Müzəffər Ağazadə
–70
Müdriklik zirvəsində
İnsan varlığının sirri özü
üçün yaşamaqda deyil, insanlar üçün
yaşamaqdadır
Bir lampa yandırsan
işıq az olar,
Yüz lampa yandırsan
yaddaşda qalar...
Ömür sürət
qatarına bənzəyir. Yaşadığı illər nə
qədər uzun olsa da, insanın dünyaya gəlməsi ilə
getməsi arasında məsafə çox az
görünür. Lakin bu zaman kəsiyini elə
yaşamalısan ki, keçdiyin yol səndən sonra gələnlərə
bir məktəb, bir örnək olsun. Əgər insan öz həyatını
mənalı yaşamaq istəyirsə, bu amala ailə məhəbbəti
və xalq istəyi ilə bərabər fəaliyyət
göstərdiyi sahədə işıqlı əməlləri
ilə nail ola bilər. Və cəmiyyətdəki yüksək
nüfuzu da bura əlavə etsək, deməli məqsədinə
çatmısan.
Belə mənalı
ömür sahiblərindən biri də həyatının
70-ci baharını arxada qoyan, məhkəmə orqanlarında
40 ildən yuxarı hakim işləyən, keçdiyi yollarda
Məmməd Xələfov, Abdulla İbrahimov, Sabir Kərimov,
Ramazan Rəcəbli, Hüseyn Talıbov, Hacıbala
Sadıqov, Oqtay Maqsudov, Vidadi Həşimov, Nəriman
Hüseynov və Mənsur İbayev kimi ölkənin
tanınmış hüquqşünasları ilə
yolları birləşən Müzəffər Ağazadədir.
Yorulmaz əməyi ilə gənc
həmkarlarına nümunə göstərən, çətin
məqamlarda məsləhətləri və iş təcrübəsi
ilə gənc həmkarlarının köməyinə
çatan peşəkar hakim Müzəffər Ağazadə
bu gün də qanunlar mexanizminin cəmiyyətdə keyfiyyətli
və hərtərəfli formalaşmasına öz töhfəsini
verməkdədir. Böyük yunan alimi Sokratın belə bir
sözü var: Hakimdə dörd zəruri keyfiyyət
olmalıdır. O, səbr və nəzakətlə dinləməli,
ağıllı cavab verməli, soyuqqanlı düşünməli
və qərəzə yol vermədən ədalətli qərar
çıxarmalıdır. Bu dörd zəruri keyfiyyəti
özündə cəmləşdirən Müzəffər
Ağazadə ona göstərilən etimadı həmişə
doğrultmuş, xüsusi ədalət mühakiməsinin həyata
keçirilməsi kimi çətin və məsuliyyətli
işin öhdəsindən ləyaqətlə gəlmiş,
bu sahədə bilik və bacarığını əsirgəməmişdir.
Bu səbəbdən də işlədiyi rayonlarda ictimaiyyətin
dərin hörmətini qazanmış, həmin rayonlarda
partiya komitəsinin plenum üzvü, rayon sovetinin deputatı
olmuşdur. Səmərəli fəaliyyətinə, o cümlədən,
hüquqi biliklərin təbliğinə görə SSRİ və
Azərbaycan SSR Ədliyyə Nazirliklərinin, Respublika “Bilik”
Cəmiyyətinin fəxri fərmanlarına, “Əməkdar
hüquqşünas” fəxri adına layiq
görülmüş, “Tərəqqi” medalı ilə təltif
edilmişdir.
Bakı şəhər
Oktyabr Rayon (Yasamal) Məhkəməsində fəaliyyətə
başlayan Müzəffər Ağazadə 1967-1970-ci illərdə
Azərbaycan SSR Nazirlər Soveti Hüquq Komissiyasının Məhkəmə
Ekspertizası İnstitutunda (indiki Məhkəmə
Ekspertizası Mərkəzi) və Respublika Ali Məhkəməsinin
nəzarət şöbəsində baş məsləhətçi
kimi çalışıb. 1970-1976-cı illərdə
Daşkəsən Rayon Məhkəməsinin hakimi, 1976-1987-ci
illərdə Bərdə, 1987—1990-cı illərdə isə
Ağdam Rayon Məhkəməsinin sədri işləyən
M.Ağazadə hazırda Azərbaycan Respublikası Ali Məhkəməsinin
hakimi vəzifəsində çalışır.
M. Ağazadənin hakimlik fəaliyyəti
respublikanın gənc hakimləri üçün bir məktəbdir.
O, öz peşəsinə yaradıcı yanaşaraq
mövcud qanunların təcrübədə tətbiqi
zamanı onları heç vaxt mexaniki surətdə qəbul
etməmiş və bu qanunların təkmilləşdirilməsi
istiqamətində təcrübəsini əsirgəməmişdir.
Cinayət və cinayət prosessual qanunların təkmilləşdirilməsi
ilə bağlı dövri mətbuatdakı
çıxışlarında M.Ağazadənin irəli
sürdüyü məsələlərin bəziləri
artıq qanunvericilikdə dəyişiklik etmək yolu ilə
öz həllini tapmışdır.
O, Azərbaycan Respublikası
Konstitusiyasının 96-cı maddəsinə əsasən
qanunvericilik təşəbbüsü hüququna malik olan Azərbaycan
Respublikası Ali Məhkəməsinin Milli Məclisə təqdim
etdiyi bir çox qanun layihələrinin və Konstitusiya Məhkəməsinə
qanunların şərhi ilə əlaqədar verilən
sorğuların müəllifidir. Bu təcrübəli hakimin
iştirakı ilə cinayət və cinayət prosessual
qanunlarının məhkəmələr tərəfindən
tətbiqi mexanizmi barədə çoxsaylı təkliflər
hazırlanaraq Ali Məhkəmənin Plenum müzakirəsinə
çıxarılmışdır. O, Azərbaycan
Respublikası Cinayət Prosessual Məcəlləsinin şərhinin
hazırlanmasının iştirakçılarından biridir.
Cinayət və cinayət prosessual qanunvericiliklə
bağlı M.Ağazadənin bir sıra maraqlı fikirləri
və təklifləri 2000-ci ildə “Hüquq Ədəbiyyatı”
nəşriyyatı tərəfindən nəşr olunmuş
“Cinayət və cinayət prosessual qanunlar haqqında hakimin
düşüncələri” adlı kitabında öz əksini
tapmışdır.
M.Ağazadə hüquq elmləri namizədi elmi dərəcəsi almaq üçün yazılan onlarca dissertasiyaya rəy vermişdir. ABŞ, Çexiya, Almaniya və digər ölkələrdə keçirilən simpozium və seminarlarda Azərbaycan Respublikası Ali Məhkəməsini ləyaqətlə təmsil edən hakim gənc hüquqşünaslar üçün uzun illərdən bəri Ədliyyə Nazirliyinin tədris kursunda — hazırkı Ədliyyə Akademiyasında, Respublika Prokurorluğunun Tədris Mərkəzində hakimlər və dövlət ittihamçıları ilə keçirilən seminar məşğələləri aparır. Təcrübəli hakim M.Ağazadə indi də öz zəngin təcrübəsini gənc hüquqşünaslarla paylaşmaqda davam edir. Vəkillərin ixtisas komissiyasının üzvü kimi bu quruma daha savadlı və bacarıqlı kadrların qəbul edilməsinə kömək göstərir.
Cəmiyyətin inkişaf prosesinin tələblərinə uyğun olaraq qanunlar toplusunun və onların işləmə mexanizminin də daim təkmilləşdirilməsi zərurəti meydana çıxır. Təbii ki, bu proses də öz növbəsində iş təcrübəsindən qaynaqlanır. Ona görə də tanınmış hüquqşünaslarımızın uzun illər topladığı zəngin təcrübələrinə böyük ehtiyac var. Bunu hüquq sahəsində işləyən bütün hüquqşünaslar bilir və onlar M.Ağazadənin biliyindən səmərəli istifadə edirlər. Qeyd edək ki, M.Ağazadə ölkədə uzun illər məhkəmə orqanlarında çalışan, yəni 52 il iş təcrübəsinə malik çox az hakimlərdən biridir.
Ömrünün müdriklik zirvəsini yaşayan bu insana — 1972-ci ildən tanıdığım ən yaxın dostum, ləyaqətli insan Müzəffər Ağazadəyə həyatda və səmərəli fəaliyyətdə xoşbəxtlik və yeni-yeni uğurlar arzulayıram.
Ənvər SEYİDOV,
hakim, yazıçı
Xalq qəzeti.- 2009.- 29 dekabr.- S. 6.