Ağcabədi: üzü sabaha
doğru
Ağcabədi rayonu haqqında bu
yazını yazmazdan əvvəl ağsaqqallar, ziyalılar, gənclər
arasında sorğu apardım. Bir sual belə idi: “Sizcə, son
illər Ağcabədi rayonunda daha çox dəyişən
nədir?”
Qəribədir ki,
cavablar gözlədiyimizin, demək olar ki, əksinə oldu. Daha
dəqiq desək, gözləyirdim ki, cavabların
böyük əksəriyyəti son illər Ağcabədi
şəhərində, eləcə də ayrı-ayrı
yaşayış məntəqələrində
görülüb başa çatdırılmış və
indi də eyni sürət və keyfiyyətlə davam etdirilən
tikinti-quraşdırma, abadlıq və səliqə-səhman
işlərindən, açılan yeni iş yerlərindən,
müxtəlif təyinatlı müəssisələrdən
və s. olacaq. Ancaq belə olmadı. Maraqlıdır,
sorğuda daha çox nə barədə
yazılmışdı? — Adamların özlərinin dəyişməsindən,
işə münasibətindən, daxili dünyasından,
öz şəhərləri, kəndləri üçün
təəssübkeşlik hisslərindən, bu
torpağın, millətin övladı olmaqdan doğan
qürur və iftixar duyğularından və s.
Sözün düzü,
jurnalist marağı məni rahat buraxmırdı. Sorğu
göndərdiyim ziyalıların, ağsaqqalların bir
neçəsi ilə şəxsən görüşüb
söhbət etdim.
Vaqif HÜSEYNOV: — Burada
maraqlı bir məqam var. Axı, bu gözəlliyi, inkişaf
və yüksəlişi yaradan insanlardır. Bəli, 10-15 il əvvəl
bunlar yox idi. Bax əsas məsələ də bundadır. Həqiqətən,
indi Ağcabədini tanımaq olmur. Hər addımda yenilik,
gözəllik və müasirlik diqqəti cəlb edir. Şəhər
bütün istiqamətlərə doğru sürətlə
inkişaf etmişdir. Yeni küçələr, səkilər
salınmış, müasir arxitektura tələblərinə
cavab verən ictimai və yaşayış binaları
tikilmişdir. Parklar, xiyabanlar salınmış,
yaşıllıq zolaqları yaradılmışdır.
Bunları biz insanlar etmişik. Deməli, ilk növbədə,
işə münasibət dəyişib, daxili dünyamız
dəyişib, daha müasir və zəngin olmuşuq.
Bunlarsız, əlbəttə, hər hansı inkişafdan
danışmağa dəyməzdi.
Əli ƏLİYEV: — Bu yaxınlara
kimi hər bir ağcabədilinin ürəyindən bu fikir
keçirdi: kaş bizim yaşadığımız Ağcəbədi
də, sözün əsl mənasında, şəhərə
oxşayaydı, gözəl, abad küçələri,
rahat səkiləri olsaydı. Nə gizlədək, yayda
toz-torpaqdan, qışda palçıqdan göz aça
bilmirdik. Elə bil ki, respublikamızı bürüyən
tikinti-abadlıq və quruculuq işlərinin Ağcabədiyə
dəxli yox idi. İndi isə şəhərə
çıxanda adamın ürəyi açılır.
Ağcabədi, həqiqi mənada, şəhərə
çevrilib. Gözəl binalar tikilib, yollar, səkilər
salınıb. Hər yan gülə-çiçəyə
bürünüb. Demək istəyirəm ki, insan əli hər
şeyə qadirdir. Yetər ki, ona düzgün istiqamət verən
ola. İnsanın daxili potensialını, mənəvi aləmini
hərəkətə gətirən ola, ona həvəs və
qol-qanad verən ola...
Bu yerdə Ağcabədi
Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədovla
söhbətimizin bir məqamı yadıma düşür.
İcra başçısı əlinin altındakı
qovluqları göstərərək dedi:
— Bilirsinizmi, buradakı məktublarda,
teleqramlarda nələr yazılıb? Bayaqdan sizinlə
danışdığımız məsələlərdir.
Çoxu yerlərdən — ayrı-ayrı vətəndaşlardan
gələn arzu və təkliflər, fikir və mülahizələrdir.
Bu, onu göstərir ki, adamlar gedən böyük quruculuq
işlərində yaxından iştirak etmək, daha
yaxşı yaşamaq, mənalı istirahət etmək istəyirlər.
Onu da deyim ki, biz yerlərdən gələn belə təşəbbüslərə
böyük diqqət yetirir, qayğı və həssaslıqla
yanaşırıq.
Şahin müəllimi
çoxdan tanıyıram — sovet dövründən, komsomol
illərindən. Sonralar o, müxtəlif rəhbər vəzifələrdə
çalışıb. Bu müddət ərzində çox
sular axıb, müxtəlif dövrlərdə fərqli
münasibətlərlə qarşılaşıb. Dəyişməz
qalan isə bir həqiqət olub: xalqımızın
böyük oğlu, ulu öndər Heydər Əliyevin həmişəyaşar
ideyalarına sədaqət, öz həyatını və fəaliyyətini
bütünlüklə bu müqəddəs amala həsr etmək.
Bu isə tələb edir ki, Heydər Əliyev şəxsiyyətinə,
ümummilli liderin ənənələrinə və
ideyalarına sədaqəti sözlə deyil, konkret işlə
sübut edəsən, bu zəngin xəzinədən daha
çox bəhrələnəsən.
— Hər halda, sizin
keçdiyiniz həyat yolu çox şey deyir...
— Sizi başa
düşürəm. Böyük qürur və iftixar hissi
ilə belə deməyə haqqım var ki, mən ulu öndərimiz
Heydər Əliyevin kadrıyam. Bu sözləri deyərkən
komsamol illərindən tutmuş ta indiyə qədər
keçdiyim yolu nəzərdə tuturam. Həqiqətən,
Azərbaycan xalqı xoşbəxtdir. Bizim hamıya və həmişə
parlaq örnək, canlı nümunə, əsl məktəb
ola bilən milli liderimiz, Heydər Əliyev kimi tarixi şəxsiyyətimiz
var. Ulu öndərimiz həyatın bütün sahələrində
olduğu kimi, adamlarla iş üslubu və metodları, təşkilat-idarəetmə
məsələləri barədə də dahiyanə fikirlər
söyləmiş, bütün pillələrdə rəhbərlik
işinə istiqamət vermişdir. Həmin ölməz fikir
və ideyalar bizim hər birimiz üçün həyat məktəbi,
uğurlu fəaliyyət üçün tükənməz
qaynaqdır.
Olduqca fərəhlidir ki,
ümummilli liderin müdrik siyasəti bu gün böyük
uğurla davam etdirilməkdədir. Respublika Prezidenti İlham Əliyevin
qətiyyətli və uzaqgörən siyasəti insan amilinə,
onun vacib sosial ehtiyaclarının daha dolğun ödənilməsinə,
həyat səviyyəsinin yüksəldilməsinə yönəldilmişdir.
2009-cu ildə ölkə rəhbəri respublikanın, demək
olar ki, bütün bölgələrinə səfər
etmişdir.
Belə olan halda mənim
başqa cür işləməyə haqqım
çatarmı? Ona görə də bütün səylər,
bacarıq, təcrübə ulu öndərimiz Heydər Əliyevin
ölməz və həmişəyaşar ideyalarının
təntənəsinə, ölkə Prezidenti İlham Əliyevin
qarşıya qoyduğu vəzifələrin uğurla yerinə
yetirilməsinə yönəldilmişdir. Ağcabədidə
son illər əldə edilmiş uğurlar, irəliləyiş
məhz bu amillə bağlıdır.
Tikdim ki, izim qala...
Əvvəllər Ağcabədidən
yazdığım yazıların birində belə bir
cümlə vardı: “İndi yolu düşənlər
buranın yalnız coğrafi mənada Ağcabədi
olduğuna inanırlar”.
Aradan 3 il ötüb. Bu
müddət ərzində tikilmiş müasir və
yaraşıqlı binalar, abad yollar, səkilər, park və
xiyabanlar bu bölgəni daha füsünkar və
yaraşıqlı etmişdir. Şəhəri gəzdikcə
insan əli ilə yaradılmış gözəlliklərin
şahidi olursan, ruhən sakitləşirsən, gözün də,
könlün də dincəlir. Qəlbindən bu gözəlliyi,
rahatlığı yaradan insanlara sonsuz minnətdarlıq
duyğuları keçir...
Burada faktsız, rəqəmsiz
keçinmək mümkün deyil. 2009-cu ildə də
abadlıq və quruculuq işləri sürətlə davam
etdirilmişdir. Üzeyir Hacıbəyov adına park,
Qarabağ Muğam Mərkəzi Kompleksi istifadəyə
verilmişdir. Qarşı tərəfdə xüsusi
yaşıllıq salınmışdır. Xarici ölkələrdən
gətirilmiş bəzək ağacları,
hündürlüyü 5 metrə yaxın olan xurma
ağacı əkilmişdir.
Heydər Əliyev prospektində
uzunluğu 1000 metrə yaxın olan qoşa yolun ortasında
salınmış yaşıllıq zolağı ağ layla
üzlənmişdir. Suvarma sistemi ilə təmin olunmuş,
31 işıq dirəyi quraşdırılmışdır.
Şəhərin Heydər Əliyev və Rəsulzadə
prospektlərində, T.İsmayılov, Ə.Bünyatov
küçələrində də səki kənarları
3200 kvadratmetr təbii ağ lay daşı ilə üzlənmişdir.
Heydər Əliyev prospektindəki inzibati binaların, sosial
obyektlərin fasadlarında təmir-bərpa işləri
aparılmaqla, nümunəvi həyət
yaradılmışdır. Bura bina fasadlarının təmiri,
xüsusi işıqlanma sistemi, bəzək kollarının və
gül-çiçəyin əkilməsi kimi tədbirlər
daxildir. Yuxarıda göstərilənlərə misal olaraq, Əhalinin
Sosial Müdafiə Mərkəzini, Ağcabədi Pedaqoji
Texnikumunu, özəl obyektlərdən sahibkar İlqar Yusifova
məxsus ticarət obyektini göstərmək olar. Prospekt boyu
bütün bu işlər davam etdirilməkdədir.
Ağcabədi şəhərinin
Beyləqan magistralına çıxışındakı
körpünün ətrafı yenidən qurulmuş, bəzədilmişdir.
Buradakı “Ana və əsgər” abidə kompleksinin ətrafı
yeni təsnifatda qurulmuşdur. Magistral yolun kənarında olan
ticarət mağazalarının qarşısına 600 metrdən
çox mühafizə hasarı çəkilmişdir. Yolun əks
tərəfində yeni meşə zolağı salınaraq,
600 sərv ağacı və şərq çinarı əkilmişdir.
Burada ulu öndərin portretinin ətrafında təmir-bərpa
işləri aparılmış, işıqlanma sistemi
quraşdırılmışdır.
Beyləqan tərəfdən
giriş qapısı kompleksi yenidən qurulmuş, xüsusi
yaşıllıq sahəsi yaradılmışdır. raziyə
300 kvadratmetrə yaxın ağ lay döşənmişdir.
Hündürlüyü 11 metr olan giriş qapısı
alkopanla bəzədilmiş, çaylaq daşından müxtəlif
rəsmlər işlənmişdir.
Bu işlər rayonun Bərdə
istiqamətinin girişində də
görülmüşdür. S.Vurğun, F.Əlizadə
küçələrində hasar çəkilmiş, tamet
döşənmiş, yeni işıqlanma sistemi ilə təmin
olunmuşdur. Şəhər İcra Nümayəndəliyinin
inzibati binası əsaslı təmir edilmiş, həyətdə
ağac və gül kolları əkilmişdir. Abadlıq və
səliqə-sahman işləri H.Əliyev və M.Ə.Rəsulzadə
prospektlərində, Ə.Bünyadov, Xəlfərəddin,
H.Hacıyev, N.Nərimanov, Qarabağ və digər
küçələrində də davam etdirilmişdir.
Bu gün Ağcabədi
güllər, çiçəklər şəhərinə,
yaşıllıq mərkəzinə çevrilmişdir. Bu təsadüfi
deyil. Ölkə Prezidenti İlham Əliyevin sərəncamı
ilə ölkəmizdə ekologiya ili elan olunmuşdur.
Ağcabədililər ölkə rəhbərinin bu
çağırışına indidən qoşulmuş və
qısa müddət ərzində 40 mindən çox
ağac əkmişlər.
İqtisadiyyat güclənir, kənd inkişaf edir
Ağcabədi ənənəvi
kənd təsərrüfatı rayonudur. Burada
taxılçılığı,
pambıqçılığı, heyvandarlığı
sürətlə inkişaf etdirmək üçün hər
cür imkan və şərait mövcüddür. Son illərin
inkişaf dinamikası bunu bir daha sübut edir.
Cari ildə rayonda 84712,1 ton
taxıl istehsal olunmuşdur ki, bu da 2008-ci ildəkindən
35682 ton və ya 42 faiz çoxdur. Heyvandarlığın
inkişaf etdirilməsi də daim diqqət mərkəzindədir.
2009-cu ildə ət istehsalı 5544 ton, süd 48438 ton, yumurta
11,9 milyon ədəd olmuşdur. Başqa sözlə desək,
ötən illərlə müqayisədə 106 ton ət, 240
ton süd, 21 min ədəd yumurta artıq istehsal
edilmişdir.
Rayon ərazisində fəaliyyət
göstərən 10 emal sexində yüksək keyfiyyətli
süd məhsulları istehsal edilir. Hazırda gündəlik
istehsal gücü 20 ton və 120 ton olan 2 süd emalı
zavodunun inşası başa çatmaq mərhələsindədir.
Elə buradaca bəzi səciyyəvi rəqəmləri bir
daha yada salmaq istəyirik. 2009-cu ildə rayon üzrə
ümumi məhsul buraxılışının həcmi
150.928.200 manat olmuşdur ki, bu da əvvəlki ildəkindən
6,4 faiz çoxdur. Cari ildə orta aylıq əmək
haqqı 188,6 manat təşkil etmişdir. Başqa sözlə
desək, 2008-ci ilə nisbətən artım 20,5 faiz
olmuşdur. Başa çatmaqda olan 2009-cu ildə rayon üzrə
2512 yeni iş yeri açılmışdır ki, bunun da 878-i
daimidir.
Rayon Suvarma Sistemləri
İdarəsi balansında olan 1581 kilometr kanal, 415 kilometr
örtülü dren, 2416 hidrotexniki qurğu və s. 39546
hektar sahəni su ilə təmin edir. Bundan başqa, cari ildə
su təsərrüfatı obyektlərinin təmiri, genişləndirilməsi
və bərpası ilə əlaqədar olaraq 323 kilometr
suvarma kanalı lildən təmizlənmiş, 220 hidrotexniki
qurğu, 49 nasos stansiyaları təmir olunmuşdur. Ağcabədi
Subartezian Quyularının İstismarı İdarəsinin
balansında 822 subartezian quyusu, 8 artezian vardır. Həmin
quyulardan 90-ı içməli, 732-i isə suvarma məqsədi
ilə istifadə edilməklə, təkrar əkinlə
birlikdə 28.095 hektar əkin sahəsi suvarılır. 2009-cu
il ərzində 72522 min kvt saat elektrik enerjisi sərf edilməklə
207206 min kubmetr su istehsal edilmişdir.
Rayon meliorasiya idarəsi isə
2009-cu il ərzində şəhər daxilində və
rayonun ayrı-ayrı kəndlərində kollektor-drenaj şəbəkələrinin
lildən təmizlənməsini və hidrotexniki
qurğuların əsaslı təmirini həyata
keçirmişdir. İlin birinci yarısında kollektor drenaj
şəbəkələri lildən təmizlənmiş, 5
hidrotexniki qurğu əsaslı təmir edilmişdir.
İnsan amili diqqət mərkəzindədir
Bu il əhalinin vacib sosial
ehtiyaclarının daha dolğun ödənilməsi, fasiləsiz
elektrik enerjisi, təbii qaz və su ilə təminatı sahəsində
bir sıra əsaslı tədbirlər işlənib həyata
keçirilmiş, konkret işlər
görülmüşdür.
Ən əvvəl qeyd edək
ki, təmir qrafikinə əsasən 110/35/10 kilovoltluq və
35/10 kilovoltluq yarımstansiyalarda avadanlıqların təmir
işləri yerinə yetirilmişdir. 35/10 kilovoltluq 2-ci
Ağcabədi yarımstansiyasında 4 ayırıcı bərpa
edilmişdir. Bundan başqa, 110 ədəd 10 kv-luq, 70 ədəd
0,4 kv-luq ağac dayaqlar dəmir-beton dayaqla əvəz
edilmiş, 40 ədəd 10/0,4 kv-luq transformator təmir
edilmişdir.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin Ağcabədi
rayonuna 17 yanvar 2008-ci il tarixdə səfəri zamanı, uzun
fasilədən sonra təbii qazın verilişi bərpa
edilmişdir. Şəhərdə aşağı və orta
təzyiqli qaz kəməri çəkilmişdir. Mavi
yanacağın abonentlər arasında bərabər
paylanması üçün 84 qaztənzimləyici qurğu
quraşdırılmışdır. Ümumiyyətlə, bu
gün Ağcabədi Rayon Qaz İstismar Sahəsi 5700 abonenti,
2 xörək bişirmə sexini, 1 çayxana, 1 kafe və 1 əhəng
sexini tamamilə qazla təmin edir.
Təhsil, səhiyyə, mədəniyyət
Rayonda 62 ümumtəhsil məktəbi,
o cümlədən 50 orta, 11 əsas və 1 ibtidai məktəb
fəaliyyət göstərir. Hazırda 62 ümumtəhsil məktəbində
20120 nəfər şagird təhsil alır. Onların təlim-tərbiyəsi
ilə 2782 müəllim məşğul olur. Bu tədris
ilində M.F.Axundov adına şəhər 3 saylı məktəb-ltsey
“respublikanın ən yaxşı ümumtəhsil məktəbi”
müsabiqəsinin qaliblərindən biri olmuş, 10 min manat məbləğində
birdəfəlik pul ilə
mükafatlandırılmışdır.
Beynəlxalq müəllim
günü münasibətilə həmin məktəbin
direktor müavini Camal Abbasov “Əməkdar müəllim”
adı verilmiş, Ş.Hüseynov adına şəhər 2
saylı orta məktəbin müəllimi Rafiq Əhmədov və
Təhsil İşçiləri Azad Həmkarlar
İttifaqı Ağcabədi Rayon Komitəsinin sədri Arzu
Niftullayeva “Tərəqqi” medalı ilə təltif
olunmuşlar.
Cari ildə Azərbaycan
bölməsinə 39 adda 61.825, rus bölməsinə 36 adda
600 olmaqla, 75 adda 62.425 nüsxə pulsuz dərslik
paylanmışdır. 2009-cu ildə Nizami adına Avşar kənd
orta məktəbi üçün 480 şagird yerlik, Gələbədin
kənd orta məktəbi üçün 320 şagird yerlik
yeni bina tikilmişdir. 12 saylı şəhər orta məktəbi
əsaslı təmir olunmuşdur. Hazırda Qaraxanlı kənd
orta məktəbi üçün 180 şagird yerlik yeni
binanın layihə-smeta sənədləri hazırlanır.
Mərkəzi xəstəxana
2009-cu il ərzində əhaliyə səhiyyə xidmətlərinin
yaxşılaşdırılması istiqamətində bir
sıra işlər görmüşdür. Mərkəzi xəstəxananın
nəzdində 2 şəhər, 1 qəsəbə, 9 kənd
xəstəxanası, 17 kənd həkim ambulatoriyası və
22 feldşer-mama məntəqəsi fəaliyyət göstərir.
Ümumiyyətlə, əhalinin sağlamlığı
keşiyində 157 həkim, 597 orta tibb işçisi
dayanır. Səhiyyə islahatlarına uyğun olaraq, ilkin tibbi
yardımı, ambulator poliklinik xidmətləri
yaxşılaşdırmaq, sanitar-epidemioloji xidmətləri
gücləndirmək, maddi texniki bazanı inkişaf etdirmək,
kadr potensialını gücləndirmək istiqamətində
müəyyən işlər aparılmışdır.
Mərkəzi xəstəxananın
əsas korpusu — 140 çarpayılıq 2 mərtəbəli
binanın fasad hissəsi rənglənmiş və 70
çarpayılıq terapiya şöbəsi əsaslı təmir
olunmuşdur. Qəbul şöbəsi istifadəyə
verilmişdir. Su sistemi yenisi ilə əvəz edilmişdir.
İnfeksion və rentgen şöbələrinin dam
örtüyü dəyişdirilmişdir. Xəstəxananın
həyətində əsaslı təmir işləri
aparılmışdır. Həyətə 5 yerdə bulaq
çəkilmiş və xəstəxananı daimi su ilə
təmin etmək məqsədi ilə ehtiyat su çəni
quraşdırılmışdır. 2000-dən artıq
ağac və gül əkilmişdir.
Əhalinin imtiyazlı təbəqəsinə
tibbi yardım günün tələbləri səviyyəsində
qurulur. 29 Böyük Vətən müharibəsi əlili, 93
Qarabağ müharibəsi və 46 Çernobıl qəzası
iştirakçıları, şəhid ailələri daimi
tibbi müayinədən keçirilir, lazım olan dərmanlarla
təmin olunurlar.
Azərbaycan Respublikası
Prezidentinin 2009-cu ilin “Uşaq ili” elan edilməsi haqqında 22
dekabr 2008-ci il tarixli sərəncamının icrası ilə
bağlı Ağcabədi Rayon Mədəniyyət və
Turizm Şöbəsində tədbirlər planı
hazırlanmışdır. Mədəniyyət evlərində,
klublarda, musiqi məktəbi və kitabxanalarda, Muğam Mərkəzində,
muzeylərdə tədbirlər keçirilməsinə
metodiki kömək göstərilmişdir. Xüsusi
bülletenlər hazırlanmış, kitabxanalarda “Uşaqlar
bizim gələcəyimizdir” adlı sərgi və foto-stendlər
hazırlanmışdır.
2009-cu ilin aprel ayında
keçirilən I Respublika Muğam Festivalında 3 şagird
Bakı turuna vəsiqə qazanmışdır. Qaliblərin
yekun konsertində Tural Məmmədov III yerə layiq
görülmüş, Bahar Yusibova və Xəyyam
Baxışov diplomla təltif edilmişlər. Uşaq xor
kollektivlərinin VI Respublika Müsabiqəsində şəhər
incəsənət məktəbinin, Hacıbədəlli və
Xocavənd kənd musiqi məktəblərinin yetirmələri
diploma layiq görülmüşlər.
10 may 2009-cu il tarixdə
ümummilli lider Heydər Əliyevin anadan olmasının
86-cı ildönümü rayon ərazisində və mədəniyyət
müəssisələrində yüksək səviyyədə
qeyd olunmuşdur. Mədəni-kütləvi tədbirlər,
elmi-praktik konfranslar, rəsm və muğam müsabiqələri
keçirilmişdir.
Ağcabədiyə niyə tez-tez gedirəm?
...Ağcabədiyə tez-tez
gedirəm. Təkcə ona görə yox ki, burada dostlarım
daha çoxdur, onlarla görüşməyə, sıx
ünsiyyətə mənəvi ehtiyac duyuram. Bunlar öz
yerində.
Ancaq Qarabağın
axar-baxarlı, bərəkətli bölgəsinə tez-tez
getməyimin başqa bir səbəbi də var: burada heç
kim — sənətindən, yaşından, peşəsindən
asılı olmayaraq görülmüş işlərlə
kifayətlənmir, daha böyük uğurlar, möhtəşəm
tədbirlər barədə düşünür, sabaha dərin
inam və ümidlə baxır. Bu nikbinlik, sağlam mənəvi-psixoloji
mühit, mütəşəkkil və yaradıcı əhval-ruhiyyə
isə adamı ilk andan öz ağuşuna alır, xoş
duyğular yaradır.
Biz insanlar beləyik... — həmişə
işığa, ümidə, sabaha doğru gedirik...
Ziyəddin SULTANOV,
“Xalq qəzeti”nin bölgə müxbiri
Xalq qəzeti.- 2009.- 27 dekabr.- S. 6.