İş üslubu, idarəetmə məsələləri

 

İndi kabinetdən rəhbərlik dövrü deyil

 

Laçın Rayon İcra Hakimiyyətində bu sahədə zəngin təcrübə qazanılıb

 

Son vaxtlar Laçın Rayon İcra Hakimiyyətinin iş üslubunda, təşkilat-idarəetmə məsələlərində belə bir cəhət aşkar şəkildə diqqəti cəlb edir: icra hakimiyyəti başçısının qəbul günləri bilavasitə yerlərdə keçirilir, əhalinin sıx məskunlaşdığı ərazilərdə açıq qapı tədbirləri, görüş və müzakirələr aparılır. Onu da əlavə edək ki, belə tədbirlər sistemli şəkildə, ardıcıl və müntəzəm xarakter daşıyır.

 

Rayon icra hakimiyyətinin başçısı Ramiz Cəbrayılov maraqlı həyat yolu keçib. Daha doğrusu, keçmiş komsomol-partiya aparatında, müxtəlif idarəetmə strukturlarında məsul vəzifələrdə çalışıb. Başqa sözlə desək, ötən illərin və bu günün iş uslubu və metodlarını, idarəetmə məsələlərini müqayisə etmək, təhlil aparmaq imkanına malikdir. Elə ona görə də bu barədə söhbət düşəndə qətiyyətlə bildirdi:

– İndi kabinetdən rəhbərlik etmək dövrü deyil. Heç bir arayış, məlumat və telefon zəngi adamlarla canlı ünsiyyəti, görüş və söhbəti, işgüzar fikir mübadiləsini əvəz edə bilməz. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, bizim, sadəcə olaraq, başqa cür işləmək imkanımız yoxdur. Axı, laçınlılar respublikanın 59 şəhər və rayonunda məskunlaşıblar. Elə ünvanlar var ki, Ağcabədidən – Taxta körpüdən 300-400 kilometr uzaqda yerləşir. Onların hər xırda məsələ üçün bura gəlmələri, görün, nə qədər vaxt və vəsait tələb edir. Deməli, biz getməliyik. Özü də, necə deyərlər, quru əllə yox, onların iş və sosial şəraitinin daha da yaxşılaşdırılmasına yönəldilmiş konkret tədbirlərlə, real işlərlə, əməli nəticələrlə.

Gəlin, konkret faktlara müraciət edək. 2009-cu ilin ötən 9 ayında rayon icra hakimiyyətinə vətəndaşlardan 561 müraciət daxil olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 226 və ya 30 faiz azdır. Bütün bunlar isə yerlərdə problemlərin həllinə səylə yanaşılmasının, vətəndaşların müraciətlərinə, məktub və ərizələrinə diqqətlə baxılmasının məntiqi nəticəsidir.

2008-ci il ərzində respublikanın 47 rayon və şəhərindəki 225 yaşayış məntəqəsində bütün aidiyyatı müəssisə və təşkilat rəhbərləri ilə birlikdə keçirilmiş səyyar qəbullar zamanı 2196 nəfər məcburi köçkün qəbul edilmiş, 2009-cu ilin 9 ayı ərzində isə respublikanın 38 rayon və şəhərində 117 səyyar qəbul keçirilərək 1313 nəfər məcburi köçkün qəbul edilmişdir. Səyyar qəbullar zamanı rayon sakinlərini düşündürən, narahat edən məsələlər geniş təhlil edilmiş, bir çox problemlər elə yerindəcə öz həllini tapmışdır. Onu da deyək ki, bu qəbullarda yerli rayon icra hakimiyyətlərinin başçıları və aidiyyəti təşkilatların rəhbərləri də iştirak etmişdir. Bu isə rayon sakinləri tərəfindən böyük minnətdarlıqla qarşılanmışdır.

Əlbəttə, qarşıya çıxan bütün problemləri heç də həmişə daxili imkanlar hesabına həll etmək mümkün olmur. Bu zaman respublika təşkilatlarını, nazirlik, komitə və şirkət rəhbərlərinin konkret köməyinə, əməli yardımına ehtiyac duyulur. Elə buna görə də Laçın Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən 2008-ci ildə Azərbaycan Respublikasının 11 nazirlik, komitə və şirkətlərində görüşlər keçirilmiş, bu probemlərin həlli ilə bağlı müvafiq tədbirlər planı təsdiq edilmişdir. Artıq nəzərdə tutulmuş həmin işlərin böyük əksəriyyəti öz müsbət həllini tapmışdır.

Yeri gəlmişkən, vətəndaşların qəbulu zamanı, eləcə də ərizə və şikayətlərdə qaldırılan məsələlərin həlli istiqamətində görülüb başa çatdırılmış vacib məsələlərə aid bir neçə xarakterik misal göstərmək istəyirik.

Uzun müddət rayon əhalisi arasında müəyyən narazılıqlara səbəb olmuş əmək haqlarının paylanılmasındakı nöqsanların qarşısının alınması, büdcə təşkilatlarında çalışan işçilərin əmək haqlarının ödənilməsində şəffaflığın təmin edilməsi məqsədilə 25 dekabr 2007-ci il tarixdə rayon icra hakimiyyəti başçısının sərəncamı ilə müvafiq rayon komissiyası yaradılmışdır. Qısa müddət ərzində həmin təşkilatlar üzrə plastik kartlar gətirilərək öz sahiblərinə çatdırılmışdır. Bu gün Laçının bütün idarə və müəssisələrində əməkhaqqı və digər ödənişlər 100 faiz plastik kartlarla həyata keçirilir.

Qaçqınların və Məcburi Koçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə aparılmış məqsədyönlü işlərin nəticəsi olaraq 2008-2009-cu illərdə Taxta-körpü ərazisində, Kürdəmir rayonunun Çöl Ərəb kəndi, İsmayıllı rayonunun Pirdinar kəndi, Şəki rayonunun Çələbixan qəsəbəsində, Bakı şəhərinin Əzizbəyov rayonu ərazisindəki 10-cu mədən, Xətai rayonunda Elektrotok adlanan ərazilərdə müxtəlif gücə malik 20-dən çox yeni transformatorlar alınıb quraşdırılmışdır. Taxta-körpü ərazisində və eləcə də məcburi köçkünlərin sıx məskunlaşdığı digər ərazilərdə 30 kilometr uzunluğunda elektrik naqili yenisi ilə əvəz olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Dövlətqaçqınkomun Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun yaxından köməyi nəticəsində 2008-ci ildə Taxta-körpü ərazisində Qarıqışlaq obasına 5,1 kilometr, Şeylanlı-Katos obasına 5,4 kilometr, Ağcakənd obasına 5,1 kilometr, Hacılar-2 obasına 2,7 kilometr uzunluğunda çınqıl örtüklü avtomobil yolları çəkilmişdir. Hazırda Alxaslı obadaxili, Alxaslı 2, Ağbulaq obalarında çınqıl örtüklü yolun çəkilişi davam etdirilməkdədir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı əsasında Qarqar çayından çəkilmiş “Qayğı” kanalı ətrafında torpaqların şoranlaşmasının qarşısının alınması və münbitliyinin artırılması, əhalinin təsərrüfat suyuna olan tələbatının ödənilməsi məqsədilə 1000 hektar ərazidə meliorasiya işləri aparılmışdır.

Son illər içməli su şəbəkəsində yararsız vəziyyətə düşmüş 21 kilometr uzunluğundakı su kəməri yenisi ilə əvəz olunmuş, 7 ədəd elektrik su nasosu əsaslı təmir edilmişdir. İsmayıllı rayonunun Pirdinar kəndində su nasosu əsaslı təmir olunmuş və burada məskunlaşmış laçınlı məcburi köçkünlərin içməli su ilə bağlı uzun müddət davam edən problemləri aradan qaldırılmışdır. Taxta-körpü ərazisində məcburi köçkünlərin içməli su təminatının yaxşılaşdırılması məqsədilə içməli su xətti yenisi ilə əvəz olunmuş, 2 ədəd nasos stansiyasında əsaslı təmir işləri aparılmışdır. Ölkə Prezidenti tərəfindən imzalanmış 2008-ci il 20 noyabr tarixli “Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə əlaqədar əlavə tədbirlər haqqında” sərəncamına uyğun olaraq Taxta-körpü ərazisində modul tipli sutəmizləyici qurğuların quraşdırılması ilə bağlı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi qarşısında məsələ qaldırılmışdır. Nazirliyin əməkdaşları tərəfindən Taxta-körpü ərazisinə baxış keçirilmiş, ərazidəki Mişni, Alxaslı, Qarıqışlaq və Qarakeçdi obalarında sutəmizləyici qurğuların quraşdırılması məqsədəmüvafiq hesab olunaraq layihə sənədləri hazırlanmışdır. Hazırda bu istiqamətdə müvafiq iş aparılır.

Taxta-körpü ərazisindəki Hacılar, Ərdəşəvi, Alxaslı, Qarıqışlaq və Malıbəy obalarında 4 nömrə tutumlu peyk rabitəli telefon stansiyası quraşdırlımış, ərazidə mobil telefon rabitəsinin tutumunun yaxşılaşdırılması məqsədilə Sadınlar obasında “Azərcell” qülləsi ucaldılmışdır. Taxta-körpü qəsəbəsindəki 256 nömrə tutumlu elektron tipli Avtomat Telefon Stansiyasının əhatə dairəsinin genişləndirilməsi istiqamətində işlər aparılmış, il ərzində rayon rabitə qovşağı tərəfindən göstərilən poçt xidmətinin çeşidi genişlənmiş, qovşağın nəzdində teleqraf rabitəsi yaradılmışdır. Poçt marşrutunun Taxta-körpü qəsəbəsinə gəlməsi də təmin olunmuşdur.

2008-2009-cu illərdə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun köməyi ilə Suraxanı rayonu Hövsan qəsəbəsindəki 22 nömrəli yataqxana binası, Sabirabad şəhərindəki 135 nömrəli Peşə Liseyinin 2 saylı yataqxanası əsaslı təmir edilmiş, Tərtər rayonu Şıxarx qəsəbəsində, Abşeron rayonunun Ceyranbatan qəsəbəsində məskunlaşmış məcburi köçkünlərə xeyir-şər mərasimi üçün yığma mağarlar verilmişdir.

2009-cu ildə Dövlət Proqramına edilmiş əlavələrə uyğun olaraq “Kapital Bank”ın Laçın filialı üçün bina tikilib istifadəyə verilmiş, 1 ədəd bankomat və 2 ədəd pos-terminal aparatı quraşdırılmışdır. Bundan başqa, Taxta-körpü qəsəbəsində Əhalinin Sosial Müdafiəsi və Məşğulluq Mərkəzləri, Dövlət Sosial Müdafiə Fondunun Laçın rayon şöbəsi üçün inzibati binaların tikintisinə başlanılmışdır. Hazırda həmin binalarda son tamamlama işləri görülür.

2008-ci ildə ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Ağanus orta məktəbinin direktoru Ağayar İsmayılov “Əməkdar müəllim” fəxri adı ilə, 2009-cu ildə 28 saylı orta məktəbin müəllimi Fatma Əmiraslanova “Tərəqqi” medalı ilə təltif olunmuşdur. 2008-cu ildə rayonun ümumtəhsil məktəblərini bitirmiş məzunlardan 193 nəfəri ali məktəblərə qəbul olunmuş, onlardan 6 nəfəri 600-dən yuxarı bal toplamışdır. 27 sentyabr 2008-ci il tarixdə ali məktəblərə yeni qəbul olunmuş və təhsil alan tələbələrlə Bakı şəhərində görüş keçirilmiş, 600-dən yuxarı bal toplamış 6 nəfər tələbəyə rayon icra hakimiyyəti tərəfindən kompyuter hədiyyə olunmuşdur. 2009-cu ilin, sentyabrın 26-da ali məktəbdə təhsil alan və yeni qəbul olunmuş tələbələrlə görüş keçirilmiş, görüşdə 600-dən yuxarı bal toplayan 6 şagirdə nootbuk kompyuter, 500-dən yuxarı bal toplayan 10 nəfər tələbəyə qol saatı hədiyyə edilmişdir.

Uzun illər Laçın Rayon Təhsil Şöbəsindən ərizə, şikayət və narazılıq kəsilmirdi. Bütün bunları nəzərə alaraq rayonun təhsil müəssisələrində geriliyin aradan qaldırılması, məktəb şəbəkəsinin dürüstləşdirilməsi və sinif komplektlərinin müəyyən edilməsində şəffaflığın təmin olunması məqsədilə 28 iyul 2008-ci il tarixdə rayon icra hakimiyyətinin başçısı tərəfindən xüsusi komissiya yaradılmış, müəllim və şagirdlərin adları proqram əsasında kompyuterə yığılmışdır. Aparılmış işin nəticəsi olaraq 2008-2009-cu dərs ilində 6 ümumtəhsil məktəbin fəaliyyəti dayandırılmış, 118 sinif komplekti ləğv olunmuşdur. 2009-2010-cu dərs ilində isə fəaliyyəti qənaətbəxş olmayan 2 əsas ümumtəhsil məktəb, o cümlədən ötən ilə nisbətən 20 sinif komplekti ləğv edilmişdir.

Ötən ilin avqust ayında Ağcabədi rayonuna səfər çərçivəsində Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və dünya şöhrətli pianoçu Fərhad Bədəlbəyli Taxta-körpü qəsəbəsinə dəvət olunmuş, bəzi mədəniyyət müəssisələrinin fəaliyyətinə baxış keçirilmişdir. Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə rayonun Şamkənd kənd uşaq musiqi məktəbinə musiqi alətləri dəsti, kinofilm nümayişi üçün 1 dəst aparat, Fərhad Bəbəlbəyli tərəfindən isə 1 ədəd piano hədiyyə edilmişdir.

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə aparılmış məqsədyönlü iş nəticəsində rayon mərkəzi xəstəxanası üçün 2 ədəd təcili yardım maşını, 1 ədəd müasir tipli ultrasəs aparatı alınmışdır. Bundan əlavə, 2008-ci ildə səhiyyə nazirinin tapşırığı əsasında Ağciyər Xəstəlikləri İnstitutunun səyyar maşını bir həftə ərzində Taxta-körpü ərazisində olmuş, 1000 nəfərədək rayon əhalisi rentgendən keçirilmişdir. Rayon icra hakimiyyəti başçısının yerlərdə səyyar qəbulu zamanı həkim briqadalarının göndərilməsi xahiş olunmuşdur. Bu məqsədlə rayon mərkəzi xəstəxanasının həkimləri müntəzəm olaraq İmişli, Tərtər, Bərdə, Daşkəsən və digər rayonlarda olmuş, həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərə tibbi xidmət göstərmişlər.

Gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə AFFA rəhbərliyinin yaxından köməkliyi nəticəsində 2008-ci ildə Taxta-körpü qəsəbəsində mini futbol meydançası tikilib istifadəyə verilmişdir.

23 aprel 2008-ci il tarixdə rayon üzrə ilk dəfə respublikanın müxtəlif elm, təhsil, səhiyyə, mədəniyyət, hüquq-mühafizə və dövlət idarəetmə orqanlarında çalışan laçınlı ziyalılar və iş adamları ilə görüş keçirilmişdir. Belə görüşlər məcburi köçkünlər arasında böyük ruh yüksəkliyinə səbəb olmuşdur.

Bundan başqa, yaşlı və ahıl sakinlər ilə geniş tədbir keçirilmiş və həmin tədbirdə rayonun Budaqdərə kənd sakini Qaraş Məhərrəmovun 100 yaşı təntənəli surətdə qeyd olunmuşdur. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin adından Qaraş Məhərrəmova “OKA” markalı avtomobil, televizor hədiyyə edilmiş, 8 nəfərə əlil arabası, 6 nəfərə eşitmə aparatı, 150 nəfər yaşlı, tənha rayon sakininə ərzaq bağlamaları təqdim olunmuşdur. Rayonun Mişni kənd sakini, Qarabağ müharibəsi əlili Elman Həsənova da ötən ilin dekabr ayında Azərbaycan Respublikasının Prezidenti adından “OKA” markalı avtomobil hədiyyə edilmişdir. Daxili imkanlar hesabına 2009-cu ilin may ayında Böyük Vətən müharibəsi veteranlarının hər birinə maddi kömək göstərilmişdir. 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Böyük Vətən müharibəsi iştirakçısı Orduxan İbrahimov və Qarabağ müharibəsi əlili Nadir Əhmədov avtomobillə təmin edilmişdir.

Əkinçilik və heyvandarlıq məhsulları istehsalı sahəsində də artım yüksək olmuşdur. Məsələn, 2009-cu ildə 3026 hektar sahədən 9532,6 ton taxıl əldə edilmişdir ki, bu da əvvəlki ildəkindən 405 ton çoxdur. Məhsul yığımı vaxtı 17 rayonda məskunlaşmış 700-dən artıq imkansız və şəhid ailəsinə 36 ton taxıl verilmişdir.

2009-cu ilin fevral ayında Laçın şəhərinin 85 illik yubileyi dövlət səviyyəsində qeyd olunmuş, Laçın şəhəri haqqında film çəkilmiş, foto-albom hazırlanmışdır. Möhtərəm Prezident İlham Əliyev sərəncamı ilə rayonun inkişafında xidmətləri olmuş 11 nəfər fəxri fərman və medallarla təltif olunmuşdur.

Yaxın vaxtlarda 1890-cı ildə əsası qoyulmuş, respublikada təhsilin inkişafına böyük töhfələr vermiş, görkəmli ziyalı və elm xadimləri yetişdirmiş Minkənd kənd orta məktəbinin 120 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması nəzərdə tutulmuşdur.

Yerindən, yurdundan didərgin düşmüş bir rayonda son illər iqtisadi, sosial və mədəni sahədə əldə edilmiş uğurların qısa mənzərəsi belədir. Bütün sahələri əhatə edən inkişaf və dinamika göz qabağındadır. Əldə edilmiş uğurlar heç şübhəsiz həm də adamlarla aparılan canlı, yaradıcı işin, onların qəbulu zamanı, eləcə də ərizə və məktublarında qaldırdıqları problemlərə həssas münasibətin, möhkəm intizam və tələbkarlığın nəticəsidir. Əlbəttə, qarşıda görüləsi işlər də çoxdur və hazırda bu istiqamətdə müvafiq tədbirlər müəyyənləşdirilir, əməli işlər görülür, real addımlar atılır.

Laçınlılar bütün bunları ölkə Prezident cənab İlham Əliyevin gündəlik diqqət və qayğısının bilavasitə nəticəsi kimi qiymətləndirir və bu qayğıya əməli işlərlə cavab verəcəklərini bəyan edirlər. Onlar əmindirlər ki, ölkə rəhbərinin apardığı müdrik və qətiyyətli daxili və xarici siyasət xətti, sülh danışıqları, diplomatik səylər uğurla nəticələnəcək, doğma torpaqlarımız düşmən tapdağından azad olunacaqdır. Yox, əgər qarşı tərəf haqq-ədalət yoluna gəlməsə, əsl həqiqəti başa düşməsə onda hər bir laçınlı yaşından, sənətindən, peşəsindən asılı olmayaraq, əlinə silah alıb müqəddəs dədə-baba torpaqlarını, yurd yerlərini qorumağa hər an hazırdır.

 

 

Ziyəddin SULTANOV,

“Xalq qəzeti”nin bölgə müxbiri

 

Xalq qəzeti.- 2009.- 2 dekabr.- S. 3.