Demokratiya fikirdə, sözdə və əməldə bərqərar olur

 

Azərbaycan mətbuatı cəmiyyətimizdəki bu prosesin fəal iştirakçısıdır

 

Adamların fəaliyyəti onların fikirlərinin ən yaxşı tərcümanıdır

 

Con Lokk, ingilis filosofu

 

...İki məsələ var ki, onlar haqqında fikirləşəndə mənim üçün düşüncələri cilovlamaq, nizamlamaq, sualların hüdudunu tapmaq mümkün olmur. Birincisi Qlobusa tamaşa edərkən, qitələrin, okeanların, dağların, dənizlərin, xüsusən, bu nəhəng varlıqdakı yeganə sünilik (bəlkə lap eybəcərlik) olan sərhədlərin xəritəsinə baxarkən ürəyimdən neçə sual keçirsə, bilmirəm. Neçə milyon ildir biz bu Yer kürəsinin başına oyun açırıq? Süni peyklərimiz, qitələrarası ballistik silahlarımız, sualtı qayıqlarımız, nüvə sınaqlarımız, insan əliylə törədilən kataklizmlər (texnogen fəsadlar) və nələr, nələr. Yer kürəsi hələ də dözür. Bəlkə də son illər adi hala çevrilən sel və daşqınlar yüz milyon illərdən bəri çoxsaylı zərbələrə dözmüş planetimizin yığılıb qalmış göz yaşlarıdır. Yerin göz yaşları bizim göz yaşlarımız qədər olmayacaq ki.

 

Bir də mətbuatımızın babası Həsən bəy Zərdabinin foto şəkillərdəki nurlu simasına baxanda sualların həddi-hüdudu olmur. O, “Əkinçi”ni yaradanda insanları ayıltmaq, savadlandırmaq, məlumatlandırmaq, mövhumatdan, cəhalətdən, xurafatdan uzaqlaşdırmaq, bir sözlə bizim də əcnəbilərlə ayaqlaşa bilməyimizi təmin etmək məqsədi daşıyırdı. Bəs “Əkinçi” babamızın 135 il əvvəl səpdiyi həmin toxumlardan biz nələri göyərtdik? Biz sadəcə Həsən babanın müəyyən məqsəd üçün hazırladığı silahı Zamanın amansız təkidləri ilə cəmiyyətin müxtəlif ünvanlarına tuşladıq. Mətbuat hələ XX əsrin əvvəllərində bir neçə inqilabın hazırlanması və ərsəyə gəlməsi üçün silah oldu. Qəzetlər bütün Avropanı qorxulu xəstəlik kimi yalaya-yalaya gedən faşizmə qarşı mübarizədə uzaqvuran silaha çevrildi. Jurnalistikamız ötən əsrin ən böyük imperiyalarından birinin çökməsində mühüm rol oynadı. Hamısı, Zamanın hökmü idi. Zaman həm də Azərbaycan mətbuatını demokratiyanın göstəricisi etdi: “SSRİ dağılandan sonra yaranmış yeni dövlətlərin birində cəmi 11 qəzet çıxır, hamısı dövlətinditr. Azərbaycanda isə KİV-in sayı 4 mindən, mətbuatda çalışanların sayı 40 mindən çoxdur”. Türkiyəli jurnalist Əli Bulac heyranlıqla yazırdı: “ANS əməkdaşının ünlü bir nazirə zəng edib müsahibə üçün vaxtı məhz özünün təyin etdiyini gördüm... Azərbaycan çox demokratik ölkədir”.

...Universitetə Təhsil Nazirliyinin məsul əməkdaşı ilə birlikdə getmişdik. Qonağı olduğumuz tanınmış ali məktəbin rəhbərlərindən biri professor-müəllim heyətinin elmi-pedaqoji uğurlarından, tələbələrin müxtəlif sahələrdə əldə etdiyi nailiyyətlərdən, maddi-texniki bazanın yeniləşməsindən maraqla və fəxrlə danışırdı. Nazirlik rəsmisi özü üçün lazım olan məqamlara diqqət yetirirdi, mən isə... hər şeyə. Müəllimlərin əyləşdiyi uzun, işıqlı otaqda mənim diqqətimi çəkən məqamlar daha çox idi. Masaların birinin üstündə “Yeni Azərbaycan” qəzeti, o birində “Xalq qəzeti”, daha sonra üz qabığını görə bilmədiyim açıq jurnal, digərlərində “Yeni Müsavat”, “Azərbaycan müəllimi” və “Azərbaycan” qəzetləri görünürdü. Bayaqdan dil-dil ötən universitet rəsmisi qarşısında “Yeni Müsavat” qəzeti olan ağsaqqal müəllimə göz-qaş ilə nə isə başa salmaq istəyirdi. Vəziyyət hamıya aydın idi və ona görə də nurani ziyalı görkəmi olan ağsaqqal ayağa qalxıb bizi salamladı. Sonra üzünü öz rəhbərlərindən olan adama tutub dedi:

— Əhməd müəllim (ad şərtidir), əvvəla, artıq Azərbaycanda elə bir aşkarlıq, demokratik əhval-ruhiyyə yaranıb ki, hamı öz ürəyindən keçəni həm yazır, həm də oxuyur. Yəni, burada qəribə heç nə yoxdur. İkinci, bu qəzet sizin dediyiniz kimi kimdənsə gizlədilməli və ya xəlvət oxunmalı olsaydı, Heydər Əliyev kimi siyasət dahisi bu qəzetin redaktorunu da , o biri müxalifət qəzetlərinin rəhbərlərini də Prezident Sarayına dəvət edib onlara səmimiyyətlə qulaq asmazdı. Heydər Əliyev Rauf Arifoğluna, Gündüz Tahirliyə, o biri xırda qəzet redaktorlarına söz verib elə diqqətlə qulaq asırdı ki, elə bil nə zamansa bir yerdə oxumuş və ya işləmişdilər. Bu, həm siyasətçinin böyüklüyü idi, həm də mətbuata hörmətin səviyyəsi.

Ağsaqqal haqlı idi. Azərbaycan XX əsrdə ikinci dəfə öz dövlət müstəqilliyinə qovuşandan sonra sözün həqiqi mənasında hər kəsin öz istədiyini yazmasına və oxumasına maksimum şərait yaradılıb. Bəzi postsovet ölkələrindən olan həmkarlarımız Azərbaycandakı jurnalistlərin fəaliyyət sərbəstliyinə həsədlə baxır və bizi xoşbəxt qələm sahibləri adlandırırlar. Aşağıda bu barədə qısa da olsa söz açacağıq. Bizim xoşbəxtliyimizi özündə əks etdirən amillərə gəldikdə isə, onların bütöv bir sırası mövcuddur: kəmiyyət, keyfiyyət, maddi-texniki baza, dövlət tərəfindən dəstəklənmə, siyasi partiyaların himayədarlığı, senzuranın ləğv edilməsi, məlumat almaq azadlığı və sairə. Fikrimizi konkretləşdirək.

Bu gün Azərbaycanda 4 minə yaxın kütləvi informasiya vasitəsi müvafiq dövlət orqanında qeydiyyatdan keçib və ya uçota götürülübdür. Ölkədə yüzlərlə qəzet, jurnal, informasiya agentliyi, 11 radio kanalı, 8 ümumrespublika, 14 regional və 13 kabel televiziya kanalı fəaliyyət göstərir. Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin bir müddət əvvəl “Azərbaycan” qəzetində verilmiş “Azərbaycanın efir məkanı: problemlər və vəzifələr” adlı analitik məqaləsində göstərilirdi ki, Azərbaycan Respublikası kütləvi informasiya vasitələrinin kəmiyyətinə görə MDB və Şərqi Avropa ölkələri arasında lider mövqelərdən birini tutur.

Bəzən mətbuatda mühafizəkar həmkarlarımızın belə fikirlərinə rast gəlirik ki, qəzetlərin sayının iti sürətlə artması tendensiyası yolverilməzdir. Hətta, bunun ziyanlı olduğunu söyləyənlər də tapılır. Əksinə, bu gedişi təqdir edənlər, müsbət qiymətləndirənlər də çoxdur. Yenə də öz fikirlərimizi şəxsi müşahidələrimiz əsasında qələmə almağa çalışaq. Təxminən iki-üç il əvvəl gənc yazıçı Zaur Məlikzadə iş yerimizə gələrək xahiş etdi ki, yeni təsis etdiyi və Ədliyyə Nazirliyində qeydiyyatdan keçirdiyi “Şam işığı” adlı ədəbi-bədii qəzetin ilk nömrəsi üçün təbrik yazım. Doğrusu çox çətin vəziyyətə düşmüşdüm. Biləndə ki, şairlər adından Bəxtiyar Vahabzadə, yazıçılar adından Əkrəm Əylisli, bəstəkarlar adından Ramiz Mirişli təbrik yazıb, jurnalistlər adından da mən yazdım. Arzu etdim ki, reket qəzetlər sırasına qoşulmayın. Qəzetin ilk nömrəsi redaksiyamıza gələndə (insafən, bir çox texniki səhvləri olsa da, materialları pis deyildi) bizə “əsl demokratiya dərsi verənlər” də oldu, “qəzetçilik əldən getdi” — deyə dizinə döyənlər də. “Bax budur əsl söz azadlığı, demokratiya, insan hüququ. Avropanı bu qəbildən olan təşəbbüskar gənclər inkişaf etdiriblər” — deyənlər üç-dörd konkret fakt sadalamağı da unutmadılar. Mühafizəkarlar isə “beş nəfərlə qəzet çıxarmaq olmaz, 10 nömrədən sonra o qəzetin düşdüyü vəziyyətə baxarsınız” — deyə Zaur kimi təsisçilərə və redaktorlara imkan verilməməsi üçün mübarizəyə çağırırdılar. Onda iş yoldaşlarımızdan biri sual verdi: — Zaurun təcrübəsi azdırsa, ölkədə tanınmırsa, onun təklifləri, təşəbbüsləri havadan asılı qalmalıdırmı? Biz ona imkan verməməklə Azərbaycan Konstitusiyasının müddəalarını özümüz pozmuş olmuruqmu?

Hər halda Zaur Məlikzadə öz arzularını reallaşdıran bir gənc kimi mətbuat tariximizə düşdü. Üstəlik Mətbuat Şurasının “reket qəzetlər” adlı qara siyahısına düşməməklə də bir üz ağlığı qazandı.

Başqa bir məqamı da yada salmaq istəyirəm. Redaksiyamıza – şəxsən mənim ünvanıma Bakı sakini, əmək veteranı Fazil İsgəndərov adlı bir ağsaqqaldan məktub gəlmişdi. Ağsaqqal yazırdı ki, qələm sahiblərinin iqtidar jurnalisti, müxalifət jurnalisti kimi iki cəbhəyə bölünməsini, aradan qaldırılması vaxtı çatmayıbmı? Axı bu adam ikiüzlülük, riyakarlıq etmir, bəyəndiyi, inandığı siyasi partiyanın fəaliyyəti barədə yazırsa, bu, demokratik təfəkkür, plürialist düşüncə tərzi deyil, bəs nədir? Axı Azərbaycan dövləti bu gün həmin istiqamətdə çox uğurlu addımlar atır. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondundan yardım alan qəzetlərin siyahısına “Azadlıq” qəzeti rəhbərlik etmirmi? (Bu siyahı əlifba sırası ilə tərtib edildiyinə görə həmin qəzetin adı birincidir – red.). Yaxud, Azərbaycan mətbuatı tarixində “Şöhrət” ordeninə layiq görülən ilk jurnalist “Azadlıq” qəzetinin baş redaktoru olmuş Nəcəf Nəcəfov deyilmi? (Söhbət mətbuatın 130 illiyi münasibətilə 2005-ci ilin iyulunda Prezident İlham Əliyevin imzaladığı sərəncamdan gedir – red.). Bütün bunlar Azərbaycanın mətbuat aləmində demokratik əhval-ruhiyyənin, plüralist düşüncə tərzinin bərqərar olması deyilmi? Bəs elə isə nə üçün müxalifət jurnalistləri iqtidar mətbuatında işləyən həmkarın, onlar isə müxalifətdəki qələm yoldaşlarına qıyğacı baxırlar? Görürsünüzmü? Əslində mətbuat məkanımız özü istədi, ya istəmədi, cəmiyyətdəki ümumi ab-havanın fonunda tamamilə demokratikləşib. Amma yenə də kimsə bu prosesin ətəyindən çəkir. Geriyə isə, yol yoxdur.

Yaşım 60-ı haqlayıb və 40 ildir qələmlə yol yoldaşlığı edirəm. Fazil İsgəndərovun bu məktubu qədər öz ünvanıma qəbul edib təsirinə düşdüyüm bir məktub almamışdım. Ulu öndər Heydər Əliyev yazırdı ki, başqasının fikrinə hörmət etmək, ondan faydalı bir şey götürmək qabiliyyəti hər bir adama lazımdır. Ümummilli lider onu da xatırladırdı ki, sənətdə hər kəsin öz yeri var. Heç kəs kiminsə yerini tutmur. Bu, jurnalistikada xüsusilə böyük önəm kəsb edən məsələlərdəndir.

Yazının bu yerində yuxarıda verdiyim vədə əməl edib postsovet məkanındakı həmkarlarımızın bizi xoşbəxt jurnalist adlandırması məsələsinə qayıtmaq istəyirdim. Ancaq bir cümlə əvvəl milli mətbuatımızın misilsiz qayğıkeşi və himayədarı olan Heydər Əliyevin ifadələri yada düşdüyünə görə o dahi şəxsiyyətin Azərbaycan jurnalistikasının inkişafı üçün həyata keçirdiyi tədbirlərdən bir neçəsini xatırlatmaq zərurəti yarandı. Mətbuat orqanlarının vergi yükünün azaldılması, qəzetlərin nəşriyyata olan borclarının dövlət vəsaiti hesabına silinməsi, senzuranın ləğv edilməsi, aparıcı kütləvi informasiya vasitələrinə maliyyə yardımı göstərilməsi, jurnalistlərin məlumat almaq azadlığının formalaşdırılması, onların mükafatlandırılması, jurnalist təşkilatlarının fəaliyyətinin dəstəklənməsi və bir çox başqa addımlar məhz ulu öndərin adı ilə bağlıdır. Elə ona görə də böyük dövlət xadimi 2001-ci ildə “Jurnalistlərin dostu” mükafatına layiq görülmüşdü. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə isə qələm sahibləri üçün böyük iftixar mənbəyi olan “Əməkdar jurnalist” fəxri adı bərpa edilib, mətbuatımızın 130 illik yubileyi, dövlət səviyyəsində, möhtəşəm şəkildə qeyd olunub, ötən ilin iyul ayında “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” təsdiq edilib. Bu ilin aprel ayında isə Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb. Bu fond artıq kütləvi informasiya vasitələrinin bir çox layihələrini maliyyələşdirib. Yəni dövlət mətbuatın inkişafı, cəmiyyətin daha da demokratikləşdirilməsi prosesində qəzet və jurnalların daha geniş iştirakının təmin edilməsi istiqamətində gərəkli olan bütün addımları atıb. Bəs kütləvi informasiya vasitələri, bizim həmkarlarımız bunun müqabilində neyləyiblər? Mən bilən bu sualın cavabını yazının əvvəlində ingilis filosofu Con Lokkdan gətirdiyimiz sitatda tapmaq olar: “Adamların fəaliyyəti onların fikirlərinin ən yaxşı tərcümanıdır”. Düşünürəm ki, qərəzsiz, obyektiv, ədalətli, deməli, həm də demokratik qiymətləndirmədir.

...Səudiyyə Ərəbistanı Krallının Mədəniyyət və İnformasiya Nazirliyi hər il müsəlman ölkələrinin hərəsindən bir nəfər jurnalisti nazirliyin vəsaiti hesabına Həcc ziyarətinə dəvət edir. 2006-cı ilin yanvarında belə səfərə mən dəvət edilmişdim. Orta Asiya respublikalarından birini təmsil edən həmkarımla (onlarda çox ciddi senzura və xariclə istənilən yazışma üzərində güclü nəzarət olduğuna görə adını çəkmirəm) məhz həmin səfərdə görüşmüşdüm. Əvvəllər hüquq-mühafizə orqanlarında çalışmış, indi Əmlak Nazirliyinin rəsmi qəzetində çalışan həmkarım Azərbaycan mətbuatına yaxından bələd idi. Elə bizim xoşbəxt jurnalistlər olduğumuzu da o dilə gətirmişdi: “Azərbaycan mətbuatında çalışan hər kəs xoşbəxtdir. Çünki sizdə qəzetlərin tənqid etməsi üçün istənilən qədər ünvan var. Bizdə tənqid mümkün deyil. Azərbaycan mətbuatı tam sərbəst, tam azad fəaliyyət göstərdiyinə görə inkişaf edə bilir. Bizdə isə... Siz xoşbəxtsiniz, qardaşım!”

Böyük həsəd idi. Ancaq mən ölkəmizdəki demokratikləşmə prosesinin mühüm şərtlərindən olan fikir, söz və məlumat azadlığı barədə fikirlərimi müəyyən çərçivələr içərisində sıxılan əcnəbi həmkarımın sözləri ilə yekunlaşdırmaq istəməzdim. Yazını bu xoşbəxtliyi bizə bəxş etmiş insanın – ulu öndər Heydər Əliyevin cümlələri ilə tamamlamağa tamamilə haqqım var: “İnsan azadlığı, söz, vicdan azadlığı, insan hüquqlarının qorunması, bütün vətəndaşların eyni hüquqa malik olması, siyasi plüralizm Azərbaycanda demokratik cəmiyyətin əsas atributları kimi bərqərar olmalıdır”. Bütün bunlar günün reallıqları olduğuna görə biz ikiqat xoşbəxtik.

 

 

İttifaq MİRZƏBƏYLİ,

Məqalə Azərbaycan Respublikasının Prezidenti

yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına

Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir

 

Xalq qəzeti.- 2009.- 10 dekabr.- S. 6.