Tanınmış alim, qayğıkeş həkim, təcrübəli müəllim

 

Bugün respublikamızın səhiyyə ictimaiyyəti tanınmış tibb alimi və təşkilatçısı — Azərbaycan Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun direktoru, tibb elmləri doktoru, professor, əməkdar elm xadimi Əlişir Veys oğlu Musayevin anadan olmasının 60 illiyini qədirbilənliklə yad edir. Ömrünün 40 ilindən çoxunu tibbi biliklərin öyrənilməsinə və insanların sağlamlığının qorunmasına həsr etmiş alimin mənalı həyat yolu, zəngin bioqrafiyası əlamətdar yubileyə layiqli hesabat kimi gözlərimiz önündən keçir.

 

Əlişir Musayev səmimi insan, peşə andını daim uca tutan həkim, daim axtarışa can atan alim, təbabətin sirlərini gənclərə öyrədən müəllim, böyük bir elmi-tibbi müəssisənin rəhbəri olmaqdan əlavə, həm də milli tibb elmimizi xaricdə ləyaqətlə təmsil edən yurdsevər ziyalıdır. Beynəlxalq elmi məclislərdə və xarici jurnallarda çıxışları maraq və rəğbətlə qarşılanan soydaşımız Rusiya Tibb Elmləri Akademiyasının fəxri, Gürcüstan Profilaktik Təbabət Akademiyasının həqiqi üzvüdür.

Əlişir Musayev 1972-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu (indiki Tibb Universiteti) bitirib. Ali təhsildən sonra orduda qulluq edib, alay tibb məntəqəsinin rəisi vəzifəsində çalışıb. Gənc həkim 1974-cü ildə Moskvada Mərkəzi Elmi-Tədqtqat Kurortologiya və Fizioterapiya İnstitutunda sinif xəstəlikləri ixtisası üzrə aspiranturaya daxil olub. Həmyerlimiz 1978-ci ildə “Bel ostexondrozunun nevroloji təzahürləri olan xəstələrdə müxtəlif konsentrasiyalı radon vannalarının sinir-əzələ aparatına təsiri” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edib, tibb elmləri namizədi alimlik dərəcəsi alıb. Alim respublikamıza qayıdandan sonra qazandığı yüksək ixtisas üzrə Elmi-Tədqiqat Kurortologiya və Fiziki Üsulla Müalicə İnstitutunda (indiki Tibbi Bərpa İnstitutu) kiçik və baş elmi işçi vəzifələrində (1978-1982) çalışıb.

Elmi axtarışlar yolunda inamla addımlayan Əlişir Musayev 1982-1986-cı illərdə yetirməsi olduğu Moskva Mərkəzi Elmi-Tədqiqat Kurortologiya və Fizioteraptya İnstitutunun sinir xəstəlikləri şöbəsində doktorantura keçib. O, 1987-ci ildə “Sinir sisteminin müxtəlif səviyyəli zədələnmələri olan xəstələrdə fiziki müalicə amillərinin tətbiq edilməsinin kliniki neyrofizioloji əsasları” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.

Əlişir Musayev 1988-ci ildə doğma kollektivə qayıdaraq ET Tibbi Bərpa İnstitutu direktorunun elmi işlər üzrə müavini işləməyə başlayıb. 1993-cü ildə alim bu elmi-tibbi mərkəzə direktor vəzifəsinə təyin edilib. Həmin ildən Əlişir müəllim ATU-da fizioterapiya və kurortologiya kursuna, 2002-ci ildən isə Odlar Yurdu Universitetinin fiziki-kimyəvi təbabət və reabilitasiya kafedrasina rəhbərlik edir. 1999-cu ildə ona Azərbaycan Respublikasının Ali Attestasiya Komissiyasının qərarı ilə “sinir xəstəlikləri” və “kurortologiya və fizioterapiya” ixtisasları üzrə professor elmi adı verilib.

Əlişir Musayevin elmi fəaliyyətinin əsas istiqamətlərini sinir sisteminin müxtəlif xəstəlikləri zamanı fiziki və kurort amillərinin orqanizmə müalicəvi təsirinin neyrofizioloji əsaslarının öyrənilməsinə həsr olunan tədqiqatlar təşkil edir. Alimin bilavasitə rəhbərliyi altında planlaşdırılmış və yerinə yetirilmiş nevrologiya və kurortologiyanın ən aktual problemlərinin həllinə yönəlmiş elmi işlərin nəticələri əsasında mərkəzi və periferik sinir sistemi xəstəliklərinin yeni müalicə üsulları və reabilitasiya proqramı hazırlanıb. Respublikada və MDB məkanında ilk dəfə olaraq professor Əlişir Musayevin axtarışları nəticəsində periferik sinir sisteminin odlu silah yaralanmaları və döyüş travmalarının təsnifatı diaqnostik meyarları, yeni müalicə üsulları yaradılıb.

Azərbaycanlı alim onurğa beyni damar patologiyalı xəstələrin fiziki amillərlə yeni müalicə üsullarının və reabilitasiya prinsiplərinin ən aktual problemlərinin həllinə yönəlmiş, MDB məkanında və beynəlxalq səviyyədə qəbul edilən elmi işlərin müəllifidir. Onun rəhbərliyi altında AMEA-nın institutları ilə birgə Azərbaycanın təbii müalicəvi amillərinin, xüsusən də naftalan neftinin və ondan alınan bioloji aktiv komponentlərin, müalicəvi palçıqların, mineral suların öyrənilməsinə yönəlmiş genişmiqyaslı tədqiqatlar da aparılıb. Həmkarımızın səyi ilə ölkəmizdə ilk dəfə kosmofiziki amillərin demokrafik göstəricilərə və insan sağlamlığına təsirini öyrənmək üçün tədqiqatlar aparılmış, böyük elmi əhəmiyyətli nəticələr alınıb. Milli Aviasiya Akademiyası ilə birlikdə Hava Hərəkəti İdarəsinin dispetçerlərinin funksional vəziyyətinin nəzarət-korreksiya proqramı işlənib hazırlanıb və bununla da Azərbaycanda aviasiya təbabətinin əsası qoyulub.

Professor Əlişir Musayev məhsuldar elmi fəaliyyətlə yanaşı, elmi və təcrübi təbabət üçün kadrların hazırlanmasına da xüsusi diqqət yetirir. Onun rəhbərliyi altında 2 doktorluq, 12 namizədlik dissertasiyası müdafiə olunub, 6 namizədlik dissertasiyası bitmək üzrədir, yüzlərlə həkim nevrologiya və fizioterapiya üzrə ixtisasını artırıb. İstedadlı alimin geniş elmi araşdırmalarının nəticələri 380 əsərdə, o cümlədən 2 monoqrafiyada, sinir sisteminin yeni müalicə və reabilitasiya üsullarını təklif edən 14 ixtira və patentdə, 6 səmərələşdirici təklifdə, təcrübi təbabətdə geniş tətbiq olunan 15 metodik tövsiyyədə əksini tapıb. Məqalələrinin çoxu (228) Rusiyanın və digər xarici ölkələrin nüfuzlu elmi jurnallarında dərc edilib. O, dəfələrlə Rusiya, Türkiyə, Avstriya, İspaniya, İzrail, İngiltərə, Danimarka, Fransa və s. ölkələrdə keçirilən fiziki təlabət, reabilitasiya və nevrologiya üzrə beynəlxalq konqreslərdə məruzələrlə çıxış edib.

Həmyerlimiz MDB ölkələri və başqa xarici ölkələrlə sıx elmi əlaqələr yaradıb, beynəlxalq Reabilitoloqlar və Fizioterapevtlər Assosiasiyası İdarə Heyətinin, Ümumdünya və Avropa Nevroloqlar Assosiasıyalarının, Ümumdünya “Ağrı” və “Baş ağrısı” elmi cəmiyyətlərinin və Rusiyanın “Ağrı” regionlararası cəmiyyətinin üzvüdür. Əlişir Musayev Moskvada nəşr olunan beynəlxalq səviyyəli jurnallarından “Voprası kurortoloqii, fizioterapii i LFK”, “Fizioterapiya, balneloqiya i reabilitasiya”, “Jurnal nevroloqii i pxisiatri im.S.S.Korsakova” və respublikada buraxılan “Azərbaycan tibb jurnalı”, “Sağlamlıq”, “Biomedisina” və “Metabolizm” elmi-praktik jurnallarının redaksiya şuralarının üzvüdür.

Tibbi və bioloji elmlərin inkişafındakı xidmətlərinə görə professor Əlişir Musayev Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb, Milli EA-nın və Respublika Səhiyyə Nazirliyinin fəxri fərmanı ilə təltif olunub. Beynəlxalq miqyasda əldə etdiyi elmi nailiyyətlərinə görə soydaşımız Amerika Bioqrafiya Tədqiqatlar mərkəzinin “Qold Rekord” medalı ilə təltif olunub.

Professor Əlişir Musayev elmi-pedaqoji işlə yanaşı, geniş ictimai fəaliyyətlə də məşğul olur. O, 1993-2006-cı illərdə Səhiyyə Nazirliyinin baş nevrapatoloqu, nevrologiya üzrə həkimlərin attestasiya komissiyasının sədri olub, 1996-2002-ci illərdə “nevrologiya”, “kurortologiya və fiziotepiya”, “psixiatriya” ixtisasları üzrə dissertasiya şurasına rəhbərlik edib. Hazırda o, Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının tibb elmləri üzrə ekspert şurasının sədri, Azərbaycan Kurortoloq və Fizioterapevtlər Cəmiyyətinin sədri, Səhiyyə Nazirliyinin elmi-tibbi şurasının, ATU-nun böyük elmi şurasının və problem komissiyasının üzvüdür. Ə.Musayev 2008-ci ilin oktyabrında Türk Dünyası Elmləri Akademiyasının həqiqi üzvü seçilib və bu qurumun “Qızıl medalı”na layiq görülüb. 2009-cu ildə “Hippokrat” ordeni ilə təltif olunub.

Göründüyü kimi, professor Əlişir Musayevin tibb elminin inkişafında xidmətləri və yüksək peşəkar həkimlik fəaliyyəti ölkəmizdə və xaricdə yüksək qiymətləndirilib. Əlişir müəllim parlaq zəkası, yorulmaz fəaliyyəti, humanist keyfiyyətləri ilə Azərbaycan təbabətinin tanınmış xadimlərinin sırasında özünəməxsus mövqe və nüfuz qazanıb.

Alim dostumuzu anadan olmasının 60 illiyi münasibətilə ölkənin tibb ictimaiyyəti və kollektivi də təbrik edir, ömrünün və fəaliyyətinin yetkin çağında ona yeni uğurlar diləyirik.

 

 

Rafiq SALMANOV

 

Xalq qəzeti.- 2009.- 4 dekabr.- S. 7.