Azərbaycan regionda şəbəkə
texnologiyaları üzrə lider ölkədir
Bu gün dünyada informasiya və
kommunikasiya texnologiyalarına böyük önəm verilir. Bu
sahə ilbəil daha da sürətli inkişaf edir. Bununla
yanaşı məlumat ötürmə texnologiyası olan
internetin inkişafı dinamik xarakter daşıyır.
Çünki son illər internet Yer kürəsinin informasiya
qişasına çevrilmişdir.
İnternet istifadəçilərin sayı ildən-ilə sürətlə artır, bu da onu deməyə imkan yaradır ki, Yer kürəsində insanların əksəriyyəti gec-tez internet istifadəçisinə çevriləcək. Qlobal şəbəkənin saxlanılması, onun işləmə qabiliyyətinin qorunması şirkətlərin səyini tələb edir.
Bütün dünyada olduğu kimi, Azərbaycanda da internet şəbəkəsinə qoşulma imkanı yaradan, internet xidmətləri göstərən şirkətlər fəaliyyət göstərir. Azərbaycan internet seqmenti durumu və gələcək perspektivləri barədə Delta Telecom şirkətinin texniki direktoru Rahid Ələkbərli ilə söhbətimiz də bu barədədir.
— Rahid müəllim, Azərbaycanda İKT-nın inkişafını necə qiymətləndirirsiniz?
— Azərbaycanda informasiya və kommunikasiya texnologiyalarının inkişafında kifayət qədər irəliləyiş var. Bu gün qonşu ölkələrlə müqayisədə, Azərbaycanın inkişaf dinamikası təkcə “Elektron Azərbaycan” istiqamətində deyil, iqtisadiyyatın bir sıra paralel sektorlarında da yüksək tempə malikdir. Azərbaycanda elektron ticarətin, gömrüyün, verginin və bu kimi digər sahələrin də inkişafında irəliləyiş mövcuddur.
Bu gün Azərbaycan regionun şəbəkə texnologiyaları üzrə lider ölkəsidir. Hazırda qonşu ölkələr Azərbaycanın şəbəkə texnologiyalarında yaradılmış resursların yalnız 10 faizdən az olan hissəsini istifadə edə bilirlər. Bu, onlarda Azərbaycanın resurslarına ehtiyac duyulmaması demək deyil. Sadəcə, bu ölkələr bizim şəbəkə resurslarımızın 10 faizini belə yükləyə bilmirlər.
Azərbaycanda bu il həyata keçirilmiş bir sıra layihələr, təkcə şəbəkə texnologiyaların deyil, həmçinin İKT-nın digər sahələrinin inkişafına da böyük təkan verəcək. Belə ki, informasiya və kommunikasiya texnologiyaları deyəndə göz önünə gələn internet resursları olur: açdığımız Web-səhifələr, istifadə etdiyimiz Web-portallar və s. Azərbaycanda olan informasiya resurslarının inkişafına gəldikdə, qeyd etmək istərdim ki, ölkə resurslarının 90-95 faizi bu günədək beynəlxalq resurslarda yerləşmişdir. Bu, təbii ki, şəbəkə resurslarını kifayət qədər yük altında qoyurdu. Bizim bu sahədə qarşımızda duran vəzifə əsasən bu resursların Azərbaycanda yerləşdirilməsi ilə bağlıdır. Xatırladım ki, cari ildə bu işin böyük hissəsi yerinə yetirilib. Biz istərdik ki, Azərbaycanda mövcud olan sənaye məhsullarının ixrac dinamikası İKT sahəsində də öz əksini tapsın. Artıq bu gün şəbəkə texnologiyalarında ixracımızın səviyyəsi kifayət qədər yüksəlmişdir. Web-resursların artırılması bizim qarşımızda olan önəmli məqsədlərdən biridir. Hazırda ixracdan öncə daha mühüm bir məsələ qarşıda durur. Bu, bizim özümüzə lazım olan Web-resursların idxal edilməməsi ilə əlaqədardır. Yəni, biz gərək öncə öz kontentlərimizi, Web-resurslarımızı ölkədə yaradaq ki, onları idxal etməyək. Bu, ilk növbədə beynəlxalq resursların istifadəsində kifayət qədər qənaətə təkan verəcək.
Digər tərəfdən Azərbaycanın Web-resurslarının ölkədə saxlanması və buradan istifadəçilərə çatdırılması ilə paralel olaraq gərək xarici resursların özümüzdə saxlanıb bizdən ixrac olunması siyasətini həyata keçirək. Bizdə yenicə qurulmuş data mərkəzində, kifayət qədər dinamik saytların yerləşdirilməsi üçün şərait yaradılmışdır. Bu istiqamətdə bizim həyata keçirdiyimiz siyasət Azərbaycan internetinin inkişafı üçün istiqamətlənmiş bir yoldur. Pulsuz adlandırdığımız bu internet xidməti, son istifadəçilər tərəfindən aktiv və daha çox maraqlı saytların yaradılmasına böyük təkan verəcək. Hesab edirəm ki, data mərkəz internetin inkişafı üçün kifayət qədər dinamik təkan verməlidir.
— “Elektron Azərbaycan” dövlət layihəsinin ikinci mərhələsindən nə gözləyirsiniz?
— Ümumiyyətlə, bizim həyata keçirdiyimiz layihələrin böyük əksəriyyəti Azərbaycanda İKT-nın inkişafına təkan verəcək layihələrdir. Təbii olaraq, İKT-nın inkişaf etdirilməsi əhalinin, hər bir vətəndaşın İKT-ni daha rahat istifadəsinə şərait yaradır. Bizim regionda İKT-nın inkişafı məqsədilə həyata keçirdiyimiz layihə peyk rabitə şəbəkəsinin yaradılması olmuşdur. Məhz peyk rabitə şəbəkəsi vasitəsi ilə yüzlərlə ucqar kəndlərdə telefoniya xidməti göstərilir.
“Elektron Azərbaycan”nın inkişaf etdirilməsi sahəsində ən mühüm məsələ dövlətdə gedən bütün proseslərin, şəffaflığın təmin olunmasıdır. “Elektron Azərbaycan”nın əsas məğzi də odur ki, hər bir işçi öz vəzifəsinin icrasında ölkəmizə nə qədər səmərə verdiyinə, əhaliyə xidmət göstərilməsindəki şəffaflığının nümayişinə maraqlıdır. Digər tərəfdən, Azərbaycanda bank, maliyyə, rabitə-informasiya və kommunikasiya texnologiyaları sahəsində, dövlət şəbəkələrinin yaradılmasında bu il çox yeniliklər olub. Bu gün Azərbaycanda bir sıra dövlət təşkilatları şəbəkə texnologiyalarından istifadə edir ki, bu da “Elektron Azərbaycan”ın əsas göstəricisidir. Şəbəkə texnologiyalarının, yeni texnologiyalar əsasında yaradılması bu gün “Elektron Azərbaycan”ın qurulmasında ən böyük təkandır. Belə təkanverici qüvvə DWDM şəbəkəsidir. Bu şəbəkə bu gün bir saniyədə terrabitlərlə informasiyanın daşınmasına imkan yaradır. Bu texnologiya bir saniyədə 40-a yaxın DVD video formatlı informasiyanın ötürülməsinə imkan yaradır. Bu qabaqcıl texnologiyalar bizə həm də video nəzarət, elektron səhiyyə və s. kimi layihələrin də həyata keçirilməsinə şərait yaradır.
— Ölkədə internet
xidmətlərinin inkişafında Delta Telecom mühüm rol
oynayır. Qarşıdakı ildə hansı işlərin
görülməsi planlaşdırılır?
— Bildiyiniz kimi, biz bu gün
Azərbaycanda informasiya resurslarının əsas
ötürücü hissəsini həyata keçiririk. Bu
istiqamətdə reallaşdırdığımız layihələr
bilavasitə beynəlxalq resursların daşınmasına həsr
olunmuşdur. Azərbaycanda beynəlxalq resursların inkişafı
hazırda son istifadəçilərin istifadə etdiyi internet
resursların inkişafından beş dəfə öndədir.
Bu da çox yaxşı göstəricidir. Belə ki, Azərbaycanda
bu gün beynəlxalq resursların həcmi saniyədə 30
qbitə çatmışdır. Amma istifadəçilərin
bu beynəlxalq magistraldan yüklədiyi informasiya həcmi 20
faizə çatmır.
Hazırda Azərbaycanda
2009-cu ilin statistikasına baxdıqda genişzolaqlı internet
istifadəçilərin sayında kifayət qədər
inkişaf dinamikası yaranmışdır. Bu, əlbəttə
ki, inkişafdan xəbər verir, amma digər tərəfdən,
əldə edilmiş resurslardan istifadənin sadəcə
olaraq 2 dəfə artırılması, verilmiş imkanlardan
kifayət qədər yararlanmamaq deməkdir. Çünki bu
rəqəm daha yüksək ola bilərdi. Bu gün artıq
hər bir Azərbaycan istifadəçisi dial-up texnologiyalardan
yaxa qurtarmalıdır. Bizim il ərzində internetin
inkişafı üçün apardığımız
işlər təkcə beynəlxalq magistralın
inkişafı üzrə deyil, eləcə də son istifadəçi
bazarının da inkişaf etdirilməsinə yönəlmişdir.
Belə ki, biz 2010-cu ilin yanvar ayının 1-dən etibarən
genişzolaqlı internet xidmətlərini istifadəyə
verməyi planlaşdırırıq. Təqdim edəcəyimiz
genişzolaqlı internet xidmətinin hazırkı istifadə
olunan xidmətlərdən ən böyük fərqi mis
infrastrukturundan asılı olmamasıdır. Söhbət
simsiz texnologiyalarla işləyən Mobil WiMAX şəbəkəsindən
gedir. İlk növbədə, bizim internet istifadəçilərinə
göstərdiyimiz xidmət onların bu xidmətin məkandan
asılı olmayaraq istifadə edə bilmələridir. Digər
özəlliyi isə odur ki, istifadəçilər saatda 100
kilometr hərəkətdə olan nəqliyyat vasitəsində
belə internet xidmətindən rahat istifadə edə biləcəklər.
Şəbəkə üzərindən təxminən 20 faizdən
çox tutumun əlavə olaraq son istifadəçiyə
çatdırılma imkanı yaranacaq. Bu o deməkdir ki, beynəlxalq
magistralda olan internet xidmətlərinin təxminən 1/5-ni biz
bu texnologiya üzərində də son istifadəçiyə
çatdıra biləcəyik.
— Dünyada simsiz texnologiyalar
davamlı inkişaf edir. İnternet xidmətlərin mobilləşməsi
prosesi artıq nəinki bütün dünyada, o cümlədən
Azərbaycanda da müşahidə olunmaqdadır. Yaxın 3-5
il ərzində simsiz internet simli interneti üstələyə
biləcəkmi?
— İlk növbədə
onu qeyd etmək lazımdır ki, genişzolaqlı internet son
istifadəçinin yüksək sürət ilə internet
xidmətlərini reallaşdırmaq imkanıdır. Bu, əsasən
internetin çıxış texnologiyalarından asılıdır.
Xatırladım ki, bizim strategiyamızın əsas istiqaməti
Azərbaycanda genişzolaqlı internet xidmətlərinin
inkişaf etdirilməsidir. Ümumiyyətlə,
genişzolaqlı texnologiyalara baxdıqda, dünyada həm GSM
şəbəkələrindən, həm mobil texnologiyalarla
işləyən şəbəkə texnologiyalarından bəlli
olur ki, son istifadəçilər mobilliyi daha çox sevirlər.
Bildiyimiz kimi, mis infrastrukturu əslində ötən əsrin
texnologiyasıdır. FTTx adlanan optik resurlarla internetə
çıxış texnologiyaların inkişaf etdirilməsinə
daha çox ehtiyac duyulur. Burada ilk növbədə telefon xəttindən
heç bir asılılığı olmayan bir şəbəkə
yaranır. Amma bu texnologiya Azərbaycanda kifayət qədər
inkişaf edə bilmir. Bu texnologiyanın inkişaf
strategiyasına ən çox vurulan zərbə hər bir
operator tərəfindən optik şəbəkə yaratma
marağından irəli gəlir. Azərbaycanda dövlətin
şəbəkə resurslarından sayılan kabel
kanalizasiyaları var. Operatorlar öz kabelini daha keyfiyyətli və
təhlükəsizlik baxımından qorunmuş olan bu kabel
kanalizasiya vasitəsi ilə çəkməyə səy
göstərirlər... Ümumiyyətlə, bu
texnologiyanın daha səmərəli inkişafı
üçün vahid optik şəbəkə provayderinin
olması zəruridir. Bu, ilk növbədə FTTx
texnologiyaların inkişafına böyük təkan verər.
Simsiz texnologiyalar haqda
danışarkən, texnologiya strategiyasından bir qədər
məlumat vermək istərdim. Hazırda üzərində
işlədiyimiz 802.16e texnologiyası, yəni Mobile WiMAX şəbəkəsinin
gələcək nəsilləri sual altındadır. Bu
suallara cavab tapmaq üçün dünyanın bütün
operatorları onun strategiyası ilə maraqlanırlar. Delta Telecom
olaraq bu implementasiya etdiyimiz və istifadəyə verəcəyimiz
şəbəkənin yeni nəslin gətirməsi
üçün çox çalışırıq.
Bildiyiniz kimi, simsiz texnologiyaların paralel iki qol üzərində
getdiyi müşahidə olunur. Yəni, onlardan biri ənənəvi
TDM texnologiyalarıdır ki, onun üzərində hazırda
bizim istifadə etdiyimiz GSM, 3G, HSDPA, 3GPP, adi GPRS xidməti və
bunların növbəti nəsli kimi LTE texnologiyası göz
önündədir. Hazırda Avropada LTE texnologiyasının
mobil GSM operatorun bazasında olan şəbəkəsində
artıq istifadəyə başlamışlar. Bu qola paralel
olan ikinci bir qol var ki, daima bu texnologiyalarla mübarizə
aparır. Hazırda bizdə olan versiya Mobil WiMAX şəbəkəsidir.
Bu gün Mobil WiMAX-ın gələcək nəsil
texnologiyaları var ki, dünya üzrə bu texnologiyanın gələcəyi
daha çox simsiz texnologiyalarının strategiyasını təyin
edir. Azərbaycanda olan Mobil WiMAX şəbəkəsinin
növbəti nəsil WiMAX texnologiyaları artıq bu qolun
uzanmasına gətirib çıxarıb. Güman edirəm
ki, bu qol son olaraq bütün internet və GSM şəbəkələrə
mobil rabitə operatorların göstərdiyi xidmətləri
yaxınlaşdıracaq. Bəzi ekspertlərin rəyinə əsasən,
bu texnologiyalar birləşəcək. Amma hesab edirəm ki,
LTE və növbəti nəsil WiMAX texnologiyası yenə də
paralel inkişaf edəcək. Söhbət təkcə radio
bağlantıdan getmir və istifadəçilərin istifadə
etdiyi son istifadəçi avadanlığının vasitəsi
ilə GSM və İP şəbəkə operatoruna
çıxış bütün məsələləri həll
etmir. Burada əsas və ciddi məsələlərdən
biri lokal magistral şəbəkəsinin
yaradılmasıdır. Bu məsələdə LTE-nin üzərində
kifayət qədər görüləcək işlər var,
bu da təbii ki, bu qolun daha çox paralelləşməsinə,
bir-biri ilə mübarizə aparmaqla davam etməsinə təzyiq
göstərəcək. Digər tərəfdən, maliyyə
məsələləri də mövcuddur...
— Sizin qurduğunuz şəbəkə
istifadəçilərə hansı imkanları verəcəkdir?
— Əsasən internet
kütləsinin Bakıda yerləşdiyi üçün biz
bu işin daha sağlam və strateji gələcəyini zəmanət
altına almaq məqsədi ilə ilkin olaraq Mobil WiMAX şəbəkəsini
Bakı və Abşeron yarımadasında istifadəyə
verməyi planlaşdırırıq. Əlbəttə, bu o
demək deyil ki, şəbəkə sadəcə burada
işləyəcək. Yeni optimizasiya işlərinə
artıq start verilib və Mobil WiMAX əhatə dairəsinin
genişləndirilməsi, və əsasən də regionlara
bu xidmətlərin çıxarılması göz
önündə dayanan layihələrdən biridir. Son istifadəçiyə
gəldikdə, qurduğumuz bu şəbəkə onlara ilk
növbədə, rahat internet xidmətlərdən istifadə
imkanını yaradacaq, digər tərəfdən bizim bu layihədə
ən əsası iqtisadi dəyərləndirmə amili
faktoru daha çox qabaracaq. Biz artıq istifadəçilər
üçün 10 manatdan 100 manatadək olan paketlər
sırası hazırlamışıq, bu, istifadəçilərə
öz vəsaitlərini dəyərləndirməyə imkan
yaradacaq. Yanvar ayının birindən etibarən www.wimax.az
saytında paketlərin qiymətləri, istifadəçiyə
təqdim olunan surətlər, istifadəçi
avadanlığı barədə məlumatlar təqdim
olunacaq. Xüsusilə qeyd etmək istərdim ki, istifadəçilər
gözlədikləri ən yüksək keyfiyyətli internet
xidməti əldə edə biləcəklər. Bu, bizim layihənin
ilkin mərhələsidir. Belə ki, növbəti mərhələlərdə
internet xidmətləri ilə paralel olaraq 2010-cu ilin ikinci
rübündən digər xidmətlər də təqdim etməyi
planlaşdırırıq. Onu da qeyd etmək istərdim ki, hər
bir şəbəkənin ilkin istismar dövründə
müəyyən çətinliklər olmalıdır. Bizim
şəbəkədə ola biləcək çətinlikləri
minimuma endirmişik. Gözlənilən hər hansı
çətinliyə görə də maksimum tədbirlər
görülmüşdür. Çətinliklərin aradan
qaldırılmasında son istifadəçilərin bizimlə
əlaqə qurması, onlardan ala biləcəyimiz məlumatlar
şəbəkənin, ümumilikdə istifadəçilərə
verəcəyimiz xidmətlərin yüksək keyfiyyətinə
təkan verəcək.
Əlbəttə, bu xidməti
təqdim etməklə digər provayderlərin işinə zərbə
vurmaq məqsədi güdmürük. Bizim məqsədimiz
onların da daha müasir texnologiyalarla xidmət göstərməsi
üçün şərait yaratmaqdır. Hazırda biz
provayderlərlə bu xidmətin onların vasitəsi ilə həyata
keçirmək imkanlarını müzakirə edirik. Təbii
ki, burada struktur belə yaradılıb ki, son istifadəçi
həm bizdən, eləcə də bu günədək xidmətlərindən
istifadə etdikləri internet provayderdən həmin xidmətləri
eyni şərtlərlə, eyni keyfiyyətlə əldə
edə bilsin. Mobil WiMAX şəbəkəsi eləcə də
provayderlərin regionlara çıxışına imkan
yaradacaq.
Söhbəti yazdı: Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2009.- 26 dekabr.- S. 9.