Mədət Allahverdiyev – 80

 

Görkəmli iqtisadçı alim, qayğıkeş insan

 

Qısa və mənalı həyatını respublikada iqtisad elminin inkişafına, yüksək ixtisaslı iqtisadçı kadrlar hazırlanmasına həsr etmiş görkəmli iqtisadçı alim, respublikanın ilk iqtisad elmləri doktorlarından biri Mədət Mustafa oğlu Allahverdiyev bir insanın ölkə və xalqı üçün edə biləcəyinin hamısını etmişdir.

 

O, bu mənada hətta demək olar ki, öz müasirlərini xeyli qabaqlamışdır. 100 nəfərədək elmlər namizədi və doktoru hazırlayan, sanballı elmi əsərlər yazan Mədət müəllim eyni zamanda prinsipial, xeyirxah, işıqlı bir insan idi. XX əsrin ikinci yarısında Azərbaycan xalqının iqtisadi fikrini müvəffəqiyyətlə təmsil etmiş M. Allahverdiyevin keçdiyi yaradıcılıq yolu bu gün iqtisad elminin ağır yükünü çiyinlərində daşıyan hər bir azərbaycanlı iqtisadçı alim üçün örnək ola bilər.

M.Allahverdiyev 1929-cu il dekabr ayının 21-də Qubadlı rayonunun Dəmirçilər kəndində anadan olmuşdur. Hələ lap gənc ikən sərbəst elmi fəaliyyətə başlamışdır. 1950-ci ildə K.Marks adına Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunu bitirdikdən sonra EA-nın iqtisadiyyat bölməsinin aspiranturasında təhsil almış, 1954-cü ildə isə Moskvada müvəffəqiyyətlə namizədlik dessertasiyası müdafiə etmişdir. M.Allahverdiyevin məhsuldar həyatının böyük bir dövrü Azərbaycan EA İqtisadiyyat İnstitutunda keçmişdir. O, burada baş elmi işçi, elmi katib, şöbə müdiri vəzifələrində çalışmışdır. 1968-75-ci illərdə isə Azərbaycan SSR Dövlət Plan Komitəsinin Elmi-Tədqiqat İqtisadiyyat İnstitutunun direktoru vəzifəsində işləmişdir.

Professor M.Allahverdiyevin iqtisadi oriyentrlərin dəyişdiyi indiki şəraitdə də öz aktuallığını saxlayan tədqiqatları yaradıcılığının ilk mərhələsində iqtisad elminin aqrar problemlərinə, sonrakı mərhələlərdə isə iş qüvvəsinin təkrar istehsalı, əmək, makroiqtisadi tarazlıq problemlərinə həsr olunmuşdur.

Keçən əsrin 50-ci illərinin sonu və 60-cı illərin əvvəllərində Sovetlər İttifaqında kənd təsərrüfatının iqtisadi problemləri diqqət mərkəzində idi. Kənd təsərrüfatını stimullaşdırmaq, burada istehsalı tədricən intensivləşdirməklə ölkə əhalisinin kənd təsərrüfatı məhsullarına olan ehtiyacını təmin etmək üçün bu sahənin dərindən öyrənilməsi tələb olunurdu. Bu dövrdə M.Allahverdiyevin bir-birinin ardınca “Azərbaycan SSR-in çayçılıq kolxozlarının iqtisadiyyatının inkişafı” (Bakı, Akademiya nəşriyyatı, 1956) “Kolxozlarda ictimai və şəxsi mənafelərin əlaqələndirilməsi” (Bakı, Azərnəşr, 1956), “Kolxoz istehsalının inkişafında maşın-traktor stansiyalarının rolu” (Bakı, “Azərnəşr, 1959), “Dağ rayonları şəraitində kompleks mexanikləşdirmənin bəzi məsələləri” (Bakı, Azərnəşr, 1960), “Pambıqçılıqda əmək məhsuldarlığı və onun artırılması yolları” (Bakı, Akademiya nəşriyyatı, 1960), “Kolxoz və sovxozlarda əməyin və istehsalın düzgun təşkili” (Bakı, Azərnəşr, 1962) kimi əsərləri çap olunur. Baxmayaraq ki, plan və bazar qarşıdurması o dövrün iqtisadi ədəbiyyatından başlayaraq geniş mübahisə və diskussiyalar obyektinə çevrilmişdi, real gerçəklikdə əmtəə-pul münasibətlərinin, mübadilənin inkişafı inkaredilməz iqtisadi hadisə idi. Ona görə də kolxozların geniş şəkildə əmtəə mübadiləsinə cəlb olunması labüdlüyü şübhə doğurmurdu. Lakin bunu təmin etmək üçün iqtisadi mexanizm hazırlanması tələb olunurdu. Tədqiqatçı-alim iqtisadi ədəbiyyatda ilk dəfə olaraq kolxozlarda məhsul vahidinə məsrəflərin ölçülməsi zəruriliyini və imkanlarını əsaslandırır, burada kapital qoyuluşlarının ölçüsü və ödəmə müddətinin müəyyənləşdirilməsi metodikasını işləyib hazırlayır.

Keçmiş Sovetlər İttifaqında Azərbaycan özünün demoqrafik spesifikliyi ilə həmişə fərqlənmişdir. Orta İttifaq səviyyəsinə nisbətən əhalinin yüksək təbii artımı, yaş, çins, peşə tərkibində fərqli cəhətlərin olması, milli mentalitetin azərbaycanlıların ittifaqdaxili miqrasiyasına təsiri burada əmək resurslarının daha geniş və dərindən tədqiqini zəruri etmişdir. M.Allahverdiyev bu sahədə geniş tədqiqatlar aparmaqla böyük bir elmi məktəbin - demoqrafiya və əməyin iqtisadiyyatı elmi məktəbinin əsasını qoymuşdur. M.Allahverdiyevin və bu məktəbin digər nümayəndələrinin tədqiqatçı peşəkarlığı sayəsində Azərbaycan əmək resurslarının öyrənilməsi üzrə İttifaqda ən nüfuzlu elmi mərkəzlərdən biri hesab olunurdu.

M.Allahverdiyev 1964-1967-ci illərdə əmək və əmək resurslarına dair bir sıra fundamental əsərlər çap etdirir. “Əmək resursları və Azərbaycan SSR kənd təsərrüfatında onlardan istifadə olunması” (Bakı, Azərnəşr, 1964), “Sosialist əhalisakinliyi qanunu” (Azərbaycan SSR materialları əsasında) (Bakı, Akademiya nəşriyyatı, 1965), “Azərbaycan SSR-də iş qüvvəsinin təkrar istehsalı məsələləri” (Bakı, Akademiya nəşriyyatı, 1966), “Məhsuldar və qeyri-məhsuldar əmək” (Azərbaycan SSR materialları əsasında) (Bakı, Azərnəşr, 1967) kitabları müəllifin elmi yaradıcılığının ən uğurlu yekunlarındandır.

M.Allahverdiyev 1966-cı ildə 37 yaşında “Azərbaycan SSR-də iş qüvvəsinin təkrar istehsalı problemləri” adlı doktorluq dissertasiyasını müdafiə edərək Azərbaycan EA İqtisadiyyat İnstitutunda birinci, respublikada isə B.Axundov və T.Vəliyevdən sonra üçüncü iqtisad elmləri doktoru olmuşdur. 1968-ci ildə ona professor elmi adı verilmişdir.

Professor M.Allahverdiyevin tədqiqat obyekti olan işçi qüvvəsinin təkrar istehsalı problemi Azərbaycan iqtisad elmi üçün spesifik problemdir. Respublika iqtisadiyyatının məşğuliyyət, əmək tutumluluğu, demoqrafik təsirlər baxımından fərqli cəhətləri burada işçi qüvvəsi probleminin işlənməsinə də spesifiklik verir. Hazırda respublika iqtisadiyyatının ciddi probleminə çevrilən artıq əmək ehtiyatları yalnız yeni iqtisadi sistemə keçidin problemi deyildir. Bu, keçmiş dövrdən miras qalan problemdir. Respublikada işsizlik məsələsinin əmələ gələ biləcəyini M.Allahverdiyev keçən əsrin 60-cı illərinin əvvəllərində apardığı tədqiqatlarda konkret təhlil əsasında aşkar edib göstərirdi.

İstehsal proseslərinin mexanikləşdirilməsinə mane olmamaq, inzibati-idarə işçiləri ştatını şişirtməmək şərtilə mövcud işçi qüvvəsinin ictimai istehsala cəlb olunma səviyyəsini yüksəltmək uçün M.Allahverdiyev bütövlükdə istehsalın yüksək sürətlə inkişaf etdirilməsini əsaslandırır.

Sosializm şəraitində əmək resursları ilə onlara olan tələbat arasında disproporsiyanın yaranması obyektiv zərurət olmasa da, real həqiqətdir. Lakin müxtəlif yollarla bu uyğunsuzluğun qarşısını almaq mümkündür. Sovet iqtisadiyyatının tarixi inkişaf təcrübəsi göstərir ki, bu uyğunsuzluğu aradan qaldırmaq üçün ən çox istifadə edilən yol ölkənin iqtisadi rayonları arasında işçi qüvvəsini yenidən bölüşdürməkdir.

M.Allahverdiyev bütün əsərlərində bu cür tədbirlərə əl atılmasına qarşı çıxmış, onun heç bir müsbət nəticə vermədiyini aşkar etmişdir. Xüsusən şərq rayonlarının iqtisadi cəhətdən mənimsənilməsi üçün Zaqafqaziya iqtisadi rayonundan əmək ehtiyatlarının müxtəlif yollarla (ictimai çağırış yolu ilə, mütəşəkkil fəhlə toplanışı vasitəsilə) ora göndərilməsini həm iqtisadi, həm də demoqrafik cəhətdən ziyanlı bir tədbir hesab etmişdir.

Müəllifə görə, hər bir iqtisadi rayonda, o cümlədən respublikamızda artıq əmək ehtiyatlarının ictimai istehsala cəlb edilməsinin ən səmərəli yolu “...ya həmin rayonların özlərində istehsalın ümumi artım tempini sürətləndirmək və yaxud onun quruluşunu böyük əməktutumlu sahələr hesabına dəyişdirmək...”dən ibarətdir.

M.Allahverdiyevin Azərbaycan SSR-in əmək ehtiyatlarına həsr olunmuş tədqiqatları bütövlükdə respublika əhalisinin sayının ərazi və sahə üzrə dəyişməsi qanunauyğunluqlarını aşkar etməyə imkan verir. Onun tədqiqatlarından çıxan məntiqi nəticələr böyük elmi-praktiki və sosial-iqtisadi əhəmiyyət kəsb edir. Bu qanunauyğunluqların aşkar edilməsi respublikanın ayrı-ayrı rayonlarının əhalisinin cins-yaş, milli, sosial və peşə strukturuna, rayonların təbii-iqtisadi və əmək resurslarından istifadə dərəcəsinə təsir etmək, onların perspektiv dəyişmə meyillərini görmək baxımından çox qiymətlidir.

Əhalinin demoqrafik xüsusiyyətlərinin xalq təsərrüfatının planlaşdırılmasında nəzərə alınması zəruriliyini və uçot metodikasını əsaslandırması professor M.Allahverdiyevin dərin düşüncələrinin məhsuludur. Respublikanın inzibati və iqtisadi rayonları üçün əmək resurslarının hesabat və plan balanslarının tərtibi metodologiyasının hazırlanmasında və təcrübədə onun həyata keçirilməsində M.Allahverdiyevin misilsiz xidmətləri olmuşdur.

M.Allahverdiyev öz elmi-tədqiqat işlərinin yekunlarını gerçəkləşdirən, onların tətbiqinə nail olmağa cəhd edən alim idi. Bu, onu öz həmkarlarından fərqləndirən daha bir üstün keyfiyyət idi. Azərbaycan SSR Dövlət Plan Komitəsinin İqtisadiyyat İnstitutuna başçılıq etdiyi 1968- 1975-ci illər M.Allahverdiyevin həm elmi təşkilatçılıq qabiliyyətinin üzə çıxması baxımından, həm də onun tədqiqatlarının hökumət və dövlət səviyyəsində öz tətbiqini tapması baxımından müstəsna əhəmiyyətə malikdir. Onun rəhbərliyi altında institut böyük elmi mərkəzə çevrilir. Bu mərkəzdə respublikanın iqtisadi inkişafının uzunmüddətli proqnozlaşdırılması və perspektiv planlaşdırılması ilə əlaqədar mühüm problemlər işlənir. M.Allahverdiyevin başçılığı və bilavasitə iştirakı ilə “1971-1980-ci illərdə Azərbaycan SSR-in məhsuldar qüvvələrinin inkişafı və yerləşdirilməsi sxemi”, “1976-1990-cı illərdə Azərbaycan SSR-in uzunmüddətli iqtisadi proqnozu, məhsuldar qüvvələrin inkişaf və yerləşdirilməsi sxemi” tərtib olunur. Xeyli vaxt və böyük enerji tələb edən bu fundamental işlər Azərbaycanının iqtisadi inkşiafının daha mütərəqqi istiqamətlərini müəyyən etmək üçün vahid ümumdövlət konsepsiyasının yaradılmasına xidmət etmişdir. Bu tədqiqatlar respublikanın iqtisadi inkişafının planlaşdırılmasında nəzərə alınmışdır.

M.Allahverdiyevin elmi-təşkilatçılıq bacarığı sayəsində respublikada iqtisad elminin yeni bir istiqaməti - region iqtisadiyyatının optimal fəaliyyəti adlı istiqaməti təşəkkül tapır. Ötən əsrin 70-ci illərinin əvvəllərində “1971-1988-ci illərdə Azərbaycan SSR-in məhsuldar qüvvələrinin inkişafı və yerləşdirilməsinin konsepsiyası və əsas istiqamətləri”, “Uzunmüddətli perspektiv üçün Azərbaycan SSR-in xalq təsərrüfatının inkişaf istiqamətlərinin müəyyənləşdirilməsinin metodoloji əsasları”, “Azərbaycan SSR-in sahələrarası və rayonlararası əlaqələri”, “İctimai istehsalın strukturunun təkmilləşdirilməsi”, “Respublikanın ayrı-ayrı rayonlarının kompleks iqtisadi inkişafının optimallaşdırılması” və digər bu kimi fundamental elmi tədqiqatların başa çatdırılması ilə həmin elmi istiqamətin əsası qoyulur.

M.Allahverdiyevin Dövlət Plan Komitəsi yanında İqtisadiyyat İnstitutuna rəhbərlik etdiyi illər Azərbaycan iqtisad elminin ən məhsuldar illəri sayılır. Onun rəhbərliyi və iştirakı ilə respublikanın sahələrarası enerji balansı, su, əmək resursları, gənclər balansı tərtib olunub, dörd dövr üçün Azərbaycan SSR-də məhsuldar qüvvələrin inkişafı və yerləşdirilməsi sxemi hazırlanıb. Maraqlıdır ki, gənclər balansının tətbiqi ilə onların peşələrə yiyələnmə dərəcəsini 60-65 faizə çatdırmaq mümkün olmuşdu. Müqayisə üçün deyək ki, bu rəqəm hazırda 15-20 faiz təşkil edir. Bu sxemlər və balanslar müəyyən mənada C.M.Keyns nəzəriyyəsini xatırladır və sanki həmin nəzəriyyənin Azərbaycanda istifadə edilməsinə yönəldilmişdir.

Yaradıcılığının son mərhələsində görkəmli iqtisadçı alimin elmi maraq dairəsinə iqtisadi qanunların fəaliyyət və istifadə mexanizmi, region iqtisadiyyatının təsərrüfat mexanizminin təkmilləşdirilməsi, respublikada milli gəlirin təkrar istehsalı, sənayenin baza sahələrinin inkişafı problemləri daxil olur. Bu problemlər tədqiqatçı alimin “Təsərrüfat mexanizmi və iqtisadi səmərəlilik” (1981), “Azərbaycan SSR-də milli gəlirin təkrar istehsalının tempi və proporsiyaları” (Bakı, “Elm” nəşriyyatı, 1982), “Sənayenin baza sahələri və iqtisadi artım” (Bakı, “Elm”) kitablarında elmi həllini tapır. M.Allahverdiyevin göstərilən əsərləri xalqın iqtisadi fikir tarixi baxımından geniş öyrənilməyə layiqdir. Lakin bu məqalədə yalnız belə bir faktı oxucuların diqqətinə çatdırmaq istəyirəm ki, tədqiqatçı alim özünəməxsus hesablama metodu ilə respublikada milli gəlirin dinamikasını müəyyən etmiş, istehsal olunan milli gəlirlə istifadə olunan milli gəlir arasında uzun bir müddət ərzində mövcud olmuş böyük bir fərqin respublikanın ziyanına olmasını, bu fərqin dərin səbəblərini və onların aradan qaldırılması yollarını göstərmişdir.

Keçən əsrin 80-ci illərinin ikinci yarısında iqtisad elminin, kütləviliyinin artması, digər tərəfdən isə elmin özünün differensiasiyası ilə əlaqədar iqtisadi terminlərdən geniş istifadə olunmağa başlanır. Bu terminlərin düzgun işlədilməsi və dərk olunması həm dilimizin təmizliyini, həm də iqtisadi publisistikanı təhriflərdən qorumaq üçün vacib idi. Lakin respublikada mükəmməl və əhatəli iqtisadiyyat terminləri lüğətinin olmaması bu işdə müəyyən çətinliklər yaradırdı. Professor M.Allahverdiyevin başçılığı ilə az bir müddətdə olduqca tutumlu və böyük bir iş görüldü. 20 min termini əhatə edən iri həcmli “Rusca-Azərbaycanca iqtisadiyyat terminləri lüğəti” (376 səh) hazırlandı. Təəssüf ki, lüğət alimin sağlığında deyil, onun ölümündən sonra - 1994-cü ildə “Elm” nəşriyyatı tərəfindən çap olundu.

Professor M.Allahverdiyevin fəal alim mövqeyi onun doktorluq və namizədlik dissertasiyalarının müdafiəsi üzrə respublikanın ixtisaslaşdırılmış elmi şuralarının, iqtisad elmi üzrə koordinasiya şurasının, “İqtisadiyyat” jurnalının redaksiya heyətinin üzvü kimi, həmçinin uzunmüddətli perspektiv üçün Azərbaycan SSR-in elmi-texniki tərəqqisinin kompleks proqramının hazırlanması üzrə problem komissiyasının sədri kimi açıq hiss olunurdu.

Professor M.Allahverdiyev 1992-ci ildə 63 yaşında dünyasını dəyişdi. Zaman da dəyişdi. İndi o dövrləri xatırladıqda bu insanın ucalığı, böyük zəka sahibi olması, yaxşı mənada millətçiliyi bizi heyran edir.

Mədət müəllim elmi ictimaiyyət, xüsusən iqtisadçı alimlər arasında böyük nüfuz sahibi idi. Bu nüfuzu ona alim istedadı, elm yolu ilə gedənlərə hərtərəfli köməyi, mübahisəli məsələlərdə prinsipial mövqe tutması qazandırmışdı. Mədət müəllimlə uzun müddət birgə çalışmış və dostluq etmiş Azərbaycan iqtisad elminin ağsaqqalı, akademik Asəf Nadirovun onun haqqında yığcam və çox dəyərli belə bir fikri var: “Mədət müəllim Azərbaycan iqtisad elmini yaradan bir alimdir. O, çox sədaqətli dost, insanları sevən və obyektiv qiymətləndirən şəxs idi”.

 

 

Xosrov KƏRİMOV,

BDU-nun iqtisadi nəzəriyyə

kafedrasının dosenti

 

Xalq qəzeti.- 2009.- 29 noyabr.- S. 7.