Dağlıq Qarabağ
münaqişəsinin nizama salınması Azərbaycanın
xarici siyasətində prioritet istiqamətdir
Dağlıq Qarabağ
münaqişəsinin həlli bölgədə sülhün
təmin edilməsi üçün birinci və
başlıca şərtdir. Bu məsələ həll
olunmadan bölgədə heç bir başqa məsələ
öz həllini tapa bilməz.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi 1992-ci illərin əvvəllərindən
başlayaraq daha çox beynəlxalq əhəmiyyətli
problemə çevrildi. 1992-ci il yanvarın 30-da Azərbaycan
Respublikası ATƏM-in üzvü oldu və həmin il iyulun
8-10-da adı çəkilən təşkilatın Helsinkidə
keçirilən zirvə toplantısında onun sənədlərini
imzaladı. Müstəqilliyini əldə edən Azərbaycan
Respublikası ATƏM-in üzvü olduqdan sonra Ermənistan-Azərbaycan
münaqişəsi bu təşkilatın prinsiplərinə
uyğun olaraq üzv dövlətlərin daha çox
müzakirə obyektində oldu.
ATƏM-in Xarici
İşlər Nazirləri Şurasının martın 24-də
keçirılən birinci əlavə görüşündə
Dağlıq Qarabağda vəziyyət müzakirə olundu. Şuranın
Yüksək Vəzifəli Şəxslər Komitəsinin
(YVŞK) zəmanəti əsasında münaqişənin
sülh yolu ilə nizamlanması istiqamətində aparılan
danışıqların səmərəliliyini təmin etmək
üçün ATƏM Dağlıq Qarabağa dair sülh
konfransının çağırılması haqqında qərar
qəbul etdi. Sənəddə göstərilirdi ki, Minskdə
çağırılacaq konfrans ABŞ, Rusiya, Türkiyə,
Fransa, Almaniya, İtaliya, Çexiya, Slovakiya, İsveç,
Belarus, Azərbaycan və Ermənistan nümayəndələrinin
iştirakı ilə keçirilsin.
Ermənistan ordusu 1992-ci
il mayın 8-də Azərbaycanın qədim musiqi və mədəniyyət
mərkəzi olan Şuşa şəhərini ələ
keçirməklə bütün Yuxarı Qarabağı
işğal etdi. Bundan sonra erməni hərbi qüvvələrinin
qarşısında duran vəzifə işğal etdikləri
Azərbaycan torpaqlarında möhkəmlənmək,
Qarabağın dağlıq hissəsini Ermənistan
Respublikasına birləşdirmək üçün dəhliz
açmaq idi. Buna iki respublikanın arasında yerləşən
qədim Azərbaycan şəhəri Laçın əsas
maneə idi. 1992-ci il mayın 17-də Laçın şəhəri
də Ermənistan silahlı qüvvələri tərəfindən
işğal olundu. Beləliklə, Azərbaycanın
Dağlıq Qarabağ bölgəsini Ermənistanla birləşdirən
dəhliz silah gücünə ələ keçirildi. Laçının
işğalı müharibənin Dağlıq Qarabağ sərhədlərindən
çıxdığını və Ermənistanın hərbi
işğalçılıq niyyətinin böyük
olduğunu göstərdi. Ermənilərin “humanitar dəhliz”
adlandırdığı bu yol ilə Dağlıq Qarabağa
külli miqdarda silah, döyüş sursatı və hərbi
qüvvə gətirildi.
Nəticədə, 1993-cü il ərzində Ermənistanın ərazi iddiası obyekti olan Dağlıq Qarabağ bölgəsinin (4,4 min kvadratkilometr) hüdudlarından kənarda yerləşən və onun ərazisindən 4 dəfə böyük olan Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan bölgələri Ermənistan sılahlı qüvvələri tərəfindən işğal edildi. Azərbaycanın işğal olunmuş ərazilərindən 1 milyondan çox əhali (ümumi əhalinin 15%-i) öz torpağında qaçqın vəziyyətinə düşdü, 900-ə yaxın yaşayış məntəqəsi dağıdıldı, talan edildi və yandırıldı. Hazırda Azərbaycan ərazisinin 20 faizdən çox (17 min kvadratkilometr) hissəsi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Çox təəssüf ki, dünya birliyi Ermənistanın bu açıq- aşkar təcavüzkarlığına göz yumdu və təcavüzkarın cilovlanması üçün heç bir əməli tədbir görmədi. 1992-1993-cü illərdə münaqişəni nizama salmaq üçün BMT Təhlükəsizlik Şurasında aparılan müzakirələr zamanı və Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələri qəbul edilərkən Şuranın daimi üzvü olan böyük dövlətlər Ermənistanın təcavüzkar dövlət kimi tanınmasına razılıq verməyərək münaqişənin ATƏM-in Minsk prosesi çərçivəsində atəşkəs və danışıqlar yolu ilə həll olunmasına üstünlük verdilər. Cəzasız qaldığından ruhlanan və bundan istifadə edən Ermənistan tərəfi BMT TŞ-nin münaqişəyə dair qəbul etdiyi 4 qətnaməyə də məhəl qoymadı.
ATƏM-in Minsk qrupunun bu illərdəki fəaliyyətinə nəzər salsaq, demək olar ki, onun BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrini yerinə yetirmək üçün hazırladığı “Təxirəsalınmaz tədbirlər cədvəli” heç bir təsir gücünə malik deyildi. ATƏM-in başlıca çatışmazlıqlarından biri də, məhz ATƏM çərçivəsində və onun himayəsi altında müqaviləni yerinə yetirməkdən imtina edən tərəfə qarşı sanksiya qəbul etmə mexanizminin olmaması idi. Minsk qrupu tərəfindən qəbul edilən sənədlər yalnız məsləhət və ya tövsiyə xarakteri daşıyırdı. ATƏM-də tətbiq olunan qarşılıqlı güzəşt prinsipi müqaviləni pozan tərəfə öz əməllərinə görə məsuliyyət daşımamaq imkanı verirdi.
Lakin torpaqlarına təcavüz olandan sonra da Azərbaycan bütün vasitəçilik missiyalarından imtina etməyərək, problemin ATƏM prinsipləri çərçivəsində həllinə tərəfdar olduğunu bir daha nümayiş etdirdi. Münaqişənin dinc vasitələrlə nizama salınması üçün yaradılmış Minsk qrupu çərçivəsində aparılan danışıqlarda qarşı duran tərəflər arasında ziddiyyətlərin qalması, xüsusilə Ermənistanın qeyri-konstruktiv mövqe tutması ilə yanaşı, qrupun üzvü olan böyük dövlətlərin mövqeyində də yekdil fikrin olmaması sülh prosesinin ləngidilməsinə və münaqişənin dondurulmuş vəziyyətdə qalmasına gətirib çıxardı.
Ümummilli lider Heydər Əliyev 1993-cü ilin ikinci yarısından başlayaraq respublikamızın təhlükəsizlik problemlərini, xüsusilə, Ermənistanın ərazi iddiaları və hərbi təcavüzü məsələsini beynəlxalq aləmə çıxararaq, regionda sülhün bərqərar olması üçün nüfuzlu beynəlxalq təşkilatların təsirini artırdı. Ulu öndər münaqişənin sülh yolu ilə həll edilməsi üçün dövlət başçıları və nümayəndə heyətləri ilə ikitərəfli, eləcə də çoxtərəfli görüşlərdə, ATƏT- in zirvə toplantılarında, Minsk qrupunun həmsədrləri ilə aparılan müzakirələrdə bu məsələni həmişə önə çəkdi.
Ermənistan-Azərbaycan münaqişəsinin dinc vasitələrlə nizamlanması məqsədilə məhz Prezident Heydər Əliyevin qətiyyəti, əzmkarlığı və gərgin fəaliyyəti sayəsində 1994-cü ilin mayın 12-də atəşkəs əldə edildi və bundan sonra ATƏT-in Minsk qrupu çərçivəsində müntəzəm olaraq danışıqlar aparılmağa başlandı. 1994-cü il dekabrın 5-6-da ATƏT-in Budapeştdə keçirilən zirvə toplantısında Prezident Heydər Əliyevin çevik diplomatiyasının təsiri ilə “Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ATƏT-in fəaliyyətinin intensivləşdirilməsi” barədə qərar qəbul olundu. Qərarda münaqişə bölgəsində sabitliyin təmin edilməsi üçün ATƏT-in çoxmillətli sülhməramlı qüvvələrinin yerləşdirilməsi haqqında maddə də öz əksini tapdı.
1996-cı il dekabrın 2-3-də ATƏT-in Lissabonda keçirilən zirvə toplantısında qəbul edilən və münaqişənin nizama salınmasının beynəlxalq-hüquqi bazasını təşkil edən sənəd Ermənistan-Azərbaycan münaqişəsini ədalətlə aradan qaldırmaq yolunda böyük siyasi nailiyyət sayıla bilər. Prezident Heydər Əliyevin gərgin əməyi və diplomatik səyi sayəsində zirvə toplantısında münaqişənin həllinin siyasi-hüquqi çərçivələrini müəyyənləşdirən xüsusi bəyanat qəbul edildi. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair 3 əsas prinsipi özündə əks etdirən və ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrənin xarici işlər naziri Flavio Kottinin adından verilən bəyanat Ermənistan istisna olmaqla, dünyanın 53 dövləti tərəfindən müdafiə olundu və Lissabon sammitinin yekun sənədlərinə əlavə edildi.
ATƏT-in Lissabon zirvə görüşündən sonra Rusiya ilə yanaşı, Fransa və ABŞ nümayəndələri də Minsk qrupunun həmsədrləri təyin olundu. 1997-ci ilin ikinci yarısından indiyə kimi Minsk qrupunun həmsədrləri Lissabon prinsiplərinə əsaslanaraq iki hissədən ibarət – yəni Dağlıq Qarabağın hüdudlarından kənarda yerləşən işğal olunmuş 7 rayonun azad edilməsi və Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi ilə əlaqədar 3 təkliflə çıxış etmişlər. Onların 1997-ci ilin iyununda təqdim etdikləri ilk təklif münaqişənin “paket” (bu variantda Dağlıq Qarabağın statusu da daxil olmaqla bütün məsələlərə eyni vaxtda razılıq verilməsi nəzərdə tutulurdu) həlli, 1997-ci ilin sentyabrında irəli sürdükləri ikinci təklif münaqişənin “mərhələli” (bu variantda isə münaqişənin mərhələlərlə nizama salınması nəzərdə tutulurdu) həllindən ibarət idi. Azərbaycan Prezidenti həmin planlarla tam razı olmasa da, həmsədrlərin bu iki təklifini qəbul etdi, Ermənistan tərəfi isə qeyri-konstruktiv mövqedən çıxış edərək həmin təkliflərlə razılaşmadı.
1998-ci il noyabrın 9-da həmsədrlər beynəlxalq hüquq normalarına zidd, həmçinin Azərbaycan üçün qətiyyən qəbul edilməz olan və danışıqların davam etdirilməsinə imkan yaratmayan üçüncü təklifi irəli sürdülər. Bu təklif dünya praktikasında mövcud olmayan “ümumi dövlət” ideyasına əsaslanırdı. Azərbaycan Prezidenti Heydər Əliyev tərəfindən qətiyyətlə rədd edilən süni “ümumi dövlət” təklifi Azərbaycanın mənafeyinə zidd olmaqla yanaşı, ATƏT-in Budapeşt və Lissabon zirvə toplantılarında qəbul edilən sənədlərə də etinasız yanaşılması demək idi. “Ümumi dövlət” prinsipi nizamasalma prosesinə ciddi maneə törətməklə yanaşı, münaqişənin həlli yollarına dair tərəflərin mövqeyindəki ziddiyətləri daha da dərinləşdirdi. Nəticədə, danışıqlar prosesində bir durğunluq yarandı və münaqişənin nizama salınması istiqamətində müsbət irəliləyiş əldə etmək mümkün olmadı. Həmsədrlər tərəfindən irəli sürülən və sonuncu olan “Ümumi dövlət” ideyası iflasa uğradıqdan sonra Minsk qrupu praktik olaraq dalana dirəndi.
Danışıqlar prosesinə təkan vermək üçün 1999-cu il aprelin 26-da ABŞ-ın təşəbbüsü ilə Vaşinqtonda Azərbaycan və Ermənistan prezidentləri arasında artıq yeni formatda birbaşa danışıqlara başlandı və ATƏT-in Minsk qrupu tərəfindən danışıqların bu formatı bəyənildi. Lakin bu görüşün nəticəsində də münaqişənin nizama salınması istiqamətində konkret nəticə əldə edilmədi.
Ümumiyyətlə, Ermənistan-Azərbaycan münaqişəsi və Dağlıq Qarabağ probleminin dinc vasitələrlə nizama salınması ümummilli liderimiz Heydər Əliyevin xarici siyasət fəaliyyətində mühüm yer tutmuşdur. Yalnız onu qeyd etmək kifayətdir ki, 1993-2003- cü illər ərzində Azərbaycanın dövlət başçısı Heydər Əliyev Ermənistan Prezidenti ilə 23, ATƏT-in rəhbərliyi və Minsk qrupunun nümayəndələri ilə 140-a qədər görüş keçirmişdir.
Ümummili liderimiz Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərən Azərbaycan Prezidenti İlham Əliyev ilk gündən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına xüsusi diqqət yetirir və bu məsələdə yalnız respublikamızın milli və dövlətçilik maraqlarını daim üstün tutduğunu nümayiş etdirir. Ümummili lider tərəfindən müəyyənləşdirilmiş prinsiplərə sadiq qalan İlham Əliyev ölkəmizin xarici siyasətinin əsas prioriteti olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yalnız beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi şərti ilə nizama salınmasının vacibliyini bildirmiş və beynəlxalq təşkilatların bu sahədə səylərini gücləndirməsinin zəruriliyini bəyan etmişdir. Azərbaycan Prezidenti bütün xarici səfərlərdə, eləcə də Bakıda keçirdiyi çoxsaylı görüşlərdə Ermənistanın hərbi təcavüzü məsələsini daim önə çəkərək Azərbaycan xalqının öz torpaqlarının işğalı ilə heç zaman barışmayacağını, ehtiyac yarandığı halda, hərbi əməliyyatların başlanmasına qərar veriləcəyini vurğulamışdır.
2004-cü il aprelin 16-da Praqada Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində danışıqlar yenidən bərpa olundu. Sonradan “Praqa prosesi” adını almış danışıqların bu mərhələsində 2005-ci ilin yayına qədər iki dövlətin xarici işlər nazirləri 11 görüş keçirərək münaqişənin nizama salınmasına dair sülh planının yeni variantının detallarını müzakirə etdilər.
2005-ci il yanvarın 3-də Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Təhlükəsizlik Şurasının iclasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılması istiqamətində əlverişli şəraitin yarandığını və bu problemin “Praqa prosesi” əsasında getdiyini bildirməklə danışıqlarda yeni mərhələnin başlandığını bəyan etdi. Ermənistanın münaqişənin “Praqa prosesi”, yəni “mərhələli həll” variantı ilə razılaşmaq məcburiyyətində qalması, heç şübhəsiz, Azərbaycan Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu xarici siyasətin nailiyyətlərindən biri hesab oluna bilər. 2005-ci il mayın 15-də Varşavada, avqustun 27-də isə Kazanda iki ölkənin prezidentləri arasında keçirilən növbəti görüşlərdə danışıqların əsas mövzusu təklif olunan yeni sülh planının detallarının müzakirəsi oldu.
Keçirilən görüşlərdə Ermənistanın qeyri-konstruktiv mövqedən çıxış etməsi “Praqa prosesi”nin yenidən dalana dirənməsinə və danışıqların nəticəsiz qalmasına gətirib çıxardı. 2007-ci il noyabrın sonunda Madriddə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması prosesini sürətləndirmək üçün baza prinsipləri yenidən tərəflərə təqdim olundu.
Bundan sonra, 2008-ci il iyunun 5-də Sankt-Peterburqda, noyabrın 2-də Moskvada, 2009-cu il yanvarın 28-də Sürixdə, mayın 7-də Praqada, iyunun 4-də Sankt-Peterburqda, iyulun 17-18-də Moskvada, oktyabrın 8-9-da isə Kişinyovda Azərbaycan və Ermənistan prezidentlərinin 7 görüşü keçirildi. Bu görüşlər zamanı danışıqların mahiyyəti haqqında verilən məlumatlarda bildirilir ki, son beş ildə “Praqa prosesi” çərçivəsində işlənilməsinə başlanılan və Madrid sənədinə çevrilən baza prinsipləri mövcuddur. Bu prinsiplərin bəziləri üzrə müəyyən razılaşma əldə edilmişdir. Lakin hazırda prezidentlər səviyyəsində müzakirə olunan bir neçə prinsip üzrə anlaşmanın müəyyən cizgiləri hiss olunur. Bu kontekstdə bütün məsələlərə dair ümumi razılıq əldə olunduqdan sonra hər hansı yekun bir sənədin qəbul ediləcəyi bildirilir.
Ermənistan tərəfi aparılan danışıqlar prosesində həmişə qeyri-konstruktiv mövqedən çıxış edərək bu prosesi uzatmağa çalışır. Aparılan danışıqların gedişi konfidensial səciyyə daşısa da, Azərbaycan Prezidenti İlham Əliyev görüşlərin daha intensiv xarakter aldığını qeyd etməklə yanaşı, bu gün danışıqlar masası üzərində bütün işğal edilmiş Azərbaycan torpaqlarının qaytarılması və məcburi köçkünlərin öz doğma ev-eşiklərinə qayıdışı məsələlərinin mövcudluğunu bildirmişdir. Bununla yanaşı, Ermənistanın danışıqlar prosesini süni şəkildə uzatdığını və bu taktikanın heç bir perspektivinin olmadığını söyləyən dövlət başçısı nə bu gün, nə on il, nə də yüz il sonra Dağlıq Qarabağın müstəqil olmayacağını vurğulamışdır. Eyni zamanda, Prezident İlham Əliyev qeyd etmişdir ki, Azərbaycanın mövqeyi birmənalıdır və biz bütün təzyiqlərə baxmayaraq sonadək öz mövqeyimizi müdafiə edəcəyik.
2009-cu il iyulun 10-da “Böyük səkkizlər”in İtaliyanın Akvil şəhərində keçirilən toplantısında ABŞ, Rusiya və Fransa prezidentləri Dağlıq Qarabağ problemini də müzakirə etdilər. Sonda hər üç prezidentin münaqişə ilə bağlı qəbul etdikləri birgə bəyanatda həmsədrlərə Azərbaycan və Ermənistan prezidentlərinə baza prinsiplərinə dair son təkliflərin əks olunduğu, yəni 2007-ci il noyabrın 29-da açıqlanmış Madrid təklifləri üzrə yeni versiyanı təqdim etməyi tapşırdılar.
Bəyanatda həmçinin ATƏT-in Minsk qrupunun həmsədri olan dövlətlərin prezidentlərinin Azərbaycan və Ermənistan prezidentlərinə fikir ayrılıqlarını aradan qaldırmağa və hərtərəfli sülh planının əsasını təşkil edəcək baza prinsiplərinin razılaşdırılmasını başa çatdırmağa çağırış öz əksini tapdı. Eyni zamanda, bəyanatda bu prinsiplərin Helsinki Yekun Aktına, yəni gücün tətbiq edilməməsi, ərazi bütövlüyü və öz müqəddəratını təyinetmə hüququna əsaslandığı qeyd olundu.
Münaqişənin nizama salınması prosesində Azərbaycan və Ermənistan tərəflərinin mövqelərində müəyyən fərqlər qalmaqdadır. Azərbaycan dövlətinin mövqeyi əvvəlki kimi birmənalıdır. Yəni, Ermənistan Dağlıq Qarabağ ətrafında işğal etdiyi əraziləri mərhələli şəkildə azad etməli, məcburi köçkünlər öz doğma yurdlarına qayıtmalıdırlar. Bundan sonra isə keçid dövründə Laçın və Kəlbəcər rayonlarının azad edilməsi ilə, eyni zamanda, Dağlıq Qarabağ və Ermənistan arasında dəhlizin yaradılması mümkündür.
Növbəti mərhələdə Dağlıq Qarabağdan olan məcburi köçkünlər öz torpaqlarına qayıtmalı və sülhməramlı qüvvələr yerləşdirilməlidir. Dağlıq Qarabağın 65 min azərbaycanlı əhalisi oraya qayıtdıqdan sonra isə status məsələsi müzakirə oluna bilər. Heç şübhəsiz ki, bütün bunlar Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır. 2008-ci il noyabrın 2-də Moskvada Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin birgə imzaladığı bəyannamədə də münaqişənin ərazi bütövlüyü çərçivəsində həlli nəzərdə tutulur.
Ermənistan tərəfinin mövqeyinə gəldikdə isə, ermənilər öz müqəddəratını təyinetmə prinsipini əsas gətirərək Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınmasına çalışırlar. Ancaq ermənilər öz müqəddəratını təyinetmə hüququndan hələ əsrin əvvəllərində ən yüksək səviyyədə istifadə edərək özlərinin müstəqil dövlətini - Ermənistan Respublikasını yaratmışlar. Dağlıq Qarabağ bölgəsinin ermənıləri isə müstəqil Azərbaycan dövlətində yaşayan milli azlıqlardan biridir. Beynəlxalq hüquq normalarına görə milli azlıqlar öz müqəddəratlarını təyin edə bılərlər. Lakin bu, müstəqillik formasında ola bilməz. Çünki müstəqil dövlətin ərazisində yaşayan milli azlıqların belə hüquqları yoxdur. Bu baxımdan, ermənilərin öz müqəddəratını təyin etmə hüququnu bəhanə etməsi beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması deməkdir.Bu səbəbdən Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılmasına heç vaxt imkan verilməyəcək. Dağlıq Qarabağa yalnız Azərbaycanın tərkibində hər hansı bir status verilə bilər. Lakin, bu, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkündür.
Bundan əlavə, Ermənistan tərəfi aparılan danışıqlarda Dağlıq Qarabağın üçüncü tərəf kimi iştirakının təmin olunmasını istəyir. Ancaq bu tələb də əsassızdır və heç bir məntiqə uyğun deyil. Çünki Dağlıq Qarabağ ermənilərinin müstəqil tərəf kimi danışıqlarda iştirakı məsələsi ATƏT-in Minsk qrupunun mandatına ziddir, 2008-ci ilin sonunda Moskvada imzalanmış məlum bəyannamədə də açıq şəkildə bildirilir ki, münaqişənin nizamlanması istiqamətində aparılan danışıqlar prosesində yalnız Azərbaycan və Ermənistan tərəfləri iştirak edə bilər.
Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu dəfələrlə bəyan edən Azərbaycan Prezidenti İlham Əliyev 2009-cu il iyulun 13-də Londonda məşhur Kral Beynəlxalq Münasibətlər İnstitutunda görüşü zamanı Ermənistan rəhbərinin Moskva bəyannaməsini tərəf kimi imzaladığını vurğulamış, danışıqların Ermənistanla Azərbaycan arasında aparıldığını və bunun beynəlxalq format olduğunu bildirmiş və qeyd etmişdir ki, əgər Dağlıq Qarabağ münaqişə tərəfi olsaydı, onda Ermənistan tərəfi bəyannaməni imzalamazdı. Bununla yanaşı, dövlət başçısı əlavə etmişdir ki, “Əgər Dağlıq Qarabağın erməni icması iştirak etmək istəyirsə, onda onlar Dağlıq Qarabağın azərbaycanlı icması ilə danışıqlara gedə bilərlər”.
Buna görə də Ermənistan ilk növbədə Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu qəbul etməli, işğalçılıq siyasətinə son qoymalı, sonra isə münaqişənin nizamlanmasının variantları barədə öz mövqeyini bildirməlidir. Münaqişənin nizama salınması prosesində Azərbaycan dövləti və onun başçısı İlham Əliyev ilk növbədə sülh variantına üstünlük verir. Lakin Prezident İlham Əliyev Azərbaycan xalqının və dövlətinin bu işğal, etnik təmizləmə siyasəti və torpaqlarımızın müvəqqəti olaraq itirilməsi ilə heç vaxt barışmayacağını bildirməklə yanaşı, öz torpaqlarımızı azad etmək üçün tam əsasımızın olduğunu və bunu beynəlxalq hüquq normaları ilə təsdiq etdiyini vurğulamışdır.
Regionda baş verən son hadisələr, xüsusilə Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində atılan addımlar indiyə qədər danışıqlar prosesində qeyri-konstruktiv mövqeyi ilə nizamlanma prosesinə maneə törədən Ermənistan tərəfinə yenə də vaxt uzatmaq taktikasını tətbiq etməyə imkan yaradır. Bununla əlaqədar dövlət başçısı İlham Əliyev açıq şəkildə bildirdi ki, Türkiyə-Ermənistan münasibətləri Dağlıq Qarabağ məsələsinin həllindən əvvəl tənzimlənərsə, o zaman Ermənistanın mövqeyi danışıqlar prosesində daha da sərtləşə bilər. Bu problemlərin, yəni Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və Türkiyə-Ermənistan sərhədlərinin açılması proseslərinin paralel olaraq həll edilməsinin vacibliyini bildirən Prezident İlham Əliyev ölkəmizin bölgədə və dünyada artan rolunun Ermənistanın təcrid vəziyyətdən çıxmasına heç vaxt imkan verməyəcəyini vurğulayaraq qeyd etdi ki, “Bu vəziyyətin yaranmasının əsas səbəbkarı Ermənistan rəhbərliyinin özüdür”.
Bundan əlavə, dövlət başçısı İlham Əliyev Bakıda məcburi köçkün ailələri üçün tikilmiş yaşayış binaları kompleksi istifadəyə verilərkən çıxışında dünya birliyinin bu məsələyə biganə qaldığını vurğulayaraq qeyd etdi ki, beynəlxalq təşkilatlar lazım olan qərarları qəbul etsə də, ancaq onlar icra olunmur və belə olan halda o qətnamələr mənasını itirir. Dünyada beynəlxalq hüquq normalarının kobudcasına pozulduğunu bildirən Prezident İlham Əliyev Azərbaycan torpaqlarının uzun illər işğal altında qalmasını bunun nəticəsi kimi qiymətləndirdi.
Ona görə də ancaq Azərbaycan xalqının iradəsinə, gücünə arxalanmağı bildirən dövlət başçısı bu məqsədlə iqtisadiyyatımızı və ordumuzu gücləndirməyin vacibliyini vurğuladı. Problemin sülh yolu ilə həll olunmasına ümidlərini itirmədiyini və bu səbəbdən münaqişənin nizama salınmasında dinc vasitələrə üstünlük verdiyini söyləyən Prezident İlham Əliyev qeyd etdi : “Biz danışıqlar aparırıq, ancaq bununla bərabər, hər an torpaqlarımızı işğalçılardan hərbi yolla azad etməyə hazır olmalıyıq”.
Ümumiyyətlə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində beynəlxalq təşkilatların səyləri ilə yanaşı, 1999-cu ilin aprelindən başlayaraq, yeni formada addımlar atılmışdır. Bu, Azərbaycan və Ermənistan prezidentlərinin birbaşa dialoqunun aparılması olmuşdur. İki respublikanın prezidentləri Moskvada, Vaşinqtonda, Cenevrədə, Yaltada, İstanbulda, Davosda, Nyu-Yorkda, Minskdə, Parisdə, Ki-Uestdə, Soçidə, Kişinyovda, Praqada, Strasburqda, Varşavada, Astanada, Kazanda, Rambuyedə, Buxarestdə, Sankt-Peterburqda, Sürixdə və habelə iki respublikanın sərhədində - Sədərəkdə 35-dən çox görüş keçirmişlər.
Ancaq çox ağır və çətin keçən danışıqlar zamanı Azərbaycan tərəfi öz haqlı mövqeyini müdafiə edərkən bir sıra çətinliklərlə qarşılaşır. Çünki münaqişə başlayandan keçən dövr ərzində aparılan danışıqlarda təcavüzkar Ermənistan qeyri-konstruktiv mövqedən çıxış edərək işğalçılıq siyasətindən əl çəkmir. Digər tərəfdən isə dünya birliyinin “ikili standartlar” prinsipindən çıxış etməsi, BMT və ATƏT kimi beynəlxalq təşkilatların öz təklif və qətnamələrini həyata keçirmək üçün konkret fəaliyyət göstərməməsi danışıqlar prosesində irəliləyişin əldə olunmasına maneə törədir.
Bundan başqa, münaqişənin nizamlanması istiqamətində vasitəçilik missiyasını öz üzərinə götürmüş ATƏT-in Minsk qrupunun sonuncu təklifindən 10 ildən çox keçmiş və bu qrup indiyə qədər heç bir yeni təkliflə çıxış etməmişdir. Buna baxmayaraq, Azərbaycan dövləti beynəlxalq təşkilatların, xüsusilə də münaqişəni dinc vasitələrlə nizama salmaq üçün fəaliyyət göstərən ATƏT-in sülhyaratma təkliflərinə hörmətlə yanaşaraq onun işində müntəzəm və əməli şəkildə iştirak edir. Təkcə onu qeyd etmək kifayətdir ki, Azərbaycan Prezidenti İlham Əliyev keçən dövr ərzində ATƏT-in Minsk qrupunun həmsədrləri ilə 50-dən çox görüş keçirmiş və bu da münaqişənin nizama salınması istiqamətində aparılan danışıqlarda ölkəmizin ilk növbədə sülh variantına üstünlük verdiyinə sübutdur.
Çox təəssüf ki, yarandığı vaxtdan etibarən ATƏT-in Minsk qrupunun qəbul etdiyi sənədlərdə Azərbaycanın ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığının, suverenliyinin bərpasının zəruriliyi bildirilsə də, indiyə qədər bu qurumun fəaliyyəti sülh prosesində arzu olunan nəticəni verməmişdir. ATƏT çərçivəsində yaradılan Minsk qrupu və bu qrupa həmsədrlik edən ABŞ, Fransa və Rusiya kimi böyük dövlətlər münaqişənin dondurulmuş şəkildə qalmasında məsuliyyət daşımamış və təcavüzkara qarşı heç bir təzyiq göstərmək niyyətində olmamışlar. Bununla yanaşı, münaqişədə Ermənistanın Azərbaycana təcavüzündən birbaşa danışmadan, qəbul edilən sənədlərdə bu barədə heç nə demədən münaqişənin ədalətli həlli yolunda müsbət irəliləyişə nail olmaq çətindir. Eyni zamanda, təcavüzkar Ermənistana qarşı heç bir əməli tədbirin görülməməsi ATƏT-in nüfuzuna xələl gətirməklə bərabər, onun tərkibində yaradılan Minsk qrupuna olan ümidləri də heçə endirir. Ona görə də böyük dövlətlər müasir beynəlxalq münasibətlər üçün təhlükəli olan təcavüzkarın qarşısını almaq istəyirlərsə, qəti və praktik addımlar atmalı, Ermənistanı beynəlxalq birliyin iradəsinə tabe etdirməlidirlər.
Elçin ƏHMƏDOV,
Azərbaycan Respublikasının Prezidenti
yanında Dövlət İdarəçilik Akademiyası
beynəlxalq münasibətlər və xarici siyasət
kafedrasının dosenti, siyasi elmlər namizədi
Xalq qəzeti.- 2009.- 3 dekabr.- S. 3.