Qloballaşma dövründə
milli-mənəvi dəyərlərin qorunmasında KİV-lərin
rolu
Anadilli jurnalistikamız və milli-mənəvi dəyərlər
Xalq bir
çox xüsusiyyətləri ilə tanınır,
sayılır və dünya xalqları içərisində
fərqlənir. Bu xüsusiyyətlərdən ən
yüksəyi, ən böyüyü mədəniyyətdir.
Heydər ƏLİYEV,
Ümummilli lider
Qəzet-jurnalı
vərəqləyən oxucunun, teleekrana baxan
tamaşaçının, radioya qulaq asan dinləyicinin onun mənalı
istirahət və əyləncəsində aparıcı yer
tutan kütləvi informasiya vasitələri ilə ünsiyyətdə
qazandığı və itirdiyi nədir? Qloballaşmanın
yer kürəsini vahid iqtisadi məkana çevirmək cəhdləri,
azad informasiya axınının siyasi sədlər və
milli-etnik ayrıntılar üzərindən asanlıqla
yayıla bilməsi bu sualı getdikcə daha da
aktuallaşdırır. Ümumdünya
siyasi-iqtisadi, sosial-mədəni prosesləri gücləndikcə
ölkələrin və xalqların bu təsiri qəbul və
dəf etməsi də fəallaşır. Bu ikili münasibətdə başlıca meyar qazanc
və itkinin miqyasıdır.
İnformasiyalı
cəmiyyətin insanı KİV vasitəsi ilə dünyada və
yaşadığı ölkədə baş verən hadisələrdən
xəbər tutur, yeni bilgilərlə maariflənir,
çeşidli əyləncələrin əhatəsinə
düşür. Şübhəsiz, kənar aləmdən gələn təsirin
xüsusi çəkisi gündən-günə
çoxaldığından, yerli KİV-in yaydığı
materialların özündə də “beynəlmiləlləşmə”
elementləri artdığından milli insanda bəşəri
zənginləşmə ilə yanaşı, tədrici
“etnik-mədəni eroziya” da yaranmağa başlayır. Deməli, mənəvi qazanc,
gör-götürün faydalılığı
yad-yabançı dəyərlərin
aşındırıcı itkisi, dəyişdirici zərəri
ilə müşayiət olunur. Bundan necə
qorunmalı, maksimum qazancı necə təmin etməli?
Bu qlobal informativ prosesdə əsas
ötürücü KİV olduğundan “milli-etnik filtr” də
bu şəbəkənin daxilində yerləşməli,
milli özgürlüyü hədəfə alan
“viruslar”ın ötüb keçməsi əngəllənməli,
ona qarşı “mənəvi-ruhi immunitet” gücləndirilməlidir.
Qlobal və milli, siyasi-inzibati və təbii-tarixi,
hüquqi və əxlaqi proseslərdə
qarşılıqlı kommunikativ təsiri təmin edən
KİV-in başı bu gün dünya məkanında,
ayağı milli-mədəni dəyərlər, etnik tələbatlar
sistemindədir.
Anadilli mətbuatımızın
banisi Həsən bəy Zərdabi 134 il bundan əvvəl “Əkinçi”
qəzetinin ilk nömrəsində mətbuatın əsas vəzifəsini
xalqın dünya və zəmanə ilə
ayaqlaşmasına kömək etməkdə
görürdü: “Dünya bir şeydir ki, həmişə
dövran edir və insan bu tövr dünyanın gərdişinə
görə gərək, habelə öz rəftarını da
dəyişdirsin. Necə ki, məsəldir deyərlər: zəmanə
sənə saz olmasa, sən zəmanəyə saz olginən...
O kəslər ki, həmişə bizə etibar edib bizim
sözlərimizə əməl edirlər, zəmanə dəyişildiyinə
görə günü-gündən tərəqqii edib irəli
gedirlər”.
Eyni tələbatı
sonrakı maarifçi və demokratlar da milli mətbuatın
inkişaf məramnaməsinin başlıca müddəası
kimi səsləndirmişdilər. Böyük maarifçi Firudin bəy
Köçərli elmsizliyi, bilməməzliyi, cəhaləti
daxildən və xaricdən gələn bəlaların
başlıca səbəbi sayırdı:
“Avamlığımızın ucundan vətənimizdə
özümüzü qəriblər, evimizdə yadlar kimi
saxlayırıq”. Millətsevər ədib, görkəmli
siyasi və dövlət xadimi Nəriman Nərimanov milli-mədəni
inkişafda mətbuatın misilsiz rolunu vaxtilə belə
anlatmışdı: “Bir müəllim otuz, qırx
uşağa elmi öyrədib onları bir yol ilə aparan
kimi, bir qəzetə də camaatın müəllimi yerində
ona gərəkli məlumatlar verib bilmədiyi şeyləri
öyrədə bilər”.
Sivil inkişafda bəşəri
dəyərlərlə yanaşı, milli-mənəvi dəyərləri
inkişaf etdirməyi zəruri sayan doktor Nərimanovun istiqlal
məfkurəmizin sürətlə formalaşdığı
bir dövrdə – 1916-cı ildə söylədikləri
dövlət müstəqilliyimizi ikinci dəfə bərpa
edib milli-mədəni prioritetləri
aktuallaşdırdığımız günlərdə necə
də müasir səslənir: “İndi biz islama ibadət edən
bir çox tayfalardan biriyik: məlum bir qanun altında
yaşayıb, özümüzə türk deyib də
xüsusi bir məslək dalınca getməliyikmi? Getməliyik desəniz, özümüzü gərəkdir
tanıyaq. Fəqət, tanımaq
üçün nə lazımdır? Milli
dil, milli məktəb, milli mətbuat və qeyri şeylər
deyilmi?”
Azərbaycan xalqının
milli mənlik şüurunun oyanışında, zəngin
tarixi-mədəni irs, adət-ənənələr
üzərində yeni tipli mədəniyyətin
yaradılmasında, türklük düşüncəsi,
islam dəyərləri, müasir demokratik prinsiplər əsasında
azərbaycançılıq məfkurəsinin
yaradılmasında anadilli jurnalistikamız ilk günlərdən
həm təşkilati, həm təbliğati, həm də təşviqati
işin mərkəzində olmuşdur. İllər
keçdikcə KİV milli-mədəni dəyərləri
yeniləşdirib zənginləşdirməkdən əlavə,
həm də onu yad-yabançı təsirlərdən qoruyan
ideya-mənəvi sipər rolunu oynamışdır.
KİV ölkənin
qapı-pəncərələrini dünyaya, xalqın
gözünü ümumbəşəri tərəqqiyə
geniş açdıqca oradan işıqla yanaşı, zərərli
şüaların da daxil olması artır. Günəşdən
yer üzünə həyatın əsas mənbələrindən
olan işıq və istiliklə bərabər,
ölümsaçan şüalar da axıb gəlir. Atmosferin üst qatında Ulu Yaradanın qurduğu
xüsusi sipər-ozon təbəqəsi bu bəlanı dəf
edir. KİV-in ötürdüyü
informativ işıq və enerjiyə qarışmış zərərli
axınların qarşısını isə milli
özgürlük düşüncəsi, dövlətçilik
ideologiyasının əsasını təşkil edən
milli-mənəvi dəyərlər sistemi kəsir. Bu qoruyucu rolun azacıq zəifləməsi ozon təbəqəsində
yaranmış deşik qədər təhlükəlidir.
Milli-mənəvi dəyərlərin
özülü olan ana dilini və məxsusi dini inancı
qoruyub saxlamağın zəruriliyini dönə-dönə
vurğulayan fədakar xalq xadimi Həsən bəy Zərdabi
bildirirdi ki, hər bir xalqı başqasından
seçib-ayıran, özgə toplumlara qarışmağa
qoymayan onun dili, dini və mədəniyyətidir. Həqiqi elm dini qüvvətləndirir. Yad və yaramaz adət-ənənələrin dinə
qarışdırılması isə onu zəiflədir.
Dil başqa dillərin təsirindən qorunmazsa
anlaşıqsız bir hala gələr. Mədəniyyətin,
adət-ənənələrin özünəməxsusluğunu
itirmək də milləti yox olmağa aparır. Beləliklə, dil, din, mədəni çalarlar
heçə enir, xalq başqa millətlərə
qarışıb yox olur.
Bu konseptual
düşüncə və meyar XX əsrin əvvəllərində
milli-demokratik inkişafın təməl daşlarına
çevrilmişdi. “Molla Nəsrəddin” jurnalı, “Həyat”, “Tazə həyat”,
“Tərəqqi”, “Həqiqət”, “Açıq söz” kimi
milli qəzetlər ətrafında cəmləşmiş maarifçi
və demokratlar KİV-də milli-mənəvi dəyərləri
zənginləşdirmək və onu qorumağın tarixi
örnəyini yaratmışdılar. Bu mədəni-siyasi
proses azərbaycançılıq ideologiyasının
formalaşması, milli dövlətçiliyin bərpası
ilə nəticələnmişdi.
Kommunist
epoxasında ardıcıl və sistemli milli-mədəni təcavüzə
baxmayaraq xalq hüquqsuz vəziyyətə salınmış
dilini, qadağan olunmuş dinini, beynəlmillələşdirilən
mədəniyyətini, məişət səviyyəsinə
endirilən adət-ənənələrini qoruyub saxladı. Milli məfkurəyə
bağlı ziyalılar KİV, elm, təhsil, mədəniyyət
sferalarında özgür dəyərləri yox olmağa
qoymadılar.
1969-cu ildə
respublika rəhbərliyinə gəlmiş millətsevər
siyasətçi, yurdsevər dövlət xadimi Heydər Əliyevin
öz respublikasını mərkəzin qəyyumluğu
olmadan idarə etmək zəkası, iradəsi və qüdrəti
ictimai həyatın sürətlə milliləşdirilməsinə
yol açdı. Bu zəmində anadilli KİV sürətlə milliləşdi,
milli-mənəvi dəyərləri təbliğ və təşviq
edən rupora çevrildi . Milli-mənəvi
dəyərlərin ittifaq dövləti daxilində, kənar
təsirlər şəraitində KİV-də qorunması
prinsipləri və örnəkləri məhz həmin illərdə
formalaşdı.
1988-91-ci illərin
milli azadlıq hərəkatı, ərazi
bütövlüyü və dövlət müstəqilliyi
uğrunda ümumxalq mübarizəsi dövründə milli-mənəvi
dəyərlər KİV-in əsaslandığı və
istifadə etdiyi ideya-siyasi silaha çevrildi. Xalq KİV-in
geniş təbliğ və təşviqi ilə qadağan
olunmuş dinini, adət-ənənələrini dirçəltdi,
milli-mədəni dəyərlərlə tarixi yaddaşı
oyatdı.
Müstəqilliyin ilk
dövründəki siyasi xaos və naşılıq, hakimiyyət
uğrunda mübarizə KİV-in yeni cəmiyyət
quruculuğunda rolunu əngəllədiyindən onun milli-mənəvi
dəyərləri himayə etmək, yeni şəraitə
uyğunlaşdırmaq, qorumaq sahəsində fəaliyyəti
də zəif və pərakəndə halda oldu. Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə
qayıdışı həyatın bütün sahələrində
olduğu kimi, ideya-mənəvi fəaliyyətdə də
sabitliyi təmin etdi, dövlətçilik prinsiplərini,
hüquqi-əxlaqi normaları möhkəmləndirdi.
Dövlət
müstəqilliyinin baş sənədi, milli
varlığın və təhlükəsizliyin, azad
inkişafın qarantı olan yeni Konstitusiyada demokratik mətbuatın
və xalqın milli-mənəvi dəyərlərinin qorunub
zənginləşdirilməsinin siyasi-hüquqi prinsipləri
öz əksini tapdı. Bu əsasda qəbul olunmuş KİV, ana dili, dini fəaliyyət,
mədəniyyət, təhsil, elm haqqında və s. qanunlar,
ölkəmizin qoşulduğu beynəlxalq sənədlər
vətəndaş cəmiyyəti quruculuğuna nizamlı
yön verdi, milli-mədəni dəyərlərin
bütövləşməsinə, zənginləşməsinə,
qorunmasına hüquqi təminat yaratdı. Ulu öndər
Heydər Əliyevin KİV-ə diqqət və
qayğısını geniş miqyasda davam etdirən, milli-mənəvi
dəyərlərimizi həssaslıqla himayə edən
Prezident İlham Əliyevin son illərdə
imzaladığı sənədlər, həyata keçirdiyi
tədbirlər ölkəmizdə demokratik, sivil cəmiyyət
quruculuğuna yeni keyfiyyət gətirmişdir.
Bütün
bunlar tarixi ədalətsizliyin aradan qaldırılmasına, xalqın
öz milli-mənəvi dəyərlərinə sahib
olmasına müstəsna şərait yaratsa da, müstəqil
dövlətin dünya birliyinə fəal inteqrasiyası
fonunda milli-mənəvi dəyərlərin yad, ziyanlı təsirlərə
məruz qalması yeni bir narahatlıq dalğası
yaratmışdır. Tarixən, milli-mənəvi dəyərlərə
nəfəs verən KİV keçid dövrü və bazar
münasibətləri şəraitində xalqın
mövcudluğunun mənəvi əsaslarını qorumaqda
öz qüdrətli rolunu, görəsən, niyə tam yerinə
yetirə bilmir?
Son vaxtlar
siyasi, elmi-mədəni dairələrdən tutmuş adi oxucu,
dinləyici və tamaşaçıyadək hər yerdə
bu suala cavab tapılır. Narahatlığı
aradan qaldırmaq üçün problem
araşdırılır, yollar tapılır. Azərbaycan
Respublikası Prezidentinin Administrasiyasının rəhbəri,
akademik Ramiz Mehdiyevin 2 oktyabr 2009-cu il tarixli
“Azərbaycan” qəzetində dərc olunmuş “Azərbaycanın
efir məkanı: problemlər və vəzifələr”
konseptual məqaləsi bu baxımdan cəmiyyətdə
geniş və ciddi müzakirələr doğurmuş,
problemin çözülməsinə və aradan
qaldırılmasına yönəlik fəallıq
yaratmışdır.
Akademik
haqlı olaraq göstərir ki, “KİV azadlığı
fikir plüralizminin inkişafında, şəffaflığın
təmin olunmasında mühüm şərt olsa da, onları
müəyyən neqativ halların təsirindən
sığortalaya bilmir”. Mətbuatda özünütənzimləmə mexanizmi
olan Mətbuat Şurasının, elektron KİV sahəsində
dövlətin tənzimləyici funksiyasını həyata
keçirən Teleradio Şurasının yaradılması
mediada qanunların tələblərinə əməl
olunması, bəşəri və milli-mənəvi dəyərlərin
qorunması ilə bağlı nəzərəçarpan
uğurlarla nəticələnsə də, xalqı və
dövlət orqanlarını narahat edən hüquqi və əxlaqi
pozuntular hələ də qalmaqdadır.
KİV-in milli-mənəvi dəyərlərin
qorunması və zənginləşdirilməsi ilə
bağlı misilsiz rolu onun kütləviliyindən,
azadlığı, plüralizmi, düzgünlüyü,
vicdanlılığı, maarifləndirməni, dünyada və
ölkədə elan olunmuş insan hüquq və
azadlıqlarına sadiqliyi və s. özünün
başlıca fəaliyyət prinsipləri kimi qəbul etməsindən
doğur. Təəssüf ki, jurnalistlərin peşəkarlığının
aşağı olması, ucuz bazar şərtlərinə
KİV redaksiyalarının boyun əyməsi, bayağı əcnəbi
dəyərlərə aludəlik, milli maraqların və
dövlətçilik prinsiplərinin unudulması, peşə
etikası normalarına məhəl qoyulmaması qəzet-jurnallarda,
teleradio yayımlarında milli-mənəvi dəyərlər
sistemini aşağılayan, ona xələl gətirən
materialların baş alıb getməsi ilə nəticələnir.
KİV ana dilimizin
qorunması, dini tolerantlığın təbliği, ölkənin
əsas dininin sərbəst inkişafı, milli ədəbiyyatın,
incəsənətin, zamanın sınaqlarından
çıxmış adət və ənənələrin,
milli özgürlüyün əlamət və təzahürlərinin
qorunması ilə bağlı bütün yönləri və
mövzuları daim diqqətdə saxlamalı, digər
yaradıcılıq sahələrinin hamısına nümunə
göstərməlidir. Bunu KİV-in demokratik cəmiyyətdəki
mövqeyi və rolu, xalqın və dövlətin himayəsi
ilə mövcudluğu, özünün isə milli-mənəvi
dəyərlər sisteminə daxil olması kimi amillər
şərtləndirir.
Milli-mənəvi
dəyərlər KİV-i daim ideya və mövzu
baxımından qidalandırır, onu yüksəldir,
populyarlaşdırır. Bu
qarşılıqlı əlaqədə KİV öz borcunu
mənəvi sferaya təmənnasız xidmət, qədirbilənlik
və himayədarlıqla ödəyə bilər.
Tahir AYDINOĞLU,
Məqalə Azərbaycan Respublikası
Prezidenti yanında Kütləvi İnformasiya
Vasitələrinin İnkişafına Dövlət Dəstəyi
Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.
Xalq qəzeti.- 2009.- 10 dekabr.- S. 6.