Azərbaycan güləşi böyük uğurlara imza atır

 

Son illər qazanılan qələbələr bunu deməyə əsas verir

 

Xalqımızın ümummilli lideri Heydər Əliyevin başladığı və cənab İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyasının məntiqi nəticəsi olaraq, ölkəmiz regionun lider dövlətinə çevrilmişdir. Dövlətimizin iqtisadi qüdrətinin ildən-ilə artması, bütün sahələr kimi, idmanın tərəqqisinə də müsbət təsir göstərir. Bu gün idmana dövlət səviyyəsində yüksək qayğı və diqqət yetirilir. Paytaxtda və regionlarda bir çox olimpiya komplekslərinin, müasir idman qurğularının tikilib istifadəyə verilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi bunu deməyə əsas verir.

 

Azərbaycanın bir sıra mötəbər yarışlara ev sahibliyi etməsi, idmançılarımızın dünya və Avropa miqyaslı turnirlərdə təmsil olunması, beynəlxalq idman təşkilatları rəhbərlərinin ölkəmizdə bu sahənin inkişafı ilə tanışlığı sayəsində Azərbaycan dünyada idman ölkəsi kimi tanınmışdır.

Ölkəmizin qədim milli idman növü olan sərbəst, habelə yunan-Roma güləşi bu gün daha da inkişaf etdirilir və ildən-ilə yüksək nailiyyətlər qazanılır. Bu növlər zəngin tarixə və özünəməxsus köklərə bağlıdır. Milli güləşin elementlərinə Qobustan qayalarında, şifahi xalq ədəbiyyatında, klassik ədəbiyyatda rast gəlirik.

Əvvəlki illər kimi, 2009-cu il də Azərbaycan güləşçiləri üçün uğurlu keçdi. Mövsümün əvvəlində sərbəst güləş üzrə yığma komandamız Tehranda dünya kubokuna sahib çıxdı. Millimiz bu uğuru apreldə Litva paytaxtı Vilnüsdə, Avropa çempionatında da davam etdirdi. 4 qızıl, 1 gümüş və 1 bürünc medal qazanan sərbəst güləşçilərimiz komanda hesabında 1-ci yeri tutdular. Bu, indiyədək qitə çempionatlarında əldə etdiyimiz ən böyük müvəffəqiyyətdir. Həmin yarışda komandamızın liderləri yüksək səviyyədə çıxış etdilər. Zəlimxan Hüseynov, Çamsulvara Çamsulvarayev, Xetaq Qazyumov və Əli İsayev qızıl, Cəbrayıl Həsənov gümüş, Novruz Temrezov bürünc medal qazandılar. Avropa çempionatının yekunlarına həsr olunmuş mətbuat konfransında Beynəlxalq Güləş Federasiyasının prezidenti Rafael Martinetti sərbəst güləş üzrə yığmamızı dünyanın ən güclü komandası adlandırdı. Beynəlxalq qurum rəhbərinin bu rəyi Azərbaycan güləşinin ədalətli, obyektiv və çox yüksək qiyməti sayıla bilər.

Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri cənab İlham Əliyev Avropa çempionatında uğur əldə etmiş güləşçiləri, onların məşqçilərini, eləcə də federasiya rəhbərlərini qəbul etdi. Dövlət başçısı Avropa çempionatında qazanılan qələbənin Azərbaycanın idman tarixində tayı-bərabəri olmadığını, bu uğurun Avropa və Azərbaycanın idman salnaməsinə həmişəlik daxil olduğunu bildirdi.

İyulda Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə keçirilmiş FİLA-ın “Qızıl qran-pri” turnirinin final mərhələsində pəhləvanlarımız yüksək səviyyədə çıxış etdilər. Belə ki, sərbəst güləşçilərimiz 2 qızıl, 2 gümüş, 4 bürünc, yunan-Roma güləşçilərimiz 2 qızıl, 1 gümüş, 3 bürünc, qadın güləşçilərimiz isə 1 qızıl, 1 gümüş və 3 bürünc medal qazandılar.

İl möhtəşəm başlamışdısa, təbii, bunun ardı gəlməli idi. Bu an sentyabrda, Danimarkada keçirilmiş dünya çempionatında yetişdi. Turnirdə güləşçilərimiz görünməmiş nəticə əldə etdilər. Qadın pəhləvanlarımız 2 qızıl, 1 gümüş medalla komanda hesabında 1-ci, sərbəst güləşçilər 3 gümüş, 1 bürünc medalla 2-ci, yunan-Roma güləşçilərimiz 1 qızıl, 2 bürünc medalla 3-cü yeri tutdular. Ümumi xal hesabında milli komandamız dünya çempionatında 1-ci yeri tutdu. Fərid Mansurov çempionatda fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. Bununla da o, müstəqillik dövründə ikiqat dünya çempionu tituluna yiyələnən ilk pəhləvanımız oldu.

Respublikamızda, həyatın başqa sahələrində olduğu kimi, idmanda da sürətli inkişaf gedir. Təməlini ulu öndərimizin qoyduğu və bu gün davam etdirilən uğurlu idman siyasəti Azərbaycanı idman ölkəsinə çevirib. Bunu tək biz demirik, beynəlxalq idman təşkilatlarının rəhbərləri də etiraf edirlər.

Dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində bu gün güləş özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Ölkə müstəqillik əldə etdikdən sonra bütün olimpiya oyunlarında bu idman növü üzrə medallar qazanılıb. Bu, bir daha sübut edir ki, milli idman növü güləş Azərbaycan idmanının aparıcı sahəsidir.

Bu mövsüm yeniyetmə və gənc güləşçilərimiz də beynəlxalq arenalarda uğurlar qazandılar. Türkiyə paytaxtında gənclərin dünya birinciliyində güləşçilərimiz 9 medala sahib çıxdılar. Ümumi komanda hesabında yunan-Roma güləşçilərimiz 3-cü, sərbəst güləşçilərimiz 2-ci yeri tutdular. Bu nəticələr heç də təsadüf deyildi: onlar dünya birinciliyinə qədər artıq öz sözlərini demişdilər. Avropa birinciliyində yunan-Roma və sərbəst güləşçilərimiz 12 medal əldə etdilər. Pəhləvanlarımızdan 2-si - Orxan Əhmədovla Həsən Əliyev (yunan-Roma güləşi) gənclərin həm Avropa, həm də dünya birinciliyində fəxri kürsünün ən yüksək pilləsində yer aldılar. Azərbaycan güləş tarixində ilk dəfə Cəbrayıl Həsənov sərbəst güləş üzrə dünya çempionu oldu. Bu uğur bir daha göstərdi ki, bizdə böyük potensiala malik idmançılar var və onlar hər zaman lider güləşçilərimizi layiqincə əvəzləməyə qadirdirlər.

Sevindirici haldır ki, xanımlarımız dünya çempionatında ən adlı-sanlı idmançılara qalib gələrək, yüksək nəticə əldə etdilər. Adı çəkilən uğur idmanın bu növünə təkcə Bakıda deyil, regionlarda da marağı artırıb. Güləş bölmələrində çoxlu yeniyetmə və gənc qız artıq məşqlərə başlayıblar. Güləş Federasiyası dünya çempionatında fərqlənən Mariya Stadnik, Yuliya Ratkeviç və Sona Əhmədli, eləcə də qadın güləşi üzrə məşqçilərin iştirakı ilə regionlarda görüşlər keçirməyi planlaşdırır. Yerli idmançılarla söhbətlərdə çempionlarımız qadın güləşinə necə gəldiklərindən, qələbə yolunda nə kimi gərgin əmək sərf etdiklərindən danışacaqlar. Fikrimcə, bu tədbirdən sonra qadın güləşi Azərbaycanda daha geniş yayılacaq, yaxın gələcəkdə onun kütləviliyinə nail olunacaq. Bir məqamı qeyd edim ki, bu gün milli komandamızda güclü rəqabət var. Buna baxmayaraq, biz kollektivi daha da gücləndirəcəyik ki, qızlarımız qarşıdan gələn mötəbər yarışlarda da uğurlu çıxış etsinlər. Təbii ki, bu uğurlar Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və Güləş Federasiyasının birgə məqsədyönlü işinin nəticəsidir. Kütləviliyi təmin etmək, inkişafa nail olmaq üçün, ilk növbədə, maddi-texniki baza möhkəmləndirilməli, həm paytaxtda, həm də əyalətlərdə gənclərin idmanla məşğulluğu üçün müasir tələblərə uyğun şərait yaradılmalıdır. Ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idmana və idmançılara böyük qayğısı hər bir bölgədə hiss olunmaqdadır. Son dövrlər regionlarda sürətlə tikilən və tikilməkdə olan olimpiya kompleksləri, digər qurğular idmanın canlanmasını, inkişafını daha da sürətləndirib. Fərəhli haldır ki, indi nəinki rayon mərkəzlərində, kənd orta məktəbləri nəzdində də standartlara cavab verən zallar inşa edilir, yarışlar keçirilir. Güləşçilərin də dövlətin bu qayğısından bəhrələnməsi, bölgələrdə bu növü daha da inkişafına təkan verəcək. Federasiyanın Azərbaycan üzrə 8 regional nümayəndəliyi fəaliyyət göstərir.

Bundan savayı, nümayəndələrimiz vaxtaşırı rayonlara səfər edir, yerlərdə vəziyyətlə tanış olur, aşkara çıxan problemlərin yerindəcə həllinə çalışırlar. Pəhləvanlarımızın yaxşı şəraitdə məşq keçmələri üçün, federasiya bölgələrdəki güləş bazalarının təmirinə, yenidən qurulmasına, avadanlıqlarla təmin olunmasına köməyini əsirgəmir. Regionlarda seleksiya işləri də uğurla həyata keçirilir. İnanıram ki, yaxın gələcəkdə bütün yaş qrupları üzrə yığma komandalarımızda hər çəkidə bir neçə istedadlı güləşçi yer alacaq. Bundan başqa, federasiya bəzi rayonlarda fəaliyyət göstərən internat məktəblərdə də güləş bölmələri açılmasına nail olub. Qarşıda isə görüləsi işlər çoxdur.

Bakıda və regionlarda yeni zalların inşasını planlaşdırmışıq. Paytaxtımızda dünyada analoqu olmayan “Güləş evi” tikiləcək. Bu isə güləşin daha da inkişafına şərait yaradacaq. Federasiya yeniyetmə pəhləvanların püxtələşərək, tələb olunan səviyyəyə çatdırılması üzrə də böyük işlər görür. cari mövsümdən başlayaraq, aşağı yaş qrupları üzrə mərhələli Respublika turnirləri keçirilir, perspektivli güləşçilər təlim-məşq toplanışlarına cəlb edilir, onların daim bir yerdə məskunlaşması üçün yollar axtarılır. Səviyyəni artırmaq, rəqabəti gücləndirmək üçün ciddi addımlar atmışıq. Güləşçiləri stimullaşdırmaq üçün, demək olar ki, hər turnirdə onları və onların məşqçilərini mükafatlandırırıq.

İndi bütün daxili yarışlar müasir arenalarda keçirilir. Bu, yeniyetmələrimizə çox faydalıdır. Çünki güləşdə ilk addımlarını atan idmançılarımız indidən iri arenalarda aciotacı, gərginliyi hiss edir və buna öyrəşir, beynəlxalq turnirdə belə zallarda mübarizə aparmağa psixoloji cəhətdən hazır olur. Güləşçilərimiz ustalıqlarını artırmaq, yarış təcrübəsi əldə etmək üçün daim turnirlərdə iştirak etməlidirlər. Bu məqsədlə daxili yarışların sayını ildən-ilə artırırıq. Bu il paytaxtda, Helsinki Olimpiadasının gümüş mükafatçısı Rəşid Məmmədbəyovun xatirəsinə yeniyetmə sərbəst və yunan-Roma güləşçiləri arasında ilk dəfə ümumrespublika yarışı keçirdik. Naxçıvan Muxtar Respublikasında yeniyetmə sərbəst güləşçilər arasında keçirilmiş “Naxçıvan kuboku” beynəlxalq turnirini də xüsusi qeyd etmək olar. Həmin yarış yüksək səviyyədə təşkil edildi. Şərur Olimpiya İdman Kompleksində baş tutmuş beynəlxalq turnir, ümumiyyətlə, muxtar respublikanın idman həyatında özəl əhəmiyyətə malik idi. Çünki orada beynəlxalq güləş turniri ilk dəfə keçirilirdi.

Yarış ənənəvi olduğundan, bundan sonra hər il təşkil ediləcək. Bu, muxtar respublikanın idman həyatını daha da canlandıracaq, ona diqqəti bir qədər də artıracaq. Son zamanlar güləşin qaydalarında bir sıra dəyişikliklər edilib. Hakimlərimizi, məşqçilərimizi vaxtlı vaxtında təlimatlandırılmaq üçün hər yarışdan öncə onlar üçün seminarlar təşkil edilir. Mütəxəssislərimiz gənc kadrların maariflənməsi üçün çox çalışırlar. Bütün yaş qrupları üzrə yığmalarımız müntəzəm təlim-məşq toplanışlarında olur. Milli komanda üzvlərinin hazırlıq səviyyəsini artırmaq üçün daim başqa ölkələrin güləşçiləri ilə birgə təlim-məşq toplantıları keçiririk. Ümumiyyətlə, məşqçilər heyəti yığma komandamızın hər bir üzvünə fərdi plan hazırlayıb. Bu işin uğuru üçün federasiya məşqçilər heyətinin sıralarını bir az da genişləndirib. Məqsəd bütün çəkilərdə yüksək səviyyəli idmançılar olmasıdır. Bu niyyətlə hər çəki üzrə cavabdeh məşqçi təyin etmişik. Misal kimi olimpiya çempionu Namiq Abdullayev, Aslan Ağayev, Siracəddin Eldarov, Firdovsi Umudov, İlqar Abdulov, Vüqar Aslanov, Nurəddin Rəcəbov və başqalarını göstərə bilərik. Bundan savayı, əsas rəqiblərin öyrənilməsi üçün video-disklərdən əyani vasitə kimi istifadə edilir. Çalışacağıq ki, güləşçilərimiz uğurları təkrarlamaqla yanaşı, bəzi başqa çəkilərdə də uğurla çıxış etsinlər. Federasiya güləşçilərimizə hər cür şərait yaradıb. Onlara xüsusi diqqət, nəzarət var. Vaxtlı-vaxtında vitaminlərlə təmin olunur, daim komandanın həkimləri tərəfindən müayinə edilirlər. Lazım gələndə, güləşçilərimizi müalicə üçün xaricə də göndəririk. FİLA növbəti Avropa çempionatını da Azərbaycanda keçirməyi qərara alıb. Beynəlxalq yarışların keçirilməsi sahəsində respublikamızın böyük təcrübəsi var.

Müxtəlif idman növləri üzrə burada təşkil edilən beynəlxalq turnirlər bir-birini əvəz edir. 2010-cu ildə Bakıda keçiriləcək qitə çempionatının yüksək səviyyədə təşkili üçün tam bir sıra tədbirlər həyata keçirilir. Azərbaycan qədim güləş ölkəsidir. Dünyanın ən möhtəşəm idman yarışlarında – olimpiya oyunlarında güləşçilərimiz bunu bir daha sübut etməlidirlər. Növbəti olimpiadaya həm sərbəst, həm yunan-Roma, həm də qadın güləşi üzrə bütün çəki dərəcələrində lisenziya əldə etmək qarşıda duran ümdə vəzifələrdəndir. Gənclər arasında olimpiya ümidlərimizi doğruldacaq peşəkar idmançılar yetişdirilməsi daim diqqət mərkəzindədir.

Olimpiyadaya hazırlıqla bağlı federasiya xeyli tədbirlər həyata keçirməyi nəzərdə tutub. Əsas məqsəd London Olimpiadasında yüksək nəticələr qazanmaqdır və ümidvaram ki, belə də olacaqdır. İdmançılarımızın olimpiadadan-olimpiadaya əldə etdikləri nəticələr də bunu deməyə əsas verir. Hər dəfə güləşçilərimiz fəxri kürsünün ən yüksək pilləsində dayananda, himnimiz səslənəndə, üçrəngli bayrağımız dalğalananda on minlərlə insan bunları heyranlıqla seyr edir, milyonlarla tamaşaçı ekranlarda izləyir və böyük qürur duyur. Ulu öndərimiz Heydər Əliyevin təbirincə, “İdman kimi Azərbaycanın müstəqillik rəmzlərini nümayiş etdirən ikinci bir vasitə yoxdur”. Ümidvaram ki, pəhləvanlarımız qarşıdan gələn illərdə də xalqımıza bol-bol sevinc bəxş edəcəklər.

 

 

Cavanşir QURBANOV,

Əməkdar bədən tərbiyəsi və idman xadimi

 

Xalq qəzeti.- 2007.- 27 dekabr.- S. 7.