İctimai və humanitar elmlərin prioritet istiqamətləri
Tarixiliyin kəşfindən sonra məlum oldu ki, hər
bir elmi problem konkret zaman kontekstində həll olunur. Dünyada hər şey öz zamanına
möhtacdır. Xüsusilə yer həqiqətlərini
dərk etmək imkanına məxsus insan zəkası zaman
hüdudundan çıxdıqda ictimai və humanitar fikirdə
bir hərc-mərclik yaranır. Zamanın qüdrəti
ondadır ki, o, çərçivə deyil, ehkam olaraq
qalmır, tarixin gedişatı isə dəyişir. Tarixin təcrübəsi
tarixiliyin əsası, onun genetik mənşəyidir. Zaman tarixiliyin “arşını”, onun
ölçü vahididir. İnsan təfəkkürü
də məhz zamana görə dəyişir və dəyişməlidir.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri,
akademik Ramiz Mehdiyevin “İctimai və humanitar elmlər: zaman
kontekstində baxış, (”Xalq qəzeti" 9 dekabr
2009)" adlı konseptual məqaləsi tarixin gedişatı
nəticəsində ictimai və humanitar elmlərin zamanla
uyarlığını tənzimləyən olduqca dəyərli
bir araşdırmadır.
Efir məkanı
ilə bağlı yazısında olduğu kimi, bu məqalədə
də hörmətli akademik müstəqil Azərbaycanın
dövlətçilik mənafelərinə istinad edərək,
əsl vətəndaş və alim təəssübkeşliyi
ilə ictimai və humanitar elmlər sahəsində mövcud
olan ciddi problemləri xalqın və ziyalı
elitasının müzakirəsinə təqdim edir. Yüksək
milli mənlik şüuru, zəngin dövlətçilik
(idarəçilik) təcrübəsi, tutarlı elmi faktlar və
ictimai müşahidələr əsasında
yazılmış bu yazının gücü bundadır ki,
o, Azərbaycan reallıqlarını obyektiv, tam
aydınlığı və prinsipiallıqla əks etdirir.
Hörmətli akademik belə bir düzgün metodoloji
başlanğıcdan çıxış edir: “Azərbaycan
Prezidenti İlham Əliyev bu il noyabr ayının 2-də
Bakı Dövlət Universitetinin yubiley mərasimindəki
çıxışında ölkəmizin iqtisadiyyatında
keçid dövrünün artıq başa
çatdığını bəyan etdi. Hər
bir Azərbaycan vətəndaşı və bütövlükdə
ölkəmiz üçün tarixi əhəmiyyət kəsb
edən bu bəyanat elmi və intellektual elita
qarşısında xeyli mürəkkəb və strateji əhəmiyyətli
məsələlər qoyur”. Beləliklə
də akademik R.Mehdiyev həm başa çatmış
keçid dövrünün təcrübələrini təhlil
edir, həm də və daha çox yeni tarixi dövrdə
ictimai və humanitar elmlərin inkişaf istiqamətlərini,
strategiyasını müəyyənləşdirir. Doğru olaraq belə qənaətə gəlinir ki,
SSRİ imperiyası çökdükdən, onun totalitar
ideologiyası tənəzzülə uğradıqdan sonra
postsovet məkanına daxil olan respublikalarda, o cümlədən
də Azərbaycanda ideologiya böhranı yarandı. Bir
müddət faktiki olaraq papaqlar dəyişdi, başlar
olduğu kimi qaldı: elmi ateizm - dinşünaslıq, elmi
kommunizm - politologiya donunda çıxış etdi.
1993-cü ildə
xalqın iradəsi və istəyi ilə yenidən hakimiyyətə
qayıtdıqdan sonra ümummilli lider Heydər Əliyev Azərbaycanın
inkişaf strategiyasını hazırladı. Onun ən
böyük xidmətlərindən birisi bu idi ki, Heydər Əliyev
tarixin gedişatı qarşısında çaş-baş
qalmış regional kataklizmlərdən vahiməyə
düşmüş xalqı təşkil etdi və ona rəhbərliyi
əzmlə öhdəsinə götürdü. İkinci çox vacib cəhət, siyasi baxımdan
qeyri-sabit, müxtəlif fikir cərəyanlarının
mövcud olduğu ölkəyə xarici şirkətlərin
investisiya qoyuluşuna inam yaratdı. Tarixə “Əsrin
müqaviləsi” kimi daxil olan beynəlxalq neft kontraktları ilə
yeni Azərbaycanın və onun ideologiyası olan azərbaycançılığın
iqtisadi təməllərini yaratmağa nail oldu.
Keçid
dövründə meydana çıxmış problemlərdən
bir çoxu qloballaşma (kürəsəllik!) ilə
bağlıdır. Məqalənin müəllifi doğru olaraq diqqəti
belə bir cəhətə yönəldir: “Bütün yer
kürəsini əhatə etmiş qloballaşma milli məkana
bəzən birmənalı olmayan şəkildə ciddi təsir
göstərir”. Bu gün bütün xalqlar
öz qapılarını mədəniyyətlərin
üzünə açıblar. Və
öz elm və mədəniyyətlərini başqa dövlətlərə
ötürməyə maraq göstərirlər. Lakin qloballaşma eyni zamanda dağıdıcı
bir prosesdir. O, bəzən əsrlərlə
formalaşmış mənəvi dəyərlərlə
hesablaşmaya, onları məhv edə bilər. Bu baxımdan ən vacib problem milli
varlığın qorunması, milli kimliyin
saxlanılmasıdır. Biz bu fikirdəyik
ki, qloballaşma eyni zamanda rəqəmsal dünya ilə ruhi
aləm arasında ziddiyyətlərin əsasını qoydu,
daha doğrusu onları formalaşdıraraq ortaya
çıxartdı. Şərq
xalqlarından biri olmaq etibarilə Azərbaycan xalqı
humanitar təfəkkürə malikdir. Avropada
isə texnokrat düşüncə tərzi
üstünlük təşkil edir. Ona
görə də biz rəqəmsal dünyanın yox, ruhi aləmin
tərəfindəyik. Mədəniyyət və ədəbiyyatımızın
xarakterinə gəldikdə isə: Avropada mədəniyyət
mərhələləri, bədii-fəlsəfi cərəyanlar
sıçrayışlı xarakterdə olub, biri-digərini
inkar üzərində bərqərar olur. Şərqdə
(və Azərbaycanda) mədəni-tarixi mərhələlərin,
bədii-fəlsəfi cərəyanların əvəzlənməsi
təkamülü (evolyusiyası!) xarakter daşıyır,
bir mərhələ özündən sonrakı mərhələni
hazırlayaraq onun üçün zəminə çevrilir.
Bu baxımdan akademik R.Mehdiyevin məqaləsi
ictimai və humanitar elmlər sahəsində Şərq və
Qərb dəyərlərinin vəhdətini saxlamaqla prioritet
istiqamətlərin müəyyənləşdirməsini təmin
edən fundamental bir tədqiqatdır.
Akademik R.Mehdiyevin məqaləsi
ictimai və humanitar elm sahələrini yeni tarixi şəraitdə
həll etməli problemləri sistemləşdirir: “Əsas məqsədimiz
bundan ibarətdir ki, yaxın illərdə təhsildə, elmdə,
ümumən intellektual sahələrdə ciddi
dönüş yaradılmalı və biliklərə əsaslanan
iqtisadiyyatın qurulması prosesi intensivləşməlidir”. Bu məqsəd yönümündə də məqalədə
milli elita ilə birlikdə həyata keçirilməsi vacib
olan strateji planlar müəyyənləşdirilir. Onlardan birincisi “idarəçilik sistemində qəbul
olunan siyasi qərarların elmi bazasının
yaradılması”dır. Bu müasir Azərbaycan
elminin qarşısında duran ən aktual problemlərdəndir.
Göstərilir ki, belə baza yaratmaq üçün: a)
problemin mahiyyəti; b) onu necə və hansı alternativ
yollarla həll etmək; v) alternativ həllərdən ən
aktualını tapmaq kimi məsələlər müəyyən
olunmalıdır. Obyektiv tənqid olunan cəhətlərdən
biri də ictimai elmlərin qeyri-fəallığı, ətalət,
gözləmə və passiv seyrçi mövqeyi
tutmasıdır. Məqalədə deyilir: “Bizdə
siyasi anlayışlardan və politologiyanın müasir
problemlərindən heç olmasa, baş çıxara bilən
mütəxəssis də yoxdur”.
Bizim fikrimizcə,
ictimai elmlərin zamanın tələbindən geri
qalmasının səbəblərindən biri də kadr
problemi ilə bərabər, həm də bu elmlərin vahid
konsepsiyaya malik olmamasıdır. Sovet dövründən
qalma marksist metodlara dayaqlanaraq formalaşmış ictimai elmlər
lazımi çevikliklə o zaman “burjua” deyə cəfəng-cəfəng
yamanladığımız dünya fəlsəfi,
sosial-psixoloji nəzəriyyələrini öz tədqiqatlarının
arsenalına çevirə bilmədilər. Dünya
Freydi, Nitşeni, Şopenhaeri, hind-Çin və
R.Mehdiyev
üçüncü prioritet istiqamət olaraq Azərbaycan
mentalitetinin öyrənilməsi məsələsini irəli
sürür.
“Milli dəyərlərin qorunub saxlanılmasından
danışarkən biz heç də onların
konservasiyasını nəzərdə tutmuruq... Yeni inkişaf yolunu müəyyən edən
strategiyada, sözsüz ki, varisliklə novatorluq vəhdət
təşkil etməlidir. Bəs bu vəhdətin
mahiyyəti nədən ibarətdir? Fikrimizcə,
novatorluq ənənəyə münasibətin, onu konkret
şəraitdə dərk etməyin formasıdır. Novatorluğun gücü ənənəyə
yaxınlığında, ona konkret münasibətindədir.
Bu gün varisliklə (ənənə ilə!)
novatorluğun vəhdəti ən yüksək tərzdə
Heydər Əliyevin həm nəzəri şəkildə
formalaşdırdığı, həm də dövlətçiliyə
tətbiq etdiyi azərbaycançılıq məfkurəsində
tapıb. Akademik R.Mehdiyev başqa bir yazısında onu
belə ümumiləşdirir: “Azərbaycançılıq
xalqımızın çox əzab-əziyyətlə nail olduğu tarixi sərvətdir. O, real
müstəqilliyə nail olmaq, vahid, bölünməz Azərbaycanı
qoruyub saxlamaq və möhkəmləndirmək
üçün vasitədir. Bu gün azərbaycançılıq
milli həyatın, kontessiyaların harmoniyasının
çoxəsrlik ənənəsi, ölkədə
yaşayan bütün millətlərin və etnik qrupların
qardaşlığı, qarşılıqlı əlaqə
və təsirinin tarixi, onların ümumi taleyi və müstəqil
Azərbaycanın bütövlüyü uğrunda birgə
mübarizəsinin tarixi təcrübəsidir”.
Azərbaycançılıq
milli istiqlal ideologiyasıdır. O, türkəsilli Azərbaycan
xalqının milli ideologiyasıdır. Azərbaycançılıq
türkçülüyün vətən əxlaqı
müstəvisində dərkidir. Azərbaycançılıq
bu ölkədə yaşayan bütün xalqlar
üçün müqəddəs olan vətənçiliyin
ifadəsidir. Azərbaycançılıq
dünya azərbaycanlılarını birləşdirən,
onlara kimliyini tanıdan milli ideologiyadır. “Türk millətindənəm, İslam ümmətindənəm,
Azərbaycan məmləkətindənəm!” - Azərbaycançılıq
bu üç təməl üzərində bərqərar
olur. Akademik R.Mehdiyev Azərbaycan dili problemini məhz ulu
öndər Heydər Əliyevin irəli sürdüyü tərzdə
- azərbaycançılığın təməl problemi
kimi qoyur və gələcəyə yönəlmiş
mülahizələr irəli sürür: “Azərbaycan dilinin
cəmiyyətimizdəki mövqeyi çox
güclüdür. Həyata keçirilən iri miqyaslı
layihə ədəbi irsimizi kütləvi surətdə
latın qrafikası ilə çap etməyə imkan verdi. Bu mədəni həyatımızda
çox böyük hadisədir. Digər
tərəfdən dövlətin dilə və ədəbiyyata
olan qayğısının təzahürüdür.
Hamıya məlumdur ki,
latın qrafikası ilə çap olunmuş Azərbaycan və
dünya klassik irsi dövlətin sərəncamı ilə təkcə
şəhər kitabxanalarına, o cümlədən ali məktəb kitabxanalarına deyil, ən
ucqar rayonlarımızın kənd kitabxanalarına göndərilib.
Akademik R.Mehdiyev ictimai və humanitar elmlər sahəsində
gənc mütəxəssislərin yetişməməsini
ciddi narahatlıqla qeyd edir. Axı necə
yetişsin? Səmimiyyətlə deyirəm,
mən test üsulu ilə imtahan götürülməsinin əleyhinə
deyiləm. Bir çox sahələr, xüsusilə
fizika, riyaziyyat, kimya, biologiya, coğrafiya və s.
üçün bu çox vacib və optimal yoldur. Lakin bədii
təfəkkürlə bağlı yaradıcılıq sahələri,
musiqi, rejissorluq, aktyor sənəti, jurnalistika, filologiya, ədəbi
yaradıcılıq və s. sahələrdə bu üsul
özünü doğrultmur. Bu gün tələbələr
orta məktəbdən, özü də orta məktəbdən
yox, müəllim (repetitor!) hazırlığından əzbərçi
kimi gəlirlər.
Yeri gəlmişkən
qeyd edək ki, bu gün Azərbaycanda məhz ictimai və
humanitar elmlərin ilkin bazası olan orta məktəbdə
bilikli müəllim və nəzəri-pedaqoji cəhətdən
mükəmməl dərslik problemi mövcuddur. Bu gün hər bir ali məktəb auditoriyasında, hər bir orta
məktəb sinfində hər müəllim vətən, millət,
xalq haqqında, akademik R.Mehdiyevin ifadəsi ilə desək,
öz siyasi baxışlarına uyğun bir söz
danışır. Məsələn, orta məktəblər
üçün 10-cu sinif Ədəbiyyat dərsliyi ciddi
pedaqoji prinsiplərlə yazılmış dərslikdən
daha çox zəif məqalələr məcmuəsinə bənzəyir.
Halbuki, dərsliyin öz aydın dili, dəqiq ifadə tərzi,
şagirdin psixoloji durumunu nəzərə alan
məlumat-informasiya yükü olmalıdır. Bütün
bunlar ona görə belədir ki, dərs proqramları və dərs
vəsaitləri, dərsliklər vahid milli ideologiya - azərbaycançılıq
konsepsiyası əsasında yazılmır, ali
məktəblərdə müəllim hazırlığı
səthi xarakter daşıyır. Akademik R.Mehdiyev doğru
olaraq yazır: “Biz ümumən Azərbaycan elmini əyalət
ab-havasından xilas edərək, onun dünya elm məkanına
inteqrasiyasına can atmalıyıq”.
Vaxtilə biz (70-ci illərdə)
tələbə ikən, əvvəla orta məktəbdə
Azərbaycan roman, povest, hekayə və poemalarını,
nağıl və dastanları, ali məktəbdə isə
dünya, xüsusilə rus klassiklərinin əsərlərini
oxuyur, təhlil mədəniyyətini, müqayisələr
aparmaq vərdişlərini öyrəndik. Bu isə
dil və nitqimizi, yazı (inşa) mədəniyyətimizi,
başlıcası isə ictimai düşüncə və
humanitar təfəkkürümüzü inkişaf etdirirdi.
Bu gün test üsulu məhz ictimai və humanitar təfəkkürümüzün
inkişafına ciddi əngəl törədir.
Mən 25 ildir ki, ali məktəbdə
Azərbaycan ədəbiyyatı, rus ədəbiyyatı, ədəbiyyat
nəzəriyyəsi fənlərindən dərs deyirəm və
hesab edirəm ki, heç bir imtahan üsulu müəllimlə
şagird arasındakı canlı ünsiyyəti əvəz
edə bilməz. Biz nə qədər ki, gec
deyil bu məsələ üzərində ciddi surətdə
düşünməliyik. Bu gün ali
məktəblərin ictimai və humanitar fakültələrinə
test üsulu ilə qəbul olunmuş tələbələr
mexaniki olaraq istədiyi ixtisasa deyil, balı çatan ixtisasa qəbul
olunur. Bu halda isə analitik təfəkkür səviyyəsindən
söhbət gedə bilməz. Bu baxımdan olduqca
acınacaqlı bir cəhəti R.Mehdiyev belə ümumiləşdirir:
“Xarici ölkələrdə təhsil alan
tələbələrimizlə söhbətlərin təhlili
göstərir ki, onlar vətən tarixini və mədəniyyətini
yaxşı bilmirlər. Bu səbəbdən də
gənclərimizin bir qismində öz ölkəsinə biganə
münasibət formalaşır”. Bu
çox düzgün müşahidə və olduqca təhlükəli
meyldir. Halbuki, ümummilli lider Heydər Əliyev 29 dekabr
2001-ci ildə dünya azərbaycanlılarına müraciətində
demişdi: “Azərbaycanlılar dünyanın bütün
ölkələrində Azərbaycan mədəniyyətinin,
dilinin, adət-ənənələrinin, mentalitetinin layiqli
daşıyıcıları kimi çıxış etməlidirlər”.
Dünya Azərbaycanlılarının I
qurultayındakı (10 noyabr 2001) parlaq və böyük
perspektivlərə malik tarixi nitqində isə o demişdi:
“Biz istəyirik ki, müxtəlif ölkələrdə yaşayan
azərbaycanlılar həmin ölkələrin vətəndaşı
kimi istədikləri kimi yaşasınlar. Ancaq
heç vaxt öz milli köklərini, milli mənsubiyyətlərini
itirməsinlər. İnsan hansı ölkədə
yaşamasından asılı olmayaraq gərək öz
milliliyini qoruyub saxlasın. Bizim hamımızı birləşdirən
azərbaycançılıqdır... Hər bir
insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir.
Həmişə fəxr etmişəm, bu
gün də fəxr edirəm ki, mən azərbaycanlıyam.
Müstəqil
Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı
öz milli mənsubiyyətinə görə qürur hissi
keçirməlidir və biz azərbaycançılığı
- Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi
dəyərlərini, adət-ənənələrini
yaşatmalıyıq".
Artıq qeyd
etdiyimiz kimi, azərbaycançılığın əsasında
duran bədii-fəlsəfi sahələrdən ümdəsi
dil və ədəbiyyatdır.
Min ildən
artıq bir dövr ərzində bizim fəlsəfəmiz də,
sosiologiyamız da, fiqhimiz də, təbii ki, dilimiz də məhz
ədəbiyyatın bətnində, bədii formalarda
mövcud olub.
Orta əsrlərdə “ülumi-ədəbi”yə
14-17 elm daxil idi. Akademik R.Mehdiyev vətəndaş
yanğısı ilə yazır: “Bu gün canlı
danışıq dilimizdə müşahidə olunan bəsitlik,
müasir ədəbi əsərlərin
qıtlığı, kütləvi informasiya vasitələrinin
dilindəki üslub pozuntuları və qəlizlik bizim
dilçilərin və ədəbiyyatşünasların
araşdırmalarında lazımi yer tutmur. Heç
kəsə elə gəlməsin ki, dilin dövlət dili elan
olunması ilə dillə əlaqəli olan bütün
problemlər aradan qaldırılır. Daim
dilin keşiyində dayanmalı olan insanlar, təəssüf
ki, müasir dövr üçün zəruri, sanballı tədqiqatları
həyata keçirmirlər. Məni bir sual
düşündürür: Azərbaycanda son illərdə
yazılan heç olmasa bir roman, hekayə və poema adı
çəkmək mümkündürmü ki, o cəmiyyətimizdə
böyük maraq doğursun? Yaxud Azərbaycan
teatrında elə bir yeni əsər tamaşaya qoyulubmu ki,
ictimaiyyətin diqqət mərkəzində olsun? Həqiqi söz ustası, əsl ədib zamanın
ruhunu duymalı və ona uyğun əsərlər meydana gətirməyi
bacarmalıdır.
Ədəbiyyat
və teatr tənqidçilərimiz hələlik gizli, latent
formada cərəyan edən narahatedici proseslərin təhlilini
aparmalı və öz missiyalarını yerinə yetirməlidirlər".
R.Mehdiyevin bu
mülahizələri də digər iradları kimi Azərbaycan
reallığını əks etdirir. Güman edirəm ki,
Yazıçılar Birliyi qarşıdan gələn növbəti
qurultayında bu yazıda qoyulan suallara cavab axtarmalı olacaq.
Mən həmişə demişəm ki, ədəbiyyatında
Füzulisi olan xalqın şairi olmaq çox çətindir.
Bu gün nəinki içindən 2-3 şeir
tapılmayan qalın-qalın kitablar, hətta çoxcildliklər
çap olunur. Şairlər və şeir
kitabları var, fəqət poeziya yoxdur. Əlbəttə,
bu olduqca düşündürücüdür. Görünür, həm Yazıçılar
Birliyi, həm də cari ədəbi tənqid tək-tük ələ
gələn kitabları da ədəbi ictimaiyyətə
lazımi səviyyədə təqdim edə bilmir. Bu
baxımdan peşəkar bir tənqidçi kimi mən də
özümü günahkar hesab edirəm, başım
qarışıb müxtəlif bədii-fəlsəfi nəzəriyyələrə,
bir də yubiley yazılarına, cari ədəbi proseslə məşğul
ola bilməmişəm. Bununla belə tənqidçi
hissim və ədəbi-tarixi proses qarşısında vətəndaş
duyğum mənə imkan verir ki, bir neçə əsərin
adını çəkim: V.Səmədoğlunun “Mən
burdayam, İlahi!”, R.Rövşənin “Nəfəs” şeir
kitabları, Z.Yaqubun “Peyğəmbər” poeması, M.Yaqubun,
Ç.Əlioğlunun, Ə.Salahzadənin fəlsəfi
poeziyası, Anarın “Ağ qoç, qara qoç”,
Elçinin “Mahmud və Məryəm” romanları, A.Abbasın
“Dolu”, Elçin Hüseynbəylinin “On üçüncü
havari”, H.Mirələmovun “Xəcalət” və “Cəza”
povestləri, həmin müəllifin siyasi publisistika nümunəsi
olan, Moskvada JZL seriyasından (J.Andrianovla birlikdə) çap
olunan “Heydər Əliyev” və “İlham Əliyev”
kitabları müasir ədəbi prosesin yadda qalan nümunələri
sayıla bilər. Lakin bütün bunlar ayrı-ayrı
faktlardır və bütövlükdə Azərbaycanda ədəbi
proses, xüsusilə teatr prosesi böhran keçirir. Teatr həm orijinal repertuar sarıdan, həm peşəkar
aktyor baxımından çətinliklər
qarşısındadır. Dünya və
Azərbaycan klassik dramaturgiyasını müasirlik müstəvisində
səhnəyə gətirə bilən rejissor kadrlara ciddi
ehtiyac var. Belə bir cəhət həqiqətən
düşündürücüdür ki, bədii ədəbiyyat
Azərbaycan insanının düşdüyü psixoloji
durumu kifayət qədər dərindən əks etdirmir.
Yazıçılar oturub xalqımızın ən
böyük tarixi dərdinin — Qarabağ probleminin tarixçilər
tərəfindən həlli və izahını gözləyirlər.
Halbuki, bədii ədəbiyyat, vətəndaş
yazıçı fəhmini bu müəmmalı
düyünün tarixini və taleyini irəlicədən
açmağı bacarmalıdır. Ədəbiyyat
tarixi proseslərin yedəyində yox, önündə getməlidir.
Dil yaradıcılığı
baxımından da ədəbiyyatımızın novator
axtarışları xeyli zəifdir.
Mətbuat ən
böyük milli sənəddir. Mətbuat xalqla dil
arasında ünsiyyət vasitəsi, xalqla dili hər gün
görüşdürən imkandır. O, gündəlik
həqiqətləri xalq üçün, gələcək
üçün hifz edən məxəzdir. Ona
görə də mətbuatda yalan dilin ürəyini üzən,
iliyini vuran amildir. Dilin qüdrəti həm
mətbuatda, həm də bədii ədəbiyyatda həqiqəti
ifadə imkanı ilə ölçülür. Fəqət bunu bir çox qəzet və jurnallar,
habelə kütləvi informasiya vasitələri haqqında
demək olmaz. Xüsusilə gecə-gündüz
xalqla üz-üzə oturmuş aparıcıların ana
dilimizlə ata malı kimi sərbəst rəftar etməsi
dözülməzdir. Bəzi radio və
televiziya kanallarında aparıcılar müqəddəs sərvətimiz
olan dilimizi cırmaqlayır, əzib tökür, urvatdan
salırlar.
“Millətləri
mühafizə edən qalalar, istehkamlar deyil, zəngin lisan ilə
zəngin ədəbiyyatdır” (A.Şaiq). Vaxtilə milli mətbuatımızın
banisi H.Zərdabi yazırdı: “Hər kəsi
çağırıram - gəlmir, göstərirəm -
görmür, deyirəm - qanmır. Axırda
gördüm ki, onları haraylayıb çağırmaqdan
başqa bir əlac yoxdur”. 1875-ci ildə “Əkinçi”
məhz bu haraydan yarandı...
Məqalədə
elmi kadrların hazırlanması mexanizmi ciddi tənqid olunur,
yazılan əsərlərin “ölkənin gələcək
inkişaf strategiyasının elmi əsaslandırılması
baxımından” yararsız olduğu qeyd edilir. Ciddi problemlərdən
biri kimi “cəmiyyətdə elmi fəaliyyət sahəsində
laqeydliyin olduğu” həm də “Böyük həyəcan
doğuran fakt” kimi düzgün qeyd olunur. Müəllif
yazır: “Mövcud elmi şuralar öz iclaslarında elmin
müxtəlif sahələrinə həsr olunmuş
müzakirələr keçirmir. Beynəlxalq tərkibli
elmi şuralar isə yoxdur. Müdafiə
şuraları səviyyəsiz araşdırmalara,
dissertasiyaların müxtəlif yollarla yazılmasına,
müdafiəsinə və elmi adların verilməsinə
ciddi və tələbkarlıqla yanaşmır, nöqsanlara
göz yumur. Müdafiə olunan
dissertasiyaların böyük bir qismində sanballı elmi
tutum və yeni elmi qənaətlər yoxdur. Belə faktların sayı isə nəinki
azalmır, əksinə artır.
Elm bir biznesə çevrilib
və istənilən şəxs — dövlət məmuru, yaxud
iş adamı müxtəlif yollarla elmi ad almağa nail olur.
“... Son beş
ildə Azərbaycanda müdafiə edilmiş dissertasiyalar
arasında elələri vardır ki, tragikomik təsir
bağışlayır. Xüsusilə filologiya sahəsində
hansısa yazıçının “yaradıcılıq yolu”na həsr olunmuş dissertasiyaları qeyd etmək
istərdim. Adları qədər özləri də
bəsit olan həmin dissertasiyalar elmi tədqiqatdan daha
çox son dərəcə zəif yazılan publisistik
yazıları xatırladır. Eyni mənzərə
ictimai və humanitar elmlərin digər sahələrində də
müşahidə olunur".
Bu sətirlərdə Azərbaycan
elminin sabahı, xüsusilə bu elmin tarixi taleyimizdəki
gücsüzlüyündən yana narahat
bir fikir ifadə olunur. Təqribən il
yarım öncə filologiya üzrə vaxtı ilə bizim
inşa yazdığımız “Nizami
yaradıcılığında məhəbbət”
mövzusunda doktorluq dissertasiyası müdafiə olundu.
XX əsrin 80-ci illərində bizim institutun alimləri müdafiə şurasının üzvü kimi Türkmənistana, Aşqabada gedirdilər. Orada müdafiələr keçirir və SSRİ AAK-ı bu əsərləri problemsiz təsdiq edirdi. 1986-cı ildə 31 yaşında doktorluq işini tamamlayıb müzakirəyə vermişəm, akademik Məmməd Cəfər işin müzakirəsinin təşkilinə sərəncam verib. Lakin işimi oxumuş doqquz elmlər doktoru ayrı-ayrılıqda işi tərifləsə də müzakirə günü - 6 iyun 1986-cı ildə heç kəs müzakirəyə gəlməyib, məni baykot ediblər. Təkcə ustadım akademik K.Talıbzadə xəstəxanadan gəldi və bu vəziyyətə təəssüf etdi. Üç ildən sonra mən müdafiə edəndə rəsmi opponentlərimdən biri Qazaxıstan Universitetinin professoru Tursunbek Kakuşev idi... Bu qeydləri ona görə edirəm ki, həm gənclərə nümunə olsun, həm də beynəlxalq dissertasiya şuralarının zəruriliyini vurğulayım.
Nə qədər ki, əsl ziyalının, savadlı və vicdanlı alimin normal yaşaması üçün ona şərait yaradılmayıb, elm biznes, özü də ən ucuz biznes bazarına çevriləcək. Xalq şairi, akademik B.Vahabzadənin 1968-ci ildə yazılmış məşhur “Baş” şeirində aşağıdakı misralar var:
Böyrəyi, ürəyi dəyişmək asan
Bəs başı?
Bu yerdə bir qədər dayan!
Hər şeyi dəyişir,
axı, baş, beyin
Baş
özü başları necə dəyişsin?
İnsanın adına, şərəf-şanına,
Deyirəm, gəlməzmi
bundan bir ləkə?
Bir nadan güvənib öz
imkanına
Dahinin
başına göz dikdi, bəlkə?
Bu gün, dahi demirəm, ağıllı başlara göz dikənlər çoxdur. İndi elə şərait yaranıb ki, başı transplantasiya etmək lazım deyil, boş cib ağıllı başı özü gətirir imkanlı nadanın qabağına. Ona görə də ictimai və humanitar elmləri Azərbaycanın inkişaf strategiyasının əsasına gətirmək üçün yalnız istedad prinsipi əsas götürülərək əsl alimlərə layiq olduğu dəyəri vermək, onları iqtisadi iflic məngənəsindən azad etmək lazımdır. Bu gün Azərbaycan cəmiyyətində vəzifəli, pullu nadan görkəmli alimə istehza etməklə məşğuldur. Belə mühitin bütün ehkamları rəsmi surətdə dağıdılmalıdır.
Müəllif son dərəcə düşündürücü, onun öz ifadəsi ilə desək “çox təhlükəli mövqe” aşkara çıxarır: “Digərləri isə açıq-aydın yazırlar ki, bizim bütün problemlərimiz adımızın “azərbaycanlı” olmağından və ya bizə kiminsə “azərbaycanlı” adını verməyindən irəli gəlir”. Mən başqa bir cəhəti də qeyd etmək istəyirəm: bu gün Azərbaycanda “mən şəxsiyyət vəsiqəsində azərbaycanlı sözünü görəndə dəli oluram” deyən adamlar (özü də müəyyən vəzifə sahibləri!) peyda olub və onların sayı getdikcə artmaqdadır. Bax, bu əsl təhlükədir.
Akademik R.Mehdiyev səmimiyyət və tələbkarlıqla yazır: “Daim axtarışda olan insanlara geniş meydan verilməli, yeni fikirlər və ideyalar, novator yanaşmalar dəstəklənməlidir”. Bu yerdə xalq belə deyir: “Allah ağzınızdan eşitsin!”... Məqalənin mühüm bir hissəsi hörmətli akademikin belə bir fikrinin açımına xidmət edir: “İctimai elmlər sahəsində vəziyyətin yaxşılığa doğru kəskin surətdə dəyişməsi son dərəcə mühüm əhəmiyyət kəsb edir. Biz ictimai və humanitar elmi qurumların strukturlarını müasir tələblərə uyğun təkmilləşdirməliyik”. Bu istiqamətdə məqalədə Fəlsəfi və Hüquqi Tədqiqatlar İnstitutunun dünya fəlsəfəsindən uzaqlığı, Tarix İnstitutunda tədqiqatların faktoqrafiya səviyyəsində aparılması və institutun çap etdirdiyi 7 cildlik “Azərbaycan tarixi”nin birmənalı qarşılanmaması, Şərqşünaslıq İnstitutunun sovet dövrü ehkamlarından xilas ola bilməməsi, Folklor İnstitutunun öz profilinə uyğun tədqiqat istiqamətindən tamamilə uzaq düşməsi, Memarlıq və İncəsənət İnstitutunda kadrların yeniləşdirilməsi zərurəti, tarix və ədəbiyyat muzeylərinin eksponat nümayişi ilə məşğul olmaqdan əl çəkib dünya muzey mərkəzləri ilə əlaqələr yaratmasının vacibliyi. Dilçilik İnstitutunda tədqiqatların köhnə üsullarla aparılması, İnsan Hüquqları İnstitutunun bilavasitə öz vəzifələri ilə məşğul olmaması kimi ciddi, konseptual məsələlər obyektiv surətdə tənqid və qeyd olunur. Ədəbiyyat İnstitutu haqqında deyilir: “Ədəbiyyat İnstitutu ötən illərdə ciddi kadr itkilərinə məruz qalmışdır. Tanınmış tədqiqatçıların bir çoxu dünyasını dəyişmişdir. Son zamanlar institut öz araşdırmalarını yalnız XX əsri əhatə edən dövrlə məhdudlaşdırmağa cəhd göstərir. Hazırkı vəziyyəti bu institutu vaxtı çatmış problemlərin tədqiqindən uzaq qoyur. İnstitutun əvvəlki elmi nüfuzu bərpa olunmalıdır”. Hal-hazırda Ədəbiyyat İnstitutunda 6 cildlik ədəbiyyat tarixi intensiv surətdə hazırlanaraq çap olunur. Artıq üç cild çapdan çıxıb. Ayrı-ayrı alimlərin sanballı monoqrafiyaları çap olunub. Fəqət görülən işlərin təqdimatı istənilən səviyyədə deyil. Təəssüf ki, savadsız kadrların həm ədəbi tənqid, həm də filoloji fikir sahəsində təməlsiz iddiaları kadr hazırlığının vəziyyətini təsəvvür etməyə imkan vermir. Ümumiyyətlə, elmdə birbaş feminizasiya prosesi baş verməkdədir. Əlbəttə, həm tarix elmində, həm də filoloji fikir sahəsində “orta əsrlər” xüsusi problem kimi öyrənilməli, sovet dönəmində yasaq edilmiş, yaxud yanlış və birtərəfli araşdırılmış dövrlər və şəxsiyyətlərin irsi yeni istiqlal məfkurəsi - azərbaycançılıq fəlsəfəsinə dayaqlanan metodlarla yenidən araşdırılmalıdır.
Məqalədə ciddi narahatlıq doğuran problemlərdən biri kimi ali məktəb elminin akademiya elmindən uzaq düşməsi qeyd olunur. Ali məktəblərlə müqayisədə akademiya elmi xeyli dərəcədə şükürlüdür. Faciə burasındadır ki, ali məktəb alimləri təvazökar akademiya işçilərindən qat-qat təkəbbürlü və iddialıdır.
Əlbəttə, elmlərin hər birinin cəmiyyət tarixində öz yeri var. Fəqət bizim, yəqin hər bir millət üçün önəmli olan məhz o millətin öyrənməli olduğu sahələrdir. Məsələn, hansısa bir riyazi problemi, fiziki və kimyəvi postulatı rus alimi də, yapon və ya ingilis alimi də aça bilər və bundan dünyanın bütün xalqları bəhrələnər. Lakin Azərbaycan tarixini, dil və ədəbiyyatını, mədəniyyətini bizim əvəzimizə yapon alimi araşdırmayacaq. Akademik R.Mehdiyevin məqaləsində ictimai və humanitar elmlərin taleyi üçün vətəndaş narahatlığının əsasında məhz belə bir tarixi səbəb dayanır: prioritetlərin Azərbaycan reallıqlarına uyğun müəyyənləşdirilməsi. Bu gün ictimai və humanitar elmlərin taleyində Azərbaycan Respublikası Prezidenti yanında AAK anlaşılmaz rol oynayır. Hər cür məntiqə görə doktorluq dissertasiyasının real məzmunu monoqrafiyada əksini tapmalıdır. Lakin AAK tələb edir ki, monoqrafiya dissertasiya ilə eyni olmasın, dissertant eyni mövzuda yeni monoqrafiya təqdim etsin. Monoqrafiya əslində dissertasiyanın aprobasiyasını, sovet dövründə deyildiyi kimi, onun tətbiqi (vnedrenie) formasıdır. Əgər monoqrafiya dissertasiyanın əsas məzmunu, heç olmasa dissertantın gəldiyi tədqiqat nəticələrini əks etdirmirsə onda o nəyə lazımdır?...
XX əsrin önlərində Azərbaycan ziyalıları tarixi durumu nəzərə alaraq belə suallar qoyurdular: “Kimdir müqəssir?”, “Nədədir nicat?”. Yeni əsrin və üçüncü minilliyin başlanğıcında da biz belə suallar qarşısındayıq. “Müqəssir” biz özümüzük, hamımızıq. “Nicat” isə vahid milli ideya, milli ideologiya - azərbaycançılıq kontekstində birləşməkdədir. Biz ziyalılar ən böyük sərvətimiz olan azad, müstəqil Azərbaycanın tarixi mövqelərini möhkəmlətmək üçün onun iqtisadi, sosial-fəlsəfi, ədəbi-mədəni və ictimai elmlərini yeni prioritetlər əsasında inkişaf etdirməli, xalqımızın “Yol böyüyündür!” kəlamının nüfuzunu qorumaqla bərabər ”Yol istedadındır!" həqiqətini qəbul etməliyik.
Akademik R.Mehdiyevin “İctimai və humanitar elmlər: zaman kontekstində baxış” məqaləsi bu istiqamətdə strategiya və taktikamızı, başlıca prioritetləri müəyyən edən, yeni metodları formalaşdıran konseptual nəzəri-tarixi əsərdir.
Nizaməddin ŞƏMSİZADƏ,
filologiya elmləri doktoru, professor
Xalq qəzeti.- 2009.- 26 dekabr.- S. 8.