Görmə qabiliyyətini itirmiş insanlar da informasiya
texnologiyalarından istifadə edə bilirlər
Artıq ölkəmizdə informasiya
texnologiyalarından geniş şəkildə istifadə
olunur. Respublika Prezidenti cənab İlham Əliyevin
qayğısı nəticəsində fəaliyyətimizin
bütün sahələrində bu texnologiyalar bizim yaxın
köməkçimizə çevrilmişdir. Bu gün hətta
görmə qabiliyyəti zəif olan, eləcə də onu
tamam itirmiş şəxslər belə bu texnologiyalardan
yararlana bilirlər. Söz yox ki, bu problemin həllində Heydər
Əliyev Fondunun və onun prezidenti, YUNESKO-nun və
İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban xanım Əliyevanın müstəsna xidmətləri
olmuşdur. Məhz bu köməyin nəticəsində bu
gün Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin
üzvləri kompyuter texnologiyalarından istifadə edə
bilir, bununla da gözdən əlil insanların cəmiyyətə
inteqrasiyası xeyli sürətlənir.
Hələ 2005-ci il
dekabrın 9-da BMT-nin İnkişaf Proqramı ilə Heydər
Əliyev Fondu arasında görmə qabiliyyətini itirmiş
və görmə qabiliyyəti zəif olan insanlar
üçün informasiya-kommunikasiya texnologiyalarına
çıxışın təmin edilməsinə dair əməkdaşlıq
sazişi və layihə sənədi imzalanmışdır. Həmin
sənədi Heydər Əliyev Fondunun prezidenti Mehriban
xanım Əliyeva və BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi
Marko Borsotti imzalamışlar. Sənədin imzalanma mərasimində
Mehriban xanım çıxış edərək
mühüm məqamlara toxunmuşdur. O,
çıxışında konkret faktlara toxunaraq demişdir
ki, hazırda Azərbaycanda 320 min əlil insan yaşayır,
onlardan 40 mini kor və görmə qabiliyyəti zəif olan
şəxslərdir. Əlbəttə, söhbət 2005-ci ildəki
vəziyyətdən gedirdi. Mehriban xanım bildirmişdi ki, bu
layihə həmin insanların cəmiyyətə
inteqrasiyasına, onların informasiya-kommunikasiya vasitələri
ilə bilik, məlumat əldə etmək imkanlarının
genişləndirilməsinə, onların məşğulluğunun
artırılmasına, ümumən bu insanların
yaşayış tərzini yaxşılaşdırmağa
xidmət edəcəkdir. Eyni zamanda, bu layihənin çox
böyük uğurla nəticələnəcəyinə, əldə
olunan təcrübənin kor və görmə qabiliyyəti zəif
olan insanların imkanlarını genişləndirmək
üçün hazırlanan yeni strategiyaya yardım göstərəcəyinə
əmin olduğunu vurğulamışdı.
Artıq həmin layihənin
imzalanmasından 4 ilə yaxın bir dövr keçib. Bu
müddət ərzində həyata keçirilən tədbirlər
bir daha sübut etdi ki, doğrudan da deyilənlər sadəcə
sözdə qalmamış, həyatda öz real əksini
tapmışdır.
Bir məsələni də qeyd
etmək istəyirəm. İmzalanmış layihə BMT-nin
“Minilliyin bəyənnaməsi”ndə informasiya
texnologiyalarının hamı üçün təmin
olunması barədə götürülmüş öhdəliyə
və Azərbaycan Hökumətinin İKT üzrə Milli
Strategiyasına uyğun hazırlanmışdır.
Bu layihə üç mərhələdə
həyata keçirilib. İlk mərhələdə kor və
görmə qabiliyyəti zəif olan insanların İKT-yə
ehtiyaclarının müəyyən edilməsi, onlar
üçün rəqəmsal fərqin aradan
qaldırılması üzrə ayrıca proqram layihəsi
hazırlamaq nəzərdə tutulurdu. Bu məqsədlə
sorğular keçirildi, təcrübə mübadiləsi
aparıldı, alınacaq avadanlıqların növləri
müəyyənləşdirildi.
Sonra bu kateqoriyadan olan
uşaqların təhsil almaları üçün model
İKT sinfi yaradıldı. Bu siniflərdə kompyuter
avadanlıqları quraşdırıldı, proqram təminatı
lokallaşdırıldı, internetə çıxış
təmin edildi, xüsusi təlim-tədris proqramı
hazırlandı.
Sonrakı mərhələdə
isə daha vacib işlər həyata keçirildi. Belə ki,
audio-kitabxanalar, təlim mərkəzləri yaradıldı,
kitabxana fondunun audioformata çevrilməsi üçün səsyazma
studiyası yaradıldı. Bu studiyanın yardımı ilə
mövcud kitabxanalarda Brayl şriftli audiokitabların bərpası,
internetə çıxış, informasiya-texnologiya əsaslı
təlim kursları, internetdə informasiyanın
tapılması, əldə edilməsi kimi xidmətləri təmin
edən kompyuter mərkəzi yaradıldı. Təlim
kurslarında dərs deyəcək müəllimlərin, təlimçilərin
hazırlığı kimi bir sıra işlər də həyata
keçirildi.
Mehriban xanım bu işləri
daim nəzarətdə saxlayır, layihənin reallaşmasına
yaxından köməklik göstərirdi. 2007-ci il martın
15-də “Görmə qabiliyyətini itirmiş və görmə
qabiliyyəti zəif olan insanlar üçün
informasiya-kommunikasiya texnologiyalarına
çıxışın təmin edilməsi” layihəsi
çərçsivəsində Nərimanov rayonundakı kor
və zəif görən uşaqlar üçün respublika
internat məktəbinə gələn Mehriban xanım Əliyeva
burada görülmüş işlərlə tanış
olmuşdur.
O vaxta qədər bu məktəbdə
geniş zal elektron kitabxana üçün
uyğunlaşdırılmış, Almaniya istehsalı olan 2
kompyuter dəsti alınıb quraşdırılmışdır.
Bu komyuterlər xüsusi olaraq kor və görmə qabiliyyəti
zəif uşaqlar üçün hazırlanmış ən
son model texnologiyadır. Uşaqlar üçün model
İKT sinifləri yaradılmış, proqramın təminatı
lokallaşdırılmış, internetə
çıxışın təmin olunması və tədris-təlim
proqramlarının hazırlanması, audiostudiya və
kitabxananın fəaliyyəti təmin edilmişdir.
İndi burada Brayl şriftləri
ilə Azərbaycan, rus və ingilis dillərində olan istənilən
kitab, kompyuterin yaddaşına köçürüb oxumaq, səsləndirib
dinləmək mümkündür. Eyni zamanda, musiqiyə qulaq
asmaq, internetə girmək, məktublaşmaq, 100 min səhifəlik
materialı yaddaşda saxlamaq, surətini çıxarmaq, SMS
göndərmək olur.
Bu gün həmin texnologiyalarla
işləməyi öyrədən mütəxəssislər
də kifayət qədərdir. Onlar Almaniyadan dəvət olunmuş
mütəxəssislərin köməyi ilə bu işləri
mənimsəmiş, hətta bəziləri Almaniyada kurs da
keçmişlər. Bu işlərin həyata keçirilməsində
Heydər Əliyev Fondunun böyük xidmətləri
olmuşdur. Bizim cəmiyyət də bu layihənin
reallaşdırılmasında öz imkanlarından istifadə
edərək böyük işlər görmüşdür.
Bu layihə Bakıda həyata
keçirilib. Ancaq bu gün İKT-dən gözdən əlillərin
istifadəsi regionlarda da reallaşmaq üzrədir. Belə ki,
Mehriban xanımın təşəbbüsü ilə Gəncə
şəhərində də resurs mərkəzinin
açılması nəzərdə tutulub. Artıq burada
müəyyən işlər görülüb, layihə sənədləri
hazırlanıb, yaxın vaxtlarda istifadəyə verilməsi
planlaşdırılmışdir. Müasir standartlara cavab verən
bu mərkəzdə də gözdən əlillərin
informasiya texnologiyalarından istifadəsi reallaşacaq.
Naxçıvan şəhərində
də belə bir mərkəzin yaradılması istiqamətində
işlər gedir. Artıq bu mərkəzin binasının
inşası üçün torpaq sahəsi
ayrılmış, yaxın gələcəkdə onun
inşasına başlanılacaqdır. Bu da onu göstərir
ki, ölkədə gözdən əlil insanlara böyük
diqqət var. 2005-ci ildən Heydər Əliyev Fondunun
başladığı bu xeyirxah iş bu gün də yüksək
səviyyədə davam etməkdədir. Yaxın gələcəkdə
digər bölgələrdə də belə mərkəzlər
yaradılacaq və bu da gözdən əlil insanların
informasiya təminatının reallaşmasına imkan yaradacaq.
Bu gün, doğrudan da, gözdən
əlillərin işlə təmin olunmasında, onların cəmiyyətə
inteqrasiyasında böyük irəliləyişlər
baş verir. Əgər gözdən əlil insan kompyuterlərdən
istifadə edə bilirsə, istənilən məlumat əldə
etməyi bacarırsa, deməli o cəmiyyətdə
lazımlı adama çevrilir. Biz buna çox sevinirik.
İndi MDB ölkələrində belə iri layihələr
həyata keçirilmir. Bizdə başlanan bu təcrübə
yəqin ki, gələcəkdə başqa ölkələrdə
də tətbiq olunacaq. Ölkəmizin birinci xanımı
olduqca xeyirxah bir missiyanı öz üzərinə
götürmüş və hazırda onu uğurla davam
etdirir.
İKT ölkədə prioritet sahə elan olunub. Baxın, möhtərəm Prezidentimiz cənab İlham Əliyev orta ümumtəhsil məktəblərinin kompyuterləşməsi ilə bağlı bir neçə sərəncam imzalayıb, artıq bu sərəncamlar reallaşır. Söz yox ki, gözdən əlillərin də informasiya texnologiyalarından bəhrələnməsi məhz ölkəmizdə bu istiqamətdə aparılan genişmiqyaslı işlərin nəticəsidir.
Biz bu gün kompyuter texnologiyalarından istifadə etməyi bacaran gözdən əlillər üçün rabitə kursları təşkil etmişik. Bunun mahiyyəti ondan ibarətdir ki, həmin insanlar artıq işlə təmin olunacaqlar və onlar rabitə sistemində fəaliyyət göstərəcəklər. Bu layihəyə uyğun olaraq hər il həmin kursları 20-25 nəfər bitirərək işə göndərilirlər.
Əlillərin əmək bazarına inteqrasiya olunmasında söz yox ki, onların informasiya texnologiyalarına yiyələnmələrinin çox əhəmiyyətli rolu vardır.
Cənab Prezidentimiz neft kapitalının insan kapitalına çevrilməsi ilə bağlı fikirləri ölkəmizdə informasiya texnologiyalarının cəmiyyətin bütün sferalarına tətbiqi ilə bilavasitə bağlıdır.
Ölkədəki 30-40 min gözdən əlilin də bu texnologiyalara yiyələnməsi istiqamətində aparılan işlərin, həyata keçirilən layihələrin də əsasında məhz bu insanların cəmiyyətə inteqrasiyasını təmin etmək durur.
Gözdən Əlillər Cəmiyyəti
dövlətimizin bu sahədə həyata keçirdiyi siyasəti
dəstəkləyir, bu insanların əmək
bazarlarındakı yerini möhkəmlətmək məqsədilə
yeni layihələrin reallaşması istiqamətində məqsədyönlü
iş aparır.
Bu layihələrin həyata
keçirilməsində müstəsna xidmətləri olan
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya
cəmiyyətimizin üzvləri adından dərin minnətdarlığımızı
bildirir, ona Azərbaycanın inkişafı naminə geniş
miqyaslı fəaliyyətində uğurlar arzulayırıq.
Səmyar ABDULLAYEV,
Azərbaycan Gözdən Əlillər
Cəmiyyətinin prezidenti
Xalq qəzeti.- 2009.- 2 dekabr.- S. 7.