İnkişafın Azərbaycan modeli: güclü dövlət, modernləşmiş
iqtisadiyyat və azad cəmiyyət
Uğurla inkişaf edən hər bir ölkə
öz inkişafının müəyyən ideyasına – millətin
mənəviyyatının hərəkətverici qüvvəsi
kimi çıxış edən, gələcəyə
çox güclü bir motiv olan ideyaya möhtacdır. Lakin
ümummilli ideyalar öz-özünə, heç nədən
yaranmır. Heykəltəraş incəsənət əsərlərini
gildən yapdığı və ya qranitdən yonduğu kimi,
mənəvi və intellektual liderlər də milli ideyanı
yaratmaq üçün millətin bütün yaradıcı
və tarixi potensialına istinad edirlər.
Azərbaycanın gələcək
inkişaf strategiyasını müəyyənləşdirmiş
ulu öndər Heydər Əliyev özünün fenomenal
siyasi keyfiyyətləri sayəsində nəinki yeni milli
ideyanı – müasir dövrün
çağırışlarına adekvat olan yeni Azərbaycan
dövlətçiliyi ideyasını ifadə etmiş, həm
də millətin ən geniş, bu ideyanı həyata
keçirən siyasi və intellektual qüvvələrini – səriştəli
idarəçiləri və Azərbaycanı mütərəqqi
inkişaf orbitinə çıxarmağa qabil olan cəsarətli
novatorları öz ətrafında birləşdirməyə
və onları bu ideyanın həyata keçirilməsinə
yönəltməyə nail olmuşdur. Bunun nəticəsidir
ki, bu gün ulu öndərin layiqli siyasi varisi Prezident
İlham Əliyev bünövrəsi Heydər Əliyev tərəfindən
qoyulmuş milli dövlətçiliyin təməlinə əsaslanaraq
Azərbaycanı uğurla siyasi və iqtisadi modernləşməyə
doğru aparır. İqtisadiyyatın
liberallaşdırılması, ölkənin geosiyasi və
geoiqtisadi çəkisinin artması, vətəndaş ilə
dövlət arasında vahid birliyin, ahəngdarlığın
bərqərar olması Azərbaycanın yüksələn xətlə
dirçəlişinə səbəb olmuşdur.
Azərbaycan sabit siyasi
sistemə və mərhələlər üzrə
formalaşan demokratik təsisatlara, bazar iqtisadiyyatı sistemi
üçün səciyyəvi iqtisadi struktura malik olan
ölkəyə çevrilmişdir. Səmərəli
dövlətçilik strukturunun təşəkkülünün
təməli olan əsas tezis Azərbaycanın regional proseslərdə
rəqabət qabiliyyətini və buna müvafiq olaraq regionda
liderliyini təmin etməkdən ibarət olmuşdur. Prezident
İlham Əliyevin apardığı ardıcıl və məqsədyönlü
siyasət nəticəsində ölkədə ictimai tərəqqi
davam etmiş, xalqın ümummilli maraq və mənafelərinin
təmin olunması yolunda mühüm addımlar
atılmışdır. Dövlət başçısı
milli maraqları əsas götürərək, cəmiyyətin
bütün sosial təbəqələrinin mənafelərini
özündə əks etdirən geniş fəaliyyət
nümayiş etdirmişdir.
Xarici ekspertlərin
fikrincə, Azərbaycan Prezidenti dünyada gedən çox
ziddiyyətli və mürəkkəb proseslərə
baxmayaraq, ölkənin daxili və xarici siyasətini uğurla
həyata keçirir. Ən nüfuzlu dairələrdə belə
müdrik və tarazlaşmış strateji xətt kimi qiymətləndirilən
bu siyasətin nəzəri bazasını və konseptual əsaslarını
yeni dünya nizamının tələbləri və
qloballaşma prosesi, mədəniyyətlərarası dialoq,
ümumbəşəri dəyərlər və onun tərkib
hissələrindən biri olan demokratik prinsiplər təşkil
etmişdir. Məhz bu meyarlar və aparılan siyasətin
bir-birini tamamlaması ölkənin həm daxildə, həm də
beynəlxalq münasibətlər sahəsində əldə
etdiyi nailiyyətlərinin təməlini qoymuşdur. Xarici
ölkələrlə uğurlu inteqrasiya sürətlənmiş,
sivil və demokratik dövlət kimi Azərbaycan beynəlxalq
aləmdə layiqli yer tutmuş, yeni neft strategiyası səmərəli
şəkildə həyata keçirilmiş, əsas insan və
vətəndaş hüquqları, azadlıqları təmin
olunmuş, sosial-iqtisadi inkişaf prosesi yüksələn xətt
üzrə davam etmişdir.
Ölkə
iqtisadiyyatının inkişaf strategiyası müəyyənləşdirilərkən
dünyanın inkişaf meyilləri, eləcə də
xalqın ümummilli məqsəd və mənafeləri nəzərə
alınmışdır. Azərbaycanın müxtəlif sahələrinin
inkişafını əks etdirən statistik göstəricilər
də bunu sübut edir. Belə ki, 2007-ci ildə Azərbaycan
ümumi daxili məhsulun artım sürətinə görə
dünyada lider dövlət elan olunmuşdur. Dünya Bankı
və Beynəlxalq Maliyyə Korporasiyası dünyada biznes
mühitinə dair hesabatında Azərbaycanı 2008-ci ilin ən
islahatçı ölkəsi elan etmişdir. Rəqabətədavamlılıq
sahəsində Azərbaycan MDB ölkələri arasında
şəksiz liderdir. Ötən illərdə həyata
keçirilmiş tədbirlər ölkədə yoxsulluq səviyyəsinin
əhəmiyyətli dərəcədə azalmasına gətirib
çıxarmış, yüz minlərlə yeni iş yerləri
açılmış, son bir neçə ildə milli
büdcənin həcmi 10 dəfədən çox, o cümlədən
müdafiə büdcəsi bir neçə dəfə
artmışdır. Azərbaycanın dövlət büdcəsi,
valyuta ehtiyatları, ölkəyə sərmayə
qoyuluşlarının həcmi artmış, güclü
sahibkarlıq sinfi yaranmışdır.
Təsadüfi deyil ki,
artıq öz iqtisadi inkişaf yolu olan, qlobal maliyyə
böhranının təsirini minimum həddə endirməyi
bacaran Azərbaycanın uğurları bütün dünyada
diqqətlə izlənilir və ölkəmizin inkişaf
tempini təmin edən şərtlər geniş təhlil
obyektinə çevrilir. Bunu son vaxtlar dünyanın
aparıcı mətbu orqanlarında Azərbaycanın iqtisadi
artımına dair dərc olunan yazılardan, beynəlxalq
reytinq agentliklərinin ölkəmizə verdiyi qiymətlərdən
də əyani görmək mümkündür. Məsələn,
Böyük Britaniyanın beynəlxalq biznes nəşri olan
“Financial Times” qəzeti “Azərbaycandakı investisiya
imkanları” sərlövhəli məqaləsində yazır
ki, qlobal maliyyə böhranı Azərbaycan iqtisadiyyatına
təsir göstərməyib. Ölkə iqtisadiyyatında son
on ildə 900 faiz artım olduğunu qeyd edən qəzet, bu
inkişafda özəl sektorun böyük rol
oynadığını xüsusi vurğulayıb. Məqalədə
o da qeyd edilir ki, Mərkəzi Asiya regionunun digər ölkələri
böhrandan çıxmaq üçün səylər
göstərdiyi halda, Azərbaycan iqtisadiyyatında artım
müşahidə olunur.
Azərbaycanda əlverişli
investisiya mühitinin olduğuna diqqət çəkən
“Financial Times”in məqaləsində bildirilir ki, beynəlxalq
ekspertlər 2010-cu ildə ölkəyə daha çox xarici
investisiya cəlb ediləcəyini düşünürlər.
O da qeyd edilir ki, Azərbaycan hökuməti enerji və digər
təbii ehtiyatlardan əldə etdiyi gəlirləri sosial
yönümlü proqramlara yönəldərək nəqliyyat,
infrastruktur və texnologiyanın inkişafına böyük
diqqət göstərir.
Dünyanın
nüfuzlu iqtisadi nəşrlərindən sayılan “The
Economist” isə yazır ki, 2010-cu ildə Azərbaycan beynəlxalq
maliyyə böhranı şəraitində inkişaf edən
ölkələrin reytinqində liderlər sırasında yer
alacaq. Bu nəşrin ekspertləri öz proqnozlarında
bildirirlər ki, növbəti ildə Azərbaycanda ÜDM-in
artımı 9,5 faizə çatacaq.
ABŞ-da çıxan
nüfuzlu “Washington Times” qəzetinin yazdığına
görə isə Amerika iqtisadiyyatının
sağlamlaşması prosesinin kifayət qədər ləng
getdiyi bir vaxtda ən sadiq, sabit və etibarlı dostlar Amerika
şirkətlərinin iştirakı ilə ümumi dəyəri
2,6 milyard ABŞ dolları olan strateji avtomagistralın layihələşdirilməsində
və tikintisində birgə fəaliyyət barədə
razılığa gəlmişlər: “Amerikanın kiçik
və orta şirkətləri üçün 2,6 milyard dollar
məbləğində Azərbaycanın
ayırdığı “stimullaşdırıcı paket” ən
münasib vaxtda ortaya çıxmışdır. 48
yaşlı Azərbaycan Prezidenti İlham Əliyevin öz
ölkəsində XXI əsr avtomagistralının tikintisi
üçün ABŞ şirkətlərini dəvət etmək
qərarı yeni iş yerləri yaradılmasına kömək
edəcək, habelə Amerika mallarının və xidmətlərinin
alınmasına səbəb olacaqdır. Cənab İlham Əliyev
həmin avtomobil yollarının dünya standartları səviyyəsində
olması üçün Amerika texnologiyaları və
xammalının idxalı barədə qərar qəbul
etmişdir”.
Qəzet yazır ki, bu
layihənin əsas tərkib hissələrindən biri qədim
Böyük İpək Yolu marşrutu üzrə Azərbaycanın
Şərq-Qərb dəhlizi boyunca avtomagistralın
tikintisidir: “Bu magistral həm də “yaşıl yol” olacaqdır.
Çünki yolun inşası zamanı bəzi yerlərdə
atmosferə atılan karbon qazını tutmaq üçün
nanotexnologiyalardan istifadə ediləcəkdir”. Qeyd olunur ki,
sürətlə inkişaf etməkdə olan müstəqil
Azərbaycan həm də Amerikanın dostu və Birləşmiş
Ştatlar üçün böyük əhəmiyyət kəsb
edən strateji regionda onun etibarlı müttəfiqidir: “Bu
gün cənab İlham Əliyev əmindir ki, Azərbaycanda
Amerika firmalarının fəaliyyəti üçün
şərait var. O, bilərəkdən kiçik və orta
Amerika biznesinin xeyrinə seçim etmişdir.
Cənab İlham Əliyevin
məqsədi, əvvələn, Azərbaycan ilə
ABŞ-ın mümkün qədər çox ştatı
arasında iqtisadi əlaqələri genişləndirməkdir.
İkincisi, Azərbaycan yerli inşaat şirkətlərinə,
məsələn, “Azərinşaatservis” şirkətinə
Amerikanın innovasiyalı kiçik müəssisələri
tərəfindən istifadə edilən qabaqcıl
texnologiyalardan bəhrələnmək imkanı vermək istəyir.
Amerika ilə Azərbaycanın
tərəfdaşlığı təkcə dünya səviyyəli
avtomagistral tikintisi ilə məhdudlaşmır. Xəzər dənizindəki
neft və təbii qaz yataqlarında kəşfiyyat, hasilat və
bu məhsulların dünya bazarlarına
çatdırılması Bakı və Vaşinqtonun
ümumi məqsədidir”.
Qəzet
vurğulayır ki, öz investisiyaları müqabilində
sabit gəlir əldə etmək qeydinə qalan amerikalı
istehlakçılar da Azərbaycanın bank sektoru
timsalında özlərinə etibarlı tərəfdaş
tapa bilərlər: “Azərbaycan sovet kommunizminin bürokratik
süründürməçiliyindən kapitalizmin
qırmızı xalçası üzərinə
keçmiş və Birləşmiş Ştatların
etibarlı dostuna çevrilmişdir”.
Mərkəzi ABŞ-da
yerləşən “Standard & Poor’s” reytinq agentliyi də Azərbaycanın
investisiya perspektivi reytinqini “müsbət” səviyyəyə
qədər qaldırmışdır. Bununla yanaşı,
agentlik uzunmüddətli suveren kredit reytinqini BB+,
qısamüddətli kredit reytinqini isə B səviyyəsində
təsdiq etmişdir. Reytinq şirkəti bunu dövlət
sektorunda aktivlərin artması, beynəlxalq investisiya vəziyyətinin
güclənməsi, ümumi dövlət borcunun büdcə
profisitləri şəraitində aşağı səviyyədə
qalması ilə izah edir. Eyni zamanda, Azərbaycanın
investisiya perspektivinin “sabit”dən “müsbət”ə doğru
yüksəlməsi ölkənin maliyyə vəziyyətinin
gələcəkdə möhkəmlənməsinə və
ona dünya investorları tərəfindən marağın
artacağına olan böyük gözləntiləri əks
etdirir. Dünya ölkələrində iqtisadi tənəzzülə
baxmayaraq, agentlik bu il Azərbaycanda 10 faiz, gələn il isə
7 faiz artım proqnozlaşdırır. Beynəlxalq Valyuta Fondu
isə gələn il ölkəmizdə iqtisadi artımın
7,4 faiz təşkil edəcəyi qənaətindədir.
Göründüyü
kimi, bu gün dünya Azərbaycanı yenidən kəşf
edir. Ölkəmizə olan bu diqqət və marağın əsasında
Prezident İlham Əliyevin fədakar fəaliyyəti
dayanır. Məhz bu titanik səylərin sayəsində
qlobal maliyyə böhranı şəraitində də Azərbaycan
iqtisadiyyatı uğurla inkişaf edir. Prezident İlham Əliyevin
həyata keçirdiyi iqtisadi siyasət strategiyası neftdən
əldə olunan gəlirləri qeyri-neft sektoruna, sahibkarlığın
inkişafına, özəl sektorun ÜDM-də xüsusi
çəkisinin artırılmasına yönəltməklə
kompleks inkişafa gətirib çıxarmışdır.
Ölkədə
qeyri-neft sektorunun inkişafı çoxşaxəli
inkişaf siyasətinin məntiqi davamı olmuşdur. Güclü
iqtisadiyyatın hər bir ölkənin inkişafında
mühüm amil olduğunu bəyan edən dövlət
başçısı İlham Əliyev ölkə
iqtisadiyyatında qeyri-neft sektorunun çəkisinin
artırılması ilə bağlı ardıcıl tədbirlər
görmüşdür. Bu məsələ regionların
sosial-iqtisadi inkişafı dövlət proqramının
birinci və ikinci mərhələsində yetərincə əksini
tapmışdır. Nəhəng infrastruktur layihələrinin
– olimpiya idman komplekslərinin inşası gənc nəslin
sağlamlığının qorunmasına mühüm
töhfələr vermişdir. Yüzlərlə səhiyyə
ocağının, müalicə-diaqnostika mərkəzlərinin
inşası səhiyyə sisteminin inkişafını
göstərmişdir. Ölkədə nəqliyyat sisteminin
yenidən qurulması Azərbaycanın dünyaya
çıxışını təmin etmişdir. 1800-ə
yaxın məktəbin tikilməsi isə təhsil sistemində
ən uğurlu islahat kimi tarixə
düşmüşdür.
“Əsl siyasət
konkret, real iş görməkdir” – deyən Prezident İlham Əliyevin
məqsədyönlü fəaliyyəti nəticəsində
hazırda, ilk növbədə, Azərbaycanın qüdrətli
dövlətə çevrilməsi yolunda son dərəcə
mühüm addımlar atılmaqdadır. Dəqiq müəyyənləşdirilmiş
prioritetlər, elmi əsaslara söykənən fundamental qərarlar,
xalqın mənafeyinə uyğun sosial-iqtisadi siyasət,
çevik idarəçilik mexanizminin
formalaşdırılması, mövcud imkanlardan Azərbaycan
vətəndaşlarının rifahı naminə maksimum
istifadə müasir tariximizin son altı illik
dövrünü səciyyələndirən ən xarakterik
xüsusiyyətlərdəndir.
Cənab İlham Əliyev
vətəndaşlarımız qarşısında verdiyi bəyanatlara
sadiqliyini, yürütdüyü siyasətin reallığa
söykəndiyini əməli işi ilə sübuta yetirərək
islahatların davamlılığını,
ardıcıllığını təmin etmiş, ölkəmizin
həyatında yeni bir inkişaf mərhələsinin
başlanmasına nail olmuşdur.
“Bizim məqsədimiz
iqtisadi cəhətdən güclü, siyasi cəhətdən
müstəqil dövlət qurmaqdır” – ölkə
başçısının bu sözləri aparılan siyasətin
ana xəttidir. Belə bir faktı vurğulamaq kifayətdir ki,
prezident seçildikdən sonra İlham Əliyevin altı il ərzində
imzaladığı fərmanlar ölkənin
inkişafının strateji istiqamətlərini və əsas
hədəflərini müəyyən edərək
köklü iqtisadi dəyişikliklərə təkan
vermişdir. Bazar iqtisadiyyatının inkişafında sosial ədalət
prinsipinə əməl edilməsi müddəası isə
bütün proseslərin insanların rifahına yönəldildiyini
aşkar göstərir.
Əldə olunmuş
uğurlar ölkədə ictimai-siyasi sabitliyin
qorunmasını və cəmiyyətin real
ehtiyaclarının ödənilməsinə yönəldilmiş
dövlət proqramlarının reallaşdırılmasını,
çevik sosial siyasətin yürüdülməsini təmin
edir. Artıq hər bir Azərbaycan vətəndaşı bu
mütərəqqi dəyişiklikləri özünün həyatında,
rifahında hiss etməkdədir.
Ölkəmizin iqtisadi
gücü və qüdrətinin, maliyyə
imkanlarının getdikcə artması imkan verir ki, Azərbaycan
beynəlxalq miqyaslı iqtisadi layihələrin əsas təşəbbüskarı
kimi çıxış etsin. Onların bəziləri
artıq başa çatmış, digərləri isə həyata
keçirilməkdədir. Ümummilli lider Heydər Əliyevin
müəllifi olduğu neft strategiyası yeni mərhələyə
qədəm qoymuşdur. Baki-Tbilisi-Ceyhan neft boru kəmərinin
istifadəyə verilməsi ilə əfsanə hesab olunan
arzular gerçəkləşmişdir. Boru kəmərinin
açılışı ərəfəsində Azərbaycan
Prezidenti İlham Əliyev “Avrasiyada ilin siyasət adamı”
elan edildi. Bütün dünya bu həqiqəti qəbul etdi
ki, “Əsrin müqaviləsi”nin memarı Heydər Əliyev,
onun qlobal nəqliyyat arteriyası kimi reallığa
çevrilməsinin, Azərbaycanın regionda strateji tərəfdaş
statusunu qazanmasının təminatçısı isə
İlham Əliyev olmuşdur. Layihənin reallaşması,
eyni zamanda, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin çəkilişi
Azərbaycanı beynəlxalq əhəmiyyətə malik
strateji iqtisadi layihələrin həyata keçirildiyi regional
mərkəzə çevirmiş, beynəlxalq energetika siyasətində,
bütünlükdə dünya iqtisadi sistemində mövqelərini
əhəmiyyətli dərəcədə möhkəmləndirmişdir.
Bu gün Azərbaycan
Avropanın enerji təhlükəsizliyində mühüm rol
oynayır. Avropa İttifaqı ilə Azərbaycan arasında
enerji məsələləri üzrə strateji tərəfdaşlığa
dair anlaşma memorandumunun imzalanması bunun bariz nümunəsidir.
Artıq “Şahdəniz” yatağından qazın hasilatına
başlanılmışdır və hazırda yataqdan gün ərzində
23 milyon kubmetr qaz, 6 min ton kondensat hasil olunur. Ölkəmiz hər
il Rusiyadan alınan 5 milyard kubmetrə qədər idxal
qazından azad olmuş, əhalinin və iqtisadiyyatın
bütün sahələrinin ehtiyacını tam ödəməklə
bərabər xeyli qaz ixrac potensialı yaratmışdır. Belə
ki, 2012-ci ilədək “Şahdəniz” yatağından ildə
təxminən 9 milyard kubmetr qaz və gündə 40 min barrel
kondensat çıxarılması gözlənilir. Bakı-Tbilisi-Ərzurum
qaz kəmərinin reallaşması da məhz bu yatağın
işə salınması nəticəsində mümkün
olmuşdur. “Şahdəniz” yatağından hasil olunan təbii
qaz hesabına Azərbaycan nəinki öz tələbatını
ödəmək, hətta mavi yanacağını
Gürcüstan, Türkiyə, Rusiya, İran və Avropa
bazarlarına çıxarmaq imkanı qazanmışdır. Son
beş ildə neft hasilatı 2,9 dəfə, qaz hasilatı isə
3 dəfədən çox artmışdır. Azərbaycan
qaz idxal edən ölkədən, onu ixrac edən ölkəyə
çevrilmişdir və nəql imkanlarını daha da
genişləndirmək niyyətindədir.
Neft və qaz kəmərlərinin,
digər müvafiq infrastrukturun tikintisi də daxil olmaqla, Azərbaycanın
neft sektorunun inkişafı artıq ölkənin iqtisadi
yüksəlişinə töhfə vermiş, regional və
qlobal əməkdaşlıq üçün əlavə
imkanlar yaratmışdır. Azərbaycanın karbohidrogen
ehtiyatları strateji coğrafi yerləşmə ilə birlikdə
ölkəni əhəmiyyətli enerji mənbəyinə və
beynəlxalq enerji təchizatı sisteminin vacib tərkib hissəsinə
çevirir. Yalnız enerji istehsalçısı və
ixracçısı kimi deyil, eyni zamanda, vacib tranzit ölkəsi
kimi Azərbaycanın regionun mərkəzi oyunçusu və
beynəlxalq aləmdə əhəmiyyətli aktor olaraq
imkanları getdikcə artır.
Azərbaycanda
aparılan enerji siyasəti nəticəsində ölkə
yeni tarixi mərhələyə qədəm qoymuşdur. Bu
gün qloballaşan dünyada artan neft gəlirləri ölkələrin
iqtisadi siyasətinin müəyyənləşdirilməsində
həlledici rol oynayır. Azərbaycan hökumətinin
qarşısında yeni imkanlar “pəncərəsi”
açılmışdır. Neftlə zəngin Azərbaycan
iqtisadiyyatını daha da inkişaf etdirmək məqsədi
ilə bu gəlirlərdən səmərəli istifadə
edir. Azərbaycan mədən sənayesində şəffaflıq
təşəbbüsünə qoşulmuş ilk ölkələrdən
biridir, neft gəlirlərinin xərclənməsi
baxımından uğurlu siyasət yürüdülür.
Azərbaycan Prezidenti
ölkənin daxili enerji tələbatının təmin
edilməsinə xüsusi əhəmiyyət verir. “Azərbaycanın
çox güclü energetika potensialı olacaqdır. Azərbaycan
öz enerji təhlükəsizliyini tam şəkildə təmin
edəcəkdir” – deyən ölkə başçısı
bəyanatlarını əməli işlə – bu məqsədə
xidmət edən müəssisələrin
açılışı ilə sübuta yetirir.
Prezident İlham Əliyevin
bu sahədə ən böyük uğurlarından biri
müasir tipli modul elektrik stansiyalarının tikilib istifadəyə
verilməsidir. Ölkənin elektrik stansiyalarında ildə
orta hesabla 20,2 milyard kilovatt/saat artıq elektrik enerjisi istehsal
olunur. Bu da respublikada elektrik enerjisinə olan tələbatı
tam təmin edir. Müasir “Şimal” elektrik stansiyasının
istifadəyə verilməsi və respublikanın müxtəlif
bölgələrində 7 modul tipli elektrik stansiyasının
tikilməsi, sistem əhəmiyyətli elektrik veriliş xətlərinin
və yarımstansiyaların quraşdırılması
energetika sahəsində yeni yüksəlişin
başlanğıcını qoymuşdur. Ümumilikdə
2003-2008-ci illərdə elektroenergetika sahəsində ümumi
gücü 750 meqavat olan 6 yeni elektrik stansiyası tikilib
istismara verilmiş, energetika sisteminin istismar gücü 24,3 faiz
artırılmışdır. Yeni elektrikötürmə,
kabel və hava xətləri çəkilmiş, elektrik şəbəkəsinin
dayanıqlı fəaliyyətinin təmin edilməsi
üçün zəruri işlər
görülmüşdür. Artıq iki ildir ki, Azərbaycan
elektrik enerjisini ixrac edən ölkəyə
çevrilmişdir.
Dövlət başçısı
İlham Əliyev ölkənin iri sənaye mərkəzi olan
Sumqayıtda 525 meqavat gücündə elektrik
stansiyasının açılışı münasibətilə
inşaatçılar, energetiklər və şəhər
ictimaiyyətinin nümayəndələri ilə
görüşdə bildirmişdir ki, “Biz növbəti illərdə
həm ənənəvi stansiyaların tikintisi, eyni zamanda,
alternativ enerji mənbələrinin yaradılması işində
çox ciddi çalışmalıyıq. Bu məqsədlə
lazımi tədbirlər görülür. Alternativ və bərpa
olunan enerji mənbələrinin yaradılması
üçün bütün lazımi tədbirlər
görülür. Gələn ildən başlayaraq, Dövlət
Neft Fondunun hesabına və dövlət büdcəsi
hesabına Azərbaycanda kütləvi şəkildə
alternativ və bərpa olunan enerji mənbələri
yaradılacaqdır...
Azərbaycan Prezidentinin
tapşırığına əsasən respublikanın qaz
almayan rayonlarının təchizatının bərpası
istiqamətində də işlər davam etdirilir. Hazırda
ölkənin qazlaşdırılması 85 faizə
çatdırılmış, bütün rayon mərkəzlərinin
qazla təchizatı təmin olunmuşdur.13 illik fasilədən
sonra Naxçıvana təbii qazın verilməsi bərpa
olunmuş, hələ keçmiş Sovet İttifaqı
zamanında da mavi yanacaqla təmin edilməyən, ölkənin
ən ucqar bölgələri sayılan Lerik və
Yardımlı rayonlarının qazlaşdırılması
başa çatdırılmış, həmin rayon mərkəzlərinə
təbii qaz verilmişdir. Həyata keçirilən tədbirlər
sayəsində qazla təmin olunan əhali abunəçilərinin
sayı 1 milyon 143 mini keçmiş, rayonların sayı isə
54-ə çatdırılmışdır. Beləliklə də,
əlavə olaraq 268 min 172 əhali abunəçisinin və
19 inzibati-ərazi bölgəsinin qazla təminatı bərpa
edilmişdir.
Göründüyü
kimi, hazırda Azərbaycan özünü elektrik enerjisi, neft
və qazla tam təmin edir. İqtisadiyyatın məhz bu real
sektoru vasitəsilə ölkə təkcə öz regionuna
deyil, həm də daha uzaq qonşularına, məsələn,
Avropa İttifaqı ölkələrinə sabitləşdirici
təsir göstərir. Enerji təhlükəsizliyi məsələsi
dünyanın gündəliyində başlıca məsələlərdən
biridir. Şübhə yoxdur ki, gələcəkdə enerji
ehtiyatlarına tələbat daha da artacaqdır. Dünyada yeni
mənbələr aşkar edilmir, mövcud mənbələr
və nəqliyyat sistemləri isə tam gücü ilə
işləyə bilmir. Alternativ enerji bazarları təqdim edən
Azərbaycan kimi dövlətlər isə etibarlı tərəfdaşlar
qismində dünya dövlətlərinin böhrandan
sonrakı paradında layiqincə iştirak edə biləcəklər.
Neft sənayesinin,
ümumiyyətlə, energetika sahəsinin uğurla inkişaf
etdirilməsi ölkəmizin qarşısında duran problemləri
həll etməyə, iqtisadi və sosial layihələri həyata
keçirməyə, qeyri-neft sektorunu inkişaf etdirməyə
geniş imkanlar açır. Prezident İlham Əliyevin
vurğuladığı kimi, “...indi qarşıda duran ən
mühüm vəzifə neft gəlirlərinin səmərəli
istifadəsini təmin etməklə qeyri-neft sektorunun
inkişafını sürətləndirmək və sosial
problemləri həll etməkdir”.
Bu istiqamətdə
görülən işlər sırasında respublikanın
yol infrastrukturunun yenidən qurulması xüsusi əhəmiyyətə
malikdir. Ölkə başçısının sözləri
ilə desək, “Azərbaycanda bütün yollar abad
olacaqdır, yol həyatdır, yol mədəniyyətdir”. 2003-cü
ildən başlayaraq respublikanın bütün bölgələrində
bu sahədə genişmiqyaslı işlər
görülmüş, nəinki şəhər, rayondaxili
yollar, hətta kəndarası yollar da diqqətdən kənarda
qalmamışdır. Vaxtilə xüsusi çəkisinə
görə ən qabarıq olan yol infrastrukturu problemi demək
olar ki, öz həllini tapmaqdadır. Bakı-Qazax-Gürcüstan
sərhədi, Ələt-Astara, Bakı-Rusiya sərhədi və
digər mühüm əhəmiyyətli avtomobil yollarında
aparılan geniş yenidənqurma işləri, dağ
rayonları Lerikə, Yardımlıya, Daşkəsənə,
hətta Cənubi Qafqazın ən yüksək
yaşayış məntəqəsi olan Xınalığa
belə müasir yolların çəkilməsi bu sahədə
gələcəkdə atılacaq daha böyük
addımların müjdəsi sayıla bilər.
Respublikanın
bütün bölgələrində olduğu kimi, Bakı
şəhərində də nəqliyyat infrastrukturunun
inkişafı üçün zəruri tədbirlər
görülür. “Bakı şəhərində nəqliyyat
sisteminin təkmilləşdirilməsi üzrə Tədbirlər
Planı”nda yol infrastrukturu üzrə nəzərdə
tutulmuş qovşaqların və piyada keçidlərinin
inşası davam etdirilir. Bu işlər görüldükdən
sonra şəhərin nəqliyyat infrastrukturu tamamilə yeniləşəcək,
vətəndaşların rahat hərəkəti təmin ediləcəkdir.
Ümumilikdə, son 5
ildə avtomobil yollarının, körpülərin, piyada
keçidlərinin tikintisi və yenidən qurulmasına 2,4
milyard manatdan çox vəsait sərf edilmişdir. Bu da
müstəqilliyimizin 2003-cü ilə qədər olan
dövrü ilə müqayisədə 32 dəfədən
artıq məbləğ deməkdir.
Respublikamızın rəhbərinin
regionların inkişafına yönəlmiş fəaliyyəti
çox böyük, bəlkə də, mühüm əhəmiyyət
daşıyır. Qəbul olunmuş Azərbaycan
regionlarının sosial-iqtisadi inkişafı dövlət
proqramlarına uyğun olaraq, bölgələrimiz sürətlə
və intensiv inkişaf edir, yeni iş yerləri ilə
yanaşı, müalicə-sağlamlıq ocaqları, idman və
mədəniyyət kompleksləri açılır, yeni
parklar, meydanlar salınır, məktəblər tikilir. Bu
istiqamətdə atılan addımlar Azərbaycanın hərtərəfli
inkişafına nail olunması üçün böyük
uzaqgörənliklə düşünülmüş siyasətin
əyani ifadəsidir. Mövcud reallığı əks etdirən
və gələcəyə hesablanmış bu iqtisadi
konsepsiyanın həyata keçirilməsi nəticəsində
regionlar sürətlə inkişaf edir, bölgələr
müasirləşir, yeni infrastruktur layihələri gerçəkləşir.
Bu işdə əsas təkanverici və həlledici amil
ölkə başçısının bölgələrə
səfərləri və qərarların icrasına şəxsən
nəzarət etməsidir. Təkcə ötən ildə cənab
İlham Əliyev ölkə regionlarına 14 səfər
etmiş, respublikanın 26 şəhər və rayonunda, həmçinin
Naxçıvan Muxtar Respublikasında səfərdə
olmuşdur. Ötən ilin dövlət büdcəsində
infrastruktur layihələrinə ayrılan 4,3 milyard manat vəsait
regionlarda geniş abadlıq-quruculuq işlərini
reallaşdırmağa, insanları narahat edən bir çox
problemləri aradan qaldırmağa imkan vermişdir. “...Bizim əsas
məqsədimiz mövcud olan problemlərə münasibət
göstərmək, onları qısa müddətdə,
tezliklə aradan qaldırmaqdır” – deyən dövlət
başçısı Dövlət Proqramında öz əksini
tapmamış məsələlərin operativ həllinə
dair əlavə sərəncamlar imzalayır.
İqtisadiyyatın
liberallaşdırılması və sahibkarlığın
inkişaf etdirilməsi İlham Əliyev siyasətinin əsas
prioritetlərindən biridir. Prezident İlham Əliyevin həyata
keçirdiyi iqtisadi inkişafın sürətləndirilməsi
strategiyası ölkə iqtisadiyyatının yüksələn
xətlə artımını şərtləndirir. Ardıcıl
və sistemli şəkildə atılan bütün
addımlar güclü iqtisadi potensialın
yaradılmasına, dövlətin möhkəmlənməsinə
və xalqın sabitlik şəraitində yaşamasına
xidmət edir. Çünki inkişafın əsasını
sabitlik təşkil edir. Sabitlik olmadan dirçəlişin
baş verməsi mümkün deyildir.
Ölkə Prezidentinin xüsusi diqqəti və qayğısı nəticəsində dövlət büdcəsi investisiya yönümlü büdcəyə, inkişaf və quruculuq büdcəsinə çevrilmişdir. Büdcənin gəlir və xərclərinin səmərəli və şəffaf şəkildə icrasında əhəmiyyətli irəliləyiş əldə olunmuşdur.
Qeyd etmək lazımdır ki, son beş ildə dövlət büdcəsi on dəfədən çox artmışdır. MDB dövlətlərinin büdcə vəsaitləri 2003-2008-ci illərdə 15-20 faiz artdığı halda, respublikamızda bu rəqəm 8 dəfədən çoxdur. Azərbaycanın büdcə gəlirlərinin illik artım tempi ötən dövrdə orta hesabla 30-40 faiz artımla müşayiət olunmuşdur. Məsələn, əgər 2003-cü ildə büdcə gəlirləri 1 milyard 200 milyon manat təşkil edirdisə, 2004-cü ildə bu rəqəm 1 milyard 500 milyon, 2005-ci ildə 2 milyard 100 milyon, 2006-cı ildə 3 milyard 800 milyon manat olmuş, 2007-ci ildə 50 faizdən də çox yüksələrək 6 milyard manatı ötmüşdür. Qlobal böhranla müşayiət olunan 2008-2009-cu illərdə dövlət büdcəsinin 10 milyard manatı ötməsinin özü də yüksək göstəricidir.
2010-cu ilin dövlət büdcəsi isə Azərbaycanın keyfiyyətcə yeni mərhələdə davamlı inkişafı üçün yaxşı imkanlar açır. Büdcə layihəsi hazırlanarkən dövlətin inkişafı üçün elmi əsaslar üzərində müəyyən edilmiş strateji xəttə uyğun olaraq dövlət büdcəsinin sosial və investisiya yönümlülüyünün təmin edilməsinə, əhalinin aztəminatlı təbəqəsinin sosial təminatının gücləndirilməsinə, ölkənin müdafiə potensialının, iqtisadi, enerji, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə, sahibkarlığın inkişafına dəstək verilməsinə, qəbul olunmuş məqsədli dövlət proqramlarının maliyyələşdirilməsinə xüsusi diqqət yetirilmişdir. Sosialyönümlü xərclərin büdcədəki xüsusi çəkisi 34,4 faiz (3 milyard 878 milyon manat) olmaqla cari illə müqayisədə 1,8 faiz çoxdur.
Dövlət başçısının qarşıya qoyduğu vəzifələr uğurla həyata keçirildikcə və iri infrastruktur layihələri reallaşdıqca ölkəmizin iqtisadi qüdrəti artır, beynəlxalq aləmdəki reytinqi getdikcə yüksəlir. Azərbaycan Prezidentinin 2009-cu il 14 aprel tarixli fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda qarşıya qoyulmuş sosial yönümlü tədbirlətin səmərəli şəkildə həyata keçirilməsi ölkə vətəndaşlarının layiqli həyat səviyyəsinin tam təmin olunmasına şərait yaradır. Yoxsulluğun səviyyəsinin azaldılması, əhalinin rifah halının daha da yaxşılaşdırılması istiqamətində dövlət proqramları uğurla icra edilir. Xüsusilə qayğıya daha çox ehtiyacı olan insanların problemlərinin həllini nəzərdə tutan bu mühüm əhəmiyyətli Dövlət Proqramının kompleks meyarlar əsasında icrası ölkənin daha da çiçəklənməsinə əlverişli şərait yaradır.
Azərbaycanın ildən-ilə əhəmiyyətli dərəcədə artan maliyyə imkanları onun sərmayədar ölkəyə çevrilməsini, digər dövlətlərin iqtisadiyyatına kapital qoyuluşunu şərtləndirən amillərdir. Son vaxtlar azərbaycanlı iş adamları Türkiyədə, Gürcüstanda və Mərkəzi Asiya respublikalarında dayanıqlı biznes yaradır, fəaliyyət dairələrini genişləndirirlər. Türkiyə, Gürcüstan, Moldova ərazisində inşa edilən nəhəng emal müəssisələri respublikamızın həmin ölkələrin strateji məhsullara olan tələbatının təmin olunmasında mühüm rol oynaması ilə yanaşı, sərmayədar dövlət kimi dünya bazarında rəqabət imkanlarını artırır.
(ardı var)
Kamal ADIGÖZƏLOV,
Azərbaycan Respublikasının Prezidenti
yanında Strateji Araşdırmalar
Mərkəzinin eksperti
Xalq qəzeti.- 2009.- 30 dekabr.- S. 3.