Naxçıvan: əsrlərin və nəsillərin estafeti

 

Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir, biz bunu qoruyub-saxlamalıyıq...

Mən istəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım, arzularım yerinə yetirilsin.

 

Heydər ƏLİYEV,

Ümummilli lider

 

 

Uzun illər ərzində Naxçıvan blokada şəraitində yaşayır və bu blokada bu gün də davam edir. Amma buna baxmayaraq, Naxçıvan yaşayır, Naxçıvan inkişaf edir. Naxçıvanda böyük quruculuq işləri aparılır və Naxçıvanın uğurlu inkişafı ölkəmizin gücünü göstərir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

 

Dövlətçiliyimizin şöhrət ünvanı

 

Naxçıvan torpağının özü qədər ulu və qədim olan, doğma və əzəmətli səslənən “Naxçıvan” sözü hər bir azərbaycanlı üçün çox əzizdir. Naxçıvanda təkcə o tay-bu tay Azərbaycan deyil, bütövlükdə, türk dünyası bütövləşir. Tarixən, deyildiyi kimi, burada Quzeydən Güneyə, Qərbdən Şərqə qapı açılır. Naxçıvan türk-islam aləminin alınmaz qalası, tarixin uzun bir dövründə Azərbaycan dövlətçiliyinin əməl və yaddaş mərkəzi kimi mövcud olmuşdur, bu şanlı missiyanı bu gün də davam etdirməkdədir. Ulu ruhların hifzedici bir zireh kimi qoruduğu bu torpağa həyəcansız, məfkurəvi duyğularsız qədəm basmaq mümkün deyil.

Ötənlərin ədalətsiz hökmləri ilə yeddi parça olmuş Azərbaycanın coğrafi və mənəvi anlamda mərkəzi vilayəti olmuş Naxçıvan XX əsrdə zəruri muxtariyyət statusuna sığınaraq ölkəmizin “ucqarı”na çevrilsə də bu diyar ruhən mərkəz rolunu bir az da artırmış, çağdaş ümumtürk geosiyasi məkanında seçilən bir ünvana çevrilmişdir. Bu həqiqəti türkdilli ölkələrin dövlət başçılarının bu il Naxçıvanda keçirilən növbəti zirvə görüşü bir daha təsdiqlədi. Dünyanın hər yerindən seyr olunan bu zirvə Naxçıvan Muxtar Respublikasının təkcə 50 milyonluq Azərbaycan xalqı üçün deyil, həm də türk soyu, türkdilli dövlətlər və toplumlar üçün necə əziz-qiymətli bir məkan olduğunu nümayiş etdirdi.

Bu danılmaz həqiqətə baxmayaraq, bu gün də Naxçıvana işğalçı Ermənistanın yaratdığı blokada şəraitinə görə havadan və xüsusi icazə ilə İran dövlətinin sərhədindən aşmaqla gedib-gələ bilirik. Bu acı duyğu Naxçıvan torpağına qədəm basmağımızla yoxa çıxdı. Tarixi və çağdaş təsəvvürlərimiz qəlbimizdə məşələ çevrilərək keçdiyimiz hər qarış torpağa, hər obaya gur işıq saldı. Ulu yurd yerlərini eninə-uzununa doyunca gəzdik, şirin ləhcəli, qeyrət, hünər və zəka nişanəli qardaş-bacılarımızla ünsiyyətdə olduq. Hər yerdə, hər ünvanda yaxın 15—20 il əvvəlin ağrılı mənzərələrinin, acı əhvallarının yerli-dibli silinib atıldığının şahidi olurduq. Üzağardan işlər, gülər üzlər Naxçıvanla bağlı göynəkli xatirələri, blokada ilə bağlı əziyyət və itkiləri, sanki, unutdurur, xoş bir təsəlli yaradırdı.

Elə bu duyğu-düşüncələrin çevrəsində ölkə Prezidenti İlham Əliyevin bu ilin avqustunda Naxçıvan Muxtar Respublikasının 85 illiyinə həsr olunmuş təntənəli mərasimdə söylədiyi tarixi həqiqəti tez-tez xatırlamalı olurduq: “Sovet İttifaqının dağıldığı ərəfədə və ondan sonra Naxçıvan çox ağır günlər yaşayıb. O illərdə ancaq ulu öndər Heydər Əliyevin əzmkarlığı, qətiyyəti və siyasi bacarığı Naxçıvanı böyük bəlalardan qorudu. Azərbaycana edilmiş hərbi təcavüzdən — 1990-cı ilin 20 Yanvar faciəsindən sonra Heydər Əliyev sovet rəhbərliyini kəskin şəkildə ittiham etdi və Sovet İttifaqı Kommunist Partiyasından çıxdı. Bundan sonra ona qarşı böyük təzyiqlər başladı. O, məcbur olub Moskvadan Bakıya döndü. Ancaq Bakıda o vaxtkı rəhbərlik təzyiqləri davam etdirdi və Heydər Əliyev öz vətəninə, doğulduğu yerə — Naxçıvana gəldi. Onun gəlişi Naxçıvanı böyük bəlalardan qurtardı. Naxçıvanlılar Heydər Əliyevi qorudular, Heydər Əliyev isə Naxçıvanı qorudu”.

 

Ulu öndərin əmanəti

 

Səfərimizin əsas məqsədi son illərdə Naxçıvanın keçdiyi misilsiz inkişaf yolu, quruculuq işləri, hərtərəfli yeniləşmə və yüksəliş barədə yazı hazırlamaq idi. Niyyətimizi muxtar respublikanın rəhbərliyi razılıqla qarşılamış, Ali Məclis aparatının məsul əməkdaşları qabaqcadan sistemli və əhatəli tanışlıq proqramı hazırlamışdılar. Suallarımızı cavablandırmaq üçün zəngin fakt və material toplanmış, maraqlandığımız hər şeyi öz gözümüzlə görmək, adamlarla sıx təmasda olmaq üçün əlverişli şərait yaradılmışdı. İllərlə həyata keçirilmiş irimiqyaslı işlərlə 3 gün müddətində muxtar respublikanı başdan-başa gəzib əzəmətli quruculuğun mənzərəsini detallarınadək görməyə yaradılmış imkana görə minnətdarlığımızı bəri başdan səfərin təşkilatçılarına çatdırmağı özümüzə borc bilirik.

Muxtar respublika ilə tanışlığımız, təbii olaraq, Naxçıvan şəhərinin mərkəzi meydanına xüsusi yaraşıq verən ümummilli lider Heydər Əliyevin abidəsini və ulu öndərin xatirə muzeyini ziyarətlə başladı. Muzeydə görüb-öyrəndiklərimiz Naxçıvandakı bugünkü intibahın başlıca qaynaqlarını nişan verdi. Azərbaycan tarixinin ən böyük şəxsiyyətinin, ümummilli liderin doğulub-böyüdüyü şəhərlə bağlı materiallar Naxçıvan torpağının xalqımıza, türk dünyasına, dünya siyasətinə verdiyi böyük töhfənin məzmun və əhəmiyyətini açıqlayır. Ulu öndərin həyat və mübarizəsinin nəsillərə örnək olan nişanələri muzeydə geniş əks olunub. 1990-1993-cü illərə aid materiallar ölkəmizdə milli azadlıq hərəkatının yüksəlişi, dövlət müstəqilliyinin məfkurəvi və hüquqi əsasları ilə bağlı qəti addımların məhz Naxçıvanda ulu öndərin rəhbərliyi altında atıldığını göstərir.

Naxçıvan Muxtar Respublikasının adından “Sovet Sosialist” sözlərinin çıxarılması, üçrəngli bayrağımızın milli dövlətçilik atributu kimi ilk dəfə Naxçıvanda qaldırılması, Müdafiə Komitəsi təşkil olunması, muxtar respublikanın SSRİ-nin qorunub saxlanması ilə bağlı referendumda iştirak etməməsi, Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı, ulu öndər Heydər Əliyevin təşəbbüs və iradəsi ilə qəbul olunmuş, imzası ilə təsdiq olunmuş tarixi sənədlər muzeyin ən qiymətli eksponatlarıdır. Bakıdakı Heydər Əliyev Fondundan sonra ümummilli liderin həyat yolunu əks etdirən ikinci ən böyük mərkəz olan bu muzeydə 3738 şəkil, sənəd, fakt və digər materiallar qorunub saxlanır və sərgilənir. Bu vaxtadək bu müqəddəs ünvandakı zəngin ekspozisiya ilə 40 ölkədən 98 mindən çox adam tanış olmuşdur.

Ulu öndərin Naxçıvanla bağlı bioqrafiyası, xüsusən, ağır blokada şəraitində həyata keçirdiyi zəruri tədbirlər, xalqın tələbi ilə Azərbaycan rəhbərliyinə qayıdışından sonra muxtar respublikanın problemlərinin həllinə göstərdiyi müstəsna diqqət və qayğı, son illərdə Prezident İlham Əliyevin yüksək səviyyədə davam etdirdiyi himayədarlıqla bağlı Ali Məclis aparatında və muzeydə öyrəndiklərimiz sonrakı saatlarda və günlərdə gördüyümüz, bizi heyrətləndirən və sevindirən hər bir yeniliyin başlanğıcını, səbəb-nəticə əlaqələrini doğru-düzgün anlamağımıza kömək elədi.

Muxtar respublika Ali Məclisinin sədri Vasif Talıbovla görüşdə Naxçıvanda gördüklərimizlə bağlı ümumi qənaətimizi və əsas sualımızı belə ifadə etdik: “Naxçıvanın ən qədim nişanələrinə yeni həyat vermisiniz, bu günün Naxçıvanını yenidən qurmusunuz, sabahın ucalılığına möhkəm özül yaratmısınız. Bu Naxçıvan möcüzəsinə necə nail olmusunuz?”

Muxtar respublika rəhbərinin cavabı qısa və aydın oldu: “Yol düzgün seçiləndə, milli maraqlara və dövlətçiliyə sədaqət olanda, adamların qayğı və ehtiyacları hədəfə alınanda istənilən möcüzəni yaratmaq olar”.

Söhbətin təbii axarında əlavə sual və replikalarımızla bu yığcam cavabın bir qədər geniş açıqlanmasına da nail olduq. Ali Məclis sədri bildirdi ki, ölkənin baş yolu ulu öndər Heydər Əliyevin göstərdiyi kimi, dövlət müstəqilliyimizin qorunub möhkəmləndirilməsidir. Bütün istəklər, səylər bu mərama yönəldilmişdir. Naxçıvanın muxtariyyətini dönə-dönə tarixi nailiyyət adlandıran ümummilli lider onu qoruyub saxlamağı Azərbaycan dövlətçiliyinin ən önəmli məsələlərindən biri hesab edirdi. Naxçıvanı qorumağın, onu düşmən qarşısında alınmaz qalaya çevirməyin ən yaxşı nümunəsini də böyük rəhbər özü göstərmişdir. Naxçıvan təkcə tarixin və əcdadlarımızın deyil, həm də ulu öndərin bizə qiymətli əmanətidir. Muxtar respublikanın etibarlı müdafiəsi yalnız hərbi-siyasi vəzifə deyil, həm də onun sosial-iqtisadi qüdrətinin artırılması, adamlarının həyat şəraitinin yaxşılaşdırılmasıdır. Azərbaycan Prezidenti İlham Əliyev ulu öndər Heydər Əliyevin Naxçıvana sevgi və diqqətini yüksək səviyyədə davam etdirərək onun sürətli inkişafı üçün nə lazımdırsa edir.

Vasif Talıbov çağdaş dünyada məşhur olan “yapon möcüzəsi”ni yada salaraq bildirdi ki, sonuncu cahan müharibəsində məğlub olub qalib dövlətlərin ayaqları altına düşən Yaponiya milli dəyərlərini dünyanın inkişaf amilləri ilə birləşdirməklə tərəqqinin ön mövqelərinə çıxdı. Biz də ulu öndərin vəsiyyətlərini əsas tutaraq milli prioritetlərimizi qabaqcıl dünya təcrübəsi ilə qovuşdurmağa nail oluruq. Qloballaşan dünyada milli maraqların, etnik özünəməxsusluğun qorunması ciddi məsələlərdən biridir. Hər bir xalq bəşəri inkişaf dəyərlərini mənimsəməklə yanaşı, öz maraqlarını da qorumağa çalışır. Bu gün biz Naxçıvanda ən müasir texnologiyaya əsaslanan istehsalat yaradırıqsa, mədəni sahədə və xidmət sferasında dünya standartlarına çatırıqsa, bu bizi özgələşdirməməli, milli əsasda zənginləşdirməlidir.

1995-ci ildə muxtar respublikada ümumi daxili məhsul 43 milyon 722 min manatlıq olmuşdusa, 2009-cu ilin yanvar-noyabr aylarında bu rəqəm 19,5 dəfə artaraq 850 milyon 527 min manata çatmışdır. Son 15 ildə əsas kapitala 1 milyard 443 milyon manatlıq investisiya yönəldilmişdir. Bu müddətdə Naxçıvanın şəhər və kəndlərində 188 təhsil ocağı, 158 səhiyyə müəssisəsi, 143 mədəniyyət obyekti, 355 inzibati bina tikilib istifadəyə verilmişdir. Ötən dövrdə 105 yeni körpü salınmış, 52 tarixi abidə və dini obyekt əsaslı təmir və bərpa olunmuşdur.

Əhalinin içməli və suvarma suyuna tələbatını ödəmək üçün son illərdə 331 subartezian quyusu qazılmış, 148 nasos stansiyası qurulmuşdur. 1995-ci ildə muxtar respublikada cəmi 16 kilometr asfalt yol çəkilmişdisə, bu ilin 11 ayında bu rəqəm 172 kilometr olmuşdur. Ümumiyyətlə, Naxçıvanın indiki inkişafı dövründə 3763 yeni istehsal, xidmət və əlavə infrastruktur obyekti yaradılmışdır. 1995-ci ildən bu günədək 61391 yeni iş yerləri açılmışdır. Bunun 33,4 faizi dövlət, 66,6 faizi özəl bölmənin payına düşür. Bu iş yerlərinin 60 faizə yaxını — 36585-i daimi məşğuliyyətlə bağlıdır.

Müsahibimizin çəkdiyi bir misal Naxçıvanda hər addımda gözə dəyən bəşəri inkişaf əlamətlərinin məzmununu nişan verdi. Şahtaxtı keçid-buraxılış məntəqəsində istifadəyə verilmiş müasir gömrük xidməti binasına baxan xarici diplomatlardan biri Naxçıvan rəhbərinə deyib ki, 400 min əhali üçün belə bir böyük, bahalı tikili nəyə lazımdır? Cavab kəsərli olub: “Biz təkcə özümüzü deyil, çox milyonlu soydaşlarımızı, o cümlədən, o taydakı 35 milyonluq xalqımızın, üstəlik, Türkiyədən gələn çoxsaylı qardaşlarımızın rahatlığını nəzərə almışıq”.

Nəhayət, “Naxçıvan möcüzəsi”nin daha bir vacib amilini muxtar respublika rəhbəri qanunların aliliyi, ictimai qaydaların pozulmazlığı ilə əlaqələndirdi. Sədr Çin dahisi Konfutsinin qanunsuzluğu milli varlığı məhv edən başlıca səbəb adlandırdığını yada saldı. O bildirdi ki, Naxçıvanda namuslu zəhmətin, ümumi işə köməyin, qanunlara əməl etməyin təşviq olunması, mükafatlandırılması, tənbəllərin, araqarışdıranların ictimai qınağa çıxarılması, kimliyindən asılı olmayaraq qayda-qanunu pozanların cəzalandırılması sağlam quruculuq mühiti yaradıb. Başa çatmaqda olan 2009-cu il nizam-intizam ili elan olunub. Naxçıvanda nümunəvi cəza müəssisəsi tikilsə də heç kəs orada “dincəlmək” istəmir. Qadının həbsə düşməsini isə cəmiyyətin təqsiri, rüsvayçılıq hesab edirik. İnsanları cinayətdən uzaqlaşdırmağın ən yaxşı profilaktik tədbiri onun problemlərinin həlli, cəmiyyətdə yerini tapmasıdır. Bir də hər kəs görüb yəqin etməlidir ki, onun ən xırda cinayəti belə cəzasız qalmayacaq.

Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov bu məqamda günümüzün bir vacib məsələsinə də toxunaraq dedi ki, insan kədərli günündə də, şadlananda da tək-tənha olmamalıdır. Ata-babalarımızın gözəl adət-ənənələrini qoruyub üzdəniraq əlavələrdən xilas etməliyik. Biz cənab sədrə Naxçıvanda yas mərasimlərinin islah olunması, milli ənənəmizə və dini qaydalara uyğunlaşdırılması ilə bağlı göstərilən nümunənin respublikamızda böyük razılıqla qarşılandığını və yayıldığını bildirəndə müsahibimiz qeyd etdi ki, təkcə yas deyil, başqa mərasimlər də islah olunmalı, milli və sivil məcraya salınmalıdır. İmkanlı adamların lüzumsuz təmtərağa can atması zərərli amildir. Naxçıvanda məişət və davranışda yalnız yaxşı nümunə əsas götürülür, milli dəyərlər təqdir və təşviq olunur.

Sədr daha sonra dedi ki, ilk baxışda xırda görünən belə məsələlərin yoluna qoyulması cəmiyyəti tədricən sağlamlaşdırır, ucaldır. Küçə süpürən xidmətçi layiqli məvacib alırsa, ehtiyac ucundan ev-eşiyini atıb getmiş adam doğma obaya qayıdanda qayğı görürsə, əlsiz-ayaqsızlar təmənnasız xeyirxahlıq görürsə, belə mühitdə dağı-dağ üstə qoymaq çətin deyil. Ulu öndər Heydər Əliyevin arzularını yerinə yetirmək, onun ideyalarına sadiq olmaq üçün aşağıdan-yuxarıya hər bir rəhbər işçi məsul olduğu sahədə şəxsi nümunə göstərməli, ictimai düşüncəni səfərbər edib hamı üçün faydalı işlər hasilə gətirməlidir. Biz uğurlarımızı belə qazanırıq. Məqsədimiz möcüzə görüntüsü yaratmaq deyil, adamları layiq olduğu güzərana çatdırmaq, müstəqilliyin necə bir nemət olduğunu ortaya qoymaq, ondan hamının payını təmin etməkdir.

 

Gördüklərimiz, öyrəndiklərimiz

 

Doğrudan da, Naxçıvanda harada olmuşduqsa, kiminlə görüşmüşdüksə muxtar respublika rəhbərinin dediklərinin əməli təcəssümünü görmüş, ümumi inkişaf və tərəqqidən hamıya pay çatmasının, ictimai məmnunluğun şahidi olmuşduq. Rahat yollardan da, gözəl istirahət guşələrindən də, nümunəvi xidmət obyektlərindən də, təzələnən, ehtiyacı ödəyən kommunikasiyalardan da hamıya pay düşür.

Mənzillərə, ictimai obyektlərə və müəssisələrə kifayət qədər elektrik enerjisi verilir. Muxtar respublika bu gün enerji ixracatçısına çevrilib. Bütün yaşayış məntəqələri qazlaşdırılıb. İçməli və suvarma suyu problemi həll edilib. Şəhər və kəndlər telefon rabitəsi, poçt xidməti ilə əhatə olunub. Naxçıvan şəhərindən və rayon mərkəzlərindən bütün istiqamətlərə avtobus marşrutları işləyir. Adamlara ən zəruri xidmətlər yaşadığı ərazilərdə göstərilir. Ticarət şəbəkəsində bolluqdur və normal qiymətlər mövcuddur. Neft məhsullarına tələbat tam ödənilir.

Gündən-günə artan imkanlardan, rahatlıqlardan qədərincə istifadə etməyin yeganə əxlaqlı və qanuni yolu məşğulluq və halal qazancdır. Yeni müasir istehsal müəssisələri və xidmət sahələri daimi, təminatlı iş yerlərinə çevrilib. Əkinçilik və maldarlığın inkişafı ilə emal sahələrinin və daxili bazarın tələbatı ödənilib.

Blokada səbəbindən muxtar respublikanın dəmiryol şəbəkəsi ötürücülük funksiyasını itirsə də, qorunub saz vəziyyətdə saxlanır, ondan daxili daşınmalarda istifadə olunur. Təbii sərvətlərdən faydalanma getdikcə artır. Bütün bunlar son 10 ildə sosial-iqtisadi inkişafı bir neçə dəfə sürətləndirib.

Son illərdə nəinki Naxçıvanı tərk edən yoxdur, əksinə, doğma yurda dönənlərin sayı çoxalıb. Bütün bunlar düşmənlərin niyyətlərinin gözündə qalması deməkdir. Azərbaycan, onun ayrılmaz tərkib hissəsi Naxçıvan tərəqqi yolu ilə sürətlə irəlilədikcə Ermənistan dövləti və separatçı Qarabağ rejimi geriyə gedir, problemlər içində boğulur. Bu, ümummilli lider Heydər Əliyevin Naxçıvanda başladığı xilaskarlıq missiyasının, sonrakı sabitlik və quruculuq strategiyasının təntənəsi, ulu öndərin ideya və əməllərini Prezident İlham Əliyevin uğurla davam etdirməsinin nəticəsi, xalqımızın mühüm qələbəsidir. Bu yolun torpaqlarımızın işğaldan azad edilməsi, düşmənin özünü məhkum etdiyi perspektivsizliyi etiraf etməsi ilə sonuclanacağı da şəksizdir. Naxçıvanda harada olduqsa, kiminlə görüşdüksə, hamının bu həqiqətdən güc aldığının şahidi olduq.

 

Yeni ünvanlar – sabaha açılan qapılar

 

Naxçıvanda olduğumuz günlərdə hər addımda yeniliyin, müasirliyin içindən ötüb keçdik. Son vaxtlar işə salınmış müəssisələrdə, bu ilin avqustunda Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilmiş nümunəvi obyektlərdə, sərhəd məntəqələrində olduq.

“Gəmiqaya holdinq” qida qrupunun Naxçıvanda yaratdığı nümunəvi emal müəssisələri müasirliyi, gərəkliyi ilə iqtisadi-sosial həyata yeni bir keyfiyyət gətirmişdir. 2002-ci ildə təsis edilmiş bu holdinq şəbəkəsini sürətlə genişləndirmişdir. Naxçıvanın şöhrətini dünyaya yaymış Badamlı mineral suyu, xalqımızın çoxdankı arzularına uyğun olaraq, müasir istehsalatda qablaşdırılaraq yüksək keyfiyyətdə bazara çıxarılır. 1274 metr yüksəklikdə, 25 və 35 kilometr aralıda yerləşən mənbələrdən plastik borularla gətirilən qazlı və qazsız mineral sular Fransanın “Sidel” şirkətindən alınmış avtomat xətlərdə şüşə və plastik qablara doldurulur. Bir il müddətində yaradılan bu müəssisə avqust ayında dövlət başçısı İlham Əliyevin xeyir-duası ilə işə salınmışdır.

“Gəmiqaya” qrupunun başqa bir müəssisəsində muxtar respublikada yetişdirilən meyvələrdən “Badamlı” markalı müxtəlif təbii şirələr hazırlanır. Holdinqin “Bərəkət” ərzaq məhsulları sexlərində müxtəlif un, süd və ət məmulatları – çörək, makaron, şirniyyat, halva, üzlü qatıq, qaymaq, ayran, yağlı pendir, kolbasa, sosiska istehsal olunur. Bu ərzaq mallarının keyfiyyətinə söz ola bilməz. Nəqliyyat çətinliyi olmasa Azərbaycanın hər yerində bu məhsullar özünə kifayət qədər alıcı tapa bilər. Qrupun şərab sexində isə yerli üzümdən “Qızıl damla” və “Mirvari” markalı qırmızı süfrə şərabları emal olunub qablaşdırılır. Bütün bu müəssisələrdə əhalinin hasilə gətirdiyi bitkiçilik və heyvandarlıq məhsulları tədarük olunur və xaricdən alınmış müasir avadanlıqlarla yüksək keyfiyyətli ərzaq malları hazırlanır. Kənd təsərrüfatı məhsulları istehsalı çoxaldıqca “Gəmiqaya” sexlərinin istehsal gücü də artır.

“Cahan holdinq” də muxtar respublikaya dünya standartları səviyyəsində məhsullar buraxan istehsalatlar gətirmişdir. Çay fabrikində Şri-Lankadan alınmış açıq çay, yerli dərman bitkiləri qablaşdırılır. Burada qənd də istehsal olunur. Qrupun başqa bir fabrikində yüksək keyfiyyətli tütün sortlarından siqaret bükülüb qutulara doldurulur. Radiator, şifer-sinkləmə, plastik inşaat materialları, plastik qapı-pəncərə sexləri də bu holdinqin yaratdığı nümunəvi istehsalatlardır. “Cahan”ın buraxdığı inşaat materiallarından muxtar respublikada tikinti-quruculuq işlərində geniş istifadə olunur. İnşaat malları satışı mərkəzi və mehmanxana əhaliyə yüksək səviyyəli xidmət göstərir.

Nəhayət, daha bir istehsal sahəsi – “Naxçıvan mebel fabriki” sənaye kompleksi MMC ilə tanışlığımız muxtar respublikada modernləşdirilmiş iqtisadiyyat barədə təsəvvürlərimizi zənginləşdirdi. Müəssisə özəlləşdiriləndən sonra burada istehsalat yeniləşdirilmiş, məhsulun çeşidi çoxalmış, keyfiyyəti əsaslı surətdə yüksəlmişdir. Muxtar respublikanın sosial və xidmət obyektlərində, inzibati binalarında, hərbi hissələrində gördüyümüz gözoxşayan, xarici analoqlarından geri qalmayan müxtəlif mebel nümunələrinin burada hazırlandığını öz gözlərimizlə görməsəydik, yəqin ki, onların kənardan gətirilmədiyinə çətin inanardıq. Bu müəssisədə yaradılmış əl işləri sexində qiymətli oduncaqlardan hazırlanmış nadir suvenirlərlə ən yüksək qonağı belə heyran qoymaq mümkündür.

İndi muxtar respublikada 104 növ ərzaq, 173 növ qeyri-ərzaq məhsulu buraxılır. Naxçıvan 224 adda məhsulla özünü təmin edir, ölkənin ticarət şəbəkəsinə və xarici bazara dünya standartları səviyyəsində mallar çıxarır. “Blokada” məfhumu məzmunca heçə endirilib. Naxçıvan şəhərində yaradılmış yeni beynəlxalq aeroport Bakı və Gəncə ilə daimi, etibarlı əlaqə yaratmağa imkan verir. Buradan xarici ölkələrə də uçuşlar həyata keçirilir. Culfa–Biləsuvar arasındakı məsafə Güney Azərbaycandan keçilməklə ölkənin əsas ərazisi ilə gündəlik avtomobil əlaqəsi yaradılır.

 

Həyatın yeni rəngləri

 

Naxçıvan şəhərində əsaslı yenidənqurmadan sonra istifadəyə verilmiş Heydər Əliyev Sarayı muxtar respublika paytaxtının hüsnünə xüsusi yaraşıq verməklə yanaşı, həm də müasir mədəniyyət ocağı kimi əhalinin istirahət və əyləncəsində mühüm rol oynayır. Burada 943 yerlik böyük və 276 yerlik kiçik salonda müxtəlif toplantılar, mərasimlər keçirmək üçün hər cür şərait yaradılmışdır. Muxtar respublikanın Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Filarmoniyası və Film Fondu, Rəsm Qalereyası da burada yerləşir. Bu il avqustun 4-də ölkə Prezidenti İlham Əliyevin iştirak etdiyi muxtar respublikanın 85 illik yubileyi təntənəsi ilə saray qapılarını ictimaiyyətin üzünə açmışdır.

Dövlət başçısının son səfəri zamanı istifadəyə verilmiş “Doğum evi” dünya ölçüləri səviyyəsindədir. Şəhərin mərkəzi hissəsinin memarlığını tamamlayan və gözəlləşdirən bu obyektdə körpələr dünyaya ən müasir tibbi şəraitdə, ideal bir mühitdə göz açırlar. Yeni açılmış Onkoloji Mərkəzdə də yüksək səviyyəli tibbi xidmət təşkil olunub. Son aylarda əsaslı yenidənqurma və genişləndirmədən sonra istifadəyə verilmiş Təhsil Nazirliyinin və muxtar respublika prokurorluğunun, şəhər gənclər və idman idarəsinin, uşaq gənclər idman məktəbinin, uşaq-gənclər yaradıcılıq, şahmat, kompyuter təlim-tədris və peşə tədrisi mərkəzlərinin, 2 yeni məktəbin yaraşıqlı, yeni avadanlıqla təchiz olunmuş binaları Naxçıvan şəhərinin yeni mənzərəsində xüsusi seçilir, ümumi ansamblı və ahəngi tamamlayır.

Ümumiyyətlə, Naxçıvanda yeni nəslin təlim-tərbiyəsinə göstərilən yüksək diqqət və qayğı təhsil uğurlarının artmasına həlledici təsir göstərmişdir. Muxtar respublikanın təhsil ocaqları yeni tikilmiş, əsaslı təmir olunmuş, yaxşı təchiz olunmuş, ayrıca istixana sistemi olan binalarda fəaliyyət göstərir. Məktəblərdəki 2335 kompyuterin 1588-i internetə qoşulub. Bu il orta məktəbi bitirmiş 4390 məzunun 74 faizi ali məktəblərə ərizə vermiş, tələbə adı qazananların 232 nəfəri 500–700 bal toplamışdır. Şahbuz rayonundakı Kükü kənd məktəbinin məzunu Aygül Salahlı 695 bal toplayaraq öz ixtisas qrupu üzrə respublika birincisi olmuşdur.

Naxçıvan Dövlət Universiteti ilə tanışlığımız Azərbaycan Respublikası Təhsil Nazirliyinin Boloniya prosesi ilə bağlı yeni akkreditə komissiyasının ali məktəbdə keçirdiyi yoxlama ilə bir vaxta düşdü. Ölkəmizin nüfuzlu ali məktəblərinin və nazirliyin məsul işçilərinin təmsil olunduğu heyət son illərdə böyümüş, müasirləşmiş, elmi-tədris bazası təzələnmiş və möhkəmlənmiş Naxçıvan Dövlət Universitetinin uğurlarını məmnunluqla, yüksək meyarlarla qeydə alırdılar. 108 hektar ərazini əhatə edən universitet şəhərciyində gördüklərimiz bizi də heyran qoydu və sevindirdi. Universitetin 10 fakültə və magistraturasında respublikamızın hər yerindən, eləcə də dünyanın neçə-neçə ölkəsindən 47 ixtisas üzrə 4230 tələbə təhsil alır. 1995-ci ildə isə burada 18 ixtisas üzrə 1750 tələbə oxuyurdu. 346 nəfərlik professor-müəllim heyəti arasında AMEA-nın 2 həqiqi və 5 müxbir üzvü, 26 elmlər doktoru - professor, 164 elmlər namizədi - dosent çalışır.

Universitetin tibb fakültəsinin uşaq klinikasında müxtəlif müalicələr və cərrahiyyə əməliyyatları aparılır. İncəsənət fakültəsi, konservatoriya və filarmoniya sabahın yüksək ixtisaslı mədəniyyət kadrlarının hərtərəfli inkişafına, estetik yaradıcılığına geniş meydan açıb. Dram dərnəyi, bədii kollektivlər ali məktəbə yaxın-uzaqlarda şöhrət qazandırıb. Universitet xarici ölkələrin 40-a yaxın təhsil ocağı ilə əməkdaşlıq edir. Simsiz internet şəbəkəsi Azərbaycanda ilk dəfə burada yaradılıb. “Heydər Əliyev Universiteti”, “Atatürk Araşdırma Mərkəzi”, “Amerika ilə Əlaqə Mərkəzi”, texniki yaradıcılıq mərkəzi, botanika bağı və s. yüksək ictimai-siyasi və elmi-mədəni fəallıq, entuziazm üçün münbit şərait yaradır. Aspirantura şöbəsi, 3 indeks üzrə dissertasiya şurası, müasir laboratoriyalar ölkənin elmi-texniki şəbəkəsində universitetin çəkisini artırır. Burada gördüklərimiz barədə rektor, akademik İsa Həbibbəylinin sevinc və iftixarla verdiyi məlumat böyük bir yazının mövzusudur.

Muxtar respublikada son illərdə rabitə şəbəkəsi də yeniləşdirilib və genişləndirilib. 2002-ci ildən bəri şəhər və kəndlərdə müxtəlif tutumlu 28 müasir rəqəmsal ATS istifadəyə verilib. Bu müddətdə abunəçilərin sayı 33,4 mindən 56,8 minə çatıb. Bu gün hər 100 ailəyə 65 nömrə düşür. 93 elektron ATS-dən 57-si optik avadanlıqla təchiz olunub. Son 3 ildə 134 kilometrlik Naxçıvan–İran və Naxçıvan–Türkiyə yeraltı kabel xətti çəkilib. Muxtar respublika Transavrasiya fiber-optik kabel magistralına qoşulub. Bu il Sədərək rayonunun Heydərabad qəsəbəsində və Ordubad rayonunun Unis kəndində 192, Şərur rayonunun Oğuz kəndində 256 nömrəlik ATS-lər istifadəyə verilib.

 

Kəngərli–Sədərək– Şərur

 

Muxtar respublikanın bölgələri, şəhər və kəndləri ilə tanışlığa bu yay Prezident İlham Əliyevin iştirakı ilə açılmış 78,5 kilometrlik, strateji əhəmiyyətli Naxçıvan – Sədərək yolu boyunca səfərlə başladıq. Magistralın hər iki tərəfində geniş yaşıllıq zolağı salınıb. Ümumiyyətlə, son illərdə muxtar respublika Ali Məclisinin sədri Vasif Talıbovun çağırışı və himayəsi ilə geniş yaşıllıq kampaniyası aparılır. İməciliklərdə salınmış massivlərdə hər idarənin ayrıca sahəsi var. Damcı suvarma şəbəkəsi yaradılmış, könüllü bağbanların becərdiyi bu ərazilər Naxçıvanın çılpaq təbiətini yaxın illərdə bağ və meşələrin yaşıl libası ilə örtəcək.

Magistralın hər iki tayında yerləşən yeni yaradılmış Kəngərli rayonunun mərkəzi Qıvraqda və yaşayış məntəqələrində geniş quruculuq-abadlıq işlərinin şahidi olduq, Şaxtaxtı Gömrük Məntəqəsinin yeni müasir binasına məmnunluqla baxdıq. Ermənistanla qonşuluqda yerləşən Sədərək rayonunda da əhalinin məşğulluğu və normal yaşayışı üçün zəruri tədbirlər həyata keçirilib. Bu iki rayonda son illərdə əksər idarə və təşkilatlara yeni inzibati binalar tikilib, müasir təhsil, səhiyyə, xidmət obyektləri yaradılıb.

Şərur şəhərində ölkə rəhbəri İlham Əliyevin iştirakı ilə istifadəyə verilmiş Olimpiya-İdman Kompleksində də olduq. İdman salonundan, üzgüçülük hovuzundan, stadiondan və mehmanxanadan ibarət bu müasir mərkəzdə müxtəlif beynəlxalq yarışlar da keçirmək mümkündür. Təcili yardım, uşaq və böyüklər üçün poliklinika ilə birlikdə müasir mərkəzi xəstəxana Şərur rayonunda əhaliyə hərtərəfli tibbi xidmət göstərməyə imkan verir. Bu səhiyyə kompleksi rahatlığı və təchizatı ilə Bakının nüfuzlu tibb ocaqlarından geri qalmır.

 

Babək – Culfa – Ordubad

 

Bölgələrlə tanışlığımızın digər marşrutu Babək, Culfa və Ordubad rayonlarından keçdi. Babək rayonunda muxtar respublikanın ən böyük kəndi olan Nehrəmin timsalında əhalinin problemlərinin, ehtiyaclarının yerindəcə həll edilməsi təcrübəsi ilə yaxından tanış olduq. Ölkəmizdə ilk dəfə Naxçıvanda yaradılan “kənd mərkəzləri” idarəetmə orqanlarının kənd təmsilçiliklərini bir binaya toplamağa, əhalinin zəruri xidmətlərə ehtiyaclarının bu məkanda ödənilməsinə imkan yaradır. İnzibati binada rayon icra hakimiyyəti başçısının ərazi nümayəndəliyi, bələdiyyə üçün otaqlar, iclas salonu, kitabxana, baytarlıq, aqronomiya və polis məntəqələri yerləşir. Qonşuluqda isə zəruri xidmətlərə tələbatı ödəmək üçün başqa bir bina tikilib. Nehrəm kəndindəki ikimərtəbəli yeni xəstəxana da nümunəviliyi, yüksək şəraiti ilə seçilir.

Kənddə olarkən Azərbaycanın tanınmış veteran-ziyalısı, uzun illər muxtar respublikanın səhiyyə sisteminə rəhbərlik etmiş Əqil Mehdiyevlə də görüşdük. Qocaman həkim Naxçıvanın tərəqqisindən, yüksələn güzərandan, muxtar respublika rəhbərliyinin yorulmaz, səmərəli fəaliyyətindən böyük razılıqla danışdı. O, əminliklə bildirdi ki, Heydər Əliyev ideyalarına sədaqət, Prezident İlham Əliyevin ətrafında xalqın möhkəm birliyi, muxtar respublika Ali Məclisinin sədri Vasif Talıbovun səfərbəredici və təşəbbüskar rəhbərliyi Naxçıvanı daha böyük uğurlara aparacaq.

Culfa rayonunda icra strukturları üçün yeni binalar, gömrük buraxılış məntəqəsi, 100 illik tarixi olan dəmiryol vağzalının restavrasiya olunmuş binası, yeni avtovağzal, Darıdağ mineral su mənbəyində yaradılmış karbon qazı doldurma sexi və sanatoriyanın timsalında son vaxtlar istifadəyə verilmiş obyektlərə baxdıq. Küçə və meydanlarda aparılan əsaslı abadlıq tədbirlərinin bu şəhəri daha da gözəlləşdirdiyinin şahidi olduq. Orbubadda isə nümunəvi internat məktəbində olduq, yeni istifadəyə verilmiş uşaq musiqi məktəbinə getdik, mərasimlər meydanından keçdik. Rayon icra hakimiyyətində əksər yaşayış məntəqələrini əhatə edən abadlıq-quruculuq işləri barədə geniş məlumat aldıq.

Naxçıvan şəhərində və bölgələrdə tarixi abidələrin bərpası və qorunması ilə bağlı həyata keçirilən zəruri tədbirlər təəssüratımızı xeyli zənginləşdirdi. Təbiət möcüzəsi, müqəddəs ziyarətgah Əshabi-Kəhfə rahat yol çəkilməsi, ziyarətçilər üçün rahatlıq yaradılması, ərazinin abadlaşdırılmasının sorağı çoxdan respublikamızda, qonşu ölkələrdə dolaşır. Biz də bu həqiqəti öz gözlərimizlə gördük.

Naxçıvan şəhərindəki qədim qala ərazisində Nuh peyğəmbərin qəbri üstündə məqbərə ucaldılması da tarixi bir hadisədir. Ordubadda Yusif Məmmədəliyevin, Nehrəmdə Cəlil Məmmədquluzadənin təmirdən sonra istifadəyə verilmiş ev muzeylərini ziyarət etdik. Məmməd Səid Ordubadinin ev muzeyində və orta əsr hamamında aparılan təmir işləri ilə də tanış olduq. Kəngərli rayonunda Qarabağlar türbəsinə və mədrəsə kompleksində aparılmış konservasiya işlərinə baxdıq. Bir sözlə, Naxçıvan bugününü gözəlləşdirməklə yanaşı, keçmişinə də xüsusi bir həssaslıq göstərir.

Muxtar respublikada hərbi quruculuğun uğurlarını Heydər Əliyev adına liseylə və Şahbuzun Şada kəndindəki “N” hərbi hissəsi üçün yaradılmış əsgəri məişət istirahət kompleksi və zabitlərin yaşayış binası ilə tanışlıq nümunəsində gözlərimizlə gördük. Ulu öndər Heydər Əliyevin daha bir yetirməsi olan və onun adını daşıyan hərbi liseyi 12 il ərzində bitirən 1115 kursantın 1077-si ali hərbi məktəblərə daxil olmuşdur. Bu gözəl məktəbdə hər şey ürəkaçandır. Şadadakı hərbi hissədə yaradılmış nümunəvi şərait də bizdə böyük məmnunluq doğurdu. Ümumiyyətlə, Naxçıvanda hərbi qulluq üçün yaradılan nümunəvi şəraitin sorağı ölkə gənclərinin burada xidmət keçmək arzusunu artırır.

Ulu öndər Heydər Əliyevin Azərbaycanda ilk dəfə Naxçıvanda eksperimental qaydada həyata keçirdiyi aqrar islahat sonrakı illərdə uğurla başa çatdırılmışdır. Əkinə yararlı torpaqların, ictimai əmlakın sahibi olmuş kəndli təsərrüfatları məhsuldarlığı yüksəltməyə, ümumi məhsulu dəfələrlə artırmağa nail olmuşlar. 1995-ci ildə diyarda 39 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilmişdisə, bu ilin 11 ayında bu rəqəm 160 milyon manatlığa çatmışdır. 15 il əvvəllə müqayisədə bu ilin əvvəlindən kənd təsərrüfatı məhsulları 4,1 dəfə, sənaye istehsalı 20,2 dəfə, əsas kapitala yönəldilən investisiyalar 120,4 dəfə, xarici ticarət dövriyyəsi 7,8 dəfə artmışdır. Bu rəqəmlər ümumi ölkə göstəricilərindən, eləcə də digər bölgələrdəki yüksək nəticələrdən də dəfələrlə üstündür.

Bu zirvələr “Naxçıvan möcüzəsi”nin hüdudlarını göstərməklə heyrət doğurur, heyranlıq yaradır, hər birimizə sevinc və qürur gətirir. Qəddar düşmənimiz ermənilər və onların havadarları Naxçıvanı blokadaya salmaqla onu ehtiyac dəryasında boğmaq, batırmaq istəyirdilər. Naxçıvanlılar öz dözüm, qeyrət və hünərləri ilə bütün daxili ehtiyatları hərəkətə gətirdilər. Mövcud olan dəyərli hər şey qorundu, yeniləşdirildi. Hər qarış torpaqdan, hər damla sudan, yerli xammaldan və materiallardan səmərəli istifadə olundu. Muxtar Respublikaya qabaqcıl dünya texnologiyaları gətirildi, müasir istehsalatlar quruldu. Təkcə son 5 ildə 140-dan çox yeni, müasir istehsal obyekti işə salındı. Əsas ərzaq sayılan taxılın illik istehsalı 95 min tona çatdırıldı.

 

* * *

 

Beləcə Naxçıvanda gördüklərimizi qısa şəkildə yazmaqla qurtarmaq olmur. Hələ qarşıdakı işlər, planlar və arzuları demirik. Bütün bunlar, əvvəldə deyildiyi kimi, seçilmiş yolun doğruluğu, qayda-qanunun aliliyi, rəhbərliklə əhalinin eyni məramda olmasının sürəkli və sürətli nəticələridir. Şübhəsiz, hər yerdə eşitdiyimiz bir amili də qeyd etmək məqamı çatıb: Muxtar respublikanın rəhbəri, Heydər Əliyev idarəetmə məktəbinin istedadlı və təcrübəli yetirməsi Vasif Talıbov doğma diyarı irəli aparmaq, modernləşdirmək üçün məqsədyönlü, irimiqyaslı, ardıcıl işləri uğurla həyata keçirir. Prezident İlham Əliyev muxtar respublikanın 85 illik yubileyi mərasimində bu reallığı belə dəyərləndirmişdir: “Hər bir Naxçıvan sakini əldə edilmiş bu uğurlarla haqlı olaraq fəxr edə bilər. Mən bütün naxçıvanlıları bu böyük uğurlar münasibətilə təbrik etmək istəyirəm. Naxçıvan rəhbəri Vasif Talıbova öz minnətdarlığımı bildirmək istəyirəm”.

Tarixin sərt sınaqlarından keçib gəlmiş, başı müsibətlər çəkmiş, dəfələrlə yüksəlişə çatmış Naxçıvan son illərdə yeni bir intibah dövrünü yaşayır. Naxçıvan Azərbaycanın ayrılmaz tərkib hissəsi və türk dünyası üçün strateji əhəmiyyətli bir məkan olduğunu dərindən dərk edərək, bu həqiqəti dünyaya sübut edir.

2009-cu ili diqqətəlayiq uğurlarla başa vuran və Azərbaycan dövlətçiliyinin inkişafına dəyərli töhfələr verən naxçıvanlıları 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və yeni 2010-cu il münasibəti ilə təbrik edir, həyata keçirilən nəhəng quruculuq işlərində yeni-yeni nailiyyətlər arzulayırıq.

 

 

Tahir AYDINOĞLU,

 

Namiq QƏDİMOĞLU,

Naxçıvan—Bakı

 

Xalq qəzeti.- 2009.- 29 dekabr.- S. 4.