Mənim tanıdığım Qulu Məhərrəmli

 

Milli jurnalistikamızın say-seçmə nümayəndələrindən, Azərbaycan teleməkanının ən parlaq personalarından biri olan əməkdar jurnalist, filologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin professoru, nəhayət tələbə yoldaşım və dostum Qulu Məhərrəmli haqqında bu sətirləri qələmə alarkən xeyli götür-qoy etdim, nədən başlayacağımı kəsdirə bilmədim.

 

Otuz altı illik tanışlığımızı göz önünə gətirərək, nəhayət belə bir suala cavab tapmaq istədim: Bu illər onu çoxmu dəyişdirib? Daha doğrusu, həyatında, xasiyyətində dəyişən nədir, dəyişməyən nə? Əslində, onu da bilirdim ki, bu sualın ardınca xırdalıqlarına qədər getsəm söhbət çox uzanacaq. Odur ki diqqəti bəzi məqamlara yönəltməyi lazım bildim.

...1973-cü ilin sentyabr ayı. İlk dərs günü... Azərbaycan Dövlət Universitetinin jurnalistika fakultəsinin əyani şöbəsinə qəbul olunmuş 50 nəfər tələbə — oğlan və qız dekanlığın yerləşdiyi keçmiş Yefim Saratov küçəsindəki ikimərtəbəli binanın qarşısına toplaşmışdı. Uşaqların bəziləri qəbul imtahanlarının gedişində isinişməyə macal tapmışdı, amma çoxu bir-biri ilə həmin gün tanış olurdu. Böyük əksəriyyəti eyni sosial zümrəyə mənsub və 60-70-ci illərin tipik kənd uşaqları olan bu gənclər çox tez dil tapıb doğmalaşdılar. Lakin hər birinin özünəməxsus xasiyyəti vardı: kimisi zarafatcıl, deyib-gülən, kimisi sakit, qaraqabağ, kimisi utancaq, kimisi təkəbbürlü... Xülasə, hərəsi-bir cür idi. Bəlkə də şirinli-acılı beş illik tələbəlik həyatımızı belə mənalı, yaddaqalan edən bu rəngarənglik idi.

Qulu ilk günlərdən diqqəti səmimiyyəti, istiqanlılığı, çalışqanlığı, təmkinliliyi, daha çox isə zarafatcıllığı, hazırcavablığı və güclü yumor hissi ilə cəlb edirdi. O vaxt o, Qulu Məhərrəmli yox, Allahqulu Məhərrəmov idi. Bizim kursda hər biri 25 nəfərdən ibarət iki qrup yaradılmışdı. Qruplarımız ayrı idi: o, 630-cu qrupda idi, mən isə 632-ci qrupda. Mühazirələrdə hər iki qrup birləşirdi (buna “potok” deyilirdi), seminarlar isə ayrı keçirilirdi. Görkəmli yazıçı-tənqidçi, professor Qulu Xəlilovun, gərək ki, ilk mühazirəsi idi. Jurnalı açıb siyahını oxumağa başladı. Əslində, bu, tanışlıq məqsədi daşıyırdı. Siyahı üzrə kimin adı çəkilirdisə, “mənəm” – deyib ayağa qalxır, müəllim də onu diqqətlə süzüb, bəziləri ilə yüngülvari zarafatlaşırdı. Professor Qulu Xəlilov növbəti adı oxudu:

— Məhərrəmov Allahqulu.

Sonra eynəyinin üstündən ayaq üstə dayanmış bəstəboy, qarayanız oğlanı süzərək soruşdu:

— Haralısan, ə?

— Zəngilanlı...

— Bu, nə addı qoyublar sənə?

— Addı da, müəllim...

— Sən belə elə, adını dəyiş, Allahı at, qalsın Qulu...

— Yox, müəllim, Qulunu ataram, Allahı yox.

O vaxt heç kəsin tanımadığı birinci kurs tələbəsi Allahqulu Məhərrəmovun bütün ölkədə yaxşı tanınan professor Qulu Xəlilovun zarafatına yerində və kəsərli cavab verməsi bizim hər birimizi heyran qoydu və deyəsən, cavan oğlanın hazırcavablığı müəllimin də xoşuna gəldi.

Bir qədər irəli gedərək deyim ki, professor Qulu Xəlilovun dediyi, haradasa 5 il sonra çin oldu. Allahqulunun təyinatını Azərbaycan Teleradio Verilişləri Şirkətinə vermişdilər. Və bir gün efirdə onu Qulu Məhərrəmov kimi təqdim etdilər. Görüşərkən səbəbini soruşdum. Dedi:

— Qulu müəllimin sözünü o vaxt zarafatla qarşıladım. O kişi bilirmiş ki, Allahsızlar arasında o adı saxlamaq asan deyil. Şirkətə əmrimi verərkən mənimlə şərt kəsdilər...

Tələbəlik illərində teleradio ixtisası üzrə qrupu seçməyinə baxmayaraq, onun məqalələri tez-tez “Azərbaycan gəncləri”, “Bakı”, “Sovet kəndi” qəzetlərində, “Müxbir” jurnalında və digər nəşrlərdə dərc olunur, forma yeniliyi və aktuallığı ilə diqqəti cəlb edirdi. Son kurslarda istehsalat təcrübəsinə Teleradio Verilişləri Şirkətinə getdiyi üçün orada onun bacarığına və qabiliyyətinə yaxından bələd oldular. Ayrı-ayrı redaksiyaların rəhbərləri onu öz şöbələrində görmək istəklərini bildirirdilər. Yaxşı yadımdadır, sevimli müəllimimiz, professor Tofiq Rüstəmov bizim tərcümə qrupunda dərs deyərkən Teleradio Verilişləri Şirkətində istehsalat təcrübəsi keçən tələbələrdən söhbət salmışdı. Təkcə Allahqulunun adını çəkdi: Məni tanıyan bir neçə baş redaktor var, xahiş edirlər ki, Allahqulunu onların redaksiyasına göndərək...

Beləliklə, universiteti bitirdikdən sonra Qulu iş yeri tapmaq problemi ilə qarşılaşmışdı. 1978-ci ildə onu Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin “Günün ekranı” xəbərlər proqramı baş redaksiyasında repartyor vəzifəsinə işə götürdülər. O vaxtdan 31 il keçir. Bu müddət ərzində o, həm vəzifə, həm praktiki, həm də elmi jurnalistikanın pillələri ilə uzun və şərəfli yol qət edib. AzTV-nin “Elm və tədris verilişləri” baş redaksiyasında redaktor, “Beynəlxalq həyat” redaksiyasında böyük redaktor, “Xəbərlər” redaksiyasında şərhçi və şöbə müdiri vəzifələrində işləmişdir.

Azərbaycanın efir məkanında siyasi publisistikanın formalaşmasında xüsusi rolu olan Qulu Məhərrəmli demokratik düşüncəli milli telejurnalistikamızın yaradıcılarından biridir. O, hələ sovet dövründə, keçən əsrin 80-ci illərində “Qitələr, hadisələr”, “Azərbaycan dünya meridianlarında”, “Yer kürəsi: müharibə, yoxsa sülh” kimi publisistik verilişlərin redaktoru, aparıcısı və müəllifi olub.

Qulu Məhərrəmli 1991-ci ildə AzTV-də diktor institutu ləğv edildikdən sonra xəbər aparıcısı kimi ekrana çıxan ilk jurnalistlərdəndir. Yüksək peşəkarlığı, hadisələrə fərqli prizmadan yanaşma tərzi, mövzulara və dilin incəliklərinə bələdliyi, sərbəstliyi, səmimiliyi, daxili zənginliyi onu populyarlaşdıraraq, tamaşaçıların sevimlisinə çevrilmişdir.

Doxsanıncı illərin əvvəllərində o, “Xəbərlər”, “24 saat”, “1000 saniyə” kimi populyar informasiya proqramlarının aparıcılarından biri oldu.

1993-95-ci illərdə apardığı “7 gün” analitik informasiya proqramı onu daha çox tanıtdı. Qulu Məhərrəmlinin “7 gün”ü hər həftə sonunda tamaşaçıların böyük intizarla gözlədiyi proqram idi. Azərbaycanın ictimai-siyasi həyatının çox mürəkkəb və burulğanlı dövründə efirə çıxan bu proqram obyektivliyi və qərəzsizliyi, hadisələrə plüralist baxışı ilə yanaşı, aparıcının intellekti, yüksək peşəkarlığı, daxili mədəniyyəti, tamaşaçılarla ünsiyyət qurmaq məharəti ilə cəlbedici idi.

Heç şübhəsiz, Qulu Məhərrəmlini daha çox məşhurlaşdıran, daxili potensialını üzə çıxaran 1995-ci ildə Azərbaycan Dövlət Televiziyasında “Səhər” musiqili-informasiya proqramını yaratması və 12 il həmin proqrama uğurla rəhbərlik etməsi oldu. Azərbaycan tamaşaçısı 12 il hər gün yuxusunu “Səhər”lə açdı, onu sevdi, ondan ilham aldı, doymadı. Bu faktın özü Qulunun səriştəli təşkilatçı, novator redaktor kimi keyfiyyətlərə malik olmasının təsdiqidir. Buraya onun müxtəlif illərdə hazırladığı tematik layihələri – “Təfsilat” (1995-96), “Gerçəklik” (1999-2000) kimi verilişləri də əlavə etmək olar.

O, Azərbaycan Dövlət Televiziyasında uzun illər siyasi icmalçı olub. 1994-96-cı və 2002-2006-cı illərdə dövlət başçılarını müxtəlif xarici səfərlərdə müşayiət etmiş, forma və məzmun baxımından uğurlu silsilə reportajlar hazırlamışdı. Dövlət Televiziyasında son vəzifəsi Müəllif Proqramları və Xüsusi Layihələr Departamentinin direktoru olmuşdur.

2007-ci ilin oktyabrından “Xəzər” televiziyasında çalışır. Telekanalın baş məsləhətçisi, populyar “Dost məclisi” proqramının aparıcısıdır.

Qulu Məhərrəmli 20-dən çox sənədli filmin müəllifidir. “Müstəqilliyin çətin yolu”, “Əkinçi”, “Qaçqınlar”, “Müstəqil Azərbaycan” , “Nəcəf Nəcəfov”, “Qobustan” və başqa sənədli filmlər onun ssenarisi əsasında çəkilib. Ümummilli lider Heydər Əliyev haqqında çəkilmiş üç hissəli “Böyük ömrün anları” və “Okean üzərində körpü” sənədli filmlərinin ssenari müəllifidir.

Qulu müəllim 1989-cu ildə namizədlik, 2004-cü ildə doktorluq dissertasiyası müdafiə edib. 1991-ci ildən BDU-nun jurnalistika fakültəsində dərs deyir, hazırda televiziya və radio jurnalistikası kafedrasının professorudur. Jurnalistikanın, xüsusən teleradio jurnalistikasının nəzəri problemlərinə dair çoxsaylı tədqiqatların, 20-dən çox kitabın, o cümlədən 5 monoqrafiyanın, 2 dərsliyin, 3 dərs vəsaitinin və 2 izahlı lüğətin müəllifidir. Elmi əsərləri ingilis, rus, çex, fars, alman və koreya dillərində çap olunub. O, respublikanın əməkdar jurnalistidir, 2005-2008-ci illərdə Mətbuat Şurası sədrinin müavini olub.

Onun həyat yolu heç də rahat və hamar olmayıb. Sözünü deyən, arxa duran, irəli çəkən elə bir imkanlı qohumu və yaxın adamı olmayıb. Həyatda nəyə nail olubsa, öz zəhmətinin, yuxusuz gecələrinin, qabiliyyətinin, bacarığının hesabınadır. Və bir də...

Deyəsən, belə bir deyim var: Hər bir güclü kişinin arxasında müdrik bir qadın (oxu: həyat yoldaşı) dayanır. Qulunun bəxti onda gətirdi ki, 632-ci qrupun sinifkomu (“starosta”), özünün ağılı, əxlaqı, tərbiyəsi, savadı ilə bütün fakültədə nümunə olan Zemfira Seyidovanın qəlbinə yol tapa bildi. Unversiteti bitirdikdən sonra xoşbəxt ailə qurdular. İki gül balaları oldu. Bu gün onlar xoşbəxt baba və nənədir. Sevimli nəvələri Nihad onlara hər gün bir dünya sevinc bəxş edir... Sözümün canı budur ki, Qulunun qazandığı nailiyyətlərdə, qarşılaşdığı çox böyük çətinlikləri dəf etməsində onun ağıllı xanımı, sədaqətli dostu, tələbə yoldaşı, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, 10-dək kitabın müəllifi, pedaqoji elmlər namizədi Zemfira Məhərrəmlinin danılmaz xidmətləri olmuşdur.

Bu gün 55 yaşını qeyd edən görkəmli jurnalist, tədqiqatçı alim Qulu Məhərrəmlinin, deyəsən yalnız həyatında baş verən yeniliklərdən, dəyişikliklərdən söz saldıq. Bəs dəyişməyən nədir? Otuz altı il əvvəlki həyat eşqi, təbəssümü, səmimiyyəti, məğrurluğu, obyektivliyi, nəhayət, sözün həqiqi mənasında, kişi xasiyyəti.

 

 

Qüdrət PİRİYEV

 

Xalq qəzeti.- 2009.- 4 dekabr.- S. 6.