Azərbaycan diasporu ölkəmizin həqiqətlərini dünya miqyasında uğurla təbliğ edir

 

Müsahibimiz Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovdur.

 

– Nazim müəllim, başa çatan 2009-cu ildə Azərbaycan diasporunun fəaliyyətini necə qiymətləndirirsiniz?

– 2009-cu ildə xarici ölkələrdə yaşayan soydaşlarımızın vahid ideya ətrafında birləşdirilməsi istiqamətində işlər davam etdirilib. Artıq Azərbaycan diasporu daha geniş və əhatəli fəaliyyət göstərir. Formalaşmış və tam təşkilatlanmış diasporumuz indi praktiki işlər görmək mərhələsindədir. Bu mərhələnin də özünəməxsus çətinlikləri və mürəkkəblikləri var. Demək olar ki, diaspor təşkilatlarımıza yetkin insanlar rəhbərlik edir, bu qurumlarda getdikcə siyasi və ideoloji cəhətdən daha hazırlıqlı insanlar cəmləşirlər. Onlar yaşadıqları ölkələrdəki siyasi proseslərə, eləcə də dünya siyasəti müstəvisində baş verənlərə Azərbaycanın maraqları baxımından reaksiya verə bilirlər. Azərbaycan diaspor təşkilatları artıq müasir iş üsulları ilə çalışmağa başlayıblar. Bu da Azərbaycanın haqq səsinin daha geniş və əhatəli duyulmasına şərait yaradır. Artıq Azərbaycanın qarşılaşdığı problemlər dünya ictimaiyyətınə daha tez çatdırılır. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında diasporumuzun əvəzsiz rolu var. Bunların nəticəsində Azərbaycanı getdikcə dünyada daha çox tanıyırlar.

Bununla yanaşı soydaşlarımız yaşadıqları ölkələrin ictimai-siyasi həyatında yaxından iştirak etməyə çalışırlar. Xarici ölkələrdə yaşayan azərbaycanlıların ictimai-siyasi fəallığının artırılması işinə yardım göstərilməsi, eləcə də onların hüquqi sahədə qarşılaşdıqları problemin həlli, soydaşlarımızın hüquq və azadlıqlarının qorunması Dövlət Komitəsinin əsas fəaliyyət sahələrindən biridir. Xaricdəki soydaşlarımızın hüquq və azadlıqlarının qorunmasının təmin edilməsi məqsədilə Dövlət Komitəsi dünyanın müxtəlif ölkələrində hüquqi maarifləndirmə işlərinin aparılmasını davam etdirir. Dövlət Komitəsi soydaşlarımızın daha çox yaşadığı ölkələrin miqrasiya məsələləri və əcnəbilərlə bağlı, habelə vətəndaşlıq statusu haqqında qanunvericilik aktları barədə soydaşlarımızın məlumatlandırılması istiqamətində də lazımi işlər görür. Hazırda komitə “Xarici ölkələrdə yaşayan azərbaycanlılar nələri bilməlidir?” hüquqi-normativ aktlar toplusunun nəşri istiqamətində iş aparır.

Dünyanın müxtəlif ölkələrinin parlament və hökumət nümayəndələri, ictimai xadimləri, ziyalılari, mətbuat nümayəndələri, siyasi partiyaları ilə Azərbaycan diaspor təşkilatları arasında əlaqələrin qurulması, diaspor və lobbi quruculuğu sahəsində prioritet vəzifələrdəndir. Bu məqsədlə ötən müddət ərzində Azərbaycan diaspor təşkilatları fəaliyyət göstərdiyi ölkələrin siyasi və dövlət xadimləri ilə əlaqələr qurub, qeyri-hökumət təşkilatları, dövlət orqanları ilə əməkdaşlıq yaradılmasına çalışıblar.

Bu günlərdə Freedom House təşkilatının illik hesabatında Azərbaycanla bağlı qərəzli, qeyri-obyektiv fikirlərin yer alması, habelə təşkilatın hazırladığı xəritədə Dağlıq Qarabağın “mübahisəli ərazi” kimi göstərilməsi Azərbaycan diaspor təşkilatlarının ciddi etirazına səbəb olub. Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor təşkilatları bununla əlaqədar Freedom House təşkilatının ünvanına etiraz məktubları göndəriblər. ABŞ Konqresinin Dağlıq Qarabağdakı separatçı rejimə 8 milyon dollar məbləğində yardım ayırması da Azərbaycan diaspor təşkilatlarının narazılığına səbəb olub. Artıq dünyanın müxtəlif ölkələrində, o cümlədən ABŞ-da yaşayan azərbaycanlılar bu məsələ ilə bağlı öz etirazlarını ifadə ediblər.

Bu gün Azərbaycan diasporunun fəaliyyət göstərdiyi ölkələrdə ictimai-siyasi fəaliyyətləri artdıqca soydaşlarımız milli və dövlətçilik maraqlarının müdafiəsi işində daha da fəal iştirak edirlər. Ümumiyyətlə, Azərbaycana qarşı müxtəlif dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən yol verilmiş ədalətsizliklərə diaspor təşkilatları dərhal kəskin etirazlarını bildirirlər.

– Bir neçə dəfə çıxışlarınızda qeyd etmisiniz ki, diaspor quruculuğunun keyfiyyətinin yüksəldilməsi məqsədilə müxtəlif diaspor təşkilatları vahid qurumlarda birləşirlər. Bu istiqamətdə işlər davam etdirilirmi?

– Azərbaycan icmalarının strukturunun təkmilləşdirilməsi və onların fəaliyyətinin koordinasiya edilməsi işinin keyfiyyətcə yeni müstəviyə qaldırılması, müxtəlif ölkələrdə yeni Azərbaycan icmalarının təsis edilməsi, eyni ölkə ərazisində fəaliyyət göstərən icmaların fəaliyyətinin əlaqələndirilməsi məqsədilə onların vahid mərkəzdə birləşdirilməsi zəruridir.

– Bildiyimiz kimi, Dövlət Komitəsinin məşğul olduğu əsas istiqamətlərdən biri də Gürcüstanda yaşayan soydaşlarımızın hüquqlarının qorunması, onların Gürcüstan cəmiyyətinə inteqrasiyası və bu yolda ortaya çıxan problemlərin həllidir. 2009-cu ildə Gürcüstandakı azərbaycanlıların problemlərinin həlli məqsədilə hansı layihələr həyata keçirilib?

– Bəli, 2009-cu ildə Dövlət Komitəsinin fəaliyyətinin prioritet istiqamətlərindən biri də Gürcüstan azərbaycanlılarının cəmiyyətə inteqrasiyası sahəsində mövcud problemlərin aradan qaldırılması olub. Bildiyiniz kimi, 2008-ci ildə Gürcüstanda fəaliyyət göstərən 124 Azərbaycan məktəbinin 50-də “Gürcü dili” kursları açılıb. 2009-cu ildə isə bu iş davam etdirilərək əlavə 34 Azərbaycan məktəbində də “Gürcü dili” kursu açılıb. Gürcüstanda məktəbəqədər təhsil müəssisələrinin sayı məhdud olduğundan gələcəkdə “Gürcü dili” kurslarının sayını artırmaqla ibtidai sinif şagirdlərinin də kurslara cəlb olunması nəzərdə tutulur.

Gürcüstanda soydaşlarımızı öz ətrafında birləşdirən təşkilatların vahid birliyinin yaradılması istiqamətində müvafiq işlər aparılır və bu məqsədlə yaxın vaxtlarda Gürcüstanın azərbaycanlı gənclərinin toplantısının təşkili planlaşdırılır. Bundan başqa, azərbaycanlıları bir araya gətirmək, onlar arasında həmrəyliyi möhkəmləndirmək məqsədilə Gürcüstan azərbaycanlılarının qurultayını keçirmək barədə təklif də nəzərdən keçirilir.

Dövlət Komitəsi Gürcüstanda yaşayan soydaşlarımızın problemlərinin həlli istiqamətində Gürcüstanın müvafiq dövlət orqanları ilə əməkdaşlıq edir.

Qeyd edim ki, Heydər Əliyev Fondu da ötən müddət ərzində Gürcüstanda yaşayan azərbaycanlıların cəmiyyətə inteqrasiyası, milli-mənəvi dəyərlərimizin qorunması sahəsində bir sıra mühüm tədbirlər həyata keçirib.

– Azərbaycan diasporu Azərbaycan həqiqətlərini dünya miqyasında səmərəli şəkildə təbliğ edə bilirmi?

– Azərbaycan diasporu Azərbaycan həqiqətlərini dünya miqyasında öz imkanları daxilində yetərincə uğurla təbliğ edir. Ötən illər ərzində diaspor təşkilatlarımız bu sahədə olduqca böyük işlər görə biliblər. Diasporumuzun hələ gənc, digər xalqların diasporları ilə müqayisədə daha az təcrübəyə malik olmasına baxmayaraq, soydaşlarımızın fəaliyyətinin ölkəmizin problemləri ilə bağlı dünya ictimaiyyətində obyektiv rəyin formalaşdırılmasında vacib rolu var. Məsələn, İslam Konfransı Təşkilatına (İKT) üzv qurum olan Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” beynəlxalq məlumat və təşviqat kampaniyası elan edilib. Bu kampaniya çərçivəsində dünyanın bir çox ölkəsində keçirilən Xocalı soyqırımı ilə bağlı həqiqətləri yaymaq məqsədilə etiraz aksiyaları, elmi-praktik konfranslar və digər tədbirlərdə Azərbaycan diaspor təşkilatları da fəal şəkildə iştirak edirlər.

– Nazim müəllim, siz erməni lobbisini necə rəqib sayırsınız?

– Məncə, erməni diasporunun işini o qədər də şişirtmək lazım deyil. Sadəcə olaraq onların haqqında mif yaradılıb. Biz Azərbaycan diasporunu pisləməklə onun gücünü azaldırıq. Bu gün Azərbaycan diasporu güclüdür. Bütün diaspor təşkilatları gücləri çatdığı qədər, bəzən isə bundan da artıq işlər görürlər. Digər tərəfdən, rəqib nə qədər güclü olsa da, yaddan çıxarmaq lazım deyil ki, haqq həmişə nahaqqa qalib gəlib. Bizim işimiz haqq işi olduğundan diasporumuz 100 illik tarixi olan erməni diasporuna güc gəlir. Artıq dünyanın əksər ictimai institutları Azərbaycan torpaqlarının işğal olunması, Ermənistanın işğalçı dövlət olması faktını qəbul edir.

– Azərbaycan diasporu xalqımızın zəngin tarixi irsini və mədəniyyətini dünyada təbliğ etmək istiqamətində nə kimi işlər görüb?

– Ötən il ərzində Dövlət Komitəsinin dəstəyi ilə diaspor təşkilatlarımız mədəni irsimizin təbliği sahəsində də bir sıra tədbirlər həyata keçiriblər. Bildiyiniz kimi, dünyanın müxtəlif ölkələrində diaspor təşkilatlarımızın təşəbbüsü ilə açılmış onlarla “Azərbaycan evi” fəaliyyət göstərir. Burada məqsəd Azərbaycan mədəniyyətinin və tarixinin mərkəzləşdirilmiş şəkildə təbliğinə nail olmaqdır. “Azərbaycan evi”ndə xalqımızın mədəni irsi, tarixi ənənələri, ictimai-siyasi və mədəni həyatı ilə bağlı kitablar, klassik ədəbiyyatımızın ən sanballı nümunələri, qiymətli incəsənət əsərləri və digər eksponatlar nümayiş etdirilir. Bundan başqa, Azərbaycan mədəniyyətini dünyanın müxtəlif ölkələrində təbliğ etmək məqsədilə icma və birliklərin dəstəyi ilə mədəniyyət və incəsənət ustalarının konsert proqramları təşkil olunur.

Bu il Rusiyanın Ulyanovsk şəhərindəki mərkəzi meydanlardan birinə ulu öndər Heydər Əliyevin adının verilməsi də xalqımızın tarixi irsini və mədəniyyətini dünyada təbliğ etmək istiqamətində uğurlu addım sayıla bilər. Ulyanovsk şəhərində ümummilli lider Heydər Əliyevin abidəsinin ucaldılması, Heydər Əliyev muzeyinin yaradılması və ulu öndərin adının həmin meydana verilməsi barədə qərar məhz ÜAK Ulyanovsk regional bölməsinin vilayət və şəhər rəhbərliyinə müraciətindən sonra qəbul edilib. Ulyanovskdakı diasporumuz bu istiqamətdə görülən işlərdə də fəal iştirak edib.

– Xarici ölkələrdə təhsil alan və yaşayan azərbaycanlı gənclərin diaspor hərəkatında fəallığının artırılması məqsədilə hansı addımlar atılır?

– Gənclər Azərbaycan diasporunun ən fəal hissəsidir və biz onların fəaliyyətinə böyük ümidlər bəsləyirik. Gənclərlə iş bizim fəaliyyətimizin əsas istiqamətlərindən birini təşkil edir. Xarici ölkələrdə təhsil alan və yaşayan azərbaycanlı gənclər də dövlətin yaxın dəstəyi və yardımı sayəsində təhsil aldıqları ölkələrdə müxtəlif dərnəklər və ictimai birliklər yaradır, Vətənimizin problemləri barəsində dünya ictimaiyyətində obyektiv təsəvvürlərin formalaşdırılması prosesində fəal iştirak edirlər. Gələn il bizim keçirməyi nəzərdə tutduğumuz əsas tədbirlərdən biri də Dünya Azərbaycanlı Gənclərınin I Konqresidir. Konqres Bakı şəhərində təşkil olunacaq. Biz gənclərin diaspor hərəkatındakı aktivliyindən daha da səmərəli istifadə etməliyik. Bakıda belə bir konqresin keçirilməsı də bu zərurətdən irəli gəlir.

– Necə hesab edirsiniz, görülən işlər diaspor və lobbi quruculuğu sahəsində öz səmərəsini verirmi?

– Bu sahədə əhəmiyyətli irəliləyişlər müşahidə olunmaqdadır. Bu gün diaspor və lobbi quruculuğunun genişlənməsi Azərbaycanın diaspor təşkilatlarının fəaliyyət göstərdiyi ölkələrin siyasi və dövlət xadimləri ilə əlaqələr qurmasına, qeyri-hökumət təşkilatları, dövlət orqanları ilə əməkdaşlıq yaratmasına səbəb olub. Xarici dövlətlərdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının həmin ölkələrin mühüm dövlət orqanları ilə görüşləri intensivləşib. Onlar ölkəmizin mənafeyinə zidd olan addımlara adekvat cavab verməklə mühüm işlər görürlər. Məsələn, 2009-cu il ərzində regionda baş vermiş bir sıra mühüm hadisələr, xüsusilə də Türkiyə və Ermənistan arasında “Diplomatik münasibətlərin qurulmasına” və “İkitərəfli əlaqələrin inkişaf etdirilməsinə dair” protokolların imzalanması Azərbaycan və türk diaspor təşkilatları tərəfindən ciddi narahatlıq və etirazla qarşılanıb. Onu da qeyd edim ki, Dövlət Komitəsi Azərbaycan və türk diaspor təşkilatlarının müraciətlərini nəzərə alaraq, 2009-cu ilin noyabr ayında Almaniyanın Frankfurt şəhərində Avropa Azərbaycanlıları Konqresi və Azərbaycan-Türk Diaspor Təşkilatları Koordinasiya Şurasının birgə toplantısının keçirilməsi təşəbbüsünü dəstəkləyib və noyabrın 21-22-də Almaniyanın Frankfurt şəhərində Avropa Azərbaycanlıları Konqresi və Azərbaycan-Türk Diaspor Təşkilatları Koordinasiya Şurasının birgə toplantısı keçirilib.

Ümumiyyətlə, xaricdə yaşayan azərbaycanlılar doğma vətənlərinin milli mənafelərinə xələl gətirə bilən bütün təşəbbüs və cəhdlərə qarşı öz etiraz səslərini ucaldırlar.

– Diaspor təşkilatları Azərbaycan dövlətinin diaspor quruculuğuna ayırdığı daimi diqqət və qayğını hər zaman hiss edirlər. Dövlətin və Prezident İlham Əliyevin bu sahəyə yüksək səviyyədə diqqət göstərməsi diasporumuzun həyatında necə əksini tapır?

– Dünyada azərbaycançılıq ideyasını əsasını qoyan və bu ideologiyanı yorulmadan təbliğ edərək Azərbaycan diasporunu azərbaycançılıq məfkurəsi ətrafında birləşdirən ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyev də diaspor quruculuğuna ən mühüm məsələlərdən biri kimi yanaşır. Ötən 6 ildə bu yöndə ardıcıl və sistemli tədbirlərin həyata keçirilməsini təmin edən Prezident İlham Əliyev müxtəlif ölkələrə səfərləri çərçivəsində soydaşlarımızla keçirdiyi görüşlərdə milli diaspor təşkilatlarının vahid, mütəşəkkil qüvvə kimi təşkilatlanması zərurətini önə çəkib, bunun ideoloji-siyasi konturlarını müəyyənləşdirib. Dövlət başçısı müasir dövrdə bu sahəyə xüsusi diqqət ayırmadan xarici siyasətdə hansısa ciddi uğur qazanmağın qeyri-mümkünlüyünü çıxışlarında dəfələrlə vurğulayıb. Cənab İlham Əliyevin 8 fevral 2006-cı il tarixli sərəncamı ilə 2006-cı il martın 16-da Bakıda Dünya Azərbaycanlılarının II qurultayının keçirilməsi diaspor quruculuğu işinə yeni təkan verməklə ötən 5 ilin ən əlamətdar hadisələrindən biri kimi yadda qalıb. Azərbaycan diasporunun vəziyyəti, inkişafı və dünyada real gücə, söz sahibinə çevrilməsi dövlət başçısının daim diqqətindədir. Diasporla İş üzrə Dövlət Komitəsi Prezident İlham Əliyevin tövsiyələri əsasında diaspor təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi işinin təkmilləşdirilməsi, ölkə həqiqətlərinin, xalqımıza qarşı törədilmiş terror və soyqırımı aktları ilə əlaqədar çoxsaylı faktların dünya ictimaiyyətinə çatdırılmasının daha müasir metodlarının hazırlanması, digər xalqların diaspor təşkilatları ilə əlaqələrin gücləndirilməsi sahəsində müntəzəm tədbirlər həyata keçirir. Təbii ki, müasir dövrdə diaspor quruculuğu konkret zamanla məhdudlaşmayan, daimi fəallıq və zəhmət tələb edən uzunmüddətli prosesdir və xaricdəki Azərbaycan diasporunun imkanlarından geniş istifadə olunması, ölkə həyatının müxtəlif sahələrində meydana çıxan problemlərin həllində onun fəal iştirakının gerçəkləşdirilməsi istiqamətində hələ çox işlər görməyə ehtiyac var. Prezident İlham Əliyevin bu sahədə ardıcıl, məqsədyönlü və prinsipial siyasət aparması nəticəsində qarşıdakı illərdə Azərbaycan diasporu daha da güclənəcək, ölkənin taleyüklü problemlərinin həllində daha yaxından iştirak edəcək.

– 2010-cu ildə Dövlət Komitəsinin qarşısında hansı əsas vəzifələr durur?

– Gələn il çox mühüm hadısələr gözlənilir. İndiyədək əldə olunan təcrübə diaspor təşkilatlarımızın daha yetkin və nəzərəçarpacaq fəaliyyət göstərməsinə imkan verir. Diasporumuzun gördüyü işlər yaşadıqları ölkələrin siyasi həyatına təsir edəcək səviyyəyə yüksəlir. Bu da öz növbəsində Diasporla İş üzrə Dövlət Komitəsinin qarşısında mühüm vəzifələr qoyur. Yəni biz diaspor təşkilatlarımıza daha çox yardım etməli, dövlətimizin apardığı xarici və daxili siyasətin məramını onlara daha ətraflı izah etməliyik. Qeyd edim ki, Azərbaycan demokratikləşmə istiqamətində nə qədər addımlar atsa da, bəzi beynəlxalq təşkilatlar, bəzi dairələr ölkəmizə ikili standartlarla yanaşırlar. Bu reallıq tələb edir ki, gələn il Azərbaycan diaspor təşkilatları var gücləri ilə işləsinlər. Azərbaycan dövləti bu məsələlərdə diaspor təşkilatlarının yanında olacaq.

Diasporla İş üzrə Dövlət Komitəsi “Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası”na uyğun olaraq Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutu ilə birlikdə “Virtual həftə sonu” məktəbinin yaradılması istiqamətində iş aparır. Layihənin məqsədi xarici ölkələrdə yaşayan azərbaycanlı uşaqlara və gənclərə müasir informasiya texnologiyaları vasitəsilə ana dilini, Azərbaycan tarixini, mədəniyyətini, coğrafiyasını tədris etməkdən ibarətdir. Yaxın vaxtlarda layihənin hazırlanması başa çatdırılacaq və təqdimat mərasimi keçiriləcək.

 

 

Müsahibəni qələmə aldı: Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti.- 2009.- 31 dekabr.- S. 6.