Kəlbəcərlilər torpaqlarımızın azad olunacağına inanırlar

 

Hər bir xalqın həyatında çətin, məşəqqətli dövrlər olub. Uzun və yaxud qısa müddətli müharibələr, amansız təbii fəlakətlər insanları sınağa çəkmiş, onların rahat həyatını pozmuş, müsibətlərlə üzləşdirmişdir. Dünya xəritəsində kiçik bir yer tutan doğma Azərbaycanımızın da çətin günləri az olmayıb. Zəngin təbii sərvətlərimiz, əlverişli geoməkan, Qərblə Şərqin qovuşuğunda yerləşməsi daim yadelli qüvvəlirin diqqətini cəlb edib. Bu gün Azərbaycan artıq müstəqil dövlətdir və öz taleyinin sahibidir.

 

Ulu öndər Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycanımız zaman-zaman irəliləyir, zənginləşir, qüdrətli dövlətə çevrilir. Dünya şöhrətli siyasətçi Heydər Əliyevin ölməz ideyalarından güc alan Azərbaycan dövləti bu gün öz dayaqlarını daha da möhkəmləndirir, beynəlxalq aləmdə söz sahibinə çevrilir. Bu inkişafın əsasında ulu öndərin ideyalarından güc alan, Azərbaycanın xoşbəxt gələcəyinin təminatçısı, xalqın sevimlisi möhtərəm Prezidentimiz İlham Əliyevin uğurlu siyasəti durur.

Azərbaycan Cənubi Qafqazda lider dövlətə çevrilib. Beynəlxalq sosioloji araşdırmalar mərkəzlərinin məlumatlarında Azərbaycanın ən islahatçı dövlət olduğu təsdiqlənir. Azərbaycan ən nüfuzlu beynəlxalq təşkilatların üzvüdür və onların fəaliyyətində yaxından iştirak edir.

Bu gün xalqımızın bir əsas problemi vardır ki, o da işğal altında olan torpaqlarımızın azad edilməsi, qaçqın və məcburi köçkünlərimizin öz doğma yurdlarına dönməsidir. Bu istiqamətdə dövlətimizin başçısı İlham Əliyevin davamlı olaraq həyata keçirdiyi siyasət öz nəticələrini verməkdədir. Prezident dəfələrlə bəyan edib ki, biz torpaqlarımızı qan tökmədən, sülh yolu ilə azad etmək istəyirik, əks halda başqa yollar istisna deyil.

Bəli, bu gün Azərbaycanın suveren hüquqlarını bütün dünya dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar tanıyır. Ermənistanın isə işğalçı dövlət olduğu artıq bütün dünyaya bəllidir.

18 ildən çoxdur ki, qaçqın və məcburi köçkünlər torpaq, yurd həsrəti ilə yaşayırlar. Onlara hər cür şərait yaradılsa belə yurd həsrətini heç nə əvəzləyə bilmir. Ulu öndər Heydər Əliyev bu kateqoriyadan olan insanlar üçün mümkün olan hər şeyi edirdi. Və bu gün də ulu öndərin siyasi kursunun ləyaqətli davamçısı, hörmətli Prezidentimiz İlham Əliyev bu istiqamətdə genişmiqyaslı dövlət proqramlarının reallaşmasını təmin edir.

Prezidentimiz seçkiqabağı çıxışında demişdi ki, bir dənə də olsun çadır şəhərciyi qalmayacaq. Doğrudan da, bu gün ölkədə bir dənə də olsun çadır şəhərciyi yoxdur. Yeni salınmış müasir tipli qəsəbələrdə bu gün hər cür infrastruktur yaradılmışdır.

Mən Kəlbəcərdə doğulmuşam və kəlbəcərlilərin məcburi köçkünlük həyatı ilə yaxşı tanışam. Ulu öndərin də 1996-cı il aprelin 1-də kəlbəcərlilərlə görüşünün iştirakçısı olmuşam. Ümummilli lider rayonun işğalının üçüncü ildönümü ilə əlaqədar Kəlbəcər ictimaiyyətinin nümayəndələrini qəbul etmişdi. Kəlbəcər haqqında, onun zəhmətsevər insanları haqqında xoş sözlər demişdir. Dahi rəhbərin çıxışından bu sözləri xatırlayıram. “Kəlbəcər həm təbii sərvətlərlə zənginliyinə görə, həm iqliminin gözəlliyinə görə, həm də orada yaşayan insanların fədakarlığına görə respublikamızda həmişə çox hörmətə, ehtirama layiq olubdur. Azərbaycanın çox yerlərindən, o cümlədən paytaxtımız Bakıdan da insanlar həmişə Kəlbəcərə ziyarətə gediblər”. Bu gün Kəlbəcərin məcburi köçkünlərinə göstərilən qayğı və diqqət biz Kəlbəcər ziyalılarını çox sevindirir. Kəlbəcər əhalisi hiss edir ki, dövlətimiz, onun başçısı cənab İlham Əliyev bütün imkanlardan istifadə edir ki, torpaqlar işğaldan azad edilsin. Bu insanlar cənab Prezidentimizin apardığı siyasət nəticəsində yaxın vaxtlarda Kəlbəcərin azad olunacağına inanırlar. Dövlətimizin qüdrəti artdıqca düşmənlərimiz başa düşürlər ki, gec-tez bu torpaqlardan geri çəkilməyə məhkumdurlar.

Bir məsələni xüsusi olaraq vurğulamaq istəyirəm. Bu gün deyirlər ki, xaricdə erməni diasporu çox güclüdür. Bu, doğrudan da, belədir. Amma Azərbaycanın da diasporu artıq formalaşmaqdadır. Hələ, 1974-cü ildən ulu öndər bu məsələyə xüsusi önəm verirdi. O vaxt ümummilli lider ziyalıları toplayaraq diasporun yaradılması barədə söhbətlər aparırdı. Mən özüm də bu söhbətlərin iştirakçısı olmuşam. Biz Rusiyaya, digər respublikaların ali məktəblərinə qəbul aparırdıq və bu işə xüsusi önəm verirdik. Bu gün xarici ölkələrdə təhsil alan yüzlərlə azərbaycanlı gənc tələbə-diasporla yanaşı Azərbaycan həqiqətlərini dünyaya yayırlar. Mən çox sevinirəm ki, həmin gənclər arasında kəlbəcərlilər də var.

Kəlbəcər ziyalıları harada işləmələrindən, yaşamalarından asılı olmayaraq bu torpağın həsrəti ilə yaşayırlar. Onlar Kəlbəcərlə bağlı tədbirlərdə iştirak edir, bu insanlara mənəvi dayaq durmağa çalışırlar. Kəlbəcərin məcburi köçkünlərinə dövlət qayğısı son illər daha da artmışdır. Bu yaxınlarda, Bakının Binəqədi rayonu ərazisində məskunlaşan kəlbəcərli məcburi köçkünlər gözəl, müasir tipli yeni çoxmərtəbəli binalara, Goranboy rayonunda isə kəlbəcərlilər yeni salınan qəsəbəyə köçürülmüşlər. Bu, məcburi köçkünlərə dövlət qayğısının bariz nümunəsidir.

Hər iki rayonda bu münasibətlə keçirilən tədbirdə cənab Prezidentimiz də iştirak etmişdir. Söz yox ki, bu tədbirlərə Kəlbəcərin ziyalıları da qatılmışlar. Prezidentin bu tədbirlərdəki çıxışı, bir sıra mətləblərə aydınlıq gətirdi. Dövlət başçımız qaçqınlar və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı Dövlət proqramlarının qəbul edilməsindən, eyni zamanda Dağlıq Qarabağ və onun ətraf rayonlarının erməni qəsbkarlarından azad edilməsi üçün həyata keçirilən tədbirlərdən ətraflı şəkildə bəhs etmişdir. Cənab Prezhident demişdir: “Bilirsiniz ki, Azərbaycan dövləti qaçqınların və məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün əlindən gələni edir. Mənə bu yaxınlarda verilən məlumata görə bu məqsədlər üçün məcburi köçkünlərin yaşayış səviyyəsini yaxşılaşdırmaq üçün Azərbaycan dövləti 2 milyard dollar vəsait xərcləmişdir. Bu vəsait hesabına 12 çadır şəhərciyi ləğv edilib, 81 min məcburi köçkün yeni evlərə köçürülüb. 123 məktəb tikilib, yollar, elektrik xətləri çəkilib, xəstəxanalar inşa edilibdir”.

Göründüyü kimi dövlətimiz qaçqın və səcburi köçkünlərin həyat şəraitini yaxşılaşdırmaq üçün çox böyük proqramlar reallaşdırır və söz yox ki, bunlardan kəlbəcərlilərə də pay düşüb. Belə ki, Goranboyda inşa edilən yeni qəsəbədə Kəlbəcər rayonundan olan 596 məcburi köçkün ailəsi yerləşdirilmişdir. Qəsəbə cənab Prezidentin 2004-cü ildə imzaladığı Dövlət Proqramına əsasən yaradılmışdır. Bu qəsəbə üçün 120 hektar ərazi ayrılmış, evlərin ümumi sahəsi isə 30800, yaşayış sahəsi 19445 kvadratmetrdən çoxdur. Həmin evlərin 89-u bir, 275-i iki, 200-ü üç, 32-si isə dördmənzillidir. Qəsəbə bütün zəruri infrastrukturla təmin olunmuşdur. Burada uşaq bağçası, ambulatoriya, klub-icma mərkəzi, poçt binası və digər inzibati binalar vardır. Qəsəbədə fərdi elektrik stansiyası tikilmiş, bütün evlər təbii qazla təchiz edilmişdir.

Dövlətimizin başçısı bu qəsəbə ilə tanış olmuş, 360 yerlik orta ümumtəhsil məktəbinin açılışında da iştirak etmişdir. Bu gün həmin məktəb müasir avadanlıqlarla təmin olunmuşdur. Cənab Prezident qəsəbənin açılışı zamanı Kəlbəcər ictimaiyyətinin nümayəndələri ilə görüşmüş və buradakı çıxışında mühüm məqamlara toxunmuşdur. Möhtərəm Prezidentimiz bildirmişdir: “Biz 20 ilə yaxındır ki, belə vəziyyətdə yaşayırıq, bununla barışırıq. Ancaq barışa bilmərik. Çünki insanların sosial vəziyyəti çox ağırdır, qəsəbələrin tikilməsi ilə biz o vəziyyəti yüngülləşdiririk, yaxşılaşdırırıq. Ancaq siz istəyirsiniz ki, doğma torpağınıza qayıdasınız, biz də bunu istəyirik. Siz Kəlbəcərdə yaşamalısınız, burada yox. Bura müvəqqəti yaşayış yeridir”.

Bunu kəlbəcərlilər də bilir. Onlar yaxşı bilirlər ki, Kəlbəcər torpağının azad olunmasına çox az vaxt qalıb. Prezidentimiz həmin görüşdə bir daha bildirmişdir: “Danışıqlara ümidimiz tükənsə, o zaman bizim başqa yolumuz qalmır. Biz buna da hazır olmalıyıq. Son illər ordu quruculuğunda görülən işlərin təbii ki, məqsədi var. ...Bizim tam hüququmuz var ki, öz torpaqlarımızı hərbi yolla azad edək”.

Bu gün bütün kəlbəcərlilər müsəlləh əsgər kimi Prezidentimizin əmrini gözləyirlər. Və onlar öz torpaqlarını xilas etmək üçün canlarından belə keçməyə hazırdırlar.

Bütün kəlbəcərlilər ulu öndərin bu sözlərini məmnunluqla xatırlayırlar: “Kəlbəcər öz gözəl keçmişinə qayıdacaq və gələcəkdə ondan da gözəl olacaqdır”. Kəlbəcərlilər Prezidentimiz İlham Əliyevin siyasəti nəticəsində torpaqlarımızın düşmən tapdağından sülh yolu ilə azad olunacağına, zəngin təbii sərvətlərə malik olan doğma torpaqlara qayıdacaqlarına inanırlar.

 

 

Muğan SALAHOV,

professor

 

Xalq qəzeti.- 2009.- 3 dekabr.- S. 5.