“Şahdəniz”
layihəsi uğurla reallaşdırılır
İlin sonunadək layihə çərçivəsində
7,5 milyard kubmetr qaz və 1,3 milyon ton kondensat
hasilatı nəzərdə
tutulur
Xəzərin Azərbaycan sektorunda yerləşən
karbohidrogen ehtiyatlarının xarici şirkətlərlə
birgə işlənməsini nəzərdə tutan sayca ikinci
ən böyük müqavilə — “Şahdəniz”
yatağının kəşfiyyatı, işlənməsi və
hasilatın pay bölgüsü sazişi uğurla həyata
keçirilir. Xatırladaq ki, Azərbaycanı potensial qaz
ixracatçısına çevirən “Şahdəniz” layihəsi
1996-cı ilin yayında həyata vəsiqə
almışdır. Üç il sonra “Şahdəniz”
yatağında qazılmış ilk kəşfiyyat quyusu
burada zəngin qaz və kondensat ehtiyatlarının
mövcudluğunu bir daha təsdiq etmişdir.
“Şahdəniz”
yatağının ilkin işlənmə mərhələsi
layihəsinə 2003-cü ilin fevral ayında start
verilmişdir. Ötən müddətdə layihə çərçivəsində
bir sıra nəhəng tikinti işləri həyata
keçirilmiş, Xəzər dənizində analoqu olmayan
yeni platforma inşa olunmuş, qazın sahilə nəqli
üçün sualtı boru kəməri çəkilmişdir.
Bundan əlavə, “Şahdəniz” qazının dünya
bazarına çıxarılmasını nəzərdə
tutan Cənubi Qafqaz boru kəməri tikilib istifadəyə
verilmişdir. Yatağın istismarına isə təqribən
3 il əvvəl başlanılmış və ötən
müddətdə Azərbaycan qazının dünya
bazarına ixracı uğurla davam etdirilmişdir.
Başa çatmaqda olan
2009-cu ilin ötən dövründə də “Şahdəniz”
layihəsinin reallaşdırılması istiqamətində
mühüm tədbirlər həyata keçirilmişdir.
bp-Azərbaycan şirkətinin cari ilin 9 ayının nəticələri
ilə bağlı açıqlamasında bildirilir ki,
yanvar-sentyabr ayları ərzində “Şahdəniz” layihəsi
üzrə fəaliyyətlərin əməliyyat xərclərinə
114 milyon dollar, əsaslı məsrəflərinə isə
255 milyon dollar sərf olunmuşdur. Bütövlükdə isə
layihənin illik əməliyyat və əsaslı xərcləri
üçün müvafiq olaraq 322 milyon və 369 milyon dollar
nəzərdə tutulmuşdur.
Hesabatda qeyd olunur ki,
2009-cu ilin 9 ayında “Şahdəniz” yatağındakı
dörd öncəqazma quyusundan sabit şəkildə qaz hasil
edilərək Azərbaycan, Gürcüstan və Türkiyə
sərhədindəki satış məntəqələrinə
çatdırılmışdır. Məlumat
üçün bildiririk ki, “Şahdəniz” layihəsinin
birinci işlənmə mərhələsi çərçivəsində
hasil edilən qaz Azərbaycana, GOGC (Gürcüstan), BOTAŞ
(Türkiyə) və BTC Ko-ya satılır.
2009-cu ildə “Şahdəniz”
yatağından 7,5 milyon kubmetr qaz və 1,9 milyon ton kondensat
hasilatı nəzərdə tutulur. Cari ilin 9 ayı ərzində
isə yataqdan 4,4 milyard kubmetr qaz və 1,2 milyon ton kondensat
hasil edilmişdir. “Şahdəniz” platforması vasitəsilə
istismar olunan quyuların sabit rejimdə işləməsi qaz
hasilatının getdikcə artırılmasına imkan
yaradır. Yanvar-sentyabr aylarında platformadan gün ərzində
16,3 milyon kubmetr qaz və 34 min barel kondensat hasil edilmişdir
ki, bu da əvvəlki dövrlərə nisbətən xeyli
çoxdur. 2006-cı ilin sonunda hasilata
başlanıldığı vaxtdan cari ilin noyabr ayının
əvvəllərinədək “Şahdəniz” yatağından
4,1 milyon ton kondensat hasil edilərək Bakı – Tbilisi – Ceyhan əsas
ixrac neft boru kəməri ilə dünya bazarına yola
salınmışdır.
“Şahdəniz”
yatağında qaz və kondensat hasilatı ilə
yanaşı, yeni quyuların qazıntısı da layihə
iştirakçılarının qarşısında duran
prioritet məsələlərdəndir. Artıq bu istiqamətdə
də ilkin uğura imza atılmışdır. Məlum
olduğu kimi, ötən il “Şahdəniz” platformasından
qazıntısına başlanılmış SDA-05 quyusunda
işlər cari ilin əvvəllərindən davam
etdirilmiş və quyu mart ayında istismara
buraxılmışdır. Hazırda isə mövcud quyularla
bağlı bəzi planlaşdırılmış əlavə
işlərin aparılması ilə əlaqədar olaraq hələlik
yataqda yeni quyular qazılmır.
“Şahdəniz” zəngin
qaz-kondensat yatağıdır. Adı çəkilən
yatağın kəşfiyyatı, işlənməsi və
hasilatın pay bölgüsü sazişində də məhz
bu amil nəzərə alınaraq yatağın bir neçə
mərhələdə işlənməsi öz əksini
konkret şəkildə tapmışdır. Hazırda
uğurla həyata keçirilən birinci işlənmə mərhələsindən
sonra növbəti, çox mühüm ikinci mərhələyə
başlamaq nəzərdə tutulur. Yeri gəlmişkən onu
da qeyd etmək lazımdır ki, “Şahdəniz”
yatağının ikinci işlənmə mərhələsinin
ölkəmiz üçün əhəmiyyəti olduqca
böyükdür. Təsadüfi deyil ki, Nazirlər Kabinetinin
2009-cu ilin 9 ayının sosial-iqtisadi inkişafının
yekunlarına həsr olunmuş geniş iclasında Prezident
İlham Əliyev bu vacib məqama toxunaraq demişdir: “...Biz
”Şahdəniz" qaz yatağının ikinci
fazasının işlənilməsinə başlamağa
hazırıq. “Şahdəniz” yatağının ikinci
fazasının işlənilməsi Azərbaycan
iqtisadiyyatına ən azı 20 milyard dollar birbaşa
investisiyanın qoyulmasına gətirib
çıxaracaqdır. Bu bizim üçün böyük
bir fürsətdir”.
Bu mərhələyə
başlamaq üçün isə hazırlıq işlərinə
start verilmişdir. Belə ki, cari ilin ötən
dövründə ikinci mərhələ planlarına dəstək
vermək məqsədilə yataqda qiymətləndirmə
işlərinin aparılması davam etdirilmişdir. Yeri gəlmişkən,
2008-ci ilin iyul ayında “İstiqlal” qazma qurğusu vasitəsilə
qazıntısına başlanılan SDX-05 qiymətləndirmə
quyusu cari ilin yanvarında 6559 metrlik layihə dərinliyinə
çatdırılmışdır. Həmin quyudan
götürülmüş süxur nümunələrinin tədqiqi
və digər vacib məlumatların əldə olunması
istiqamətində işlər hazırda davam etdirilir. Məlumat
üçün bildiririk ki, quyuda əldə edilmiş nəticələrdən
isə hazırda mühəndis işlərinin
aparıldığı ikinci işlənmə mərhələsinin
planlaşdırılmasında istifadə olunacaqdır.
“Şahdəniz”
yatağından çıxarılan qaz və kondensat
sualtı boru kəmərləri vasitəsilə Səngəçal
terminalına nəql olunur. Burada isə qazı qəbul edib
ixrac sisteminə ötürmək üçün zəngin
infrastruktur yaradılıb. Artıq terminalın texniki emal
sistemlərinin gücü gündəlik 39,5 milyon kubmetrə
çatdırılıb. Hələlik isə burada gün ərzində
25,5 milyon kubmetr qaz emal edilib ixraca yönəldilir. Xatırladaq
ki, bütün bu işlər Səngəçal
terminalının genişləndirilməsi proqramı çərçivəsində
həyata keçirilən uğurlu işlərin nəticəsidir.
“Şahdəniz”
qazını Gürcüstan və Türkiyəyə ixrac edən
Cənubi Qafqaz boru kəməri də uğurlu fəaliyyətini
davam etdirir. Məlumat üçün bildiririk ki, Cənubi
Qafqaz Boru Kəməri Şirkətinin səhmdarları bp
(texniki operator – 25,5 faiz), Statoyl (kommersiya operatoru – 25,5 faiz), Azərbaycan
CQBK Ltd. (10 faiz), LUKoyl (10 faiz), NİKO (10 faiz), Total (10 faiz) və
TPAO (9 faiz) şirkətləridir. Cari ilin 9 ayınıda
adı çəkilən boru kəməri ilə
bağlı fəaliyyətlərə 2 milyon dollar xərclənmişdir.
Cənubi Qafqaz boru kəməri 2006-cı ilin sonlarında istismara verilərək əvvəlcə Gürcüstana, 2007-ci ilin iyul ayından etibarən isə Türkiyəyə “Şahdəniz” qazını çatdırır. Cari ilin 9 ayında adı çəkilən kəmərin orta gündəlik ötürmə gücü 14 milyon kubmetr “mavi yanacaq” təşkil etmişdir ki, bu da təqribən 91 min barel neft ekvivalentinə bərabərdir. Göründüyü kimi, ölkəmizi dünyanın potensial qaz ixracatçısına çevirmiş “Şahdəniz” yatağının birinci işlənmə mərhələsi uğurla həyata keçirilir. Növbəti illərdə layihə çərçivəsində platformadan qazılan yeni quyuların istismara daxil edilməsi ilə əlaqədar qaz hasilatı xeyli artacaq. Bütövlükdə isə yatağın birinci işlənmə mərhələsi çərçivəsində ən yüksək illik hasilat 8,6 milyard kubmetr qaz və təqribən 16 milyon barel kondensat təşkil edəcək. “Şahdəniz” yatağının ikinci işlənmə mərhələsinin reallaşdırılmasına başlanılması ilə Azərbaycanda qaz hasilatı kəskin şəkildə artacaq. Bu da ölkəmizin ixrac imkanlarını xeyli genişləndirəcək.
Mirbağır YAQUBZADƏ
Xalq qəzeti.- 2009.- 9 dekabr.- S. 1.