Balakən: açıq səma altında rəmzi tarix muzeyi yaradılır

 

Bəzən eşidəndə ki, hansısa kütləvi informasiya vasitəsinin rəhbəri öz işçilərindən daim yazmağı, daim iş başında olmağı tələb edir, mənə qəribə gəlir. Çünki jurnalistika dərsi aldığım müəllimlər, lap elə daha təcrübəli həmkarlarım da həmişə bizə deyiblər ki, bir yazını qələmə almaq üçün özünü hazır hesab etmirsənsə, başlama. Yəni, hansısa mövzunu ancaq ürəyin istəyəndə yaz. Böyük bir jurnalistlər ordusunun müəllimi olmuş Nəsir İmanquliyev isə həmişə bizə tövsiyə edirdi ki, daim yazmayın, arabir gələcək yazılarınız barədə fikirləşin.

 

İndi — Balakəndə gördüyüm vətən sevgisinin maddiləşmiş nümunələri barədə — açıq səma altında minlərlə eksponatı özündə birləşdirən tarix muzeyi yaradılması bilavasitə vətən sevgisinin maddiləşdirilməsidir — söz açarkən məhz müəllimlərimdən aldığım dərsə əməl edirəm: Ürəyim istəyəndə yazıram. Nəsir müəllimin, “arabir gələcək yazılarınız barədə fikirləşin” — tövsiyəsinə isə artıq neçə aydır ki, əməl edirəm. Yəni bu yazı barədə təxminən neçə vaxtdır düşünsəm də, necə deyərlər, özümü buna hazır bilmirdim. Amma...

Nədən başlayım? Sentyabrın 25-də və 26-da Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti Nailə xanım Vəlixanlının və AMEA Tarix İnstitutunun bir qrup görkəmli əməkdaşının iştirakı ilə Balakən rayonunda respublikanın şimal-qərb bölgəsinin tarixinə dair keçirilmiş elmi-praktik konfransın əhəmiyyətindənmi? Yoxsa həmin konfransdan sonra rayon icra hakimiyyətinin başçısı Asif Məmmədovun AMEA Tarix İnstitutunun direktoru, professor Yaqub Mahmudova məktub göndərərək rayonda mövcud olan alban abidələrinin dərindən öyrənilməsi, burada yerləşən kurqanlarda arxeoloji qazıntıların aparılması, maddi-mədəniyyət nümunələrinin tapılıb üzə çıxarılması üçün arxeoloqların buraya uzunmüddətli eamiyyətlərinin təşkil edilməsini xahiş etməsindənmi? Bəlkə yazıya akademiyanın adı çəkilən institutunun Elmi Şurasının qərarı ilə lap bu yaxınlarda işıq üzü görmüş “Car-Balakən camaatlığı” kitabı haqqında bir neçə cümlə ilə başlayaq? Axı akademiya xətti ilə işıq üzü görən bu kitabın müəllifi Arzu Əşrəf qızı Məmmədova XVII əsrin sonu, XIX əsrin 30-cu illərini əhatə edən bu kitabda çoxsaylı mötəbər mənbələrə istinad edərək yüzlərlə tarixi faktı qələmə alıb, ondan çox qiymətli xəritələrdən istifadə edibdir. Qərəz, bu götür-qoylar içərisində yadıma böyük fransız yazıçısı Anatol Fransın bir ifadəsi düşdü: “Əsl bəşəri məhəbbət olmadan əsl Vətən məhəbbəti ola bilməz!”.

Nə üçün məhz Anatol Fransın bu ifadəsi? Çünki haqqında söz açdığımız elmi-praktik konfrans da, konfransdan sonra Bakıya məktub göndərilməsi də, bəzi bədxah insanlara tutarlı cavab verilməsi də, ən başlıcası Balakəndə açıq səma altında tarix muzeyinin yaradılması da məhz Asif Məmmədovun təşəbbüsləri və yaxından iştirakı ilə reallığa çevrilib. Bütün bunların mahiyyətinə varanda onun nə qədər vətənsevər bir insan olduğunun şahidinə çevrilirsən. Ancaq onunla yaxından söhbət edəndə dərin bir bəşəri düşüncəyə malik insanın həmsöhbəti olmağın məmnunluğunu hiss edirsən. Elə bu yazını qələmə almazdan əvvəlki görüşümüzdə də belə bir söhbətimiz oldu:

— Dünən yenə də ulu öndər Heydər Əliyevin həyatına və fəaliyyətinə həsr olunmuş bir kitab oxudum, — dedi, — Bəri başdan deyim ki, həmin kitabların hamısı böyük hörmətə və ehtirama layiqdir. Çünki bu mövzulu istənilən kitab xalqın qədrşünaslığının nümunəsidir. Ancaq dünənki kitabda da mənim həmişə qeyd etdiyim məqam — daha doğrusu bir cümlə var idi. Müəllif yazır ki, Heydər Əliyev Azərbaycanı inkişaf etdirmək üçün ölkəmizin beynəlxalq aləmə inteqrasiyasını sürətləndirdi. Əlbəttə, bizim inkişaf strategiyamızda bu amil də önəmli rol oynayır. Ancaq ulu öndər təkcə ölkəmizi inkişaf etdirmək üçün yox, eləcə də dünya ictimai fikrinə, dünya mədəniyyətinə özünəməxsus Azərbaycan nümunələri, Azərbaycan töhfələri vermək üçün beynəlxalq aləmə inteqrasiyanı genişləndirirdi. Bəlkə siz də bu məqamın fərqinə varmısınız. Yeni əsrin ilk ilinin ilk ayında Azərbaycan Avropa Şurasına qəbul edilirdi. Şuranın mənzil-qərərgahının önündə Azərbaycan bayrağının qaldırılması mərasimində ulu öndər böyük bir müdrikliklə dedi ki, Azərbaycan Avropa ailəsinə daxil olarkən bu məkanın mədəniyyətinə öz mədəni töhfələrini verməyə hazırdır. Bir neçə cümlə sonra isə biz və bütün Avropa Azərbaycan liderindən daha qətiyyətli bir ifadə eşitdik: “Azərbaycan Avropa Şurasına nə qədər lazımdırsa, Avropa Şurası da Azərbaycana bir o qədər lazımdır”.

Bütün bunlar bir məqamda tamamlanır: Azərbaycan mədəniyyətinin, tarixinin və ictimai fikirinin mükəmməl bilicisi olan ulu öndər öz xalqının mənəvi dəyərlərinin bəşəri dəyərlər sırasında yer tutmasına çalışırdı. Eləcə də bəşəri dəyərlərin Azərbaycana gətirilməsi ulu öndərin əsas məqsədlərindən biri idi. O ki qaldı bizim rayonda həyata keçirilmiş elmi kütləvi və mədəni tədbirlərə, qeyd edim ki, bunun özü də Heydər Əliyev məktəbinin nümunəsidir. İndi siz deyirsiniz ki, Balakəndə açıq səma altında muzey yaradılıb. Qeyd edim ki, rayonda turizmi inkişaf etdirmək üçün 12 marşrut müəyyənləşdirilib, qısa ensiklopedik məlumatlar və təxmini inkişaf planı hazırlanaraq Mədəniyyət və Turizm Nazirliyinə göndərilib. Şəhər ərazisində bölgə əhalisinin məşğulluğunu, məişətini və tarixini əks etdirən eksponatların açıq səma altında nümayişi üçün xüsusi şüşə örtüklərin tikilməsinə başlanılıb, artıq bu sahədə xeyli iş görülübdür. Tarixi keçmişimizi özündə əks etdirən bu simvolik muzey balakənlilər və şəhərimizin qonaqları tərəfindən rəğbətlə qarşılanır. Bunun beynəlxalq əhəmiyyətinin, bəşəri əhəmiyyətinin nə qədər böyük olduğunu bilirsinizmi? Özünüzün də tez-tez qeyd etdiyiniz kimi Şimal-Qərb bölgəsi gündən-günə inkişaf edir və ölkənin əsas turizm mərkəzlərindən birinə çevrilir. Yəni bizim bölgəyə dünyanın hər yerindən turistlər gəlirlər. Onlara Balakən tarixini və mədəniyyətini təqdim etmək üçün ən səmərəli və optimal variant məhz bu açıq muzeydir. Əlbəttə, biz bu məqsədlə müəyyən kitablar, bukletlər, müxtəlif çap məhsulları da hazırlayırıq. Elektron resurslarımız da yetərincədir. Müxtəlif sənədli və təbiət filmləri çəkilib. Ancaq təcrübə göstərir ki, turistlər açıq muzeydəki eksponatlarla daha çox maraqlanırlar.

Mən bir məsələni də qeyd edim. Bugünkü Balakən rayonu ərazisində yüz illərdən bəri birgə yaşamış muğallar (Azərbaycan türkləri), avarlar, ingiloylar, saxurlar bölgənin yerli sakinləri olmuş və vaxtilə alban tayfa ittifaqına daxil olmuşlar. İndi onların hərəsinin öz mədəniyyəti olsa da müştərək tarixləri vardır. Hərəsi öz mədəniyyətini yaşatmaq və inkişaf etdirrməklə bütövlükdə Azərbaycan mədəniyyətinə özünəməxsus töhfələr verirlər. Azərbaycan mədəniyyəti isə yuxarıda qeyd etdiyimiz kimi beynəlxalq aləmə çıxmaqla bəşəri dəyərləri zənginləşdirir. Yəni hər bir xalqın, millətin, hətta ayrılıqda bir fərdin də mədəniyyəti son nəticədə bəşəri dəyərləri zənginləşdirirsə, bu, həmin mədəniyyətin sahibinin xoşbəxtliyidir. Deməli, biz balakənlilər də ümumi dəyərlər xəzinəsinə öz töhfəmizi verməklə bir iş görmüş oluruq.

Elə bayaqdan haqqında söz açdığımız muzeyə də Asif müəllimlə birlikdə tamaşa etdik. Çoxsaylı eksponatlardan birini — kəl və ya öküzə qoşmaqla işlədilən arabanı göstərərək dedi: — İnsan şüuru təkəri icad edəndən bəri — çinlilər deyirlər təkər Çində icad edilib, yunanlar isə deyirlər ki, o, bizim ixtiramızdır — bu qurğu cəmiyyət həyatının müxtəlif sahələrində kara gəlib. Silah daşınıb, tikintidə istifadə edilib, qanlı döyüşlərdə həlak olmuş və ya yaralanmış insanlar cəbhədən geri aparılıb, dinc dövrlərdə əkin-biçində istifadə edilib və hətta, belə arabalarla gəlin gətirilib. Bu, arabanın tarixidir. Həmin sadə nəqliyyata bir az fəlsəfi məna verəndə isə deyə bilərik ki, araba elə tarixi, zamanı min illərdən bəri daşıya-daşıya bu günümüzə gətirib. Üstəlik, dünyada nə qədər xalq varsa, hamısı arabaya özünəməxsus görkəm verib, öz əlavəsini edib. Əgər belədirsə, nə üçün biz onu qiymətli eksponat kimi təbliğ etməyək və yaşatmayaq? Digər məişət avadanlıqlarından ibarət eksponatlarımız da həmçinin. Hərəsinin öz yeri, öz dəyəri var.

Görünür Balakəndəki müzeyin analoqu ilə ölkənin başqa rayonlarında rastlaşmadığıma görə bu yazıda həmin məsələyə çox yer verdim. Mənə elə gəlir ki, bu girişdən sonra Balakənin sosial-iqtisadi inkişafı barədə danışmamaq ən azı insafsızlıq olardı. Çünki son illər respublikamızın sosial-iqtisadi həyatında müşahidə edilən hərtərəfli inkişaf tempi Balakəndə də özünəməxsus şəkildə davam etməkdədir. Rayonda tikinti-quruculuq, abadlıq işləri hər gün yeni miqyas alır. Təhsil, səhiyyə, mədəniyyət, xidmət sahələrində yeniləşmə, müasir standartlara cavab verən maddi-texniki bazanın yaradılması gündəlik fəaliyyətə çevrilib. İnsanların rifah halının yaxşılaşdırılması, işsizliyin azaldılması, yeni sənaye və xidmət obyektlərinin açılması daim diqqət mərkəzindədir. Bütün bunlarla yanaşı Balakəndə ən çox diqqət ayrılan məsələlərdən biri yeni yolların salınması və mövcud yolların təmir-bərpa işlərinin sürətləndirilməsidir. Çünki dövlət başçısı İlham Əliyev öz çıxışlarında dönə-dönə qeyd edir ki, biz istənilən bölgədə turizmi inkişaf etdirmək istəyiriksə, ilk növbədə yolların müasirləşdirilməsindən başlamalıyıq. Ona görə də 2009-cu ilin geridə qalan aylarında bu məsələ daim rayon rəhbərliyinin diqqət mərkəzində olub.

Respublika əhəmiyyətli Yevlax-Zaqatala-Gürcüstan sərhəddi avtomobil yolunda təkcə bu ilin 9 ayında 2 min kvadratmetrdən çox asfalt-beton qarışığı ilə, 43 min 500 kvadratmetrə yaxın isə çınqıl qarışığı ilə təmir işləri həyata keçiririb. Yerli əhəmiyyətli Balakən—Qabaqçöl, İtitala, Qazma-Darvazbinə, Badağar avtomobil yollarında təmir işləri dövri olaraq davam etdirilib. Balakənfilizçay avtomobil yolunun 4-7-ci kilometrində 12 min kvadratmetr çınqıl örtük quraşdırılıb, yol çiyinləri bərkidilibdir. Eyni zamanda bu il Mazımçay üzərində — Poşbinə kəndində tikilən körpünün inşaası tamamlanıb. Şəhərin yeni yaşayış massivindəki Əziz Əliyev, Sülh, Xalqlar dostluğu, Dağlıq və digər küçələrdə 23 min kvadratmetrdən çox asfalt yol örtüyü çəkilib.

Tikinti-quruculuq işlərinin önündə rayonun ən böyük tikinti obyekti olan 235 çarpayılıq xəstəxananın inşaası gedir. Respublika və rayon səviyyəsində daim diqqət mərkəzində olan bu obyektdə tamamlama işlərinə başlanılıb. Heydər Əliyev adına mədəniyyət və istirahət parkındakı 5 mərtəbəli mehmanxana binasında da artıq daxili tamamlama işləri görülür. Olimpiya İdman Kompleksinin və Gömrük-keçid məntəqəsinin tikintisində də işlər plan üzrə davam etdirilib. 12 mərtəbəli, 60 mənzilli yaşayış evinin həyətinin abadlaşdırılmasına başlanılıb, Statistika idarəsinin yeni inzibati binasının tikintisi tamamlanıb, baytarlıq idarəsinin tikintisində tamamlama işləri gedir. İtitala kəndində şəhid ailəsi üçün tikilmiş yaşayış evinin, Talalar kəndində Yaponiya səfirliyinin maliyyə dəstəyi ilə tikilmiş yeni tibb məntəqəsinin və dörd məktəb binasının açılış mərasimləri keçirilib, rayon mərkəzində “Gənclər evi”nin və bir məktəbin təməli qoyulubdur. Hörmətli oxucunun diqqətinə çatdıraq ki, biz artıq 3 ildir hər ay Balakəndə tikilən, istifadəyə verilən və ya təməli qoyulan yeni obyektlər barədə söz açırıq. 3 ildə 100-dən çox yeni ünvan barədə söz açmışıq. O qədər tikintidən sonra, üstəlik beynəlxalq maliyyə böhranının bütün ölkələrin iqtisadiyyatını çökdürdüyü ildə Balakəndə yenidən yuxarıda sadaladığımız qədər tikinti-quruculuq işləri gedirsə, bu fakt ancaq və ancaq alqışlanmalıdır. Bizim bu sətirləri qələmə almağımız əslində elə həmin faktın alqışlanmasıdır.

Ancaq mütəxəssislərin fikrincə istənilən halda ən çox alqışlanmalı məsələ təhsil sahəsinin inkişaf etdirilməsidir. Bu gün ölkədə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindən biri də təhsil sektorunun müasirləşdirilməsidir. Balakəndə də bu məsələ daim diqqət mərkəzində saxlanılır. Təkcə bu il ümumi şagird yerlərinin sayı 1280 olmaqla — Mahamalar və Qaysa kəndlərinin hər birində 480 yerlik, Poşbinə kəndində 240 və Beçaqar kəndində 80 yerlik məktəb binaları istifadəyə verilib. Nəticədə cari dərs ilində balakənli şagirdlərin cəmi 11 faizi ikinci növbədə təhsil alır. Eyni zamanda 180 yerlik Acılıqbinə kənd məktəbinin də tikintisinə başlanılıb. Bu ilin sentyabr ayında rayonun məktəblərinə 75 adda 38 min 391 nüsxə dərslik, məktəbəqədər uşaq tərbiyə müəssisələri üçün 70 adda metodiki ədəbiyyat gətirilib. Yaradılmış bu imkanlardan məktəb kollektivlərinin və şagirdlərin hansı səviyyədə bəhrələnməsi, hansı uğurların əldə edilməsi barədə ötən saylarımızda söz açmışıq.

Yenə də bir əhvalat yada düşür: XIX əsrin sonlarında Bakıda məktəb açmaq istəyən maarifçilərdən biri öz himayədarı ilə söhbət edərkən deyir ki, əsas məsələ məktəbin açılmasıdır, sonrası asandır. Bir müddətdən sonra gəlib deyir ki, əsas məktəbə müəllimlərin qəbul edilməsidir, sonrası asandır. Daha sonra gəlib bildirir ki, əsas məktəbə şagirdlərin cəlb edilməsidir, sonrası asandır. Növbəti dəfə başqa bir “əsas” tapılır və məktəb ərsəyə gəlir. İndi biz də bu yazıda “əsas yoldur”, “əsas muzeydir”, “əsas təhsildir” və sairə əsasları sadalaya-sadalaya gəlmişik, ancaq əsas “əsasımız” az qala yaddan çıxmaq üzrə idi. Belə ki, Azərbaycan dövlətinin bu gün rayon rəhbərləri qarşısında qoyduğu əsas vəzifələrdən biri vətəndaşların qəbulu, ərizə və şikayətlərin vaxtında, eləcə də yerlərdən gələn təkliflərin dəstəklənməsindən ibarətdir. Bu sahədə Balakən rayon rəhbərliyinin özünəməxsus təcrübəsi var — desək, qətiyyən səhv etmərik. Çünki mən özüm də Balakəndə vətəndaşların müraciətlərinə baxılması üzərində nəzarətin artırıldığının, vaxtaşırı olaraq müəssisə rəhbərlərinin, icra nümayəndələrinin hesabatlarının dinlənilməsinin şahidiyəm. Bu barədə konkret faktları və rəqəmləri ona görə göstərmirəm ki, qeyd edilən məsələ barədə ayrıca bir yazımız olacaq. Ancaq onu qeyd etmək vacibdir ki, vətəndaş müraciətləri ilə aparılan işlərin təkmilləşdirilməsi, müraciətlərə orepativ və obyektiv baxılması, eləcə də səyyar qəbulların keçirilməsi son nəticədə sosial-iqtisadi inkişafa müsbət təsir göstərir.

...Bu gün Balakən öz gündəlik həyatını yaşayır. İnsanlar yeni siyasi tədbirə — bələdiyyə seçkilərinə hazırlaşırlar, dağlar isə ağ yapıncını geyinməyə. Bir azdan təbiətin qışı gələcək, sonra yenə yaz, yay, payız. Bax, beləcə zaman yenə axıb gedəcək. Ancaq indiki zaman yuxarıda söz açdığımız araba sürəti ilə deyil, Balakəndə də hər gün artan internet sürəti ilə axıb gedir. Çünki bu gün balakənlilər məhz həmin sürətə vərdiş ediblər. Bəs nə bilmişdiniz...

 

 

İlqar HƏSƏNOV,

“Xalq qəzeti”nin bölgə müxbiri

 

Xalq qəzeti.- 2009.- 4 dekabr.- S. 5.