Binəqədi rayonu: tikinti-quruculuq, abadlıq işləri geniş vüsət alır

 

Son illər ölkəmizin sosial-iqtisadi həyatında köklü dəyişikliklər baş vermiş, rayonların infrastrukturu yenidən qurulmuş, qəsəbə və kəndlərdə təhsil, mədəniyyət, səhiyyə, idman və sosial yönümlü digər obyektlərin inşası və əsaslı təmiri həyata keçirilmiş, əhalinin məşğulluğu təmin edilmişdir. Bütün bunlar Azərbaycanda davamlı və dinamik inkişafı təmin etməklə bərabər, həm də əhalinin həyat səviyyəsinin keyfiyyətcə yüksəlməsinə səbəb olmuşdur.

 

Ötən müddətdə ayrıca qəbul olunmuş müvafiq proqramlar çərçivəsində Bakı şəhəri sürətlə inkişaf etmişdir. Bu gün də paytaxtın infrastrukturları yeniləşdirilir, əhalinin qaz, elektrik, su və istilik təminatı yaxşılaşdırılır, tikinti-quruculuq işləri geniş vüsət alır, yeni iş yerləri açılır. Bu sürətli və dinamik inkişaf Bakının Binəqədi rayonunda da qabarıq nəzərə çarpır.

İndi tam mübaliğəsiz demək olar ki, Binəqədi tikinti-quruculuq işlərinin miqyasına, səliqə-sahmanına görə nəinki paytaxtın, eləcə də respublikamızın digər rayonları arasında xüsusilə seçilir. Rayon İcra Hakimiyyətinin rəhbərliyi insanların üzləşdikləri sosial problemlərin qısa müddətdə həlli üçün bütün mümkün vasitələrdən istifadə olunmasına ciddi nəzarət edir, sakinlərin şikayətlərinə həssaslıqla yanaşır, müəssisələrin normal fəaliyyəti, iş adamlarının uğur qazanmaları məqsədilə konkret vəzifələr və onların icra yollarını müəyyənləşdirir.

 

Qışa ciddi hazırlıq bu gün öz müsbət nəticələrini göstərir

 

Binəqədi rayonunun sosial-iqtisadi həyatı barədə, müvafiq sahələrdə həyata keçirilən tədbirlər haqqında danışmazdan əvvəl qışa hazırlıqla bağlı bəzi məqamlara toxunmaq istərdik. Ümumiyyətlə, bu soyuq günlərdə sakinlərin istilik, elektrik enerjisi və “mavi yanacaq”la təminatı sahəsində görülən işlərin müsbət nəticələri açıq-aydın hiss olunur. Rayonda İstilik Sistemləri İstismarı Sahəsi tərəfindən müvafiq tədbirlər reallaşdırılmış, müxtəlif diametrli köhnə borular dəyişdirilmiş və onlara korroziyaya qarşı izolyasiya qatı çəkilmiş, istismar müddətini başa vurmuş siyirtmələr, nasos mühərrikləri yeniləri ilə əvəz olunmuş və ya təmir edilmiş, qazanlar işlək vəziyyətə gətirilmişdir. Eyni zamanda, yaşayış binalarının aşağı paylayıcı istilik sistemlərində lazımi təmir işləri aparılmışdır.

Rayon əhalisini payız-qış aylarında “mavi yanacaq”la tam təmin etmək məqsədilə yeni magistral qaz kəmərləri çəkilmiş, qaz tənzimləyici qurğular və məntəqələr yoxlanılmışdır. Bununla yanaşı, qazdan istifadə ilə bağlı aşkara çıxarılmış qayda pozuntularının aradan qaldırılması üçün müvafiq tədbirlər görülmüşdür.

Binəqədi Qaz İstismar İdarəsinin kollektivi builki payız-qış mövsümünə hazırlıq dövründə bir sıra işlər görmüşdür. Belə ki, rayon ərazisindəki qaz xətlərində aparılan təmirlə yanaşı, müxtəlif ünvanlarda ümumi uzunluğu 2800 metr olan yeni qaz xətti çəkilmiş, 27 ədəd siyirtmələr və 14 ədəd tənzimləyici şkaf quraşdırılmışdır.

Rayon əhalisinin elektrik enerjisi ilə təminatında da müsbət nəticələr əldə edilmişdir. Yeni elektrik transformatorları istifadəyə verilmiş, köhnə xətlər təmir olunmuş, hava xətləri yeraltı kabellərlə əvəz olunmuş və Biləcəri qəsəbəsində abonentlər üçün 5150 yeni tipli elektron sayğacı quraşdırılmışdır.

Nazirlər Kabinetinin 2009-cu ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş geniş iclasında Prezident İlham Əliyev demişdir. “Ekoloji tədbirlərin görülməsi prioritet xarakter daşıdığına görə mən təklif edirəm ki, gələn il Azərbaycanda “Ekologiya ili” elan edilsin...”. Bəli, bu, əhalinin sağlamlığının qorunmasının əməli təzahürüdür. Qeyd edək ki, həmin iclasda dövlət başçısı “Ekologiya ili”ni yüksək səviyyədə keçirmək üçün tezliklə tədbirlər planının hazırlanması barədə də göstəriş vermişdir. Ölkə Prezidenti həmçinin vurğulamışdır ki, ekoloji tədbirlər kampaniya xarakteri daşımamalıdır. Dövlət başçımızın bu tövsiyəsi Binəqədi rayonunda mühüm vəzifə kimi həyata keçirilir. Neftlə çirklənmiş ərazilərin abadlaşdırılmasına ,yol kənarlarında yaşıllıqların salınmasına xüsusi əhəmiyyət verilir. Mövcud yaşıllıqların qorunmasına da ciddi nəzarət edilir. Rəsulzadə, Biləcəri qəsəbələrində, mikrorayonlarda yerləşən parkların, yaşıllıqların qorunmasına, səliqə-sahman yaradılmasına rayon rəhbərliyi başlıca məsələ kimi yanaşır.

 

Tikinti-quruculuq işləri artır

 

Rayonda son vaxtlar təmir-tikinti, abadlıq işləri xüsusi vüsət almışdır. Bu ilin 9 ayı ərzində rayon MKTB-nin xətti ilə 41420 kvadratmetr yeni asfalt örtüyü salınmış, 10612 kvadratmetr dam örtüyü təmir olunmuş, yaşayış binalarının zirzəmilərində 2441 metr müxtəlif diametrli kommunikasiya xətləri təmir edilmişdir. Ərazidən 102600 kubmetr məişət tullantısı, 3843 reys süpürüntü daşınmışdır. MKİS-lərin xidməti ərazilərində yaşayış binalarının həyətləri abadlaşdırılmış, 185 ədəd oturacaq, 15 ədəd yelləncək, 7 ədəd turnik, 3 ədəd günlük quraşdırılmışdır.

Rayonda sahibkarlığın inkişafına mühüm önəm verilir. Bununla bağlı bəzi göstəricilərə diqqət yetirək. Doqquz ay ərzində ticarət və iaşə şəbəkələrində əhaliyə satılmış 643 milyon 465 min manatın 99,8 faizi özəl sektorun payına düşmüşdür, başqa sözlə, bu, keçən ilin müvafiq dövrü ilə müqayisədə 21,1 faiz çoxdur.

Sözügedən dövrdə istehsal olunmuş 109 milyon 214 min manatlıq məhsulun və göstərilmiş xidmətlərin 73,8 faizi özəl sektorun payına düşür. Digər sahələrin təhlilinə də nəzər salsaq, eyni mənzərə ilə qarşılaşarıq. Bu isə onu göstərir ki, rayonda sahibkarlığın inkişafı üçün zəruri şərait yaradılmışdır.

Rayonda bələdiyyələr və icra nümayəndəliklərinin fəaliyyəti də qənaətbəxşdir. Biləcəri bələdiyyəsinin xətti ilə müxtəlif ünvanlarda böyük həcmdə abadlıq-tikinti işləri aparılmışdır. İmkansız ailələrə yardımlar göstərilmişdir. Qəsəbədə su və kanalizasiya xətləri təmir edilmişdir. Binəqədi qəsəbə bələdiyyəsi tərəfindən bir sıra abadlıq, təmir-tikinti işləri həyata keçirilmişdir: 200-ə yaxın ünvanda kanalizasiya xətti çəkilmiş, Binəqədi şosesi və Binəqədi-Novxanı magistral yolunda daxili imkanlar hesabına təmir-bərpa və abadlıq işləri aparılmışdır. “Zəngəzur” şadlıq evinin qarşısında kanalizasiya xəttinin çəkilişi reallaşdırılmışdır.

Xocəsən bələdiyyəsi də 9 ay ərzində bir sıra işlər görmüşdür. Bakı-Şamaxı yolunun kənarı, Hökməli dairəsi, “28 May” qəsəbəsi və digər ərazilərdə yol ətrafları genişləndirilmiş, qanunsuz tikililər sökülmüş, hörgü və suvaq işləri aparılmış, məişət tullantıları yığılaraq ərazi abadlaşdırılmışdır. 103 saylı orta məktəbin inzibati binasına yeni qaz xətti çəkilmişdir.

Rəsulzadə bələdiyyəsi tərəfindən bu ilin 9 ayı ərzində bütün təmir-tikinti və abadlıq işlərinə 35 min 683 manat vəsait xərclənmişdir. Yaz-yay mövsümü ilə əlaqədar “Heydər parkı”nda aparılmış təmir-abadlıq işlərinə 9 min 740 manat xərclənmiş, Azadlıq prospektində 161, 167 və 169 saylı yaşayış binalarının ətrafına 14 min manatlıq, Koroğlu küçəsinə isə 3 min manatlıq asfalt örtüyü döşənmişdir. Məlikov adına xəstəxanada müxtəlif təmir işləri görülmüşdür. Rayon Ağsaqqallar Şurasına inventar alınmış, Milli Qəhrəman Fərhad Hümbətovun büstünün ətrafında təmir və abadlıq işləri görülmüşdür. Binəqədi şosesinin sağ tərəfində yerləşən sənaye obyektlərinin və fərdi yaşayış evlərinin çirkab sularının Böyük Şor gölünə axıdılması məqsədilə yeni nasosxana binasının tikintisinə başlanmışdır.

Rayonun sosial-iqtisadi inkişafının makroiqtisadi göstəriciləri də ürəkaçandır. Cari ilin 9 ayında sənaye məhsulunun həcmi 109214,2 min manat təşkil etmişdir. Sənaye müəssisələrində 6415 nəfər işləmişdir. Bu müəssisələrdə əmək haqqı 16478,7 min manat olmuşdur. Bu da ötən ilin müvafiq dövründən 11,1 faiz çoxdur...

Bu ilin 9 ayında emal sənayesində 4343 nəfər çalışmışdır. Sözügedən sahədə işçilərin orta aylıq əmək haqqı 243,9 manat olmuşdur. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu rəqəm 137,5 faiz artımla xarakterizə edilir. Kommunal sahələrdə isə 2392 nəfər çalışmışdır. Bu, keçən ilin müvafiq dövrü ilə müqayisədə 114,6 faiz təşkil edir. Onların orta aylıq əmək haqqı 238,8 manat məbləğində olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 115,9 faizdir.

Rabitə xidmətlərindən əldə olunan gəlir 1456,2 min manat təşkil etmişdir. Hesabat dövründə rabitə müəssisələrində 557 işçi çalışmışdır, onların orta aylıq əmək haqqı ötən ilə nisbətən 10,5 faiz artaraq 328,7 manat olmuşdur.

Əmək haqqının artımı nəqliyyat sahəsində də müşahidə olunur. Nəqliyyatda yanvar-sentyabr aylarında 4050 nəfər işçi çalışmışdır. Onların orta aylıq əmək haqqı 197 manat olmuşdur. Doqquz ayda 5920,9 min manat xidmət göstərilmişdir ki, bu da ötən ilə nisbətən 48,6 faiz çoxdur.

Pərakəndə əmtəə dövriyyəsi 643465,1 min manat olmuşdur. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi 128958,9 min manata çatmışdır. Bu da keçən ilin müvafiq dövrünə nisbətən 2,1 faiz çoxdur. Onu da xatırladaq ki, əhaliyə göstərilən pullu xidmətlərin 20,4 faizi dövlət müəssisələrinin payına düşür. Özəl müəssisələr tərəfindən əhaliyə göstərilən pullu xidmətlər 102628,8 min manat təşkil etmişdir.

Ölkə Prezidenti İlham Əliyev bankların fəaliyyəti ilə bağlı tövsiyələrini verərkən bildirmişdir ki, banklar tərəfindən verilən kreditlər vaxtında qaytarılır və bununla da əlavə resurslar yaranır, zəruri sahələrə investisiya qoyuluşu reallaşır. Rayonda 8 bank filialı fəaliyyət göstərir, onlardan 5-i özəldir, 36 bankomat və 129 posterminal mövcuddur. Qeyd edək ki, 9 ayda banklar tərəfindən 5226 min manat kredit verilmişdir. Onlardan 2616 min manatı qısamüddətli, 2616 min manatı isə uzunmüddətlidir. Statistik məlumata görə, verilən kreditlər vaxtında banklara qaytarılır.

Bir neçə kəlmə rayonda aparılan tikintilər haqqında. Bu ilin yanvar-sentyabr aylarında 2355 kvadratmetr yaşayış sahəsi istifadəyə verilmişdir. Bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilmiş 60074,9 min manatın 20796,6 min manatı istehsal təyinatlı obyektlərin (34,6 faiz) və 39278,3 min manatı qeyri-istehsal yönlü tikintilərin inşasında (65,4 faiz) istifadə olunmuşdur. Hesabat dövründə tikintidə 2162 nəfər çalışmışdır. Fəhlə və qulluqçuların orta aylıq əmək haqqı 265,7 manat olmuşdur.

Yeri gəlmişkən, bu yaxınlarda rayon ərazisində Bakı şəhəri üçün müstəsna əhəmiyyət daşıyan iki tikinti obyekti istifadəyə veriləcəkdir. Bunlardan biri “Azadlıq” metro stansiyası, digəri isə Azadlıq prospektindəki tuneldir. Hər iki obyektin açılış mərasiminin rayon əhalisinin böyük sevincinə səbəb olacağı şübhəsizdir.

Rayon əhalisinin işlə təmin olunması, yeni iş yerlərinin yaradılması da diqqət mərkəzində saxlanılır. Hesabat dövründə 532 yeni iş yeri açılmışdır. Ümumiyyətlə, 2003-cü ilin oktyabrın 1-dən 2009-cu ilin oktyabrın 1-nə qədər olan dövrdə rayonda 23235 yeni iş yeri açılmışdır.

Rayonda demoqrafik vəziyyət də ürəkaçandır: 2009-cu ilin oktyabr ayında Binəqədi rayonu əhalisinin sayı 278 min 9801 nəfər təşkil etmişdir. Rayon ərazisi 0,17 min kvadratkilometrdir, əhalinin sıxlığı 1 kvadratkilometrə 1346 nəfər təşkil edir... Bu dövrdə təbii artım 1604 nəfər olmuşdur. Bu ilin əvvəlindən miqrasiya saldosu müsbətdir.

Binəqədi rayonunda məcburi köçkünlərin sosial problemlərinə də diqqət və qayğı ilə yanaşılır. Dövlət başçımızın bununla bağlı tövsiyələrinə rayon rəhbərliyi prioritet məsələ kimi yanaşır. Ötən ayın 17-də 2 nömrəli evtikmə kombinatının ərazisində 369 məcburi köçkün ailəsi üçün inşa olunmuş doqquzmərtəbəli yaşayış binaları kompleksinin istifadəyə verilməsi deyilən fikrin təsdiqidir.

Xatırladaq ki, həmin kompleksin istifadəyə verilməsi mərasimində ölkə Prezidenti İlham Əliyev iştirak etmişdir. İnşaatçılar, məcburi köçkünlər və yerli sakinlər dövlət başçımızı hərarətlə qarşılamışlar. Mərasimdə ölkə Prezidentinə kompleks barədə ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, inşa olunmuş doqquzmərtəbəli 6 binada paytaxtda şəraiti dözülməz olan ictimai yerlərdə, yarımçıq tikililərdə müvəqqəti məskunlaşan və köçürülməsi zəruri olan məcburi köçkünlər yerləşdirilmişdir.

Qeyd edək ki, Binəqədi rayonunda ucaldılan bu kompleksin tikintisinə 2008-ci ildə başlanmışdır. Binaların yerləşdiyi ümumi ərazi 3 hektar, tikintinin ümumi sahəsi isə 27 min 897 kvadratmetrdir. Ərazidə hər biri 63 mənzilli doqquzmərtəbəli beş, 54 mənzilli bir yaşayış binası və 260 şagird yeri olan məktəb binası tikilmişdir. Mənzillərin 81-i bir, 180-i iki, 90-ı üç, 18-i dördotaqlıdır.

Yaşayış binalarının ətrafında abadlıq və yaşıllaşdırma işləri aparılmışdır. Burada qazanxana, nasosxana, transformator yarımstansiyası tikilmiş, mənzillərə telefon, su və qaz xətləri çəkilmişdir.

Prezident İlham Əliyev sözügedən kompleksin istifadəyə verilməsi mərasimində çıxış edərək məcburi köçkünlərə müraciətlə demişdir: “... Bu gün sizin həyatınızda yeni mərhələ başlayır, bu gözəl evlərdə siz yaşayacaqsınız. Ancaq bu da müvəqqəti bir yaşayış yeridir. Azərbaycan torpaqları işğalçılardan azad olunandan sonra sizin doğma torpaqlarınızda biz belə gözəl evlər tikəcəyik, şəhərləri yenidən quracağıq. İşğalçılardan azad olunacaq torpaqlarda bütün infrastruktur yenidən yaradılacaqdır. Ancaq hələ ki, bu gözəl evlərdən istifadə edin”.

 

Rayon bələdiyyə seçkilərinə tam hazırdır

 

Hazırda ölkəmiz əlamətdar bir hadisə ərəfəsindədir. Dekabrın 23-də Azərbaycanda üçüncü dəfə yerli özünüidarəetmə orqanlarına — bələdiyyələrə seçkilər keçiriləcəkdir. Binəqədi rayonunda bu seçkilərlə bağlı ciddi hazırlıq işləri görülmüşdür. Rayondakı seçki dairələrinin dislokasiyası dairə seçki komissiyaları tərəfindən nəzərdən keçirilmiş, məntəqə seçki komissiyalarının tərkibi tam formalaşmışdır. Bələdiyyə seçkilərinin şəffaflığını, demokratikliyini və mütəşəkkilliyini təmin etmək məqsədilə dairə və məntəqə seçki komissiyaları üçün Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən bütün texniki təminat və lazımi şərait yaradılmışdır.

Rayon icra hakimiyyəti tərəfindən bələdiyyə üzvlüyünə namizədlərin seçicilərlə görüşlərinin keçirilməsi, təbliğat və təşviqat aparılması üçün müvafiq yerlər yaradılmış, seçki məntəqələrinin hər birinin yaxınlığında təşviqat lövhələri quraşdırılmışdır. Bir sözlə, bələdiyyə seçkilərinin yüksək səviyyədə keçirilməsi üçün rayonda bütün zəruri tədbirlər görülmüşdür.

 

Əhalinin problemlərinə diqqətlə yanaşılır

 

Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatı öz fəaliyyətini Azərbaycan Respublikası Prezidentinin 16 iyun 1999-cu il tarixli fərmanı ilə təsdiq olunmuş “Yerli icra hakimiyyəti haqqında Əsasnamə”yə, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarına müvafiq olaraq həyata keçirmiş, nəzərdə tutulmuş məsələlərin və verilən cari tapşırıqların yerinə yetirilməsini təmin etmişdir. Rayon icra hakimiyyəti başçısı yanında şuranın iclasları cədvəl üzrə keçirilmiş, müzakirə olunmuş məsələlər üzrə irəli sürülmüş təklif və tövsiyələr əsasında şuranın qərarları, zəruri hallarda rayon icra hakimiyyəti başçısının sərəncamları verilmişdir.

Bu ilin ötən aylarında çoxsaylı ümumrayon müşavirəsi, yığıncaq, konfrans və toplantılar keçirilmiş, rayon icra hakimiyyətinin başçısı Alı Qocayevin idarə, təşkilat və müəssisələrdə rayon fəalları, ictimaiyyətin nümayəndələri, əmək kollektivləri, sakinlər, qaçqın və məcburi köçkünlərlə görüşləri təşkil olunmuşdur. Hər ay keçirilən tədbirlər barədə və rayon icra hakimiyyəti tərəfindən vətəndaşların müraciət və şikayətlərinə baxılması, eləcə də yerlərdə təşkil olunan görüşlərdə deyilmiş tənqidi qeydlərin və təkliflərin icrasına dair məlumatlar hazırlanıb Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinə göndərilmişdir.

Binəqədi Rayon İcra Hakimiyyətində vətəndaşların ərizə və müraciətlərinə, onların qəbul olunmasına xüsusi diqqət yetirilmişdir. Vətəndaşlar tərəfindən daxil olmuş bütün müraciətlər “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanununa və bu qanundan irəli gələn digər normativ-hüquqi aktlara uyğun olaraq baxılmışdır.

Rayon icra hakimiyyəti rəhbərliyinin qəbulları sakinlər tərəfindən razılıqla qarşılanmışdır. Qəbullar sənaye və orta ümumtəhsil müəssisələrində, məcburi köçkünlərin məskunlaşdığı yataqxanalarda, inzibati binalarda, habelə rayonun ayrı-ayrı yaşayış sahələrində və s. yerlərdə keçirilmişdir. Qəbullarda rayon sakinləri, əmək kollektivlərinin üzvləri və məcburi köçkünlərin problemləri diqqətlə dinlənilmiş, çətinliklərin aradan qaldırılması üçün aidiyyatı təşkilatlara müvafiq tapşırıqlar verilmişdir.

Rayonda həyata keçirilən tikinti-quruculuq işlərinin miqyası, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılması ilə əlaqədar reallaşdırılan tədbirlərin sırası genişdir. Bunu bir qəzet materialı ilə əhatə etmək imkan xaricindədir. Ona görə də biz diqqəti görülən işlərin bir qisminə, özü də əsasən statistik göstəricilərə yönəltdik. Eyni zamanda xatırladaq ki, rayon icra hakimiyyətində iqtisadiyyatın inkişaf etdirilməsi, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılması, yeni müəssisələrin yaranması, mövcud müəssisələrin istehsal fəaliyyətinin bərpa edilməsi, əhaliyə göstərilən kommunal xidmətlərin, səhiyyə və təhsilin səviyyəsinin yüksəldilməsi, abadlıq işlərinin genişləndirilməsi, gənclərin asudə vaxtlarının təşkili, əhalinin aztəminatlı hissəsinin sosial müdafiəsinin gücləndirilməsi, vətəndaşların ictimai-siyasi fəallığının artırılması və s. istiqamətində bu gün də ardıcıl tədbirlər həyata keçirilir.

 

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2009.- 4 dekabr.- S. 3.