Qubalıların qurub-yaratmaq əzmi
güclüdür
2009-cu il respublikamızın digər rayonları kimi,
Quba rayonu üçün də iqtisadiyyatın, demək olar
ki, bütün sahələrində ciddi irəliləyişlərlə,
tikinti, abadlıq və quruculuq işlərinin geniş vüsət
alması ilə əlamətdar olmuşdur. Qlobal maliyyə
böhranının törətdiyi fəsadlara baxmayaraq,
rayonda istehsal olunmuş sənaye və kənd təsərrüfatı
məhsullarının ümumi dəyəri keçən ilin
müvafiq dövrünə nisbətən 1 milyon 55 min manat
artaraq 81 milyon 786 min manat, əhalinin hər nəfərinə
düşən məhsulun həcmi 538 manat təşkil
etmişdir.
İstehsal edilmiş sənaye
məhsulunun 47 faizi dövlət sektorunun, 53 faizi isə
qeyri-dövlət sektorunun payına düşür. Diqqətəlayiq
haldır ki, cari ilin sonunda maliyyə-bank və vergi
intizamının möhkəmləndirilməsi sayəsində
keçən ilin müvafiq dövrü ilə müqayisədə
rayonun yerli gəlirlərindən büdcəyə 1 milyon 82
min 612 manat və ya 28,6 faiz artıq vəsait daxil olmuşdur.
Azərbaycan hökumətinin
həyata keçirdiyi iqtisadi siyasətin əsas istiqamətlərindən
biri də sahibkarlığın inkişaf etdirilməsidir. Ötən
il Qubada bu istiqamətdə də müəyyən işlər
görülmüşdür. Məsələn, yanvar-sentyabr
ayları ərzində rayon üzrə 71 nəfər sahibkara
2 milyon 674 min manat məbləğində kredit verilmişdir
ki, bu da 192 yeni iş yerinin açılmasına şərait
yaratmışdır. Ümumilikdə isə 2009-cu ilin ötən
on bir ayı ərzində rayonda 900-dən çox yeni iş
yeri açılmışdır.
“2008-2015-ci illərdə
Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları
ilə təminatına dair Dövlət Proqramı”ndan irəli
gələn vəzifələrə uyğun olaraq 67 hektar sahədə
yeni meyvə bağları salınmış, beləliklə
də bağların ümumi sahəsi 14 min 890 hektara
çatdırılmışdır. Rayon fermerləri
bütün sahələrdə məhsul istehsalını nəzərə
çarpacaq dərəcədə artırmışlar. İstər
heyvandarlıq, istərsə də meyvə və tərəvəz
məhsullarının emalı, qablaşdırılması, tədarükü
və saxlanması məqsədilə müvafiq tədbirlər
görülmüşdür. Bu istiqamətdə işlər
gələcəkdə də davam etdiriləcəkdir.
Yerli resurslar nəzərə
alınmaqla turizm sisteminin inkişaf etdirilməsi istiqamətində
də mühüm tədbirlər
görülmüşdür. Hazırda rayonun ərazisində
müasir standartlara cavab verən çoxsaylı turizm obyektləri
mövcuddur və onların sayının
artırılması, göstərilən xidmətlərin səviyyəsinin
daha da yaxşılaşdırılması istiqamətində
ardıcıl tədbirlər görülməkdədir.
Sentyabr ayının 18-də
Prezident İlham Əliyevin iştirakı ilə Qubada
Müalicə Diaqnostika Mərkəzinin təntənəli
açılış mərasimi olmuşdur. Prezident bu əlamətdar
hadisə münasibətilə bütün rayon ictimaiyyətini
təbrik edərək demişdir: “Mən çox istəyirəm
ki, Azərbaycanın bütün bölgələrində belə
gözəl müəssisələr olsun, insanlar
vaxtlı-vaxtında tibbi müalicə alsınlar”.
Prezident İlham Əliyev
Qubada olarkən şimal bölgəsi rayonları
infrastrukturunun inkişaf perspektivləri baxımından son dərəcə
mühüm əhəmiyyəti olan daha bir obyektin —
“Şahdağ” Elektrik Stansiyasının da təntənəli
açılış mərasimində iştirak etmişdir. 14
hektar ərazini əhatə edən bu stansiyanın
inşasına 2008-ci ildə başlanılıb. Tikinti-quraşdırma
işlərini “AZENKO” şirkəti həyata keçirib. Stansiyanın
elektrik avadanlığı İsveçrənin “ABB”, güc
avadanlığı isə Finlandiyanın “Vartsila” şirkətinin
istehsalıdır. Stansiya il ərzində 700 milyon
kilovat-saatdan çox elektrik enerjisi istehsal etmək
gücünə malikdir. “Şahdağ” Elektrik Stansiyası əsasən
Qusar rayonu ərazisində inşa edilməkdə olan
Qış-Yay Turizm Kompleksinin, habelə Quba və Qusar
rayonlarının elektrik enerjisi ilə təchizatının
daha da yaxşılaşdırılacağına
hesablanıb. Yeri gəlmişkən onu da qeyd edək ki,
başa vurmaqda olduğumuz 2009-cu ildə rayon əhalisinə
göstərilən xidmətlərin səviyyəsinin
yaxşılaşdırılması, istifadə olunan elektrik
enerjisinin, təbii qazın və içməli suyun dəyərinin
toplanması sahəsində də bir sıra işlər
görülmüşdür. Ötən müddət ərzində
rayon elektrik şəbəkəsi tərəfindən 208
ağac, 70 dəmir, 24 polad dayaq, 630 ədəd izolyator yenisi
ilə əvəz olunmuş, 7561 metr naqil və 75
ayırıcı dəyişdirilmiş, şəhər və
Qırmızı qəsəbədə 73000 metr, kənd yerlərində
isə 7025 metr SİP kabel çəkilmiş, 913 ədəd
yeni elektron sayğac quraşdırılmışdır. Uzun
müddət istismarda olan və artıq yüklənmə
rejimində işləyən 12 ədəd transformator yeniləri
ilə əvəz olunmuşdur.
Heydər Əliyev prospektində tez-tez nəqliyyat hadisələrinə səbəb olan 750 metr uzunluğunda yerüstü qaz kəməri yeraltı keçidlə əvəz edilmiş, M. Tahirov, Ağamalıoğlu, Q. İsmayılov və Ərdəbil küçələrində qaz xətləri əsaslı təmir olunmuş, şəhərdə 78 ədəd, kəndlərdə 23 ədəd qaz tənzimləyici şkaf təmir edilmiş, Qudyalçay yatağı ilə uzunluğu 1200 metr olan yeni qaz xətti çəkilmişdir. Rayonun Vəlvələ kəndində 257, II Nügədi kəndində isə 120 abonentin evinə təbii qaz verilmişdir.
Əhalinin içməli su ilə təminatını yaxşılaşdırmaq məqsədilə ayrı-ayrı yaşayış məntəqələrində daxili imkanlar hesabına artezian quyularının qazılması təmin olunmuşdur. Üç ədəd subartezian quyusunun nasosu və elektrik mühərriki yenisi ilə əvəz edilmişdir. Bundan başqa, yaşayış məntəqələrində 11 ədəd elektrik mühərriki və su nasosları təmir olunmuş, quyuların iş rejimləri bərpa edilmişdir. Qaqarin küçəsi sakinlərinin müraciətləri əsasında 340 metr uzunluğunda su xətti və 60 metr uzunluğunda kanalizasiya xətti çəkilmişdir. Şəhərin Vaqif, C.Cabbarlı, Fətəli xan, Ə. Nərimanov, M. Qorki küçələrində və Heydər Əliyev prospektində su sızmalarının qarşısının alınması üçün cari təmir işləri aparılmışdır. Şəhərin 32-33-cü məhəllələrində metal borularla 2500 metr uzunluğunda magistral su xətləri çəkilişinə başlanılmışdır. Rayonun Zərdabi, Amsar, Rustov və II Nügədi kəndlərinin su xətlərində də əsaslı təmir işləri aparılmışdır. Lakin bütün bunlara baxmayaraq əhalinin içməli su ilə təchizatında nöqsanlar hələ də qalmaqdadır. Belə ki, verilən içməli suyun miqdarının az və keyfiyyətinin aşağı səviyyədə olması əhalinin haqlı narazılığına səbəb olmaqdadır. Su- kanalizasiya xidmətinə görə əhalidən vəsaitin toplanmasının vəziyyəti də qeyri-qənaətbəxşdir.
“2009-2013-cü illərdə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Dünya Bankının vəsaiti hesabına Quba şəhərində içməli su və kanalizasiya xətlərinin yenidən qurulması nəzərdə tutulmuşdur. Bu məqsədlə bu ilin sentyabr ayında Dünya Bankının mütəxəssisləri bir neçə dəfə Qubada olmuş və mövcud problemin həlli ilə bağlı layihə smeta sənədləri hazırlamışlar.
2009-cu il ərzində əhaliyə göstərilən nəqliyyat, poçt və rabitə xidmətlərinin həcmi də, səviyyəsi də artmış, 3476 ailəyə 2 milyon 495 min manat məbləğində ünvanlı dövlət sosial yardımı ödənilmişdir.
Qubada əvvəlki illərlə müqayisədə tikinti, abadlıq və yenidənqurma işlərinin miqyasının nəzərəçarpacaq dərəcədə artması da diqqəti cəlb edir. Məsələn, təkcə belə bir faktı deyək ki, yanvar-sentyabr aylarında rayonda 862,1 min manat dəyərində 8359 kvadratmetr yaşayış və qeyri-yaşayış binaları tikilmişdir. Şəhərin mərkəzi küçəsi olan Heydər Əliyev prospektində geniş miqyaslı tikinti və yenidənqurma işləri başa çatdırılmış, orada müasir ayırıcı zolaq salınaraq üzərində yeni işıqlandırma sistemi quraşdırılmışdır. Prospektin sağ və sol hissəsində səkkiz kilometrə yaxın məsafədə müasir standartlara uyğun yeni piyada səkiləri tikilmiş, yol boyunca yağış sularının axıdılması üçün yeni kanalizasiya xətti çəkilmişdir. Sərnişinlərin rahatlığı üçün prospektdə müasir tipli 4 avtobus dayanacağı tikilmişdir. Prospekt boyunca ümumi sahəsi 3410 kvadrat metr olan divar işləri görülmüş, onun da 4950 kvadratmetri üzlənmişdir. 7750 kvadratmetr dam örtüyü metal kirəmit materialı ilə əvəzlənmiş, yol ayırıclarında 9 ədəd tağlı qapı tikilmiş, 2 ədəd elektron tablo quraşdırılmışdır. 147 ədəd işıq dirəyi quraşdırılmış, avtovağzal dairəsində hovuz-fəvvarə kompleksi tikilmişdir. Beşmərtəbəli yaşayış evinin fasad hissəsi alkoponla üzlənmiş, dam örtüyü əsaslı təmir edilmiş, “Səkinəxanım məscidi”nin fasadı restavrasiya edilmiş, B. Səfəroğlu adına rayon mədəniyyət evinin fasad hissəsinin alkoponla üzlənməsi isə artıq başa çatmaq üzrədir.
Rayon avtovağzalı ətrafındakı ərazi yenidən qurularaq 1200 kvadratmetr sahəyə asfalt döşənmişdir. Fətəli xan və Ərdəbil küçələrində 27930 kvadrat metr əraziyə yeni asfalt örtük çəkilmiş və bu işlər davam etdirilməkdədir. Quba-Qusar yolunun birinci kilometrliyində milli ornamentlərlə bəzədilmiş 800 metr uzunluğunda istinad divarı tikilib, divar boyu yaşıllıq zolağı salınıb, yol boyunca nəqliyyat vasitələrinin hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədilə metal maneə çəpərləri quraşdırılıb. Quba şəhərində Heydər Əliyev prospekti, Fətəli Xan, Ərdəbil, General Əsədov, Tuti Bikə, Qələbə, Xətai, H.Hüseynov küçələrində 29 min 640 kvadratmetr sahəyə ikiqat asfalt-beton örtük döşənərək əsaslı təmir işləri aparılmışdır. Qudyalçay terrasında arxeoloqlar tərəfindən aşkara çıxarılaraq tədqiq olunan kütləvi məzarlığa gedən yola asfalt vurulmuş, məzarlığın ərazisi təmizlənərək abadlaşdırılmışdır. Kütləvi məzarlıq-abidə kompleksinin nümunəvi layihəsinin hazırlanması işi başa çatdırılmış, onun tikintisinə isə 2010-cu ildə başlanılması nəzərdə tutulur.
Heydər Əliyev prospektində, digər küçə və meydanlarda yerləşən ticarət obyektlərinin, ofis və bankların fasad hissələri xüsusi üzlük materiallarla üzlənmiş, şəhərin ümumi görünüşünü pozan yerüstü işıq və qaz xətləri yeraltı xətlərlə əvəz olunmuşdur. Mərkəzi rayon xəstəxanasının bir neçə korpusu əsaslı şəkildə təmir olunmuşdur.
Hazırda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa edilən 36 mənzilli yaşayış binasında tamamlama işləri görülür. Xanagah kəndində 100, Təngəlatı kəndində 300, Susay kəndində 200, Güləzi kəndində 220 yerlik yeni məktəb binaları istifadəyə verilmişdir. Qəcərzeyid kəndində 60 yerlik 3 sinif otağı inşa edilmişdir. Yeni tikilən Xanagah məktəbi inventar və avadanlıqlarla tam təmin olunmuşdur.
Heydər Əliyev və Nizami adına parklarda yenidənqurma işləri aparılır. Ulu öndərin adını daşıyan parkda dördmərtəbəli Heydər Əliyev sarayının inşasına başlanılıb. Nizami parkında şairin “Xəmsə”sindən kompozisiya-parçalar yaratmaq üçün mişar daşından xüsusi lövhələr işlənmişdir. Orada inşasına başlanmış Şəxsiyyətlər Muzeyi parkın estetik və memarlıq görkəmini daha da baxımlı etmişdir.
2009-cu ildə rayonun Şəhidlər Xiyabanı da yenidən qurulmuşdur. Orada “Ana fəryadı” abidəsi ucaldılmış, xiyabanın əhatə etdiyi sahə, divarlar və “1941-1945-ci illər Böyük Vətən müharibəsi”ndə həlak olan qubalıların xatirəsinə ucaldılmış abidə qara mərmər daşla üzlənmişdir. Xiyabanın ərazisində şəhidlər muzeyi tikilmişdir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Quba regional bölməsi üçün nəzərdə tutulmuş binada rayon icra hakimiyyətinin daxili imkanları hesabına əsaslı təmir işləri aparılmışdır. Şəhərin küçə, park və xiyabanlarında 1450 ədəddən çox bəzək ağacı, 1100 ədəd qızılgül kolları əkilmişdir.
Rayonun girəcəyində “Giriş qapısı” tikilmiş, xüsusi formalı metal konstruksiyalı fırlanan qlobus quraşdırılmışdır. Bakı-Quba-Rusiya Federasiyası avtomobil yolunun 22 kilometri yenidən qurulmuş, asfalt-beton örtüyü yenilənmiş, yolun eni genişləndirilərək 9 metrə çatdırılmışdır. Qımılqazma və Qımıl kəndlərini birləşdirən uzunluğu 24 metr, eni 4,5 metr olan yeni körpü tikilib istifadəyə verilmişdir.
Rayon ərazisindən keçən çaylarda sahilqoruyucu tədbirlərin həyata keçirilməsi və daş-beton bəndlərin inşası işləri davam etdirilib. Yaşayış məntəqələrinin, infrastruktur obyektlərin və təsərrüfatların sel və daşqınlardan qorunması məqsədilə, xüsusilə təhlükəli yerlərdə çay məcralarının təmizlənməsi istiqamətində bir sıra işlər görülüb.
Doğrusu, Qubada il ərzində görülmüş və hazırda görülməkdə olan tikinti, abadlıq və quruculuq işləri o qədərdir ki, onları sadalamaqla bitmir. Bu da öz növbəsində rayonda son dərəcə qaynar və işgüzar mühitin olduğundan, Vətənimizin bu dilbər guşəsinin aydan-aya, gündən-günə daha da abadlaşaraq, gözəlləşərək, sözün əsl mənasında, nümunəvi turizm regionuna çevrildiyindən xəbər verir.
Q. CƏFƏROĞLU,
“Xalq qəzeti”nin bölgə
müxbiri
Xalq qəzeti.- 2009.- 3 dekabr.- S. 5.