Demokratik seçkilərin
keçirilməsi müasir vətəndaş cəmiyyətinin
qurulmasının ən mühüm şərtlərindəndir
Seçki hüququnun pozulmasına görə məsuliyyət
nəzərdə tutan normaların təkmilləşdirilməsi
yüksək demokratik tələblərə cavab verən
seçkilərin keçirilməsinin təmin edilməsinə
xidmət göstərir
Seçki hüququ ən vacib, zəruri və əsas
insan hüquqlarından biridir və onun nə dərəcədə
dolğun və tam həyata keçirilməsindən, təmin
olunmasından cəmiyyətdə stabilliyin və
qanunçuluğun vəziyyəti, hüquqi dövlətin
prinsiplərinin bərqərar olması, demokratiyanın
inkişafı çox asılıdır. Seçkilər
demokratiyanın təmin edilməsində və inkişaf etməsində
mühüm rol oynayırlar ki, bu da seçkilərin vətəndaşları
dövlətin idarə olunmasına cəlb edilməsi vasitəsi
olması ilə əlaqədardır. Seçkilər, eyni
zamanda, vətəndaşların siyasi fəallığının
artmasında mühüm əhəmiyyətə malikdirlər.
Təsadüfi deyildir ki, BMT -nin Baş Assambleyasının
1948-ci il 10 dekabr tarixli 217 saylı qətnaməsi ilə qəbul
və bəyan olunmuş insan hüquqları sahəsində ən
nüfuzlu beynəlxalq sənəd olan “Ümumdünya
İnsan hüquqları Bəyannaməsi”nin 21-ci maddəsinin
3-cü hissəsində deyilir: “Dövlət hakimiyyətinin əsasında
xalqın iradəsi durmalıdır. Bu iradə ümumi və
bərabər seçki hüququ əsasında gizli səsvermə
yolu ilə, yaxud səsvermənin azadlığını təmin
edən eyni mənalı formalarda keçirilən
vaxtaşırı və saxtalaşdırılmamış
seçkilərdə öz əksini tapmalıdır”.
İnkişaf etmiş
dünya ölkələrinin insan hüquqları sahəsində
ən mütərəqqi nailiyyətlərini özündə
birləşdirən, beynəlxalq birliyin insan
hüquqlarına dair qəbul etdiyi demokratik norma və tələbləri
tam şəkildə əks etdirən, 12 dekabr 1995-ci il tarixdə
qəbul olunmuş Azərbaycan Respublikası
Konstitusiyasının birinci maddəsi bəyan edir ki, Azərbaycan
Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi
Azərbaycan xalqıdır. Konstitusiyamızın ikinci maddəsi
isə öz müqəddəratını sərbəst və
müstəqil olaraq həll etməyi və öz idarəetmə
formasını müəyyən etməyi xalqın suveren
hüququ olduğunu təsdiq edir. Maddənin ikinci hissəsində
qeyd olunduğu kimi, Azərbaycan xalqı öz suveren
hüququnu bilavasitə ümumxalq səsverməsi - referendum və
ümumi, bərabər və birbaşa seçki hüququ əsasında
sərbəst, gizli və şəxsi səsvermə yolu ilə
seçilmiş nümayəndələr vasitəsilə həyata
keçirir. Seçkilər özlüyündə
mühüm əhəmiyyətli siyasi tədbir olaraq, ölkədə
demokratiyanın başlıca göstəricisi və xalqın
iradəsinin qanuni formada ifadəsidir.
Demokratik seçkilərin
keçirilməsinin təmin edilməsi müasir vətəndaş
cəmiyyətinin qurulmasının ən mühüm şərtlərindən
biridir. Seçkilər vətəndaşların dövlətin
idarə edilməsinə cəlb olunması vasitəsi
olduğundan demokratiyanın təmin edilməsində
mühüm rol oynayırlar. Dövlət hakimiyyəti
orqanları demokratik seçkilər nəticəsində
formalaşdırıldıqda cəmiyyətdə mövcud
olan qüvvələrin nisbi çəkisini əks etdirirlər.
Bu isə maraqların müxtəlifliyinə əsaslanan vətəndaş
cəmiyyətinin subyektlərinin könüllü qaydada
qanunlara riayət etmələrini və cəmiyyətdə
dönməz stabilliyin mövcudluğunu təmin etmiş olur.
Dövlət hakimiyyəti orqanlarının seçkilər yolu ilə formalaşdırılmasının mühüm əhəmiyyəti onların vətəndaşların iradəsi əsasında təşkil edilməsinin, fəaliyyət göstərməsinin və cəmiyyətin əksər hissəsinin maraqlarını təmsil etməsinin təmin olunmasındadır. Seçkilər xalqın əksəriyyətinin iradəsinin düzgün olaraq müəyyən edilməsi əsasında demokratik hakimiyyət formalaşdırılmasının ən mütərəqqi üsuludur. Seçkilər zamanı vətəndaşların iradəsinin obyektiv olaraq, sui istifadələrə yol vermədən müəyyən edilməsi üçün demokratik seçki prosesinin keçirilməsini təmin edən seçki qanunvericiliyinin mövcudluğu əsas şərtlərdən biridir.
Azərbaycan Respublikasının seçki qanunvericiliyi elə qurulmuşdur ki, seçkilərin keçirilməsi üçün demokratik şərait yaradılsın, vətəndaşlar, müxtəlif siyasi partiyalar, partiyalar blokları seçki prosesində bərabər əsaslarla və aşkarlıq şəraitində iştirak edə bilsinlər. Eyni zamanda seçki prosesinə hər hansı kənar müdaxilənin istisna olunması, şəffaflığın təmin olunması, qanunsuz halların qarşısının alınması və qanunsuz hallara yol verən şəxslərin qanunvericiliyin tələbinə əsasən cəzalandırılmasının təmin olunması üçün qanunda müvafiq norma və müddəalar nəzərdə tutulmuşdur.
Məlumdur ki, hər hansı hüquqi normanın, normativ hüquqi aktın real olması, həyata keçirilməsinin təmin olunması üçün onun tələblərinin pozulmasına görə məsuliyyət müəyyən edilməsi, sonuncunun həyata keçirilməsi mexanizminin olması və işləməsi çox əhəmiyyətlidir. Bu baxımdan seçki hüquqlarının pozulmasına görə məsuliyyət nəzərdə tutan qanunvericiliyin beynəlxalq standartlara uyğun demokratik seçkilərin keçirilməsinə xidmət etməsi xüsusi əhəmiyyətə malikdir. Bu isə dövlətin, hakimiyyətin ölkədə keçirilən hər bir seçkinin, o cümlədən qarşıdan gələn bələdiyyə seçkilərinin tam demokratik əsaslarla, qanunun bütün tələblərinə riayət olunmaqla, qanun pozuntusuna, vətəndaşların seçki hüquqlarının pozulması hallarına yol verilmədən, belə hallar baş verdikdə isə qanunun tələblərinin pozulmasında təqsiri olan şəxslərin qanunla müəyyən edilmiş məsuliyyətə cəlb olunması təmin edilməklə həyata keçirilməsinə dair qəti mövqeyindən irəli gəlir.
“Seçki hüququ” ifadəsi iki mənada: obyektiv və subyektiv mənada başa düşülür. Obyektiv mənada “seçki hüququ” dedikdə hüququn bir müstəqil sahəsi, respublika Prezidentinin, Milli Məclisin deputatlarının, bələdiyyə üzvlərinin seçilməsi, referendumların keçirilməsi ilə əlaqədar yaranan ictimai münasibətləri tənzim edən qanunvericilik sahəsi başa düşülür. Subyektiv mənada götürdükdə isə “seçki hüququ” ifadəsi vətəndaşların seçkilərdə, referendumda iştirak etməsi, Respublika Prezidentinin, Milli Məclisin deputatlarının, bələdiyyə üzvlərinin seçkilərinin, referendumun keçirilməsi ilə bağlı malik olduqları hüquqları mənasını daşıyır.
Seçki Məcəlləsinin 1.1.8-ci maddəsinə əsasən seçki hüququ dedikdə Azərbaycan Respublikası Milli Məclisinin deputatlarını, Azərbaycan Respublikasının Prezidentini, bələdiyyə üzvlərini seçmək və həmin orqanlara, Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilmək hüququ, o cümlədən namizədlərin irəli sürülməsində, seçkiqabağı (referendumqabağı) təşviqatda, seçki (referendum) komissiyalarının işində, seçkilərin (referendumun) keçirilməsinin müşahidəsində, səsvermədə, digər seçki (referendum) hərəkətlərinin həyata keçirilməsində iştirak etmək başa düşülür. Göründüyü kimi, qanun seçki hüququ ifadəsinin məzmununu subyektiv mənada qəbul etməklə ona çox geniş məna vermiş olur. Faktiki olaraq Milli Məclisə seçkilərin, Azərbaycan Respublikası Prezidentinin seçkilərinin və bələdiyyə seçkilərinin, eləcə də referendumların keçirilməsi ilə əlaqədar qanunla müəyyən edilmiş tələblərin pozulması seçki hüququnun pozulması kimi qəbul oluna bilər.
Respublikamızda qüvvədə olan seçki qanunvericiliyi ölkədə demokratik və şəffaf seçkilərin keçirilməsinə imkan yaratmışdır. Son zamanlar ölkəmizdə keçirilmiş bir neçə azad və ədalətli, inkişaf etmiş demokratik dövlətlərə aid olan dünya standartlarına tam cavab verən prezident, parlament və bələdiyyə seçkiləri bu fikri əyani olaraq təsdiq edir. Demokratik seçkilərin keçirilməsini təmin etmək üçün Azərbaycan Respublikasında seçkilərin və referendumların təşkil edilməsi və keçirilməsi bu məqsədlə xüsusi olaraq yaradılmış orqanlar - seçki (referendum) komissiyaları tərəfindən həyata keçirilir. Seçki (referendum) komissiyaları öz fəaliyyətlərində hər hansı dövlət hakimiyyət orqanlarından, bələdiyyə qurumlarından, siyasi partiyalardan, qeyri-hökümət təşkilatlarından və başqa ictimai təşkilatlardan, digər hüquqi və fiziki şəxslərdən asılı deyildirlər. Seçki komissiyalarının işinə müdaxilə edən və ya təsir göstərən şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyətə cəlb edilirlər. Seçki komissiyaları öz fəaliyyətlərində qanuna əsaslanmalı: qanunları tam, bərabər və qərəzsiz tətbiq etməli; hər bir siyasi partiyaya, referendum üzrə təşviqat qrupuna namizədə, seçiciyə və seçki kampaniyasının digər iştirakçılarına ədalətli və bərabər münasibət bəsləməli; onlara münasibətdə neytral və qərəzsiz olmalı, onların hər hansı birinin dəstəklənməsinə yönəldilən və ya dəstəklənməsi kimi başa düşülə bilən hərəkətlərə yol verməməlidirlər.
Qeyd etməliyəm ki, seçkilərin qüvvədə olan qanunvericiliyin tələblərinə tam uyğun olaraq, demokratik və şəffaf qaydada keçirilməsinə, seçki qanunvericiliyinin pozulmasında təqsiri olan şəxslərin məsuliyyətə cəlb olunmasının labüdlüyünün təmin olunması məsələlərinə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən xüsusi önəm verilir. Bu sahədə görülən tədbirlərin əhəmiyyətini qeyd etmək üçün dövlət başçısının bir mühüm sərəncamını yada salmaq istərdim. 2005-ci ilin noyabrında keçirilmiş parlament seçkilərinə hazırlıq dövründə və həmin seçkilərin keçirilməsi zamanı bu sahədə baş verə bilən əyintilərin və qanun pozuntularının qarşısını almaq, Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin Azərbaycan Respublikası Seçki Məcəlləsinin müddəalarına tam uyğun keçirmək, bu sahədə icra hakimiyyəti orqanlarının üzərinə düşən vəzifələrin lazımınca yerinə yetirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti “Azərbaycan Respublikasında seçki praktikasının təkmilləşdirilməsinə dair” 11 may 2005-ci il tarixli 806 nömrəli Sərəncam imzalamışdır. Sərəncamda xüsusi olaraq qeyd edilmişdir ki, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri, digər dövlət məmurları seçki prosesinə qanuna zidd olaraq müdaxilə edərlərsə, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb ediləcəklər. Bununla yanaşı, Sərəncamda Mərkəzi və yerli icra hakimiyyəti orqanlarına Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq, öz səlahiyyətləri çərçivəsində seçkilərdən sonra siyasi mənsubiyyətə görə vətəndaşların təqib olunmasına yol verməmələri və bu cür faktlar aşkar olunduqda belə hərəkətlər etmiş şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb olunmaları üçün zəruri tədbirlər görmələri tapşırılmışdır. Qanunun tələblərinə uyğun demokratik seçkilərin keçirilməsini istəməyən bəzi müxalifət nümayəndələrinin seçki qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb etmə hallarına siyasi təqib donu geyindirmək cəhdlərinin qarşısının alınması üçün Sərəncamda izah edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, İnzibati Xətalar Məcəlləsinin və digər qanunların tələblərinin vətəndaşlar tərəfindən pozulmasına görə onların məsuliyyətə cəlb edilməsi halları siyasi mənsubiyyətə görə təqib kimi qiymətləndirilə bilməz.
Azərbaycan Respublikasının Seçki Məcəlləsinin öyrənilməsi və təhlili onun müddəa və normalarının demokratik referendum və seçkilərin keçirilməsinə tam əsas və şərait yaratdığı fikrini mübağiləsiz olaraq təsdiq edir. Seçki qanunvericiliyinin demokratik əsaslarla qurulması onun prinsiplərindən tutmuş bu və digər seçki növünə aid olan konkret müddəalara kimi, demək olar ki, hər normada nəzərə çarpır. Lakin, qanunvericiliyin, o cümlədən seçki qanunvericiliyinin demokratikləşməsi və təkmilləşməsi prosesi sonu olmayan bir prosesdir. Qüvvədə olan qanun nə qədər təkmil olsa da ictimai münasibətlər inkişaf etdikcə dəyişikliyə və əlavəyə ehtiyac yaranır. Azərbaycan Respublikasının seçki qanunvericiliyi öz demokratikliyinə görə digər ölkələrin müvafiq qanunvericiliyinə nümunə ola bilməsinə baxmayaraq, onun Avropa Şurasının Venesiya Komissiyasının və ATƏT-in Demokratik Təsisatlar İnsan Hüquqları Bürosunun tövsiyələri nəzərə alınmaqla daha da demokratikləşməsi, daha da təkmilləşməsi istiqamətində mütəmadi olaraq iş aparılır.
Seçki qanunvericiliyinin təkmilləşdirilməsi və daha da demokratikləşdirilməsi prosesi seçki hüquqlarının pozulmasına görə məsuliyyət nəzərdə tutan norma və müddəalardan da yan keçməmişdir. Seçki Məcəlləsinin Ümumi hissəsinin bütöv bir fəsli on altıncı fəsli vətəndaşların seçki hüquqlarının pozulmasından şikayət və vətəndaşların seçki hüquqlarının pozulmasına görə məsuliyyət məsələlərinə həsr edilmişdir. Bu fəsildə vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayət edilməsi, məcəllənin tələbləri pozulduqda qeydə alınmış namizədin, referendum üzrə təşviqat qrupunun qeydiyyatının ləğv edilməsi, namizədlərin qeydə alınmasından imtina edilməsi, səsvermənin nəticələrinin və seçkilərin (referendumunun) yekunları haqqında seçki komissiyalarının qərarlarının ləğv edilməsi, vətəndaşların seçki hüquqlarının pozulmasına görə məsuliyyətə cəlb edilməsi qaydaları müəyyən edilmişdir.
Seçki Məcəlləsinin 112-ci maddəsinə əsasən seçicilər, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupları qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının vəkil edilmiş şəxsləri, müşahidəçilər, habelə seçki komissiyaları vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində müvafiq yuxarı seçki komissiyasına şikayət təqdim edə bilərlər. Şikayət ilkin olaraq yuxarı seçki komissiyası tərəfindən təmin edilmədikdə, qeyd olunan şəxslər dairə seçki komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) Mərkəzi Seçki Komissiyasına, Mərkəzi Seçki Komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) isə apellyasiya instansiyası məhkəməsinə şikayət verə bilərlər.
Şikayətdə göstərilmiş qanun pozuntusu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən cinayət hesab oluna bildikdə, müvafiq seçki komissiyası şikayətdə göstərilən çatışmazlıqların və qanun pozuntularının aradan qaldırılmasına dair qərar qəbul etməklə yanaşı cinayət işinin başlanması məqsədi ilə müvafiq prokurorluq orqanına müraciət edə bilər. Dairə seçki komissiyalarından fərqli olaraq Mərkəzi Seçki Komissiyası hər bir şikayətə dair əsaslandırılmış qərar qəbul etməlidir. Şikayətin araşdırılması zamanı cinayət əməlinin olması ehtimal edilərsə, bu barədə prokurorluq orqanına məlumat verilir. Müvafiq prokurorluq orqanı həmin məlumata 3 gün müddətində baxmalıdır.
Verilmiş şikayətlər üzrə yoxlamarın keçirilməsinə maneələrin aradan qaldırılması üçün qanunda müəyyən edilmişdir ki, səsvermənin nəticələri, seçkilərin yekunları barədə qərardan şikayətə baxılması, Seçki Məcəlləsinin pozulmasına dair faktlar üzrə keçirilmiş yoxlamalar seçilmiş sayılan namizədin toxunulmazlığının pozulması sayılmır. Seçilmiş sayılan namizəd onun seçilməsi zamanı vətəndaşların seçki hüquqlarının pozulmasına dair verilmiş şikayətlərlə bağlı inzibati, mülki və ya cinayət işləri üzrə şahid ifadələri verməkdən imtina edə bilməz (Azərbaycan Respublikasının Mülki Prosessual və Cinayət-Prosessual Məcəllələrində göstərilən hallar istisna olmaqla).
Seçki komissiyaları daxil olmuş müraciətlərə baxarkən qanunla müəyyən olunmuş geniş səlahiyyətlərdən istifadə edə bilərlər. Onlar qeydə alınmış namizədin, referendum üzrə təşviqat qrupunun qeydiyyatının ləğv edilməsi barədə və namizədi, referendum üzrə təşviqat qrupunu qeydə almaqdan imtina edilməsi barədə işlərə və ya qeydə alınmış namizədin seçilməsinin etibarsız sayılması barədə müraciətə baxarkən vətəndaşların və vəzifəli şəxslərin məlumatını dinləmək, zəruri sənəd və materialları tələb etmək və almaq hüququna malikdirlər. Yuxarı seçki komissiyası aşağı seçki komissiyasının qərarını ləğv etmək, məsələnin mahiyyəti üzrə qərar qəbul etmək və ya məsələyə yenidən baxılması haqqında göstəriş vermək hüququna malikdir.
Seçki prosesində hüquqların həyata keçirilməsi davamlı olmayan müddətlərlə bağlı olduğundan qanunda müraciətlərə baxılması ilə əlaqədar bir qayda olaraq üç gündən çox olmayan müddətlər müəyyən edilmişdir. Belə ki, qanunun tələbinə əsasən seçki komissiyasına seçkilərin gedişi zamanı daxil olan hər bir şikayət üzrə qərar 3 gün müddətində, səsvermə günü və yaxud növbəti gün isə dərhal qəbul edilməli və şikayətçiyə çatdırılmalıdır. Üç gün müddətinə baxılma tələbi cinayət əməlinin olması ehtimal edildiyinə görə bu barədə prokurorluq orqanına verilən məlumatların baxılmasına da aiddir. Seçki komissiyalarının qərarlarından şikayətlərə məhkəmələr də, Seçki Məcəlləsi ilə daha qısa müddət müəyyən edilmədikdə 3 gün müddətində baxmalıdırlar. Məhkəmə qərarından yuxarı instansiya məhkəməsinə şikayət yenə 3 gün müddətində verilə bilər.
“Azərbaycan Respublikasının Seçki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2 iyun 2008-ci il tarixli Qanunu ilə seçki qanunvericiliyi daha da təkmilləşdirilmişdir. Həmin Qanunla Azərbaycan Respublikasının Seçki Məcəlləsinə edilmiş dəyişikliklərin və əlavələrin əsas məzmunu seçkilərin demokratik və şəffaf prosedurlar əsasında keçirilməsinə, ölkə vətəndaşlarının seçki hüquqlarının tam həyata keçirilməsinə əlavə təminatların yaradılması ilə bağlı olmuşdur.
Belə ki, Məcəlləyə “Seçkilərin (referendumun) gedişinə qanunsuz müdaxiləyə yol verilməməsi” adlı yeni 11-1-ci maddə əlavə edilmiş, hərbi hissələrin, istintaq təcridxanalarının və cəzaçəkmə müəssisələrinin ərazisində yaradılan seçki məntəqələri üzrə seçici siyahılarının dəqiqləşdirilməsi qaydası təkmilləşdirilmiş, müxtəlif seçki münasibətləri ilə əlaqədar qanunla müəyyən edilən müddətlərə yenidən baxılmış, referendum üzrə təşviqat qrupunun öz statusundan imtina etməsi qaydası müəyyən edilmiş, seçicilərin barmaqlarının gözə görünməyən mürəkkəblə işarələnməsi qaydaları nəzərdə tutulmuş, digər əlavə və dəyişikliklər edilmişdir. 11.1-ci maddədə hüquqi şəxslərin, dövlət orqanlarının və bələdiyyələrin vəzifəli şəxslərinin, digər fiziki şəxslərin seçkilərin (referendumun) gedişinə qanunsuz müdaxilə etmələrinin qadağan olunması barədə yeni müddəa nəzərdə tutulmuşdur. Eyni zamanda, maddədə vətəndaşların seçkidə (referendumda) iştirak hüquqlarının həyata keçirilməsinə mane olmanın, namizədin lehinə imza atmağa məcbur etmənin və ya onun səsverməsinə mane olmanın, seçki komissiyalarının işinə müdaxilə etmənin və ya təsir göstərmənin və digər bir sıra qanun pozuntularının Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş məsuliyyətə səbəb olduğu göstərilmişdir.
Seçki Məcəlləsinə yeni əlavə edilmiş 47.5-1-ci maddə ilə istintaq zamanı barələrində həbs qətimkan tədbiri seçilən və inzibati qaydada saxlanılan vətəndaşlar məntəqə seçki komissiyaları tərəfindən ayrıca seçici siyahılarına daxil edilməlidir. Bu cür məlumatlar səsvermə gününə ən azı iki gün qalmış vətəndaşın həbsi haqqında qərar çıxarmış müvafiq məhkəmələr və ya vətəndaşın inzibati qaydada saxlanılması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı tərəfindən məntəqə seçki komissiyalarına şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin tam göstəriciləri əks olunmaqla təqdim edilməlidir.
Yeni Qanunla, həmçinin vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayət edilməsini nəzərdə tutan 112-ci maddəyə əlavə və dəyişikliklər edilərək, habelə Məcəlləyə vətəndaşların seçki hüquqlarının pozulması haqqında şikayətlərin araşdırılmasını nəzərdə tutan 112-1-ci maddə əlavə edilməklə seçki hüquqpozmaları ilə əlaqədar müraciətlərə baxılması institutu əhəmiyyətli dərəcədə təkmilləşdirilmişdir. Vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədi ilə Mərkəzi Seçki Komissiyasının nəzdində 9 nəfərdən, dairə seçki komissiyasının nəzdində isə 3 nəfərdən ibarət müvafiq ekspert qruplarının yaradılması, seçki komissiyası tərəfindən qəbul edilən şikayətlərin qeydiyyat kitabçasında qəbul etmə tarixi və ardıcıl qeydiyyat nömrəsi göstərilməklə qeydiyyat aparılması nəzərdə tutulmuşdur.
Qanunun tələbinə əsasən vətəndaşlar tərəfindən şikayət yazılı formada və şəxsən dairə seçki komissiyasının ekspert qrupuna təqdim edildikdə şikayət qəbul edilərək qeydə alınır və şikayət edən şəxsə bu barədə qəbz verilir. Şikayət bu qaydalara əməl edilmədən daxil olduqda dairə seçki komissiyasının müvafiq rəyinə əsasən geri göndərilir. Şikayət dairə seçki komissiyası ilə yanaşı digər orqanın da səlahiyyətinə aid olduqda o müvafiq hissədə baxılmaqla digər hissədə baxılması üçün ekspert qrupunun rəyinə əsasən həmin orqana göndərilir. Dairə seçki komissiyasına cinayət xarakterli şikayət daxil olduqda ekspert qrupunun rəyinə əsasən ərizə komissiyanın səlahiyyətinə aid hissədə baxılıb tədbir görülməklə Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş əməllərin əlamətlərinin olduğu qənaətinə gəlindikdə, həmin əməllər barədə komissiyanın əsaslandırılmış qərarı ilə müvafiq prokurorluq orqanına məlumat verilir. Belə məlumata şikayətin surəti əlavə olunur. Ekspert qrupu şikayəti araşdırarkən cinayətin olması ehtimalını müəyyən etməkdə çətinlik çəkdikdə həmin məsələ ilə əlaqədar rəy verilməsi üçün şikayətin Mərkəzi Seçki Komissiyasına göndərilməsinə dair rəy verir. Mərkəzi Seçki Komissiyasının ekspert qrupu şikayəti araşdırarkən Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş əməllərin əlamətlərinin olduğu qənaətinə gəldikdə şikayət qrupun rəyinə əsasən müvafiq prokurorluq orqanlarına göndərilir. Ekspert qrupunun rəyi verildikdən dərhal sonra elan olunur və ya 24 saatdan gec olmayan müddətdə dərc olunur və şikayətçiyə çatdırılır və ya göndərilir. Qeyd olunan qaydalar seçki ilə əlaqəsi olan şikayətlərə aiddir, seçki ilə əlaqəsi olmayan cinayət xarakterli yazılı şikayətlər daxil olduqda isə Mərkəzi Seçki Komissiyası tərəfindən dərhal müvafiq prokurorluq orqanına göndərilir.
Şikayət ilkin olaraq yuxarı seçki komissiyası tərəfindən təmin edilmədikdə, dairə seçki komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) Mərkəzi Seçki Komissiyasına, sonuncunun qərar və ya hərəkətindən (hərəkətsizliyindən) isə apellyasiya instansiyası məhkəməsinə şikayət edilməsi qaydası yeni Qanunla dəyişdirilmədən saxlanılmışdır.(mad.112.3).
Məcəllənin 113.2-ci maddəsi yeni redaksiyada verilərək, namizədin, referendum üzrə təşviqat qrupunun qeydiyyatının məhkəmənin qanuni qüvvəyə minmiş hökmü və ya inzibati xəta üzrə qərarı əsasında ləğv edilməsi nəzərdə tutulmuşdur. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü və ya inzibati xəta üzrə qərarı olduqda daxil olmuş şikayətlərə baxan ekspert qruplarının üzvlərinə müvafiq əsaslar olduqda qeydə alınmış namizədin qeydiyyatının ləğv olunması üçün məhkəməyə müraciət edilməsi barədə rəy verməyə səlahiyyət verilmişdir.
Bununla yanaşı, yeni Qanunla seçicilərin daimi siyahısı məntəqə seçki komissiyası tərəfindən təsdiq edildikdən və dəqiqləşdirildikdən sonra seçici siyahısına seçicinin yalnız məhkəmənin qərarı əsasında əlavə edilməsi qaydasına dəyişiklik edilərək, həmin müddətdə seçicinin seçici siyahısına Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi qaydada yalnız məntəqə seçki komissiyası tərəfindən əlavə edilməsi müəyyən edilmişdir. (mad.46.1).
Seçki Məcəlləsinin 115-ci maddəsində vətəndaşların seçki hüquqlarının pozulmasına görə məsuliyyətə cəlb edilə bilən şəxslər konkret olaraq müəyyən edilmişdir. Həmin maddəyə müvafiq olaraq, vətəndaşların seçki hüquqlarının pozulması hallarına yol vermiş şəxslər cinayət, mülki və inzibati məsuliyyətə cəlb edilə bilərlər. Azərbaycan Respublikasının 20 iyun 2003-cü il tarixli, 30 dekabr 2003-cü il tarixli və 2 iyun 2008-ci il tarixli qanunları ilə Cinayət və İnzibati Xətalar məcəllələrinin vətəndaşların seçki hüquqlarının pozulmasına görə məsuliyyət müəyyən edən normalarına müvafiq əlavə və dəyişikliklər edilmişdir.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin normalarına əsasən vətəndaşların seçki hüquqlarının pozulması ilə əlaqədar olan aşağıdakı hərəkətlər cinayət məsuliyyətinə səbəb olur:
- seçki (referendumda iştirak) hüquqlarının həyata keçirilməsinə mane olma (159-cu maddə),
- seçkilərdə (referendumda) iştirak qaydalarını pozma (159-1-ci maddə),
- seçki (referendum) komissiyalarının işinə müdaxilə etmə və ya təsir göstərmə (160-cı maddə),
- seçki (referendumda iştirak) sənədlərini saxtalaşdırma, bilə-bilə səsləri düzgün hesablamama, yaxud səsvermənin gizliliyini pozma (161-ci maddə)
- seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə vəzifə səlahiyyətlərindən sui-istifadə etmə (308.2-ci maddə).
Cinayət-Prosessual Məcəllənin 215.3.1-ci maddəsinə əsasən həmin maddələrin istintaq aidiyyəti prokurorluq orqanlarına aid edilmişdir.
Azərbaycan Respublikasının 02 iyun 2008-ci il tarixli qanunu ilə İnzibati Xətalar Məcəlləsindən 42-1-ci maddə çıxarılaraq, məcəlləyə dövlət və ya bələdiyyə xidmətində olan qeydə alınmış namizədin seçkilərdə iştirak etdiyi müddətdə xidməti vəzifələrinin icrasını dayandırmamasına görə və mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslərin, dövlət və ya bələdiyyə orqanlarının, qurumların və təşkilatların seçici imzalarının toplanmasında iştirak etməsinə görə inzibati məsuliyyət müəyyən edən müvafiq olaraq 45-1 və 45-2-ci maddələr əlavə edilmişdir. Hazırda İnzibati Xətalar Məcəlləsinin 16 maddəsi (39-48-ci maddələr) siyasi, sosial və əmək hüquqları əleyhinə olan inzibati xətalar fəslinə daxil olmaqla seçki münasibətlərinə dair pozuntulara görə inzibati məsuliyyət müəyyən edir. İXM-nin 360-cı maddəsinə əsasən həmin işlərin baxılması rayon (şəhər) məhkəmələrinə aid edilmişdir.
2009-cu ildə Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əlavə və dəyişikliklər edilərək, seçki qanunvericiliyi təkmilləşdirilməklə seçkilərin daha da demokratikləşməsi prosesi davam etdirilmişdir. “Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 16 dekabr 2008-ci il tarixli Qanunu 17 fevral 2009-cu il tarixdə dərc edilərək həmin vaxtdan qüvvəyə minmişdir. Qanunla Azərbaycan Respublikasının Seçki Məcəlləsinin seçkilərin (referendumun) gedişinə qanunsuz müdaxiləyə yol verilməməsi üçün təminatlar nəzərdə tutan 11-1-ci maddəsinə əlavələr edilməklə “seçkinin (referendumun) nəticələrinə təsir məqsədi ilə vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi” cinayət məsuliyyətinə səbəb olan qanun pozuntuları siyahısına daxil edilmişdir.
Bundan başqa Seçki Məcəlləsinin vətəndaşların seçki hüquqlarının pozulmasına görə məsuliyyət nəzərdə tutan 115-ci maddəsində dəyişiklik və əlavələr edilərək “seçkinin (referendumun) nəticələrinə təsir məqsədi ilə vəzifə səlahiyyətlərindən sui-istifadə edənlər”, “seçkilərdə iştirak etdiyi müddətdə xidməti vəzifələrinin icrasını dayandırmayan dövlət və bələdiyyə xidmətində olan qeydə alınmış namizədlər” və “seçici imzalarının toplanmasında iştirak edən hüquqi şəxslər, dövlət və bələdiyyə orqanlarının, qurumların və təşkilatların vəzifəli şəxsləri” Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, Mülki Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq cinayət, mülki və ya inzibati məsuliyyətə cəlb edilə bilən şəxslərin siyahısına daxil edilmişlər.
Eyni zamanda Seçki Məcəlləsinin 113-cü maddəsinə edilmiş dəyişikliyə əsasən namizədin, referendum üzrə təşviqat qrupunun seçki prosesinə daha məsuliyyətlə yanaşmasının və onlar tərəfindən qanun pozuntusuna yol verilməməsinin təmin edilməsi məqsədi ilə sonuncular tərəfindən qanunla müəyyən edilmiş pozuntulara yol verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü və ya inzibati xəta üzrə qərarı ilə namizədin, referendum üzrə təşviqat qrupunun qeydiyyatının ləğv edilməsi üçün qabaqlar nəzərdə tutulduğu kimi onların bu barədə əvvəlcədən xəbərdarlıq edilməsi tələb olunmur.
Qeyd olunan qanunla Azərbaycan Respublikasının Seçki Məcəlləsinə edilmiş dəyişikliklərin və əlavələrin əsas məzmunu seçkilərin demokratik və şəffaf qaydada, qanun pozuntusuna yol verilmədən keçirilməsinin, vətəndaşların seçki hüquqlarına tam əməl edilməsinin təmin olunmasından ibarətdir.
Mahir TAĞIYEV,
Azərbaycan Respublikası Baş
Prokurorluğunun Hüquqi təminat
şöbəsinin böyük prokuroru, ədliyyə
müşaviri, hüquq elmləri üzrə fəlsəfə doktoru,
dosent
Xalq qəzeti.- 2009.- 11 dekabr.- S. 6.