Ölkənin teleradio kanallarının fəaliyyəti elmi prinsiplərə və milli maraqlara söykənən konsepsiya əsasında qurulmalıdır

 

Bu fikirlər Dövlət İdarəçilik Akademiyasındakı müzakirədə səsləndirildi

 

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Azərbaycanda müasir efir məkanı probleminə metodoloji yanaşma (fəlsəfi, siyasi və hüquqi kontekstdə)” mövzusunda kafedralararası elmi-metodoloji seminar keçirilmişdir.

 

Müvafiq kafedraların professor-müəllim heyətinin, aspirant, dissertant və əməkdaşlarının iştirakı ilə keçən seminarı giriş sözu ilə Akademiyanın rektoru, əməkdar elm xadimi, professor Seyfəddin Qəndilov açaraq Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin bu ilin oktyabr ayında “Azərbaycanqəzetində dərc olunan “Azərbaycanın efir məkanı: problemlər və vəzifələr” başlıqlı məqaləsinin ölkə ictimaiyyətində geniş əks-səda doğurduğunu, həmin məqalədə cəmiyyətimiz üçün olduqca aktual və düşündürücü bir məsələnin gündəmə gətirildiyini, xalqımızın bu gününə, sabahına canı yanan vətəndaş münasibətinin ortaya qoyulduğunu qeyd etmişdir. O göstərmişdir ki, Azərbaycanda kütləvi informasiya vasitələrinin yaranması və azad fəaliyyəti daim dövlətimizin diqqət mərkəzində saxlanılır.

Məqalədə müəllif xüsusi olaraq qeyd edir ki, ümummilli liderimiz Heydər Əliyev söz və mətbuat azadlığını, KİV-in müstəqilliyini demokratik cəmiyyət quruculuğunun vacib şərti hesab edərək, onların maddi-texniki bazasının və yaradıcılıq imkanlarının genişləndirilməsinə, jurnalistikamızın inkişafına xüsusi diqqət və qayğı göstərirdi. Bu gün Heydər Əliyev siyasi kursunun varisi və layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xüsusi sərəncamla ölkəmizdə kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyasını təsdiq etmişdir.

Hazırda cənab Prezidentin rəhbərliyi altında orada nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsinin təmin edilməsi istiqamətində ardıcıl iş aparılır. Bütün bunların sayəsində də Azərbaycanın kütləvi informasiya vasitələri, xüsusilə ictimai fikrə geniş təsir etmək imkanlarına malik olan teleradio yayımı mühüm və səmərəli inkişaf yolu keçməkdədir. Lakin, məqalədə haqlı olaraq KİV orqanları, xüsusilə də müasir media sisteminin çevik qolu sayılan teleradio kanalları tərəfindən ölkədə yaradılmış əlverişli demokratik mühit şəraitindən sui-istifadə hallarına, bu sahədə mövcud normalara və qaydalara riayət olunmamasına yol verildiyi diqqətə çatdırılır.

Çox haqlı olaraq həmin məqalədə teleradio kanallarının səviyyəsinin Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə xələl gətirdiyi, burada işıqlandırılan məsələlərin Azərbaycan xalqının mentalitetinə uyğun olmadığı qeyd olunur. Əlbəttə, demokratiya yolu ilə uğurla inkişaf edən ölkəmizdə KİV-in işinə kənardan müdaxiləyə yol verilmir, onlar azad və sərbəst fəaliyyət göstərir, lakin hər bir sərbəstliyin çərçivəsi olmalıdır. Qanun həmin çərçivəni müəyyən edir. Bu sahədə qanunvericiliyin müddəalarına riayət etmək televiziya və radionun mühüm vəzifəsidir. Lakin biz hamımız müşahidə edirik ki, son vaxtlar buna riayət olunmur, şou-biznesə teleradio kanallarında getdikcə daha çox yer verilir ki, bu da çox zərərli bir tendensiyadır. Ona görə də məqalədə bu kimi məsələlər xüsusi olaraq diqqətə çatdırılır və qeyd olunur. Demokratiya anarxiya deyil, azadlıqla bərabər, demokratiya həm də hər kəsin, hər bir sahənin öz işinə məsuliyyətlə yanaşmaqla, qanun çərçivəsində hərəkət etməsini tələb edir. Bəzən telekanallara elə adamlar çıxarılır ki, heç buna onların haqqı yoxdur. Belə verilişlər gənclərimizi milli-mənəvi dəyərlərimizdən uzaqlaşdırır. Məqalədə haqlı olaraq efir məkanı ilə bağlı çox aktual məsələlər qabardılır və açıq göstərilir. Məqalənin çox dəyərli cəhəti bir də ondadır ki, burada həm də mövcud problemlərin həlli yolları da göstərilmişdir.

KİV azadlığı fikir plüralizminin inkişafında, şəffaflığın təmin olunmasında mühüm şərt olsa da, onları müəyyən neqativ halların təsirindən sığortalaya bilmir. Məhz bu səbəbdən istər inkişaf etmiş ölkələrdə, istərsə də Azərbaycanda mətbuatın özünütənzimləmə mexanizminin formalaşması, elektron KİV sahəsində dövlətin tənzimləyici funksiyasının həyata keçirilməsi zərurətə çevrilmiş və son dövrlər Azərbaycanın teleradio kanallarının fəaliyyətində nöqsan və çatışmazlıqların artması bu məsələnin ictimai müzakirəyə çıxarılmasına, vəziyyətdən çıxış yollarının axtarılmasına və problemlərin aradan qaldırılması üçün əməli tədbirlərin həyata keçirilməsinə zəmin yaratmışdır.

Metodoloji cəhətdən xüsusi əhəmiyyət kəsb edən məsələ ondan ibarətdir ki, akademik Ramiz Mehdiyev problemə sistemli və kompleks şəkildə yanaşaraq teleradio kanallarının fəaliyyətində nöqsan və çatışmazlıqları göstərir, həm də onların aradan qaldırılması yollarını təklif edir ki, bu da həm elmi, həm də praktiki əhəmiyyət kəsb etməklə xüsusi maraq doğurur. Fikrimizcə, məqalənin əsas ruhu elə bundadır. Təqdirəlayiq haldır ki, məqalədə televiziyaların, həmçinin konkret verilişlərin reytinqinin müəyyənləşdirilməsi metodologiyası da təqdim olunur və bu metodologiyanın mahiyyəti açıqlanır, işin keyfiyyətinin yüksəldilməsi üçün dünya təcrübəsinə müraciət etmək təklif olunur. Fikir plüralizminə, müqayisəli təhlillərə, polemikaya geniş yer verilən və çox əhatəli olan həmin məqalədə müəllif yerli televiziya və radio qurumlarının kifayət qədər ciddi və ağrılı problemlərinə toxunaraq bununla kifayətlənməmiş, eyni zamanda həmin problemlərin həlli yollarını da aydın şəkildə göstərmişdir. Dərc olunan gündən özünun dərin məzmunu ilə seçilən bu məqalə ətrafında geniş ictimai müzakirələr gedir ki, bu da orada qaldırılan məsələlərin, problemlərin cəmiyyətimizi, o cümlədən, ziyalılarımızı, alimlərimizi dərindən narahat etdiyini göstərir.

Rektor akademik Ramiz Mehdiyevin elmi yaradıcılığına, onun ölkəmizdə gedən siyasi, sosial-iqtisadi proseslərin tədqiqinə həsr olunmuş elmi əsərlərinə, bütün cəmiyyətimizdə olduğu kimi, Dövlət İdarəçilik Akademiyasında da böyük maraq göstərildiyini, məhz belə yazılardan birinin də barəsində söhbət gedən məqalənin olduğunu qeyd etmiş və vurğulamışdır ki, bu məqalədə qaldırılan olduqca vacib problemlərə, cəmiyyətimiz üçün taleyüklü əhəmiyyət daşıyan həmin məsələlərlə bağlı filosof – alimin dəyərli düşüncə və mülahizələrinə akademiyamızın alimləri biganə qala bilməzdi. Məhz buna görə də İdarəçilik Akademiyası həmin məqaləyə operativ reaksiya vermiş, rektorun “Azərbaycan” qəzetində dərc olunmuş məqaləsində dərin təhlil süzgəcindən keçirilmiş və ona müsbət münasibət bildirilmiş, həmçinin noyabr ayına nəzərdə tutulan növbəti kafedralararası elmi-metodoloji seminarda professor-müəllim heyətinin, aspirant, dissertant, müdavim və magistrantların iştirakı ilə məqalənin geniş müzakirəsinin keçirilməsi vacib hesab edilmişdir.

Rektor qeyd etdi ki, akademiyamız gənclərlə işləyir. Burada tələbələrlə yanaşı, həm də müdavimlər – dövlət işçiləri də təhsil alır, ona görə də biz hamıdan əvvəl bu məqalədə irəli sürülən məsələlərlə, qarşıya qoyulan vəzifələrlə tanış olmalı, qarşımızdakı vəzifələri müəyyən etməliyik. Məhz bunu nəzərə alaraq biz bu problemi müzakirəyə çıxardıq. Hesab edirəm ki, Azərbaycanda müasir efir məkanının problemlərinə metodoloji yanaşmanın fəlsəfi, siyasi və hüquqi kontekstdə müzakirəyə çıxarılması məhz bu məqsədə xidmət edir. Məqalə müəllimlər qarşısına bu sahədə konkret vəzifələr qoyur. Biz tədris prosesində, fəlsəfi, politoloji və hüquq fənlərinin tədrisində burada qaldırılan məsələlərə toxunmalıyıq. Biz sağlam nəsil yetişdirməliyik, kökünü, mentalitetini unudan nəsil yox. Biz hörmətli akademikimiz Ramiz müəllimə öz dərin minnətdarlığımızı bildirməliyik. O, xalqının gələcəyini düşünən bir alim kimi hərəkət edir. Tarixən bizim belə filosoflarımız olub, onların fikirlərinə etirazlar olsa da, öz yanaşmalarını, tövsiyələrini çəkinmədən bildiriblər, alim sözlərini deyiblər. Ramiz Mehdiyev məhz belə filosoflardandır. O, qarşılaşacağı çətinliklərə baxmayaraq, cəsarətlə belə bir problemi ortaya qoydu və cəmiyyətimiz tərəfindən də bu, çox yaxşı qarşılandı.

Rektor metodoloji seminarda professor və müəllimlərin, aspirantlar və dissertantların məqalədə qoyulan məsələlərə, problemlərə və onlara metodoloji yanaşma ətrafında fəal fikir mübadiləsi aparılmasının vacibliyini qeyd etdi, bu müzakirələrin kafedralarda, gənclər təşkilatında, ixtisasartırma fakültəsində müdavimlərlə müntəzəm keçirilən tədbirlərdə, dəyirmi masalarda davam etdirilməsini təklif etdi və cəmiyyətimiz, elmimiz, təhsilimiz üçün olduqca aktual və vacib olan problemin müzakirəsinə həsr olunmuş elmi-metodoloji seminarın yüksək səviyyədə keçəcəyinə əminlik ifadə etdi.

“Fəlsəfə və sosial psixologiya” kafedrasının müdiri, professor Tofiq Rəsulov öz çıxışında göstərdi ki, akademik Ramiz Mehdiyevin azərbaycanda efir məkanının problemlərinə həsr olunmuş məqaləsi çapından keçən vaxt ərzində ölkə ictimaiyyətində geniş müzakirəyə səbəb olmuş və bununla bağlı mətbuatda çoxsaylı məqalələr çap olunmuşdur. Akademiyanın rektoru, professor Seyfəddin Qəndilovun da çox maraqlı, dəyərli fikirlərlə zəngin olan məqaləsi çap olunmuşdur. Məqalədə müəllif göstərir ki, kütləvi informasiya vasitələri cəmiyyət həyatının bütün sahələrinə, məişətdən tutmuş bütün cəmiyyət miqyasında maddi və mənəvi dəyərlərin formalaşmasına və inkişafına təsir edir. Ramiz Mehdiyevin fikrincə, kütləvi informasiya vasitələrində fikir azadlığı prinsipi formalaşmış, efir məkanında televiziya kanalları keyfiyyətli maarifçilik proqramları nümayiş etdirməyə qadirdir.

Haqqında söhbət gedən məqaləni akademik bir sıra elmi-metodoloji prinsiplər əsasında yazmışdır. Onlar tarixilik, sistemlilik, struktur-funksional yanaşma, sinergizm və s. prinsiplərdir. Məqalədə televiziyanın maarifləndirmə, məlumatlandırma, əyləncəli proqramların balanslaşdırılması zərurəti qeyd olunur. Kütləvi informasiya vasitələrinə yüksək tələblər, akademik Mehdiyevin qeyd etdiyi kimi, Azərbaycan dövlətçiliyinin keyfiyyətcə yeni inkişaf dövrünü yaşaması ilə əlaqədardır. Yəni bu, o deməkdir ki, Azərbaycan cəmiyyəti və dövləti yeni innovasion mərhələyə daxil olmuşdur. Ramiz Mehdiyev öz əsərlərində Heydər Əliyevin ideyalarına əsaslanaraq, bu yeni inkişaf prosesinin sistemli paradiqmasını formalaşdırmışdır. Məlum olduğu kimi, onun elmi-nəzəri fəaliyyətində metodologiya məsələləri müəyyənedici yer tutur. Söhbət gedən məqalədə tətbiq edilən metodologiya akademik Ramiz Mehdiyev tərəfindən Azərbaycanda yeni demokratik cəmiyyət quruculuğunun, müstəqil dövlət idarəçiliyinin təhlilinə, cəmiyyətin çoxtərəfli və əsaslı transformasiyasına yaradıcılıqla tətbiq olunur. Demokratik cəmiyyət və hüquqi dövlət quruculuğunun Qərbdə formalaşmış nəzəriyyəsi Azərbaycan gerçəkliyi təcrübəsi əsasında işlənilir. Demək olar ki, Azərbaycan modeli hazırlanır. Akademik Mehdiyevin əsərlərində bütün demokratikləşmə prosesinin izahının əsasında milli ideologiya durur. Burada iki komponent vacibdir: milli dövlətçilik və milli-mənəvi (ruhi) dəyərlər. Bunların sintezi neokonservatizmdir. Azərbaycan demokratiyası nizama əsaslanan demokratiyadır. Liberalizm, bazar fundamentalizmi, kommersiya prinsipi mədəniyyəti mənəviyyatı içəridən dağıtmamalı, əksinə, mədəniyyətin, millətin mənafeyinə xidmət etməlidir.

Akademik qeyd edir ki, cəmiyyətin modernləşməsi siyasi və iqtisadi dəyişikliklərin paralel aparılmasını tələb edir. Prezident İlham Əliyevin bu fikri akademik tərəfindən hərtərəfli əsaslandırılır. Azərbaycanın müasir innovasion inkişafı birinci növbədə elmi biliklərə əsaslanmalıdır. Ramiz Mehdiyev yazır ki, nəzəri tədqiqat səviyyəsində məlum olan biliklərin kütləviləşdirilməsi və əhaliyə çatdırılması KİV-in ən əsas maarifçilik funksiyalarından biridir. Kütləvi informasiya vasitələrində, aparıcı televiziya kanallarında fəlsəfi mövzulara daha geniş yer verilməsi, polemikalar aparılması da günün tələbidir. KİV qarşısında qoyulan bu vəzifə bütün bilik sahələrinə, o cümlədən, siyasi və hüquqi biliklərə də aiddir. Bir ali təhsil müəssisəsi olaraq həmin vəzifələr birinci növbədə nəzəri-elmi bilikləri istehsal etmək, həm də həmin bilikləri kütlələrə çatdırmaq sahəsində Dövlət İdarəçilik Akademiyasının kollektivi tərəfindən səmərəli işlər aparılır və qarşıda mühüm vəzifələr durur. Akademiyamızda təhsilin bütün formalarında – mühazirələrdə, seminar məşğələlərində, buraxılış işlərində, magistr dissertasiyalarında elmi-metodoloji prinsiplər ciddi realizə olunmalıdır. Biz başa düşürük ki, bütün fənlər üzrə ümumi biliklər Azərbaycanın demokratik inkişaf prosesi ilə sıx bağlı şəkildə şərh olunmalıdır. Bizim təmsil etdiyimiz bilik sahələrini - fəlsəfi, siyasi, hüquqi bilikləri kütləvi informasiya vasitələri ilə necə kütləviləşdirəcəyimiz haqqında metodoloji seminar iştirakçılarının çıxışlarında müəyyən təkliflər olacaqdır.

Müzakirələrdə professor Nigar Ələkbərova, elmi katib, dosent Sevil Məmmədova, dosent Sakit Əliyev, dosent Fəxrəddin Nağıyev, dosent Bayram Haqverdiyev, aspirant Azad İbrahimov və başqaları çıxış etmişlər. Çıxış edənlər akademik Ramiz Mehdiyevin Azərbaycanda efir məkanının problemlərinə həsr olunmuş məqaləsinin cəmiyyətimiz və elmimiz üçün böyük əhəmiyyətindən, burada qaldırılan məsələlərin aktuallığından geniş söhbət açaraq, ölkədə elektron medianın azad fəaliyyəti üçün hər cür şəraitin yaradıldığı bir vaxtda bu sahədə qanunvericiliyin müddəalarının, burada təsbit olunan prinsiplərin pozulmasının, milli-mənəvi dəyərlərə, ictimai maraqlara xələl gətirən verilişlərin işıqlandırılmasının yolverilməzliyini vurğulamışlar. Tədbir iştirakçıları efir məkanında mövcud problemlərə təklif olunan metodoloji yanaşmanın həm elmi, həm də praktik əhəmiyyət kəsb etdiyindən danışmış, həmin metodologiya kontekstində teleradio kanallarının özlərinin funksiyalarına müvafiq şəkildə düşünülmüş konsepsiya, milli maraqlarla uzlaşdırılmış efir siyasəti əsasında fəaliyyət göstərmələri, bu proseslərin dövlət tənzimlənməsi mexanizminin işə salınması, idarəetmə, menecment və marketinqin imkanlarının geniş tətbiqi zəruriliyindən çıxış etmiş, bu məsələlərlə bağlı tövsiyələr irəli sürmüşlər.

 

 

Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti.- 2009.- 4 dekabr.- S. 4.