Heydər Əliyev və milli-mənəvi
dəyərlərimiz
Hər xalqın öz
adət- ənənəsi var, öz milli-mənəvi və
dini dəyərləri var. Biz öz milli-mənəvi dəyərlərimizlə,
öz dini dəyərlərimizlə, adət- ənənələrimizlə
fəxr edirik.
Heydər ƏLİYEV,
Ümummilli lider
Məlumdur ki, hər
hansı bir xalqın mədəniyyətinin inkişafında
, milli şüurunun formalaşmasında tarixən
yaranmış milli -mənəvi dəyərlər
mühüm rol oynayır. Çünki hər bir xalqın
milli-mənəvi dəyərlərini şərtləndirən
dil, din və adət- ənənə onun mənəvi aləminin
formalaşmasına həlledici təsir göstərən
amillərdəndir. Hər hansı bir ölkədə
xalqın milli- mənəvi dəyərlərinin qorunması
və mədəniyyətinin inkişaf etdirilməsi vətəndaşların
milli birliyinin təmin olunmasına xidmət edir.
Ümummilli liderimiz Heydər
Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə
həmişə xalqımızın milli-mənəvi dəyərlərinin
qorunmasına, milli mədəniyyətimizin inkişafına,
xalqın adət- ənənələrinin zənginləşdirilməsinə
çalışmışdır. Eyni zamanda, ulu öndər
gənclərimizi xalqımızın milli-mənəvi dəyərləri,
milli əxlaq prinsipləri əsasında tərbiyə etməyi
tövsiyə edirdi. Bu baxımdan ulu öndər gənclərimizin
milli-mənəvi dəyərlər əsasında tərbiyələndirilməsindən
bəhs edərək demişdir: “...Biz öz milli- mənəvi
dəyərlərimizi, adət- ənənələrimizi, əxlaqi
dəyərlərimizi bütün istiqamətlərdə
qorumalıyıq, saxlamalıyıq və gənc nəsli əsrlər
boyu böyük sınaqlardan keçmiş bu mənəvi, əxlaqi
dəyərlər ruhunda tərbiyələndirməliyik”.
Azərbaycan xalqı
tarixin ən çətin dövrlərində belə, öz
zəngin milli-mənəvi irsini və adət- ənənəsini
yad təzahürlərdən hifz edərək onu qoruyub
saxlamış və nəsildən-nəsilə
ötürmüşdür. Xalqımızın milli-mənəvi
dəyərləri, adət-ənənəsi
insanlarımızın dini etiqadına əsaslanaraq
özündə çox böyük milli əxlaqi və bəşəri
duyğuları təcəssüm etdirir. Müqəddəs
daxili inama, mənəvi saflığa tapınan Azərbaycan
xalqı tarixin ən kəşməkəşli mərhələlərində
belə, mənəviyyatın təntənəsinə xidmət
edən İslam dininin zəngin dəyərlərindən
dönməyərək bu dəyərlərə həmişə
sadiq qalmışdır. İslam dininin mahiyyətini dərk
edən xalqımız onun insan ruhunu paklığa səsləyən
müqəddəs çağırışlarına, mərasim
və ayinlərinə tarixin bütün məqamlarında əməl
etməyə çalışmışdır. Ulu öndər
bu haqda demişdir: “Bizim xalqımız yüz illərlə,
min illərlə adət-ənənələrimizi, milli-mənəvi
dəyərlərimizi yaradıbdır və bunlar indi bizim
xalqımızın mənəviyyatını təşkil edən
amillərdir”.
Hətta insanların
yaddaşında ateizm mərhələsi kimi qalan Sovet dönəmində
də xalqımız öz milli-mənəvi dəyərlərindən,
dini baxışları və adət- ənənələrindən
uzaqlaşmamış, əksinə milli və dini əxlaqa
söykənərək xeyirxah işlər görərək,
qohum-qonşulara, maddi yardıma ehtiyacı olanlara əl tutaraq
savab qazanmağa can atmışlar. Eyni zamanda, xalqımız həmin
dövrdə bir çox qadağalara baxmayaraq milli ( Novruz) və
dini (Qurban, Ramazan) bayramlarını da qeyd etmişlər.
Lakin ölkəmiz
müstəqillik əldə etdikdən sonra
xalqımızın dini bayramları dövlət səviyyəsində
qeyd olunmağa başlanmış və milli-mənəvi dəyərlərimizin
qorunması işinə dövlət tərəfindən ciddi
qayğı göstərilməsi həyata
keçirilmişdir. Məsələn, Azərbaycan
Prezidentinin andiçmə mərasimində respublika
Konstitusiyası ilə yanaşı, müqəddəs Qurani-Kərimə
də əl basaraq dövlətə, xalqa sədaqətlə
xidmət edəcəyinə , milli-mənəvi və dini dəyərlərimizi
qoruyacağına and içməsi yuxarıda dediklərimizə
əyani sübutdur.
Respublikamızda ikinci dəfə
hakimiyyətə gələn ulu öndər Heydər Əliyev
ilk gündən Azərbaycan xalqının milli-mənəvi
dəyərlərinə, adət-ənənələrinə
sadiq olduğunu öz fəaliyyəti, əməlləri və
bu sahədə həyata keçirdiyi tədbirlər vasitəsilə
sübut etmişdir.
Ümummilli lider Azərbaycan
Respublikasının Prezidenti olduğu dövrdə
(1993-2003-cü illər) xalqımızın milli-mənəvi
dəyərlərinin, onun adət-ənənələrinin
dirçəldilməsi, xüsusən İslam mədəniyyəti
nümunələri olan məscidlərin , tarixi memarlıq
abidələrinin, ziyarətgahların bərpası ilə
bağlı tədbirlərin həyata keçirilməsi onun
bir daha xalqa mənən bağlılığını və
islami dəyərlərə sədaqətini göstərən
parlaq misallardır. Heydər Əliyevin tez-tez dindarlarla
görüşməsi, dini bayramlarda məscidlərə getməsi,
dindarların mənəvi ehtiyaclarına həssaslıqla
yanaşması xalq arasında həmişə böyük
razılıq hissi ilə qarşılanmışdır.
Məsələn, Azərbaycanda
dövlət müstəqilliyinin bərpasından sonra
respublikamızda dini bayramların, o cümlədən Qurban
bayramının rəsmi şəkildə qeyd
olunmasını vurğulayan ulu öndər bu bayramın bəşəri-mənəvi
dəyərlərindən insanların faydalanmasının əhəmiyyətindən
bəhs edərək demişdir: “Müsəlmanların
böyük bir təntənə ilə həmrəylik və
qardaşlıq rəmzi kimi qeyd etdikləri Qurban bayramı
insanlar üçün yüksək bəşəri-mənəvi
dəyərlərdən faydalanmaq imkanları yaradır. İslamın
insanpərvərlik, mehribanlıq və mərhəmət
prinsiplərinə həmişə sadiq qalmış Azərbaycan
xalqı tarixinin çətin dövrlərində belə,
Qurban bayramını özünün ən əziz günlərindən
biri kimi qeyd etmişdir. Dövlət müstəqilliyimizin bərpasından
sonra bu günün rəsmi şəkildə bayram edilməsi
xalqımızın öz milli və dini ənənələrinə
sədaqətinin parlaq ifadəsidir”.
Xalqımızın
milli-mənəvi dəyərlərinin təbliğində və
gənclərimizin bu ruhda tərbiyə olunmasında, həmçinin
cəmiyyətin bu istiqamətdə səfərbər edilməsində
ümummilli lider Heydər Əliyevin xidmətlərini yada
salan Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz
Mehdiyev “Azərbaycanda humanitar və ictimai elmlər sahəsində
yaranmış vəziyyət”ə həsr olunmuş
müşavirədə 90-cı illərin əvvəllərində
milli-mənəvi oriyentasiyanın olmamasının müəyyən
çətinliklər yaratdığını
vurğulamışdır. O, bu çətinliklərin aradan
qaldırılmasında və cəmiyyətin səfərbər
edilməsində ulu öndərin rolundan danışarkən
demişdir: “Azərbaycanın gələcək inkişaf
strategiyasını müəyyənləşdirmiş
ümummilli lider Heydər Əliyev bütün cəmiyyəti
səfərbər edərək onu düzgün yola istiqamətləndirdi.
Bu gün 90-cı illərin çətinliklərini artıq
geridə qoymuşuq. Biz müasir Azərbaycan dövlətinin
inkişafında yeni mərhələ yaşayırıq. Prezident
İlham Əliyevin qeyd etdiyi kimi, iqtisadi sahədə
keçid dövrü artıq başa
çatmışdır. Ölkəmizdə inkişafın
yüksək sürəti təmin edilmişdir. İndi
möhtəşəm və məsuliyyətli vəzifələrin
öhdəsindən gəlmək üçün dövlətimizin
kifayət qədər potensialı və təcrübəsi
vardır”.
Müşavirədə
humanitar və ictimai elm sahəsində
çalışanların qarşısında duran vəzifələrdən
bəhs edən akademik R. Mehdiyev bildirmişdir ki, milli-mənəvi
dəyərlərin qorunması indi ən ümdə vəzifələrdən
biridir. Lakin milli dəyərlərin qorunub
saxlanılmasından danışarkən biz heç də
onların konservasiyasını nəzərdə tutmuruq. Biz
daim irəliyə, gələcəyə baxmalı, insani,
maddi və mənəvi resurslarımızı səfərbər
etməliyik. Millətin tarixi keçmişi onun gələcəyə
uğurla addımlaması üçün həm etibarlı
zəmin, həm də ibrət dərsidir. Yeni inkişaf yolunu
müəyyən edən strategiyada, sözsüz ki, varisliklə
novatorluq vəhdət təşkil etməlidir.
Ümummilli lider Heydər
Əliyev həmişə həm müdrik el ağsaqqalı,
həm də təcrübəli dövlət
başçısı kimi cəmiyyətimizin mənəvi əsaslarını
təşkil edən ümdə prinsiplər və onların
qorunub inkişaf etdirilməsi istiqamətləri barədə
çox dəyərli fikirlərini xalqla
bölüşdürmüşdür. Belə bir ünsiyyətin
fərqləndirici əlaməti onun rəsmiyyətdən
uzaqlığı, ulu öndərin cəmiyyətin sadə
üzvləri ilə daim təmasda olması, həmişə
xalqa bağlılığı ilə şərtlənirdi. Heydər
Əliyev öyrədirdi ki, sərvət toplamaq,
dünyanın ən ləzzətli təamlarını
nuş etmək, son dəbdə geyinmək,
bütövlükdə müəyyən maddi sərvətlərə
malik olmaq mümkündür. Lakin hər bir insan və hər
bir millət hər şeydən əvvəl öz
xalqının mənəvi sərvətlərinə sahib
çıxmalı, öz mədəniyyətini, adət-ənənəsini,
mentalitetini və milli-mənəvi dəyərlərini
qorumalıdır. Gələcək nəsillərə bəlkə
də maddi sərvətlər və iqtisadi mirasdan daha
çox mənəvi irs, milli mentalitet ərməğan edilməlidir.
Ulu öndər özünün mənəviyyatla
bağlı məşhur 2001-ci ilin avqust bəyanatında
milli mentalitetlə əlaqədar demişdir: “Hər xalqın
öz mentaliteti var. Bizim Azərbaycan xalqının mentaliteti
onun böyük sərvətidir. Heç vaxt iki xalq bir-birinə
bənzəməz. Heç vaxt iki xalq bir-birinə bənzər
dəyərlərə malik ola bilməz. Yenə də deyirəm,
hər xalqın özünə, öz tarixi köklərinə,
əcdadları tərəfindən yaradılmış milli-mənəvi
dəyərlərinə bağlılığı
böyük amildir. Biz də indi dünyanın mütərəqqi
mənəvi dəyərlərindən istifadə edərək
xalqımızın mədəni səviyyəsini daha da
inkişaf etdirərək, gənc nəsli daha da sağlam əhval-ruhiyyədə,
saf əxlaqi əhval-ruhiyyədə tərbiyələndirməliyik”.
Məlumdur ki, ölkəmiz
müsəlman dünyasının ayrılmaz hissəsi olaraq
islam mədəniyyətinin inkişafına tarixən öz
töhfələrini vermişdir. Eyni zamanda, islam dini
xalqımızın həm dini əqidəsi, həm də
milli-mənəvi dəyərləri kimi insanların həyatının
ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Xalqımızın
mənəvi inkişafında gənclərimizin əxlaqının
formalaşmasında, azərbaycanlıların ailə
institutunun möhkəm təmələ söykənməsində
islamın rolu əvəzsizdir. İslam bütün müsəlman
dünyası tərəfindən qəbul edilə biləcək
vahid ilahiyyat konsepsiyası yaratmışdır. İslamın
həyat qabiliyyəti dini sistem çərçivəsində
müxtəlif nöqteyi-nəzərlərin yanaşı
mövcudluğuna imkan verməsi ilə təmin olunur. Ulu
öndər milli-mənəvi dəyərlərin xalqın, vətəndaşların
milli birliyinə xidmət etdiyini həmişə
vurğulamış, xüsusən dini bayramların milli həmrəyliyin
təmin edilməsində mühüm rol
oynadığını xüsusi qeyd etmişdir. Azərbaycan
xalqının milli həmrəyliyinin bərqərar
olmasında Qurban bayramının xüsusi əhəmiyyət
kəsb etdiyini bildirən ümummilli lider Heydər Əliyev
2003- cü ildə Qurban bayramı münasibətilə Azərbaycan
xalqını təbrik edərkən demişdir: “Qoy
bütün milli və dini bayramlarımız kimi mübarək
Qurban bayramı da xalqımızın yüksək ideallar ətrafında
daha çox birləşməsini təmin etsin, azad , müstəqil
və demokratik Azərbaycan dövlətinin gələcək
inkişafı naminə bütün azərbaycanlılar
arasında ümummilli həmrəyliyi möhkəmləndirsin”.
Ulu öndərimiz Heydər
Əliyev türkdilli xalqların öz milli tarixlərini,
doğma dillərini, ədəbiyyatlarını, mədəniyyət
və incəsənətini, adət-ənənələrini
qorumağı və onları zənginləşdirməyi həmişə
dəstəkləmişdir. Bu baxımdan ümummilli lider Heydər
Əliyev türkdilli ölkələrin mədəni əlaqələrini
həyata keçirən Türksoy təşkilatının fəaliyyətinin
genişlənməsinə və Azərbaycanın bu təşkilatın
işində fəallıq göstərməsinə həmişə
xüsusi diqqət yetirmişdir.
Hazırda Azərbaycanın türkdilli ölkələrlə mədəni əlaqələrində Türksoy təşkilatı əsas rol oynamaqdadır. Türksoy təşkilatının əsası 1992-ci ilin yazında İstanbul şəhərində türkdilli dövlətlərin mədəniyyət nazirlərinin birinci görüşü zamanı qoyulmuşdur. Türksoyun idarəetmə orqanlarının strukturu və fəaliyyət mexanizmləri təşkilatın 1992-ci ilin dekabrında Bakıda keçirilən ikinci toplantısında formalaşdırılmışdır.
Bundan sonra “Türksoyun yaradılması və fəaliyyət prinsipləri haqqında Müqavilə” sənədi 12 iyul 1993-cü ildə Almatı şəhərində 6 təsisçi-dövlət və təşkilatın daimi üzvləri – Azərbaycan, Qazaxıstan, Türkiyə, Türkmənistan, Qırğızıstan və Özbəkistan respublikaları tərəfindən imzalanmışdır. Daha sonra bu müqaviləyə müşahidəçi dövlət qismində Tatarıstan, Başqırdıstan, Şimali Kipr türk respublikaları, həmçinin RF tərkibində olan Tuva, Xakasiya, Altay, Saxa-Yakutiya respublikaları və Moldova Respublikası tərkibində TAO Qaqauz Yeri qoşulmuşdur.
Türksoy təşkilatının əsas məqsəd və vəzifələri aşağıdakılardan ibarətdir:
– Beynəlxalq münasibətlərin humanistləşdirilməsinə və stabilləşdirilməsinə istiqamətlənən beynəlxalq ictimaiyyətin mənəvi inkişafının prioritetlərini regional və planetar səviyyədə qəbul və təsdiq edilməsi;
– Beynəlxalq dialoqun təşkili və inkişaf etdirilməsi və Türksoya üzv dövlətlərin mədəni oxşarlıqlarının dəstəklənməsi;
– Türkdilli xalq və ölkələr arasında dost münasibətlərin va qarşılıqlı anlaşmanın qurulması;
– Türkdilli xalqların etnogenezi, gerçək tarixi, ədəbiyyat, mədəniyyət və incəsənətin öyrənilməsi sahəsində elmi araşdırmaların intensivləşdirilməsi;
– Öz xalqlarının milli tarixinin, doğma dilinin, ədəbiyyatının, mədəniyyət və incəsənətinin və ənənələrinin yeni nəsil tərəfindən öyrənilməsinin dəstəklənməsi və s.
Əlbəttə, həyat inkişaf etdikcə Türksoyun da fəaliyyət istiqamətləri genişlənir və çeşidli tədbirlər keçirilir. Türkdilli ölkələr arasında elmi-mədəni əlaqələrin genişləndirilməsi fikri 2-3 oktyabr 2009-cu il tarixində Türkdilli Dövlətlərin Dövlət Başçılarının Naxçıvan şəhərində keçirilmiş 9-cu Sammitində qəbul edilmiş Bəyannamədə öz əksini tapmışdır. Qeyd edək ki, Naxçıvan şəhərində keçirilmiş türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşü Türksoyun fəaliyyətinə böyük dəstək göstərmiş və türk dünyasının mədəniyyət sahəsindəki əməkdaşlığına yeni yollar açmışdır. Türksoy “ Bakı İslam Mədəniyyətinin Paytaxtı- 2009" mədəniyyət ili çərçivəsində keçirilən tədbirlərdə də fəal iştirak etmişdir. Bu məqsədlə Türksoyun Daimi Şurasının 26-cı toplantısı 16-17 oktyabr 2009-cu ildə Bakı şəhərində keçirilmişdir. Toplantını açan Azərbaycan mədəniyyət və turizm naziri Ə. Qarayev hesabat dövründə təşkilatın fəaliyyəti haqqında məlumat verərək bildirmişdir ki, Avrasiyanın türkdilli arealı çərçivəsində milli dil, tarix, mənəvi irs, mədəniyyət və incəsənət yaxınlığı ilə birləşən ölkə və xalqların regional əməkdaşlığını həyata keçirən Türksoy bu sahədə öz fəaliyyətini daha da genişləndirmişdir. Tədbirdə çıxış edən Türksoyun baş direktoru Düsen Kaseinov bu təşkilatın türk xalqlarının daha da yaxınlaşması istiqamətində həyata keçirdiyi tədbirlər barədə ətraflı məlumat vermişdir. Türk xalqlarının mədəni əlaqələrinin genişlənməsindən bəhs edən D.Kaseinov bildirmişdir ki, dahi Azərbaycan bəstəkarı Ü.Hacıbəyovun ”Koroğlu" operası artıq beş ölkədə böyük uğurla nümayiş etdirilmişdir. O qeyd etmişdir ki, dünyanın ən böyük operalarından olan “Koroğlu”nun türk xalqlarının teatr səhnəsində oynanılması bu xalqların mədəni həyatında böyük hadisədir. Türksoyun beynəlxalq əməkdaşlıq sahəsindəki rolundan danışan D.Kaseinov vurğulamışdır ki, təşkilat YUNESKO, İSESKO, Avropa Şurası, Avrokomissiya, Dövlətlərarası Humanitar Əməkdaşlıq Təşkilatı (DHƏT) və MDB arasında əməkdaşlığın gücləndirilməsinə istiqamətlənmiş bir sıra tədbirlər həyata keçirmişdir.
Qeyd edək ki, Novruz bayramının YUNESKO-nun qeyri-maddı irs siyahısına daxil edilməsində Türksoyun müəyyən rolu olmuşdur. Bu baxımdan Türksoy 2010-cu ildə Novruz bayramını Parisdə YUNESKO-nun mənzil-qərargahında qeyd etməyi nəzərdə tutmuşdur.
Ümumiyyətlə, türkdilli ölkələrdə həyata keçirilən tədbirlər, o cümlədən “Türk dillərinin bədii tərcüməsinin problemləri və müasir vəziyyət” (İstanbul) və “Sivilizasiyaların dialoqunda türk dünyasının rolu” (Almatı) mövzularında simpoziumların, müxtəlif kino, teatr və musiqi festivallarının keçirilməsi həmin ölkələr arasında mədəni əməkdaşlığın genişləndirilməsində Türksoyun mühüm rol oynadığını göstərən faktlardır.
Türkdilli xalqların mədəni əlaqələrinin inkişafında Türksoyun fəaliyyətinin ulu öndər Heydər Əliyev tərəfindən dəstəklənməsini türkdilli xalqların tarixən formalaşmış ortaq mənəvi dəyərlərinin qorunması sahəsində onun uzaqgörənliyi kimi dəyərləndirmək olar.
Ulu öndərin daxili və xarici siyasətini uğurla davam etdirən, xalqımızın milli-mənəvi dəyərlərini həmişə uca tutan ölkə Prezidenti cənab İlham Əliyev də islam dini ilə bağlı tarixi ənənələrə və dini bayramlara hörmət və ehtiramla yanaşır. Bütün milli və dini bayramlarda Azərbaycan xalqını təbrik edən hörmətli Prezidentimiz builki Qurban bayramı münasibətilə təbrikdə demişdir: “Xalqımız öz milli-mənəvi dəyərlərinə və ənənələrinə həmişə ehtiramla yanaşır. Bütün dini mərasimlər, o cümlədən Qurban bayramı hər il böyük təntənə ilə qeyd olunur. Ölkəmizin hər yerində Allahın adına qurbanlar kəsilir, xalqımızın və dövlətimizin əmin-amanlığı və firavanlığı üçün dualar edilir, şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur. Əminəm ki, builki Qurban bayramı da cəmiyyətimizdə milli-mənəvi həmrəyliyin, xeyirxah əməllərin, şəfqət və mərhəmət duyğularının təntənəsinə çevriləcəkdir. Əziz bacı və qardaşlarım! Bu müqəddəs bayram günlərində bir daha hər birinizə cansağlığı, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram. Qurban bayramınız mübarək olsun!”
Sakit HÜSEYNOV,
AMEA-nın Fəlsəfə, Sosiologiya
və Hüquq
İnstitutunun şöbə müdiri,
fəlsəfə elmləri doktoru
Xalq qəzeti.- 2009.- 9 dekabr.- S. 4.