Samuxda ulu öndərin xatirəsi yad edilir

 

Samuxun girəcəyində öz orijinallığı, görkəmi ilə seçilən gözəl bir park var. Ulu öndər Heydər Əliyevin adını daşıyır. Bu park ilin bütün fəsillərində, günün istənilən vaxtında parkda istirahət edən, gəzən, əylənən rayon sakinlərinə, qonaqlara rast gəlmək mümkündür. Son günlər havaların soyuq keçməsinə baxmayaraq, parka gələnlərin sayı daha çoxdur ki, bu da təsadüfi deyil. Çünki parkda ümummilli lider Heydər Əliyevin əzəmətli bir heykəli var və bu hüznlü dekabr günlərində samuxlular dahi şəxsiyyətin xatirəsini yad etmək üçün axın-axın bura gəlir, abidənin önünə qərənfillər, gül-çiçək dəstələri qoyur.

 

Ulu öndər Heydər Əliyevin adı ilə bağlı Samuxda bir çox yerlər var. Günü-gündən gözəlləşən Heydər Əliyev prospekti göz oxşayır. Heydər Əliyev muzeyinə baş çəkənlər bir daha əmin olurlar ki, ulu öndərin Samuxun inkişafında, bu günə çatmasında necə böyük xidmətləri olub. O, Samux vaxtilə Xanlar rayonunun tərkibində olarkən üç dəfə bura gəlib, üzüm bağlarını gəzib, sadə zəhmət adamları ilə görüşüb, şəkil çəkdirib, onların arzu və ehtiyacları ilə maraqlanıb, köməklik göstərib, bir çox obyektlərin açılışında iştirak edib. Samuxlular istər o illəri, istərsə də 1993-cü ilin iyun hadisələri və ondan sonrakı dövrləri unutmurlar və daim ümummilli liderimizə minnətdarlıqlarını bildirirlər.

Gəncənin, necə deyərlər, beş addımlığında yerləşən Samuxun sakinləri qanlı-qadalı günlərinin arxada qalması üçün ulu öndərə borclu olduqlarını dönə-dönə qeyd edirlər. Samux “qan çanağı” adlandırılırdı. Xalq Cəbhəsi — Müsavat cütlüyü ölkənin hər yerində, o cümlədən Samuxda elə bir xaos yaratmışdı ki, onun nəticələri sadə adamları çaş-baş salmışdı. Günün-günorta çağı sovxoz direktoru, rayon prokuroru, günahsız adamlar öldürülürdü. İcra hakimiyyətinin başçıları həbs olunurdu, polis rəisi intiqam alırdı və sair.

Bütün bunlara Heydər Əliyev son qoydu. İndi Samux özünün əsl yüksəliş dövrünü yaşayır. Küçə meydanları, park xiyabanları tanımaq olmur. Bir-birindən yaraşıqlı o qədər təzə binalar ucaldılıb ki, saymaqla qurtaran deyil. Adamların günü-güzaranı da yaxşılaşıb. Rayon rəhbərliyi ilə sadə sakinlər arasında sıx ünsiyyət yaranıb. Dövlətçiliyə inam ölkə rəhbərinə inam, hörmət-izzət ən yüksək səviyyədədir.

...Rayon mədəniyyət evində keçirilənUlu öndər Heydər Əliyev daim bizimlədiradlandırılan anım gecəsində çıxış edənlər, rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyev başqaları ümummilli liderimizin Vətən xalq qarşısında misilsiz xidmətlərindən danışdılar, Samuxun bu günlərə gəlib çatmasında ulu öndərin prinsipiallığından, qorxmazlığından, təsirli tədbirlər görməsindən, özbaşınalığın qarşısını almasından, əmin-amanlıq yaratmasından söhbət saldılar.

Rayonun idarə, müəssisə təşkilatlarının, məktəb, mədəniyyət, səhiyyə ocaqlarının minlərlə işçisi, tələbələr, şagirdlər, veteranlar ulu öndərin abidəsi önünə gəlməklə bir daha ona öz ehtiramlarını bildirdilər.

 

 

Hamlet QASIMOV,

Xalq qəzetinin bölgə müxbiri

 

Xalq qəzeti.- 2009.- 11 dekabr.- S. 4.