Görkəmli alim, nəcib insan

 

İnsan hafizəsi yaddaş qalasını xatırladır. Hər gün yeni xəbər eşidir, yeni hadisənin şahidi olursan. Bunların heç də hamısı hafizəyə həkk olunmur. Lakin elə əhvalatlar var ki, yaşadıqca o daim səninlə olur, illər ötdükcə dəyəri daha da artır. Hafizəmə əbədi həkk olunmuş belə əhvalatlardan biri Azərbaycan Tibb Universitetinin ‘“İqtisadiyyat və hüququn əsasları” kafedrasında əlli ildən artıq işləmiş, bu əlli ilin yarıdan çoxunu həmin kafedraya rəhbərlik etmiş görkəmli iqtisadçı-alim, AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, iqtisad elmləri doktoru, professor Aqil Əlirza oğlu Əliyevlə bağlıdır.

 

...Yaxşı yadımdadır. On il əvvəl indiki Həsən Əliyev küçəsindəki “Riad” şadlıq sarayında Aqil müəllimin 75 illik yubileyi ilə əlaqədar ziyafət keçirilirdi. Birdən məclisdə qəribə ovqat yarandı, hamı bir-birinə dəydi. Dedilər ki, bir neçə dəqiqədən sonra ölkə Prezidenti şəxsən burada olacaq. Ulu öndərimiz Heydər Əliyev, həmişə olduğu kimi, çöhrəsində təbəssüm içəri girdi və ziyafətdəkiləri salamladı. Bir müddət keçəndən sonra o, yubilyar barədə söz demək üçün ayağa qalxdı. Onun çıxışı, haradasa, 10-15 dəqiqə çəkdi. Həmin çıxışdandan yaddaşıma bu sözlər əbədi həkk olundu:

“...Mən taleyimdən çox razıyam ki, Tanrı mənə Aqil kimi ağıllı, sadə, təvazökar və təəssübkeş bir qardaş qismət edib. Mən bu gözəl insanla qardaş olmağımdan qürur duyuram!”

Uzun illər kollektivimizin ağsaqqalı olmuş bir insana böyük öndərimizin verdiyi yüksək qiymət hər birimizin qəlbini fərəh hissi ilə doldurdu. Şübhəsiz, bu sözlərdə böyük həqiqət vardı.

Həyat çox qəribədir. Bir də görürsən ki, külli imkanlı adam son dərəcə qapalı olur, imkansız isə əlindən bir şey gəlməsə də canfəşanlığını gizlətmir. Xeyirxahlıq və onu reallaşdırmaq üçün imkan adamda çox nadir hallarda olur. Görünür, insanın xisləti belədir. Bu tilsim qırılanda, bir adamda həmin keyfiyyətlərin hər ikisi olanda onu tanıyanların hamısı bir ağızdan deyir: gözəl insandır, xeyirxah adamdır, halal olsun! Mənim ağsaqqalım olmuş, bugünkü məqama çatmağımda əvəzsiz xidmət göstərmiş Aqil müəllim məhz belə nadir insanlardan idi. Qırx ilə yaxın zaman kəsiyində onunla birlikdə bir kollektivdə işləmək xoşbəxtliyi mənə nəsib olub. İqtisad elmləri doktoru, professor, Milli Elmlər Akademiyasının müxbir üzvü, əməkdar elm xadimi Aqil Əliyevə universitetimizin rektorundan tutmuş, adi laborantına qədər hamı ona “Aqil müəllim” – deyə müraciət edirdi. Mən də “Aqil müəllim” deyə müraciət edirdim. Amma mənim müraciətimdə müstəqimlik üstünlük təşkil edirdi. Mən ixtisasca jurnalistəm. Bu gün müəllim kimi yetişməyim məhz onun əvəzsiz xidmətidir. Mən ona həmişə müəllimlik etalonu kimi baxmış, pedoqoji fəaliyyətimdə ona oxşamağa çalışmışam. Hər dəfə bu və ya digər problemlə üzləşəndə ustadımın nə qədər əlçatmaz olduğunu dərk etmişəm.

Həyat yolu heç vaxt hamar olmur. Onun enişli-yoxuşlu mərhələləri insanı daha da mətinləşdirir, dözümlü edir. Ətrafdakıların əsl qiymətini verməyə şərait yaradır. Kimin mərd, kimin namərd olduğunu aydınlaşdırmaq imkanı əldə edilir. Tale elə gətirdi ki, biz hətta bir kafedrada uzun müddət işləməli olduq. Bu dövrdə də o, kafedra müdiri kimi şəxsən məndən və kollektivdən öz ağsaqqallığını əsirgəmədi, bizi düzgün yola istiqamətləndirdi.

Ağsaqqallıq hər adama nəsib olmur. Ağsaqqal dedikdə ucalıq, müdriklik, ağıllılıq, pasibanlıq, uzaqgörənlik kimi müsbət insani keyfiyyətlər göz önünə gəlir. Bu keyfiyyətləri isə Allah hər adama bəxş eləmir. Özünü ağsaqqal kimi qələmə vermək istəyənlər də az olmur. Dar ayaqda onlar çox bəsit görünürlər. Xudavəndi-aləmin nəzəri üstündə olan adamlar isə bu işi şərəflə yerinə yetirir, el arasında ağsaqqal adlandırılırlar. Aqil müəllim məhz belə el ağsaqqallarından idi.

Aqil müəllimi tanıdığım illərdə onun yüzlərlə, bəlkə də minlərlə adama pasibanlığının şahidi olmuşam. Sinnim yetmişi haqlayıb, elmlər doktoru, professoram. Səmimi, həm də tam əminliklə deyirəm ki, hələ Aqil müəllimdən məsləhət alıb ziyan görmüş adama rast gəlməmişəm. Allah bu adamı sanki insanlara dayaq olmaq, yaxşılıq etmək, xeyirxah əməllər üçün yaratmışdı. Bir adamın belə Aqil müəllim tərəfindən incidildiyini, ondan narazı qaldığını görməmişəm.

Aqil müəllim doğma kollektivinə son dərəcə bağlı adam idi. Kafedranın bütün tədbirləri onun xeyir- duası ilə keçirilərdi. Sağlam, monolit bir ailənin ağsaqqalı olan Aqil müəllim, həm də böyük insan sərrafı idi. Zənni, onu heç vaxt aldatmamışdı. Kollektivə ağsaqqallıq, atalıq, böyük qardaşlıq funksiyasını həmişə yüksək səviyyədə yerinə yetirərdi.

Aqil müəllim böyük pedaqoq olmaqla yanaşı, həm də iti qələmli, istedadlı tədqiqatçı idi. 1964-cü ildə namizədlik, 1983-cü ildə isə doktorluq dissertasiyaları müdafiə edən Aqil Əliyev 30-dan çox monoqrafiyanın və dərsliyin, 150-yə yaxın elmi məqalənin müəllifidir. Azərbaycan iqtisad elminin inkişafında öz dəsti-xəttini çoxdan təsdiqləmiş A.Əliyev ömrünün son illərində elmi ictimaiyyəti daha bir uğuru ilə sevindirmişdi. O, Beynəlxalq Enerji – İnformasiya Akademiyasının akademiki seçilmişdi.

Professor Aqil Əliyev Azərbaycanda iqtisadiyyat elminin bir çox aparıcı istiqamətlərinin inkişafında məhsuldar fəaliyyət göstərmişdir. Müəllifin iqtisadiyyatın müxtəlif sahələrinə dair yazdığı “Ərzaq proqramının aktual problemləri” (1986), “Azərbaycanın sosial inkişafında islahatların rolu” (1998), “Azərbaycanda bazar münasibətləri şəraitində əhalinin sosial problemləri” (1998), “Tibbin iqtisadiyyatı” (1999), “Azərbaycanda əhalinin həyat səviyyəsinin yüksəldilməsinin aktual problemləri” (2001), “Naxçıvan Muxtar Respublikası (nailiyyətlər və problemlər, 1-2-ci hissə)” (2001) və digər əsərləri müstəqillik yolu ilə irəliləyən Azərbaycanın ideya həyatında mühüm hadisə kimi dəyərləndirilməlidir. Sonuncu əsərində iqtisadçı-alim Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişaf və mədəni quruculuq sahəsində əldə etdiyi nailiyyətlərdən, keçirilən iqtisadi islahatların əhəmiyyətindən, qarşıda duran vəzifələrdən ətraflı bəhs edir, bir sıra tövsiyələr verir. Müəllif, eyni zamanda qədim diyarın görkəmli şəxsiyyətlərinin Azərbaycanın ictimai-siyasi və sosial-iqtisadi həyatında göstərdikləri xidmətdən ətraflı bəhs edir. Belə fikir və mülahizələr gənc nəslin vətənpərvərlik və təəssübkeşlik ruhunda tərbiyə olunmasında son dərəcə mühüm əhəmiyyətə malikdir.

“Bazar iqtisadiyyatına keçid: dövlətin iqtisadi siyasəti” monoqrafiyasında (2002) professor Aqil Əliyev bazar iqtisadiyyatına keçid şəraitində dövlətin iqtisadi siyasəti, bazar təsərrüfatının iqtisadi strategiyası, bazar iqtisadiyyatında dövlətin rolu, respublikada aparılan iqtisadi islahatlar, sahibkarlığın formalaşması və inkişafı, pul-kredit, maliyyə, büdcə, gömrük, vergi və sosial siyasət ətraflı şərh edilir.

Son illər Azərbaycanda sosial sahələrin dərindən və hərtərəfli təşkili şəraitində ciddi tədqiqatlara ehtiyac duyulur. Bu baxımdan professor Aqil Əliyevin 2005-ci ildə çap edilmiş “Sosial sferanın iqtisadi və metodoloji əsasları” monoqrafiyası xüsusi əhəmiyyət kəsb edir.

Professor A.Əliyevin beynəlxalq aləmdə iqtisadçı-alim kimi tanınması onun dünya təsərrüfatına dair bir sıra fundamental əsərləri sahəsində mümkün olmuşdur. O, hazırda respublikanın ali məktəblərində tədris olunan qiymətli ikicildli “İqtisadi nəzəriyyə” dərsliyinin müəlliflərindən biridir. Aqil müəllim, həmçinin Azərbaycan Dövlət İqtisad Universitetinin elmi orqanı olan “İqtisad elmləri: nəzəriyyə və praktika” jurnalının redaksiya heyətinin fəal üzvü kimi əsər və məqalələrin yeni təfəkkür baxımından nəşr olunmasına böyük əhəmiyyət verirdi.

Proffessor Aqil Əliyevin qayğısı və rəhbərliyi ilə 10-dan çox iqtisadçı doktorluq və namizədlik dissertasiyası müdafiə etmişdir. Bu gün onlar respublikanın ali məktəblərində, elmi-tədqiqat institutlarında uğurla fəaliyyət göstərirlər. O, dəfələrlə xarici ölkələrdə və respublikamızda keçirilən elmi konfranslarda, qurultay və simpoziumlarda məzmunlu məruzələrlə çıxış edərək Azərbaycanı yüksək səviyyədə təmsil etmişdir. Aqil müəllim uzun müddət Azərbaycanda “Əhalinin sağlamlığının qorunması” problem komissiyasının sədri işləyib. Təsadüfi deyil ki, onun başçılığı ilə icra edilən işlər Azərbaycanın qarşısındakı illər üçün nəzərdə tutulan elmi-texniki kompleks proqramına daxil edilmişdi.

Dərin zəkaya, incə qəlbə malik olan bu nurlu insan xeyriyyəçilik işlərinə də xüsusi diqqət yetirərdi. Onun təşəbbüsü və səyi ilə Tibb Universitetinin əməkdaşları dəfələrlə qaçqınlarla və məcburi köçkünlərlə görüşmüş, onlara maddi və mənəvi yardımlar etmişdilər. Gürcüstanın azərbaycanlılar yaşayan rayon məktəblərini dərslik və məktəb ləvazimatı ilə təchiz etmək onun üçün ənənə şəkli almışdı.

Aqil müəllim tələb etdiyi hər bir işdə ilk növbədə özü şəxsi nümunə göstərirdi. Əgər bütün kafedra əməkdaşlarının elmi- tədqiqatlarının nəticəsini tərəzinin bir gözünə, təkcə Aqil müəllimin əsərlərini tərəzinin o biri gözünə qoymalı olsaq, ağsaqqalımızın elmi tutumu çox- çox ağır gələrdi. Dərin biliyi ona imkan verirdi ki, hər bir kollektiv üzvündən keyfiyyətli və dəyərli tədqiqat işi tələb etsin. Kafedra əməkdaşlarının hər bir problemini o, öz problemi hesab edir, kömək üçün əlindən gələni əsirgəmirdi.

Aqil müəllim son dərəcə obyektiv insan idi. Tələbələr onu bu obyektivliyinə görə sevirdilər. Təsadüfi deyil ki, öz biliyinə güvənən tələbələr imtahan zamanı şəxsən Aqil müəllimə cavab verməyə çalışırdılar.

Səmərəli elmi və pedaqoji fəaliyyətinə, yüksək ixtisaslı kadrlar hazırlığında xidmətlərinə görə professor Aqil Əliyev dövlətimiz tərəfindən “Şöhrət” və “Qırmızı Əmək Bayrağı” ordenləri, “Səhiyyə əlaçısı” döş nişanı, eləcə də bir çox medal və fəxri fərmanlarla təltif edilmiş, “Azərbaycan Respublikasının əməkdar elm xadimi” fəxri adına layiq görülmüş, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdi.

İnanırıq ki, hafizələrə gözəl insan, müdrik ağsaqqal, böyük ziyalı və pedaqoq-alim, ümid istinadgahı kimi əbədi həkk olunmuş bu şəxsiyyət daim ürəklərdə yaşayacaqdır.

 

 

Əkrəm ZEYNALOV,

Azərbaycan Tibb Universitetinin

Azərbaycan tarixi kafedrasının müdiri,

tarix elmləri doktoru, professor

 

Xalq qəzeti.- 2009.- 10 dekabr.- S. 7.