Azərbaycanın xarici ölkələrlə ticarət əlaqələri genişlənir

 

Cari ilin on ayında xarici ticarətdə 6,6 milyard dollarlıq müsbət saldo yaranmışdır

 

Son illər Azərbaycanda baş verən dinamik sosial-iqtisadi inkişaf əksər dünya dövlətləri, həmçinin beynəlxalq nüfuzlu təşkilatlar tərəfindən rəğbətlə qarşılanır və nəticədə ölkəmizin adı müxtəlif reytinq sıralamalarında öncül yerlərdə göstərilir. Bu da təsadüfi deyil. Çünki beynəlxalq maliyyə qurumları ilə səmərəli əməkdaşlıq edən Azərbaycan Respublikasında aparılan islahatlar, sosial siyasət, həyata keçirilən infrastruktur layihələri və digər zəruri tədbirlər düzgün, düşünülmüş strategiyaya əsaslanır, ölkənin davamlı inkişafına və həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəldilir.

 

Nazirlər Kabinetinin 2009-cu ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş geniş iclasında Prezident İlham Əliyev bu məsələyə toxunaraq demişdir: “Bizim apardığımız işlər beynəlxalq təşkilatlar tərəfindən də qiymətləndirilir və belə olmasaydı, 2008-ci ilin yekunlarına görə Dünya Bankı Azərbaycanı “Doinq Business” proqramında bir nömrəli islahatçı ölkə kimi tanımazdı. Dünya İqtisadi Forumunun hesablamalarına görə, — bu da dünyanın ən mötəbər qurumlarından biridir, — Azərbaycan rəqabət qabiliyyətinə görə dünyada 51-ci yerdədir, MDB məkanında isə birincidir... Biz həmişə demişik ki, bizim uğurlarımızın əsas səbəbi aparılan islahatlar, düşünülmüş siyasət və atılan düzgün addımlar olmuşdur. Bu gün Azərbaycan öz imkanlarından istifadə edib çox güclü və dayanıqlı iqtisadiyyat qurur”.

Ölkəmizdə mövcud iqtisadi sərbəstlik, özəl bölmənin inkişafı üçün yaradılmış münbit şərait, ən başlıcası isə respublikamızın yerləşdiyi əlverişli coğrafi şərait nəticəsində xarici ticarət əlaqələrinin həcmi və miqyası getdikcə artır. Yeri gəlmişkən, xarici ticarət dövriyyəsi, idxal-ixrac əməliyyatları ölkələrarası münasibətlərin, iqtisadi əlaqələrin inkişafında mühüm amillərdəndir. Təsadüfi deyil ki, dövlət başçıları, eləcə də nümayəndə heyətləri arasında keçirilən görüşlərin, danışıqların əsas mövzularından birini də məhz xarici ticarət dövriyyəsinin artırılması təşkil edir.

Son illər Azərbaycan Respublikasının iqtisadi qüdrətinin və beynəlxalq nüfuzunun xeyli artması xarici ticarət əlaqələrinin genişlənməsinə təkan vermişdir. Təkcə bir faktı qeyd etmək yetərlidir ki, Azərbaycanın xarici dövlətlərlə ticarət əlaqələri 1995-ci ilin səviyyəsini dəfələrlə ötmüşdür. Bu da, heç şübhəsiz, xarici ölkələrlə, beynəlxalq maliyyə təsisatları ilə iş birliyinin getdikcə genişlənməsi və idxal-ixrac əməliyyatlarının ilbəil artmasının nəticəsidir. Bundan əlavə, azad sahibkarlığa və təşəbbüskarlığa geniş meydan verilməsi ölkədə yeni, müasir texnologiyalar əsasında rəqabət qabiliyyətli məhsulların istehsalına səbəb olur. Təsadüfi deyil ki, hazırda Azərbaycanda istehsal olunan məhsullara dünya bazarında maraq artır və bu malları alan ölkələrin sırası getdikcə genişlənir. Elə bunun nəticəsidir ki, son illər ticarət dövriyyəsinin strukturunda mühüm dəyişikliklər baş verir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2009-cu ilin yanvar-oktyabr aylarında Azərbaycan dünyanın 136 ölkəsi ilə ticarət əməliyyatları aparmışdır. Hesabat dövründə ölkəmizin xarici ticarət dövriyyəsinin həcmi 16 milyard 517,6 milyon ABŞ dolları təşkil etmişdir. Xarici ticarət dövriyyəsinin 11 milyard 561 milyon dolları ixracın, 4 milyard 956,6 milyon dolları isə idxalın payına düşmüşdür. Göründüyü kimi, xarici ticarət əməliyyatlarında ixracın həcminin xeyli artması nəticəsində cari ilin ötən on ayında 6 milyard 604,4 milyon dollarlıq müsbət saldo yaranmışdır. Onu da deyək ki, mal mübadiləsinin 88,9 faizi sərbəst dönərli valyuta sövdələşmələri yolu ilə həyata keçirilmişdir.

Azərbaycan Respublikasının Avropa Şurasına tam hüquqlu üzv seçilməsindən doqquz ilə yaxın vaxt ötür. Bu müddətdə Avropa iqtisadi məkanına daha sıx inteqrasiya olunması istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Elə 2009-cu ilin on ayında aparılmış idxal-ixrac əməliyyatlarının xeyli hissəsinin Avropa Birliyi ölkələri ilə aparılması da bunu təsdiqləyir. Daha dəqiq desək, hesabat dövründə Azərbaycanın xarici ticarət dövriyyəsinin xeyli hissəsi İtaliya, Almaniya, Böyük Britaniya, Fransa, İspaniya, Yunanıstan və digər Avropa ölkələri ilə aparılmışdır. İdxal-ixrac əməliyyatlarının qalan mühüm hissəsi isə digər uzaq xarici ölkələrin və MDB məkanına daxil olan ölkələrin payına düşmüşdür.

Hesabat dövründə xarici ticarət əməliyyatları aparılmış ölkələr sırasında İtaliya birinci mövqedə olmuşdur. Belə ki, adı çəkilən ölkə üzrə ilin on ayı ərzində 3 milyard 64 milyon 249,4 min dollarlıq idxal-ixrac əməliyyatları həyata keçirilmişdir. Amerika Birləşmiş Ştatları, Fransa, Hindistan, Çin, Türkiyə və s. ölkələr də Azərbaycanın mühüm ticarət partnyorlarındandır. Yeri gəlmişkən, Azərbaycanın neft-qaz sektorunun inkişafı ilə yanaşı, bir sıra sahələrdə rəqabət qabiliyyətli məhsul istehsalının genişləndirilməsi ölkəmizin ixrac imkanlarının xeyli artmasına səbəb olmuşdur. Bu da bir çox dövlətlərlə aparılan ticarət əməliyyatları zamanı müsbət saldo əldə edilməsinə imkan yaratmışdır. 2009-cu ilin ötən 10 ayı ərzində ixracın həcminin bir qədər də artması həmin ölkələrin siyahısını xeyli genişləndirmişdir. Hesabat dövründə İtaliya, Amerika Birləşmiş Ştatları, Fransa, İndoneziya, İsrail, Kanada, İspaniya, Hindistan, Malayziya, Tayvan (Çinin əyaləti), Yunanıstan və s. ölkələrlə aparılan idxal-ixrac əməliyyatları müsbət saldo ilə nəticələnmişdir. MDB dövlətlərindən olan Tacikistan, Türkmənistan, Qırğızıstan və Moldova Respublikası ilə ticarət dövriyyəsi zamanı da müsbət saldo əldə edilmişdir .

Cari ilin 10 ayında Azərbaycanın ən az ticarət əməliyyatları apardığı məkanlar, əsasən, uzaq xarici ölkələr olub. Bunlara isə Boliviya, Əlcəzair, Kot-divuar, Qana, Qətər, Madaqaskar, Marşal adası, Monako, Namibiya, Niger, Sudan və s. ölkələri misal göstərmək olar.

Son illər Azərbaycanda bazar iqtisadiyyatı münasibətlərinin bərqərar olması, əlverişli investisiya mühiti, sahibkarlığın stimullaşdırılması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər qeyri-dövlət bölməsinin inkişafına böyük təkan verib. Elə real iqtisadiyyatda özəl bölmənin xüsusi çəkisinin hazırda 85 faizi ötməsi də bunu təsdiqləyir. Eyni zamanda, özəl bölmənin inkişafı ölkəmizin xarici dövlətlərlə apardığı ticarət dövriyyəsinin də həcminin genişləndirilməsinə imkan yaradır. Belə ki, hazırda ölkənin özəl sektorunda istehsal olunan rəqabət qabiliyyətli mallar xarici bazarda özünə getdikcə daha çox yer tapmaqdadır. Yeri gəlmişkən, ölkəmizdə istehsalın quruluşu, investisiya qoyuluşunun istiqamətlərinin müəyyənləşdirilməsi, xarici və daxili tələbatın öyrənilməsi iqtisadi artımın sürətlənməsinə müsbət təsir göstərməklə yanaşı, idxaldan asılılığın da azaldılması üçün geniş imkanlar yaradır.

Dövlət Statistika Komitəsinin Azərbaycanın 2009-cu ilin 11 ayının sosial-iqtisadi inkişafına dair hesabatına əsasən, cari ilin yanvar-oktyabr aylarında ölkəmizdən xaricə mühüm növ məhsullar ixrac olunmuşdur.

Xarici ölkələrə göndərilən malların 92,7 faizini mineral məhsullar, o cümlədən 91,4 faizini xam neft və neft emalı məhsulları, 3,4 faizini ərzaq malları, 1,3 faizini quru, hava və su nəqliyyatı vasitələri, 1 faizini az qiymətli metallar və onlardan hazırlanmış məmulatlar, 0,4 faizini toxuculuq materialları və məmulatları, 0,2 faizini maşın və mexanizmlər, elektrotexnika avadanlığı, qalan 0,6 faizini isə digər mallar təşkil etmişdir. 2008-ci ilin 10 ayı ilə müqayisədə heyvan və bitki mənşəli piylər və yağların, toxuculuq materialları və məmulatların, quru, hava və su nəqliyyatı vasitələrinin, optik, fotoqrafik, tibbi və digər cihaz və aparatların ixracı artmış, bitki mənşəli məhsulların, hazır ərzaq məhsullarının, alkoqollu və alkoqolsuz içkilərin, sirkə, tütün, mineral və kimya sənayesi mallarının, az qiymətli metallar və onlardan hazırlanmış məmulatların, maşın və mexanizmlərin, eləcə də elektrotexnika avadanlığının ixracı isə əksinə, azalmışdır. İxracın həcmində, həmişə olduğu kimi, bu dəfə də xam neft üstünlük təşkil etmişdir. Belə ki, hesabat dövründə Azərbaycandan dünya bazarına 22 milyon 914,3 min ton “qara qızıl” ixrac olunmuşdur. Bundan əlavə, cari ilin 10 ayında ölkəmizdən xaricə 1 milyon 288,4 min ton qazoyl, 976,9 min ton ağ neft, 229,8 min ton mühərrik benzini, 182,6 min ton maye yanacaq satılmışdır. Onu da deyək ki, ixrac olunmuş ağ neftin və qazoylun həcmi ötən ilin eyni dövrü ilə müqayisədə xeyli artmışdır. Yanvar-oktyabr aylarında Azərbaycandan 578,6 milyon kubmetr təbii qaz ixrac olunmuşdur ki, bu da əvvəlki ilin eyni dövründəkindən təqribən 2,3 dəfə çoxdur.

Son illər Azərbaycanın elektrotexnika sahəsi böyük inkişaf yolu keçmişdir. Yeni generasiya güclərinin yaradılması, infrastruktur imkanlarının genişləndirilməsi artıq ölkəmizi elektrik enerjisi ixracatçısına çevirmişdir. 2009-cu ilin yanvar-oktyabr aylarında Azərbaycandan xaricə 644,9 milyon kilovat-saat elektrik enerjisi ixrac olunmuşdur ki, bu da əvvəlki ilin yeni dövrü ilə müqayisədə 38,3 faiz artıqdır.

Hesabat dövründə Azərbaycandan ixrac olunan məhsullardan çay 14,6 faiz, nərə kürüsü 1,6 dəfə, siqaret 24,2 faiz, pambıq lifi 22,6 faiz və pambıq parça ipliyi 20,3 faiz çoxalmışdır. Bununla belə, təzə tərəvəz və meyvə, meyvə və tərəvəz konservləri, meyvə və tərəvəz şirələri, mühərrik benzini, maye yanacaq və emal olunmamış alüminium ixracı isə azalmışdır.

Cari ilin yanvar-oktyabr aylarında ölkəmizə gətirilən məhsulların 35,2 faizini maşın və mexanizmlər, elektrotexnika avadanlığı, 15,6 faizini ərzaq malları, 13,1 faizini quru, hava və su nəqliyyatı vasitələri, 10,7 faizini az qiymətli metallar və onlardan hazırlanmış məmulatlar, 6,5 faizini kimya sənayesi məhsulları, qalan digər hissəsini isə optik, fotoqrafik, tibbi və digər cihaz və aparatlar, mineral məhsullar, plastik kütlə, kauçuk, rezin və onlardan hazırlanmış məmulat və s. təşkil etmişdir. Hesabat dövründə hazır ərzaq məhsulları, alkoqollu və alkoqolsuz içkilər, sirkə və tütün, heyvan və bitki mənşəli piylər, emal olunmamış gön, aşılanmamış dəri, təbii xəz, bitki mənşəli məhsullar, mineral və kimya sənayesi məhsulları, elektrotexnika avadanlığı, quru, hava və su nəqliyyatı vasitələrinin idxalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə azalmışdır. Daha dəqiq desək, bu dövrdə kərə yağı, çay, tərəvəz, təzə meyvə, xam şəkər, mineral və qazlaşdırılmış sular, siqaret, dərman vasitələri, uzununa doğranmış meşə materialları, qara metallardan çubuqlar, armatur, traktor, minik və yük avtomobilləri, eləcə də avtobus idxalı 2008-ci ilin 10 ayı ilə müqayisədə az olmuşdur.

Son illər xarici ticarət dövriyyəsinin tərkibi də xeyli dəyişib. Belə ki, ölkəmizdə yeni istehsal sahələrində buraxılan məhsullar daxili bazarda analoji malları tədricən sıxışdırıb çıxarmış, hətta bəzi hallarda ixraca da yönəldilmişdir. Bu da son nəticədə daxili bazarın idxaldan asılılığının azaldılmasına imkan yaradır. Azərbaycanın yeni neft strategiyası çərçivəsində neft və qaz hasilatının getdikcə artması adı çəkilən məhsulların ixracının xeyli çoxalmasına səbəb olmuşdur. Müqayisə üçün deyək ki, 1993-cü ildə xarici bazara çıxarılan mineral məhsullar — xam neft və təbii qaz ümumi ixracın 27,3 faizi qədər olduğu halda, hazırda bu göstərici 91,4 faiz təşkil edir. Diqqətçəkən digər məqam isə ondan ibarətdir ki, 1995-ci ildə ölkəyə gətirilən ərzaq mallarının xüsusi çəkisi xarici ticarət dövriyyəsində 41,6 faiz təşkil etdiyi halda, cari ilin on ayının yekunlarına görə, bu göstərici 15,6 faizə bərabər olmuşdur. Bu da təsadüfi deyil. Çünki son illər ölkədə bu sahədə xüsusi tədbirlər həyata keçirilir, mühüm dövlət proqramları qəbul edilir. Bu baxımdan ölkə Prezidenti İlham Əliyevin ötən il avqustun 25-də təsdiq etdiyi “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” xüsusi əhəmiyyət daşıyır.

Dövlət səviyyəsində həyata keçirilən bir sıra zəruri tədbirlər strateji məhsulların idxalında və ixracında ölkənin bütün fiziki və hüquqi şəxslərinin bərabər hüquqlarının təmin olunması və inhisarçılığın qarşısının alınması istiqamətində görülən işlər, daxili bazarın marketinqinin düzgün müəyyən edilməsi, gömrük əlaqələrinin sadələşdirilməsi, xarici ticarətin liberallaşdırılması, eləcə də əlverişli investisiya mühitinin yaradılması və s. məsələlər heç şübhəsiz Azərbaycanın xarici ticarət dövriyyəsinin həcminin artırılmasına, idxal-ixrac əməliyyatlarında müsbət saldonun yaranmasına təkan verəcək.

 

 

Mirbağır YAQUBZADƏ

 

Xalq qəzeti.- 2009.- 27 dekabr.- S. 1.