İCTİMAİ VƏ
HUMANİTAR ELMLƏR: ZAMAN KONTEKSTİNDƏ BAXIŞ
Azərbaycan Prezidenti İlham Əliyev
bu il noyabr ayının 2-də Bakı Dövlət
Universitetinin 90 illik yubileyi mərasimindəki
çıxışında ölkəmizin iqtisadiyyatında
keçid dövrünün artıq başa
çatdığını bəyan etdi. Hər bir Azərbaycan
vətəndaşı və bütövlükdə ölkəmiz
üçün tarixi əhəmiyyət kəsb edən bu bəyanat
elmi və intellektual elita qarşısında xeyli mürəkkəb
və strateji əhəmiyyətli məsələlər
qoyur. Yaranmış vəziyyətlə əlaqədar biz,
müəyyən mənada, artıq başa
çatmış bir prosesin yekunlarından nəticə
çıxarmalı, cəmiyyətimiz üçün
aktuallaşan yeni paradiqmalar haqqında düşünməliyik.
Ölkəmizdə
keçid dövrünə xas olan amillər ziyalıların
vəziyyətinə, elmin, təhsilin və mədəniyyətin
durumuna öz təsirini göstərmişdir. 1990-cı illərin
əvvəlində bəzilərinə elə gəlirdi ki, vətəndaşlarımızın
ağır güzəranı, gələcəyə
inamın olmaması və ümumi çətinliklər bir
çox ənənələrimizin də məhvinə gətirib
çıxaracaqdır.
O illərdə məruz
qaldığımız siyasi, iqtisadi və sosial böhran, sözsüz
ki, insanların elmə və təhsilə olan münasibətinə
də təsir göstərmişdi. Azərbaycanlıların
daim öz övladlarının maariflənməsinə, təhsil
almasına, alimin mövqeyinin yüksək dəyərləndirilməsinə
meyilli bir millət olmasına baxmayaraq, bu dövrdə
çoxları artıq ümidsizliyə
qapanmışdılar. Sovet məktəbindən milli təhsil
sisteminə keçid heç də asanlıqla baş vermədi.
Bu illərdə Elmlər Akademiyasının
bağlanmasına dair səslənən
çağırışlar da elmi ictimaiyyətə
bütövlükdə mənfi təsirini göstərdi.
Sovet İttifaqı
dağıldıqdan sonra bütün postsovet ölkələrində
olduğu kimi, bizdə də ideologiyasızlaşdırma deyilən
prinsip bəyan edildi. Bu prinsip marksizm-leninizm ideologiyası ilə
bağlı nə varsa, hamısından tamamilə imtina
olunmasını nəzərdə tuturdu və totalitarizmin,
kommunist ideologiyasının təzədən baş
qaldırmasına imkan verməməli idi. Lakin həmin
dövrdə baş verən mürəkkəb proseslər nəticəsində
yaranmış boşluğu qısa müddətdə
müxtəlif növ surroqat ideya və yanlış
ideologiyalar doldurdu.
Belə qondarma
ideologiyaların hamısında inkar amili dominant rolunu
oynayırdı. İnkarçılıq kommunizm
idealları ilə mübarizədə yox, Azərbaycanın
keçmişinə olan münasibətdə özünü
ən parlaq şəkildə büruzə verirdi. Tarixi nailiyyətlərimizin üstündən xətt
çəkilir, qürur doğuran hadisələr belə,
qaralanırdı. Əslində,
neobolşevizmin bu yeni forması hər şeyi dağıdaraq
bizə xarabalıqlar üzərində yeni dünya
qurmağı təklif edirdi. Hadisələrin
təhlükəli istiqamətdə cərəyan etdiyi bu
dövrdə cəmiyyətə yeni bütlər təqdim
olunurdu.
Müstəqilliyin ilk illərində
ali məktəblərdə də yeniləşmə
prosesi bir çox cəhətdən kosmetik səciyyə
daşıyırdı. Elmi ateizm kafedraları
dinşünaslıq kafedraları adlandırılır, “Elmi
kommunizm” ifadəsi mexaniki olaraq “politologiya” sözü ilə əvəzlənir,
dialektik və tarixi materializm kafedraları fəlsəfə
kafedralarına çevrilirdi və s. Uzun illər Sov.İKP
tarixi ilə məşğul olmuş şəxslər də
birdən-birə dönüb Vətən tarixi üzrə
mütəxəssislərə çevrilirdilər.
1992-1993-cü
illərin siyasi həyatında baş verən hadisələrin
milli elitaya mənfi təsiri haqqında çox
danışmaq olar. Əlbəttə, obyektiv informasiyanın
olmadığı bir şəraitdə bir çox əyintilərin
və səhvlərin meydana çıxması mümkün
idi. Əsl həqiqəti ictimaiyyətə
çatdırmaq vəzifəsi məhz alimlərin üzərinə
düşürdü.
Ziyalılarımızın
böyük bir qismi isə yaxşı bilirdi ki, milli mədəni-mənəvi
oriyentasiyanın olmaması, xarici dövlətlərin stereotip
inkişaf modellərinə kor-koranə riayət edilməsi
hökmən millətin öz simasını itirməsi ilə
nəticələnir. Azərbaycanın gələcək
inkişaf strategiyasını müəyyənləşdirmiş
ümummilli lider Heydər Əliyevin bütün cəmiyyəti
səfərbər edərək, onu düzgün yola istiqamətləndirməsi
sayəsində 1990-cı illərin çətinliklərini
artıq geridə qoymuşuq.
Hazırda biz
müasir Azərbaycan dövlətçiliyinin
inkişafında yeni mərhələ yaşayırıq. Ölkəmizdə
inkişafın yüksək sürəti təmin
edilmişdir. İndi möhtəşəm
və məsuliyyətli vəzifələrin öhdəsindən
gəlmək üçün dövlətimizin kifayət qədər
potensialı və təcrübəsi vardır. Dünyanı bürümüş maliyyə və
iqtisadi böhran şəraitində bugünkü göstəricilərimiz
çox böyük uğur kimi qiymətləndirilir. İqtisadi sahədəki yüksək nailiyyətlərimiz
isə heç də asanlıqla qazanılmayıbdır.
İndi cəmiyyətimiz
qarşısında, ilk növbədə elmi elita
qarşısında mühüm vəzifələrin həlli
məsələsi dayanır. Əsas məqsədimiz
ondan ibarətdir ki, yaxın illərdə təhsildə, elmdə,
ümumən intellektual sahələrdə ciddi
dönüş yaradılmalı və biliklərə əsaslanan
iqtisadiyyatın qurulması prosesi intensivləşməlidir.
Ümummilli əhəmiyyət
kəsb edən bir sıra məsələləri biz yeni
şəraitdə təhlil etməliyik. Bütün
Yer kürəsini əhatə etmiş qloballaşma milli məkana
bəzən birmənalı olmayan şəkildə ciddi təsir
göstərir. Belə dəyişkən
siyasi, iqtisadi və sosial-mədəni paradiqmaların
mövcudluğu şəraitində
çalışmalıyıq ki, milli
varlığımıza bağlı dəyərlərə xələl
gəlməsin. Tariximizi, mədəniyyətimizi
və bizi birləşdirən mənəvi dəyərləri
qoruyub saxlamaq indi hər birimizin ən ümdə vəzifəsidir.
Bu gün Azərbaycan
dövləti çox uğurlu sosial-iqtisadi siyasət həyata
keçirir: yeni iş yerləri açılır,
regionların yüksək inkişafı təmin edilir. Ölkədə yaranan əlverişli biznes
mühiti ümumi tərəqqimizə müsbət təsir
göstərir. Vətəndaş cəmiyyətinin
bir çox strukturları aktiv fəaliyyət göstərərək
ölkəmizin inkişafına xidmət edirlər. Kütləvi informasiya vasitələri, o cümlədən
efir və internet məkanı uğurla inkişaf edir. Demək olar ki, yeniləşmə prosesindən kənarda
qalan sahə yoxdur.
Bu yaxınlarda
Prezident İlham Əliyevin sərəncamı ilə
yaradılmış Azərbaycan Respublikasının Prezidenti
yanında Elmin İnkişafı Fondunun əsas məqsədi
elmin müxtəlif sahələrində aparılan
araşdırmaların səmərəliliyinin
artırılmasını və dünya elmi məkanında
Azərbaycan elminin layiqincə təmsil olunmasını təmin
etməkdir. Bundan öncə, dövlətimizin
başçısı elmin inkişaf strategiyasının əsas
müddəalarını təsdiq edibdir. Əslində,
bu sənədlə elmlə bağlı olan hər bir qurum
qarşısında məsuliyyətli vəzifələr
qoyulur, onlardan müasir şəraitdə konkret fəaliyyət
proqramının tərtib edilməsi və gerçəkləşdirilməsi
tələb olunur.
Əsas məqsədimiz ondan ibarətdir
ki, yaxın illərdə təhsildə, elmdə, ümumən
intellektual sahələrdə ciddi dönüş
yaradılmalı və biliklərə əsaslanan
iqtisadiyyatın qurulması prosesi intensivləşməlidir.
Prezident
İlham Əliyevin YUNESKO-nun baş direktoru Koişiro Matsuura
ilə əldə etdiyi razılıq əsasında beynəlxalq
ekspertlər qrupu tərəfindən Azərbaycan elminin idarə
edilməsi, maliyyələşdirilməsi və təşkilinə
dair hazırlıq işləri aparılır. Bu ilin sonuna
yekun hesabat və təkliflər təqdim olunacaqdır. YUNESKO-nun Azərbaycana göstərdiyi bu kömək
elmlə bağlı bir çox problemlərin həllinə də
töhfəsini verəcəkdir.
Bu mühüm qərarlar istər-istəməz
belə bir sual doğurur: bəs bizim elmi elita ilə birlikdə
həyata keçirmək istədiyimiz strateji
planlarımızın mahiyyəti nədən ibarətdir? Mən, ilk növbədə, bu sahədə aktual
olan bir neçə istiqamətə toxunmaq istərdim.
Onlardan birincisi
idarəçilik sistemində qəbul olunan siyasi qərarların
elmi bazasıdır. Məlumdur ki, idarəçilik sistemində
qəbul edilən bir çox qərarlar müəyyən elmi
təhlilə istinad etməlidir. Bu təhlilin
əsas prinsiplərini üç suala veriləcək cavablar
müəyyən edir. Bu suallar əslində çox sadədir:
Problem nədən ibarətdir? Problem necə və
hansı alternativ yollarla həll oluna bilər? Mövcud alternativ həllərdən ən
optimalı hansıdır?
XX əsrdə
biz elə şəraitdə yaşamışıq ki, siyasi qərarların
qəbul edilməsi prosesinin özlüyündə bir elm sahəsi
olması totalitar dövlətdə inkar edilirdi. Bununla belə, bu gün
hamımız üçün danılmaz həqiqətdir ki,
cəmiyyətimizin uğurlu inkişafı naminə qəbul
olunan siyasi qərarların dürüstlüyünü təmin
edərkən biz, əsasən, üç istiqamət üzrə
elmi tədqiqatların nəticələrinə
arxalanmalıyıq:
– sosial-siyasi
elmlər sahəsində, o cümlədən politologiya,
sosiologiya və iqtisadi elmlər;
– fəlsəfə,
psixologiya və informasiya-kommunikasiya istiqamətləri;
– dövlət
idarəçiliyi nəzəriyyəsi, menecment və digər
sahələr.
Məlumdur ki,
dövləti və siyasi qərarları qəbuletmə nəzəriyyəsi
XX əsrin 40-cı illərində əsasən ABŞ-da təşəkkül
tapmış elm sahəsidir. Məhz bu dövrdə
siyasi idarəetmə elmləri sosial biliklərin ayrıca bir
istiqaməti kimi formalaşmışdır. 1979-cu ildə yaranan müvafiq beynəlxalq
assosiasiyanın çoxsaylı üzvləri hazırda
bütün dünyada siyasi təhlil və
proqnozlaşdırma ilə bağlı araşdırmalar
aparmaqla yanaşı, hətta bunları universitet
proqramlarına daxil ediblər.
Bununla əlaqədar,
rastlaşdığımız çoxsaylı problemlərdən
yalnız ikisi üzərində dayanmaq istərdim.
Birincisi, Azərbaycanın
hazırda iştirak etdiyi beynəlxalq miqyaslı bir neçə
layihə “enerji təhlükəsizliyi” ilə əlaqəlidir. Ona görə
də siyasi və iqtisadi amillərin güclü olduğu beynəlxalq
energetika sahəsi üzrə ölkəmizdə nüfuzlu
elmi ekspertlərə böyük ehtiyac vardır.
İkincisi,
transmilli korporasiyaların fəaliyyətinə, dünya maliyyə
bazarlarının vəziyyətinə, beynəlxalq ticarət
və xarici investisiya axınlarının istiqamətləndirilməsinə
müraciət edərkən aydın olur ki, bizim
iqtisadçı alimlər hazırda xüsusi əhəmiyyət
kəsb edən bu sahələrlə ciddi məşğul
olmalıdırlar.
Beləliklə,
aydındır ki, siyasi qərarların qəbul edilməsi mərhələsinə
qədər zəruri olan elmi araşdırmaların
aparılması günün əsas tələblərindən
biridir. Lakin kadr qıtlığı və müvafiq
mexanizmlərin işlənilməməsi bu prosesi hələlik
düzgün qurmağa imkan vermir.
İctimai elmlər sosial sifarişə
çevik reaksiya verməlidir. Ancaq o, hələ
də ətalət, gözləmə və passiv seyrçi
mövqeyindədir.
Azərbaycanın
həyata keçirdiyi daxili və xarici siyasət ən
nüfuzlu dairələrdə belə müdrik və
tarazlaşmış strateji xətt kimi qiymətləndirilir. Ancaq dövlətin
və dövlət başçısının bu siyasəti
hələlik yalnız jurnalist mövqeyi səviyyəsində
şərh edilir.
Bizdə siyasi
anlayışlardan və politologiyanın müasir problemlərindən
heç olmasa, baş çıxara bilən mütəxəssislər
yoxdur, yalnız bir-iki həqiqi politoloqumuz ola,
ya olmaya. Bu politoloqlar da son dərəcə
mürəkkəb olan müasir dünyada qloballaşmanın
problemlərinə və ziddiyyətlərinə məhz
başqalarının fikirlərinə əsasən şərhlər
verirlər. Onların məqalələrində
dünyanın aparıcı informasiya agentliklərinin,
Rusiyanın, Türkiyənin, Avropanın analitik mərkəzlərinin
mövqeləri səslənir. Deməli, hər
şey var, yalnız müstəqil Azərbaycanın real siyasi
mövqeyinin elmi əsaslarla təhlilindən başqa.
Mövcud vəziyyət
tələb edir ki, adı çəkilən sahələr
üzrə mütəxəssislərin
hazırlığı dünyanın nüfuzlu universitetlərində,
tanınmış elm və təhsil mərkəzlərində
aparılmalıdır. Prezident İlham Əliyevin bir neçə
sərəncamı, o cümlədən azərbaycanlı tələbələrin
xaricdə təhsil almağa göndərilməsi barədə
qərarı yeni texnologiyaların mənimsənilməsi ilə
yanaşı, həmin problemlərin də həllinə
yönəlibdir.
Bu gün
dünya Azərbaycanı yenidən kəşf edir. Ölkəmizə
olan bu diqqət və marağın əsasında Prezident
İlham Əliyevin fədakar fəaliyyəti dayanır.
Artıq politoloji tədqiqatlarda “Azərbaycan
modeli” haqqında fikirlər səslənir.
Lakin bizdə hələ
də inkişafın Azərbaycan modeli ilə bağlı
fundamental təhlillər aparılmır, bu modelin
uğurlarını dəstəkləyən və onun əsas
meyillərini üzə çıxaran əsərlər
yazılmır. Nəşr edilən və problemlə
az-çox əlaqəsi olan cild-cild, qalın-qalın
kitabların isə elmi səviyyəsi son dərəcə
aşağıdır. Halbuki, biz yeni cəmiyyətin
qurulması praktikasını dərindən öyrənib təhlil
edərək gələcək inkişafımızın
bazasını yaradırıq.
İctimai elmlər
sosial sifarişə çevik reaksiya verməlidir. Ancaq o, hələ
də ətalət, gözləmə və passiv seyrçi
mövqeyindədir. Bunun müxtəlif səbəbləri
vardır. İnformasiya cəmiyyətinə inteqrasiya
prosesində isə vaxt itkisini, “gecikmə effekti”ni heç nə ilə kompensasiya etmək
mümkün deyildir.
İndi
birbaşa ictimai şüura ünvanlanmış humanitar
texnologiyalar ən önəmli amilə çevrilmişdir. İnkişafın
belə bir zamanında önləyici proqnozlar sistemini müəyyənləşdirmək
üçün işlər görülməlidir. Milli elm infrastrukturunun formalaşması
üçün dövlətə konkret konsepsiya təqdim
edilməlidir. Bu, dünya elminin insanlara,
elmə və təhsilə münasibətdə irəli
sürdüyü standartlara cavab verən bir konsepsiya olmalıdır.
İctimai elmlər
cəmiyyətdə baş verən proseslərin və
dövlət-vətəndaş münasibətlərinin əlaqələndirilməsini
təmin etməlidir. O, elmimizi obyektiv istiqamətlərə yönəltməklə
millətin düşünən beyninə,
insanlarımızın ictimai əxlaqının yüksəldilməsinə,
bütünlükdə inkişafın aparıcı amilinə
çevrilməlidir. Bu vəzifələrin
öhdəsindən gəlmək üçün ictimai elmlər
sahəsində yeni ideyalar irəli sürməyə qadir
şəxslərə, kreativ düşüncəli insanlara
ehtiyac vardır.
Qlobal elm məkanına
uğurlu inteqrasiya üçün alimlərimiz ölkədə
elmin nüfuzunu və əhəmiyyətini yüksəldə
bilərlər. Odur ki, tədqiqatlar yalnız şəxsi
karyera üçün aparılmamalı, dövlətin, cəmiyyətin
maraq və ehtiyaclarına xidmət etməlidir.
Elmin hər bir nümayəndəsi
öz fəaliyyətini iki mövqedən qiymətləndirməlidir:
əvvəlcə vətəndaş, sonra alim kimi. Amma digər maraqlar üstün gəldiyindən
milli mənafe, vətənpərvərlik fikri və milli mənlik
ideyası zaman-zaman kənarda qalır. İnstitut
və kafedra rəhbərləri kollektivin elmi
potensialını dövlətin fundamental maraqlarının xidmətinə
yönəltməlidirlər. Ona görə də
islahatların elmi əsaslarının izahı və təqdimində
ictimai elmin yaxın iştirakı və əzmi hiss
olunmalıdır.
Siyasi qərarların qəbul edilməsi
mərhələsinə qədər zəruri olan elmi
araşdırmaların aparılması günün əsas tələblərindən
biridir.
Bütövlükdə,
sadaladığımız bu məsələlər siyasi qərarlar
qəbul ediləndən sonra onların nəticələrinin
düzgün elmi təhlilinə yönəlmiş fəaliyyət
sahəsidir. Bu, fikrimcə, ikinci vacib istiqamətdir ki, onun da
sanballı elmi potensiala ehtiyacı vardır.
Bizi
düşündürən üçüncü istiqamət
Azərbaycan cəmiyyətinin öyrənilməsi ilə
bağlı tədqiqatlardır. Azərbaycanlı
mentalitetinin öyrənilməsi, ictimai fikri
formalaşdıran əsas sosial-psixoloji kateqoriyalara həmvətənlərimizin
münasibəti, demoqrafik vəziyyət və bir sıra digər
amillərin elmi təhlili bu gün bizim üçün
xüsusi məna kəsb edir.
Milli dəyərlərin
qorunub saxlanmasından danışarkən biz heç də
onların konservasiyasını nəzərdə tutmuruq. Biz daim irəliyə,
gələcəyə baxmalıyıq, insani, maddi və mənəvi
resurslarımızı səfərbər etməliyik. Millətin tarixi keçmişi onun gələcəyə
doğru uğurla addımlaması üçün həm zəmin,
həm də ibrət dərsidir. Yeni
inkişaf yolunu müəyyən edən strategiyada,
sözsüz ki, varisliklə novatorluq vəhdət təşkil
etməlidir.
Biz daim
böyük fəxrlə deyirik ki, Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyev bizə azərbaycançılıq
məfkurəsini bəxş etmişdir. Onun fəlsəfəsi hər
bir azərbaycanlıya imkan verir ki, o, azərbaycanlı
olduğunu qürur hissi ilə desin. Lakin gənc
nəslin azərbaycançılıq ruhunda tərbiyəsi
prosesi heç də problemsiz deyildir. Gənclərimizin
əsl azərbaycanlı kimi tərbiyəsi bizim vətəndaşlıq
borcumuzdur və xalqımızın gələcəyi deməkdir.
Müasir dünyada vəzifələrimizin
öhdəsindən layiqincə gələ bilməyimiz
üçün aidiyyəti elmi qurumlar azərbaycançılıq
məfkurəsinin nəzəri-konseptual əsaslarını
işləyib hazırlamalıdırlar. Gənclərimizin
milli və müasir ruhda tərbiyəsi məsələləri
də həmin fəaliyyət proqramının tərkib hissəsi
olmalıdır.
Hər bir
xalqın mentalitetindən danışanda biz, əslində,
onun xarakterik milli xüsusiyyətlərini və həmin
etnosun yaşatdığı inancları, inamları, ümumi
əhval-ruhiyyəni, torpağa, zəhmətə, halal-haram
anlayışlarına münasibəti və digər amilləri
önə çəkirik.
Azərbaycan
xalqının böyük tarixi nailiyyətidir ki,
bütün təsirlərə baxmayaraq, biz öz dilimizi,
dinimizi, milli-mənəvi dəyərlərimizi qoruyub saxlaya
bilmişik. Lakin qloballaşma
çağırışlarına məruz qalan ailə
artıq XXI əsrdə bu məsələlərin həllində
əvvəllər oynadığı rolu, sözsüz ki,
oynaya bilmir. Milli dəyərlərlə əlaqəli
problemlər üzərində dayanaraq xüsusi qeyd etmək
istərdim ki, bunların tam həllini tapması müstəqil
respublikamızın vətəndaşlarının tərbiyəsi
baxımından müstəsna əhəmiyyətə
malikdir. Milli-mənəvi dəyərlərimizin
qorunub yaşadılması və zənginləşdirilməsi
ailədən də çox cəmiyyətdən
asılıdır.
Azərbaycan
dilinin cəmiyyətimizdəki mövqeyi çox
güclüdür. Həyata keçirilən irimiqyaslı layihə ədəbi
irsimizi kütləvi surətdə latın qrafikası ilə
çap etməyə imkan verdi. Bu, mədəni həyatımızda çox
böyük hadisədir. Digər tərəfdən,
dövlətin dilə və ədəbiyyata olan
qayğısının təzahürüdür. Lakin hər bir dilin inkişafı onun kütləvi
informasiya vasitələrində, müasir ədəbiyyatda,
terminoloji problemlərin həllindəki mövqeyi ilə
bağlıdır.
Bu baxımdan
etiraf etmək lazımdır ki, bu gün canlı
danışıq dilimizdə müşahidə olunan bəsitlik,
müasir ədəbi əsərlərin
qıtlığı, kütləvi informasiya vasitələrinin
dilindəki üslub pozuntuları və qəlizlik bizim
dilçilərin və ədəbiyyatşünasların
araşdırmalarında lazımi yer tutmur. Heç kəsə
elə gəlməsin ki, dilin dövlət dili elan edilməsi
ilə dillə əlaqəli olan bütün problemlər
aradan qaldırılır. Daim dilin
keşiyində dayanmalı olan insanlar, təəssüf ki,
müasir dövr üçün zəruri sanballı tədqiqatları
həyata keçirmirlər.
Məni bir sual
düşündürür: Azərbaycanda son illərdə
yazılan heç olmasa bir roman, hekayə və ya poema adı
çəkmək mümkündürmü ki, o, cəmiyyətimizdə
böyük maraq doğursun? Yaxud Azərbaycan
teatrında elə bir yeni əsər tamaşaya qoyulubmu ki,
ictimaiyyətin diqqət mərkəzində olsun? Həqiqi söz ustası, əsl ədib zamanın
ruhunu duymalı və ona uyğun əsərlər meydana gətirməyi
bacarmalıdır.
Ədəbiyyat
və teatr tənqidçilərimiz hələlik gizli, latent
formada cərəyan edən narahatedici proseslərin təhlilini
aparmalı və öz missiyalarını yerinə yetirməlidirlər. Söz sənəti
korifeylərimizdən bizə zəngin yaradıcılıq məktəbi
miras qalmışdır. Onların
bugünkü varisləri öz yeni ədəbi
axtarışları ilə Azərbaycan ədəbiyyatının
şöhrətini layiq olduğu yüksəklərə
qaldırmalıdırlar.
İctimai və
humanitar elmlərin problemlərinin həlli ölkənin elmi
elitasını əsas məqsəddən – fundamental tədqiqatların
həyata keçirilməsindən
yayındırmamalıdır. Burada da həllini gözləyən
problemlər az deyildir. Biz ümumən Azərbaycan
elmini əyalət ab-havasından xilas edərək, onun
dünya elm məkanına inteqrasiyasına can atmalıyıq.
Həqiqət
naminə qeyd etməliyik ki, Azərbaycanda XX əsrdə
ictimai və humanitar elmlər sahəsində sanballı elmi
potensial yaranmışdır. Respublika Elmlər Akademiyasında və
ali məktəblərdə müxtəlif
sahələr üzrə kifayət qədər elmlər
doktoru və elmlər namizədi hazırlanmışdır. Lakin Azərbaycanın öz müstəqilliyini bərpa
etməsindən sonrakı dövrdə belə bir vəziyyət
müşahidə olunmaqdadır ki, həmin potensial zəruri
tədqiqatların aparılmasından uzaqdır və ümumən
ölkənin gələcək inkişaf strategiyasının
elmi əsaslandırılması baxımından bir növ
istifadəsiz qalmışdır. Zamanın
tələbi isə budur ki, fundamental elmi
araşdırmaların aparılması ilə yanaşı,
ictimai və humanitar elmlər həyata yaxınlaşmalı,
cəmiyyətin bugünkü və gələcək tələbatlarını
müəyyənləşdirməklə mövcud problemlərin
mümkün həlli yollarını təqdim etməlidirlər.
Aparılan
sorğular cəmiyyətdə elmi fəaliyyət sahəsinə
laqeydliyin olduğunu göstərir. Bu, böyük həyəcan
doğuran faktdır. Bunun səbəblərindən
biri də indi elmə gələn bəzi insanların şəxsi
keyfiyyətləri və analitik təhlil qabiliyyətlərinin
müasir tələblərdən xeyli aşağı
olmasıdır. Mövcud elmi şuralar
öz iclaslarında elmin müxtəlif sahələrinə həsr
olunmuş xüsusi müzakirələr keçirmir. Beynəlxalq tərkibli elmi şuralar isə heç
yoxdur. Müdafiə şuraları səviyyəsiz
araşdırmalara, dissertasiyaların müxtəlif yollarla
yazılmasına, müdafiəsinə və elmi adların
verilməsinə ciddi və tələbkarlıqla
yanaşmır, nöqsanlara göz yumur. Müdafiə
olunan dissertasiyaların böyük bir qismində sanballı
elmi tutum və yeni elmi qənaətlər yoxdur. Belə faktların sayı isə nəinki
azalmır, əksinə, artır.
Elm bir biznesə çevrilib
və istənilən şəxs – dövlət məmuru,
yaxud iş adamı müxtəlif yollarla elmi ad almağa nail
olur. Təəssüf ki, bütün bu proseslərdə
elm və təhsil müəssisələrinin bir sıra əməkdaşları
hazır dissertasiyaları iddiaçılara təklif edirlər.
Paradoksal haldır ki, elmin
paklığını qorumaq əvəzinə elm xadimlərinin
özləri təsadüfi adamların elmi adlar almasına rəvac
verir, belə işləri elmi şuralarda yekdilliklə dəstəkləyirlər.
Söz yox ki, bu cızma-qaralar Azərbaycanın
elmi potensialının artırılmasına heç bir xidmət
göstərə bilməz.
Son beş
ildə Azərbaycanda müdafiə edilmiş dissertasiyalar
arasında elələri vardır ki, tragikomik təsir
bağışlayır. Xüsusilə filologiya sahəsində
hansısa yazıçının “yaradıcılıq yolu”na həsr olunmuş dissertasiyaları qeyd etmək
istərdim. Adları qədər özləri də
bəsit olan həmin dissertasiyalar elmi tədqiqatdan daha
çox, son dərəcə zəif yazılmış
publisistik yazıları xatırladır. Eyni
mənzərə ictimai və humanitar elmlərin digər sahələrində
də müşahidə olunur. Yüzlərlə
dissertasiya müdafiə edildiyi halda, dünyanın nüfuzlu
elmi jurnallarında Azərbaycan alimlərinin məqaləsinə
təkdənbir rast gəlmək mümkündür.
Məlumdur ki,
uzun müddət ərzində Azərbaycanda ictimai elmlər
sovet ideoloji sistemi kontekstində təşəkkül
tapmış və bu səbəbdən də müasir elmi
nailiyyətlərdən uzaq düşərək
dünyanın intellektual elitasından təcrid olunmuşdu. Əslində,
marksaqədərki siyasi və fəlsəfi fikrin bütün
dövrü, belə deyək ki, müəyyən sterilləşdirməyə
məruz qalmışdı. Hətta Platon, Aristotel,
Bəzi elmi
işçilər çox uğursuz bir yol tutaraq xaricdən
verilən qrantlar hesabına yazdıqları müxtəlif məqalələrdə
elmdən uzaq və olduqca subyektiv mülahizələr ortaya
atmaqla, qrant verən qurumların niyyət və məqsədlərinə
xidmət göstərirlər. İş o yerə
çatıbdır ki, bəziləri Azərbaycan xalqının
guya heç nəyə qadir olmadığını təsdiqləmək
həvəsinə düşüblər. Onlar
guya vahid millət kimi formalaşmadığımızı və
zamanın tələblərinə adekvat cavab vermək
iqtidarında olmadığımızı sübuta yetirməyə
çalışırlar. Digərləri
isə açıq-aydın yazırlar ki, bizim bütün
problemlərimiz adımızın “azərbaycanlı”
olmağından və ya bizə kiminsə “azərbaycanlı”
adını verməyindən irəli gəlir. Onların fikrincə, bəlkə millətimizin
adı başqa olsaydı, problemlərimiz də olmazdı.
Bu, çox təhlükəli mövqedir.
Faktlar göstərir ki, bir sıra alimlər
elmdən uzaqlaşaraq və siyasi oyunların qurbanlarına
çevrilərək, hətta danılmaz həqiqətləri
belə öz siyasi maraqlarına qurban verməyə
hazırdırlar.
Bu gün
ölkədə yaranmış ictimai-siyasi və mənəvi
mühit bizə ictimai elmlərin yeni şəraitdəki
rolunu dəqiqliklə müəyyənləşdirməyə
imkan verir.
Sürətli sosial-iqtisadi inkişaf, öz növbəsində,
ictimai elmlər qarşısında yeni vəzifələr irəli
sürür, ictimai elmlər üzrə çalışan
alimlərin məsuliyyətini nəzərəçarpacaq dərəcədə
artırır, bu sahədə verilən bütün səmərəli
fikir və təkliflərə tam ciddiyyətlə,
özünütənqid ruhunda yanaşaraq, onları diqqətə
almağı və lazımınca qiymətləndirməyi tələb
edir. Əlbəttə, ictimai elmlər sahəsində
müəyyən nailiyyətlər
qazanıldığını inkar etmək olmaz. Lakin alimlərimiz öz qüvvələrini bu
günün ən aktual problemlərinin həllinə yönəltməlidirlər.
Etiraf etmək
lazımdır ki, ictimai elmlərin cəmiyyətimizdəki
mövqeyini, bütövlükdə bu elmlərin mövcud vəziyyətini
ölkəmizin indiki inkişaf mərhələsinin irəli
sürdüyü tələblər baxımından qənaətbəxş
hesab etmək olmaz. Onun nüfuzunun yüksək
olmamasının səbəbləri nədir?
Tədqiqatlar yalnız şəxsi karyera
üçün aparılmamalı, dövlətin, cəmiyyətin
maraq və ehtiyaclarına xidmət etməlidir.
Bizim fikrimizcə,
başlıca səbəb ictimai biliklərin insanların artan
tələbatından, həmçinin cəmiyyətin həyatında
baş verən hadisələrin analitik təhlilindən geri
qalmasıdır. Ölkədə cərəyan edən
proseslərlə müqayisədə ictimai elmlərin geri
qalması bizim üçün heç də yeni hal deyildir.
Bu, demək olar ki, onillər boyu xroniki şəkil
almışdır. Hələ 1970-80-ci illərdə
ulu öndər Heydər Əliyev respublikamızda ictimai elmlərin
nümayəndələrini Azərbaycan reallıqlarına
xüsusi həssaslıqla yanaşmağa
çağırmış, onların tədqiqatlarına tənqidi
yanaşaraq nəzər-diqqətlərini dəfələrlə
belə bir məsələyə yönəltmiş və tələb
etmişdi ki, ictimai elmlər öz gücünü məhz
gerçəkliyin obyektiv təhlilindən almalıdır.
O zamankı inkişaf meyillərini və mövcud vəziyyətin
təhlilini mücərrəd nəzəriyyəçiliklə
əvəz edərək iqtisadi artım tempinin sürətləndirilməsi
baxımından respublikanın təcrübəsini ümumiləşdirməyə
çalışan tanınmış iqtisadçı alimin
kitabını Heydər Əliyevin necə kəskin tənqid
etdiyini xatırlamaq yerinə düşərdi. Həmin
alim köhnəlmiş iqtisadi göstəricilərdən
istifadə etdiyinə görə Azərbaycanın 1970-ci illərdəki
təsərrüfat-iqtisadi həyatı üçün səciyyəvi
olan yüksək əmək ritminin həqiqi mənzərəsini
canlandıra bilməmişdi.
İctimai elmlər
sahəsində geriliyi, müəyyən mənada spesifik
sosial şəraitlə də əlaqələndirmək
mümkündür. Belə ki, sosialist dünyagörüşündən
imtina edərkən alimlərimiz ictimai elmlər sahəsində
yeni yollar axtarmağa da heç hazır deyildilər.
İndi ölkənin
kitab bazarı müxtəlif məzmunlu və çoxsaylı
nəşrlərlə dolub daşır. Əli qələm
tutan yazır. Nəfis tərtibatla
işıq üzü görən bu nəşrlər
içərisində sosial-siyasi problemlərin bəsit şərhi
ilə bağlı vaxtaşırı səslənən ciddi
iradları biz tamamilə haqlı sayırıq. İctimai elmlər üzrə tədqiqatların
empirizm və quru təsvirçilik səviyyəsinə enməsi
müşahidə olunur və həmin nəşrlərdə
faktlar yalnız sadalanır, hadisələrin quru təsviri
verilir, nəzəri təhlil də yox dərəcəsindədir.
Hər bir elmi axtarışda isə əsas
prinsip canlı müşahidədən abstrakt təhlilə və
ondan praktikaya istiqamətlənməlidir.
Şübhəsiz,
dünyagörüşünün elmi əsası kimi fəlsəfə
və digər ictimai elmlər öz vəzifələrini
yalnız o halda tam yerinə yetirə bilər ki, burada
aparılan ümumiləşdirmələr və gəlinən
qənaətlər aydın bir dildə ifadə edilməklə
yanaşı, məzmunca da dərin olsun. Bu qənaətlər
isə yalnız insanları düşündürən və
narahat edən elmi, sosial-mədəni və mənəvi-əxlaqi
problemlərin real həllində rol oynayacağı təqdirdə
maraq doğurar, onların diqqətini öz üzərinə
çəkə bilər.
Əlbəttə,
ictimai elmlərin yeri və nüfuzu ən əvvəl bu sahədə
çalışan mütəxəssislərin özlərindən
asılıdır. Sirr deyil ki, son 20-25 il ərzində
məlum obyektiv, yaxud subyektiv səbəblərdən ictimai
elmlər sahəsində canlı diskussiyalar aparılmır, məzmunlu
elmi tənqidə və nəzəri aspektli təhlillərə
rast gəlinmir.
Biz ümumən Azərbaycan elmini əyalət
ab-havasından xilas edərək, onun dünya elm məkanına
inteqrasiyasına can atmalıyıq.
İctimai elmlər
öz mənbəyini məhz gerçəkliyin obyektiv şərhindən
və təhlilindən alır.
Cəmiyyətdəki
təmayülləri hələ özünü büruzə
verməyə başladığı ilk vaxtdan görməyi
bacarmaq əsl sosioloqa xas olan bir keyfiyyətdir. Bunun isə
çox nadir hallarda şahidi oluruq. Gerçəkliyin
obyektiv təhlili, düzgün qiymətləndirilməsi və
tarixi təcrübənin yeni elmi dərki olmadığı təqdirdə
yeni elmi biliklər və ictimai elmlərin məzmunca zənginləşməsi
də çətindir. Əgər nəyi
isə tənqid ediriksə, həmin tənqid mövcud
olanların köklü inkarına yönəlməməli,
islahedici xarakter daşımalıdır. Əks-təqdirdə
o, inkişafı əngəlləyən amilə çevrilə
bilər.
Bir qədər
əvvəl deyildiyi kimi, ölkəmizin inkişafının
yeni təcrübəsi lazımınca öyrənilmir,
ümumiləşdirilmir və yeni biliklərin hasil edilməsində
ondan istifadə olunmur. Həyatımızın bugünkü
reallıqları elmi-nəzəri tədqiqatlarda
özünün təcəssümünü
tapmalıdır. Yeni dövrün ruhuna
uyğun nəzəri-ictimai fikrin yaradıcı surətdə
inkişafı bu yolla təmin edilə bilər.
Ötən
dövrə nəzər yetirdikdə aydın olur ki, bizim
filosoflar, tarixçilər, iqtisadçılar və ədəbiyyatşünaslar
ölkədə baş verən yeniliklərin heç də
aparıcı qüvvəsi kimi çıxış etməyiblər. Həddən
ziyadə vaxt itkisinə yol verilmişdir. Halbuki, müstəqilliyimizin
on doqquz ili lazımi elmi nəticələrə
gəlmək üçün kifayət qədər möhkəm
baza təşkil edir.
Xalq qəzeti.- 2009.- 9 dekabr.- S. 2-3.