Üfüqdən boylanan şəhər
Gəncənin tarixi adının
özünə qaytarılmasından 20 il keçir
Yəqin çoxunuz
günəşin doğmasını böyük
heyranlıqla, həvəslə müşahidə etmisiniz. Elə
mən də. Doğulub boya-başa çatdığım bu
qədim şəhərdə dəfələrlə günəşin
ətrafı al-əlvan rəngə boyadığı
anları müşahidə etmişəm və
inanırsınızmı, hər dəfə də ürəyimin
döyüntüsünü hiss etmişəm. Yəqin ki,
sevinc, iftixar, həyacan hisslərinin bir-birinə
qarışdığından olub. Gəncənin
keçmişi gözlərim önünə gəlib, Bəndəri,
Comərd Qəssabı, Nizamisi, Məhsətisi, Şah
Abbası, İsrafili ilə öyünmüşəm və
Gəncə daim üfüqdən boylanan şəhər kimi
yaddaşımda qalıb, müqəddəsləşib.
Deyirəm nə
yaxşı ki, bu sevincli, iftixarlı anları hörmətli
oxucumla bölüşdürəndə şəhərimin
adı Yelizavetpol, Kirovabad olmayıb, Nizami və Kəpəz
rayonlarının yerinə “Proletar”, “Zavod” sözləri
işlədilməyib.
Mən nə
tarixçiyəm, nə də tədqiqatçı, adi bir
şəhər sakiniyəm, ziyalıyam. Sadəcə bu
yazıda ürəyimdən keçən hissləri oxucumla
bölüşdürmək istəyirəm.
Gəncə 40 il əvvəl
Sovetlər Birliyinin tərkibində
olan Azərbaycanın 40 il əvvəlki səviyyəsini və
indiki durumunu gözləriniz önünə gətirin. Tamam fərqli
bir mənzərədir, hətta müqayisə olunmazdır. Təbii
ki, Gəncə də istisna təşkil etmirdi. Sənaye
inkişaf etməmişdi. 20-ci illərin sonu və 30-cu illərdə
salınmış bir sıra sənaye müəssisəsindən,
o cümlədən, toxuculuq, yağ-piy, ət kombinatları,
mahud, tikiş fabrikləri, lokomotiv və vaqon depolarından
başqa elə bir müəssisə yox idi. Sonralar, yəni
50-60-cı illərdə nəhəng alüminium zavodu
tikilmişdisə, o da qeyri-ahəngdar işləyirdi.
Gəncə əsl
inkişaf mərhələsinə 60-cı illərin sonu,
70-ci illərin əvvəllərində qədəm qoydu. Bu
da onunla əlaqədar idi ki, Heydər Əliyev atrıq
respublikaya rəhbər seçilmişdi və buna qədər
Azərbaycanın müxtəlif bölgələrinin sənayesinə,
kənd təsərrüfatına, onların imkanlarına,
problemlərinə yaxından bələd idi.
Gəncədə 70-ci
illərin əvvəllərindən başlayaraq şəhərin
qərbində yeni istehsal obyektlərinin tikintisinə start
verildi. Məhz ulu öndərin təşəbbüsü ilə
vaxtilə kolxoz ərazisi olmuş yerdə qənnadı
fabrikinin, nəhəng çini qablar zavodunun təməli
qoyuldu. Bu müəssisələr işə
düşdükdən sonra minlərlə gəncə yeni
iş yerləri açıldı. “Billur” zavodu da istismara
buraxıldı. Xalça kombinatının ikinci hissəsi
işə salındı. Həmin müəssisələrin
açılışında Heydər Əliyev şəxsən
özü iştirak etdi, tövsiyələrini verdi, əməkçilərin
iş şəraiti ilə yaxından tanış oldu.
Çoxlu məktəb,
uşaq bağçası, səhiyyə obyektləri tikildi. Keçmiş
ittifaqın bir çox şəhərlərinə
uçuş marşrutu olan aeroport istifadəyə verildi,
tarixi abidələr bərpa olundu.
Yadımdadır, o illərdə
şəhərin bir sıra mərkəzi küçə və
məhəllələrində, şəxsi evlərdə və
həyətlərdə yaşayan sakinlər arasında
söz-söhbət, narahatçılıq
yayılmışdı ki, bu evlər söküləcək,
yerində təzə binalar tikiləcək. Adamlar öz evlərində
özlərini qonaq kimi, müvəqqəti hiss edirdilər. Əslində
bütün bunlar artıq şəhərin baş planına
da salınmışdı və beləliklə, qədim
şəhərin keçmişi, tarixi, milli
memarlığı, adı unutdurulmağa səy göstərilmişdi.
Amma buna ulu öndər yol vermədi. Respublikaya rəhbər
seçiləndən bir qədər sonra ikinci dəfə
şəhərə gələn Heydər Əliyev tikinti
planları, xüsusilə şəhərin baş planı ilə
tanış oldu və öz tövsiyələrini, təkliflərini
verdi. Artıq adamlar hiss edirdilər ki, Gəncənin tarixi
adının özünə qaytarılacağı an uzaqda
deyil.
Gəncə 30 il əvvəl
30 il qabaq martın 3-də
topa-topa yağan qar və on minlərlə gəncəlinin
toplaşdığı “Quru Qobu” deyilən ərazidəki təntənə
indi də gözlərim önündən bir kino lenti kimi
keçir. Ulu öndərin təklif və təşəbbüsü
ilə şəhərin qərb girəcəyində “Yeni Gəncə”
adlanan böyük yaşayış massivi və yanında da
300 hektarlıq park salınırdı (indi həmin park Heydər
Əliyevin adını daşıyır-R.M). Adamlar sevinclərini
gizlədə bilmirdilər. Şəhərin qədim evlərinin
sökülməsi təcrübəsinə son qoyulmuşdu. Başqa
bir yaşayış sahəsi Xanlar-Hacıkənd yolunun
üstündə salınan “Gülüstan” qəsəbəsi
idi.
Artıq çoxdan
unutduğumuz, dəqiq desək, bəzən adını
çəkməkdən ehtiyat etdiyimiz “Gəncə”
sözü dilimizə gəlmişdi. Respublika rəhbərinin
göstərişi ilə “Yeni Gəncə” və “Gülüstan”a
külli miqdarda vəsait ayrılmışdı. Bu qəsəbələrdə
ucaldılan 7 və 9 mərtəbəli binaların
fasadları şərq üslubunda, başqa sözlə, Azərbaycan
üslubunda tərtib edilib bəzədilirdi. Bir bina
başqasına bənzəmirdi. Gəncəyə gələn
qonaqların sayı aybaay artırdı. Heydər Əliyevin təşəbbüsü,
göstərişi və konkret köməyi ilə bir-birindən
maraqlı tədbirlər keçirilirdi. Dahi Nizami Gəncəvi
irsinin öyrənilməsində və təbliğində
ulu öndərin zəhməti misilsiz idi. 1979-cu il yanvarın
9-da Azərbaycan KP MK-nın Nizami Gəncəvi ilə
bağlı tarixi qərarı oldu və bundan sonra hər il
Nizami Poeziya Günləri keçirildi, Poeziya teatrı
yaradıldı, dahi şairin əsərləri kütləvi
şəkildə çap edildi. Ulu öndər sanki
bütün dünyaya car çəkirdi ki, Nizami Gəncəvi
yalnız Gəncədə doğula bilərdi, daha
Yelizavetpolda, Kirovabadda yox.
Ümumiyyətlə, elə
bir dövr idi ki, Gəncənin adını dilə gətirmək
böyük cəsarət tələb edirdi. Amma, ulu öndər
heç nədən çəkinmədən, cəsarətlə
70-ci illərin əvvələrindən bu işlə ciddi məşğul
olurdu, tarixi faktlara əsaslanaraq əlindən gələni
edirdi ki, Gəncənin qədim adı bərpa olunsun. Ulu
öndərin çıxışlarının birində
deyilirdi: “... O vaxt Gəncənin adını bərpa etmək
böyük cəsarət tələb edirdi. Biz o rayonlardan
birinin adını “Gəncə”, o birisinin adını “Kəpəz”
qoyduq. Bu məlumdur, gərək ki, bir neçə dəfə
deyiblər, o vaxt buradan təkliflər verilmişdi, Moskvaya da
artıq yazılmışdı, çünki o zaman biz bu
rayonları özbaşına yarada bilməzdik, bunun
üçün Moskvanın qərarı olmalı idi. Deyəsən
birinə “Zavod rayonu”, birinə də “Proletar rayonu” adı
vermişdilər. Yeni layihədə, Sovet hökumətinin qərar
layihəsində bu vardı. Mən o layihəni dəyişdirdim
və “Gəncə”, “Kəpəz” adlarını verdik. Bakıda yaranan yeni rayonu isə,
o vaxt Bakıda on rayon var idi, – “Nizami rayonu” adlandırdıq.
Bizim böyük şairimiz Nizaminin adı Bakıda çox
yerlərdə var idi, amma mən istəyirdim ki, bir rayon da
Nizaminin adını daşısın. Bir vaxt da
xalqımız üçün, eyni zamanda da Gəncə
üçün, – çünki Nizami də Gəncəlidir,
Nizami deyəndə də Gəncə düşünürsən,
– bir rayonun adı “Gəncə”, o biri də “Kəpəz”
qoyuldu, – Kəpəz də Gəncədir. Bəli, biz bu milli
adları 1980-ci ildə qoyduq. “Nizami rayonu”nu ki, yaratdıq, –
onun adını da “Sovet rayonu” qoymaq istəyirdilər. “Zavod”,
“Proletar” və “Sovet” rayonları – 3 dənə belə ad
vermişdilər, özü də burada, Azərbaycanda bəzi
adamlar məndən xəbərsiz bu layihəyə
razılıq vermişdilər. Artıq Moskvada layihə
hazırlanmışdı və imzalanmalı idi. Bu ərəfədə
min böyük çətinliklə, şübhəsiz ki,
böyük risklə-yenə də deyirəm, bu işdə cəsarət
lazım idi, – layihəni dəyişdirdim. Olan olub, keçən
keçib, o vaxt ümumiyyətlə, təkcə Azərbaycanda
yox, Moskvada da nüfuzum yüksək olduğuna görə, bu
barədə təkliflərim qəbul edildi. Ancaq həm
Moskvada, həm də burada bizim əleyhimizə olan bəzi
dairələrdən dedilər ki, Heydər Əliyev artıq
tamamilə biruzə verdi ki, o millətçidir. Bilirsiniz ki, o
vaxt da “millətçi” sözü o adamlara qarşı
işlədilirdi ki, guya Sovet İttifaqının
quruluşunun əleyhinədir.”
Beləliklə, Gəncə
sözü dillərdən düşmürdü. Sonralar, Heydər
Əliyev 80-ci illərin əvvəllərində, Moskvaya getməmişdən
əvvəl Gəncəyə gələndə böyük
sevinc, iftixar hissi ilə yavaş-yavaş tikilməkdə olan
“Yeni Gəncə”yə, onun yanındakı nəhəng parka
baş çəkirdi, işin gedişi ilə tanış
olurdu. Hətta 1980-ci ilin 16 dekabrında Gəncədə olarkən
həmin parka gəlib “mənə çinar tingi verin,
çinar həm Gəncənin, həm də Azərbaycanın
rəmzidir”, demişdi. İndi həmin çinar
ağacının 29 yaşı var, qollu-budaqlı, əzəmətli
bir ağacdır. Gəncəlilər onu göz bəbəyi
kimi qoruyur, tez-tez ora baş çəkir, ulu öndərdən
qalan əziz xatirə kimi onu əzizləyirlər.
Gəncə 20 il əvvəl
1989-cu ilin dekabrın 30-da
artıq şəhərin də adı dəyişdirildi, Gəncə
oldu. Təbii ki, nəinki gəncəlilər, bütün azərbaycanlılar
hədsiz sevinc içərisində idilər. Uzun illər həsrətində
olduqları müqəddəs ad şəhərə
qaytarılmışdı. Heydər Əliyev 1998-ci il
oktyabrın 7-də prezidentliyə namizəd kimi
görüşdə demişdir: “Beləliklə, qədim Gəncənin
adını bərpa etdik, Gəncə öz tarixi
adını aldı. Ancaq xatirinizdədir, hələ bu ad
almamış burada “Yeni Gəncə” yaşayış massivi
yarandı. Mən gəldim, orada ilk ağacları
basdırdıq, ilk daşları qoyduq, orada böyük
binalar tikildi və qədim Gəncənin yanında bir yeni Gəncə
yarandı. Bunlar hamısı Azərbaycanın tarixinə,
milliliyinə və Gəncənin tarixinə olan xidmətlərimdir
və inanıram ki, siz bunu bu gün də
unutmamısınız və heç vaxt
unutmayacaqsınız”, amma təəssüf ki, bu ad
alındıqdan sonra Azərbaycanın, o cümlədən Gəncənin
necə deyərlər, qara günləri başlandı,
Bakıda 20 Yanvar qırğını törədildi, Gəncədə
və ətraf rayonlarda şəhidlər verildi. Bir qədər
sonra AXC – Müsavat cütlüyü hakimiyyətə gəldi.
Tarixi abidələrə əl gəzdirmək, qədim şəhərin
tarixi adının qaytarılması ilə bağlı ulu
öndərin qoyub getdiyi işləri davam etdirmək əvəzinə
ona qarşı kampaniyalar başlandı. Amma 1993-cü ildə
Azərbaycan böyük təhlükə
qarşısında olanda, Gəncədə qardaş qanı
töküləndə hamı Heydər Əliyevin
Naxçıvandan Azərbaycana gəlməsini istəyirdi.
Naxçıvana bir çoxları, o cümlədən Gəncədən
də ziyalılar getmişdi. Azərbaycanın o vaxtkı rəhbərləri
də Heydər Əliyevə müraciət etmişdilər,
hətta yalvarırdılar ki, ulu öndər Bakıya gəlsin.
Həmin ilin iyunun 13-də Heydər Əliyev Gəncəyə
gəldi, dağıdılmış hərbi hissəyə
baş çəkdi, meydana toplaşan 100 min nəfərdən
çox şəhər sakininin qarşısında
çıxış etdi. Mən o günü yaxşı xatırlayıram.
Gəncəlilərin gözlərindəki inam, nikbin dolu
sevincli baxışları hələ də unuda bilmirəm.
Hamı öz pənahını bu dahi insanda axtarırdı,
çıxış yolunu onun gücündə, qüdrətində,
təcrübəsində, böyüklüyündə
görürdü. Belə də oldu.
Gəncə 10 il əvvəl
Şəhərin
inkişafı ölkə rəhbərini razı
salmırdı. 2002-ci ilin sentyabrında şəhər fəalları
ilə görüşəndə ulu öndər Gəncədə
aparılan abadlıq-quruculuq işlərinin gedişindən
narazılığını bildirdi, hətta üzünü
təkcə şəhər rəhbərlərinə deyil, elə
hamımıza tutub “bu nə şəhərdi
saxlayırsınız?” dedi. 2003-cü ilin aprelində şəhər
rəhbərliyi dəyişidirildi və Gəncənin
inkişafının, tərəqqisinin yeni dövrü
başlandı. Tezliklə tarixi abidələrə əl gəzdirildi,
Gəncə adı ilə bağlı nə varsa tədqiq
olundu, ideoloji iş gücləndirildi, kitablar, bukletlər
çap olundu, tanınmış alimlərin iştirakı ilə
konfranslar, seminarlar keçirildi. Şəhərin emblemi təsdiq
olundu. Tarixi abidələr, şəxsiyyətlər, tarixi
yerlərlə bağlı şəhərdə o qədər
geniş miqyaslı işlər görülüb ki, sadalamaqla
qurtaran deyil. “Comərdi Qəssab türbəsi”, “Cavad xan məqbərəsi”,
“Gəncə darvazaları”, Şah Abbas məscidi, Məmmədbağır
məscidi, “Qədim Gəncə Qala divarları”, “Şərəfxanlı”,
“Xəlfəli” məscidləri, “Cavadxan dəftərxanası”,
“Ay-ulduz”, “Şir-Günəş”, “Gəncə gerbi” və
digər onlarla monumental abidələr çox yüksək
zövqlə təmir-bərpa olundu və ya tikildi. Bu tarixi-mədəni
abidələr daim diqqət mərkəzində
saxlanılır və onlar şəhər sakinlərinin və
qonaqların ziyarətgahına çevrilmişdir. Həmin
tarixi yerlərə məktəblilərin və tələbələrin
cəlb olunması, ekskursiyaların təşkili milli-mənəvi
dəyərlərimizin, adət-ənənələrimizin təbliğ
olunmasında mühüm rol oynamaqla yanaşı yeniyetmə
və gənclərimizdə vətənpərvərlik hisslərinin
yüksəldilməsinə, dünyagörüşlərinin
formalaşmasına istiqamətlənmişdir. Gəncədə
son 6-7 il ərzində görülən işlərin
miqyası çox böyükdür. Şəhər demək
olar ki, tamam dəyişib, gözəlləşib, inkişaf
edib, müasirləşib. Yaxşı, müasir nə varsa
şəhərdə tətbiq olunur. Bütün bunlarla
yanaşı bu qədim şəhərdə milli-memarlıq ənənələrinin
qorunub saxlanmasına, özünəməxsusluğuna nail
olunub. Ucaldılan, təmir olunan, yenidən qurulan hər bir
obyekt özünün gözəlliyi ilə diqqəti cəlb
edir. Bu illərdə Gəncənin tarixi keçmişi
çox böyük ehtiyatla, zövqlə
yaşadılmağa başlanıb. 2006-cı ildən
başlayaraq hər il sentyabrda şəhər günləri
keçirilməsi ənənə şəklini alıb. Artıq
bu il şəhər özünün 2503 yaşını
qeyd etdi.
Gəncə bu gün
Şəhər çox
gözəlləşib. Bunu həm şəhər sakinləri,
həm də qonaqlar dönə-dönə qeyd edirlər. İndi
hamımız bu şəhərlə sözün əsl mənasında
fəxr edirik. Gəncə özünün yeni inkişaf mərhələsinə
keçmişdir. Küçələrin vahid bir memarlıq
layihəsi əsasında qurulmasına, obyektlərin tikintisində
forma və üslub cəhətdən bir-birini tamamlamasına
xüsusi fikir verilir. Şəhər icra hakimiyyəti
başçısının sərəncamı ilə
prospekt və küçələrdə yerləşən
binaların fasadları, ticarət və xidmət obyektlərinin,
ofislərin xarici görünüşünün müasirləşdirilməsi
məqsədilə yenidənqurma işləri hər gün,
hər saat görülür. Qeyd etmək lazımdır ki,
bu, şəhərin abadlaşdırılması və qədimliyi
saxlanmaqla müasirləşdirilməsi sahəsində
aparılan ən böyük layihələrdən biridir. Bu
işlərin görülməsində müasir materiallardan
istifadə olunur. Heydər Əliyev, Atatürk prospektlərində,
Nizami və digər küçələrdə sahibkarlar tərəfindən
layihə üzrə ticarət obyektləri yenidən qurulur,
reklam və dizayn tərtibat işləri aparılır. Şəhərin
baş meydanı – Heydər Əliyev meydanı indi tamam
başqa bir görkəmdədir, hamını özünə
cəlb edir. Ulu öndərin xatirə muzeyi, əzəmətli
heykəli meydana xüsusi gözəllik verir. Meydanda
respublikada ilk dəfə olaraq musiqili fəvvarə
quraşdırılıb. Ötən il meydanın yeni tərtibatda
qranit materiallarından istifadə olunmaqla döşəməsi
dəyişdirilib. İcra hakimiyyətinin inzibati binası
yüksək səviyyədə təmir olunub.
Gəncə
çayının sağ sahili əsl istirahət məkanına
çevrilib. Eybəcər, primitiv tikililərin yerində ən
müxtəlif zövqlə obyektlər inşa olunub, fəvvarə
tikilib, dekorativ daşlardan, plitələrdən istifadə
olunub.
Obyektlər, tikililər, park
və xiyabanların sayı o qədər çoxalıb ki, bir
qəzet yazısında bunların hamısını sadalamaq
mümkün deyil. Beynəlxalq hava limanı, müalicə-diaqnostika
mərkəzi, beşulduzlu otel, Gəncə Darvaza kompleksi,
üzgüçülük hovuzu, çoxlu
yaşayış binaları, parklar, muzeylər,məhəllələr...
Bütün bu işlər
şəhər icra hakimiyyətinin başçısı
Eldar Əzizovun birbaşa rəhbərliyi və gərgin əməyi
sayəsində ardıcıl həyata keçirilir. Hamımızın
məsuliyyəti, dəqiq desək, vətənpərvərlik
hissimiz birəbeş artıb. Hərə bir işin qulpundan
yapışmaq istəyir, irəli sürülən təşəbbüslərə
qoşulur. Eldar müəllim hər dəfə bu barədə
söhbət düşəndə Gəncənin
inkişafını ulu öndər Heydər Əliyevin
başladığı işlərin cənab Prezidentimiz
İlham Əliyev tərəfindən çox uğurla davam
etdirilməsi və qədim şəhərə xüsusi diqqət
və qayğı göstərməsi ilə əlaqələndirir.
Bu, doğrudan da belədir. Təkcə
son 6 ildə cənab Prezidentimiz 9 dəfə Gəncədə
olub, müxtəlif obyektlərin açılışında
iştirak edib, öz tövsiyələrini, təkliflərini
verib, konkret köməklik göstərib. Buna görə
bütün gəncəlilər cənab Prezidentimizə hədsiz
minnətdardır.
Bu günlərdə şəhər
icra hakimiyyətində “Gəncəni dəyişdirən 9 səfər”
adlı kitabın təqdimatı zamanı cənab
Prezidentimizin şəhərə göstərdiyi qayğı
və diqqətdən ətraflı söhbət
açılıb.
...Üfüqdən boylanan
şəhərə günəşin zərrin şəfəqləri
düşür. Qədim şəhər-ulu Gəncədə
daha bir sabah açılır, nurlu, işıqlı. İnanırıq
ki, çox keçməyəcək bu işığa gələnlərin
sayı yüz minləri, milyonları keçəcək. İyirmi
beş əsrdən çox yaşı olan Gəncəmiz beləcə
daim qonaqlı-qaralı olacaq.
Ramiz MƏMMƏDOV,
YAP Gəncə şəhər təşkilatının
sədr müavini, Azərbaycan
Respublikasının əməkdar müəllimi
Xalq qəzeti.- 2009.- 27 dekabr.- S. 5.