İnkişafın Azərbaycan
modeli: güclü dövlət, modernləşmiş
iqtisadiyyat və azad cəmiyyət
(Əvvəli qəzetimizin 30 dekabr 2009-cu il
tarixli sayında)
Azərbaycanda sahibkarlığın inkişafı,
biznes mühitinin təkmilləşdirilməsi istiqamətində
aparılan islahatlar beynəlxalq təşkilatlar tərəfindən
yüksək qiymətləndirilir. Respublikanın
sosial-iqtisadi həyatında regionların rolu yüksəldikcə,
bütövlükdə sahibkarlığın, sərmayə
mühitinin yaxşılaşması üçün yeni
imkanlar açılır. “Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda
sahibkarlığa dövlət tərəfindən maliyyə
dəstəyinin gücləndirilməsinə xüsusi diqqətin
yetirilməsi, ölkənin sahibkarlıq subyektlərinə
ayrılan vəsaitin həcminin artırılması da təqdir
olunur.
Xatırlatmaq yerinə
düşər ki, birinci regional inkişaf proqramının
icrası dövründə Sahibkarlığa Kömək
Milli Fondunun vəsaitləri hesabına ölkə üzrə
6,991 sahibkarlıq subyektinə ümumilikdə 323,4 milyon manat
kredit verilmişdir.
Ölkə əhalisinin
yarıya qədərinin gəlirləri kənd təsərrüfatı
və onunla bağlı sahələrdə
formalaşdığı üçün regionların
kompleks inkişafında bu sahənin əhəmiyyəti
xüsusi yerə və çəkiyə malikdir. Azərbaycan
iqtisadiyyatının qeyri-neft sektorunda əsas və prioritet
sahələrdən biri aqrar sahə hesab olunur. Bölgələrin böyük əksəriyyəti
bu mühüm sahə ilə sıx bağlıdır.
Ona görə də dövlət
başçısının 2009-cu il 14
aprel tarixli fərmanı ilə təsdiq olunmuş “Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı” üzrə
həyata keçirilməsi nəzərdə tutulan tədbirlər
planında aqrar sahənin inkişafına geniş yer
verilmişdir.
Son illər Azərbaycanın
sosial-iqtisadi inkişafının sürətlənməsi bir
çox sahələr kimi, turizm sektorunda infrastruktur
imkanlarının xeyli yaxşılaşmasına səbəb
olmuşdur.
Dövlət Proqramında turizmi iqtisadiyyatın yüksək
gəlirli sahəsinə çevirmək, sosial və ekoloji tələblərə
cavab verəcək səmərəli və rəqabət
qabiliyyətli müasir kompleksləri yaratmaq, bu sahədə
yeni iş yerlərinin açılmasını təmin etmək
mühüm vəzifə kimi göstərilmişdir. Ölkədə yeni turizm infrastrukturunun və sənayesinin
yaradılması, mövcud obyektlərin beynəlxalq
standartlara uyğunlaşdırılması, turizm xidməti
üzrə mütərəqqi üsulların və
standartların hazırlanması, tətbiqi, ölkədə
turizm zonalarının hüquqi statusunun, marşrutların
müəyyən olunması nəzərdə tutulmuşdur.
Azərbaycan
iqtisadiyyatının digər xarakterik xüsusiyyətlərindən
biri də investisiya fəallığının yüksək
olması ilə bağlıdır. Ümumilikdə son 10
ildə Azərbaycan iqtisadiyyatına 33 milyard dollardan çox
investisiya cəlb edilmişdir. Ölkənin
maliyyə imkanlarının genişlənməsi nəticəsində
daxili sərmayələr xarici investisiyalara nisbətən təxminən
9 dəfə yüksək sürətlə
artmışdır. Bu gün investisiyaların ümumi həcmində
daxili sərmayələrin xüsusi çəkisi 34,3 faizə çatmışdır. Bu, yerli investorların potensialının güclənməsinin,
sərmayə qoymaq imkanlarının genişlənməsinin əyani
göstəricisidir.
Özəl
sektorun dövlət tərəfindən dəstəklənməsi
məqsədilə sahibkarlıq, o cümlədən kənd
təsərrüfatı üçün büdcədən
ayrılan güzəştli kreditlər ilbəil
artmaqdadır.
Azərbaycanda sahibkarlığın
inkişafı işsizliyin aradan qaldırılması sahəsində
görülən işlərə güclü təkan
vermişdir.
Ölkə
başçısının həyata keçirdiyi iqtisadi
siyasətin əsasında insanların problemlərinin həlli,
xalqın güzəranının
yaxşılaşdırılması kimi ali
məqsəd durur. “Mənim borcumdur ki, hər bir vətəndaş
inkişafı, irəliləyişi görsün və onu
hiss etsin” – 2003-cü il oktyabrın 31-də
andiçmə mərasimində xalq qarşısındakı
vəzifəsini belə ifadə edən cənab İlham Əliyevin
ötən dövr ərzindəki fəaliyyəti bu bəyanatın
ardıcıl surətdə yerinə yetirilməsinin bariz
nümunəsidir.
Sosial məsələlərin
həllinə diqqət hökumətin fəaliyyətində əsas
istiqamətlərdən biridir. Bu ilin doqquz ayı ərzində
orta aylıq əmək haqqı 268 manata, əmək
pensiyalarının orta aylıq məbləği isə 96
manata çatdırılmışdır. Son beş il ərzində
minimum pensiya 3,8 dəfə, minimum əmək
haqqı 8 dəfə, orta aylıq əmək haqqı isə
3,5 dəfə artmışdır. Əhalinin
sosial müdafiəsinin təmin olunması, büdcə təşkilatlarında
çalışan işçilərin əmək
haqlarının artırılması üçün Azərbaycan
Prezidenti tərəfindən silsilə sərəncamlar
imzalanmışdır. Elm, təhsil, səhiyyə,
sosial təminat, mədəniyyət, kənd təsərrüfatı,
müdafiə, hüquq-mühafizə orqanları və digər
sahələrdə çalışanların aylıq əmək
haqları xeyli artırılmışdır. Dövlətdən birbaşa ünvanlı sosial
yardım alanların sayı 700 min nəfəri
ötmüşdür.
Məcburi
köçkünlərin problemlərinin həlli, məşğulluğunun
təmin edilməsi Prezident İlham Əliyevin daimi nəzarətindədir. Bu məqsədlə son beş ildə Azərbaycan Respublikasının
Prezidenti 19 fərman və sərəncam
imzalamışdır. 2003-2008-ci illərdə respublikanın
müxtəlif rayonlarında müvəqqəti məskunlaşmış
məcburi köçkünlər üçün 36 yeni qəsəbə
salınmış, onların sosial, təhsil, kommunal və digər
problemlərinin həlli istiqamətində çox
mühüm işlər görülmüş, 47 min nəfərdən
artıq məcburi köçkün öz yaşayış
şəraitini yaxşılaşdıraraq normal həyata
qayıtmışdır. Dövlət
Proqramına uyğun olaraq, bütün çadır
düşərgələri ləğv edilmişdir. İndi qaçqınlar dövlətin onlara verdiyi
rahat mənzil və evlərdə yaşayırlar.
Ümumiyyətlə, son beş ildə dövlət
başçısı ölkə həyatının iqtisadi,
sosial və humanitar sahələrinin inkişafını əhatə
edən 70-dən çox dövlət proqramı təsdiq
etmişdir. Bu proqramlarda nəzərdə tutulan
kompleks tədbirlərin hər birinin maliyyələşmə
mənbəyi, icra müddəti və nəzarət mexanizmi
müəyyən olunmuşdur. Nəticədə
dövlət idarəçiliyinin məhz bu sistemli və
çevik formalarının düzgün və
düşünülmüş tətbiqi qarşıya qoyulan
məqsədlərə nail olunmasını təmin
etmişdir.
İqtisadi
inkişafın əsas hədəflərindən biri də
yoxsulluğun azaldılması olmuşdur. 2003-cü ildən
icrasına başlanılan müvafiq dövlət
proqramının həyata keçirilməsi nəticəsində
yoxsulluğun səviyyəsi 3,4 dəfə
azalaraq, 2008-ci ildə 13,2 faizə enmişdir. Sözsüz ki,
yoxsulluğun kəskin şəkildə azaldılmasında
regionların sosial-iqtisadi inkişafına dair Dövlət
Proqramının uğurla həyata keçirilməsi, yeni
iş yerlərinin yaradılması müstəsna rol
oynamışdır. Ölkə Prezidentinin
proqramın icrasını şəxsi nəzarətində
saxlayaraq, regionlara mütəmadi səfərlər etməsi,
yaranan problemlərin yerindəcə həll olunması
üçün aidiyyəti dövlət strukturlarına
konkret tapşırıqlar verməsi həyata keçirilən
tədbirlərin səmərəliliyini daha da
artırmışdır.
Dövlət
başçısının bu istiqamətdə məqsədyönlü
və yorulmaz fəaliyyətin məntiqi nəticəsi kimi,
proqrama əlavə olaraq ayrı-ayrı bölgələrin
sosial-iqtisadi inkişafı ilə bağlı tədbirləri
özündə əks etdirən daha 17 sərəncam
imzalanmış və bunların hamısı icra
edilmişdir.
Təhsil sahəsinin
maddi-texniki bazasının möhkəmləndirilməsi, onun
təşkili prosesinin təkmilləşdirilməsi və
müasir standartlara uyğunlaşdırılması istiqamətlərində
də əhəmiyyətli işlər görülür. Azərbaycan
Respublikasının Prezidenti tərəfindən təsdiq
edilmiş Dövlət Proqramına uyğun olaraq, 200-dək gənc
dünyanın 45 aparıcı ali məktəbinə
təhsil almağa göndərilmişdir. Son beş ildə təhsilin
bütün sahələrini əhatə edən və
uğurla həyata keçirilən 14 dövlət proqramı
üzrə ayrılan büdcə vəsaiti 5 dəfədən
çox artaraq 1,1 milyard manat təşkil etmiş, investisiya
qoyuluşlarının həcmi isə 220 milyon manata
çatdırılmışdır.
Heydər Əliyev Fondunun
prezidenti, Azərbaycanın birinci xanımı, Milli Məclisin
deputatı Mehriban xanım Əliyevanın təhsilin və mədəniyyətin
inkişafına göstərdiyi xüsusi diqqət və
qayğı, mədəni cəhətdən inkişaf
etmiş yüksək intellektli yeni nəslin yetişdirilməsinə
hesablanan çoxşaxəli fəaliyyəti xüsusi qeyd
edilməlidir. Şəxsən Mehriban xanım Əliyevanın
təşəbbüsü ilə həyata keçirilən
proqramlar çərçivəsində son beş ildə təxminən
44 min şagird yerlik 226 yeni məktəb binası tikilmiş,
47 məktəb və uşaq bağçası əsaslı
təmir olunaraq, müasir avadanlıqla təchiz edilmişdir.
Əhalinin həyat
səviyyəsini xarakterizə edən əsas göstəricilərdən
biri də səhiyyənin inkişafıdır. Ölkədə
əhaliyə göstərilən tibbi xidmət sahəsində
müvafiq dövlət proqramlarına uyğun olaraq məqsədyönlü
işlər görülür. Səhiyyəyə
ayrılan büdcə vəsaiti il ərzində 20 faiz artaraq
557,8 milyon manat təşkil etmişdir.
Yüksək tələblərə cavab verən tibb müəssisələrinin
yaradılması istiqamətində fəaliyyət davam
etdirilmiş, 2008-ci ildə 25, son beş
ildə isə 289 tibb müəssisəsi tikilmiş, yenidən
qurulmuş və ya əsaslı təmir olunmuşdur. Dövlət başçısı səhiyyədə
müasir texnologiyaların tətbiqinə, maddi-texniki
bazanın möhkəmləndirilməsinə böyük əhəmiyyət
verir. 2005-ci ildən başlayaraq, Azərbaycanın
bütün regionlarında ən müasir normalara uyğun
diaqnostika-müalicə mərkəzlərinin tikintisi
proqramı həyata keçirilir. Bu mərkəzlərdə
ən müasir tibbi xidmət göstərilir, ən mürəkkəb
cərrahiyyə əməliyyatları həyata keçirilir.
Prezident İlham Əliyev Naxçıvanda
diaqnostika-müalicə mərkəzinin
açılışında böyük qürur hissi ilə
artıq Lənkəranda istifadəyə verilmiş belə
bir mərkəzdə açıq ürəkdə uğurlu
cərrahiyyə əməliyyatının keçirildiyini
xüsusi vurğulamışdır.
Azərbaycan
Prezidenti mədəniyyət sahəsinə də xüsusi
diqqət yetirir. Cəmiyyətimizin hərtərəfli tərəqqisində
mədəniyyət sahəsinin ilbəil inkişafı
mühüm amillərdən biri olaraq qalır. Ötən
il Beynəlxalq Muğam Mərkəzi və
Azərbaycan Dövlət Film Fondunun yeni binaları tikilib
istifadəyə verilmişdir. Heydər Əliyev Sarayı,
Akademik Milli Dram Teatrı və Gənc Tamaşaçılar
Teatrı, Azərbaycan Dövlət İncəsənət
Muzeyi, M.F.Axundov adına Milli Kitabxana, Bakı Dövlət
Sirki və digər çoxsaylı mədəniyyət müəssisələrinin
binalarında yenidənqurma, təmir-bərpa işləri
aparılmış, onlar daha müasir görkəm alaraq sənətsevərlərin
istifadəsinə verilmişdir.
Şübhə
yoxdur ki, bütün bunlar respublikamızda müasir insan
kapitalının formalaşmasına və güclü
dövlətin qurulmasına öz mühüm töhfəsini
verəcəkdir.
Heydər Əliyev Fondunun,
şəxsən onun prezidenti Mehriban xanım Əliyevanın
təşəbbüsü, YUNESKO və İSESKO-nun dəstəyi
ilə Avropa Şurasının üzvü olan dövlətlərin
mədəniyyət nazirlərinin ölkəmizdə
keçirilən “Mədəniyyətlərarası dialoq
Avropa və ona qonşu regionlarda sülhün və davamlı
inkişafın əsasıdır” mövzusunda konfransı bu
nüfuzlu beynəlxalq qurumla əməkdaşlığın
daha da genişlənməsinə səbəb olmuşdur. Eyni
zamanda, İslam Konfransı Təşkilatının
üzvü olan dövlətlərin mədəniyyət nazirlərinin
V konfransında Bakı şəhərinin 2009-cu ildə
“İslam mədəniyyətinin paytaxtı” elan edilməsi Azərbaycanda
bu sahənin inkişafına beynəlxalq diqqətin
artmasına daha bir əyani sübutdur.
Gəncləri cəmiyyətin
aparıcı qüvvəsinə çevirmək, sosial-ictimai
həyatın bütün sahələrində onların fəal
iştirakını təmin etmək, bədən tərbiyəsi
və idmanı daha da inkişaf etdirmək istiqamətində
görülən işlər, həmişəki kimi, yenə
də dövlətimizin başçısı, Milli Olimpiya
Komitəsinin prezidenti cənab İlham Əliyevin daim diqqət
mərkəzindədir. Təsadüfi deyil ki,
ölkədə yeni idman obyektləri tikilir, mövcud
qurğular təmir olunaraq müasir avadanlıqla təchiz
edilir. Ölkədə fəaliyyət göstərən
19 Olimpiya idman kompleksindən 7-si keçən il
istifadəyə verilmişdir. Pekində keçirilmiş XXIX
Yay Olimpiya və XIII Paralimpiya oyunlarında Azərbaycan
idmançıları uğurla çıxış etmiş
və əvvəlki olimpiadalarla müqayisədə daha
çox – 17 medal qazanmışlar.
Əldə
olunan uğurlar ölkə daxilində milli birliyin təmin
olunmasına, dünya azərbaycanlıları arasında həmrəyliyin
güclənməsinə səbəb olmuşdur. Dünyanın
müxtəlif ölkələrində yaşayan
soydaşlarımızın ölkəmizin milli maraqları ətrafında
sıx birləşməsi, Azərbaycan diasporunun
formalaşması üçün əlverişli zəmin
yaratmışdır. 2006-cı ildə
Bakı şəhərində çox yüksək səviyyədə
keçirilmiş Dünya azərbaycanlılarının 2-ci
qurultayı azərbaycançılıq ideologiyasının
təntənəsi olmaqla yanaşı, ulu öndər Heydər
Əliyevin uzaq gələcəyə hesablanmış
müdrik siyasətinin məntiqi davamı olmuşdur.
Azərbaycançılıq
fəlsəfəsi İlham Əliyev siyasətinin mənəvi
dayağına çevrilmiş, milli ləyaqət, milli
qürur, dini tolerantlıq uğurlarımızın əsas
şərtləri olmuşdur. “Azərbaycançılıq
fəlsəfəsi bizim mənəvi
dayağımızdır. Müstəqil
siyasət, milli maraqlarımızın qorunması, milli ləyaqət,
milli qürur, milli və dini tolerantlıq – budur bizim
uğurlarımızın əsas şərtləri. Azərbaycanda bütün xalqlar qardaşlıq
şəraitində, mehriban şəraitdə
yaşayırlar. Mən çox şadam ki, son beş il ərzində bizim əsas ideoloji
dayaqlarımız daha da möhkəmlənmiş, Azərbaycanda
vətəndaş həmrəyliyi, sabitlik tam bərqərar
olmuşdur və bütövlükdə cəmiyyət
çox aydın görür Azərbaycan hansı istiqamətdə
irəliləyir”. Bu sözlər də
andiçmə mərasimində deyilmişdir. Prezident İlham Əliyevin yürütdüyü
siyasət müasir Azərbaycanın güclənməsinə,
milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə
qorunmasına xidmət edir.
Artıq cənab
İlham Əliyev bütün türk dünyasının
birliyinin möhkəmlənməsi və onun beynəlxalq aləmdə
güclü siyasi mövqeyə malik olması
üçün bütün imkanların səfərbər
olunması tezisini irəli sürmüşdür. 2006-cı il
sentyabrın 18-də keçirilmiş Türkdilli dövlətlərin
və topluluqların 10-cu dostluq, qardaşlıq və əməkdaşlıq
qurultayında çıxış edən Prezident İlham Əliyevin
nitqində erməni təbliğatı ilə bağlı
“Biz hücuma keçməliyik, onların yalan, iftira üzərində
qurulmuş təbliğatını darmadağın etməliyik
və bütün səyləri birləşdirib, həqiqəti
bərpa etməliyik” çağırışı milyonlarla
insana beynəlxalq terrorizmlə mübarizədə bir istiqamət
və təkan vermiş oldu.
Milli həmrəyliyin
təmin edilməsi ilə yanaşı, Azərbaycanda demokratik
prosesləri sürətləndirməyi Prezident İlham Əliyev
özünün əsas məqsədi kimi bəyan
etmişdir.
Azərbaycanın
müasir inkişaf dövründə hüquqi dövlət
quruculuğu və insan hüquqlarının müdafiəsi
sahəsində səylərin gücləndirilməsi dövlət
siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən
edilmişdir.
Ötən illər ərzində Azərbaycan
Respublikası insan hüquqları sahəsində fəaliyyət
göstərən nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığı
inkişaf etdirmiş, insan hüquqlarının müdafiəsi
sahəsində beynəlxalq sənədlərə tərəfdar
çıxmış və bu sahədə beynəlxalq
öhdəliklərin həyata keçirilməsində
mühüm nailiyyətlər əldə etmişdir.
Azərbaycan
sabitlik və modernləşmə yolunu seçmişdir. Azərbaycan cəmiyyəti
üçün modernləşmə müasir
inkişafın əsas amili olmaqla, özündə milli ənənələri,
qaynaqları və kökləri, əsrlər boyu
keçdiyimiz tarixi yolu təcəssüm etdirir. Modernləşmə sahəsində qarşıya
qoyulmuş vəzifələrin icrasına ötən əsrin
90-cı illərinin ortalarından başlanılmış,
indi isə Azərbaycanda rəqabətədavamlı cəmiyyət
formalaşır, modernləşmə xətti sürətlə
həyata keçirilir. Modernləşmənin
əsas məqsədi həm Azərbaycanın, həm də hər
bir vətəndaşın arzu və istəyinin
reallaşmasına xidmət etdiyindən bu istiqamətdə
ciddi tədbirlər görülür.
Prezident
İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın
müttəfiqlərinin və dostlarının sayını
artırmışdır. Ümummilli lider Heydər
Əliyevin xarici siyasət kursunun
davamlılığını təmin edən cənab
İlham Əliyevin yüksək diplomatik məharəti sayəsində
ölkəmizin sivil dünyanın siyasi-iqtisadi mənzərəsini
müəyyən edən aparıcı dövlətlərlə
və beynəlxalq təşkilatlarla münasibətləri
yeni müstəvidə daha da inkişaf etdirilmişdir. Azərbaycan hal-hazırda yalnız regionda gedən
proseslərə deyil, eyni zamanda, beynəlxalq aləmdə cərəyan
edən proseslərə də təsir göstərmək
imkanı qazanmışdır. Bu gün
dünyanı narahat edən bir sıra məsələlərdə
aparıcı dövlətlərin başçıları Azərbaycanın
– onun rəhbərinin mövqeyi ilə hesablaşırlar.
Azərbaycan
regionun nadir ölkələrindən biridir ki, çətin
geosiyasi mühitdə müstəqil xarici siyasət
yürüdür. Bu istiqamətdə əsas diqqət Azərbaycanın ərazi
bütövlüyünün və suverenliyinin tezliklə bərpa
edilməsi, qonşu dövlətlərlə mehriban və
qarşılıqlı surətdə faydalı münasibətlərin
inkişaf etdirilməsi, regionda sabitliyin və təhlükəsizliyin
gücləndirilməsi, Xəzər dənizi hövzəsinin
demilitarizasiyası, Avropa və Transatlantik strukturlarına
inteqrasiya məsələlərinə və s. yönəldilmişdir.
Azərbaycanın sülhsevər xarici siyasəti
ilk növbədə, onun dövlət müstəqilliyinin
möhkəmləndirilməsi işinə xidmət edir.
Azərbaycan dövlətinin xarici siyasətinin başlıca
prinsipləri beynəlxalq hüquq normaları ilə tənzimlənən
dövlətlərarası münasibətlərə hörmət
etməkdən, dünya dövlətlərinin suveren
hüquqlarına hörmətlə yanaşmaqdan, bütün
mübahisəli məsələlərin sülh və
danışıqlar yolu ilə həllindən,
qarşılıqlı surətdə faydalı iqtisadi, elmi və
mədəni əməkdaşlıq yaratmaqdan, dövlətlərarası
əlaqələrə mane olan hər cür məhdudiyyətləri
aradan qaldırmaqdan ibarətdir. Azərbaycanın
xarici siyasəti dünya təcrübəsinin bütün
nailiyyətlərini, sivil beynəlxalq normaları özündə
ehtiva edir.
Azərbaycan
istər qonşu, istərsə də yaxın və uzaq
ölkələrlə dostluq və strateji tərəfdaşlıq
çərçivəsində münasibətlər qurur. Bu isə
ölkəmizin strateji seçimidir. Prezident
İlham Əliyevin apardığı uğurlu xarici siyasətin
strategiyasında sağlam praqmatizm prinsipi formalaşmış
və bu prinsip daim rəhbər tutulur. Təsadüfi
deyil ki, Prezident İlham Əliyevin müdrik rəhbərliyi
altında Azərbaycanın həyata keçirdiyi
tarazlaşdırılmış,
balanslaşdırılmış və çoxşaxəli
praqmatik xarici siyasət xətti nəinki ölkəmizin beynəlxalq
aləmdə mövqeyini möhkəmləndirmiş, həmçinin
milli təhlükəsizliyini gücləndirmişdir. Bununla yanaşı, Azərbaycanın geosiyasi rəqabət
meydanına çevrilməsinin qarşısı
alınmışdır. Strateji baxımdan
əlaqələri genişlənən Azərbaycanın
dünya geosiyasi məkanına siyasi, iqtisadi inteqrasiyası
üçün də geniş imkanlar
açılmışdır. Avropa və
Asiyanın qovuşuğunda yerləşən mühüm
geostrateji məkan kimi Azərbaycan regionda sülhün və
sabitliyin təmin olunması üçün dayaq nöqtəsi,
ən perspektivli tərəfdaş hesab edilir. Ölkəmiz bütün regional məsələlərdə
əsas oyunçudur və regiondakı strateji əhəmiyyətli
heç bir layihə Azərbaycansız gerçəkləşə
bilməz. Dünya şöhrətli siyasətşünas
Zbiqnev Bjezinski özünün “Böyük şahmat lövhəsi”
adlı kitabında Azərbaycanın geosiyasi cəhətdən
ən mühüm dövlətlər sırasında yer
aldığını xüsusi olaraq vurğulayır. Bjezinski Mərkəzi Asiyanın enerji
ehtiyatlarının Avropa bazarlarına alternativ yolla
çatdırılmasında əsas tranzit ölkə kimi məhz
Azərbaycanı göstərir və bununla da onun geosiyasi
çəkisinin daha böyük olduğunu qeyd edir.
Azərbaycanın
Avropa ilə əlaqələri artıq xüsusi əhəmiyyət
kəsb etməyə başlamışdır. Ölkəmiz
Avropa təhlükəsizlik arxitekturasının etibarlı tərəfdaşı
kimi qitənin enerji təhlükəsizliyinin təmin
olunmasında vacib rol oynayır. Azərbaycan
bu gün dünyanın və dünya siyasətinin mərkəzinə
çevrilmiş Avropanın ən mühüm istiqamətlər
üzrə tərəfdaşı kimi tanınır.
Ölkəmiz Avropa İttifaqının “Şərq tərəfdaşlığı”
proqramına qoşulmuşdur ki, həmin proqram Avropa İttifaqı
ilə assosiasiya haqqında yeni saziş, azad ticarət
haqqında hərtərəfli saziş, Aİ ölkələrinə
gediş-gəlişi sadələşdirə biləcək
mobillik və təhlükəsizlik haqqında müqavilələrin
bağlanmasını, eləcə də əmək
bazarının imkanlarının öyrənilməsi, Avropa
İttifaqının və onun Şərq tərəfdaşlarının
enerji təhlükəsizliyinin gücləndirilməsi məsələlərini
nəzərdə tutur.
Azərbaycan
strateji tərəfdaşı olan ABŞ ilə qlobal problemlərə
və təhlükələrə qarşı mübarizə
aparmaq məqsədi ilə uğurlu əməkdaşlığı
davam etdirir. Azərbaycan Birləşmiş Ştatların rəhbərlik
etdiyi antiterror koalisiyasının üzvüdür, beynəlxalq
birliyin terrorizmə qarşı mübarizəsini hərtərəfli
şəkildə dəstəkləyir və bu istiqamətdə
bir sıra əhəmiyyətli addımlar atır.
Ölkəmiz ABŞ-la, habelə iqtisadi, enerji təhlükəsizliyi
və demokratik inkişafın təşviqi sahələrində
də əməkdaşlığın genişləndirilməsi
istiqamətində fəal iş aparır.
Son illər ərzində
Rusiya ilə ölkəmizin əlaqələri dinamik şəkildə
inkişaf edir və münasibətlərimiz strateji tərəfdaşlıq
xarakteri daşıyır. Rusiya Federasiyası ilə
ikitərəfli və çoxtərəfli əməkdaşlığın
inkişaf etdirilməsi Rusiyanın xarici siyasətinin prioritet
istiqamətidir. Müxtəlif sahələrdə,
o cümlədən iqtisadi sahədə əməkdaşlığımız
daim genişlənir. Azərbaycan
Rusiyanın bölgədə əsas iqtisadi və siyasi tərəfdaşıdır.
Azərbaycan
MDB-nin üzvü olan digər ölkələrlə də
son illər ərzində siyasi, iqtisadi, ticarət və mədəni
əlaqələrini xeyli inkişaf etdirmişdir. Həmin
ölkələrlə həm ikitərəfli, həm də
beynəlxalq təşkilatlar çərçivəsində
əməkdaşlığımız məhsuldar və
faydalı olmuşdur.
Azərbaycanın
etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə
münasibətlərin möhkəmləndirilib daha da
genişləndirilməsi ölkəmizin xarici siyasətinin
çox mühüm tərkib hissəsidir. Hər iki
ölkənin dövlət başçılarının
qarşılıqlı səfərləri ikitərəfli
siyasi, iqtisadi əməkdaşlığın
inkişafında əhəmiyyətli rol oynamışdır.
Bu gün ölkələrimiz arasında strateji
tərəfdaşlıq münasibətləri mövcuddur,
bütün sahələrdə əlaqələr uğurla
inkişaf edir. Türkiyə beynəlxalq
aləmdə Azərbaycanın fəal tərəfdarı kimi
çıxış edir. Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli
üçün Azərbaycanın göstərdiyi səyləri
dəstəkləyir. Türkiyə və
Azərbaycan regional əməkdaşlıq prosesinin fəal və
söz sahibi olan iştirakçılarıdır. Hər iki ölkə özünün iqtisadi-enerji
imkanlarından və geosiyasi mövqeyindən ikitərəfli
və regional əməkdaşlığın genişlənməsi
naminə səmərəli istifadə edir. Azərbaycan və Türkiyə arasında strateji tərəfdaşlıq
və dərinləşən əməkdaşlıq regionda
sabitliyin göstəricisinə çevrilmişdir.
Ölkəmiz
İranla mütərəqqi və gələcəyə
istiqamətlənmiş dialoq aparır və İran dövləti
ilə xalqlarımızın mənafeyinə cavab verən
mehriban qonşuluq, qarşılıqlı faydalı əməkdaşlıq
prinsipləri əsasında ikitərəfli siyasi, iqtisadi, mədəni
münasibətlərin inkişafına müvəffəq
olmuşdur. Hər iki dövlətin mühüm coğrafi
mövqedə yerləşməsi və zəngin iqtisadi
potensiala malik olması mövcud əməkdaşlığı
daha da genişləndirmiş, Azərbaycanla İran
arasında iqtisadi əlaqələrin sürətlə
inkişafına, əmtəə dövriyyəsinin həcminin
ildən-ilə artmasına gətirib
çıxarmışdır. İran Azərbaycanın
ixrac-idxal əməliyyatları apardığı əsas
dövlətlərdən biridir.
Azərbaycan
İslam aləminin tərkib hissəsi olaraq müsəlman
dünyası ilə sıx əməkdaşlığı
inkişaf etdirir. Şərq ilə Qərb, Xristian
dünyası ilə İslam aləminin qovuşuğunda yerləşərək
nadir coğrafi mövqeyi, tolerantlığı, sülh ənənələri
və etnik rəngarəngliyi ilə Azərbaycanın mədəniyyətlər
və sivilizasiyalar arasında təbii körpüyə
çevrilməsi zamanın tələbidir.
Azərbaycan Xəzər
dənizi ilə Avropa regionu arasında körpü yaratmaq məqsədi
ilə Mərkəzi Asiya dövlətləri ilə
münasibətlərini inkişaf etdirir. Orta Şərq
və Asiya ölkələri ilə əlaqələr yeni
siyasi güc mərkəzlərilə və sürətlə
artan iqtisadiyyatlara malik regionlarla iqtisadi, telekommunikasiya və
digər sahələrdə qarşılıqlı faydalı
əməkdaşlıq üçün perspektivlər
açır.
Dünyanın ən
böyük dövlətlərindən biri və BMT Təhlükəsizlik
Şurasının daimi üzvü olan Çin, həmçinin
nəhəng intellektual potensiala malik Yaponiya ötən illər
ərzində Azərbaycanın siyasi və iqtisadi tərəfdaşına
çevrilmişlər ki, bu da xarici siyasətimizin şəksiz
uğurlarıdır. Azərbaycanla İsrail
dövləti arasında da siyasi, iqtisadi əlaqələr
genişlənməkdədir.
Azərbaycanın
xarici siyasət kursunda beynəlxalq təşkilatlarla əməkdaşlığın
genişləndirilməsi məsələlərinə
böyük diqqət yetirilir. Ötən dövrdə
beynəlxalq təşkilatlarda Azərbaycanın nüfuzu
artmış, dövlətimizin maraqlarını təmin edən,
o cümlədən Ermənistanın təcavüzkar siyasətini
pisləyən bir çox sənədlər qəbul
edilmişdir. Ölkəmizin Avropa
İttifaqı və NATO ilə əlaqələri yeni mərhələyə
daxil olmuş,
Dağlıq
Qarabağ probleminin beynəlxalq hüquq normalarına
uyğun, Azərbaycanın ərazi bütövlüyü və
suverenliyi çərçivəsində həlli,
qaçqın və məcburi köçkünlərin
öz torpaqlarına qaytarılması dövlətimizin xarici
siyasətinin prioritet məsələsi olaraq qalmaqdadır. Azərbaycan Prezidenti məsələ
ilə bağlı özünün və xalqının qəti
mövqeyini belə ifadə edir: “Bir daha bəyan edirəm, nə
5 ildən sonra, nə 10 ildən sonra, nə 15 ildən sonra, nə
də 100 ildən sonra Dağlıq Qarabağ Azərbaycandan ayrılmayacaqdır.
Mən nə qədər Prezidentəm, buna yol
verməyəcəyəm”. Rayonlara səfəri
zamanı cəbhə xəttində əsgərlərimizlə
görüşən Ali Baş Komandan münaqişənin Azərbaycanın
maraqlarına uyğun həlli üçün bütün
imkanların səfərbər olunacağını bir daha bəyan
etmişdir: “...Ordumuz hər an
sözünü deməyə hazır olmalıdır. Azərbaycanda çox güclü, nizami, yüksək
qabiliyyətli ordu yaranır və o, ən müasir texnika ilə,
silah-sursatla təmin olunur”.
Azərbaycan
Prezidentinin yürütdüyü uğurlu xarici siyasət nəticəsində
artıq dünya və beynəlxalq təşkilatlar Ermənistanı
işğalçı dövlət kimi tanımış və
ölkə başçısının bu məsələdəki
birmənalı mövqeyi təsdiqləmişdir ki,
Dağlıq Qarabağın Azərbaycandan ayrılma mexanizmi
yoxdur.
Eyni zamanda, Azərbaycanda ordu
quruculuğu istiqamətində həyata keçirilən tədbirlər,
Silahlı Qüvvələrin hərbi hazırlıq səviyyəsinin
artırılması ilə bağlı görülən
işlər Dağlıq Qarabağın Azərbaycandan
qoparılması ilə bağlı bəzi dairələrdə
yaranan əminliyi darmadağın etmiş, xalqımızı
ordumuzun etibarına inandırmışdır. “Çox
böyük qürur hissi ilə deyə bilərəm ki, son beş il ərzində Azərbaycanın ordu
potensialı çox böyük dərəcədə
gücləndirilibdir. Ordumuzun hazırlıq,
peşəkarlıq səviyyəsi böyük dərəcədə
artıbdır”.
Göründüyü
kimi, indi Azərbaycan ictimai həyatın bütün sahələrində
özünün yüksəliş dövrünü
yaşayır.
Ölkənin intensiv iqtisadi inkişafı siyasi
modernləşmənin yeni mərhələsinə keçməyə
imkan vermişdir. Müasir Azərbaycan
modernləşmə yollarını müəyyən edərək,
demokratiya xəttini ölkənin inkişafının əsas
vektoru və milli strategiyanın həlledici amilinə
çevirmişdir. Vətəndaş cəmiyyətinin,
habelə iqtisadiyyatın modernləşməsi, ictimai məkanın
demokratikləşməsi, milli məkanın sistemli
liberallaşmasının formalaşdırılması milli
strategiyanın əsas prioritetinə çevrilmişdir.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri,
akademik Ramiz Mehdiyevin “Azərbaycan – 2003-2008: reallığa
çevrilən qeyri-adi zaman” əsərində qeyd edildiyi
kimi, “...son beş il ərzində Azərbaycan
regionda və dünyada ən dinamik inkişaf edən ölkə
imicini qazanmış, intensiv və səmərəli
inkişaf modelini dünyaya təqdim etmişdir. Qeyd etdiyimiz
kimi, bütün dünyada model böhranının
yaşandığı, hətta fövqəldövlət
sayılan ölkələrin modelinin ən ciddi sınaqlardan
çıxa bilmədiyi bir vaxtda bu, inanılmaz reallıqdır...
...Təbii ki, Azərbaycan
dünyaya, başqa dövlətlərə inkişaf
yollarını təklif və ya təbliğ etmək niyyətindən
uzaqdır. Lakin Azərbaycanda beynəlxalq ekspertlərin,
analitiklərin və nüfuzlu reytinq agentliklərinin yekdil qənaətlə
təsdiq etdiyi “dinamik inkişaf modeli” artıq “cazibədar
model” statusunu qazanmışdır. Onu optimal
model kimi dərk və qəbul etmək isə zamanın
işidir, bu, formalaşan yeni qlobal siyasi dizaynda Azərbaycanın
strateji təşəbbüsü və gerçək
mövcudluğudur. Azərbaycanın milli və regional
hüdudları aşaraq, qlobal dünya kontekstinə fəal
aktor kimi daxil olması İlham Əliyevin həssas dövlətçilik
fəhminin, müasir siyasi rəhbər təcrübəsinin
olmasını göstərir”...
İlham Əliyev
ölkəmizin müstəqilliyinin təminatçısıdır. Azərbaycan cəmiyyəti
ardıcıl demokratikləşmə yolu ilə irəliləyir,
demokratik təsisatlar inkişaf etdirilir. Dünya
birliyinə inteqrasiya xəttini seçmiş Azərbaycan
hüquqi dövlət quran mütərəqqi xalqlar ailəsində
öz layiqli yerini tutmuşdur. Akademik Ramiz Mehdiyev
yazır: “Zaman və tarix isə sübut etdi ki, xalqın
mütləq etimadını qazanmaq, intellektual, siyasi və
inzibati resurslara malik olmaq şəraitində son dərəcə
demokratik imic yaratmaq İlham Əliyevin nail olduğu
inanılmaz uğurudur”...
Cənab İlham Əliyevin
prezidentlik fəaliyyətinə başlamasından ötən
illərdə Azərbaycanda əldə olunan uğurlar həm
ulu öndər Heydər Əliyevin “Mən İlham Əliyevə
özüm qədər inanıram və gələcəyinə
böyük umidlər bəsləyirəm” fikrinin, həm də
xalq arasında qurucu, sözü ilə əməli bir olan, “Mən
bütün Azərbaycan xalqının, hər bir Azərbaycan
vətəndaşının Prezidentiyəm” – deyən ölkə
başçısının proqramının təntənəsidir.
Ulu öndərin zəngin və tükənməz siyasi irsinə,
xalqımızın iradəsinə söykənən Prezident
İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan
xoşbəxt gələcəyə nail olacaq, Azərbaycan
xalqı, Azərbaycan vətəndaşları daha
yaxşı, rahat, sülh, əmin-amanlıq və
firavanlıq şəraitində yaşayacaqlar!
Kamal ADIGÖZƏLOV,
Azərbaycan Respublikasının Prezidenti
yanında Strateji Araşdırmalar Mərkəzinin
eksperti
Xalq qəzeti.- 2009.- 31 dekabr.- S. 4.