Unuda bilmirəm
Heydər Əliyev çox böyük şəxsiyyət
idi. O, Azərbaycanın elə bir guşəsi yox ki, orada
olmasın, xalqla görüşməsin və onlarla ünsiyyətdə
olmasın. O, zəhmətkeşlərlə mütəmadi
görüşür, hal-əhval tutur, onları əməyə
ruhlandırırdı. Ona görə də respublikamız az
bir vaxt ərzində bütün sovet məkanında
tanındı və iqtisadi cəhətdən yüksək bir
zirvəyə çatdı. Zəhmətkeşlərlə
belə görüşlərdən biri də neft mədənində
bizmlə olan görüşü idi.
O vaxt, yəni 1972-ci ildə
mən ordu sıralarından tərxis olunandan sonra 26 Bakı
komissarı adına NQÇİ-də operator köməkçisi
işləyirdim. 5 nömrəli quyunun 50 illiyi keçirilirdi.
Əlli il fasiləsiz bu quyu neft verirdi. Quyunun ətrafı
çox gözəl, bayramsayağı bəzədilmişdi.
Heydər Əliyevin gəlişini gözləyirdik. Bütün
mədənin fəhlələri, işçiləri əllərində
Azərbaycan bayrağını tutaraq quyunun ətrafına
toplaşmışdılar. Bir az keçmişdi Heydər Əliyev
gəldi. Onda mənim 22 yaşım vardı. Mən ilk dəfə
idi ki, Heydər Əliyevi yaxından görürdüm.
Çox böyük fərəh
hissi keçirirdim. Onun biz fəhlələr üçün
çıxışını heç vaxt yaddan
çıxara bilmirdim. Sanki, bu çıxış beynimə
həkk olunmuşdu. O, gözəl danışıq qabiliyyəti
ilə cavan fəhlələri ovsunladı və bizdə Vətənə,
əməyə, zəhmətə maraq oyatdı. Tükənməz
sərvətimiz olan neftə biganə qalmamağı, onu
göz bəbəyi kimi qorumağı bizə tövsiyə
etdi.
Bütün gənc fəhlələr
kimi, mənim də bu böyük şəxsiyyətə məhəbbətim
birə-min artdı və onu bir rəhbər kimi ürəkdən
sevdim.
Bir danılmaz faktı nəzərə
çatdırmaq istəyirəm ki, məhz Heydər Əliyev
Azərbaycana rəhbərlik edəndən sonra bizi bir azərbaycanlı
kimi dünyada və sovet məkanında tanımağa
başladılar.
Şəxsən özüm keçən əsrin 70-ci illərinin əvvəllərində ordu suralarında xidmət etdiyim zaman məndən tez-tez soruşardılar ki, hansı millətdənsən? Cavab verərdim: — Azərbaycanlı. Təəccüblə deyərdilər: bəlkə gürcüsən?! Belə faktlardan çox danışmaq olar, ancaq onu deyim ki, qədirbilən xalqımız Heydər Əliyevin xidmətlərini heç vaxt yaddan çıxartmayıb və bundan sonra da çıxartmaz.
Sov. İKP MK katibi, Siyasi Büronun üzvü Kulakov Azərbaycana – Bakıya “Xalqlar dostluğu” ordenini təqdim etməkdən ötrü gəlmişdi. Vağzalda adam əlindən tərpənmək olmurdu.
Bu vaxt Heydər Əliyev ilə Kulakov yığılan adamlara yaxınlaşdılar. Heydər Əliyev bir qadından soruşdu: — Hansı millətdənsiz? Cavab verdi: — rus. Bir başqasından soruşdu: tatar, digərləri gürcü, ukraynalı, ləzgi, talış və s. dedilər. Bütün bunları Kulakov da eşidəndə Heydər Əliyev gülə-gülə ona dedi:
— Görürsünüzmü, yoldaş Kulakov, Azərbaycanda xalqlar dostluğunun bariz nümunəsini. “Xalqlar dostluğu” ordeni bizə əbəs yerə verilmir.
Hamımız gülüşdük və onları alqışladıq...
Tale elə gətirdi ki, mən bu böyük şəxsiyyətlə keçən əsrin 80-ci illərində 84 saylı texniki rəssamlıq məktəbində görüşdüm.
Mən bu məktəbdə istehsalat təlimi ustası işləyirdim. Məktəbimizdə dekorativ xalq sənətinə aid gözəl bir muzey təşkil edilmişdi. Heydər Əliyev səksəninci illərdə artıq Moskvada SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışırdı. O, Bakıya gəlmişdi və bizim məktəbdəki muzeyə baxacaqdı. Muzeydə dekorativ tətbiqi sənətə aid nümunələr düzülmüşdü. O, məktəbimizə gəldi və bir neçə otaqda oldu. Muzeydəki eksponatlar çox xoşuna gəldi.
Onun öz fikir və tövsiyələrini bizə bildirməkdən ötrü məktəbin rəhbərliyi akt zalında görüş təşkil etdi. Mən də həmin görüşdə iştirak edirdim.
Böyük zəkaya, dərin biliyə malik olan belə bir şəxsiyyətin dediklərini necə unutmaq olar?
O, xalq sənətindən, onun Azərbaycanda necə təşəkkül tapmağından, inkişaf tarixindən geniş danışdı və çıxışının sonunda fikrini belə tamamladı:
— Mən sizin təşkil etdiyiniz muzeydə və məktəbinizdə oldum. Siniflərə, emalatxanalara baxdım. Mənə çox gözəl təsir bağışladı, çox məmnun oldum. Sənəti öyrənməkdən ötrü məktəbdə hər cür şərait yaratmısız. Bu qədim el sənətini — “Dəmir üzrə döymə”, “Taxta üzrə oyma”, xalçaçılığa aid nümunələri görəndə çox qürur hissi keçirdim. Çox sevindim. Sevindim ona görə ki, artıq xalq sənətinə biganə qalan yoxdur, onu siz inkişaf etdirirsiniz, yaşadırsınız. Gözəl sənətkarlar yetişdirirsiz. Hətta sizin məktəbinizdə xalça sənətini öyrənməkdən ötrü xaricdən gələn qızlar təhsil alırdı, səhv etmirəmsə, monqol qızları idi. Bu, çox fərəhli haldır. Sizə bu işdə uğurlar arzulayıram.
Çıxışının sonunda üzünü bizə tutub gülə-gülə dedi: — Bir çətinliyiniz varsa mənə deyin, utanmayın. Bir də belə fürsət ələ düşməz...
Biz öz təşəkkürümüzü bildirdik, Allahdan ona can sağlığı arzuladıq və dərin ehtiramla yola saldıq.
Mən, sadə bir insan onunla
olan xatirələrimi yada saldım. Ancaq Heydər Əliyev mənim
kimi, milyonlarla insanla ünsiyyətdə olub və onlardan
öz köməyini əsirgəməyib. Tarix nadir hallarda belə
şəxsiyyətlər yetişdirir. Özünün də
dediyi kimi müstəqil Azərbaycan dövləti nə qədər
yaşayacaqsa, Heydər Əliyev də onunla bir yaşayacaq. Azərbaycanın
müstəqilliyi isə daimidir. Bu, danılmaz faktdır.
Xalqımız belə bir dahi rəhbəri cismən itirsə
də, yenə də ruhdan düşmədi. Çünki,
möhtərəm Prezidentimiz İlham Əliyev onun yolunu
uğurla davam etdirir.
Mən onun gördüyü
işləri, xidmətləri sadalamaq istəmirəm.
Bütün bunları hamı yaxşı bilir. Ancaq bir
faktı yaddan çıxarmaq olmaz: Prezidentin gənclərə
olan qayğısını.
İlham Əliyevin hər
sahədə gənclər üçün
yaratdığı şəraitin nəticəsi uğurlu
alındı. İstər mədəniyyət, incəsənət,
istərsə də idman sahəsində gənclərin
dünyada göstərdikləri nəticələr buna əyani
sübutdur. Ona görə də gəlin hamılıqla əl-ələ
verib öz Prezidentimizin ətrafında daha sıx birləşək,
ona mənəvi dayaq duraq, onu dəstəkləyək.
Şahvələd ƏLİYEV,
Azərbaycan Dövlət Mədəniyyət
və
İncəsənət
Universitetinin müəllimi
Xalq qəzeti.- 2009.- 31 dekabr.- S. 9.