Neft sənayesinin
infrastruktur imkanları
artır
Son illər Azərbaycanın yeni neft strategiyası
çərçivəsində həyata keçirilən
geniş miqyaslı layihələr, ölkəmizə yönəldilən
iri həcmli xarici investisiyalar iqtisadiyyatımızın
aparıcı sahəsi olan neft sənayesinin tamamilə yeniləşməsinə,
texniki və texnoloji cəhətdən inkişaf etməsinə
möhkəm zəmin yaratmışdır. Ötən
müddətdə modern, dünya səviyyəli bir quruma
çevrilmiş Azərbaycan Respublikası Dövlət Neft
Şirkəti daxili imkanlar hesabına ölkənin neft-qaz sənayesinin
müasirləşdirilməsi, infrastruktur imkanlarının
genişləndirilməsi istiqamətində mühüm tədbirlər
həyata keçirmişdir. Artıq şirkət Xəzərin
Azərbaycan sektorunda çətin mənimsənilən
strukturlarda müstəqil çalışmaq
üçün müvafiq istehsal güclərinə,
inkişaf etmiş xidmət sektoruna, böyük elmi və
texniki potensiala malikdir.
Hazırda Dövlət
Neft Şirkətində istər quru, istərsə də dənizdəki
neft və qaz yataqlarının kəşfiyyatı, işlənməsi
və abadlaşdırılması ilə bağlı
bütün məsələləri həll etmək qabiliyyətinə
malik yüksək ixtisaslı mühəndis, texnik və fəhlə
kadrları çalışır. Bütün bunlar isə Azərbaycanın
neft sənayesinin çoxillik zəngin təcrübəsinin məntiqi
nəticəsidir. Təsadüfi deyil ki, Azərbaycan
neftçilərinin zəngin təcrübəsi, neft sənayesinin
geniş imkanları Dövlət Neft Şirkəti ilə tərəfdaşlıqda
işləyən xarici neft şirkətlərinin ölkəmizə
inamını xeyli artırmışdır. Onu da deyək ki,
“Əsrin müqaviləsi”nin ilkin neft layihəsi çərçivəsində
nəzərdə tutulmuş işlərin yerinə yetirilməsi
zamanı lazımi qurğu və avadanlıqların əksər
hissəsi xaricdən gətirilirdisə, sonrakı mərhələdə
ARDNŞ-ə məxsus infrastruktur və kommunikasiyalardan istifadə
olunmasına üstünlük verilmişdir.
Noyabr ayının 5-də Neft Daşlarının 60 illik yubliyeniə həsr olunmuş təntənəli mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin neft sənayesinin imkanlarının daha da artırılmasının vacibliyini bildirərək demişdir: “Azərbaycan Dövlət Neft Şirkəti son illərdə sürətlə inkişaf edir. Vəzifə qoyulmuşdur ki, Azərbaycan Dövlət Neft Şirkəti dünya miqyasında beynəlxalq və aparıcı şirkətlərin birinə çevrilsin. Bu istiqamətdə vacib addımlar atılır. Artıq Azərbaycan Respublikası Dövlət Neft Şirkəti öz imkanları — həm maliyyə, həm də texniki imkanları hesabına kəşfiyyat işləri aparır. ”Ümid" yatağında qazma işləri başlanmışdır. “Babək” yatağında eyni dərəcədə qazma işləri aparılmalıdır. Əgər o qazma işləri uğurla nəticələnsə, — biz buna inanırıq, — Azərbaycanın neft-qaz potensialı daha da artcaqdır. Dövlət başçısı qlobal və transmilli, eyni zamanda, milli və dövlət şirkəti olan ARDNŞ-in gücləndirilməsinin Azərbaycanın maraqlarına cavab verməklə yanaşı, ölkəmizdə neft-qaz sənayesinin inkişafı və sosial məsələlərin həlli üçün də yaxşı imkanlar yaratdığını xüsusi qeyd etmişdir.
Bu yaxınlarda isə Dövlət Neft Şirkəti “Günəşli” yatağı üçün nadir texnoloji platformanın inşasına başlayıb. Yeni platforma “Günəşli” yatağında dənizin 90-92 metr dərinliyində, fəaliyyətdə olan 4 saylı dərin dəniz özülündən 50 metr aralıda quraşdırılacaq və piyada körpüsü ilə ona birləşdiriləcək. Layihəyə əsasən, sosial infrastruktur — yaşayış bloku, yeməkxana, ehtiyat qazma və vertolyot meydançaları hər iki platforma üçün ümumi olacaq. Yeni platformanın yuxarı hissəsi isə sənaye məqsədlərinə xidmət göstərəcək. Burada həmçinin 8 maşından ibarət qazlift kompressor stansiyası tikiləcək. Stansiyanın köməyi ilə qaz 125 atmosfer təzyiq altında sıxılaraq laylara vurulacaq. Yeni tikilinin məqsədi “Günəşli” yatağında neft hasilatını sabit saxlamaqdır. Məlum olduğu kimi, bu yataqda hasilat əsas etibarı ilə qazlift metodu ilə aparılır. Texnoloji platformanın hidrotexniki dayaq hissələri “Neftqazelmitədqiqatlayihə” İnstitutunda layihələndirilmişdir. Yeni platforma iki blokdan ibarət olacaq. Ağırlığı 2100 ton, hündürlüyü isə 101 metr olan birinci blok Heydər Əliyev adına Dərin Özüllər Zavodunda inşa olunur. Qaynaq işləri sahildəki quraşdırma meydançasında aparılır. Zavodun kollektivi ilin sonunadək tikintini yekunlaşdırıb bloku dənizə yola salmaq üçün qüvvələri tam səfərbər etmişdir. İkinci blokun çəkisi isə 3 min tondur. Bu blok “Neftqaztikinti” Trestinin Zığdakı tikinti-quraşdırma meydançasında ötən əsrin 90-cı illərində hazırlanmış, lakin istifadə olunmamış “Günəşli-20" platforması əsasında inşa edilir. Blok artıq bərpa restavrasiya olunub, birləşmə hissələri yenidən qaynaq edilib. Layihəyə əsasən, blokların dənizə nəql edilməsi və quraşdırılması 2010-cu ilin yanvar-fevral aylarında həyata keçirilməlidir. Tikilinin yuxarı hissəsi - kompressor stansiyası və bütün sənaye infrastrukturu xaricdə layihələndiriləcək və hazırlanacaq. Dövlət Neft Şirkəti bu nadir platformanın 2011-ci ildə istismara verilməlisini qarşıya məqsəd qoymuşdur.
Dövlət Neft Şirkətinin socar.az sayıtının məlumatına görə, Neft Daşlarında hasilata başlanılmasının 60 illiyi ilə əlaqədar, “Azneft” İstehsalat Birliyinin energetikləri açıq dənizdə salınmış bu əfsanəvi mədən şəhərində enerji təsərrüfatının bərpası və yenilənməsi istiqamətində geniş miqyaslı işlər həyata keçirirlər. Polad dirəklər üzərindəki estakadalarda - əsas meydançada, eyni vaxtda 3 min nəfərdən çox növbə əməkçisinin məskunlaşmasına imkan verən, beynəlxalq standartlara uyğun yeni təmir olunmuş 7 yataqxana korpusunda, idman meydançalarında, mədəniyyət sarayında, kitabxanada, ulu öndər Heydər Əliyev adına parkda yeni dizaynlı müasir işıqlandırma qurğuları, projektorlar, müxtəlif işıqlandırma cihazları quraşdırılmışdır. Buradakı rezervuar parkının, yanalma körpüsünün, vertolyot meydançasının və estakada yollarının lazımi səviyyədə işıqlandırılması “Neft Daşları” və “28 May” neft və qazçıxarma idarələrinin enerji tələbatını tam həcmdə ödəyən 48 MVt gücündə olan qaz-turbin elektrik stansiyasının istehsal etdiyi enerji hesabına həyata keçirilir.
Məlumat üçün bildirirk ki, stansiya 1986-cı ildən istismar olunur. Onun üstün cəhəti əvvəllər atmosferə atılan qazlardan yanacaq kimi istifadə etməklə elektrik enerjisi almaq, iş və yaşayış sahələrini istiliklə təmin etməkdən ibarətdir. Hazırda 85 nəfər işçisi olan stansiyada ildə orta hesabla 90 milyon kVt-saat elektrik və 10 min qkal istilik enerjisi istehsal edilir ki, buna da təxminən 48 milyon kubmetr qaz sərf olunur. Son vaxtlar “28 May” NQÇİ-nin bütün özülləri stansiyada istehsal olunan enerji ilə təchiz olunduğundan burada ümumi yük 11,5-12,5 MVt-a qalxmışdır. Yeri gəlmişkən, Stansiyada işləyən qaz-turbin mühərrikləri və generatorların bir çoxu fiziki və mənəvi cəhətdən artıq köhnəlmişdir. Dənizdəki hasilat obyektlərinin elektrik enerjisinə olan tələbatın artmasını və elektrik enerjisi ilə təminatın dayanıqlı olmasını təmin etmək üçün hazırda Neft Daşlarında yeni qaz turbin elektrik stansiyasının tikintisi nəzərdə tutulur. Bu məqsədlə layihə-smeta sənədləri hazırlanır, texniki məsələlər həll edilir. ARDNŞ-in qaz hasilatının yüksəldilməsinə yönəldilmiş xüsusi qaz proqramının builki buraxılış obyektlərindən olan 2 saylı sıxıcı kompressor stansiyasının genişləndirilməsi layihəsi çərçivəsində energetiklərin apardığı işlər isə artıq öz bəhrəsini vermişdir. Stansiyada qaz-turbin aqreqatlarının ümumi sayı 16-ya, adı çəkilən obyektin istehsal gücü isə sutkada 7,5 milyon kubmetrdən 11 milyon kubmetrə çatdırılmışdır. Yeni yaradılmış güclərin işini təmin etmək üçün xaricdən alınan 2 ədəd 1600 KVt gücündə transformator məntəqəsi quraşdırılmış, ümumu uzunluğu 10 kilometr olan 2 yeni kabel xətti çəkilmişdir. Həmçinin “Neft Daşları” NQÇİ-nin istismar etdiyi “Palçıq Pilpiləsi” yatağına dənizin dibi ilə 11 kilometr uzunluğunda Finlandiya istehsalı olan yüksək keyfiyyətli sualtı kabel çəkilmişdir. Hazırda həmin yatağın 10 neftçıxarma özülündə müasir paylayıcı qurğuların quraşdırılması işləri davam etdirilir.
Energetiklər ekoloji proqramların həyata keçirilməsində də fəallıq göstərirlər. Belə ki, bu ildən NQÇİ-də əvvəllər havaya buraxılan aşağı təzyiqli qazların yığılması və sıxılaraq sahilə ötürülməsi problemi həll edilmişdir. Artıq 30 stasionar özüldə yığılan qazların tam həcmdə sıxılması və lazımi istiqamətlərə yönəldilməsi üçün nəzərdə tutulan kompressor maşınları quraşdırılmışdır. Bu maşınların hər biri energetiklər tərəfindən enerji mənbəyinə və paylayıcı qurğuya qoşulan 75 kilovatlıq mühərriklə təchiz edilmişdir.
Azərbaycanda həyata keçirilən regional miqyaslı enerji layihələrinin gerçəkləşməsində mühüm rol oynayan Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu təkcə ARDNŞ-in idarə və müəssisələrinin deyil, eləcə də ölkəmizdə fəaliyyət göstərən xarici neft şirkətlərinin sifarişlərini uğurla yerinə yetirir. Dərin Özüllər Zavodu öz fəaliyyət dairəsini genişləndirərək yeni məhsulların istehsalına başlayıb. Belə ki, zavodda artıq müasir standartlara cavab verən yeni tipli elektrod istehsalı bərpa olunmuşdur.
Bu günlərdə isə, ilk dəfə olaraq bu müəssisə üçün qeyri-adi sifariş yerinə yetirilmişdir. “Neftqaztikinti” trestinin sifarişi ilə zavodda 400 və 5000 kubmetr tutumlu çənlərin yan divarları hazırlanmışdır. Bunun ardınca isə 1000 kubmetrlik çənin hazırlanması nəzərdə tutulur. İritutumlu çənlərin hazırlanması zavodun metal konstruksiyalarının istehsalı sexindəki rulonhazırlama qurğusunda həyata keçirilir. Qeyd edək ki, çənlərə neft sənayesində, xüsusilə quru mədənlərində tələbat böyükdür. Lakin belə nəhəng avadanlıqların avtomobil yolu ilə daşınması çətinlik törədir. Bu problemi aradan qaldırmaq məqsədi ilə zavodda xüsusi dəzgah vasitəsi ilə çənlər rulon şəklinə salınır və sifariş yerinə aparılır. Bundan sonra “rulon açılaraq” öz yerində quraşdırılır.
Göründüyü kimi, neft sənayesinin infrastruktur imkanlarının genişləndirilməsi istiqamətində tədbirlərin uğurla davam etdirilməsi iqtisadiyyatın dinamik inkişafını təmin etməklə yanaşı, ölkənin enerji təhlükəsizliyinin həllinə və ixrac potensialının da artırılmasına səbəb olur.
Mirbağır YAQUBZADƏ
Xalq qəzeti.- 2009.- 3 dekabr.- S. 4.