Yeni əsrimiz və yeniləşməli elmimiz

 

Ölkəmizin düşüncə həyatında əlamətdar hadisə baş verdi. Noyabr ayının 21-də Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev ölkənin humanitar və ictimai elmlər sahəsinin aparıcı təmsilçilərinin iştirakı ilə geniş müşavirə keçirdi. Onun məruzəsi xeyli müddət akademiya sistemində çalışmış, bu şəbəkəni içəridən yaxşı tanıyan və uzun illər boyu da Azərbaycan dövlətində tutduğu vəzifələrə uyğun olaraq bilavasitə həmin sahənin fəaliyyətini yaxından izləmiş bir alim və dövlət xadiminin həm iftixar, həm də ürəkağrısı ilə dolu təhlillərindən ibarət idi. Bu müşavirənin keçirilməsinin təşəbbüskarı, belə bir təhlilin aparılmasının, humanitar və ictimai elmlərimizin sabahı ilə bağlı qaynar müzakirələr başlamağın təşəbbüskarı isə dövlətimizin başçısı Prezident İlham Əliyev idi.

 

İlk ali təhsil məbədimiz və hamımıza doğma olan Bakı Dövlət Universitetinin 90 illiyi mərasimindəki nitqində Prezident İlham Əliyev bugünümüz və gələcəyimiz üçün son dərəcə vacib olan bir fikir söylədi - keçid dövrü bitdi.

Nədənsə sonra həmin sözlərə diqqət yönəldən, o fikri şərh edənlərin çoxu bunu bilavasitə ölkənin iqtisadi həyatı ilə bağlamağa üstünlük verdi.

Əlbəttə, o da var.

Amma zənnimcə, dövlətimizin başçısı həmin sözləri daha geniş, fəlsəfi mənada işlədirdi və “keçid dövrü bitdi” deyərkən Azərbaycan gerçəkliyindəki bütün tərəfləri göz önünə alırdı.

İqtisadiyyatdan tutmuş dövlət idarəçiliyinə, təhsildən başlamış ictimai-siyasi mövcudluğumuzun bütün ümdə sahələrinə qədər hər istiqaməti.

Bu sözlər 3 il, 5 il, 10 il əvvəl səslənə bilməzdimi?

Səslənərdi, lakin indiki kimi vaxtauyğun, yerində, ədalətli olmazdı.

Həqiqətən, yaşadığımız keçid illəri son dərəcə mürəkkəb idi. Bəlkə də zamanın yeyin sürətləri onun bütün qəlizliyini anlamağa imkan vermir və olsun ki, sabahın hündürlüyündən mənzərə daha dürüst və daha aydın görünəcək.

Dövlətimiz və millətimiz bu keçid dövrünü həm də dərs ala-ala, yanlışı-doğrunu görə-görə, yeni zamana, yeni şəraitə, yeni tələblərə ahəstə-ahəstə uyğunlaşmaqla adlayıb.

Belə incə tarix məqamlarında tələskənlik, darhövsələlik faydadan çox ziyan gətirir.

Azərbaycan bir dövlət və cəmiyyət olaraq inkişafında elə üstün mərhələyə yetişib ki, biz yeni dövrə birdəfəlik keçməkçün ləngidiyimiz bütün səmtlərdə artıq qəti addımlarımızı atmalıyıq.

Bir anlıq xatırlayın kirilldən latına keçməyimizi.

Dövlət qərarını vermişdi. Amma elə köhnə qaydada kitablar da çıxırdı, mətbuatın əksər hissəsi latına alışa bilmirdi, elə kirillə nəşr olunmaqda davam edirdi, yaxşı halda ara-sıra tək-tək yazılarını yeni əlifbayla dərc edirdi.

3 il keçdi, 5 il sovuşdu. Dövlət səbr edirdi. Və düz edirdi. Bu proses qəfil baş versəydi, nəsillər arasındakı mənəvi körpülərin zədələnməsi ehtimalı daha çox artardı. Bu, ağır-ağır davam edən ağrılı bir keçid mərhələsi idi. Buna dözməliydik. Və məqamı yetişəndə, artıq dəyişmələrə hazır olan cəmiyyətin özünün içərisindən sədalar ucalanda dövlət ikicə aylıq möhlət qoydu və bütün Azərbaycan yazısı “latınlaşdı”, xüsusi bir fəsad da yaşanmadı.

Neçə illərdir Azərbaycanın müstəqil efir məkanı, özəl tele-radio şirkətləri fəaliyyətdədir.

Bu, ölkəmizdə ənənəsi, təcrübəsi olmamış bir yol idi. Daim dövlət nəzarətində icra edilmiş efir siyasətinə qarşılıq olaraq yaranmış azad radio-televiziyalar yaşa dola-dola təcrübə yığırdılar.

İş görə-görə səhvlər də buraxırdılar, hətta cəmiyyətin zövqü, təfəkkürü, əxlaqı üçün arzuolunmaz sapıntılara da uyurdular. Kimsə cəzalanmırdı, onların qarşısı alınmırdı, əsaslı tərzdə onların əl-ayağı yığılmırdı.

Dövlət, onun müvafiq strukturları bütün baş verənlərə biganə deyildilər. Lakin bu gözləmə, dözümlülük mövqeyi insaflı və sınaqlardan çıxmış məntiqə tabe idi.

Yeni başlayanın, keçid dövrü yaşayanın səhv etmək səlahiyyəti də var. 3 il, 5 il qabaq o tele-radioların qarşısına ifrat, bəzənsə yolverilməz sərbəstlikləri məhdudlaşdıran maneələr qoyulsaydı, bu, haqlı olsa belə, bəlkə də, hansısa irəliləyişlərin, hansısa mümkün yaradıcılıq tapıntılarının qarşısını kəsmiş də olardı. Kimlərsə bəhanə gətirərək bu qanunauyğun təzyiqi mətbuatı sıxışdırmaq kimi də səciyyələndirərdi, onların qara-qışqırığı dünyanın o başından dikələrdi.

Müstəqil mətbuat da müstəqil Azərbaycan dövlətinin bəhrəsidir.

Öz yetirməsinə, öz övladına təmkinlə yanaşmaq, ona səhv buraxmaq və səhvlərdən imtina etmək fürsəti vermək də dövlətin qayğısının bir başqa təzahürüdür.

Və yalnız indi, yeni əsrin ilk onilinin başa çatması ərəfəsində dövlət artıq ayaq üstə dayanmış, oturuşmuş müstəqil efir məkanına da üz tutur, qəti olaraq “keçid dövrü bitdi” deyir, “yüksək meyarlara, yeni zamana tən gəlin” söyləyir. Həm də artıq bütün ictimaiyyət də dövlətin keçid dövrünü adlamaqçün kifayət qədər babayolu verdiyi efir məkanına məhz indiki anda yönələn bu tələbi daxili razılıqla qarşılayır, çoxdan yox, məhz vaxtında qoyulmuş tələb kimi qavrayır. Vaxtilə yalnız ağ-qara təsvirli televiziyanı tanıdığımız çağlarda “mavi ekran” ifadəsini işlədirdik. İndi rəngli təsvirli efir məkanındayıq, daha “mavi ekran” deyimi köhnəlib, əvəzində şitliyə, zövqsüzlüyə, bəsitliyə və ədəbdənkənarlığa mail televiziyalar “mavilərin ekranı” adlanmağa daha uyğun gəlir, milli-mənəvi dəyərlərə xələl gətirən proqramlar baş alıb gedir. Peşəkarlıq səviyyəsində axsamalar addımbaşı duyulur. Dilimiz efirlərdə kələ-kötür hala salınır. Dəvətsiz-filansız hər evə daxil olan teleməkanın durulması, zamanla ayaqlaşması çağırışları ona görə də artıq hər ailədən, bütöv cəmiyyətdən eşidilir.

Elə efirimiz, mətbuatımız kimi, təhsilimiz, humanitar və ictimai elmlərimiz də xalqın ortaq sərvətləridir.

Bu gün dövlətimiz növbəti zəruri addımlardan birini ataraq “yeniləşək” çağırışı ilə üzünü ictimai elmlərimizə, maarifimizə, Elmlər Akademiyamıza çevirir, “keçid dövrü bitdi” deyir, yeni zamana ən qısa müddətdə uyğunlaşmaq gərəkdir söyləyir.

Bu uyğunlaşmaya nə dərəcədə hazırıq?

İctimai elmlərimiz hansı vəziyyətdədir?

“Durğunluq” deyimi bu duruma nə qədər yaraşır?

XX əsrdə xalqımızın qazandığı ən mühüm sərvətlərdən biri olan Elmlər Akademiyamız bu adla 1945-ci ilin 27 martında təsis edilsə və ölkəmizin baş elm ocağının rəsmi təvəllüd tarixi elə həmin il və həmin gündən götürülsə də, əslində, hesablama daha erkən dövrdən – 1922-ci ildən başlamalıdır.

Tarixi keçmişi nəzərə alacaq olsaq, XIII yüzildə Nəsirəddin Tusinin Marağada, Fəzlullah Rəşidəddinin Təbrizdə qurduqları elm və təhsil mərkəzləri də klassik akademiyalarımız idi. Lakin onlar yalnız bugünkü akademiyamızın mənəvi sələfləri sayıla bilər. 1922-ci ildə yaradılmış Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti isə çağdaş akademiyamızın bilavasitə bünövrəsi deməkdir və bu elm ocağının gələcək yuvarlaq ildönümləri də elə həmin tarixə əsasən qeyd edilməlidir.

Əslində, bu qurumun “akademiya” adlanaraq Azərbaycan gerçəkliyinə gəlişi də 1945-ci ildən xeyli əvvələ təsadüf edir.

Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin təməlində təşkil edilmiş Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutu 1932-ci ildə SSRİ Elmlər Akademiyası Zaqafqaziya filialının Azərbaycan şöbəsinə çevrilmiş, 1935-ci ildə isə müstəqillik bir qədər də artmış, gənc respublikanın bu əsas bilik müəssisəsi SSRİ Elmlər Akademiyasının Azərbaycan filialına dönmüşdü.

Köhnə bir fotoşəkil qalır. 1941-ci ilin yaz günləridir. Dəhşətli müharibənin lap astanasında SSRİ Elmlər Akademiyasının vitse-prezidenti Otto Yulyeviç Şmidt Bakıdadır, yan-yörəsində o dövrkü tanınmış Azərbaycan alimləri. Gənc və artıq yetərincə tanınmış filosof, oçağkı ziyalıların dilində “AZFAN” kimi məşhur olan SSRİ Elmlər Akademiyası Azərbaycan filialının direktoru Heydər Hüseynov, belə anlaşılır ki, hörmətli qonağı əsas müşayiət edənlərdənmiş. Əksər şəkillərdə onlar yanaşıdır. Tarixin yaddaşında Otto Şmidtin o vaxtkı cavan Azərbaycan akademiyasına verdiyi yüksək qiymət də qalmaqdadır: “SSRİ Elmlər Akademiyasının Azərbaycan filialı, sözsüz ki, tərkibinə, ilk növbədə bu tərkibin keyfiyyətinə, respublikanın həyatında oynadığı rola görə çox nəhəng və güclü orqanizmdir”.

O gün üçün bu sözlər həqiqət idi.

Sonrakı onillərdə Azərbaycan Elmlər Akademiyası o qədər sürətli və köklü inkişaf dövrlərini yaşadı ki, bu sözlərin həqiqəti dəfələrlə artdı.

Artıq başa çatmış XX yüzildən yeni əsrə və yeni minilliyə Azərbaycan xalqı bilikli, səviyyəli, zövqlü, özündə ən yaxşı Şərq və Qərb dəyərlərini qovuşduran, dünyanın mədəni və savadlı xalqlarından biri kimi yetişdisə, bu uğurda, şübhəsiz ki, Elmlər Akademiyamızın danılmaz payı vardır. Arxada qalan illərdə Elmlər Akademiyası ən müxtəlif bilik sahələrində sorağı ölkəmizdən çox-çox kənarlara yayılan kəşf və ixtiraların qaynağına çevrildi, dünya şöhrətli alimlərimiz yetişdi, elmi sanbalı ilə seçilən, xarici ölkələrdə də ehtiramla dəyərləndirilən əsərlərimiz meydana gəldi.

Onillər boyu Elmlər Akademiyası ölkəmizin işıqlı beyni olmaq kimi məsul və şərəfli bir vəzifəni ləyaqətlə daşıdı, xalqımızın və yurdumuzun çiçəklənməsinə töhfələrini bağışladı.

Elmlər Akademiyamız sanki daim ən azı bir addım irəlidə oldu, avanqardlıq, yolgöstərənlik, istiqamətləri müəyyənləşdirmək, irəliləyişlərimizi proqnozlaşdırmaq funksiyalarını yerinə yetirdi.

Dünyanın, bütün bəşəriyyətin tarixində, xüsusən də yeni müstəqillik əldə edən bizim kimi ölkələrin həyatında ciddi dəyişikliklər edən XXI əsr gəldi.

Köhnə əsrin və köhnə minilliyin gedişi sadəliklə, rahatca cərəyan etmədi. XX yüzilin son çərəyi çalxantılı, fırtınalı, kəskin, hərdənsə sarsıntılı dəyişikliklərin baş verməsi ilə yadda qaldı.

İqtisadi sistemlər, siyasətlər, ideolojilər zaman-zaman getdiyi ənənəvi yoldan büsbütün yeni cığırlara keçəndə, düşüncə və mənəviyyatlar dibindən başqalaşanda, qlobal dəyişmələr əsnasında sıravi insandan tutmuş bütöv cəmiyyətlərə qədər müvazinətin itirilməsi, baxışların dəyişməsi, yeni meyarların ortaya çıxması, uyğunlaşma çətinliyi kimi meyillər də qaçılmazlaşır.

Bu hadisələri hamımız yaşamışıq, nigaran keçid dövrü ömrümüzün və taleyimizin bir parçasıdır.

Hər birimiz bu gedişatda nəsə qazanmış, nəsə itirmişik.

Bəs elmimiz bu keçid dövrünü necə yaşadı?

Bitən əsrdən yeni əsrə, arxada qalan minildən təzə minilliyə elmimiz əvvəlki aparıcı olmaq qüdrəti ilə çata bildimi?

Yeni vaxtın təklif etdiyi yeni şəraitə akademiyamız, xüsusilə də hər bir cəmiyyət fərdinin həyatına daha yaxın olan humanitar və ictimai elmlərimiz hansı qazanclar və hansı itkilərlə gəlib çatdı?

“Dindirir əsr bizi!..”

Bu sözləri XX yüzil başlananda dahi Mirzə Ələkbər Sabir deyirdi.

İndi yalnız yeni əsr deyil, həm də yeni minillik başlanır və asta-asta yaşa dolur.

Və əsr bizi dindirir, minillik bizi dindirir, “Nə etməli?”, “Necə etməli?”, “Kimlərlə etməli?” suallarını bütün kəskinliyi ilə ortaya qoyur.

Humanitar və ictimai elmlərimizin seçkin cəhətlərindən ilkini bunların böyük ölçüdə hər bir azərbaycanlı ailəsinə, o ailənin hər üzvünə aidliyidir.

İbtidai sinif dərsliyindən başlamış orta və ali təhsil kitablarımızacan, bu kitablarla dərs verən müəllimlərimdən tutmuş həmin müəllimləri yetişdirən ali məktəblərimizəcən, elm cəbhəmiz, alimlər ordumuzdan başlamış onların qələm və beyin məhsullarınacan hər şey qovuşaraq Azərbaycan insanının düşüncəsi və mənəviyyatını şəkilləndirir, onu bilik və mərifət sahibi edir.

Bu cür önəmli və həssas sahələrsə keçid dövrlərində çatlara uğramağa, büdrəməyə düçar olmağa həmişə daha maildir.

Lakin bu sahələrə təcili yardım göstərmək, dirçəltmə əməliyyatları aparmaq da həmişə ilk növbədə arzulanır. Çünki bunlar elə kövrək nöqtələrdir ki, anında tədbir görməyəndə yaranmış yarğanların islahına sonralar onillər də bəs etmir.

Görünən həqiqətdir ki, bu gün humanitar və ictimai elmlərimiz, onların əsas araşdırma meydanı olan akademiya institutları günün tələblərinə yetərincə cavab vermir.

1950-1960-cı illər üçün inkişaf sayılmış, sürət kimi qəbul edilmiş davranışlar, əlbəttə ki, bu gün də təkrarlananda ona tərəqqi yox, ətalət, yerində saymaq adı vermək lazım gəlir.

Müxtəlif akademiya institutlarının nəşr etdiyi, humanitar və ictimai elmlərin çeşidli sahələrini əks etdirən çoxcildliklər indi heç vəchlə uğur kimi dəyərləndirilə bilməz. Əvvələn ona görə ki, bunlar vahid, dərindən düşünülərək hazırlanmış çağdaş konsepsiyası olmayan, çox zaman heç ümumi üsluba da tabe edilməmiş, fərdi dəst-xətləri və yanaşmaları əks etdirən məqalələr toplularıdır. Daha artıq - indi işıq üzü görən o çoxcildliklərdəki yazıların əksəriyyəti 15-20 il bundan əvvəl yazılıb.

Dünən bizim xaricə çıxmaq, dünya kitabxanalarından istifadə etmək, dünya təcrübəsindən, ən müasir elmi texnologiyalardan yararlanmaq imkanlarımız məhdud idi. Bu gün qarşımızda geniş üfüqlər var. Ən məhdud maddi imkanlar şəraitində belə internetin körpüsü ilə əlimiz ən uzaq kitabxanalara, ən təzədən-təzə məxəzlərə, ən yeni araşdırma üsullarına da çata bilir.

Təəssüf ki, bunlardan gərəyincə yararlanmırıq.

İnformasiya texnologiyalarının inkişafı elə səviyyədədir ki, biz keçmişdəki sayaq hansısa xarici ölkələrdən məşhur alimləri dəvət etməyin bir yığın fiziki və maddi çətinliklərinə qətiyyən narahat olmadan birbaşa internet bağlantısı quraraq istənilən mühüm saydığımız problem ətrafında asanlıqla beynəlxalq konfranslar, simpoziumlar, dəyirmi masalar keçirə bilərik.

Ağıllı gənclər məhz çağdaş texnolojilərdən fərasətlə istifadə etməklə dünyanın qabaqcıl təhsil, elm mərkəzləriylə əlaqə yaradır, sual verib cavab alır, öz biliklərini təqdim edir, referatlar yazıb göndərir, universitetlərə qəbul edilir, işə düzəlirlər. Bu çeviklik orta və yaşlı nəslə mənsub alimlərimizdə nadir rast gəlinən haldır.

Son onildə humanitar və ictimai elmlər sahəsində akademiya alimlərimizin əcnəbi dərgilərdə nəşr edilən əsərləri barmaqla sayılacaq qədər azdırsa, xaricdə demirəm, ölkənin özündə ciddi əks-səda yaradan elmi əsərlər təkəm-seyrəkdirsə, buna yalnız acımaq qalır.

Anlayıram ki, alimə, elmə qayğıkeşlik də artmalı, maddi-texniki baza da umulan səviyyəyə çatdırılmalı, akademiya işçilərinin maddi təminatı da tələblərə cavab verən halda olmalıdır.

Lakin ümumi ətalət, sükunət fonunda bu məsələləri qaldırmağa da dil dönmür.

Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyi Elmlər Akademiyasının strukturlarından biridir. 65 yaşına qədər bu muzey 1939-cu ildən – yaradıldığı vaxtdan müəyyən edilmiş biçimdə fəaliyyət göstərmiş, sadəcə, zaman ötdükcə bir qədər genişləndirilmişdi. Bütün istiqamətlərdə iş dədə-baba qaydası ilə aparılmışdı. Biz dünya muzeylərinin təcrübəsini buraya gətirdik. Ölkə başçısının bilavasitə qayğısı və diqqəti ilə əsaslı şəkildə təmir və yenidənqurmadan sonra yeni həyatını başlayan muzeyi içəridən də dəyişdik. İllərcə bu muzey yalnız eksponat nümayiş etdirib ona izahatçının verdiyi şərhlərlə qənaətlənmişdi. Amma Londonda, Viktoriya-Albert muzeyində ayrı-ayrı zallardakı eksponatlar haqqında daha geniş məlumatların müxtəlif dillərdə kompyuterlərin yaddaşında yerləşdirilməsi təcrübəsini görəndən sonra bunu öz muzeyimizə də tətbiq etdik. Amma o təcrübəni yaradıcılıqla bir qədər də inkişaf etdirərək, başqa bir cəhəti Luvrdan, ayrı bir üstünlüyü Ermitajdan, digər özəlliyi Metropoliten muzeyindən əxz etdik.

Yalnız muzeyimizdəki eksponatlar, tarixi dövrlər haqda bilgiləri deyil, müxtəlif ədəbi şəxsiyyətlərin səslərini, sıra-sıra kinoxronikaları, vacib elmi yazıları kompyuterlərin yaddaşına yüklədik. İndi istənilən tamaşaçı istədiyi anda hər zaldakı monitorun qarşısına keçərək özü müstəqil olaraq seçdiyi ədəbi şəxsiyyətin ömür və sənət yoluna səfərə çıxa, onun haqqında onlarla arxivi araşdıraraq toplaya biləcəyi məlumatları qısa zaman kəsiyində Azərbaycan, rus, ingilis dillərində dinləyə, seyr edə bilər.

Muzeyin qonağının hər mövzu ilə bağlı biliklərini dərinləşdirmək, elmi araşdırmalar apara bilməkçün münasib təkan nöqtəsinə malik olmaq imkanı təmin edilib.

Bu minvalla, akademiyanın Əlyazmalar İnstitutunun bütün nadir nüsxələri də kompyuter hafizəsinə köçməlidir.

Bu iş, bir tərəfdən, dəyərinin maddi ifadəsi olmayan sərvətlərimzin hər dəfə vərəqlənərək aşınması, ovulması, qocalmasının qarşısını alar, həm də çağdaş texnolojilər onları araşdırmağa daha əlverişli meydan açar. Təsəvvür edin ki, orta çağın bir əski əlyazmasında ərəb əlifbası ilə yazılmış hansısa sözü oxumaq üçün böyüdücü şüşə götürüb səhifələr üstünə əyilən, bəzən heç istədiyi qədər böyütməyə də müvəffəq olmayan tədqiqatçı monitorda zum rejimində istədiyi fraqmenti arzuladığı qədər irilədib yaxınlaşdırmaqla daha dəqiq incələmə girəvəsi əldə edə bilər. Əski əlyazmaların belə elektron variantlarının hazırlanması təcrübəsi dünyanın aparıcı əlyazma xəzinələrinin çoxdan müraciət etdiyi adi iş üsuludur. Bizim də bu cür elektron əlyazmalar kitabxanamız olarsa, dünyanın müvafiq mərkəzləri ilə mübadilə imkanlarımız da artar.

Elmlər Akademiyasının institutları bu millətin və bu dövlətindir. İnstitutlarımız dövlətin strateji maraqlarına uyğun olaraq layihələr ortaya qoymaq, ehtimallar yürütmək, öncəgörümlər etmək, lazımi məqamda hansısa iqtisadi, ictimai-siyasi proseslərlə bağlı, regionşünaslıqla əlaqədar tam etibar ediləsi arayışlar, vaxtı qabaqlayan dərin elmi proqnozlar verməyə hazırdırmı?

Bu suallara müsbət cavab verməyə tərəddüd edirsən.

Akademiyanın bir sıra institutlarının 1960-1970-ci illərdəki həyatı və məhsulları ilə indisini müqayisə edəndə heyrətlə etiraf etmək zorunda qalırsan ki, deyəsən, onda indikindən fəalmışlar.

Belə olan halda istər-istəməz hansı institutlarınsa digərlərinə birləşdirilməsi, məhsulsuz, vaxtöldürən, faydasız, səviyyəsiz və elmsiz elmi işçilərdən azad olmağın zəruriyyəti məsələsi ortaya çıxır.

Dissertasiya işlərinin hər biri ölkənin elmi həyatında hadisəyə çevrilməliykən getdikcə daha çox karikatur bir forma almağa başlayır.

Akademik Ramiz Mehdiyev dövlət və ümumxalq əhəmiyyətli bir müşavirədə qəlb ağrısı ilə “dissertasiya arşınmalçıları”nın əmələ gəldiyi tendensiyadan bəhs edirsə, bu təhlükəli vəziyyət yalnız elmi ictimaiyyəti narahat etməməlidir.

Bilik deyil, qiymət almaqçün, savad yox, diplom qazanmaqçün oxuyanlar sonra da bu cür üzdəniraq alimlik eşqinə düşürlər.

Qabaqlar pullular başqa pullulardan daha sərvətli olmalarıyla öyünərdilər. İndi mənəviyyata girişiblər. Pul verib kitab yazdırırlar, pul verib yazmadıqları məqalələri dərc etdirirlər, pul verib dissertasiya alır, pul verib alimlik haqqı qazanırlar.

Bu rəzalətlərin baisi biz özümüzük.

Ümummilli liderimiz Heydər Əliyevin ömrü boyu sadiq qaldığı və başqalarından da istədiyi bir yanaşma tərzi vardı: “Mövqe!”

Dissertasiya arşınmalçılığını yaradan, dissertasiya istehsal edib hərraca çıxaran elm dəllallarının bazarının rəvac tapmasına, belə işlərin mərhələ-mərhələ irəliləməsinə başlıca səbəb mövqesizlikdir.

İki il öncə bir müəllif yanıma gəldi, doktorluq dissertasiyasının mənim də opponent kimi göstərildiyim avtoreferatını gətirdi və guya əziyyətə salmamaqçün həmin dissertasiyaya özünün mənim adımdan yazdığı hazır müsbət rəyini qarşıma qoydu.

Dəqiq vaxt təyin edilmişdi, 10 gün sonra müdafiə idi, mən isə ertəsi gün Strasburqa, Avropa Şurasının növbəti sessiyasına yola düşməli idim. Baxdım ki, hər şey qaydasında olsa, vaxtında gedib, vaxtında qayıdası olsam, müdafiəyə bir gün qalmış Bakıya çatacağam. Lakin bu da ola bilərdi ki, gözlənilməz vəziyyət yaransın, hansısa hadisə baş versin, ya hava şəraitinə görə uçuş alınmasın, reys dəyişsin, Bakıya qayıtmağa yubanım. Düşündüm ki, birinci opponentəm, bu zavallının işi pozular. Canımı dişimə tutub rəyə imza atdım ki, şayəd gələ bilməsəm, qoy müdafiəsi mənə görə pozulmasın. Amma təkidlə rica etdim ki, elə bu gün dissertasiyanı çatdırsın ki, özümlə götürüm, xaricdə vaxt eləyib oxuyum.

Oxudum və təpəmdən tüstü çıxdı. Elə bir səhifəsi yoxdu ki, qalaq-qalaq kobud elmi xətalarla dolu olmasın. Nəinki doktorluq, heç namizədlik dissertasiyası adlanmağa da layiq deyildi.

İş elə gətirdi ki, Bakıya vaxtında yetişdim, müdafiədə iştirak etdim, irəlicədən təqdim olunmuş müsbət rəyimin tarixçəsini danışaraq ondan imtina etdim və bir-bir iddiaçının səhvlərini göstərərək işin doktorluq dissertasiyası kimi üzə çıxarılmasının təhqiramiz olduğunu söylədim.

Əsər rədd edildi!

Və o əsnada müdafiə şurasında bir sual da səsləndi ki, axı belə bərbad kökdə ola-ola bu cızmaqara o qədər ciddi yoxlanış mərhələlərini aşa-aşa nə təhər müdafiə kürsüsünə qədər çatıb?!

Söylədim ki, bunun tarixdə analoqu var. Sovet hökumətinin yıxılhayıxıl ərəfəsində, 1987-ci ilin 28 mayında Almaniya Federativ Respublikasından olan, Matias Rust çağırılan bir cavan təyyarəsiylə saysız radarları ötə-ötə quşun ötə bilmədiyi sovet sərhədlərini aşaraq Kreml meydanına enmişdi.

Necə baş vermişdi bu möcüzə? Ya sərhəd xidməti tamam çürüyübmüş, ya heç kim fərqində deyilmiş sərhəddən kim keçir, ya heç kəs keçəni vurmaq məsuliyyətini boynuna götürmürmüş ki, qoy məndən sonrakı etsin. Dissertasiya müdafiələrinin əksəri indi mövqesizlik, məsuliyyətsizlik, “dəymə mənə, dəyməyim sənə”, prinsipsizlik ucbatından bu cür qarşısıalınmaz selə çevrilib.

Hər maneəni dağıtmağa adətkərdə olmuş, hər dəlmə-deşikdən sivişib keçməyin fəndlərinə yiyələnmiş bu selin qarşısını son anda – müdafiə prosesində almaq, ya bu çirkli axına Ali Attestasiya Komissiyasında tələbləri sərtləşdirməklə duruş gətirmək mümkünsüzdür.

Prinsipiallıq mövzunun təsdiqi anından başlanmalı və mərhələ-mərhələ irəliləməlidir.

...Bu yaxınlarda mətbuatda bir məqalənin altında bir elmlər doktorunun imzasını gördüm.

İki il öncə rədd etdiyimiz həmin işin müəllifi idi.

Necədir?

Elmlər Akademiyası şərəfli bir yol keçib. Amma onun təzə qana, yeniləşməyə ciddi ehtiyacı var. Bu ətalətdən çıxmağın mümkün xətlərindən biri Elmlər Akademiyasının təhsil şəbəkəsi ilə münasibətlərinin qurulmasından keçir.

Ölkə ali məktəblərinin magistratura təhsil sistemi akademiya səmtə daha artıq yönəldilməlidir.

Ümumiyyətlə, bir sıra ölkələrdə olduğu kimi, bizdə də elm və təhsilin daha artıq koordinasiyasına nail olunması, bu iki vacib istiqamətin idarəçiliyində ortaq təmayüllərin bərqərar edilməsi üçün iki şəbəkəni birləşdirərək vahid Elm və Təhsil Nazirliyinin yaradılması daha məqsədəuyğun olardı.

Humanitar və ictimai elmlər sahəsində, təhsil şəbəkəsində köklü islahatlar olmadan müvəffəqiyyətə ümid bəsləmək əbəsdir.

Təkliflər, ideyalar, cizgilər çoxdur və onların əsasında mükəmməl islahat planı hazırlanmalı, dərhal da icrasına başlanmalıdır.

Lakin vaxt gözləmir. Ölkəmizin yüksəliş templəri elə yeyindir ki, aram yeriş bizi heç vəchlə qane edə bilməz.

Uzunmüddətli islahatları apara-apara biz bəhrəsini dərhal verən islahatlar haqqında da düşünməliyik.

Azərbaycan Televiziyasında ayrıca “Elm və tədris kanalı”nın yaradılması düşünürəm ki, bu yöndə ən qısa müddətdə nəzərəçarpacaq səmərə verə bilərdi.

Bu kanalda gün ərzində həm müxtəlif öyrədici, maarifçi səciyyəli yerli və xarici verilişlər və filmlər nümayiş etdirilə, həm ölkənin ən mahir orta və ali məktəb pedaqoqları ayrı-ayrı fənlər üzrə dərslər keçə, həm vaxtaşırı olaraq respublikanın elm və təhsil həyatındakı nailiyyətlərdən, problemlərdən, təşəbbüslərdən söz açıla bilər, həm...

Keçid dövründə bizim əsas itkilərimizdən biri kitaba marağın demirəm, oxucunun sayının kəskin azalmasıdır. Yeni təsis ediləcək kanal kitaba, biliyə, bütövlükdə, ölkə əhalisinin marağının artmasına, ümumi intellektual səviyyənin də qalxımına dəstək ola bilər.

İndi ölkə boyu ali məktəblərə hazırlaşan tələbələrin orta məktəbin son siniflərindən etibarən məktəbin verdiyi biliyi kafi saymayaraq hər gün bir neçə müəllim yanına gedərək əlavə dərslər almaq adəti geniş yayılıb. Uşağının sabahından ötrü hər fədakarlığa hazır olan naəlac valideynlərə nəzərəçarpacaq maddi çətinliklər yaratmaqdan daha öncə dərsdən-dərsə qaçmaq uşaqların səhhətinə fəsadlar törədir, erkən streslərə bais olur.

Nəhəng kütləviliyi ilə məktəbin nüfuzuna kölgə salan repetitorluq dəbinə də elm və təhsil kanalı daha yüksək səviyyədə, daha orijinal tərzdə təşkil etdiyi efir dərsləri vasitəsilə əncam çəkə bilər.

Elm və təhsil kanalı ana dilimizin qorunması, işlənməsi və təbliğində də müstəsna xidmət arenasına dönə bilər.

Unudulmaz müğənnimiz, Azərbaycan dilinin bütün şirinliyi və cazibəsini nitqi və avazında yaşatmış Bülbül daim xatırlanmalı, zərbülməsələ tay fikir söyləyib: “Öz dilində gərək elə danışasan ki, səni anlamayan da bu dilin gözəlliyinə valeh olsun!”

Biz millət olaraq elliklə doğma dilimizdə gözəl danışırıqmı?

Belə bir hürküdücü təəssürat yaranır ki, son 15-20 ildə - məhz bu keçid mərhələsində - ilk növbədə mətbuatın, efirin bəd təsiriylə dilimizdə kasadlaşma, bulaşma baş verib. Ekranlardan, radiolardan üstümüzə əndərilən məzmunsuz, ifadə gözəlliyindən uzaq, nahamvar danışıqlar tədricən dil mühitimizi korlayır. Dilimizin ekologiyasını hifz etməkçün bir neçə il öncə yaradılmış Dövlət Dil Komissiyasının səlahiyyətləri bir qədər də artırılmalı, işi canlandırılmalıdır.

Elmlər Akademiyasında, universitetlərimizdə, məktəblərimizdə çalışan Azərbaycan dili mütəxəssisləri, qələm və təfəkkür adamlarımız kabinetlərdən, dərs otaqlarından yaradılması arzulanan “Elm və təhsil kanalı”na mütəmadi çıxmaqla dilimizə əməli faydalar verən hüdudsuz auditoriya əldə edərlər. Bununla da gün ərzində sağlam ana dilində səslənən, istisnasız olaraq bütün başqa efirlərdən fərqlənən, həmişə elmi və ədəbi diqqət altında yayımlanan kamil dil siyasəti aparan bir ünvan qazanarıq.

Humanitar və ictimai elmlər sahəsindəki uğurlarımızın nümayişi, kəsirlərimizin araşdırılaraq nəticələr çıxarılması, yeniləşmələrin təqdiminin operativ laboratoriyası, əhalimizin intellektual səviyyəsinin yüksəlməsi üçün mayak vəzifəsini yerinə yetirməyə qadir “Elm və təhsil kanalı” əsl Millət və Dövlət televiziyası, ümumxalq məktəbi yükünü daşıya bilər.

 

* * *

 

...Paytaxtımızın lap mərkəzində, İstiqlaliyyət küçəsində Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin yerləşdiyi “İsmailiyyə” binası memarlığımızın qiymətli incilərindən olmaqla yanaşı, hər naxışı, hər daşı, hər qatı ilə tarixlər şahidi olan qənirsiz tikilidir.

Artıq xatirəyə çevrilmiş XX yüzilin əvvəllərində o füsunkar binanın lap üst hissəsində, dəndanələrdən bir az aşağıda, ərəb əlifbasının nəfis ornamentlərə bənzəyən mütənasib yazısıyla orta əsrlər müdrikinin iki nəsihətamiz aforizmi yazılıbmış.

Azərbaycan sovet işğalına uğrayandan sonra milli özünəməxsusluğun bir sıra xüsusiyyətləri proletkultçuluq dalğası ilə darmadağın edilərkən həmin yazıları da mənfur keçmişin, islam düşüncəsinin qalığı, xurafat nişanəsi sayaraq qazıyıb tökmüşdülər.

Lakin yeddinci əsrdə söylənmiş o fikirlər bu gün də təzədir və sabah da köhnəlməyəcək.

1300 il əvvəl uzaqgörən filosof öyüd verirdi: “Balalarınızın tərbiyəsini zamanın ixtiyarına buraxın. Çünki onlar zəmanənin övladlarıdır”.

Və yaradılışın çox hikmətlərinə vaqif olan həmin alim heyrətlənirdi: “Dünyanın qatışıqlığı təəccüblü deyil, təəccüblü olan insanların bu qatışıqlıqdan necə baş çıxarmasıdır”.

Bəlkə də gün gələcək, “İsmailiyyə”nin göyçək divarlarına o naxış cümlələr yenidən həkk ediləcək.

Ancaq yenidən həmin divarlara nəqş edilməsə belə, yarandığı gündən Bakının yaraşığı olan “İsmailiyyə”ni süsləmiş həmin düşündürücü kəlmələr bu gün o ünvanda yerləşən baş təfəkkür mərkəzimiz - Elmlər Akademiyasının indisi və sabahına çox uyğun gəlir.

Doğrudan da, keçid dövrləri, onların yaratdığı yüz cür müşkül təəccüblü deyil.

Bu, dünyanın, həyatın, inkişafın yazılmamış qanunudur.

Lakin zəkalı, qabil insanların düyünlü məqamlarda özünü itirməməsi, çaşmaması, azmaması, səmti düz müəyyən edərək sabahkı daha böyük zirvələrə doğru irəliləmək qüdrəti daim heyranlıqla, xoş təəccüblə, sayğıyla qarşılanacaq.

Söz yox ki, Elmlər Akademiyası enişli-yoxuşlu keçid illərinin törətdiyi indiki durğun halından qurtulacaq, tam yeni, güclü bir inkişaf mərhələsinə qədəm basacaq, dövlətimizin və xalqımızın inkişafına verdiyi töhfələrlə yenə hamını həm təəccübləndirəcək, həm də sevindirəcək.

Sinni yüzillərlə ölçülən Azərbaycan elmi, böyük məsuliyyətlərə imza atmış Azərbaycan Elmlər Akademiyası Tarixin olduğu qədər, həm də Yeni Zamanındır.

Buna da qəlbən inanırıq ki, Milli Elmlər Akademiyamız nəbzini günlə, içərisində yaşadığımız sürətli zəmanəylə həmahəng edərək yalnız bugünün deyil, sabahınkı olmaq təpərini də göstərəcək.

Bu inamı yaradan geridə qalan yolun qüsurları deyil, daim fəxr, qürur oyadan zəfərləri, pozulmaz, parlaq izləridir.

 

 

Rafael HÜSEYNOV,

Milli Məclisin deputatı,

AMEA-nın müxbir üzvü,

filologiya elmləri doktoru,

professor

 

Xalq qəzeti.- 2009.- 2 dekabr.- S. 3.