrübəsi və müdrikliyi ilə Azərbaycanı təhlükəli vəziyyətdən çıxarmağa nail oldu. İlk növbədə, hakimiyyət vakuumu aradan qaldırıldı, respublikanın müxtəlif bölgələrində baş qaldırmış destruktiv qüvvələr xalqın fəal köməyi ilə zərərsizləşdirildi, vətəndaş müharibəsinin qarşısı alındı. Azərbaycanın dövlətçiliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə qəsdlər təşkil edən cinayətkar ünsürlər cəmiyyətdən təcrid edildi. 1994-cü ilin mayında Ermənistan-Azərbaycan müharibəsində atəşkəsə nail olundu. Heydər Əliyev Azərbaycan həqiqətlərini, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini dünya ictimaiyyətinə çatdıra bildi.

Azərbaycan yalnız Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra özünün geosiyasi imkanlarını gerçəkləşdirməyə başlamışdır. Heydər Əliyevin siyasi zəkası sayəsində Azərbaycanın beynəlxalq aləmdən təcrid olunmaq təhlükəsi aradan qaldırılmışdır. Dünya siyasət meydanında cərəyan edən proseslərə təsir baxımından Azərbaycan rəhbəri həmişə öz sözü, öz çəkisi, öz sanbalı ilə seçilmişdir. Heydər Əliyevin xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət verməsi, beynəlxalq miqyasda uğurlu və cəsarətli addımlar atması, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan bacarıq və məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin bu günü və gələcəyi baxımından son dərəcə əhəmiyyətli olmuşdur.

Heydər Əliyevin fəal diplomatiyası nəticəsində Azərbaycan dünyanın demokratik dövlətlərinin və aparıcı beynəlxalq təşkilatların ölkəmizə, onun zorla cəlb olunduğu silahlı münaqişəyə münasibətinin əsaslı surətdə dəyişməsinə nail ola bilmişdir. Heydər Əliyevin xarici siyasətinin əsasını sülh, beynəlxalq hüquq normalarına, sərhədlərin bütövlüyünə və toxunulmazlığına, dövlətlərin ərazi bütövlüyünə hörmət və qarşılıqlı surətdə faydalı əməkdaşlıq prinsipləri təşkil etmişdir.

Heydər Əliyev Azərbaycanın təbii sərvətlərindən, əlverişli coğrafi-strateji mövqeyinin üstünlüklərindən ölkənin milli mənafelərinə uyğun şəkildə istifadə edilməsinə yönəldilmiş irimiqyaslı beynəlxalq iqtisadi sazişlərin işlənib hazırlanması və həyata keçirilməsi sahəsində son dərəcə gərgin və səmərəli fəaliyyət göstərmişdir. Böyük bir coğrafi məkanda region qüvvələrinin birləşməsində də Heydər Əliyevin danılmaz xidmətləri olmuşdur.

Heydər Əliyevin daxili siyasəti hüquqi dövlət quruculuğuna, Azərbaycanın hər bir vətəndaşının azad, sərbəst yaşamaq hüquqlarının təmin edilməsinə, xalqın həyat şəraitinin yaxşılaşdırılmasına yönəldilmişdi. Bazar iqtisadiyyatı prinsiplərinin bərqərar olması, iqtisadi inkişafın təmin edilməsi, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası, özəlləşdirmə proqramının, aqrar islahatların həyata keçirilməsi bu siyasətin prioritetləri idi.

Heydər Əliyev bizim dahi müasirimizdir. Bu faktın özü hər bir azərbaycanlı üçün qürur və iftixar mənbəyidir. Müstəqil Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasını məhz Heydər Əliyev yaratmışdır.

Bütün mənalı həyatını öz xalqına bəxş etmiş Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilmişdir. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaqdır.

Azərbaycan xalqının milli lideri, müdrik rəhbər və dahi şəxsiyyətin əziz və işıqlı xatirəsi qədirbilən Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır. Heydər Əliyev yalnız Azərbaycan xalqının deyil, bütün türk dünyasının milli lideri, zəmanənin böyük siyasi xadimdir. Heydər Əliyev hər zaman türklərin qəlbində yaşayacaq əfsanədir. Heydər Əliyev 1992-ci ildən başlayaraq türkdilli dövlətlər arasında iqtisadi, siyasi, ədəbi-mədəni əlaqələrin genişləndirilməsi və möhkəmləndirilməsi sahəsində gərgin fəaliyyət göstərmişdir. O, bütün türk dünyasının ən nüfuzlu şəxsiyyəti kimi şöhrət qazanmışdır. Məhz ona görədir ki, içtimai rəydə Heydər Əliyev türk dünyasının qüdrətli bir insanı, bütün türk dünyasında Atatürk kimi özünəməxsus yeri olan böyük rəhbər kimi ölməzlik qazanmışdır və ümummilli liderə olan sevgi daha da artmışdır.

Heydər Əliyev amili Azərbaycanda həyati əhəmiyyətə malik bütün dəyişikliklərdə mühüm və həlledici rol oynamışdır. Məmləkətimizdə gedən prosesləri diqqətindən qoymayaraq, parçalanma, qarşıdurma təhlükəsinin labüdlüyü anında xalqın, Vətənin imdadına yetişən ulu öndər dövlətçilik təcrübəsinin bütün variantlarından istifadə etməyə məcbur olmuşdur. Zəkasının ziyası ilə məmləkətimizi bürümüş zülməti yox edərək, aydınlığa çıxarmışdır. Ən əsası isə odur ki, Azərbaycanın müstəqillik yolu ilə inamla addımlaması, uğurlara zənginləşməsi Heydər Əliyevin şəxsiyyət bütövlüyünün, əqidəcə saflığının nəticəsi idi.

Azərbaycanın taleyüklü problemlərinin həllində, müqəddəs milli vəzifələrin uğurla həyata keçirilməsində, beynəlxalq ictimai rəydə, Vətənimizin daha böyük uğurlar qazanmasında xalqımızın böyük oğlu Heydər Əliyevin misilsiz xidmətləri təsdiqlənmiş və qəbul edilmişdir. İnamla demək olar ki, Heydər Əliyevin həyat və idarəetmə salnaməsi, siyasi peşəkarlığı və yenilməz iradəsi məhz bu vəzifələrin yerinə yetirilməsində başlıca təminat olmuşdur. Heç kəs yaddan çıxarmamalıdır ki, Azərbaycanın bölüşdürülməsi və daxili toqquşmalar, vətəndaş qarşıdurması və etnik toqquşmalar içərisində boğulmasını nəzərdə tutan məkrli planlar məhz Heydər Əliyev fonameni sayəsində aradan qalxmışdır.

Heydər Əliyevin siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində gerçəkləşdirdiyi planlar artıq bugünkü Azərbaycanın reallığına çevrilmişdir. Onun fəaliyyəti də, şəxsiyyəti də Azərbaycan tarixinin ayrılmaz bir hissəsini təşkil edir. Hər bir azərbaycanlının taleyində Heydər Əliyev dühasının bir zərrəsi vardır. Görkəmli filosof, Milli Elmlər Akademiyasının həqiqi üzvü, fəlsəfə elmləri doktoru, professor Ramiz Mehdiyev haqlı olaraq qeyd edir ki, “Heydər Əliyev zəngin tarixə malik bir xalqın özünütəsdiqi üçün zəruri olan milli-mədəni məkanda yaşamaq imkanını reallaşdırdı. Nəticədə milli yiyəlik hissinə sahib olan, dövlətçilik təfəkkürünə yiyələnən, ölkənin bu günü və sabahı üçün məsuliyyət hissi ilə yaşayan azərbaycanlı vətəndaşın obrazı, dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi dövlət fəaliyyətinin mühüm istiqamətlərindən biri olmuşdur.

XX əsrdən bəhs edəndə həm də onu üç böyük ideyanın reallaşdığı, gələn nəsillərə miras qalan ideyalar əsri kimi səciyyələndirirlər. Bunlar suverenlik, demokratiya və siyasi inkişaf modelləri ideyalarıdır.

Heydər Əliyev ən qısa zaman kəsiyində yüzilliyin ideyaları sayılan bu üç irsi həyata keçirməyə, suveren, demokratik Azərbaycan dövləti yaratmağa, onun özünəməxsus siyasi inkişaf modelini müəyyənləşdirməyə qadir olmuşdur. O, sübut etmişdir ki, heç bir ideya cəmiyyətə kənardan diktə və göstərişlə qəbul etdirilə bilməz. Cəmiyyətin öz içərisində ideyanı duyan, konkret tarixi spesifikaya uyğun tətbiq edən, yeni ideyaları milyonlara çatdıra bilən siyasi lider hər şeyə qadirdir”.

Bəli, bu gün Azərbaycan sözün əsl mənasızda yüksək sürətlə böyük zirvələrə doğru irəliləyir, Azərbaycan öz qüdrətini daha da artırır. Heydər Əliyevin siyasi xəttinin davamçısı olan Prezident İlham Əliyev hazırda Azərbaycanı müvəffəqiyyətlə siyasi və iqtisadi modernləşməyə doğru aparır. İqtisadiyyatın liberallaşdırılması, ölkənin geosiyasi və geoiqtisadi çəkisinin artması, vətəndaş ilə dövlət arasında vahid birliyin, ahəngdarlığın bərqərar olması Azərbaycanı yüksələn xətlə inkişafa aparır. 2003-cü ilədək əldə edilmiş sabitlik və inkişaf son illər ərzində milli büdcənin həcmini 10 dəfədən çox, o cümlədən, müdafiə büdcəsini bir neçə dəfə, adambaşına düşən gəliri inkişafda olan ölkələrin səviyyəsinə qaldırmağa imkan vermişdir. Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində Azərbaycan iqtisadi inkişaf sürətinə görə dünyanın aparıcı dövlətləri sırasında yer almışdır. Son illər ərzində Azərbaycan rəqabət indeksi üzrə dünyanın 60 ölkəsi içərisində, postsosialist məkanında isə ilk yerlərdə təmsil olunmuşdur. Adambaşına düşən birbaşa xarici investisiyanın həcminə görə Azərbaycan regionda lider, dünyada isə ilk onluqdadır. Azərbaycanı dünyanın ən islahatçı ölkəsidir. Rəqabətədavamlılıq sahəsində Azərbaycan MDB ölkələri arasında şəksiz liderdir. Son illərdə həyata keçirilmiş tədbirlər ölkədə yoxsulluq səviyyəsinin əhəmiyyətli dərəcədə azalmasına gətirib çıxarmış, 800 mindən çox yeni iş yeri açılmışdır. Şəhər və kəndlərimiz günbəgün dəyişir, regionlarımız müasirləşir, informasiya-kommunikasiya vasitələrinin səmərəli inkişafı sayəsində ölkəmiz mühüm intellektual mərkəzə çevrilir. Bunların hamısı bir daha ölkəmizin sürətli inkişafının və modernləşməsinin bariz nümunəsidir. Əlbəttə ki, bu nailiyyətlərin əldə olunmasında müqəddəs Tanrımızın xalqımıza xoşbəxtlik rəmzi olaraq bəxş etdiyi gənc və uzaqgörən liderimiz İlham Əliyevin fəalliyyəti danılmaz bir həqiqətdir. Dahi şəxsiyyətin siyasi kursunu davam etdirən cənab İlham Əliyev böyük əzmkarlıq və mətanət göstərməklə Azərbaycanımızı qət olunması çətin sayılan zirvələrə ucaldır, dövlətçiliyimizi və tarixi müstəqilliyimizi daha da möhkəmləndirir.

“Əmin ola bilərsiniz ki, mən Heydər Əliyevin başladığı bütün işləri axıra çatdıracağam” - söyləyən Prezident İlham Əliyev ulu öndərimiz tərəfindən müəyyən edilmiş dövlətçilik kursunu davam etdirməklə, Azərbaycanımızı indiki firavan günlərə çatdırmış və gələcəyə, sabaha möhkəm təminat yaratmışdır.

Prezident İlham Əliyev böyük əzmlə həyata keçirdiyi quruculuq proqramının gerçəkləşməsi yolunda ciddi tədbirlərin görüldüyü vaxtda xalqımızın 2003-cü ilin dekabrında ümummilli lider Heydər Əliyevi itirməsi bütün cəmiyyətimizi sarsıtdı. Lakin kədərimiz nə qədər ağır olsa da, xalqımız özünün görkəmli oğlu Heydər Əliyevin ideyalarına sadiq qalaraq, onun bizə əmanət qoyduğu müstəqil dövlətçiliyimizi yaşadıb inkişaf etdirmək üçün qüvvələrini səfərbər etdi, ümummilli liderin siyasi varisi Prezident İlham Əliyevin hər bir vətəndaşın maraqlarını ifadə edən siyasi kursuna dəstək verdi.

Bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş Heydər Əliyev öz titanik fəaliyyətində həmişə xalqa arxalanmış, ən çətin anlarda ona müraciət etmişdir. Xalq da heç vaxt ondan öz dəstəyini əsirgəməmişdir. Xalqın Heydər Əliyevə göstərdiyi böyük etimad və ehtiram hissləri müdrik rəhbərin dəfn mərasimində də bir daha bütün dünyaya əyani şəkildə nümayiş etdirildi. Bu, milyonlarla insanın öz rəhbərinə bəslədiyi səmimi hisslərin misli görünməmiş təzahürü idi.

İndi ulu öndərin vəfatından altı il keçsə də, Azərbaycan xalqının yaddaşına xilaskar, qurucu, yaradıcı lider kimi həkk olunan bu dahi insan təkcə bizim yox, bütün dünya azərbaycanlılarının fəxrinə çevrilmişdir. Heç kəs unutmamalıdır ki, Azərbaycanı parçalanmaqdan qurtaran, beynəlxalq aləmdə tanıdan, bugünkü firavan, azad həyatımızın banisi məhz Heydər Əliyevdir. O, Azərbaycan xalqının dahilik rəmzidir. Akademik Ramiz Mehdiyev yazır: “Heydər Əliyevə siyasət səhnəsində heç kim qalib gələ bilməmişdir. O, dövlətçilik tarixində “qalib lider” obrazını yaratdı. Azərbaycan tarixində böyük uğurları ilə yanaşı, həm də ən müxtəlif səbəblərdən məğlubiyyət anı yaşayan liderlər çox olmuşdur. Heydər Əliyev isə Azərbaycan xalqına qalibiyyətin canlı obrazını, lider örnəyini bəxş etdi. Bu, tariximizdə həmişəlik qürur ünvanı kimi qalacaq və onun siyasətinə də alternativ yoxdur”.

 

 

Kamal ADIGÖZƏLOV,

Azərbaycan Respublikasının Prezidenti

yanında Strateji Araşdırmalar Mərkəzinin eksperti

 

Xalq qəzeti.- 2009.- 11 dekabr.- S. 3.